Читать книгу Mənim anam – Marina Svetayeva - Efron Ariadna - Страница 1
ОглавлениеEfron Ariadna
Mənim anam – Marina Svetayeva
“Xatirə ədəbiyyatı” silsiləsindən 46-cı kitab
Mənim yaddaşım yaxşı deyil. Hətta deyərdim ki, Svetayeva nəslinə xas olmayan dərəcədə pisdi. Hadisələr, simalar, olayların tarixi dəqiq xatirimdə qalmır, onlarla bağlı hansısa gün, il və ya nələrəsə bağlı qalır. Buna baxmayaraq o qədər çox şey xatirimdədir ki, yazmağı bacarsaydım, səhifələrlə yazardım. Hə, əgər bacarsaydım. Amma elə hallar var ki, hətta bacarıqsız insan da mütləq qələmə sarılmalıdır, sevgi və borc hissi isə olmayan istedadı əvəz etməlidir. Ancaq burası da var ki, bəyəm “istedad” haqqında yazmaq üçün istedada ehtiyac varmı? Axı Ekkerman1 özü istedadlı olmadan təkcə Höte “istedadıyla” bunu bacarmışdı!
İllər keçəcək, zamanın cinayətkar etinasızlığını dəf etmək imkanı olan, unudulanları geri qaytarmağa məcbur edən, susdurulmuşları danışdıran, ayaqlar altına atılmış və öldürülmüşləri dirildən insanlar gələcək. Həmin adamlara kömək etmək üçün mən anam və o dövr haqqında yadımda qalanları yazmağa cəhd göstərirəm.
ANAM HAQQINDA QEYDLƏRƏ CƏHD
Anam haqqında, onun zahiri görünüşü barədə ilk xatirələrim sürrealistlərin rəsmlərinə bənzəyir. Ümumilikdə tam bir obraz yoxdur, çünki gözlər onu əhatə edə bilmir, şüur isə hər şeyi vəhdət halında birləşdirə bilmir.
Bütün ətrafdakılar və üst-üstə yığılanlar ucsuz-bucaqsız, əlçatmaz və qeyri-mütənasibdir mənim üçün. Adamların nəhəng ayaqqabıları, uzun ayaqları, böyük, qüdrətli əlləri var.
Üzlər görünmür, onlar hardasa oralarda – yuxarılardadır. Onları ancaq mənə sarı əyiləndə, ya da məni qucaqlarına götürəndə görə bilirəm. Mən bircə onda görürəm, barmaqlarımla toxunuram – böyük qulaq, böyük qaş, barmağım yaxınlaşanda qırpılan böyük göz və məni gah öpən, gah da barmağımı tutmağa çalışıb, “ammm” deyən böyük ağız. Bu həm gülməli, həm də təhlükəlidir.
Yaş, cins, doğmalıq dərəcəsi, anlayışları mənimçün mövcud deyil. Belə baxanda özümdəki “mən” hələ özünü tapmayıb, “mən” başdan-ayağa bütün bu gözlərdən, dodaqlardan və ən başlıcası, bu əllərdən asılıdır. Ondan başqa hər şey dumandır. Ən çox bu dumanı elə anamın əlləri yarır. O əllər başımı sığallayır, qaşıqla yedizdirir, şapalaqlayır, sakitləşdirir, paltarımı düymələyir, yatızdırır, istədiyi kimi rəftar edir. Onlar həyatımda ilk reallıq və ilk hərəkət edən, etdirən qüvvədir. İncə, qarabuğdayı, narahat əllər bütün əllərdən yaxşıdır. Çünki onlar gümüş üzük və bilərziklərin parıltısıyla doludur. O parlaqlıq ki, onunla birgə gəlir və gedir, özündən ayrılmazdır.
Parıldayan əllər və gözlər, cingiltili, eyni zamanda parlaq səs ən kiçik yaşlarımın xatirində qalan anamdır. Mən onu ilk dəfə görən kimi – bir neçə günlük həyatımdan yoxa çıxıb əməliyyatdan sonra xəstəxanadan evə dönəndə tamlıqla, bütövlükdə dərk etdim. Xəstəxana və əməliyyatın nə olduğunu çox sonralar başa düşdüm. İndisə sadəcə uşaq otağının qapısı açıldı, anam ildırım kimi içəri girdi və indiyə qədər mənim üçün parçalardan ibarət olan tam bir vahid şəklində birləşdi. Və mən onu tam şəkildə – başdan-ayağa gördüm, üstünə atıldım: xoşbəxlikdən boğulurdum.
