Читать книгу Yazsa roman olar - Eyyub Məmmədov - Страница 1
ОглавлениеHər dəfə sən kitab oxuyanda,
ağaclar sevinir və ölümdən sonrakı
həyata inanırlar…
Köhlən nəşriyyatı
Eyyub Məmmədov
Yazsa roman olar
(esselər)
Buraxılışa məsul: Nizami Əlisoy
Redaktor: Adil Əliyev
Korrektor: Günel Haşımlı
Yekun oxunuş: Həmid Piriyev
Eyyub Məmmədov. Yazsa roman olar.
Bakı, “Köhlən” nəşriyyatı, 2021, 86 səh.
©Eyyub Məmmədov / 2021
© Köhlən Nəşriyyatı / 2021 İSBN: 978-9952-8411-4-5
Müəllifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəlliflik hüququ qanunvericiliyinə əsasən qadağandır!
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
kohlanpress@gmail.com
(+994 55) 359-99-23
İÇİNDƏKİLƏR
Ön söz və ya ədəbiyyatın vacibliyi haqqında
1. Bekketin utancaqlığı
2. Susqunluğun sirri
3. Bədbəxtliyə doyum
4. Saf və düşüncəli Orhan Pamuk
5. Düşmənindən tez ölən adam
6. Zamandan qaça bilməyən…
7. Yazsa roman olar…
8. Finişdən o yandakı həyat
9. Çamadan
10. Daşların hekayəsi
Son söz əvəzi
Doğurdanmı ədəbiyyat həyatdan daha maraqlıdır?
Ön söz və ya ədəbiyyatın vacibliyi haqqında
Şəxsi təcrübələrimə əsasən deyə bilərəm ki, qarşılaşdığım maraqlı insanların əksəriyyətində ümumi bir bənzərlik diqqətimi çəkib daima. Kitaba qarşı laqeyidlik. Çox maraqlıdır ki, bu insanların əksəriyyəti özlüyündə kifayət qədər zəngin kültürə, ensiklopedik biliyə, həssas insani duyuma malik şəxslər olsalar da onların kitab, ədəbiyyat, ümumiyyətlə, mütaliə prosesi haqqında fikirləri aşağı-yuxarı eynidir. Öz şəxsi uğurlarının kökündə yalnız və yalnız fərdi təcrübələrinin dayandığını iddia edən bu kəslər kitaba təxminən başqalarının fikirləri ilə yüklənmək kimi baxır. Mən bu fikrin doğru, yoxsa yalnış olması üzərində dayanmayacam. Çünki, bu mənimçün biraz da şəxsi maraqlara dirənən məsələ olduğundan, bu barədə tam adekvat fikir bildirməkdə çətinlik çəkirəm. Elə ona görə də əsas mövzumuzun bu olmadığını nəzərə alıb keçirəm mətləbə.
Ədəbiyyat adına, sənət adına, elm adına az-çox istər şəxsi maraqlardan, istərsə də inzibati səviyyədə qayğının hiss olunduğu bir vaxtda ölkədə günü-gündən actuallaşan bir sual müvafiq cameəni narahat edir: “Bu ölkənin əhalisi niyə kitab oxumur?” Bilirəm, kifayət qədər çeynənmiş mövzudur. Ancaq neyləyəsən? Bir fakt varsa ki, çeynənsə də aktuallığını qoruyur daima, deməli, o faktın çeynəndiyi qədər də müzakirədən qaçılması mümkünsüzdür. Hətta o dərəcədə ki, çox vaxt problemə pedantcasına yanaşanda ortaya müxtəlif cür müqayisələrdən ibarət arqumentlər çıxır ki, əsasən əhalinin sayı ilə potensial oxucu sayı arasındakı statistik fərq, cəhalətimizin səbəbkarı kimi kitabsızlıq və s. kimi örnəklər ən ağrılı məqamlar kimi qələmə verilir. Uğurlu örnək kimi isə qonşu Rusiya, Türkiyə və s. ölkələr gətirilir. Sanki Dostoyevski, Çexov ənənələri üzərində dayanan Rus ədəbiyyatının yetirməsi olan Rus xalqı Yerofeyevin şikayətləndiyi xalq deyil də, hansısa başqa bir xalqdır. Hansı ki, Yerofeyev o Rus xalqından şikayətlənir ki, yüz yetmiş milyonun içərisində on yeddi min tirajla kitab oxuyan bir xalqdır. Və yaxud da Orhan Pamukun misalında Azərbaycan yazıçısının həsrətini misal göstərmək olar. Guya Orhan Pamukun yazıçı lüksunu səksən milyonluq xalqın dəstəyidir təmin edən. “Gəlsin o Pamuk səkkiz min tirajla yazsın, görüm yenə elə gözəl əsər yaza bilərmi?” – deyir, biraz da irəli getmiş cığal yazıçılarımız. Mənimsə fikrim burada qəti olaraq birmənalıdır: “Əlbəttə ki, hə!” Yaza bilər. Çünki, Pamuku Pamuk edən nə səksən milyonluq Türk xalqıdır, nə də səksən milyonun içindəki səksən minlik oxucu kütləsi. Əksinə, səksən milyonun içindən səkkiz min həqiqi oxucuya qoşulub səksən minə çevrilənlər özləri də bilmədən Pamuk küyünə düşüb onun məşhurluğunda pay sahibi olanlardır. Təbii ki, əsl Pamuk oxuyanlar da aşağı-yuxarı o səkkiz minlərin içərisində yetişəcəklər. Həqiqət, həqiqilik, ciddiyyət milyonların işi deyil.
