Читать книгу Səməd Vurğun xatirələrdə - Коллектив авторов, Ю. Д. Земенков, Koostaja: Ajakiri New Scientist - Страница 1
ОглавлениеSƏMƏD VURĞUN XATİRƏLƏRDƏ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 26-cı kitab
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz.
Bir rübabın hər telində yüz ahım var, amanım var,
… Nə dövrana etibarım, nə insana gümanım var.
Səməd Vurğun
SƏMƏD VURĞUNUN XATİRƏLƏRDƏN
GÖRÜNƏN ÖMRÜ…
Şair və yazıçıların ikinci ömrü, məlumdur ki, ölümlərindən sonra başlayır: onlara ikinci ömrü bəxş edən – əbədiyyətə qovuşduran isə “rütbeyi-əqli” görünən əsərləri olur. Bu qanunauyğunluqdan, sayları az olsa da kənara çıxan, daha doğrusu, bu düstura yeni keyfiyyət, yeni rəng qatan müqtədir sənətkarlar da olur: yeni keyfiyyət dedikdə şəxsiyyətin yaradıcılığı tamamlamasını, şair və yazıçıları əsərləri ilə yanaşı, şəxsi, insani keyfiyyətlərinin, xeyirxah əməllərinin də yaşatmasını nəzərdə tuturuq. Bu parametrləri ilk növbədə Azərbaycanın ilk xalq şairi və ilk akademiklərindən biri, görkəmli dramaturq və səriştəli tərcüməçi, böyük şəxsiyyət və nüfuzlu ictimai xadim Səməd Vurğunun, sözün həqiqi və məcazi mənasında dastanlaşmış ömrü qapsadığını düşünürük. Bu, artıq yeni tipli şair modelidir və onun əvvəlki ənənəvi şair obrazlarından fərqi, özündə yüksək sənətkarlıqla yanaşı, şəxsi keyfiyyətləri – İNSANLIQ atributlarını da ehtiva etməsidir. Bizə məlum olduğuna görə, “şəxsiyyəti yaradıcılığını tamamlayan sənətkar“, yaxud, “əsərləri özünə çox oxşayan şair” və bunlara bənzər epitetlər də ilk dəfə və daha çox Səməd Vurğun haqqında işlədilmiş və işlədilməkdədir.
Onu da diqqətə çatdıraq ki, S.Vurğuna qədər yazıçı və şairlərin şəxsiyyəti və şəxsi keyfiyyətləri ədəbiyyatşünaslığımızı bir o qədər də maraqlandırmamış, bədii yaradıcılıqda şəxsiyyətin rolu məsələsi də bir növ kölgədə qalmışdır. Mühit – müəllif – mətn tandemində müəllif şəxsiyyəti və ömrünün mətnin yaranmasındakı əhəmiyyəti kifayət qədər nəzərə alınmamışdır. Tədqiqatın bu aspekti də müasir şairlərdən ilk dəfə S.Vurğunla bağlı aparılan araşdırmalarda tətbiq edilmişdir.
Adı milli poeziyamızın simvoluna çevrilmiş, ömürlüyü sonradan təkrarlanmayan yeni şair tipinin parametrlərini çevrələmiş və “möhürləmiş” Səməd Vurğun “…hər bir ailəyə atadan, anadan əziz bir insan kimi sevilən xoşbəxt sənətkar”(Mir Cəlal) olmuş və özündən sonra da, heç bir sənətkara nəsib olmayan tükənməz xalq sevgisini yadigar qoyub getmişdir.
O illərin gəncləri Heydər Əliyevin də qeyd etdiyi kimi, Səməd Vurğunu sadəcə olaraq görməkdən özlərini xoşbəxt hesab etmişlər: “Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax, belə yaşamışdıq”…
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin inkişafındakı əvəzsiz xidmətləri, yüksək ictimai nüfuzu, eləcə də fenomenal istedadı, bənzərsiz şəxsiyyəti, cəsarəti və xeyirxahlığı, xüsusilə də arxasızlara dayaq durması onu çox erkən məşhurlaşdırmış – mifləşdirmişdir. Amma, bütün miflərin təməlində gerçəklər dayandığı kimi, Vurğun haqqında yaranan miflər də gerçəyə – faktlara söykənir. Başqa sözlə bəzilərinin uydurduğunun əksinə olaraq, Səməd Vurğun sovet mifi yox, sənətinin və xeyirxah əməllərinin mifidir. Sanki, o, dünyaya hər kəs kimi bir yox, iki missiya yerinə yetirmək üçün gəlmişdi: şeir yazmaq və arxasızlara dayaq olmaq üçün.
Zamanında gənclərin ədəbiyyata və elmə gəlməsinə yaşıl işığı S.Vurğun yandırmış, onların hər birinə bu böyük şəxsiyyətin xeyirxahlığından pay düşmüşdür. S.Vurğunla ünsiyyətdə olan əksər gənpc şair və yazıçılar, eləcə də elm sahəsində ilk addımlarını atanlar bu qayğıdan qədrşünaslıqla söz açmışlar.
Səməd Vurğun ədəbiyyatımızda öz məktəbini yaratmış (N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif və M.Ə.Sabir kimi) az saylı, amma, çox qüdrətli sənətkarlardandır. Onunla eyni dövrdə yazıb-yaradan və ondan sonra ədəbiyyata gələn bütün istedadlı şairlər – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim, Adil Babayev, Əliağa Kürçaylı, Hüseyn Arif, Hüseyn Kürdoğlu, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Qabil, Məstan Günər, Nəbi Xəzri, Balaş Azəroğlu, Məmməd Aslan, İ.İsmayılzadə, Zəlimxan Yaqub, Oqtay Rza, Nəriman Həsənzadə və bir çox başqa sənətkarlar S.Vurğunun poetik məktəbinin davamçıları olduqlarını, ondan öyrəndiklərini və onu özlərinə ustad bildiklərini fəxarətlə dilə gətirmişlər.
S.Vurğunu özünə ustad bilən və özünü “onun borclusu” hesab edən B. Vahabzadə şairin nəfəsini “əcdad nəfəsi”nə bərabər tutmuş M. Araz “Vurğun sənətinin bünövrə daşının inam və cəsarətdən yoğrulduğunu” vurğulamış, X. Rza S.Vurğunu “milli sərvətimiz, Vətənin özü”, N. Xəzri “müasir poeziyanın təmiz, pak vicdanı”, T. Bayram “istedadlı gənclərin mənəvi atası”, H.Kürdoğlu “şeirimizin Şahdağı”, M.Aslan “çağdaş poeziyamızın rəngi”, N. Həsənzadə “Epoxanın poetik tərcümeyi-halı”, Qabil gənc şairləri “Səməd Vurğunun mənəvi övladları, həyata keçmiş arzuları, canlı əsərləri” adlandırmş, O. Rza “yazmağı ondan öyrəndiyini, ustadın indiki şairlərə də bələdçilik etdiyini” dilə gətirmiş, Ə.Kürçaylı isə ədəbi nəslinin taleyində S.Vurğunun müstəsna xidmətlərini bu şəkildə yekunlaşdırmışdır: “Bizim böyük ədəbi nəsil ki yetişir, bunların hamısının başında S. Vurğunun əlinin istisi var… S. Vurğun bizim mənəvi atamızdır. Bizim başımıza əl çəkib, bizi pərvazlandıran, xüsusilə bizim nəsli gətirib ortaya çıxardan, ərsəyə çatdıran Səməd Vurğun olubdur”.
Ədəbiyyata bir qədər sonra gələn şairlərimiz də S.Vurğun yaradıcılığı və şəxsiyyətinə ehtiramla yanaşmış, böyük önəm vermişlər. Belə ki, Ramiz Rövşən şairin əsərlərində “milli ruhun və azərbaycançılıq hissinin yüksək olduğunu” xüsusi vurğulamış, Zəlimxan Yaqub S.Vurğunu “Azərbaycan xalqı və ədəbiyyatının başucalığı, dilimizin memarı” adlandırmış, Vaqif Bayatlı isə “Bir dəfə “Azərbaycan” demək – Azərbaycan, iki dəfə “Azərbaycan” demək isə – Səməd Vurğun deməkdir” – kimi obrazlı ifadəsi ilə ustad şairlə Ana Vətəni eyni zirvədə görmüşdür.
Azərbaycan şairləri ilə yanaşı, o vaxtkı İttifaqa daxil olan qeyri millətlərin A.Fadeyev, K.Simonov, N.Tixonov, M.Şoloxov, P.Antakolski, A.Adalis, G.Leonidze, K.Kaladze, İ.Selvinski, B.Oleynik, M.Rılski, M.Tank, Y.Bukov…kimi ən nüfuzlu şair və yazıçıları, tərcüməçiləri, alimləri də S.Vurğunun yaradıcılığı və şəxsiyyətini yüksək dəyərləndirmiş, onunla dost olmaqlarından qürurlanmışlar.
Orta Asiya, eləcə də Şimali Qafqaz şair və yazıçılarının (Q.Qulam, Zülfiyyə, A.Əlimcanov, B.Kerbabayev, Q.Seyitliyev, M.Kərim, D.Kukildinov, R.Həmzətov və b.) S.Vurğuna məxsusi münasibətləri olmuşdur: onlar ustad şairə müsəlman-türk təəssübkeşliyindən qaynaqlanan məhrəm münasibət nümayiş etdirməklə yanaşı, ona inam – güvənc yeri kimi də baxıb, arxalanmış, özlərininki bilmişlər. Çıxışlarında azərbaycanlıların Nəvaini də Nizami kimi öz şairləri hesab etdiklərini xüsusi vurğulayan, tatar şairi Musa Cəlili Azərbaycan xalqının da qəhrəmanı adlandırıb ona şeir həsr edən S.Vurğun da, təbii ki, onların etimadını daim doğrultmuşdur.
Rəsul Həmzətov “Azərbaycan xalqının mərdlik pasportu” adlandırdığı S.Vurğundan çox şeylər öyrəndiyini, bununla yanaşı, gənclik illərində aşıq şeirini düzgün dəyərləndirmədiyinə görə ustadından bir “qulaqburması” aldığını da xatırlamış və ustadına haqq qazandırmışdır. S.Vurğunun Bakıda 90 illik yubileyində çıxışı zamanı sovet imperiyasının dağıldığını, dostu Səməd Vurğunun “poeziyadakı imperiyasının isə dağılmadığını və heç vaxt dağılmayacağını” diqqətə çatdırmışdır.
Şairin şöhrəti o vaxtkı İttifaqla da məhdudlaşmamış, sərhədləri aşıb, daha geniş ərazilərə yayılmış, onu Hindistan, Çin, Monqolustan, İngiltərə, Almaniya, Fransa, Polşa, Yuqoslaviya, Bolqarıstan, Türkiyə, İran, İrak və b. ölkələrdə də tanımış və sevmişlər. O, Vətənin vizit vərəqinə çevrilmiş, Azərbaycanı S.Vurğuna görə tanımışlar.
S.Vurğunun şeirləri bir etalon, ölçü vahidi kimi götürülmüş, gənc şairlər (və təkcə gənclər yox) ondan bəhrələnərək, təkcə şeirlər yox, iri həcmli əsərlər də qələmə almışlar. S.Vurğunun, təkcə, “Aygün” poemasının təsiri ilə 10-a yaxın poema yazılmışdır.