Anam hündür deyildi, ortaboy, düzgün, dəqiq ifadə olunmuş, lakin kobud olmayan cizgili qadın idi. Burnu düz, azca donqar, dəlikləri ifadəliydi. Bəli, məhz ifadəli. Xüsusilə də, kin və nifrətini yaxşı ifadə edirdi. Deyə bilərəm ki, ümumiyyətlə, üzünün hər bir cizgisi ifadəli və işvəliydi: həm dodaqları, həm təbəssümü, həm qaşlarının dağınıqlığı, hətta favn2 kimi balaca və həssas qulaqları da. Gözlərinin rəngisə çox nadir, “su pərisi gözü” adlanan açıq, parlaq yaşıl rəngdəydi. Bu rəng ta ölən günə qədər nə soluxdu, nə də bozardı. Ovalvari üzündə uzun müddət uşaqlığından hansısa əlamətlər, girdəlik qalmışdı. Açıq xurmayı saçları bir-birinə yumşaq və səliqəsiz şəkildə dolaşırdı. Anamın çiyinləri iri, budları və beli dar, dartılmış idi. Ömrünün sonuna qədər yeniyetmə görünüşünü, elastikliyini və zirəkliyini qoruyub saxladı. Əlləri qadın əlinə bənzəmirdi: oğlan əlləri kimiydi. Çox böyük olmasa da, heç də miniatür, balaca deyildi. Salamlaşanda möhkəm, sərt salamlaşırdı. Barmaqları yaxşı inkişaf etmişdi. Ucları azca kvadrat formalı, enli, amma gözəl dırnaq quruluşu vardı. Üzük və bilərziklər bu əllərin ayırılmaz hissəsiydi. Əvvəllər kəndli qızların qulağına sırğanı belə taxardılar – birdəfəlik, ömürlük. Bu cür – “ömürlük” olanlardan iki qədimi gümüş bilərzik vardı. Hər ikisi tökmə, çıxıntılı idi. Biri firuzə qaşlı, o biri hamar, üstündə çox gözəl, qanadları o kənarından bu kənarına qədər uzanan və bütün biləyi tutan uçan quş təsvirli idi. Üç üzük – nişan, “yazılarda salamat qalan”3 üzük, gümüş çərçivəli gemma – əqiq üzərində Hermes təsvir olunmuş üzük və ətrafında “sənin üçün, mənim əzizim” yazısı olan (çox güman ki, çoxdan qeyb olmuş dənizçi bəyin qeyb olmuş gəlinə hədiyyəsiydi) gəmi təsvirli ağır möhür-üzük. Amma həmin yazı yaddaşımdan tamam silinib. Elə gəmini də güclə göz önümə gətirirəm. Başqa üzüklər də vardı, gəlib getdilər. Lakin bu üç üzük onun barmaqlarından heç vaxt çıxmadı. Və onunla birgə getdi…
Anamın mənim gözümdə bütöv bir varlığa çevrildiyi həmin axşamda əynində enli, yuxarı hissədən dar, qəhvəyi rəngli ipək paltar, əlində əməliyyat sonrası sarğı vardı. Mən hətta sarğını da yadımda saxlamışam – şərq naxışları olan tünd kişmir yaylıq idi.
Onunla bağlı ilk xatirəm, hətta deyərdim ki, elə özümlə də bağlı ilk xatirəm: bir neçə pilləkəndir – ən yuxarı pillədə mən dayanmışam və onlar aşağıda başqa böyük otağa düşür. Mənə hər şey qarmaqarışıq görünür, çünki bura yarızirzəmidir. İşıq lampası yuxarıda tavandan asılıb, tavan isə alçaqdır, mən də pilləkənin yuxarısında durmuşam. Anlaya bilmirəm, tavan mənə daha yaxındır, yoxsa döşəmə. Anam orda, aşağıda – lampanın altındadır. Gah eləcə dayanır, gah da yavaş-yavaş çevrilib mənə yox, öz-özünə baxır. Anamın yanında dizi üstündə qadın oturub. Anam da nəyəsə toxunur, sığallayır, dartışdırır və havada tanımadığım bu sözlər uçuşur: “klyoş ətək, klyoş ətək”. Küncdə bir qadın da var. Onun nə başı var, nə əlləri. Ayaqlarının yerində isə laklı altlıq var. Üstündəki paltarsa əsldi, canlıdı. Mənə sakit durmağı tapşırıblar. Mən də sakitcə durmuşam. Amma bir azdan möhkəm ağlayacağam, çünki mənə heç kim diqqət yetirmir, axı balacayam və pilləkənlərdən yıxıla bilərəm. Bunu anam danışırdı, Krımda olub, onda üç yaşım vardı.
Həmin yaydan yaddaşımda heç nə qalmayıb – nə adamlar, nə əşyalar, nə də yaşadığımız otaqlar. İlk dəfə şüurumda ata obrazı yaranıb – o, anamdan hündür idi, baxışlarıma sığmırdı və atamla bağlı ilk xatirəm onu tanımamağımla bağlıdır. Anam məni qucağında aparır, qarşıdan ağ geyimli bir nəfər gəlir. Anam onun kim olduğunu soruşur, mənsə tanıya bilmirəm. Ancaq mənə sarı əyiləndə onu tanıyıb bərkdən qışqırıram – Seryoja, Seryoja (Uşaqlıqda valideynlərimi onlar bir-birlərini çağırdıqları kimi çağırırdım – Seryoja, Marina. Amma daha çox Seryojenka, Marinoçka deyirdim)!
Bundan başqa sahildən dənizə yepyeni ayaqqabılarımı tulladığım üçün anamın mənə şapalaq ilişdirməyini xatırlayıram. Dənizisə yox. Dəniz elə nəhəngdi ki, ona heç fikir vermirdim də.
Krımda növbəti yay adamlar, hadisələr, səslər, qoxularla doludur. Artıq yaddaşıma ağ, günəşdən bəmbəyaz olmuş evin divarları, qırmızı qızılgüllər, onların tünd iyi və tikanları hopur. Artıq dənizi görür, üfüqü sezirəm. Amma hələ ki məkan anlayışım yoxdur: dəniz mən sahildə durarkən hündür göyümtül divardır. Mən onun səviyyəsindən aşağıyam. Başa düşürəm ki, dəniz ancaq sahildə durub baxanda yaxşıdır, dənizdə çimmək çox pisdir.
Qoltuqlarımdan tutub məni fışıldayan dalğaya salanda ağlayıram və nəfəs almadan ciyildəyirəm. Sonra anam məni döşəkağıyla qurulayıb tənbeh edir. Mənimçün artıq fərqi yoxdur, əsas odur ki, daha qurudayam. Məni dənizdə çimməyə alışdırmaqdan ötrü xaç anam, Maks Voloşinin4 anası Pra dənizə elə geyimdəcə tullanıb üzür. Sudan çıxanda onun gümüşü tikməli bəyaz xalatından, çaxçurundan (geniş şalvar) və rəngli dəri çəkmələrindən su sel kimi tökülür. Amma mənimçün bu nə gülməli, nə də maraqlıdı. Pra mənim xatirimdə böyük, saçları tamam ağarmış, çox səs-küylü qalıb.
