Читать книгу Almas İldırım xatirələrdə - Коллектив авторов, Ю. Д. Земенков, Koostaja: Ajakiri New Scientist - Страница 1
ОглавлениеALMAS İLDIRIM XATİRƏLƏRDƏ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 34-cü kitab
Almas İldırımın doğumunun 110-cu ildönümünə ithaf olunur
Ön söz
Mühacir şair Almas İldırım haqqında xatirə kitabını hazırlayarkən əlimdə olan bütün mənbələri bir araya topladım. Məlum oldu ki, indiyə qədər müəlliflər, şair haqqında kitab çap edənlər daha çox onun şeirlərinin təhlilinə yer veriblər. Şairin həyatı haqqında olan bilgilər isə tamamilə bir-birinin bənzəri olan məlumatlar idi. Halbuki, Almas İldırımın həm həyatda yaşayan övladları vardı, həm də ki mühacirət mətbuatından onunla bağlı nələrsə tapmaq mümkün idi.
Biz daha çox bu “nələrsə”nin arxasına düşdük. Çünki daha əvvəl çap etdiyimiz xatirə kitablarının bir çoxu zamanında hazırlanmış şəkildə əlimizdə idi. Ona görə də onları təkrar çap etmək, yeni redaktə, ön sözlə təqdim etmək asan idi. Amma bu dəfə işə əlimizdə heç bir xatirə olmadan girişmişdik. Əmin idik ki, nələrsə əldə edəcək, mühacirət ədəbiyyatımıza yeniliklər qazandıracağıq.
Belə də oldu.
Bir neçə il öncə təsadüfən qarşımıza Türkiyə portallarının birində bir məqalə çıxdı. Adını unutduğum köşə yazarı, Ramiz Arda adında bir müəllimin xatirə kitabının yayımlandığını, bu xatirələrin zamanında Konyada bir qəzetdə çap olunduğunu qeyd edirdi. Xüsusilə, müəllifin marağına səbəb olan xatirələr Almas İldırımla bağlı idi. Yazının müəllifi zamanında Konyada çıxan qəzetdən bu xatirələri böyük zövqlə oxuduğunu, ona görə də bunların bir kitabda toplanmasına sevindiyini bildirirdi.
Bizim üçün ən maraqlı olan isə müəllifin Almas İldırımla bağlı xatirələrdən qeydlər verməsi idi. O qeydlərdən istifadə edərək “Fərqlilər” adlı kitabımda “Türk müəllimin Almas İldırım haqqında xatirələri” adlı yazı yazdım, arxivimdə olan orijinal Almas İldırım fotoları ilə birgə təqdim etdim. Bu ərəfdə isə Ramiz Ardanın Türkiyədən sifariş verdiyim “Palet” yayınlarından çıxan “O günlər” (2014) adlı kitabı ünvanıma yetişdi. Kitabda böyük həyəcanla Almas İldırımla bağlı hissəni taparkən pərişanlıqla üzləşdim. Belə ki, kitabda Almas İldırımla bağlı cəmi bir səhifə yazı vardı, sonda müəllif qeyd edirdi ki, Almasla bağlı xatirələrimi yazacağam. Amma kitaba o xatirələr nədənsə qoyulmamışdı. Görünür, ya redaktorun səhvi olub, ya da ki bilmədiyimiz səbəbdən kitaba tam qoyulmayıb.
İnternetdə araşdırma apardım. Məlum oldu ki, Ramiz Arda bu xatirələrini 11 iyun-21 dekabr 1961-ci il tarixləri arasında “Yeni Konya” qəzetində hissə-hissə yayımlayıb.
Ramiz Arda 1909-cu ildə Kosovaya bağlı Akova kəndində doğulub, 1928-ci ildə, Türkiyədə latın qrafikasına keçilən ərəfədə Seydişehirin bir kəndində müəllimlik həyatına başlayıb. Almas İldırımla isə dərs dediyi Ağın bölgəsində tanış olub.
Baş redaktoru olduğu “Yeni Konya” qəzetində yazdığı xatirələr də elə həmin ildən ta 1945-ci ilə qədərki dövrü əhatə edir. Ramiz Arda 1983-cü il dekabrın 13-də Konyada vəfat edib.
