Читать книгу Tanrı görmüş köpək - Дино Буццати - Страница 1

Оглавление

Dino Bussati Traverso

TANRI GÖRMÜŞ KÖPƏK

hekayələr

Mündəricat:

1. Tanrı görmüş köpək. Tərcümə: Rövşən Danyeri

2. Kabus. Tərcümə: Cəmşid Cəmşidov

3. Paxıl musiqiçi. Tərcümə: Cəmşid Cəmşidov

4. Damdakı. Tərcümə: Zəka Vilayətoğlu

5. Damla. Tərcümə: İlahə Əkbər

6. Böyük hotel dəhlizi. Tərcümə: Persona.az

7. Sehrli pencək. Tərcümə: Qismət Rüstəmov

8. Əsgər mahnısı

9. Əjdahanı necə öldürdülər. Tərcümə: Kənan Hacı

10. Həyat. Tərcümə: Azad Yaşar

11. İnsanın böyüklüyü. Tərcümə: Ramil Rahiboğlu

TANRI GÖRMÜŞ KÖPƏK

I

Tis kəndinin varlı çörəkçisi qocalanda mülkünü qardaşı oğlu Defendete Saporiyə vəsiyyət etmişdi, amma ona dərs vermək üçün belə bir şərt qoymuşdu: mirası ala bilmək üçün Defendete beş il ərzində hər səhər camaatın gözü qarşısında əlli kilo təzə çörəyi kasıblara paylamalı idi. Başdan-ayağa dinsizlərlə dolu olan kəndin bir nömrəli kafiri, imansızı, heyvərəsi olan qardaşı oğlunun hamı görə-görə savab edəcəyini düşündükcə qoca xısın-xısın gülürdü.

Kiçik yaşlarından təndirdə çalışan Defendete əmisinin tək varisi idi və o, mirasın birbaşa özünə qalacağını çoxdan bilirdi. Ancaq bu şərt onu bərk əsəbiləşdirmişdi. Yenə də razılaşmaqdan başqa yolu yox idi. İllərlə əziyyət çəkdikdən sonra mirasdan imtina etməyi heç də düzgün qərar sayılmazdı. Buna görə də vəsiyyətə əməl etmək üçün hər kəsin görə biləcəyi yer olaraq sobanın arxasındakı kiçik həyəti seçdi. Hər səhər tezdən o, vəsiyyətnamədə göstərilən sayda, amma görünüşcə ən pis olan çörəkləri seçir, daha sonra bura gəlirdi. Sapori çörəkləri böyük səbətə doldurur, doymaq bilməyən ac kütləyə paylayır, bununla yanaşı, ölmüş əmisini pis sözlər və nalayiq kəlmələrlə yad edirdi.

– Gündə əlli kilo, – çörəkçi deyirdi, – o, axmaq və əxlaqsızın böyüyüdür.

Vəsiyyətin düzgün icra olunub-olunmadığını yoxlamaq notarius Stiffoloya tapşırılmışdı. O, bu mənzərədən zövq almaq üçün səhərin gözü açılmamış bura gəlirdi. Əslində, gəlməyinə ehtiyac da yox idi, çünki müqavilənin dəqiqliklə yerinə yetirilib-yetirilməməyini heç kim dilənçilərdən daha yaxşı müşahidə edə bilməzdi. Bütün bunlara rəğmən Defendete fırıldaq eləməyin bir yolunu tapmışdı. O, ağzına kimi əlli kilo çörəklə dolu olan səbəti zirzəminin divarına söykəyirdi. Çörəkçi gizlicə divarda görünməyən kiçik bir pəncərə açmışdı. Sapori çörəyi paylamağa özü başlayır, sonra isə bu işi arvadına və yaxud da köməkçilərinə tapşırırdı. Təndirdə və dükanda işi olduğunu deyir, əslindəsə tələm-tələsik zirzəmiyə düşür, ayağının altına oturacaq qoyur, səbətin saxlandığı zirzəminin pəncərəsini açırdı. Sonra səbətdəki deşikdən bacardığı qədər çörək götürürdü. Beləliklə, çörək get-gedə azalırdı. Ancaq dilənçilər onun fırıldağını heç cür başa düşə bilmirdilər. Çörək sürətlə paylandığına görə səbətin belə tezliklə boşalmağı onlara normal gəlirdi.

İlk günlər Defendentenin dostları onu bu vəziyyətdə görmək üçün qəsdən səhər tezdən oyanırdılar. Həyətin ağzında toplaşır, ona lağ edirdilər.