Ara-sıra yanımda xalam oğlu Andryuşa da olurdu. O, yaxşı oğlandır, çimməkdən qorxmur, tumanı mənimkindən daha çox quru olur, manna sıyığını yaxşı yeyir, anasının “sözündən çıxmır”. Onun bu cür yaxşı olmasına baxmayaraq mən də onu özüməməxsus sevirəm. Başındakı xətli şiş papağı xoşuma gəlir, onunla bir-birinə keçirilmiş iki taxtanın üstündə yellənmək xoşuma gəlir. Hər nə qədər nəyisə bölüşə bilməyib dalaşsaq da, o, məni özünə çəkir, hiss edirəm ki, biz eyni cür təbiətli adamlarıq: o da mənim kimi balaca, mənim kimi kimdənsə asılıdır. Onu da mənim kimi oyunun şirin yerində kimsə qucağına alıb aparır, mənim kimi qəflətən yatızdırmağa və ya yedizdirməyə çalışır, ya yanına nəyəsə görə şapalaq ilişdirir, ya da küncə qoyurdular. O, mənimlə bir qəbilədəndir və bizi əhatə edən “allahların” arasında yeganə əsl insandır.
Bizim ilk görüşümüz məndə nifrət hissi oyatmışdı. Bu, yəqin ki, ötən qış Moskvada olmuşdu. Otağımda qırmızı başmaqlı, balaca ağbaş oğlan peyda olmuşdu. Anam dedi ki, bu, sənin qardaşın Andryuşadır. “Andryuşa qardaşım” əlini ehmalca mənə uzadır, mənsə əllərimi dala çəkib qara ayaqqabımla onun qırmızı ayaqqabısını möhkəm tapdalayıram. Susub var gücümlə, paxıllıq və hikkəmdən çatlayaraq tapdalayıram. Mənim yox, onun – “Andryuşa qardaşımın” belə gözəl qırmızı ayaqqabıları var! Əgər mənim deyilsə, onları əzib məhv eləməliyəm. Andryuşa geri çəkilir, mənsə elə yenə də ayağını tapdalayıram. Andryuşa saçımdan yapışır, mən üzünə vururam. Bizi analarımız ayırır, əllərimizə vururlar. Mən hikkəmdən və hisslərimi ifadə etməyi bacarmadığıma görə partlayıram. İzah etmək üçün sözlərim yoxdu, deyim ki, qırmızı ayaqqabılar mənim olmalıdır və ya onlar heç kimin olmamalıdır!
Krımda keçən məhz bu yayda mənim qorxaq olduğum üzə çıxdı – Pra mənə kirpi hədiyyə etdi. Amma ona olan mərhəmət və sevgi hissimi iynələrindən iyrənməyim və qorxum üstələdi. Kirpini hamı sığallayırdı – anam da, Pra da, hətta Andryuşa da qabağa qaçıb sığal çəkmək istəyirdi. Mənsə özümü bu iynə yığınına əl uzatmağa məcbur edə bilmirdim. Hətta onun ətrafındakı hava da mənə iynəli görünürdü!
İkincisi, mənim yemək yeyə bilmədiyim də aşkarlandı. Mən ancaq çeynəməyi bacarıram. Sonuna qədər çeynəyirəm, amma bu çeynəntini heç cür uda bilmirəm, tüpürməyə çalışıram. Anam “tərbiyə işlərinə” bu ilk iki çatışmayan cəhətimdən başlayır. Və bu, uzun illər çəkir. O, qorxaqlığımla öyüdləri, cəzaları, sudan çəkinməyimlə isə sadəcə məni çimizdirərək mübarizə aparırdı. Lakin hər ikimiz tərsdik və mövqelərimizi buraxmırdıq.
– Sən kirpini sığallamağa qorxurdun, Allah da səni cəzalandırdı – kirpi öldü, başa düşürsən? Öldü, yəni yatdı, amma bir də heç vaxt ayılmayacaq. Xeyr, onu oyatmaq mümkün deyil. İndi sən onu sığallamaq istəsən də, gecdir. Yazıq kirpi! Bütün bunlar sən qorxaq olduğuna görə baş verdi!
Mən möhkəm ağladım, çox ağladım. Heç indi də Pranın mənə hədiyyə etdiyi kirpinin qorxaqlığım ucbatından sığallamadığımçün öldüyünü, əbədi yuxuya getdiyini unutmamışam. Amma buna baxmayaraq kədərə batdığımı görən Allahın onu diriltdiyini görsəm, özümü onu sığallamağa məcbur edə biləcəyimə əmin deyiləm.
Uşaq vaxtı mən, həqiqətən də, çox pis yeyirdim. O tərəf-bu tərəfə boylana-boylana, yazıq-yazıq hirsli anama baxa-baxa, bu çeynədiyimi udmalı olduğumu düşünə-düşünə çeynəyirdim. Udmurdum. Ən son həddə qədər çeynəyir, sonra da tüpürürdüm. Bilirdim ki, cəzadan qaça bilməyəcəm, amma yenə də ona doğru uzunqulaq inadı və xrisitiansayağı itaətlə gedirdim.
O yerəcən tüpürdüm ki, anam məni lüt soyundurub, bacısı Asyanın hədiyyə etdiyi, qırmızı tikmələrlə pişik başı çəkilmiş və “Bon appetit” yazılmış qırmızı salfeti boynuma bağladı. Özü də mənim hündür oturacağım qarşısında əlində manna dolu boşqab və qaşıq oturdu. Yemək prosesimdə çox adamlar iştirak edirdi, hamısı da heç vaxt belə şey görmədiyini desə də, hər biri öz məsləhətlərini yağdırırdı. Anamın çox hörmət etdiyi və məsləhətlərinə qulaq asdığı Pra, ümumiyyətlə, mənə yemək verməməyi, ancaq özüm istəyəndə yedizdirməyi məsləhət gördü. Anam razılaşdı. Yay çox isti keçirdi. Mən elə hey süd içirdim. Üç gün ancaq süd içib acmadığımçün anamdan yemək istəmədim. Dördüncü gün anam dedi ki, uşağımın necə məhv olduğuna baxa bilmərəm. Və məni yenidən boğazımda salfet lüt otuzdurdu. Mənsə gözyaşlarımdan başqa heç nə uda bilmirdim.