Beləliklə, əlimizdə tək yol qalmışdı. 1961-ci ildə Konyada çap olunan “Yeni Konya”nı tapmaq. Dostumuz, jurnalist Ruslan Rəhimovun sayəsində Ankarada yaşayan həmyerlimiz, tədqiqatçı Elnur Xəlilov kitabxana arxivindən qəzeti əldə edərək Almas İldırımla bağlı hissənin elektron variantını təşkil edərək bizə göndərdi.
Bu zəhmətlərindən dolayı hər iki dosumuza təşəkkür edirik.
Ramiz Ardanın xatirələri “Hatıralarımın acı bir yaprağı: Bir dava adamı Elmas Yıldırım” adlı hər biri kiçik həcmdə olmaqla 16 hissədən ibarət idi.
Artıq ilk xatirəni tapmışdıq, digərlərini də əldə edəcəyimizə inanırdıq.
İkinci əldə etdiyimiz xatirə oğlu, şair Azər Almasın oldu. Belə ki, Elazığda keçirilən şeir törəninin materialları arasında Azər bəyin atası haqqında söylədiyi nitq əsasında yazı hazırladıq. Eləcə də, Azər bəyin və onun oğlu İldırım Rutilin mətbuata verdiyi müsahibələr əsasında xatirələr hazırladıq. Daha sonra isə Məhəmməd Əmin Rəsulzadənin Berlində çap etdiyi “Kurtuluş” jurnalından Almas İldırımın xatirə xarakterli iki məqaləsinə, “Azerbaycan”, “Yeni Kafkasya” kimi mühacirətdə çıxan digər jurnallarda isə onun ölümü ilə bağlı yazılara rastladıq.
“Kurtuluş” dərgisinin 1935-ci ildə çap olunmuş 5-ci sayında Mustafa imzası ilə yayımlanmış “Almas İldırım bəyin “Gölcük” şeiri münasibətilə” adlı bir təhlil məqaləsini də aşkarladıq. Lakin mühacirət mətbuatındakı bu kimi məqalələr xatirə xarakterli olmadığı üçün, təkcə Əbdülvahab Yurdsevərlə, Feyzi Aküzümün yazısını təqdim etməyi münasib bildik.
Türkiyəli tədqiqatçı Enver Arasın “Hazardan Hazara Elmas Yıldırım” (“Manas” Yayın Evi, 2007) kitabından isə Almasla bağlı xatirə xarakterli kiçik nüanslara rastladıq. Almas İldırım haqqında kifayət qədər biliyə sahib olan Enver Arasın da Ramiz Ardanın xatirələri ilə tanış olmadığını gördük.
Xatirə kitabını hazırlayarkən Almas İldırımla bağlı onun ailəsindən çəkilən bir neçə televiziya proqramını da izlədik. Xüsusilə, 1990-cı ildə hazırlanan “Şairin səsi”, TRT Avazın çəkdiyi “Bir yar gəlir bizlərə” və digər verilişlərdən Almas İldırımın həm özü, həm də ailəsi haqqında məlumatları topladıq.
2017-ci ilin yanvarında isə Azərbaycan Dövlət və İncəsənət Arxivində yerləşən 666 nömrəli Almas İldırım fondu ilə tanış olduq. Bu fondda qorunan xatirələrin, fotoların, yazıların, məktubların surətlərini çıxararaq bizə gərəkli olanları kitaba əlavə etdik. Xüsusən, fondda saxlanılan materiallarda Almas İldırımın Bakı həyatı haqqında bilgilər vardı.
Fondda çalışmağıma şərait yaradan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevə, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibovaya, eləcə də, filologiya elmləri doktoru Abid Tahirliyəvə AMEA Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlıya təşəkkür edirəm.
Kitabı hazırlayarkən Almas İldırım haqqında Azərbaycanda aparılan tədqiqatlara da göz yetirdim. Mühacir şair haqqında ölkəmizdə ilk tədqiqatları mərhum alimlərimiz Abbas Zamanov və Maarif Teymur aparıb. Ötən il vəfat edən ədəbiyyatşünas, mətnşünas, publisist Maarif Teymur Almas İldırım haqqında sənədli film, “Qara dastan” kitabını hazırlayıb, şairin həmkarları ilə görüşüb, çoxlu məqalələr yazıb. Eləcə də, 2004-cü ildə “Öndər” nəşriyyatı tərəfindən çap olunan Almas İldırımın “Seçilmiş əsərləri” kitabını yayımlayıb.