– Tanrının sevimli bəndəsi olmağa çalışır, – deyə məzələnirdilər. – Özünə cənnətdə yer düzəldir indidən! Eşq olsun bizim xeyriyyəçimizə!

O isə:

– Görüm, əmimin ruhunu lənətə gəlsin, – deyə onlara cavab verir, çörəkləri dilənçilərin yığıldığı yerə tullayır, onlarsa havadaca tuturdular. O, bu naşükürlərin başlarını piyləyərək əmisinin ruhunu ustalıqla necə aldatdığını düşündükcə ürəyində gülürdü.

II


Həmin yaz Tanrının buralara çox da gəlmədiyini eşidən zahid Silvestro kəndin yaxınlığında məskən qurdu. Tisin on mil uzaqlığında, kiçik bir təpənin üstündə daşdan hörülmüş köhnə məbədin xarabalığı var idi. Silvestro qalmaq üçün buranı seçdi. O, yaxınlıqdakı bulağın suyunu içir, məbədin sağlam qalan küncündə gecələyir, bitki və meyvələrlə qidalanır, bəzən də Tanrı ilə danışmaq üçün böyük bir qayanın təpəsinə dırmaşaraq diz çökürdü. Buradan Tisin və yaxınlıqdakı digər evlərin damlarını görə bilirdi. Amma bütün günü gözləmək faydasız idi, çünki ətrafda heç kim görünmürdü. Onun günahkar ruhları üçün ürəkdən etdiyi dualar ərşə qalxır, ancaq heç bir bəhrəsi olmurdu. Bununla belə, Silvestro yenə də yaradana ibadət edir, oruc tutur, darıxanda da quşlarla söhbətləşirdi.

Bir nəfər də olsun gəlmirdi. Amma bir axşam onu uzaqdan güdən iki uşaq gördü. Onları mehribanlıqla yanına çağırsa da, uşaqlar qaçıb aradan çıxdılar.

III


Çox keçmədi ki, gecələr kəndlilər tərk edilmiş bu məbəd tərəfdə qəribə işıqlar yandığını gördülər. Bu meşə yanğını da ola bilərdi, ancaq işıq ağ idi və xəfif-xəfif alışıb-sönürdü. Bir gecə çörəkçinin köməkçisinin marağı güc gəldi və o, işığa baxmağa getdi. Di gəl ki, yolun yarısında motosikleti xarab oldu. Allah bilir, niyə xarab olmuşdu?! O, ayaqla getməyə cürət etmədi. Geri qayıtdı və işıq haləsinin zahidin evindən yayıldığını, bu işığın oddan, yaxud da çıraqdan çıxmadığını dedi. Kəndlilər çox müzakirə etməyə ehtiyac görmədən bunun Tanrının işığı olduğu qənaətinə gəldilər. Beləliklə, bəzi axşamlarda işıq yenidən görünürdü. Ancaq bununla belə, zahidin gəlişi, əcaibliyi, gecələr görünən işığı, dinə aidiyyəti olan məsələlər kəndlilər üçün maraqsız idi.

Nə vaxt söhbət həmin işıqdan düşürdüsə, onu müzakirə etməyə ehtiyac görmür, tez başqa məsələlərdən danışmağa başlayırdılar. “Zahid işığı yandırdı” cümləsi “Görəsən, bu gün yağış yağacaq, yoxsa külək əsəcək?” sualı qədər adiləşmişdi. Silvestronun hələ də tənha qalması, heç kimin onu yoluxmaması bu biganəliyin səmimi olduğuna sübut idi. Hətta kimsə onun ziyarətinə getməyi fikirləşsə belə, Tisdə böyük məzə obyektinə çevrilərdi.

IV

Bir günü Defendente Sapori yenə kasıblara çörək paylayırdı. Elə bu dəm çörəkçinin həyətinə bir it girdi. Yekə, tüklü, müti görünüşlü bu it, yəqin ki, azdırılmışdı. Çörək almaq üçün bir-birini itələyən dilənçilərin arasından keçərək səbətə çatdı, bir çörək götürdü və qaça-qaça çıxıb getdi. Ancaq maraqlıdır ki, o, oğru kimi yox, öz malını almağa gələn biri kimi hərəkət edirdi.

– Ey, Fido, qayıt dala, eybəcər məxluq, – deyə Defendente itə tezbazar bir ad uyduraraq bağırdı və arxasınca daş atdı, – Onsuz da burada kifayət qədər dilənçi var. Hələ bir itləridəmi yemləyəcəyəm?

Amma köpək artıq uzaqlaşmışdı.