Uzun illər sonra iyirmi üç yaşımda Sovet İttifaqına qayıdanda “Revyu de Moskva” jurnalının redaksiyasında işləyirdim. Telefon zəng çaldı.
– Ariadna Sergeyevnanı, zəhmət olmasa!
– Mənəm.
– Danışan Yelena Usiyeviçdir5. Məni xatırlayırsız?
– Xeyr.
– Hə, düzdü, siz o vaxt çox balacaydınız… Necəsiz, necə yerləşə bilmisiz?
– Çox sağ olun, hər şey yaxşıdır!
– Yeməyiniz necədir?
– Mən kifayət qədər qazanıram, normal da qidalanıram, – bu cür qayğıkeşlikdən təəccüblənərək cavab verdim.
– Ah, mən heç də o barədə soruşmuram, – Useviç sözümü kəsdi, – Necə yeyirsiz? Udursuz? Axı siz uşaq vaxtı heç udmurduz… Mən indiyə qədər lüt oturub başdan-ayağa Marina İvanovnanın yedizdirdiyi sıyığa bulanmış sizi unuda bilmirəm! Və ancaq indi sizin gəldiyinizi öyrəndim və zəng etdim öyrənim ki…
Anamın gənclik və mənim uşaqlıq illərimin keçdiyi ev hələ də salamatdır. Bayır tərəfdən ikimərtəbə, həyət tərəfdən üçmərtəbəli olan və Borisoqlebsk dalanında yerləşən 6 nömrəli bu köhnə ev Arbatın (keçmiş Povarskaya) və İt meydançalarının yaxınlığında idi. O zamanlar evlə üzbəüz iki ağac vardı – anam onlara şeir həsr etmişdi: “İki ağac”. İndi onlardan biri qalıb – yetim kimi. Həmin evin 5 nömrəli mənzilindən – anadan olduğum Zamoskvoreçyadan köçmüşdük. Bu, əsl qədim Moskva mənzili narahat, dolaşıq, mərtəbəyarımlıq və çox səliqəli ev idi. Qabaq tərəfdən iki qapı vardı. Biri – sol qapı heç kimə aid olmayan otağa açılırdı. Orayla bağlı heç bir xatirəm yoxdur. Sağ qapı isə qaranlıq yemək otağına açılırdı. Gündüzlər çox sadə, kasıbyana görünürdü. Və oranı tavanda olan böyük pəncərə-fənər işıqlandırırdı. Qışda bu fənəri tədricən qar örtürdü. Dalandar dama çıxıb onu təmizləyirdi. Yemək otağında fənərin düz altında böyük dairəvi masa, hələ sonra barəsində söz açacağım üstündə iki tülkü müqəvva, tuncdan dəvə-saat və Puşkinin büstü olan buxarı vardı. Divarlardan birində uzun, narahat, qara, ya klyonkalı, ya da ki dəridən olan hündür söykənəcəkli divan və tündrəngli içi dolu qab olan bufet vardı.
İkinci qapı yemək otağından dar və qaranlıq dəhlizlə anamın balaca və mənim böyük otağıma (uşaq otağına) aparırdı. Bu mənzilin ən işıqlı otağı – uşaq otağında üç pəncərə vardı. Pəncərələr xatirimdə yerdən tavana qədər iri, təmizlikdən, işıqdan par-par parıldayan, o üzündə qar dənəcikləri görünən kimi qalıb. Bu yaxınlarda keçmiş evimizin həyətinə girdim və həmin üç pəncərənin, əslində, tutqun balaca pəncərələr olduğunu gördüm. Onlar o qədər balaca, nəzərəçarpmazdılar ki, uşaq xəyalımda qalan pəncərələrə qalib gələ bilmədilər!
Qapıdan solda kömür doldurulmuş qara çuqun soba, arxasında böyük və tavana qədər hündür kitab dolabı görünürdü. Dolabda anamın, mənim və nənəm M.A.Meynin uşaq kitabları vardı. Oyuncaqlarım ən aşağı rəfdə olurdu. Onları özüm götürürdüm, kitablarısa həmişə anam verərdi. Çarpayımın ayaq tərəfi dolabla, baş tərəfisə növbəti dayənin sandığı ilə qonşuydu. Bu otaqda nə böyük masalar, nə oturacaqlar xatırlayıram, amma onlar olmalı idi. Qıraq pəncərəylə qapı arasındakı divan yadımdadır. Dairəvi çərçivələrdəki rəsmləri – Qryoz6 əsərlərinin surətini (quşla qız) xatırlayıram. Bu rəsmlərdən hansılarsa, bəlkə də, elə hamısı nənəm Mariya Aleksandrovnanın işləriydi. Uşaq otağı geniş idi və içərisi iri əşyalarla doldurulmamışdı.
Uşaq otağından həmin dar, qaranlıq dəhlizə çıxıb sol divara əlimizi tutsaq, anamın otağının qapısına dəyərdi. Bu, yaddaşımda qalan anamın əsl otağı idi. Taleyin ona sırıdığı künc deyildi, bir azdan haqqını ödəyə bilməyəcəyimiz, tezliklə başqasıyla əvəz etməli olduğumuz qısamüddətli sığınacaq deyildi…
Otaq böyük deyildi, uzunsov, alaqaranlıqdı. Çünki pəncərə küncdə – otağın ensiz tərəfindəydi, uşaq otağının divarı ona mane olurdu. Bu pəncərədən düşən işığın, demək olar ki, çox hissəsi böyük yazı masasına düşürdü. Masanın sol tərəfində, qısa divarın küncündə sırayla kitablar, dəftərlər, vərəqlər düzülmüşdü. Bəzək-düzək şeylərinin (Düzünü desəm, “bəzək-düzək şeyləri” anamın masasına uyğun söz deyildi! Onlar bəzək-düzək şeyləri deyildi, hamısının ruhu və tarixçəsi vardı. Təsadüfi heç nə yox idi aralarında. Çoxu da qəşəng şeylər deyildi.) arasında mənim hey marağımı özünə çəkən içində lələk və karandaşlar olan hündür, yumru qara laklı qutu vardı. Bu qutu üzərində iyirmi üç yaşlı generalın – 1812-ci il qəhrəmanının al qırmızı mundir, boz plaşda gözəl miniatür şəkli olduğuna görə “Dördüncü Tuçkov”7 adlanırdı.