Mərhum professor Abbas Zamanov Almas İldırımın Bakıdakı ailə üzvləri ilə görüşən ilk şəxslərdən olub, onun haqqında televiziya proqramı hazırlayıb. 1989-cu ildə çəkilən həmin televiziya proqramını əldə etmək imkanımız olmasa da, verilişdən fotolar tapdıq, kitabın sonuna əlavə etdik.
Azərbaycanın əməkdar jurnalisti, tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989-2006) olmuş mərhum Hacı Hacıyev isə 60 illik fasilədən sonra Almas İldırımın şeir kitabını Bakıda yayımlayıb. Həmin kitab “Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırım şeirləri ilə” adlanır.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev isə Almas İldırım haqqında “Didərgin şair” adlı monoqrafiya yazıb.
Mühacirətşünas alim Nikpur Cabbarlı “Azərbaycan mühacirət poeziyası. İcmallar və portretlər” (“Elm və təhsil”, 2014) adlı əsərində Almas İldırıma ayrıca bir bölüm həsr edib.
Tədqiqatçı Sona Xəyal AYB-nin “İrs” komissiyasının “Yüzilliklər” silsiləsindən “Almas İldırım 100” kitabını hazırlayıb, digər tədqiqatçımız Aygün Həsənoğlu isə “Ölməz eşqim Almas Yıldırım” əsərini yazıb.
Eləcə də, Azərbaycanda Almas İldırım haqqında ilk yazıları yazmış şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzinin məqaləsindən başlayaraq, imkanımız yetdiyi qədər müəlliflərin mətbuat yazılarına da diqqət göstərdik.
Onu da xatırladaq ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Almas İldırımın yüz illiyi ilə bağlı sərəncam verilib. Bu sərəncama əsasən, həmin il ölkədə mühacir şairlə bağlı silsilə tədbirlər keçirilib. Həmin il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almas İldırımın “Boğulmayan bir səs” adlı geniş həcmli kitabı nəşr edilib.
Almas İldırımın oğlu Azər Almas ölkəmiz müstəqillik qazandıqdan sonra bir neçə dəfə Bakıya gəlib, atası ilə bağlı təşkil edilən tədbirlərdə iştirak edib. Digər oğlu Aras Almas 13 avqust 1993-cü ildə Bakıda vəfat edib, Şüvəlanda dəfn olunub.
Onu da qeyd edək ki, Almas İldırımın Şüvəlanda heykəli qoyulub.
Almas İldırımın sağlığında Bakıda çap olunan yeganə kitabı “Dağlar səslənirkən” (1930, Azərnəşr) olub. Türkiyədə isə sağlığında “Boğulmayan bir səs” (1936) şeir kitabını, iki dəfə nəşr edilmiş “Bayatılar” kitabını nəşr edib.
Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi 1953-cü ildə “Seçilmiş əsərləri”ni, 1990-da isə “İgidlərə səsləniş” adlı kitablarını çap edib.
Güney Azərbaycanda isə 1993-cü ildə Böyük Rəsulvəndin tərtibatı ilə şairin “Seçilmiş qoşquları” adlı kitabı dərc olunub.
Beləliklə, artıq əlimizdə kiçik həcmli də olsa, Almas İldırımla bağlı “Xatirə ədəbiyyatı” seriyasından kitab çıxaracaq qədər material vardı.
Kitab üçün şəxsi arxivimdə olan Almas İldırımın iki fotosunu, Türkiyədə çıxan ilk və ikinci kitabının üz qapaqlarını, Türkiyədə hazırladığı “Bayatılar” kitabının imzalı variantını və Almas İldırımın mühacir siyasilərdən Mirzə Bala Məhəmmədzadəyə yazdığı məktubu da əlavə elədik.
Artıq hazırladığımız kitab əlinizdədir, ümid edirəm ki, bu kitabın növbəti nəşrlərinə qədər axtarışlarımız nəticəsində yeni xatirələr, materiallar əldə edəcəyik və daha da zənginləşdirəcəyik.