Səhəri gün eyni hadisə yenə də təkrarlandı: həmin köpək gəldi və çörəyi apardı. Bu dəfə çörəkçi itin dalınca küçəyə qədər getdi, daş atdı, amma yenə də dəymədi.

Maraqlısı o idi ki, köpək hər səhər eyni vaxtda həyətə girərək hərəkətini təkrarlayırdı. Hər dəfəsində də o, qeyri-adi hiyləgərlik göstərir, necə edirdisə, heç qaçmağına belə ehtiyac qalmırdı. O səbətə yaxınlaşmaq üçün ən düzgün anı seçirdi. Nəticədə arxasınca atılan daşlar da yan keçirdi. Hər dəfə kəndlilər xorla gülür, Defendente isə hirsindən dəli olurdu.

Növbəti dəfə qəzəblənən çörəkçi əlinə yekə bir dəyənək alıb həyətin girişində gizləndi. Ancaq yenə də xeyri olmadı, çünki it dilənçilərin ayaqlarının arasından keçib gəldi. Onlar isə bu məzəli hadisədən zövq aldıqları üçün iti satmadılar. Beləliklə, köpək heç bir zərər dəymədən oradan uzaqlaşa bildi.

– Bu gün də istədiyini aldı, – küçədə dayanan dilənçilərdən biri qışqırdı.

– Haradadı, haradadı? – deyə Defendente gizləndiyi yerdən hirslə çıxdı.

– Bax, bax, oradadır, – gülə-gülə barmağı ilə iti göstərən dilənçi çörəkçinin daha da qəzəbləndiyini görüb əlini əlinə vurdu. Köpək, həqiqətən də, dişlərinin arasında çörək yolu keçirdi.

– Bəlkə, özünü görməzliyə vursun

Yox. Defendente belə zarafatlara qarşı dözümsüz idi. Niyə axı onu izləyib hara getdiyini öyrənmədi? Bəlkə də heç küçə iti deyildi? Evi və sahibi varsa zərərini ödəməyi tələb edə bilərdi. Təbii ki, heç nə etmədən dayanmaq olmazdı. Köpəyə başı qarışdığı üçün Sapori bir neçə gün idi ki, zirzəmiyə düşə bilməmişdi. Nəticədə həmişəkindən daha az çörək götürə bilir, beləliklə də, daha çox zərər edirdi. Həyətin girişində zəhərli çörək qoymaq planı da uğursuzluğa düçar oldu. Köpək çörəyi iylədi, o dəqiqə də səbətə tərəf getdi. Hər halda, görənlər bu cür danışırdı.

V

Defendente Sapori istəyinə nail olmaq üçün velosipedini və tüfəngini götürərək yolun kənarında gizləndi: velosiped heyvanı izləmək üçün, silah isə zərəri qaytaracaq sahibi olmazsa, iti vurmaq üçün idi. O, həmin səhər səbətdəki çörəklərin hamısının yoxsullara qismət olacağını düşündükcə kefi pozulurdu. Amma öyrənməli idi: köpək necə və hansı tərəfdən gəlir? Başdan-ayağa müəmma idi.

Çörəkçi dördgöz olub ətrafa nəzər saldı, ancaq iti görə bilmədi. Ağzında çörək asta addımlarla gedən köpək birdən gözünə sataşdı. Həyətdən yenə də gülüş səsləri eşidilirdi. Sapori heyvanı ürkütməmək üçün gözlədi. Elə bildi ki, bir az gedəndən sonra dayanıb çörəyi yeyəcək. Ya da hansısa evin həyətinə girəcək. Ancaq fikirləşdiklərinin heç biri olmadı. Köpək çörək dişlərinin arasında löhrəm yerişlə divarın dibi ilə getdi, digər itlər kimi nə yeri iylədi, nə də dayanıb sidik kisəsini boşaltdı. Görəsən, harada dayanacaqdı?