S.Vurğun yaradıcılıgının əsas mövzusu, mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, azərbaycançılıq, əsərlərinin baş qəhrəmanı Azərbaycandır. Poeziyada azərbaycançılıq ideologiyasının poetik düsturunu “Azərbaycan” şeiri ilə S.Vurğun vermiş, Vətənin vəsfi, tərənnümü mövzusunda əsərlər, məhz, bu şeirdən sonra və onun təsirilə yaranmışdır. Mütəxəssislər (eləcə də professor Qorxmaz Quliyev) sovet dövründə, Azərbaycanı azərbaycanlılara bir Vətən olaraq, məhz bu şeirin tanıtdığı və sevdirdiyi, B.Vahabzadənin “Gülüstan” poemasının da, elə, “Azərbaycan” şeirinin təsirilə qələmə alındığı qənaətindədirlər.
S.Vurğunun “Azərbaycan” şeiri ilə dil açmayan azərbaycanlı körpəsi olmadığı kimi, onun irsinə münasibət bildirməyən ədəbiyyatşünasımız da yoxdur. Şairin poetik irsini tədqiq edən bütün filoloqların toxunduğu və yüksək dəyərləndirdiyi, aktuallığını heç vaxt itirməyəcək şah mövzu isə, qeyd etdiyimiz kimi, azərbaycançılıqdır: ”Şübhəsiz, Vurğun üçün ən böyük tribuna, kosmik orbitdən də uca xitabət kürsüsü poeziya idi. Məhz, bu tribunadan şair bütün planeti görür və bütün planetdən görünürdü. Lakin daha mənalı olan odur ki, dünya və planet auditoriyasına da o, həmişə “Azərbaycan” monoloqu ilə müraciət edirdi. Vətəndaş və vətənpərvər şair üçün Ana Vətənin adından uca poetik xitab yox idi. Bir sözlə, bütün dünya bu poeziyada öz əksini tapırdı. Lakin dünyanın da mərkəzi bu poeziyada Azərbaycan idi!”(Y.Qarayev).
S.Vurğun Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən və ilk akademiklərindən biri, eləcə də Akademiyanın vitse-prezidenti olmuş, Respublikada humanitar elmlərin inkişafında əvəzsiz xidmətlər göstərmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” və “Azərbaycan tarixi” birbaşa onun təşəbbüsü və tövsiyələri əsasında yazılmışdır. O, şeirlərinin birində (“Lənkəran şeirləri”) söylədiyi: “Tarixçilər qoy utansın!// Yazılmamış tariximiz//Tarixsizmi yarandıq biz? – kimi qınaqları və ittihamlarını bir çox çıxışlarında da tarixçilərə, eləcə də filoloq və filosoflara ünvanlamış, onları Azərbaycan mədəniyyəti və ədəbiyyatının, dili və fəlsəfəsinin tarixini yazmağa, bütövlükdə humanitar elmlərin inkişafına təşviq etmişdir.
Əfsanəvi Vurğun obrazını sonra heç bir sənətkar əvəzləyə bilməmişdir. Bunu ondan sonra ədəbiyyata gələn gənc şairlərin, demək olar ki, hamısı, o sıradan M.Araz da qədrşünaslıqla etiraf etmişdir: “Bizlər şeirə Səməd Vurğunun şöhrətinə gəldik, amma heç birimiz Vurğun ola bilmədik”(M.Araz).
Gənc şairlər, təkcə sənətdə yox, həyatda da ona oxşamağa çalışmışlar: ”Hamı Səməd Vurğun olmaq istəyirdi. Bunu müəllimlərimiz də görürdülər. Hətta, bir dəfə Əli Sultanlı zarafatla dedi ki, “Hamınız Səməd ola bilərsiniz, amma, Vurğun ola bilməzsiniz”.
Bəli, Səməd Vurğun artıq əlçatmazlığın zirvəsinə çevrilmişdi. Amma, özü demişkən, şair olmaq böyük dərd idi”(İ.Şıxlı).
Doğrudan da, Səməd Vurğunun qəribə taleyi olmuşdur: bir tərəfdən yaradıcılığı yüksək dəyərləndirilmiş, əsərləri dövrünün ən ali mükafatlarına layiq görülmüş, digər tərəfdən isə, təkcə 1930-cu illərdə yox, mütəmadi – 1940-1950-ci illərdə də (hətta, ölümündən sonra da) hücumlara, təqib və təzyiqlərə məruz qalmış, “yıxılana (köhnə quruluşa – A.S.) qarşı həsrət çəkməkdə, əski kəndi təsvir edərkən ondan qolçomaq ləzzəti almaqda, sovet quruluşuna qarşı çıxmaqda, kommunist partiyasının rəhbərlik rolunu danmaqda, sosialist həyat tərzini təhrif etməkdə, millətçilikdə, xalq düşməni elan edilmiş yazıçı və şairləri (xüsusilə, H.Cavidi və M.Müşfiqi) “qanadının altına almaqda” günahlandırılmış və cəzalandırılmışdır – 1937-ci ildə Yazıçılar İttifaqının katibliyindən, 1944-cü ildə isə Yİ-nin sədrliyindən uzaqlaşdırılmış, 1937-ci və 1952-ci illərdə, az müddətə də olsa, iki dəfə həbs olunmuşdur (Yeri gəlmişkən qeyd edək ki, bu təzyiq və təqiblər şairi ikili ömür yaşamağa da məcbur etmişdir: bir tərəfdən şair yaşadığı dövrü, quruluşu tərənnüm edib, özünü “xoşbəxt elinin, yurdunun öz Vurğunu” adlandırmış, digər tərəfdən isə “nə dövrana etibarının, nə də insana gümanının olmadığını” dilə gətirmişdir)…
Qəribəsi odur ki, ustad şairə qarşı ittihamlar indi də davam etməkdədir. Fərq, şairin sağlığındakı və indiki ittihamların yerini dəyişməsindədir: sağlığındakıların əksinə olaraq indi o, “sovet quruluşunu və kommunist partiyasını mədh etməkdə, kosmopolitlikdə, bəzi milli sənətkarlara qarşı çıxmaqda” və s. qınanır. Siyasi rejimin tələbi ilə yazdığı əsərlər və etdiyi çıxışlar kontekstdən qoparılaraq, şəxsi münasibətlər çərçivəsinə soxulur, qeyri-obyektiv – birtərəfli, qərəzli təqdim edilir. Şairi repressiyadan sağ çıxmaqda “günahlandıranlar” da var.
Doğrudur, şairin əsərlərinə, xüsusilə özünün çap etdirə bilmədiyi, son zamanlar üzə çıxarılmış əsərlərinə və b. faktoloji materiallara istinadən bu ittihamlar təkzib edilir. Bununla yanaşı, haqqındakı xatirələr də, şairin əsərlərində və faktoloji materiallarda deyilənləri tamamlayır və eyni zamanda qərəzli ittihamlara aydınlıq gətirməyə, gerçəkləri ortaya qoymağa yardımçı olur: yersiz ittihamların əksinə olaraq şairin özünün daim təzyiq və təqiblərlə üzləşdiyini, millətçilikdə, azərbaycançılıqda ittiham edildiyini, xalq düşməni adlandırılan şairləri mümkün məqama qədər müdafiəyə qalxdığını, həbslərindən sonra da H.Cavidin, A.M.Şərifzadənin, M.Müşfiqin azad olunmasını M.C.Bağırovdan xahiş etdiyini, müqabilində, diktatorun özünün də kitaba daxil etdiyimiz izahatında etiraf etdiyi kimi, Vurğunu cəzalandırdığını, faciəli ömür yaşadığını, şəxsiyyətə pərəstişin acı nəticələri ilə, demək olar ki, ömrünün sonlarına kimi üzləşdiyini – şəxsiyyətə pərəstişin ən uzun sürən mənəvi qurbanı olduğunu təsdiq edir.
Kitaba topladığımız xatirələr ustad şair və böyük şəxsiyyətin həm şöhrəti, həm də “şöhrətinin gözlərində quru səsə döndərilməsi”nin(“Şöhrətim quru bir səsdir, a “dostlar”), həm yaşadığı dövrü tərifləməsinin həm də ondan narazı qalmasının səbəblərinə, həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, yanlışlıqları aradan qaldırmağa, bir çox əsərlərinin yazılma və çap tarixlərini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir.
Bir sözlə, S.Vurğunun gerçək obrazı, əsərləri ilə yanaşı, həm də bu acılı-şirinli xatirələrdədir: xatirələrdə o, bəlkə də, “orijinalına – əslinə” daha yaxın görünür.
Doğrudur, S.Vurğun, barəsində ən çox xatirə yazılan sənətkarımızdır və onların bir çoxu mətbuatda, ayrıca kitablarda da çap edilmişdir. Lakin, bu kitablar 30-35 il əvvəl nəşr edildiyindən nadir nüsxələrə çevrilmiş və əldə onların elektron variantları da yoxdur. Bu ehtiyacı nəzərə alıb biz şair haqqında xatirələri toplayıb, yenidən nəşrə hazırlamışıq.
Xatirələri, əsasən, S.Vurğun haqqındakı “Qalacaqdır dünyada…” (1973) və “Mən ellər oğluyam”(1984) adlı xatirə kitablarından, müxtəlif mətbu orqanlardan və məcmuələrdən, eləcə də şairin ev-muzeyinin arxivindən, o sıradan muzeydə keçirilən tədbirlərin səs yazılarından götürmüşük. Xatirələrin bir neçəsi isə tərtibçinin xahişi ilə məxsusi bu kitab üçün yazılmışdır.
İndiyə qədər çap edilmiş xatirələri, imkanımız daxilində əsilləri ilə müqayisə etmiş və maraqlı faktlarla qarşılaşmışıq: məsələn, M. Rahimin S.Vurğun haqqındakı xatirəsinin çap variantı ilə (“Qalacaqdır dünyada…”, 1973) əslini tutuşdurarkən orijinalda olan bəzi abzasların – xüsusilə, ustad şairin özünə qəsd etmək istəməsi ilə bağlı yerlərin kitabda ixtisar edildiyini gördük. İxtisarın səbəbi məlumdur: sovetlər vaxtında “ağ günlər şairi” kimi təbliğ edilən S.Vurğunun intihar dərəcəsinə çatdırılması, təbii ki, dövrün ideoloji prinsiplərinə zidd idi və bu səbəbdən də həmin parçalar ixtisar edilmişdir.
Yaxud, akademik M.C.Cəfərovun S.Vurğun haqqındakı xatirəsinin çap versiyası ilə(M.C.Cəfərov. Xatirələr, 2010; bu xatirə də ilk dəfə sovet dövründə dərc edilib və kitaba da o mənbə əsasında salınıb) orijinalını – şairin ev-muzeyində keçirilən tədbirdəki çıxışının səs yazısı ilə müqayisə edərkən, yenə də ixtisarlara rast gəldik: buradakı ixtisarlar isə, əsasən, S.Vurğunun “Aygün” poemasına qarşı təşkil edilən haqsız hücumlarla bağlıdır. Belə faktlara bəzi başqa xatirələrdə də rast gəldik və onlar vaxtilə ideoloji təpkilər səbəbindən aparıldığından, təbii ki, bərpa edildi və əslinə uyğunlaşdırıldı.
İki mənbədən istifadə etdiyimiz başqa tip xatirələr də var. Məsələn, Aşıq Şəmşirin və B.Vahabzadənin xatirəsi kimi. Aşıq Şəmşir “Qalacaqdır dünyada…”(1973) kitabına daxil edilən xatirəsini 1957, B.Vahabzadə isə 1956-cı ildə qələmə alıb. Təbii ki, dövrün ideoloji izləri o dövrdə çap edilən bütün materiallarda, o sıradan bu xatirələrdə də görünür. Biz həmin xatirələrin daha geniş variantlarını əldə etdik və onlar əvvəlkilərə əlavə olundu. Bir detalı diqqətə çatdıraq: Aşıq Şəmşirin sonrakı xatirəsində yer alan S.Vurğuna qarşı 1960-cı illərdə də davam edən təxribatlar əvvəlki variantda yer almayıb. Yaxud, B.Vahabzadənin xatirəsi ikicə səhifədir. Ustadı haqqında onun ürək sözlərini axıracan və istədiyi kimi deyə bilmədiyi aşkar görünür. Biz bu tip xatirələrdə də istifadə etdiyimiz mənbələrin hər ikisini göstərmişik.