Dilqəm ƏHMƏD
İstanbul, 21 Mart, 2017
BOĞULMAYAN BİR SƏS
Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində doğulub. Atası Əbdülməhəmməd və anası Nisə xanımın ilk övladı olub. Almasdan sonra ailənin Sona və Ziba adlı qızları, Əbdüləli, Məhəmmədəli və Heydər adlı oğlanları da doğulub.
Almasın əsl adı Əbülhəsən olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb. E.Aras Almas adının onun babasına məxsus olduğunu yazır. İldırım adının qaynağına gəldikdə isə, Ramiz Ardanın xatirələri bu baxımdan maraqlıdır. Ardanın yazdığına görə, Almas doğularkən Bakıda güclü yağış yağır, ildırım çaxırmış. İldırım adı da doğulduğu günün xatirəsidir. Bu məlumatı Almasın özünün Ramiz Ardaya danışması ehtimalı yüksəkdir. Elazığdakı qeydiyyat sənədlərində də şairin adı İldırım olaraq qeyd olunur.
Bakıdakı ilk kitabında ad-soyad Almaszadə Yıldırım, Türkiyədəki ilk kitabında isə Elmas Yıldırım kimi yazılıb.
Mühacirətdəki mətbuatda əsas imzası “Elmas Yıldırım” olub. E.Aras “Demokrat Malatya” qəzetində (1952-ci il, 270-ci say) Almas İldırımın “İki Nokta” imzasından istifadə etdiyini qeyd edir.
Elazığdakı əhalinin qeydiyyatı ilə bağlı sənəddə Almas İldırım atasının adı Mehmet kimi qeydə alınıb.
Heyvandarlıq, əkinçiliklə yanaşı ticarətlə də məşğul olan Əbdülməhəmməd kişi 1913-cü ildə Bakıdan 40 km məsafədə yerləşən Şüvəlana köçür, ardınca isə Çəmbərəkəndə yerləşir.
Ailə Saraykin küçəsi, 7 nömrəli evdə yaşayır.
Enver Aras şairin atasının o dövrün şərtlərinə görə zəngin bir adam olduğunu hesab edir: “İldırımın atasının 1500 illik tarixi Qala kəndində tarlaları, qoyun sürüləri, Çəmbərəkənddə iş yerləri, Şüvəlanda bağ-bağçaları, ticarətxanaları və Xəzərin sahilində yük gəmilərinin olduğu bilinir”.
Ramiz Ardanın yazdığı xatirələrdən də aydın olur ki, Almasın ailəsi, həqiqətən, müəyyən qədər imkana sahib olub. Təsadüfi deyil ki, Almas İldırım almanlar Bakını azad edərsə, var-dövlətini Ramiz Ardayla bölüşəcəyini ona bildirir.
1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Almas fars dilinə yiyələnir. Onun ilk şeiri hesab edilən “Qaldı” rədifli qoşmasının burada oxuyarkən yazdığı ehtimal olunur. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin “Nümunə” məktəbində təhsil alır. Bu məktəbdə o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir.
1927-ci ildə Almas Azərbaycan Dövlət Universitetinin Şərqiyyət fakültəsinin Ədəbiyyat bölümünə daxil olur, lakin atasının tacir olması əsas gətirilərək xaric olunur. Bolşeviklər həmçinin Əbdülməhəmmədin Şüvəlandakı bağını, Çəmbərəkənddəki evlərini də ələ keçirirlər.
Təbii ki, onun universitetdən qovulmasının səbəbi təkcə atasının tacir olması deyildi. E.Aras yazır: “Ən önəmli səbəblərdən biri milli düşüncələri ilə xalqın hislərinə dərman olmasıydı. Hətta 1927-ci ildə Bakıda yazıb, “Qiyabi çox sevdiyim Faruk Nafizə” sözləri ilə Faruk Nafizə ithaf etdiyi “A dağlar” şeiri mərkəzi Ankarada yerləşən, İstanbulda nəşr edilən “Həyat” jurnalında yayımlanması mühüm səbəb idi”.