Mənə görə ölkədə ciddi yazıçının yetişməsi üçün ən vacib faktor ciddi oxucu sistemidir. Məsələnin biraz sakral – mistik, biraz rasional – şüurlu, biraz fitrətən və biraz da sonradan qazanılmış keyfiyyət kimi bu ümumi sadaladıqlarımın kompleks halı olan oxucu anlayışından danışıram. Bildiyimiz fizik kimi, kimyaçı kimi, filosof kimi və s. kimi ən müxtəlif ixtisas sahiblərindən birinə çevrilmiş oxucu. İxtisaslaşmış oxucu – bir sözlə. Hansı ki, bu oxucu yazıçıdan daha yaxşı oxucu ola bilər. Bir yazıçıdan fərqli olaraq öz istedadını yazmağa deyil də, oxumağa həsr edə bilər. Bu oxucuların əsas fərqi nədədir bəs? Mənim oxucu dediyim seqmentin Sovet dövründə Salam Qədirzadə, Əlibala Hacızadə və s. kimi kifayət qədər populyar olan şəxsləri oxuyan yüzminlərə heç bir adiyyatı yoxdur. Belə olmasaydı o yüz min Salam Qədirzadə oxucusu günlərin birində qəfil nəhəng bir sistemin yıxılması ilə çevrilib bayağı şou-proqram izləyicisinə çevrilməzdi. Nəzərə almaq lazımdır ki, kitab oxumaq Sovet dövrünün əsas məşğuliyyəti idi. Və bu trend dalğasında ən qatı kommunist belə, hətta Soljenitsin kimi sistemə təhlükəli bir yazıçını tapıb oxuyacaqdı. Oxuyurdu da. Deməli, burada Əlibala Hacızadə ilə, Salam Qədirzadə ilə öyünməyin bir mənası yoxdur. Daha dəqiqi buna haqqımız çatmır. Öyünməyə o zaman haqqımız çatardı ki, o, oxucu kütləsinin içindən çox yox, səksən nəfər ciddi ədəbiyyatçı formalaşardı. Ya da ədəbiyyatçının formalaşmasında pay sahibi olardı. Amma olmadı. Olanlar da tamam başqa dalğanın yetirmələridir ki, onları bura aid etmək ən azından çəkdikləri əziyyətə görə onlara qarşı insafsızlıq olar. Yoxsa ki, Seymur Baycanın məlum hekayəsinin Salam Qədirzadədən pastiş, yoxsa plagiat olduğunu bilməyib özlərini gülünc vəziyyətə salanlar, çox da ki, oxusun Salam Qədirzadəni, nə mənası var ki?!
İndi qayıdaq əsas suala: “Kitab oxumaq bizə nə qatır?”, “Kitab oxumaq faydalıdırmı?”, “Yoxsa biz kitab oxumağı bir doqma kimi qəbul edib kütləvi psixozun tərkib hissəsinə çevirməliyik?” Açığı mənimçün sənətin ən ürəkbulandırıcı tərəfi onun kütləviləşməsidir. Hətta, bəzən müəyyən polemikalarda “evdar qadınlarımız kitab oxusun, seriala baxmasın” kimi ritorikalara da çox vaxt gülürəm. Axı siz nə gözləyirsiniz ki? Zaman dəyişib, trend günü-gündən fərqliləşməyə məruz qalır. Dünən kitab oxuyurdular, bu gün seriala baxırlar, sabah da başqa bir məşğuliyyət tapılacaq. Yoxsa, siz Bakı-Qazax avtobusunda əlində çərəkə, yuxu yozmaları satan satıcıdan “Umberto Eko yeni kitab yazdı”, “Pamukun postmodernizmdən modernizmə qayıdışı” tipli reklamlar eşitmək istəyirsiniz? Yoxsa xəstə ruhlar kolleksioneri Dostoyevskini oxumaq bir evdar qadın üçün bu qədərmi əhəmiyyətlidir. Girişdə haqqında danışdığım insanlar üçün Kafka nə rol oynaya bilərdi ki, ya da?.. Axı, niyə sənətin təyinatını dəyişdirib onu azdırmağa cəhd olunur bu qədər? Məgər ciddi sənət, ciddi ədəbiyyat bu qədərmi əlçatan olmalıdır? Həqiqi sənətlə “Kiç” baryerini dağıtmaq ədəbiyyat adına hansı faydanı verə bilər ki? Bu cür suallara ən müxtəlif cərəyanların nümayəndələri müxtəlif zamanlarda təxminən eyni cür cavab veriblər: “Sənət sənət üçündür”. Çayxanada oturub eşitdiyi səslərdən şeir yazan Appoliner də, torbadan çıxardıqları təsadüfi kağızları bir-birinə calayaraq şeir quraşdıran dadaistlər də sənətin kütlənin deyil, fərdlərin işinə olduğuna inanıblar. Yoxsa Borxes kimi bir nəhəng niyə sevinirdi ki, onun kitablarını cəmi beş-on nəfər oxuyur? Çünki onu oxuyanların həqiqi ədəbiyyat oxucuları olduqlarını yaxşı bilirdi.