Kitaba daxil edilən bəzi xatirələrdə ixtisarlara da yol verilmişdir. Onlar bu kitabın həcm imkanları ilə bağlı aparılmışdır. Xatırladaq ki, S.Vurğun haqqında xatirələr həm sayca çoxdur, həm də həcmləri böyükdür. Onları bir kitaba yerləşdirmək heç cür mümkün deyil.
Zaman bəzi hadisələrin, tarixlərin izini yaddaşlardan itirə – unutdura, yaxud dəyişə bilir. Belə hallara kitabdakı xatirələrdə də təsadüf edilə bilər və onları bizlərə bildirəcək oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
Kitabın ərsəyə gəlməsində bizə yardımçı olmuş S.Vurğun ev-muzeyinin baş mühafizi Xanım Şadlinskayaya, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Xatirə Mahmudova və Rəna Əhmədova, eləcə də Vüsal Salmanlıya dərin təşəkkürümü bildirirəm.
Aslan Salmansoy,
filologiya üzrə fəlsəfə doktoru
Heydər Əliyev
“Onun o çıxışı qulağımda bugünkü kimi səslənir”…
… Biz gənclər vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən özümüzü xoşbəxt hesab edirdik. Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax, belə yaşamışdıq…
Xatirimdədir, 1952-ci ildə Opera və Balet Teatrının binasında Azərbaycan ziyalılarının iclası keçirilirdi. Azərbaycanın o vaxtkı rəhbəri də ziyalılara çox təzyiq edirdi. Səməd Vurğuna söz verildi. Onun o çıxışı qulağımda bugünkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona toplaşanlar onu çox böyük hərarətlə qarşıladılar. Səməd Vurğun çox dərin məzmunlu və həyəcanlı bir nitq söylədi. Həmin nitq yəqin, haradasa dərc olunub və onu oxuyanlar bunları bilirlər. Onun o nitqi də məhz Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona iki-üç dəfə replika verdilər, amma Səməd Vurğun heç bir dəfə də əyilmədi, sınmadı, iradəsini itirmədi, öz nitqini mərdi-mərdanə, böyük iftixar hissi ilə başa çatdırdı.
Səməd Vurğun o vaxt bizim hamımız üçün nümunə – xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlikdə nümunə idi. Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri – Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir. Mən hesab edirəm, onun ruhu bu gün həddindən artıq şaddır ki, Azərbaycan xalqı azaddır, sərbəstdir və Azərbaycan Respublikası müstəqildir.
Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədəki (7 mart 1997 – ci il )nitqindən götürülüb. H.Əliyev. Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları. Elektron sənədlər toplusu, s.140.
Mir Cəfər Bağırov
“O, qatı millətçi kimi necə vardısa, görünür, elə də qalıb”…
1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ondan ötəri ki, sonuncu, onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir…
Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm… O, qatı millətçi kimi necə vardısa, görünür elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı…
M.C.Bağırovun Sov.İKP-nin Nəzarət Komitəsinə 1954-cü ildə yazdığı izahatdan götürülüb. “Azadlıq” q., 12 iyun 2014.
Mehdixan Vəkilov
“Məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır”…
(ixtisarla)
… Yeni açılan məktəbə axın başlamışdı, necə deyərlər, atını minən çapırdı… Mən ilk yoxlamadan sonra qəbul olundum… Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firidunbəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız təvazökarlıq edərək bir tərəfdə dayanmışdı) müraciət edərək, “Arvad! Bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz”, – deyə rədd edirdi. Yazıq nənəmiz isə: “Firidunbəy! Üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir, anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb, Badsəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir”, – deyə yalvarırdı. Firidunbəy heç bir güzəştə getmək istəmirdi. Birdən, “Eh! Firidunbəy, hardan biləsən ki, bu ürəkdə nə var?!” – deyən bir uşaq səsi eşidildi. Firidunbəy cəld döndü, nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi.
Firidunbəy fikrə getdi, ətrafı tam sükut bürümüşdü. O, birdən İbrahim Əfəndi Qayıbzadəyə “bir yoxla görək”, – dedi.
O zamanlar bir ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular.
İbrahim Əfəndi “Əmma” surəsini açdı və Səmədə dedi ki, oxu. Səməd o surəni oxumadı. Quranın ortasından haranı isə açdı və bir-iki sətir oxuduqdan sonra kitabı örtüb, gözünü yumdu, qalan ayənin dalısını gözəl səslə əzbərdən oxumağa başladı. Hamı heyrət içində dərin sükuta dalıb, onu uzun müddət dinləməyə başladı. Sükutu Firidunbəy pozdu. O, Səmədə yaxınlaşaraq, əlini onun çiyninə qoydu və dedi: “Bu ki, od parçasıymış!”.
Səməd, demək olar ki, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cürəti və heyrətamiz hafizəsi Firidunbəyi “məğlub” etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verib, seminariyaya qəbul edildi…
Səməd seminariyada oxuduğu zaman türk şair və ədiblərindən Tofiq Fikrəti, Məhməd Əmini, Yurdaqulu, Rza Tofiqi, Əbdülhəq Hamidi və başqalarını həvəslə oxuyur, onların yaradıcılıqlarındakı demokratik və humanist fikirlərə maraq göstərirdi. Müəllim Yusif Qasımov bu yazıçıların, məhz, demokratik və humanist meyillərilə şagirdləri tanış edirdi. O zamankı proqramda türk ədəbiyyatına daha çox yer verilirdi. Səməd Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyurdu:
Torpaq – vətənim, növi-bəşər millətim – insan,
Dünya dönəcək cənnətə insanla, inandım, –
kimi misralarını daima təkrar edərdi. Sonralar Səməd “Fikrətin qarşısında” şeirini yazmağa başladı, lakin kiçicik bir hissə yaza bildi:
Bu, bizim sənət aşiqi, o, canlı sənətdir,
Xəyalı, duyğusu, zövqü – “böyük həqiqətdir”,
Bütün bədaiyə malik bir səhni-xilqətdir,
Bu, bizim sənət aşiqi dühayi-Fikrətdir.
Səməd Vurğun, türk inqilabçı-demokratı Namiq Kamalın vətənpərvərliyinin və imperializmə qarşı üsyan səsinin ifadəsi olan iki parçasını da həmişə təkrar edərdi:
“Ölərsəm, görmədən millətdə ümid etdiyim feyzi,
Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun!”.
Yaxud: “Külabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,
Oyan, ey şiri-jəyan, oyan, bu xabi-qəflətdən!”.
Əbdülhəq Hamidin “Məqbər” əsərini də sevə-sevə oxuyardı. Səməd Vurğun Vaqifi, Vidadini və Sabiri daha dərin məhəbbətlə sevər və onların əsərlərini əzbərlərdi. Təsadüfi deyil ki, Səməd Vurğunun sonrakı yaradıcılığı Vaqif şeirindən qida almışdır…
1924-cü il iyun ayının 1-də Qazax Müəllimlər seminariyasını bitirdik…
Səməd 1924-1925-ci tədris ilində Şıxlı məktəbində çalışmışdır. O, müəllim Şərif Cavadzadə (Şikəstə) ilə dostlaşmışdı və onun evində qalırdı…1925-ci ilin sentyabr ayında Səməd Köçəsgər kənd məktəbinə müdir təyin edildi…
Səməd Vurğun Köçəsgər kəndində 1926-cı ilin yanvarına kimi işləyə bildi. Müəllimlərin qış konfransında Səməd Vurğun tənqidi çıxış edərək – süpürgə almağa pul yoxdur, – dedikdə, Qazax Qəza İcraiyyə komitəsinin sədri Abdal Usubov onu susdurmaq üçün – pul yoxdur, papağınla süpür! – deyə qabarmışdı. Buna cavab olaraq Səməd Vurğun əsəbi və acı şəkildə – əgər, papaqla məktəb süpürmək yaxşıdırsa, onda, gəl sən özün qiymətli papağınla süpür, – demişdi. Bu hadisədən sonra onu təqib etməyə başladılar. Vəziyyətin ciddiləşdiyini görən Səməd qaçıb Bakıya gəldi və mənə məktub yazdı ki, Qubernat bağında (Filarmoniya yerləşdiyi bağ) skamyalarda yatıram. Təcili surətdə Qubadan (orada Qəza Maarif şöbəsi müdiri vəzifəsində işləyirdim) Bakıya gəldim və onu qohumumuz Mədinə xanım Qiyasbəylinin (Vəkilovanın) evində tapdım. Səmədin xarici görünüşü çox pərişandı. Məcnunanə bir görkəmi vardı.
O zaman Xalq Maarif Komissarı olan Mustafa Quliyevdən və Baş İctimai Tərbiyə İdarəsi rəisi Əli Hüseynovdan (Mehdi Hüseynin atası) icazə alaraq Səmədi Qubaya öz yanıma apardım. Bundan sonra Səməd Vurğunun həyatının Quba dövrü başlandı… Səməd Vurğun Qubada 1927-ci ilin sentyabrına kimi müəllimlik etdi. Sonra Gəncəyə dəyişdirildi…
1926-cı ilin yayında mən Şuşa Müəllimlər kursunun müdiri olan zaman Səməd Vurğun yanıma gəldi. O, Şuşanın xəyal uçuran xarabalıqlarına, gözəl mənzərələrə, Cıdır düzünə, qaya başına, meşələrə, İsa bulağına baxa-baxa xəyala dalardı. Səməd Vurğun Cıdır düzündə Vaqifin qəbrini taparaq, saatlarla onun ətrafında gəzişər və nə isə düşünərdi. O,Vaqifə həsr etdiyi ilk şeirini Şuşada yazdı, həmin şeiri o günlərdə Şuşada olan Bülbül bir müsamirədə oxudu, dinləyicilər alqışladılar, şeirin müəllifini ondan soruşdular. Bülbül isə “müəllifin adını deməyəcəyəm, maraqlanan tapar” dedi. Onsuz da bilənlər çoxdu. Səməd Vurğun məclisdə idi, onu səhnəyə çıxardılar və bu balaca, kasıb geyimli oğlanı gurultulu surətdə alqışladılar.
Təəssüf ki, həmin şeirin əsli məndə yoxdur. Bəlkə, Bülbülün arxivində tapıla. O şeirdən mənim hafizəmdə qalan yalnız aşağıdakı misralardır:
Olma, şairciyim, olma pərişan,
Pozulsa məzarın mazidən nişan,
Zəhmətkeş əlilə gələr bir zaman,
Pəmbə güllər açar məzarın sənin.
Bu dağlardan əsən sərin küləklər,
Yanıq məzarına lalələr səpər…
O günlərdə indiki Xalq yazıçısı Əli Qara oğlu Vəliyev də həmin kursda oxuyurdu. Səməd Vurğun “Şuşa” və “Zeynal” şeirlərini də orada yazdı…
1926-cı ildə Səməd Vurğunun Qubada yazdıqlarından ancaq “Göy göl” şeiri “Gənc işçi” qəzetində dərc edildi. Bu şeiri o zaman qəzetin redaktoru olan, proletar şeirinin pioneri Süleyman Rüstəmə redaksiyada (Kommunist küçəsindəki 7 mərtəbəli binada yerləşirdi) mən verdim. Şeir Əhməd Cavadın “Göy göl”ünə cavab olaraq yazılmışdı.