Nənəm Mariya Aleksandrovanın press-papyesi (basma) – krujeva manjetlərdən çıxan iki balaca metal əl, məktubları kip saxlayan iki tünd rəngli əl, xüsusilə, maraqlıydı. Babam İvan Vladimiroviç Svetayevin nə zamansa İtaliyadan gətirdiyi qəribə qara Məryəm fiquru qorxu və maraq doğururdu. Bu, orta əsrlərə aid Məryəm enlialınlı və görməyən iki iri göz dəliyi olan əl boyda, ağır, ya çuqun, ya da ki dəmirdən hazırlanmış bir fiqur idi. Fiqurun ortasında ikitaylı qapı açılır və içiboş Məryəm hər iki tərəfdən iti iynələrlə doluydu. Anam danışırdı ki, orta əsrlərdə İtaliyada bu cür insan boyundan bir az hündür fiqurlar olubmuş. Yeretikləri onların içinə salıb, qapağını bağlayırlarmış və bizlər həmin adamları deşik-deşik edirmiş. Orta əsrlər, İtaliya və yeretiklər8 mənimçün qaranlıq mövzulardı. Amma bizə baxıb barmaqlarımla toxunanda mən bütün varlığımla orta əsrlər İtaliyasına və bu cür Məryəmə qarşı çıxırdım!
Masa və qapı arasında göy pərdə sallanan boşluq vardı. Rəflərdən birində ipək yaylığa bükülmüş atamın vərəmdən dünyasını dəyişmiş qardaşı Petin üzündən çıxarılmış ağ gips maska qoyulmuşdu. Atama bənzəyən, yatmış, lakin əzab çəkmiş və çox sakit olan bu sifət həmişə məndə mərhəmət, rəhm hissi oyadırdı. Mən tez-tez anamdan “Peti mənə göstərməyini” xahiş edirdim. Onun bağlı, kədərli, soyuq dodaqlarını və yumulu, böyük, soyuq gözlərini öpürdüm.
“O, səni tanıyırdı, – deyirdi anam, – sənsə onu xatırlamırsan. O, səni sevirdi. Balaca qızı vardı, tez dünyasını dəyişmişdi. Yoldaşı rəqqasəydi və onu heç sevmirdi…”
Ölən qızı?! Sevməyən rəqqasə?! Heç nə başa düşmürəm! Axı necə ölmək olar? Axı necə sevməmək olar?
Rəflərdə çoxlu maraqlı şeylər – dəniz ulduzları, balıqqulağıları, bağa qını, stereoskop və stereoskopda baxmaq üçün bir çox ikili fotolar (Krım, ana, ata, Maks, Pra, mənlə Andryuşa, başqaları və sadəcə mənzərə şəkilləri) vardı. Onu da deyim ki, stereoskopda hər şey gerçək, canlı görünürdü, hərəkətsiz olsalar belə.
Qapıdan sağ tərəfdəki divar boş idi. Qarşısında köhnə divandan başqa heç nə yox idi. Yaxınlaşıb açıq rəngli divar kağızındakı qızılgüllərə əllə toxunmaq mümkündü. Üstündən asılmış gözəl aşılanmış boz-mavi xəzi də sığallamaq olurdu. Bu xəz anamın sevimli pişiyi Kusakanın idi. Onu Krımdan hələ lap bala olanda üç sutka köynəyinin qoynunda gətirmişdi. Kusaka ağıllıydı, it kimi hər şeyi başa düşürdü, hətta deyərdim ki, ondan da yaxşı. O qədər ağıllıydı ki, gecə güvəcinin nədən ötrü olduğunu məndən yaxşı bilir, çox böyük zəhmət və əziyyətlə dörd pəncəsiylə sürüşkən emal kənarlarından yapışıb ondan istifadə edirdi. Anamın işdən çıxartdığı əliəyri aşpaz intiqam almaq üçün Kusakanı zəhərləmişdi. Boğulan Kusaka köpük içində, tükü pırpızlaşmış və cansız halda bütün mənzil boyu sürünərək anamın yanına gəlmişdi ki, vidalaşsın. Elə beləcə anamın əlləri üstündə də ölmüşdü. Anam da, mən də çox ağladıq. Sonra biz onu götürüb arabayla kürkçünün yanına getdik. Kürkçü də pişiyi “canlı kimi” əbədiləşdirməyi – sanki ağacın budağında quşu oğurlamaq istəyən əsl pişik kimi əbədiləşdirməyi təklif etdi. Kürkçünün quşu tamamilə pulsuz, mükafat kimi təklif etməsinə baxmayaraq anam bizim Kusakanın eybəcər hala düşməsinə razılıq vermədi. Beləliklə, o, həmin bu divardan asılan xəzə çevrildi.
(Yadımdadır ki, Kusaka bir dəfə xəstələnəndə baytar ona resept yazmışdı. Anam onu uzun illər qeyri-peşəkar şeir nümunəsi kimi saxlamışdı. Pişik resepti beləydi:
“Efron xanımın pişiyinə:
Hər saat başı,
bir çay qaşığı”.)
Bundan əlavə, divarda Vrubelin9 çox bəyəndiyim kiçik həcmli, rəngli əl işləri asılmışdı – “Pan”, “Şahzadə qız – Qu quşu” yadımdadı.