Sapori göyə baxdı, hava bozarmışdı. Yağış yağsaydı heç təəccüblənməzdi. Əvvəlcə Müqəddəs Aqnese meydanının, ardınca isə məktəbin, sonra da stansiyanın və ictimai tualetin yanından keçdilər. Kəndin qurtaracağına çatmışdılar. Nəhayət, futbol meydançasını da keçib, düzənliklərə gəlib çıxdılar. Köpək bir dəfə də olsun qanrılıb arxaya baxmamışdı. Bəlkə də, güdüldüyünü bilmirdi. Defendente qərara gəldi ki, bu itin zərəri qarşılayacaq heç bir sahibi yoxdur. Çox güman ki, adi küçə iti idi. Fermalara hücum edən, toyuqları oğurlayan, buzovları dişləyən, yaşlıları qorxudan və ən əsası kənddə xəstəlik yayan küçə itlərindən biri… Bəlkə də, ən yaxşısı elə onu güllə ilə vurmaq idi. Ancaq bunun üçün gərək dayanaq, velosipeddən düşə, tüfəngi çiynindən aşıraydı. Düzdür, köpək sürətlə getmirdi, ancaq bütün bunları etmək üçün dayansa, it atəş məsafəsindən uzaqlaşacaqdı. Ona görə də Sapori təqibə davam etdi.

VI

Köpək getdi, getdi və meşəyə girdi. O, əvvəlcə bir cığırla, sonra isə dar bir yolla rəvan irəliləyirdi. Görəsən, nə qədər idi ki, yolda idilər? Təxmini səkkiz, yaxud doqquz kilometr. Köpək niyə dayanıb çörəyi yemirdi? Nəyi gözləyirdi? Bəlkə çörəyi kiməsə aparırdı?

Köpək birdən sürətlənərək velosipedin gedə bilməyəcəyi dar bir cığıra döndü. Ərazi dikinə olduğundan sürətini azaltmışdı. Defendente velosipeddən düşüb piyada izləməyə başladı. Bununla belə köpək yenə də xeyli qabaqda idi. Əsəbiləşib silaha əl atanda dik yoxuşun təpəsində böyük bir qaya gördü – üstündə bir adam diz çöküb oturmuşdu. Onun ağlına dərhal zahidin gecə yandırdığı işıq və axmaq mistik əhvalatlar düşdü.

Köpək asta yorğa yerişlə çəmənlikdən keçdi. Defendente əlində tüfəng təxminən əlli yard uzaqlıqda dayandı. Zahid duasını yarımçıq kəsib qayadan cəld itin yanına düşdü. İt quyruğunu bulayaraq çörəyi onun qarşısına qoydu. Zahid çörəyi götürdü, torpağını təmizlədi, balaca bir tikə qopararaq çuxasının cibinə qoydu, qalanını isə gülümsəyərək itə qaytardı. Əynində köhnə-kürüş əba olan zahid arıq, balacaboy idi. Mülayim simasında uşaqlara xas səmimi bir gülüş vardı. Çörəkçi ona tərəf addımladı. Qərar vermişdi, zərəri tələb edəcəkdi. Onun yaxınlaşdığını görən Silvestro:

– Xoş gəldin, qardaş! – deyə çörəkçini salamladı, – Nə əcəb buralara gəlmisən? Yoxsa ova çıxmısan? – soruşdu.

– Düzünü desəm… – Sapori sərt formada cavab verdi. – Ova çıxmışam… Özü də çirkin bir heyvanın…

– Ax, o sənsən? – deyə qoca zahid onun sözünü kəsdi. – Hər səhər mənə təzə çörək göndərən o adam sənsən?.. Düzü, belə gözəl, təzə çörəyə layiq olduğumu bilmirdim.

– Təzə? Əlbəttə ki, təzədir. Sobadan yenicə çıxıb… Mən işimi yaxşı bacarıram… Ancaq çörəyimin oğurlanmasına heç cür razı ola bilmərəm.

Silvestro başını aşağı əydi.

– Sizi başa düşürəm, – pərişan halda dilləndi. – Gileylənməkdə haqlısınız, ancaq xəbərim yox idi… Söz verirəm, Qalleon daha kəndə gəlməyəcək. Onu burda saxlayacağam. İt də olsa, vicdansız hərəkət etməməlidir… Bir də onu görməyəcəksiniz, söz verirəm.

Əsəbi soyuyan çörəkçi:

– Lap yaxşı, – dedi. – Əslində, köpək yenə də gələ bilər. Çünki əmimin vəsiyyətinə görə gündə əlli kilo çörək paylamağı boynuma götürmüşəm. Kasıblara, işsiz-gücsüz avaralara verirəm. Bir çörək də bura gəlsə, problem olmaz, kasıblamaram.

– Tanrı əvəzini versin, qardaş… Hər nə niyyətlə edirsən et, əsas odur ki, savab iş görürsən.

– Bundan sonra sevə-sevə edəcəyəm.

– Niyə bu cür danışdığını bilirəm… Siz adamlar utanırsınız. Özünüzü olduğunuzdan daha da pis göstərməyə çalışırsınız.