Müasirləri yaxşı xatırlayırlar ki, Səməd Vurğun son dərəcədə səmimi adamdı. Bir dəfə şöhrətli şair olduğu vaxt, söhbət zamanı mənə dedi: “A Qara! O vaxtlar mən Əhməd Cavada cavab olaraq komsomolçuluğa salıb, sənin təhrikinlə “Göygöl”ü yazdım. “Qanlı Göygöl yaratdın füqərayə” misrasını da sən oraya yamadın. Amma, öz aramızdır ha, Əhməd Cavadın “Göy göl”ü mənimkindən çox-çox üstün əsərdir; o, əsil poeziyadır. Bir fikir ver:
Yorğanı buluddan, yastığı yosun,
Kəsin eyşi-nuşu, gələnlər, susun,
Bir yorğun pəri var, qoyun uyusun,
Uyusun dağların maralı Göygöl…
Səməd Vurğun 1929-cu ilin iyun ayına qədər Gəncədə “Şah Abbas” məscidi yanındakı məktəbdə və partiya məktəbində müəllimlik etdi…O, şeirlərini “Qızıl Gəncə” jurnalında çap etdirməyə və Mir Cəlal, Əhməd Cəmil, Həmid Araslı, Cahanbaxş kimi gənc yazıçılarla birlikdə, yeni ədəbi mühitdə, Proletar Yazıçıları Cəmiyyətinin Gəncə şöbəsində yüksəlməyə başladı…
Səməd Vurğun Gəncədə çalışdığı illərdə də özünəməxsus qəribəliklərdən uzaqlaşa bilmirdi. 1928-ci ilin yayında mən Bakıdan Hacıkəndə tələbə hərbi düşərgəsinə gedəndə Səməd Vurğuna 148 manata şabalıdı rəngdə bir kostyum alıb aparmışdım. Kostyumu ona geyindirib (çünki, xarici görünüşü çox pəjmürdə və səliqəsiz idi), Hacıkəndə getdim. İki həftədən sonra, cümə günü mən evə (Xanqızı Vəkilovanın evinə) gələrkən kostyumu Səmədin əynində görmədim. Mən sualedici nəzərlərlə mat-mat baxırdım. Bu vaxt bacım – bilirsən, qardaşın bizim başımıza nə gətirdi? Çörək pulu tapmırıq, amma, o, pencəyi çıxarıb “Avara bağı”nda bir dilənçiyə geydirib, qonum-qonşu bizə gülür.
Mən heç bir söz demədim. Nə deyəydim ki?! Səməd bir iş gördüsə, demək qurtardı, hər şey bitdi, ona toxunmaq və ya danlamaq əbəs idi, üsyan qaldırardı. Özü də Səməd belə hərəkətlərindən mənəvi zövq alırdı…
Yeni döyüş meydanı axtaran Səməd Vurğunu Moskva özünə çəkirdi. O, 1929-cu ilin iyununda Bakıya gəldi. O zaman biz, Proletar küçəsində 80 nömrəli binada (indiki Vidadi 84) balaca gün düşməyən bir otaqda yaşayırdıq. Mən tələbə olduğuma görə, ayda 25 manat təqaüd alırdım. Bundan başqa Balaxanıdakı (“Yunıy Qornyak” – “Gənc mədənçi”) fabrik-zavod şagirdliyi (FZU) məktəbində də müəllimlik edir, bir qədər də oradan alırdım. Bir təhər dolanırdıq…
Səməd Vurğun yenə də, adəti üzrə, pulsuz gəlmişdi. Üstəlik Osman Sarıvəlli də gəldi çıxdı. O da pulsuz.
Hər iki dost, təxminən ay yarım mənim yanımda qaldı. Səməd Vurğun o zamanın görkəmli ədəbiyyatçısı və sənətşünası, marksist estetikanın atəşin müdafiəçisi Mustafa Quliyevlə tanış oldu və ondan bir sıra məsləhətlər aldı.
1929-cu ilin iyul ayının ortalarında Səməd üçün bir qədər yol xərci düzəldə bildim. Osmanın qardaşı çoban Qurban da qoyun-quzusunu satıb pul göndərmişdi. Bütün çətinliklərə baxmayaraq, onlar yay paltarında Moskvaya yola düşdülər. Sonralar danışırdılar ki, “qənaətçilik” edərək, biletsiz-filansız vaqonların üstündəcə Moskvaya getmişdilər.
Səməd Vurğun Osman Sarıvəlli ilə birlikdə imtahan verərək, II Moskva Universitetinin ədəbiyyat fakültəsinə qəbul edildi…
Səməd Vurğun Moskvada təhsilini sona qədər davam etdirə bilmədi… Canlı həyat, yaşamaq-yaratmaq eşqi onu 1931-ci ilin yazında çəkib “çıxdığı yurd”a, Azərbaycana, Bakıya gətirdi. Bundan sonra onun həyatı və yaradıcılığı “elinə, gününə, obasına” daha yaxından bağlandı.
Səməd Vurğun Bakıya qayıtdıqdan sonra, fitri istedadı və müəyyən hazırlığına görə, V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına, bir qədər sonra isə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul edildi. Lakin Səməd Vurğun hər iki aspiranturanı da tərk etdi. Şair akademik mühazirələr çərçivəsinə sığmayırdı…
Səməd öz sənət dostları və ideya silahdaşlarilə fəxr edərdi. Bəzən, yaradıcılıq məsələləri ətrafında apardıqları mübahisə və polemika zamanı, dostlar bir-birindən inciyir, küsür və tez də barışırdılar. Onları aralarındakı səmimiyyət, ideya birliyi yenidən bir cərgəyə düzür və ədəbi döyüşlərin aparıcı və hərəkətverici qüvvəsinə çevirirdi…
Səməd Vurğun Hüseyn Cavidi çox sevirdi, onun poeziyasını, həqiqi şair təbiətini və şeir rübabını yüksək qiymətləndirirdi. Səməd həmişə Hüseyn Cavidin:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir –
misralarını böyük vəcdlə təkrar edərdi. Səməd gözəllik və məhəbbət haqqında bu qədər ülvi, şairanə və romantik nəğmədən, sanki, mənəvi qida alırdı…
Səməd Vurğun Hüseyn Cavid haqqında şəxsi söhbətlər zamanında, həmişə yüksək fikirlər söylərdi. Bir epizodu indi də yaxşı xatırlayıram.
1936-cı ilin yaz ayları idi. Səməd Vurğun Lenin ordeni alması və oğlu Yusifin anadan olması münasibətilə evində bir qonaqlıq düzəltmişdi (Lermontov küçəsindəki mənzilində). Orada köhnə inqilabçılardan Həmid Sultanov, İsrafil İbrahimov, Abbas Sultanov, şair və yazıçılardan A.Şaiq, H.Cavid, B.A.Talıblı, T.Şahbazi(Simurq), H.Mehdi, Ə.Cavad, M.Müşfiq, S.Şamilov, S.Hüseyn, M.K.Ələkbərli, O.Sarıvəlli, H.Əlizadə və başqaları iştirak edirdilər. Məclisdə Səməd “Cavid Əfəndi bizim iftixarımızdır”, deyə onun sağlığına olduqca səmimi sözlər söylədi. O, Hüseyn Cavidin sonrakı taleyinə də ürəkdən acıyırdı…
Məlum olduğu kimi, Səməd Vurğunun ilk dram əsəri “Vaqif”dir. Bu əsər, 1937-ci ilin axırlarında heyrətamiz bir sürətlə, 3-4 həftə ərzində yazıldı. Belə böyük bir əsərin az müddətdə yazılması ona görə mümkün oldu ki, Səməd Vurğun illər uzunu Vaqifin həyatı və yaradıcılığı üzərində düşünmüşdü. O, yazacağı əsərin mövzusunu, süjet xəttini xəyalında çoxdan işləyib hazırlamışdı. Səmədin dodaqları daim-oturanda da, gəzəndə də, məclislərdə də, hətta çörək yeyəndə də tərpənirdi. O, şəxsi söhbətlər zamanı da bəzən özünü dinləyirmiş kimi göstərir, sadəcə müsahibinin üzünə baxır, fikrən, xəyalən başqa yerdə, öz aləmində olurdu. Ona görə də birdən, yuxudan oyanırmış kimi “hə” dedikdə müsahibi təəccüb içində qalırdı. Səməd Vurğun “Vaqif” dramının bütöv bir şəklini aşıq havası üstündə əzbərində bişirirdi və ona görə də bir oturuma (səhərə qədər) böyük bir səhnə yazılırdı. Bəli, Vaqifin taleyi üzərində dramaturq uzun müddət düşünmüşdür. O, XVIII əsr Azərbaycan tarixinə, xüsusən Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla oxuyurdu. Səməd Vurğunun “Qarabağnamə”ni tapdırıb ona göndərməyi Heydər Hüseynovdan xahiş etdiyi və 1936-cı ildə Vaqifin dövrünə, həyatına, bütünlükdə Qarabağ xanlığı tarixinə dair Yusif Vəzirlə saatlarla söhbəti yaxşı yadımdadır. Oxuyurdu, öyrənirdi, Səməd Vurğun əvvəlcə “Şairin ölümü” şeirini yazmışdı, hətta pyesin özünü də ilk variantda “Şairin ölümü” adlandırmışdı.
Səməd Vurğun sonralar, “Vaqif” pyesinin müzakirəsi zamanı məsələnin bu cəhətindən bəhs edərkən deyirdi: “Azərbaycan poeziyasının bu böyük siması, xalqımızın doğma oğlu Vaqifin taleyi məni uzun müddət düşündürmüşdür. Bu temada bir poema yazdım. Lakin o məni təmin etmədi və düşündüyümdən zəif çıxdı. Bu zaman mən bu temada dram yazmağı qərara aldım ki, indi oynanılan bu əsər də onun nəticəsidir”.
“Vaqif” dramının yazıldığı dövrə aid bəzi mülahizələrimi də bildirmək istəyirəm.
“Vaqif” pyesi yazılan ili Səməd Vurğun Xaqani küçəsindəki 19 nömrəli binada yaşayırdı. Onun dörd otaqdan ibarət mənzili vardı. Elə bu münasibətlə də yazmışdı:
Atam öldü torpaq damda,
Özümsə dörd otaqdayam!
Bu, Səməd Vurğunun Xavər xanım Mirzəbəyova ilə evlənməsinin dördüncü ili idi. İlk övladı Yusifin üç yaşı vardı. Gənc və xoşbəxt bir ailə qurmuşdu. Onda artıq şan-şöhrətli şair idi, ilham dəryası aşıb-daşırdı. Səməd gecə-gündüz “Vaqif”i yazırdı. Yorulduğu zaman saz çalırdı, oxuyurdu. Bəzən də məni çağırıb keçmişlərdən və uşaqlıq, gənclik günlərimizdən söhbət açardı. O günlər, o illər əsəbi və həyəcanlı günlər, illər idi…
Azərbaycan xalqının namuslu oğulları – inqilabçılar, dövlət xadimləri, ədib və şairlər ağır həyat imtahanından keçirdilər… Nümayişlərdə, bayram təntənələrində, iclaslarda bəzi “şeytan balaları” Azərbaycan xalqının vicdan səsi olan yazıçıları, həm də kommunist və komsomolçu yazıçıları siyasi şübhə altına almağa çalışırdılar. Belə halları xatırlayarkən Səməd Vurğunun qaşları çatılar və dərin düşüncəyə dalardı.