Almas İldırım təhsili ilə yanaşı o dövrdə fəaliyyət göstərən ədəbi dərnəklərin də üzvü idi. O, 1919-cu ildə Seyid Hüseynin qurduğu “Yaşıl qələmlər”, 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə qurulan, gizli şəkildə fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəklərində yer alır.
“Yaşıl yarpaq” dərnəyinin “Yaşıl yarpaqlar” adlı divar qəzetində şeirləri çap edilən Almas İldırımın bu illərdə dostluq etdiyi şəxslərdən biri də şair Mikayıl Müşfiq olur.
Bu barədə Süleyman Rüstəm yazır: “Köhnə bolşevik Həbib Cəbiyevin köməyi ilə Qızıl Gənc Qələmlər Cəmiyyətini təşkil etmişdik. Həmin Cəmiyyətin rəhbərlərindən biri də mən idim. Biz komsomolçular, Gənc Qızıl Qələmləri yaradarkən sosialist varlığının əleyhinə gizli fəaliyyət göstərən bir sıra millətçi ruhlu, müsavatçı düşüncəli adamların təsirinə düşən gənclər də Sabir kitabxanasında “Yaşıl qələmlər” təşkilatı yaratmışdılar. Onlar burada “Yaşıl yarpaq” adlı divar qəzeti də buraxırdılar”.
A.İldırım daha sonra Azərbaycan Ədəbiyyatı Cəmiyyəti, 1928-1929-cu illərdə qurulan Kitab Dostları Cəmiyyətində təmsil olunur. O, sonuncu dərnək vasitəsilə Mirzə Ələkbər Sabir adına Dövlət Kitabxanasında tərdib edilən toplantılarda iştirak edir. “Kitab Dostları Cəmiyyəti”nin üzvləri arasında Süleyman Rüstəm, Seyid Hüseyn, Hüseyn Namiq, Zərbəli Hafiz, Məmməd Rahim, Mikayıl Müşfiqi kimi şair və yazıçılar da vardı.
Şübhəsiz ki, Sovetlərin ilk illərində Azərbaycan yazıçılarının yaratdığı və getdikcə nüfuz qazanan bu cəmiyyətlər Çekanın diqqətindən yayınmır. Ona görə də cəmiyyətlər nəzarət altına alınmaq üçün birləşdirilir, 1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradılır. Almas İldırım bu quruma üzv olmaq məcburiyyətində qalır.
Bu cəmiyyətin ədəbiyyat qarşısında qoyduğu əsas məqsəd yeni rejimə xidmət etmək, onu xalq arasında tərənnüm etmək idi. Ona görə də cəmiyyət tərəfindən üzv olan ədiblərin yaradıcılığı sərt senzuradan keçirdi. Almas İldırımın bu cəmiyyət haqqında yazdığı xatirəsindən də oxuyuruq ki, hər kəlmənin üzərində ciddi müzakirə gedirmiş.
Bu dövrdə Almas İldırımın yeni rejimin yaratdığı mühiti tərənnüm edən şeirlər yazmaması ilə yanaşı onun latın qrafikalı əlifba ilə bağlı söylədikləri qara siyahıya düşməsinə səbəb olur:
“Qardaşlar, ərəb əlifbasından latın əlifbasına keçmək çox vacib işdir. Türkiyə türkləri də bu yoldadırlar. Ancaq əminəm ki, bu, yaxın gələcəkdə məruz qalacağımız dəhşətli bir hadisəyə hazırlıqdır. Bununla vəzifəli yoldaşlar Moskvadan verilən fətva ilə kiril/rus əlifbasına keçməyə qədəm qoyurlar”.
Almas İldırım əminliyində haqlı çıxır. Necə ki, latın qrafikasının ardınca 1940-cı ildə ölkədə kiril qrafikası tətbiq edilir.
Almas İldırımın Əhməd Cavad, Hüseyn Cavid kimi şairlərin yanında olması, sovet rejiminin əmrlərinə canla-başla əməl etməməsi başda Cəmiyyətin sədri Mustafa Quliyev tərəfindən olmaqla ağır tənqidlərə məruz qalır. Proletar şairlərin və tənqidçilərin (Əkbər Ruhi, Əsəd Əyyubi, Süleyman Rüstəm) onun haqqında yazdıqları şairə sürgün qapısını açmış olur.