Defendente əvvəlcədən hazırladığı söyüşlərin heç birini deyə bilmirdi. Xəcalət çəkirdi. Məyus olmuşdu. Eyni zamanda da, zahidin yanına gedən ilk və hələ ki tək adam olduğunu düşünmək xoşuna gəlirdi. Amma yenə də bura gəlməyin heç bir xeyri yox idi, axı o, adi bir zahid idi. Bəs gələcəkdə? Silvestro ilə gizli-gizli dostluq etsə, bəlkə də nə vaxtsa işinə yaraya bilərdi? Tutaq ki, o, bir möcüzə göstərdi, böyük şəhərlərdən kardinallar, proletarlar onunla görüşməyə gəldilər. Şəninə mərasimlər, ziyafətlər təşkil edildi… O zaman bu müqəddəsin yaxın dostu, hamının həsəd apardığı Defendente mayor, ya da bələdiyyə sədri ola bilərdi. Niyə də yox?

Silvestro:

– Nə qəşəng tüfəngin var? – dedi və tüfəngi nəzakətlə onun əlindən aldı. Cüzeppe anlaya bilmədi ki, necə oldu, tüfəng birdən-birə açılaraq dərəyə səs saldı, çünki zahid tüfəngi əlində bərk-bərk tutmuşdu.

– Dolu tüfənglə gəzməyə qorxmursanmı? – zahid soruşdu.

Çörəkçi ona şübhəli-şübhəli baxaraq:

– Balaca uşaq deyiləm ki, – dedi.

– Düzdür, – zahid tüfəngi ona qaytardı. – Doğrudan, Tisdə bazar günləri kilsədə adam az olur? Eşitdim yerlərin çoxu boş qalır.

– Bomboş olur, əlimin içi kimi, – Defendente ləzzətlə cavab verdi. Sonra davam etdi, – Bir az çətin olur.

– Təxmini neçə nəfər gəlir? Səninlə birlikdə nə qədər adam olur?

– Otuz nəfər. Bazar günləri və Milad bayramında bir az daha çox, təxmini əlli nəfər.

– Yaxşı, de görüm, Tisdə adamlar çox söyüş söyürlər?

– Onlar İsanı onun üçün bir şam yandırmadan belə söyürlər.

Zahid ona baxıb başını buladı:

– İşə bir bax, İsaya inananların sayı azdır.

– Az? – Defendente ürəyində istehza ilə gülərək dedi, – Bir sürü dinsiz var.

– Yaxşı, bəs uşaqların? Onları tez-tez kilsəyə göndərirsən?

– Əlbəttə, onları xaç suyuna saldırmışam, sonra da bir neçə dəfə dualar oxutdurmuşam.

– Doğrudan? Dua da oxutdurmusan?

– Həə. Böyük oğlumun qavrayışı yaxşıdır, duaları tez öyrənir, ancaq balacası…

Birdən-birə dayandı, fikirləşdi ki, görəsən çox ağ eləmədi ki?!

– Çox yaxşı ata imişsən, – zahid ciddiyyətlə dedi. (Bəs niyə belə gülümsəyirdi?) – Aradabir, vaxtın olanda mənə baş çək, Tanrı səninlə olsun!

Sonra xaç çəkirmiş kimi bir hərəkət etdi.

Bir an çaşbaş qalan Defendente nə cavab verəcəyini bilmədi. Sonra başını xəfifcə əydi və papağının ucuna toxunaraq xaç çəkdi. Xoşbəxtlikdən, bunu heç kim görmədi – köpəkdən başqa.

VII

Çörəkçinin özünü bələdiyyə kürsüsündə görmək xəyalları davam etdikcə, zahidlə gizli dostluq etməyə çalışdı. Əslində, bu məsələdə ehtiyatlı olmalı idi. Öz günahı ucbatından olmasa da, kasıblara çörək paylaması Tisdə onu bir xeyli hörmətdən salmışdı. İndi də kimsə xaç çəkdiyini görərsə, lap biabırçılıq olardı. Amma yaxşı ki, heç kim yox idi. Dəqiq bilirdi ki, nə yolda gedərkən kimsə onu görmüşdü, nə də köməkçilərinin bu gedişdən xəbəri var idi. Amma yenə də tam əmin ola bilməzdi. Bir də köpək məsələsini necə həll edəcəkdi? Bundan sonra ona çörək verməmək düzgün olmazdı, amma bunu dostlarının gözü qabağında da edə bilməzdi. Nəsə başqa bir şey fikirləşməli idi.

Tanrı görmüş köpək

Подняться наверх