Səməd Vurğunun yüksələn sənət qüdrəti, nüfuzu və ona qarşı olan xalq məhəbbətinə qısqanan “şeytan balaları” şairi yalançı millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxarmaq istəyirdilər. Mənəvi iztirab keçirən Səməd Vurğun əyilmək bilməyən iradə və xariqüladə bir cürətlə, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozurdu. Bir dəfə onu hansı idarəyəsə çağırmışdılar. Deyəsən, 1937-ci- ilin payızı idi. Biz vəziyyəti götür-qoy etdikdən sonra indiki Nizami muzeyinin qarşısında ayrıldıq. Ayrılarkən Səməd məndən soruşdu. “A Qara, papiros pulum yoxdur, səndə pul varmı?”. Mən əlimi cibimə saldım və axırıncı üç manatı ona uzatdım. Səməd pula baxaraq:
– Ayə, bu pul elə bil atamın üçlüyüdür, onun da cibində üç manatdan artıq pulu olmazdı, bu üçlük mənə düşəcəkdir, darıxma – dedi. Səməd Vurğun bir növ fatalizmə uydu, o üç manatlığa (guya atamızın üçlüyü kimi) özünün tilsimi kimi etiqad bağladı. İnsan dara düşdüyü zaman bəzən belə də olur.
Mən yatmayıb səhərə qədər Səmədi gözlədim. Nəhayət, səhər çay vaxtı Səməd gəlib çıxdı, işin gedişini müfəssəl surətdə danışdı və əlavə etdi ki, “onlar” mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir. Yadında saxla! Mən kommunistəm, ona görə də mən özümü ən böyük internasionalist hesab edirəm. Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu yolda çalışıram.
Lakin bununla bərabər, məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar!
Sonralar Səmədi heç bir yerə sorğu-suala çağırmadılar. Lakin qələm dostlarının taleyi onu narahat edirdi. Səməd Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı. Məhz belə bir zamanda, od kimi yandıran iztirablar, daxili ürək çırpıntıları və tərəddüdlər içində o, “Vaqif”i yazdı. Səməd Vurğun öz taleyinə əvvəlcədən acıyaraq Vidadinin dili ilə deyirdi:
Şairdir, qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var.
O ölsə, dağlar da dil deyib ağlar
Əfv edin.. yaxşılıq qalır yadigar!
Səməd Vurun “Vaqif”i yazıb qurtardıqdan sonra bir müddət əsəri gizli saxladı. Bir dəfə dərdləşən zaman (bulvarda) mənə dedi: “Əgər məni aparsalar, sən tez mənim əsərimi götür və etibarlı bir yerdə gizlət. Əsərin yerini Xavər bilir. İşdi görsən ki, sən də şübhə altındasan, onda Ruqiyyəyə (mənim həyat yoldaşımdır) tapşır ki, əsəri etibarlı bir yerdə gizlətsin”. Sonra Səməd şair xəyallı gözlərini Xəzərin üfüqlərinə zilləyərək nə isə düşündü və mənalı bir tərzdə əlavə etdi ki, “Mənim qələmimi Yuskaya (oğlu Yusif) ver, kim bilir, mənim tamamlamadığım işi bəlkə o tamamladı”.
Belə ağır günlərdə Səməd Vurğun ən çox Hüseyn Cavidin və Mikayıl Müşfiqin taleyinə acıyırdı. O, Müşfiqi çox sevirdi, şairin istedadını və poeziyasını yüksək qiymətləndirirdi.
Mənim yaxşı yadımdadır, bir dəfə Azərbaycan Dövlət Universitetinin Kommunist küçəsindəki binasında şairlərlə görüş gecəsi keçirilirdi. Gecədə Səməd Vurğun və Müşfiq şeirlərini oxuduqları zaman, ağzına qədər dolu olan salon (o zamanlar şeir gecələri izdihama çevrilirdi) onları sürəkli alqışlarla qarşıladı. Müşfiq yəqin ki, öz taleyini qabaqcadan duyurmuş kimi – “Yazmaram, a dostlar, sizdən olmasam!” – deyə (şeirin ancaq bu misrası yadımda qalıb) atəşin bir şeir oxudu. Bu şeir daxili bir sədaqətin, saf vicdanın səsi idi. Ona görə Müşfiq xitabət kürsüsündən düşərək həyəcan içərisində Səmədə yanaşdı və onu qucaqladı. Onlar qardaş kimi öpüşdülər. M.Müşfiq qazandığı müvəffəqiyyətin təsiri altında “Səməd! Gərək ya mən yaranaydım, ya sən!” – deyə bir növ zarafat etdi. Səməd isə cavabında, “hər ikimizin yaranmamız daha gözəldir!” – dedi və onu yenidən qucaqladı.
Bir neçə gündən sonra M.Müşfiqin faciəsini eşitdik… Bu xəbər Səməd Vurğunu sarsıtmışdı. Həmin gün biz Kommunist küçəsilə aşağı enirdik, Səməd dərin düşüncələr içərisində idi, o ətraf aləmi tamamilə unutmuşdu, dinməz söyləməz addımlayırdı. Biz Sabir bağına çatdıqda Səməd Vurğun dayandı və mənim daha yaxşı eşidən sol qulağıma əyilərək rusca “Poqib velikiy talant!” – dedi. Səməd Vurğun ömrünün axırına qədər Müşfiqi unuda bilmirdi.
1938-ci ilin yazında və yayında Səməd Vurğun haqqında söz-söhbət yayılır və adamlar pıçıldaşırdılar. Belə dedi-qodular duyan və düşünən dostları dəhşətə gətirirdi. Səməd Vurğun isə qətiyyən sarsılmırdı, ədalətin təntənəsinə inanırdı. 1938-ci ilin avqust ayının ortalarında mən Kislovodskdan qayıtmışdım. Səməd Vurğun öz ailəsi ilə birlikdə orada qalmışdı. O yay Cəfər Xəndan da Səmədlə qonşuluqda olurdu. Mən Kislovodskdan qayıdan günün səhəri işə (V.İ.Lenin adına Pedaqoji İnstitut) gedən zaman İyirmialtılar bağının qarşısında böyük sənətkar H.Sarabski ilə rastlaşdıq. O, oynaq gözlərilə ətrafı yoxlaya-yoxlaya xəlvəti “nə xəbər var” – deyə soruşdu. Mən dedim ki sağlıq salamatlıqdır. Sarabski həyəcan içində “Məndən gizlətmə, Səməd hardadır?” – deyə təkidlə soruşdu. Mən onu inandırdım ki, Səmədi üç gün bundan qabaq Kislovodskda qoyub gəlmişəm. O, çox sevindi, gözlərinə sanki işıq gəldi, sifəti alışıb yanmağa başladı və pəsdən incə, məlahətli, ancaq ikimizin eşidə biləcəyimiz bir səslə Səmədin “Macəra” poemasından bir parça oxudu:
Yaxşı yadımdadır on beş il əvvəl
Özgə qundağında layla çaldığın.
Uzun saçlarını yolduqca hər əl
Qul kimi qolları bağlı qaldığın.
Yaxşı yadımdadır hər səhər erkən
Nehrə çalxadığın, qaymaq tutduğun…
H.Sarabski şadlığından ağladı.
Səməd Vurğunu o dövrün, keçici də olsa, xoşagəlməz çarpaşıqlarından xilas edən xalq nəfəsi, el məhəbbəti, bir də özünün səmimiliyi, mərdanəliyi, iradəsi və gələcəyə inamı oldu…
M.Vəkilov.Ömür dedikləri bir karvan yolu.
B., “Yazıçı”, 1986, s.43-137.
Xavər Vəkilova
Mənim üçün çox böyük itki oldu, amma…
Yeznəm Abdulla Şaiq oğulluğa götürdüyü folklorçu Hümmət Əlizadəyə öz evində toy eləyirdi. Anam onlara köməyə getmiş və mənə də tapşırmışdı ki, dərsdən çıxıb ora gəlim, əl-ayağa dolaşmasınlar deyə uşaqlara baxım. Dərsdən çıxıb bacımgilə gəldim. Çoxlu qonaqları vardı. Məktəbli formamı əynimdən çıxarmamış səsli-küylü uşaqları öz otaqlarına apardım. Ara qapını örtərkən Səməd məni görüb, Abdulla Şaiqdən soruşur: Şaiq əfəndi, bu qız kimdi? – Baldızımdır, Xavər, övladımız kimidir. Gəlini gətirmək məqamı çatanda evdən yalnız böyüklərin çıxdığını görən Səməd deyir ki, Şaiq əfəndi, nə olar, qoy Xavər də bizimlə getsin.
O vaxtkı qanunlara görə azyaşlılar böyüklərin icazəsi olmadan onlarla birlikdə əyləşməz, toy və nişan məclislərinə getməzdi. Buna baxmayaraq, bacım yuxarı qalxıb, mənim də gəlin dalınca gedəcəyimi bildirdi. Gözlənilməz xəbərdən özümü itirib nə edəcəyimi bilmirdim. Maşına əyləşdim və gedib gəlini gətirdik.
Yenə qonşu otağa keçmək istəyirdim ki, Səmədin səsi gəldi:
– Şaiq əfəndi, bəs Xavər bizimlə əyləşməyəcək?
Onda hiss etdim ki, Şaiq əfəndinin Səmədə hörməti hədsiz olduğundan istəklərinə qarşı çıxa bilmir. Odur ki, bir söz demədən əlimdən tutub məni masa arxasında Səmədlə üzbəüz əyləşdirdi. Özümü necə aparacağımı bilmədiyimdən və utandığımdan qıpqırmızı qızarıb süfrənin saçaqlarını hörürdüm. Səməd isə gözünü üzümdən çəkmirdi.
Ertəsi gün bacım bizə gəlib dedi ki, Səməd Xavərlə evlənmək istəyir. Atam razılıq vermir, deyirdi ki, Xavər uşaqdır, hələ heç yeddiillik məktəbi bitirməyib!
Elə həmin gün Səməd bacımın böyük oğlu, sonralar tanınmış elm xadimi olan Kamal Talıbzadəni dilə tutub onun vasitəsilə mənə məktub göndərmişdi. O, mənimlə görüşmək istəyirdi. Səmədin fikrindən dönmədiyini görüb qərara aldılar ki, son söz mənim olsun. Çünki Səməd inad edirmiş ki, əgər mənimlə şəxsən görüşsə, onunla evlənməyə razılıq verəcəm. Nəhayət, görüşümüz Şaiq əfəndigildə təşkil olundu. Otaqda ikimiz oturmuşduq, Səməd indiyədək keçirdiyi çətin və əzablı həyat yolundan danışıb, kasıb olduğuna görə qızların onunla ailə qurmaqdan imtina etdikləri haqqında danışdı…
Böyüklər razılıq verdikdən sonra nişanlandıq və iki il nişanlı qaldıq. Toy günümüz indiyədək yadımdadır – 1934-cü ildə 16 yaşım tamam olan kimi bizə məclis qurdular. Toyumuzda şair və yazıçılardan Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə İbrahimov, Sabit Rəhmangil, Mehdi Hüseyn, Cəfər Xəndan, Yusif Vəzir Çəmənzəminli, Yazıçılar İttifaqının sədri Məmməd Kazım Ələkbərli və digər tanınmış şəxslər – ailəli olanlar ailəsi ilə, olmayanlar özləri iştirak edirdilər. Rəhmətlik Əhməd Cavad məclisdə tamadalıq edir, xanəndə Hüseynağa Hacıbababəyov oxuyur, Qurban Pirimov isə tarda onu müşayiət edirdi.
Biz məclisə daxil olan kimi Müşfiq ayağa qalxıb bu şeiri dedi:
Gecəyə aydımı, bəy gəlib çıxdı,
Günəşmi, yanında gəlinə bir bax?!
Taledəndimi bu, qənirsizdiər,
Çəmənmi, əlində gülünə bir bax?!
Bu el, bu obanın əziz Xavəri,
Olmaz gözəllikdə tay bərabəri.