Üzbəüz divarda atamın böyük portreti vardı. Onu valideynlərimin rəfiqəsi, rəssam Maqda atam xəstə olanda çəkmişdi. Atam kürsüdə yarıuzanılı vəziyyətdə, əlində kitab, ayaqlarının üstündə yun şal çəkilmişdi. Portretin fonu narıncı rəngdəydi. O ya pərdə idi, ya da ki hansısa şərti işarə…
Enli, alçaq taxtın yuxarısında portret asılmışdı. Taxtın üstünə şərq üslubunda yaşılımtıl zolaqlı ipək parça salınmışdı. O parçalardan indi də Özbəkistanda xələt tikirlər. Tavandan göy rəngli, uzun, qıraqları tin-tin asmalı büllur çilçıraq sallanmışdı. O, çox gözəl və qədimi idi. Yerdə – düz elə çilçırağın altında onun və mənim ölçümə nəzərən gözümdə ayı dərisinə oxşatdığım canavar dərisi vardı. Dişləri doğruçu olsa da, canavarın açıq qalmış ağzına əlini soxsan, dişləməyəcəyini bilmək gözəl duyğu idi!
Taxtın başlığından xəz asılan divara qədər bütün yeri böyük qədimi sekreter tuturdu. Anam bəzən onun içindən tünd rəngli ağacdan hazırlanmış, təlimatlı, çox ağır musiqili mücrünü çıxarırdı. O, bir neçə qəmli, sakit pyes səsləndirirdi. Musiqinin səslənmə mexanizmi tamamilə aydın olsa da, mücrü sirli və sehrli olaraq qalırdı. Musiqili mücrüdən başqa anamın şarmankaçıdan alınmış əsl köhnə şarmankası da vardı. Anam da, atam da, onların gənc dostları da həvəslə şarmankanın dəstəyini fırladırdılar.
Mənzilin ikinci mərtəbəsinə çıxmaqdan ötrü bütün yolu alaqaranlıq dəhlizdən yemək otağına, oradan ön otağa geri qayıtmaq, o biri dəhlizə çatanda çox hündür və dik pilləkənlərlə yuxarı qalxmaq lazım olurdu. Pilləkənlər pəncərələrdən yaxşıca işıqlanan balaca meydançaya çıxırdı. Ora mənə girməyə qadağan edilmiş böyük mətbəxin, vanna otağının, anbarın və ayaqyolunun qapısı açılırdı. Daha bir – sonuncu dəhlizsə balaca otağın (ora ancaq üstü heç nəylə örtülməmiş çarpayı döşəyi, masa, oturacaq və dolab yerləşirdi) yanından keçib atamın böyük, amma çox da işıqlı olmayan otağına aparırdı. Mən bura nadir hallarda gəlirdim. Uşaq otağından rahatca anamın otağına və ya yemək otağına keçmək olurdu. Bura gəlmək üçünsə pilləkənləri aşıb bağlı mətbəxi keçmək lazım idi. Ümumiyyətlə, bu, əməlli-başlı səyahət idi. Buna ancaq xüsusi dəvətim olanda ürəklənirdim.
Atamın otağında taxt qapıdan sol tərəfdəki divara söykədilmişdi. Pəncərədən solda yazı masası, küncdə sakinləri “Albert” və “Mariya” peçenyeləri və holland qız şəkilli dəmir qabda qəhvə olan dairəvi bufet vardı. Bunun O.E.Mandelştamla xatirəsi var. Amma bu barədə daha sonra!
Atamın otağında qonaq olanda məni dairəvi masanın arxasına otuzdurub peçenyəyə “qonaq edirdilər”. Bu “qonaqlıq” uşaq otağında daha dadsız olduğuna görə burada onu məmnuniyyətlə, hətta təntənəli surətdə yeyirdim. Burada Pasxa bayramlarından birində mənə əsl oyuncaq Sergiyev monastrını – bir qutu çəhrayı kilsə və evciklər hədiyyə etdilər. Ona qədər mənim ancaq kubiklərim vardı. Yadımdadır ki, formasını dəyişə bildiyim oyuncaq şəhərciyi görüb heyran qalmışdım. Bu monastır məndə xaricə gedənə qədər qaldı. Gedəndəsə anam oyuncağı Saşa Koqana hədiyyə etməyimi istədi. O, elə bilirdi ki, Saşa A.Blokun (Bloksa Pyotr Semenoviçin həyat yoldaşıyla əylənirdi) oğludur. Mən xəsis deyildim, həmişə oyuncaqlarımı ona-buna rahatca hədiyyə edə bilirdim. Amma monastırımı verdiyimə görə sonralar çox heyifsiləndim. Hələ üstəlik, sən demə, Saşa elə öz qanuni atasının oğlu imiş…
Bizim Borisoqlebsdəki mənzilimizdə xatirələrim musiqi mücrüsünün valına, o otaqlarda baş verən bir çox hadisələrə toxunub gəzişəcək. Amma atamın otağının yanındakı balaca otaqla bağlı ancaq üç erkən xatirəm var. Və mən bir daha onlara qayıtmamaq üçün hamısını sizə danışacağam.
Bibim Verayla zolaqlı döşəyi olan istifadəsiz çarpayıda oturub söhbət edirdik. Vera soruşdu:
– Sən məni sevirsən?
– Dəhşət sevirəm, – cavab verdim.
– “Dəhşət sevirəm” demirlər, – Vera düzəliş etdi, – dəhşət çox pis deməkdir, sevməksə pis olmaz. “Çox sevirəm” demək lazımdır!
Mən inadla:
– Dəhşət sevirəm! – dedim.
– Yox! – Vera etiraz etdi.
– Dəşhət-t-t-t-t sevirəm, – bu dəfə hikkəylə təkrarladım.
Anam içəri girdi. Üstünə atıldım:
– Ana, Vera deyir ki, dəhşətli sevmək olmaz, “dəhşət sevirəm” demək olmaz, ancaq “çox sevirəm” demək olar!
Anam məni qucağına götürdü:
– Olar, Aleçka, olar! Dəhşətli sevmək, adicə sevməkdən və ya çox sevməkdən daha yaxşı, daha çoxdur!
Fısıldayırdı, deməli, Veraya acığı tutmuşdu.