Yekun olaraq ölkədə ədəbiyyatın durumundan səmimi olaraq narahat olan insanlardan fərqli olaraq düşünürəm ki, vəziyyət heç də faciəvi deyil. Dünyanın harasında olur olsun ixtisas sahibləri öz ixtisaslarına maraq azlığından daim şikayətləniblər. Bu ölkədə ümidini ədəbiyyata dikmiş bir yazarın beş yüz-min tirajdan şikayət etməsi təbiidir, başa düşüləndir. Ancaq, mən istərdim ki, sənətçi də öz sənətinə qarşı fədakarlıq, entuziazm hissləri baxımından xəsislik etməsin. Nə olur olsun həqiqi sənət, həqiqi ədəbiyyat gec-tez özünə yer tapacaq. Çox da olmasın Mehdi Bəyazidi tanıyan doqquz milyon. Əsas odur, onu tanıyan doqquz nəfərin yaddaşında Mehdi Bəyazid Folkner miqyasında bir nəhəng olaraq yaşayır.
Bu mənada bu kitab sırf ədəbiyyat həvəskarları üçün nəzərdə tutulub. Çünki kitabın müəllifi kimi özümü ilkin olaraq həvəskar ədəbiyyatçı sayıram. Nəzərə alsaq ki, bu müəllif olaraq mənim ilk işimdir, onda bu təyini lüzumsuz təvazökarlıqdan qaçış kimi deyil, elə səmimi şəkildə öz gücünə bələd olan bir şəxsin etirafı kimi də qəbul edə bilərsiniz. Həvəskar ədəbiyyatçı deyirəm, bu ifadə sizləri çaşdırmasın. Söhbət burada müəllif olaraq özümü həvəskar ədəbiyyatçı kimi görməklə yanaşı, əksinə kitabın oxucularının sözün yalnızca hərfi mənasında ədəbiyyat həvəskarları olmayacağına, zamanla həm də bu işlə peşəkarcasına məşğul olanların da oxu menyusuna bu kitabın daxil olacağına ümid edirəm. Bir sözlə, həvəskarlıq burada ehtimal olunan oxucu kütləsinin təkcə peşəkarlıq səviyyəsini təyin etmir. Həm də kitabın oxucusunun ədəbiyyatla aşağı-yuxarı əlaqəsini müəyyənləşdirir. Buna görə də oxucu kimi bu kitab o şəxslərə hesablanıb ki, ən azından kitabı oxuyub bitirəndə “mən bunu niyə oxudum?” deməməsi üçün oxuduğunun nə olduğunu bilməsi vacib olduğu qədər, kitabın özünün də gedəcəyi ünvanı dəqiq tanımalıdır. Beləliklə, bizim həvəskar oxucu dediyimiz şəxs sadəcə və sadəcə ədəbiyyat adamıdır. Girişdə “Ədəbiyyatın vacibliyi haqqında” başlığı ilə verilmiş yazı da sırf bu məqsədlə, məhz ön söz əvəzinə yerləşdilirib. Düşünürəm ki, ön sözdə haqqında söz açılan məsələlər ədəbiyyatın kontingentini müəyyənləşdirmək baxımdan bizlərə işıq tuta bilər. Və bununla artıq otuz ilə yaxındır ki, müzakirə mövzusu olan “bu ölkədə niyə ədəbiyyat oxunmur?” sualına da az da olsa aydınlıq gələr. Zəruri qeyd etmək də lazımdır ki, kitabdakı yazıların bəziləri zamanla dövri mətbuatda dərc olunub. Kitab kimi ərsəyə gəlmək ideyası isə rəqəmsal dünyadakı yazının ömrünün kağız mətnlərə nisbətən daha az olmasından dolayı ədəbiyyatı əbədiyyətə çevirmək yolunda acizanə bir cəhddir.