Çağırın, kimlərin yoxdu xəbəri,
Səmədə saldığı meylinə bir bax!
Şairlər yığnağı qan qardaşıdı,
Səməd bəy bu gülün sarmaşığıdı,
Xavər məclislərin yaraşığıdı,
Sünbülmü, süsənmi, telinə bir bax?!
Bu yerdə süfrəyə plov gətirdilər, Müşfiq dayandı, plov dolu buludlara baxdı, güldü, gülüşü indi də qulaqlarımdadı, elə gülə-gülə də şeirin ardını tamamladı:
Plov gəldi, Müşfiq, təbin dayandı,
Boşqablar səsləndi, məclis oyandı,
Alın çəngəlləri, o yan-bu yandı,
Boşqabın içinə, çölünə bir bax!
Yer-yerdən gülüşdülər, əl çaldılar, keçib başda əyləşdik. Birdən hamı dönüb, Səmədə baxdı – şeir istəyirdilər. Səməd ayağa durub bu şeiri dedi:
Sevgilim, Xavərim, son bahar çağı,
Uçub tökülürdü ömrümün bağı,
Həyata küsmüşdüm sözümün sağı,
Üzümə ilk dəfə gülən sən oldun,
Şairin qədrini bilən sən oldun.
Qaşların sürməsiz, üzün boyasız,
Budur xəyalımda aradığım qız,
Deyərək, nə qədər sevindim, yalnız –
Qızların vəfası olmayır deyə,
Düşdüm əvvəlləri ümidsizliyə…
Rəng alıb, rəng verən ismətinlə sən,
Həyata qaytardın məni yenidən.
O ilk təsadüfün xəyalıyla mən,
Həftələr yaşadım, aylar yaşadım–
Bir gün evinizdə çəkildi adım.
Sən ey bağçaların, bağların barı!
Könlümün sultanı, qəlbimin yarı!
O gün qapınıza gəldi çoxları,
Fəqət, sən dedin ki, ölməz sənətkar,
Mənim ölməzlərə məhəbbətim var.
… Başıma xırda pullar səpə-səpə məni Səmədin bir otaqlı mənzilinə apardılar.
Yeni evə ayağım düşərli olmuşdu. Təkgözlü otağımız sevinclə, məhəbbətlə çağlayırdı. Ölən günədək də Səmədlə “can” deyib, “can” eşitdik.
Böyük oğlum Yusifə hamilə qalmışdım. Səməd çox sevinirdi. Məni xəstəxanaya aparanda o, evdə yox idi, xəbəri eşidib dərhal özünü oraya catdırmışdı. Doğum evinə axşam aparılsam da, Yusif dünyaya ertəsi günü – səhər saat 9-da gəlmişdi. Yanıma gəlib dedi ki, sən məni həm ata etdin, həm də mənə atamı bağışladın. Uşağa atasının adını – Yusif qoydu.
Repressiyalar başlayanda həyəcanlı günlərimiz çoxaldı. Onda Aybənizə hamilə olduğumdan Səməd çox şeyi mənə demirdi. Həmin günlərdə eşitmişdim ki, Yazıçılar İttifaqının sədrini həbs ediblər. Səməd İttifaqın katibi vəzifəsini daşıdığından daha çox həyəcan keçirirdik. Həbs ediləcəyindən ehtiyatlanan Səməd bizi anamgilə apardı. Ancaq orada da sakit ola bilmədik. Gecələr qonşu qapılar döyülər, kimlərisə camaatın “qara qarğa” adlandırdıqları qara maşınlara basıb aparırdılar. Sentyabrın 9-da Aybəniz dünyaya gəldi. Ancaq həmin il Səmədin əsərləri çap edilmədiyindən imkanımız aşağı idi. Mehdi Hüseynlə birlikdə məni doğum evindən çıxarmağa gələndə ikisinin cibində bircə manat tapılmadı…
Bir neçə il çox kasıb yaşadıq. Bir gün dərsdən evə gələndə Səmədin yolumu gözlədiyini gördüm. Evə girəndə gözlərimi yummağı tapşırdı. Bir az sonra gözlərimi açdım. Əvvəlcə elə bildim ki, gördüklərim yuxudur. Mənzilimizin döşəməsinə 30 manatlıq əsginaslardan sanki xalça salınmışdı. Səməd çaşqınlığımı görüb, əlimdən tutdu və pulların üstü ilə yeriməyimi israr etdi. Məlum oldu ki, döşəməyə səpilən pullar “Yevgeni Onegin”in tərcüməsinə verilmiş qonorardır…
Qucağımda körpə uşaq olmasına baxmayaraq, Səməd axşamlar məni tək qoyub, harasa gedir, bir də səhər açılanda qayıdırdı. Harada olması barədə bir kəlmə də danışmır, xəyallara dalırdı. Məndə qısqanclıq hisləri baş qaldırmağa başladı. Bir həftəni bu minvalla yaşadıqdan sonra əşyalarımı toplayıb, uşaqlarla birlikdə valideynlərimin yanına getmək istəyirdim ki, Səməd içəri girdi… Məlum oldu ki, hər gecə onu istintaqa aparırlarmış.
Mir Cəfər Bağırovun Səmədə münasibəti çox mürəkkəb, anlaşılmaz idi. Yazığa göz verib, işıq vermirdi. Onu deyim ki, mən Dərbəndin imkanlı ziyalı nəslindənəm. Babam Əlibəy Qırxlarqulubəyov general olub. Atam Peterburqda ali təhsil alıb, bank müdiri işləyib. Əmim Hacıağa bəy Mirzəbəyov xəzinədar olub. Qardaşım M.C.Bağırovu vətəndaş müharibəsi dövründə ağqvardiyaçıların əlindən qurtarmış, ölümdən xilas etmişdi. Buna görə də o, bizim ailəni yaxşı tanıyırdı. Səmədlə münasibəti yaxşı olanda bizi digər sənətkarlarla birlikdə ailəvi Zuğulbadakı məkanına qonaq da çağırırdı. Amma, çox incidirdi də. İlin iki ayını başını tumarlayır, on ayını zülm edirdi ona. Ora-bura çox çağırıblar, incidiblər onu. Səmədi vaxtsız qocaltdılar. Əlli yaşında o yazıq getdi, otuz səkkiz yaşımda mən bədbəxt oldum…
Səməd 1938-də “Vaqif”i yazmağa başladı və on səkkiz günə bitirdi. Ələsgər Ələkbərov, Sidqi Ruhulla, bəzən bizə də gəlir, Səmədlə məsləhətləşirdilər. Əsərin premyerası gurultulu alqışlarla keçdi, dəfələrlə Səmədi səhnəyə çıxarıb, alqışladılar.
1941-də Nizaminin yubileyi ilə əlaqədar “Xosrov və Şirin”i tərcümə etdi. Həmin il “Fərhad və Şirin”i yazdı. Əsər əvvəlcə Bakıda, sonra isə Moskvada Stanislavski adına teatrda tamaşaya qoyuldu. Moskvaya bizi də aparmışdı. Özümüzlə pul götürmüşdük ki, evin çatmayan şeylərini alaq. Səməd o pula teatrın artistlərinə böyük bir banket verdi…
Biz ailədə çox mehriban olmuşuq: mən ona “şairlər şahı”, o isə mənə “cananım” deyirdi. Moskvada Kreml xəstəxanasında yatarkən Yusifdən bir portaxal göndərmiş(elə bil uşağam) və məktubda yazmışdı ki, “Yaman günün ömrü az olar. Sənə bir portaxal göndərirəm:
Vurğunun cananı ləzzətlə yesin,
Şairlər şahına çox sağ ol desin.
Sənin qara Səmədin”.
Mən də, uşaqlar da çoxlu kitablar oxumuşuq. Bizim evə “aspirantura” deyirdilər. Mən Səmədin də ilk oxucusu idim. Gənc yaşlarımda gənclik və qadın mövzusunda yazdığı əsərləri ilk dəfə mənə oxuyur, həm bir qadın, həm də bir gənc kimi fikrimi öyrənirdi. Bəzən, onunla razılaşmadığım məqamlar da olur və o, bunları nəzərə alırdı. Qələbə mövzusunda yazdığı şeirə:
Yazılsın tarixə bir qızıl xətlə,
Qırx beşinci ilin 9 May günü – misralarını mənim tövsiyəmlə əlavə etmişdi.
Qəribə yazı tərzi vardı. Yazı stolunun arxasına, hansısa bir rəsmi tədbirə gedirmiş kimi – ayaqqabısını, kostyumunu geyinib, qalstukunu bağlayıb keçirdi. O, bunu yazı masasına ehtiramı ilə izah edirdi.
Səməd çox əliaçıq adam idi. O, “Vaqif”ə və “Fərhad və Şirin”ə görə Stalin mükafatları almışdı. Aldığı böyük məbləğdə pulları “Müharibə Fondu”na keçirdi. Səmədin Akademiyanın vitse prezidenti kimi məvacibi 15 000 manat idi. Bu, çox böyük pul idi. Ondan evə cəmi 2000-2500 verir, qalanını imkansızlara paylayırdı.
Müharibə vaxtı mənə evdə yeməklər bişirtdirir, xəstəxanaya yaralılara aparırdı.
Evimiz çox qonaq-qaralı olub, tanınmış və tanınmayan, gənc və yaşlı, o dövrün, demək olar ki, əksər ziyalıları bizdə olmuşdu: O.Şmidt, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Ə.Bədəlbəyli, hətta, İrandan, Rusiyadan da qonaqlarımız olardı.
Səməd böyük nüfuza malik idi. O, nüfuzundan istifadə edərək, vəzifəli şəxslərə müraciət edər, kəndlərə yol çəkilməsinə, bağçalar tikilməsinə, yetimxanalar açılmasına nail olardı. Yetimxanalara, pioner düşərgələrinə cibindən də yardım edərdi.
İmkansız adamlara əl tutmaqdan daxilən rahatlıq duyar, zövq alardı. Bəzən xörəyini çəkirdim, amma masaya yaxınlaşmaz, telefonla hansı mənsəb sahibiləsə danışıb, bir imkansızın ehtiyacını həll edərdi. Adətən, şad xəbəri o imkansıza çatdırıb, onu sevindirdikdən sonra masaya oturardı. Onda yediyim mənə halal olur – deyirdi. Öz ətrafımızda da kasıb adamlar az deyildi. Bayramlarda onlara da, hökmən yardım edərdik.
Vyetnama gedəcəkdi, təyyarə uçmamış, evə dönmüşdü. Səhərisi gün uçdu. Yolda xəstələnib, Pekində xəstəxanaya qoymuşdular. Evə qayıdandan sonra, əvvəlcə “epidemiyadır” demişdilər. Sonra Mustafa bəy Topçubaşov xərçəng diaqnozu qoydu. Səmədi Moskvaya yola salanda o da gəlmişdi. Yazıq əllərini göyə qaldırıb, yalvarırdı ki, “Ay Allah, razıyam, qoy mən rüsvay olum, amma qoyduğum diaqnoz yalan çıxsın”. Təəssüf ki, yalan çıxmadı. Çox pis oldu. Bir şeirində deyir e:
Sən də de, yarıyaq, qarıyaq qoşa – nə yarıdıq, nə də birgə qarıdıq.
Ölənəcən özüm, sonra da torpağım “Səməd” deyib ağlayacaq.
Xəstə vaxtı bilirdim ağırdı, xoşladığı paltarlarımı geyib, çətin də olsa, üzümə təbəssüm qondurub, ona qulluq eləyirdim ki, öləcəyini ağlına gətirməsin. O isə Mirzə İbrahimova deyibmiş ki, mən dünya görmüş adamam, bilirəm vəziyyətim pisdi, günü-gündən geri gedirəm. Bu biçarə, yəni mən – bilmir, vəziyyəti ona deməyin.