Bu döşək niyə yadımda qalıb? Çünki bir dəfə üstündə konfet tapmışdım! Həmin gün məndən, bir də döşəkdən başqa otaqda kimsə yox idi, deməli, möcüzənin səbəbkarı döşəkdi, deməli, hər bir döşəkdə konfet olur! Və dayəmin təəccübünə səbəb olsa da, mən dəfələrlə otağımdakı yorğan-döşəyi eşələyirdim. Heç nə tapmayıb hirslənirdim. Tapdığım konfet mənim sirrim idi, bu haqda heç anama da deməmişdim. Bəlkə də, elə bu səbəbdən bir daha heç vaxt tapmadım.
Üçüncü xatirəm – balaca otaqda masanın arxasında “ev dərzisi” adlanan gənc, qırmızıyanaq, cazibədar qadın əyləşmişdi. Əl maşınıyla döşək üzlərinin qırağını basdıran dərzi anama danışırdı ki, gəncliyində yuxuya gedib, ayıla bilməyib. Həkimin gəlib onun öldüyünü deməsini, anasının ağlamasını eşidib, tabuta qoyulmağını hiss edib, amma ayıla bilməyib.
– Letargiya yuxusu! – Dedi anam. – Sizi axı diri-diri dəfn edə bilərdilər!
Mən dəhşət içində donub qaldım – dəfn etmək torpağa basdırmaq deməkdir! Sapsağlam yuxuda olan ev dərzisini torpağa basdırmaq!
– Bəs sonra nə oldu? – titrəyə-titrəyə soruşdum.
Anam yanında olduğumun indi fərqinə vardı:
– Bu nağıl sənin üçün deyil! – deyib məni otaqdan çıxardı.
– Marinoçka, onu diri-diri basdırmışdılar?
– Yox, əlbəttə ki, o oyanıb və gördüyün kimi oturub burada tikir…
– Marinoçka, bəs tabutu neylədilər?
– Bilmirəm, – dedi anam. – Yəqin, kiməsə hədiyyə ediblər.
Mən sakitləşdim. Tabut və dəfnin nə olduğunu yaxşı bilirəm. Bizdə qısamüddətli çalışan, oğlu cəbhədə olan dayəm tez-tez gəzinti adıyla məni kilsəyə dəfn mərasimlərinə aparırdı. Əslində, bu, gəzintidən maraqlıydı. Çünki İt meydançası həmişə eyni cür, kilsədəki ölülərsə müxtəlif idi. Bununla yanaşı, onlar mənim üçün kilsə ləvazimatı kimi bir şeydi, elə onun kimi anlaşılmaz, amma görünür, kilsəyçün lazımlı bir şeydi! Həmişə bu əyləncəm haqqında anama danışmaq istəyirdim, lakin uşaq yaddaşı qısa olur, geri dönəndə mən hər şeyi unudurdum. Unutmayıb danışdığım o bircə dəfəsə dayəmçün bədbəxt gün oldu. Anam dərhal onunla vidalaşdı…
Mənzilimizdə otaq sayı qədər dünya vardı. Onlar arasındakı sərhədi öz istəklərinə görə yalnız böyüklər adlaya bilirdilər. Bu dünyalar məndən çoxsaylı “olmaz”larla uzaq saxlanılırdı. Və bu qadağalardan birincisi böyüklərin həyatına soxulmamaq idi. Lakin mənə oralara girməyə icazə veriləndə belə “olmaz”lar məni rahat buraxmır, sanki izləyirdi. Bəzi günlərdə məni ümumi masa arxasında otuzdururdular. Böyüklər – onlar heç də az deyildilər. Bizim dairəvi masa arxasında toplaşıb söhbət, mübahisə edir, gülürdülər. Hərəkətləri sərbəst, səsləri gur gəlirdi. Onların boşqablarında nəsə xüsusi yemək olurdu. Şərabı gözəl badələrdə bir-birinə vururdular. Mənsə zəhləmgetmiş ispanağı və ya süddən göyərmiş qarabaşaq sıyığını yeməyə məcbur idim. Böyüklərin sözünü kəsmək, onların söhbətinə qarışmaq, ayaqlarımı yelləmək və ya pudel Ceki sığallamaq üçün əlimi masanın aşağısına sallamaq qadağan idi. Adətən, masa arxasında danışığım “təşəkkür edirəm” və “buyurun” sözlərindən ibarət olurdu. Bu cür vəziyyət məni heç də sıxmırdı, üzmürdü. Uşaq otağında dayəmlə kobud danışmaq, qaçmaq, əylənmək azadlığına çatsam da, bu azadlıq, bu sərbəstlik mənə zərrə qədər də maraqlı gəlmirdi: böyüklərin həyatı həddindən artıq cazibədar idi. Və ona çatmaqdan ötrü mən başdan-ayağa “yaxşı davranış” qaydaları donuna girməyə hazır idim. “Yaxşı davranış”a anam nəzarət edirdi. Özünü pis aparan qız onun otağına girməyi ağlının ucundan belə keçirməməlidir.
Anamın otağı məndən ötrü uşaqlığımın bayramı, şənliyi idi. Və bu bayramı qazanmaq lazımdı. Bayram qapının kandarından girən kimi başlayırdı: mənim üçün musiqili mücrü işə salınır, şarmankanın dəstəyini fırlatmağa, tısbağa qınıyla oynamağa, canavar dərisi üzərində uzanmağa, stereoskopa baxmağa icazə verirdilər. Atam məni dizlərinin üstündə otuzdurub heç kimin bilmədiyi nağıllar danışardı. Xüsusilə, quldurlardan olan nağılı sevirdim, amma onu atam nədənsə anamın yanında heç vaxt danışmırdı. Nağıl belə idi:
Bir dəfə Alya adlı qız evdə tək qalmışdı… Atası getmişdi, anası getmişdi, dayəsi getmişdi, Cek də getmişdi… Quldurlar bundan xəbərdar oldular. Və evə girib pilləkənlə yuxarı qalxdılar. Qapını açıb baxdılar:
– Hanı bəs gözəl qız Alya?
Qabaq otağa girib əllərində bıçaq əvvəl mətbəxə, oradan da vanna otağına keçdilər.
– Polad xəncərlər? – titrəyə-titrəyə soruşurdum.
– Polad xəncərlər! – atam cavab verirdi.