Son məqamında dedi ki, məni öz yatağına keçir, keçirdim. Bir az sonra dedi ki, Xavər, deyəsən, mən gedirəm. Dedim, qoymaram gedəsən, qucaqladım onu – elə qucağımda da keçindi…Qonaq otağındakı saatın əqrəblərini dayandırdım. Əqrəblər o andan 7.30-un üstündə dayanıb. Əlbəəl qohumlar, dostları (çoxları elə bizdəydi), Az.dramanın aktyorları, rəsmilər gəldilər…
Mənimçün çox böyük bir itki oldu – evim yıxıldı, qapım bağlandı… Amma, onu da deyim ki, Səməd kimi nüfuzlu bir kişinin, çox istedadlı bir şairin – şairlər şahının həyat yoldaşı olmağımla özümü dünyanın ən xoşbəxt qadını saymışam, elə indi də sayıram. Onun adı və kölgəsi üstümdədi və nə qədər yaşayıram üstümdə də olacaq…
“Vurğun ocağı” sənədli filmində Xavər xanımın çıxışından
Götürülüb (S.Vurğun ev-muzeyinin videotekası).
Yusif Səmədoğlu
ATAM HAQQINDA XATİRӘ
Bizim evdә bir otaq var. Әvvәllәr bu otağın axşam sәkkizdәn yanan işığı bәzәn sәһәrә qәdәr sönmürdü. İndi isә artıq bir ilә yaxındır ki, bu otağın pәncәrәlәrindәn işıq gәlmir.
Bu otaq – atamın kabinetidir.
Burada һәr şey – uzun vә enli yazı stolu, stolun üstündәki qәlәm vә kağızlar: divar boyu qoyulmuş şkafların rәflәrindәki kitablar, һәr şey, һәr şey bizә son dәrəcә әzizdir.
Atamın kitabxanası çox zәngindir. Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nәsrәddin, Turgenev vә vә s. və s. Onlarla müәlliflәr, onlarla cildlәr… Bu cildlәrin һәr birini atam dәfәlәrlә vərəqləmiş, һәr birindә atamın qeydlәri var. Budur, A. S. Puşkinin 1907 – ci ildә Sankt – Peterburqda nәşr edilmiş on iki cildliyi. “Yevgeni Onegin” çap olunmuş cildi rәfdәn götürüb vərəqləyirəm. Sәһifәlәr atamın qeydlәrilә doludur. Poemanın qurtaracağında, sәһifәnin tәmiz һissәsindә isә atam bu sözlәri yazmışdır: “Eşq olsun belә sәnәtkara!” …Yaxud başqa bir kitab: Sabirin “Hopһopnamә”si. Kitabın sonuna atam bu sözlәri yazmışdır: “Sәnә min rәһmәt!” …Bu misalların sayını istənilən qәdәr artırmaq mümkündür…
Atam çox oxuyurdu. Әlbәttә ki, onun әn çox sevdiyi şeir kitabları idi. O özü son vaxtlar tez – tez etiraf edirdi ki, onun yaradıcılıqda kamillәşmәsindә kitabların, mәһz bәdii әdәbiyyatın olduqca böyük rolu olmuşdur.
Yaxşı yadımdadır. Mәn Moskvada tәlәbә ikәn atam Moskvaya gәlmişdi. Mәnim yaşadığım otaqda oturub çay içirdik. Birdәn o, mәndәn soruşdu:
– Son vaxtlar bәdii әdәbiyyatdan tәzә nә oxumusan?
Mən cavab verdim ki, başım imtaһanlara yaman qarışıb, tәzә әsәrlәri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolun üstünә qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dәrindәn bir neçә dәfә sümürdü. O, gözlәrini qıydı. Mәn başa düşdüm ki, atam əsәbilәşmişdir. Çünki o, һәmişә әsәbilәşәndә gözlərini qıyırdı. Atam başını buladı.
– İyirmi yaşında bir cavan deyәndә ki, tәzә әsәrləri oxumağa vaxtım yoxdur, tüklәrim ürpәşir, – dedi. A bala, necә yanı vaxtım yoxdur?! İnsanda arzu olsa, һәmişә vaxt tapa bilәr. Mәn sәnin yaşında olanda əlimә nә keçirdisә oxuyurdum. Bәzәn sәһәrә qәdәr yuxusuz qalırdım… Qәribә sözdür, vaxtım yoxdur…
Mən üzr istәyib söz verdim ki, bir dә belә sözlәri deməyəcəyəm.
Sonralar atam һәr dәfә Moskvaya gәlәndә mәn ona, necə deyәrlәr, oxuduğum әsәrlәr һaqqında һesabat verirdim…
Bir dәfә, yenә dә Moskvada, meһmanxanada әdәbiyyatdan, kitablardan söһbәt edirdik. Atam söһbәtin sonunda dedi:
– Eh, deyirәm ki, adamın imkanı ola, ucqar bir yerә çәkilib sәһәrdәn axşama qәdәr oxuya. Ömür keçir, amma cild – cild kitablardan insanın xәbәri olmur…
İndi mәn һәr dәfә atamın kabinetinә ayaq basanda onun kitablar vә bәdii әdәbiyyat һaqqında dediyi sözlәr qulaqlarımda sәslәnir: “Oxu, bacardıqca oxu oxumaqdan һәlә һeç kәs zәrәr çәkmәyib…”. “Mәn dünya әdәbiyyatını vərəqləmişəm, amma yadıma düşәndә bir kitab var, onu oxuya bilmәmişәm, min dәfә heyfsilәnirәm…”. “Bu kitablar olmasaydı, mәn indiyəcən yazdıqlarımın һeç yarısını da yaza bilmәzdim…”.
Bir һadisә ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya, yay tәtillәrinә gәlmişdim. Axşam saat on bir radәlәrindә bilmirәm, nә iş üçünsә atamın yanına – kabinetә girdim. Mәnim ayaq sәslәrimi eşidib başını qaldırdı. Mәn onun yaşarmış gözlәrini gördüm. Sözün düzü, özümü itirdim. Hәlә indiyә kimi heç bir vaxt atamı gözüyaşlı görmәmişdim. O, mәni yanına çağırıb, әlindә tutduğu “Hopһopnamә”ni stolun üstünә qoydu vә kövrәlmiş bir sәslә dedi:
– Deyirәm, görәsәn Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı?! Eh, namәrd dünya!.. Sәn Sabiri oxumusanmı?
Cavab verdim ki, oxumuşam.
– Oxu, һәmişә oxu. Yoldaşlarına da de ki, oxusunlar, – deyә atam bir an susdu, sonra әlilә kitab şkaflarını göstәrdi.
– Bax, mәn dünyanı tutub durmayacağam… Bu kitabların һamısı sәnin olacaq. Әgәr bir gün sәn bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mәn qәbrdә dә bundan xәbәr tutacağam…
Qalacaqdır dünyada…(S.Vurğun haqqında xatirələr). (Tərtib edəni: Cavid Məmmədbəyov; Redaktoru: prof. Kamal Talıbzadə). B.,“Azərnəşr”, 1973, s.48-50.
Yusif Səmədoğlu
Bağımızın qonşuluğunda, hasarın o üzündə yetimxana vardı…
Müharibә vaxtı biz uşaq idik. Yemәk-içmәkdәn korluq çәkirdik. Atam buna dözmәdi. Bir gün Şüvәlandakı bağbanımızı çağırıb, ona pul verdi vә dedi ki, “Get bir inәk al, saxla bağda. Çalış südlü inәk olsun. Hәm sәnin balalarının qarnı doysun, hәm dә bizә bir şey qalsın”. İnәk alındı vә biz hәftәdә bir-iki dәfә tәzә süd içmәyә başladıq. Yayda bağa köçәndә isә düz iki ay kef elәdik. Amma bir gün anam inәyi sağmağa gedәndә gördü ki, inәyin yelini boşdur. Әliboş geri qayıtdı vә dedi ki, “Ay Sәmәd, bu gün uşaqlar südsüz qalacaqlar, inәyi sağıblar”. Atam tәәccüblә anamın üzünә baxdı, o isә çiyinlәrini çәkdi. Ertәsi günü dә südsüz qaldıq. Üçüncü günü dә bizdәn qabaq gәlib inәyi sağdılar. Başladıq ondan-bundan şübhәlәnmәyә. Malı itәnin imanı itir deyiblәr, gümanımız bağbana gәldi, amma kişiyә heç bir söz demәdik. Dördüncü günü yuxudan duranda gördük ki, atam lap tezdәn oyanıb bağda gәzinir. Anam vedrәni götürüb inәyi sağmağa getmәk istәyәndә atam qoymadı. “A Xavәr, getmә, uşaqlar bu gün dә südsüz qalacaqlar” – dedi. Dönüb tәәccüblә üzünә baxdıq. Onun gözlәri hәm nәmlәnmişdi, hәm dә gülürdü. Heç nә başa düşmәdik. Hәm inәyimiz sağılmışdı, hәm dә atamın kefi kök idi. Sәn demә atam tezdәn oyanıb bağa çıxır. Bir dә görür ki, bir uşaq hasardan aşıb bağa gәldi vә sinә-sinә inәyin yanına getdi. Onu tumarladı, әmcәyini sığalladı, buzovu altına salıb әmizdirdi vә özü dә buzovla bәrabәr inәyin әmcәyini sormağa başladı. Aradan bir az keçәndәn sonra hasardan başqa bir uşaq atıldı. O da gәlib inәyi әmdi. Bunlar gedәndәn sonra başqaları gәldi. Atam gülә-gülә dedi: “Saydım, düz sәkkiz uşaq hasardan aşıb gәldi vә inәyi növbә ilә әmdi”.
Bağımızın qonşuluğunda, hasarın o üzündә, yetimxana vardı. Başa düşdük ki, inәyimizi әmәnlәr vә bizi südsüz qoyanlar yetimxananın uşaqlarıdır. Arxayınlaşdıq. Yәqin etdik ki, atamız yetimxanaya gedәcәk, direktoru çağırtdıracaq, әhvalatı ona danışacaq vә biz dә bundan sonra inәyimizin südünü özümüz içәcәyik.
Sәhәr çörәyimizi yeyәndәn sonra atam bağbanımızı çağırtdırdı. Özü inәyin çatısını açdı:
– Apar bu inәyi yetimxanaya ver. De ki, Sәmәd Vurğun göndәrib. Qoy südünü sağıb uşaqlara versinlәr.
İnәk getdi, biz dә südsüz qaldıq…
Hәmişә olduğu kimi, bir yay Kislovodskiyә, istirahәtә getmişdik. Yenicә kişilәşәn vaxtım idi. Evdә-eşikdә tapılmırdım. Şәhәrin ayağından vurub, başından çıxırdım. Atam nә qәdәr danlasa da, gecәlәr evә gec gәlirdim. Bir gün yenә evә gecәdәn xeyli keçmiş qayıtdım. Atam yatmamışdı. Amma bu dәfә acıqlı deyildi, gözlәri gülürdü. İstәdim yanından keçib yatmağa gedәm. Sözün düzü, yaman yorulmuşdum. Qolumdan tutub saxladı:
– Ayә, a Yoska, getmә. Tәzә bir şeir yazmışam, onu sәnә oxuyacam. Qxudu. Hәm yuxum gәlirdi, hәm dә kefim bir az yuxarı idi. Heç nә başa düşmәdim. Amma bircә kәlmә dedim:
– Pis şeirdir.
Tәәccüblәnsә dә, bir söz demәdi. Getdim yatmağa.
Sәhәri xeyli gec oyandım. Әl-üzümü yuyub gәlәndә gördüm ki, hamı çay-çörәyini çoxdan yeyib. Mәn dә özümә çay süzdüm. Atam fit çala-çala eyvanda gәzinirdi. Gördüm sözlü adama oxşayır, çörәyimi yeyәndәn sonra mәnә nәsә deyәcәk. Elә dә oldu:
– Ayә, a Yoska, bütün gecәni yatmamışam, şeiri tәzәdәn işlәmişәm. Çox yaxşı şeirdir, oxuyum, bir dә qulaq as.
Yerimi rahatladım:
– Oxu.
Özünә mәxsus ahәnglә oxudu vә gözünü üzümә zillәdi. Onun adәti idi: tәzә şeir yazan kimi mütlәq bizә oxuyar vә fikir soruşardı. İndi də mənim fikrimi bilmək istəyirdi. Tərəddüdsüz sözə başladım:
– Axşam da dedim, indi dә tәkrar edirәm, pis şeirdir. Hәm dә siyasi cәhәtdәn yanlışdır. Necә yәni “mәn tәlәsmirәm”? Bu saat bütün dünya, bütün ölkә tәlәsir, kommunizmә tez çatmaq istәyir, sәnsә ətәyimizdәn geri çәkirsәn vә deyirsәn: “Bu saat, bu dәm, mәn heç yana tәlәsmirәm, tәlәsmirәm”. Bu, әn azı siyasi savadsızlıqdır. Kommunizm quruluşu işinә kömәk yox, mane olmağın tәbliğidir.
Gördüm atamın gülümsәr çöhrәsi ciddilәşdi, amma sifәtindәki “təbәssüm” itmәdi. Ağarmış bığını sığallaya-sığallaya üzümә baxdığını gördüm. Mәn bu baxışlardakı istehzanı duydum vә daha da ciddilәşdim:
– Düz deyirәm, şeir zәmanәmizlә ayaqlaşmır.
Birdәn ayağa durdu vә üstümә acıqlandı:
– Ayә, mәnim dalımı yeyәn az idi, biri dә evimizdәn çıxdı?!
… Atam Moskvaya gәlmişdi. İki gün axtarıb tapa bilmәdim. Başı qarışıq idi. İclasları vardı. Üçüncü günü sәhәr tezdәn durub mehmanxanaya gәldim. Astaca içәri girdim. Gördüm hәlә yatır. Oyatmağa qıymadım. Qonaq otağında oturub gözlәdim. Atam hәmişә “Moskva” mehmanxanasında üç-dörd otaqlı lyuks nömrәdә qalırdı. İçәrinin havası ağır idi. Deyәsәn, gecә gec yatmışdı, yaman da papiros çәkmişdi. Pәncәrәni açdım. Stolun üstündәki böyük külqabı papiros kötüklәri ilә dolmuşdu. Bu kötüklәrin bәzilәrindә qırmızı lәkәlәr vardı. Pomadalı dodaq izinә oxşayırdı.
Qapı açıldı. Atam pijamada yataq otağından çıxdı vә mәnim papiros kötüklәrinә fikir verdiyim gözündәn yayınmadı. Gülә-gülә:
– Ә, a qırışmal, nәyә baxırsan, axşam yanıma tәrcümәçim gәlmişdi…
“Azərbaycan” j., 1990 №5, səh.44-46.
Aybəniz Vurğunqızı
ÖMRÜMÜN ATAMLA KEÇMİŞ XATİRƏLƏRİ
Hər gün atamın adıyla bağlı muzeyә gәlәndә qәribә һislәr keçirirəm. Düz on bir ildir ki, evimiz muzey olub. Bu, az müddәt deyil, lakin, bu evlә bağlı elә xatirәlәr var ki, onlar yada düşәndә evin muzey olduğuna inana bilmirәm. Bu xatirәlәri nә ekskursiya mәtninə daxil etmәk olar, nә dә eksponata çevirmәk… Bunlar ömrümün sonuna qәdәr qәlbimdә yaşayacaqdır…
1954-cü ilin fevralında atamın bәyәnib-seçdiyi bu evә köçdük. Anam, ev çox böyük olduğu üçün köçmәk istәmirdi. Bu barәdә öz narazılığını atama bildirәndә, o dedi: “Ay Xavәr, məni qınama, cavanlıqda o qәdәr darısqallıqda yaşamışıq ki, indi gözüm doymur, genişlik istәyirәm…”
Biz әvvәllәr Fioletov küçәsindәki 6 nömrәli evdә yaşayırdıq. İlk uşaqlıq xatirәm müһaribәnin başlandığı günlә bağlıdır.
Bir gün kimsә otaqdakı çilçırağa cuna keçirirdi, mәn dәһlizdә oynayırdım. Birdәn kimsә gәlib dedi ki, müһaribә başlayıb. “Müһaribə” sözünün dәһşәtli bir şey olduğunu böyüklәrin sifәtindәki һәyəcanlı ifadәdәn dә һiss etdim. Sonralar atamla anamın dәrdli-dərdli söһbәt etmәlәri, atamın tez-tez bizi bәrk-bәrk bağrına basıb evdәn һarasa çıxıb getmәsi, һəyәcan siqnalları eşidilәn kimi anamın bizi tәlәsik yuxudan oyatması (çox zaman üçümüzü dә paltarda yatırardı), Vaqifin anamın әlindәn qaçaraq oyuncaq tapançasını pəncәrәyә tuşlayıb “dayan, vurum faşist samalyotunu” demәsi, yuxulu-yuxulu kuklamı qucağıma almağım, zirzәmiyә düşmәyimiz, orada çoxlu həyəcanlı adamlar görmәyimiz, “müһaribә” sözünün dәһşәtini daһa da artırırdı.
O vaxtlar mәn atamın şair olduğunu da bilmirdim. Heç xәbәrim yox idi ki, o gün şair atam müһaribә mövzusunda ilk şeirini yazıb. Xәbәrim yox idi ki, atam – Sәmәd Vurğundur vә o, tez-tez evdәn cәbһәdә, xәstәxanalarda, radio vә ictimai tribunalarda çıxış etmәyә gedirmiş. Heç xәbәrim yox idi ki, şair atam “Ukrayna partizanları” adlı şeir yazmış vә bu şeir tәyyarәdәn siyasi vәrәqәlәr kimi Ukrayna meşәlәrinә sәpәlәnib partizanlara çatdırılmışdır…
O dәһşәtli günlәrdә evimizdә xüsusi bir qonaqlıq olduğunu da xatırlayıram. Evdә çoxlu adam var idi, bir azdan atam uzun saqqallı bir kişi ilә gәldi. Sonralar bildim ki, һәmin kişi görkәmli alim, Arktika fateһlәrindәn biri Otto Yulyeviç Şmidtdir.
* * *
Yazda bağa köçәrdik. Atam yük maşını gәtizdirәr, ev lәvazimatı, yorğan-döşәk maşına yüklәnәrdi. Biz, üç uşaq bu maşınla gedәrdik. Sevincimizin һәddi-һüdudu olmazdı. Nәnәm (anamın anası), atam vә anam minik maşınında ardımızca gәlәrdilәr. Yolda onların maşını bizi ötәndә atam әl elәyәr, işarә ilә dinc oturmağımızı tapşırardı.
Bağa çatan kimi özü quyudan su çәkib, evә daşıyardı, bizi dә özünә “kömәkçi” edәrdi, balaca qablarda su daşıyardıq. Axşamlar samovarın әtrafında oturub uzun-uzadı soһbәt edәrdik. Bağ günlәrimiz belә şәn keçәrdi. Sonra atamla anam şәһәrә gedәr, bir dә, adәtәn şәnbә günlәri bağa gәlәrdilәr. Biz – uşaqlar nәnәmizlә bağda qalardıq.
Atam bağda olanda onu doyunca görәrdik. Bizimlә tez-tez zarafat elәyәrdi. Bağımızdakı birmәrtәbәli evin uzun bir şüşәbәndi vardı. O vaxt şüşәbәndin yuxarı һissәsindә böyük bir stol qoyulmuşdu. Atam һәmişә stolun baş tәrәfindә oturardı. Bir dәfә, naһar zamanı o, boşqabından әn yaxşı sümüklü әt parçasını götürüb һәyәtә tәrәf getmәk istәyәndә: “ – Ata, onu mәnә ver”, dedim.
O isә: “Yox, bu Reksin payıdır”, – dedi. Mәn pәrt oldum: – “Eһ sәn bu iti bizdәn çox istәyirsәn”, – deyәndә o ciddi bir görkәm aldı: “ – Yox, һamınızı bir istәyirәm”, – dedi.
Hamı gülüşdü. Bu әһvalat o vaxtlar evimizdә vә bağda baş verәn başqa mәzәli әһvalatlar kimi tez-tez atamın yadına düşәrdi…
Atam һәyәtdә böyük һәvәslә işlәr, bağbanla birgә kartof, soğan pomidor, badımcan әkәr, onları suvarar, mәһsulu toplayardı. Bizə qonaq gәlәn qoһum vә dostlarına zәһmәtinin bәһrәsini göstәrib sevinәr, һamıya pay verәrdi. Atamın “bağbanlıq” fәaliyyәtinә һamıdan çox Mustafa bәy Topçubaşov (M.Topçubaşov vә S.Vurğun o zaman Azәrbaycan SSR EA-nın vitse-prezidenti idilәr) qiymәt verәrdi:
– Sәmәd, sәnin istedadın bu saһәdә dә özünü göstәrir. Mәn ömrümdә belә lәzzәtli kartof yemәmişәm.
Atamın vәfatından sonra biz Mustafa bәygilә tez-tez gedәrdik o, öz әziz dostunu ürәk ağrısı ilә yad edәr, onun sadәliyindәn, qeyri-adi bir şәxsiyyәt olmasından danışardı. Bir dәfә Mustafa bәy dedi:
– Ay qızım, mәn indi dә başa düşmürәm, bu dәһşәtli xәstәlik Sәmәdi necә tapdı. Axı, o, fiziki cәһәtdәn çox sağlam idi. Yalnız sol ayağına qan pis işlәyirdi, o da, adәtәn, papiros çәkәn adamlarda olur. Dönә-dönә tapşırmışdım ki, papirosu atsın. Hәtta bir neçə ildәn sonra onu ayaqsız qalacağı ilә qorxutmuşdum. Bir gün o, mәnə zәng edib sevincәk dedi:
– Mustafa bәy, deyәsәn, mәn bu papirosu tәrgidә bilmәyәcәyәm. İndi 50-yә yaxın yaşım var. Bu vaxtacan iki ayaqla yaşamışam, sәn deyәn olsa, on beş-iyirmi il dә bir ayaqlı yaşaram. Bu da bәsimdi… Tәki şeirimizi yaza bilәk. Sәn dә daһa bu barәdә fikir elәmә…
Mustafa bәy bunları danışdıqca mәn atamın ağrılı günlәrini xatırlayırdım. Axşamlar yerinә uzananda ya mәni, ya Vaqifi çağırırdı ki, onun ayağına baxaq. Qanın pis işlәmәsindәn elә һey gileylәnirdi, söz verirdi ki, daһa papiros çәkmәyәcәk, amma sәһәrisi yenә çәkirdi.
Yeri gәlmişkәn, deyim ki, Mustafa bәy atamdan sonra da bizim ailәmizә, һәtta balaca nәvәlәrә dә ürәkdәn qayğı göstәrәr, һörmәt edәrdi. Ondan һәmişә meһribanlıq görәr, evә ümidlә qayıdardıq.
Mustafa bәy Topçubaşov vә onun ömür yoldaşı Reyһan xanım, doğrudan da, dünyadan köçmüş bir çox dostlarının övladları üçün sözün hәqiqi mәnasında mәnәvi ata vә ana olmuşlar.