Onlar Alyanı axtarırdılar… Budur, onlar atanın otağına girdilər… Divanın altına baxdılar, Alya yoxdur! Bufetə baxdılar, yoxdur Alya! Dolaba baxdılar, yoxdur Alya! Və onlar atanın otağından çıxdılar…
– Yox! Yox! – Dəhşət içində çığırırdım, çünki quldurları nəyin bahasına olursa-olsun, yuxarı mərtəbədə ləngitməliydim. – Hələ çıxmırlar! Onlar hələ royalın altına baxmayıblar!..
Royalın altına baxırlar, Alya orda da yoxdur! Onda onlar yemək otağına keçirlər…
– Yox, yox, yemək otağına yox! Onlar hələ ayaqyoluna baxmayıblar!..
– Ah, hə, – atam davam edirdi. – Quldurlar ayaqyoluna baxırlar, yoxdu Alya orda da…
Quldurların əzab dolu səyahətləri hələ çox davam edirdi. Hər bir addımlarıyla onlar Alyanın gizləndiyi uşaq otağına yaxınlaşırdılar. Gərginlik və qorxu durmadan artırdı. Amma atamı bunlar bir damcı da həyəcanlandırmırdı. O qorxmur, axı özü evdə həmin vaxt olmayıb və qudurlar da onu axtarmayıb!
Budur, onlar artıq dəhlizlə gəlirlər. Yaxınlaşmaqlarına az qalıb… Quldur qapının dəstəyindən yapışır… Və qapını açır…
Dözə bilməyib ciyildəməyə başlayırdım. Və atam nəyçünsə özü də qapıya sarı boylanır, sakitləşdirici səslə nağılı qanlı da olsa, yaxşı sonluqla bitirirdi:
– Elə bu vaxt ata evə qayıdır və bütün qurdurları öldürür! – Heyrət içində tamamlayırdım.
– Və bütün quldurları öldürür! – Atam təsdiqləyirdi.
Necə də böyük xoşbəxtlikdir! Mən xilas oldum!
Bunu çıxmaq şərtiylə atamın bütün nağılları xeyirxah və yaxşı idi. Elə atamın özü də bu cür xeyirxah və hamıdan yaxşıydı. Ona görə də mən böyüyəndə ancaq atama ərə getməyi qərar almışdım.
Anamın bəzək əşyaları olan rəfdə nənəmin üç uşaq kitabı vardı. Onun ən sevimli və ya hansısa səbəbdən ən dəyərli kitabları onlardı. Çünki anam onları uşaq otağında olan kitablardan ayrı, öz otağında saxlayırdı. Bunlar “Perronun nağılları”, Qustav Dorenin illüstrasiyalarıyla “Müqəddəs hekayə” və Qoqolun bircildliyi idi. Hər üçü də böyük formatda və ağır cildlənmiş kitablardı. Hələ oxumağı öyrənməmiş mən artıq kitablarla rəftarı öyrənmişdim. Çünki anamın verdiyi tərbiyədəki “olmaz” ilk növbədə onlara aiddi. Əvvəlcədən əllərini yumamış kitab götürmək, onu aşağı küncündən vərəqləmək olmazdı, ancaq yuxarı sağ küncündən olardı! Əlbəttə ki, kitabı vərəqləməkdən ötrü barmağı tüpürcəklə islatmaq olmaz. Və mənimçün ən çətini – heç bir halda illüstrasiyalara nəsə əlavələr etmək olmaz!
Perronun hekayələrini mənə sadələşdirilmiş formada anam danışır, Dore isə göstərirdi. İndiyə kimi balaca oğlanın qaranlıq meşədə ağacların arasında astaca gəzişməsi, adamyeyənin tacları başında yatan qızları, şahzadə Xoxlikin qəsrində qonaqlıq, ay işığında çox uzaqlara gedən gözəl Uzunqulaq Dərisi gözlərimin önündədi.
Ümumiyyətləsə, mənə təkcə danışmırdılar, elə özüm də eşitdiyim nağılı, gördüyüm şəkilləri öz sözlərimlə danışmalıydım. Ən çox Qoqolun kitabının səhifələrindəki ətraflı balaca illüstrasiyalar diqqətimi çəkirdi. O şəkillərə əsasən məzmunu mən özüm tapmalıydım, çünki hələ 3-4 yaşım vardı və Qoqolu mənimçün heç kim danışmamışdı.
– Bəs bu nədir? Bəs bu kimdir? Bəs o nə edir? – Anam soruşur, mənsə indiyə qədər bildiklərimin içindən buna oxşar nələrisə düşünüb, tapıb cavab verirdim.
Beləliklə, kitab oxuyan Xoma Brut, xanım qız, cinlər və başlarının üstündə tabut qapağı uçan rəsmə bu cür prozaik şərh vermişdim: “Bu qız aşpaz xanımdan qızardılmış meymun istəyir (Qız – xanım qız, aşpaz – Xoma, tabut qapağı – pilətə, cinlər – qızardılmış meymunlar)”.
Bir dəfə yolkanı anamın otağında qurduq. Məhz onda hiss etdim ki, sevinc kədərlə yan-yanadır. Hər şey yaxşıydı, amma elə bil həm də kədərlisən. Niyə? Həmin yolka tavana qədər olsa da, çox hündür deyildi. Onu yerdə yox, mavi və gümüşü ulduzlu örtük saldığımız alçaq masanın üstünə qoymuşduq. Budaqlarındakı işıqlar alov dillərinə bənzəyirdi. İynəyarpaqların və naringi qabığının ətri, isti, böyüklərin gözündə böyüyən və əks olunan işıq. Həmin milad axşamında çoxlu qonağımız – çoxlu göz vardı. Amma onlardan ən çox sevdiyim – anamın açıq-yaşıl rəngli, atamın böyük boz rəngli gözləri xatirimdə qalıb. Qonaqlardan bircə Pra, hədiyyələrdənsə onun Krımdan gətirdiyi balaca balıqqulaqlarından əldəqayırılma sandıqça yadımdadır.