Читать книгу Topun kölgəsi - Коллектив авторов, Ю. Д. Земенков, Koostaja: Ajakiri New Scientist - Страница 1

Оглавление

Azərbaycan yazıçılarının hekayələri

Topun kölgəsİ

Cib kitabları – 6

KİTABIN İÇİNDƏKİLƏR

Anar – “Mən, sən, o və telefon”...........................5

Elçin – “Qatar. Pikasso. Latur. 1968.”.................49

İsi Məlikzadə – “Oğul”.........................................73

Kamal Abdulla – “Kölgə”....................................81

Rafiq Tağı – “Qatilə didaktika dərsləri”...........91

Orxan Fikrətoğlu – “Axrestomatik əhvalat”....123

Şəmil Sadiq – "Mən ölmüşdüm".....................131

Xanəmir Telmanoğlu – “Topun kölgəsi”.........147

Pərviz Cəbrayıl – “Qətl sınan gecə”..................157

Kənan Hacı – “Sonuncu gediş”..........................175


Anar

Mən, sən, o və telefon


Telefon nömrələri

Oxşamaz bir-birinə

amma hamısında

insan səsi…

…pis günlər

oxşamaz bir-birinə

birində özün susarsan,

birində telefon.

Vaqif Vəkilov


Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pas-portunun nömrəsini, axırıncı işində aldığın maa-şını, dostunun avtomobilinin nömrəsini, aya qə-dər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiy-yə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyin-dən gələn bənövşə ətri. Bəzən mən qara telefo-nun dəstəyini elə qaldırırdım, elə bil royalın qa-pağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qo-yurdum, elə bil tabutun qapağını örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir mə-safədir – kilometrdir, millər, parseqlər.

Mən bu məsafənin beşdə dördünü keçə bi-lərəm – dörd rəqəmi yığa bilərəm, amma heç və-də son rəqəmi – beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır – açarını itirmişəm. Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur? Sə-ni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı. Min dəfə təkrar olu-nan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:

– Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı – bizim xanımlar. hələ evdə də bir çətən külfətimiz var – oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü. – Bu gün də biz Rasimi iti-ririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səa-dət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, ye-nə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına – bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma. Hamı mə-nə baxırdı, gülüşlərin və badələrin cingiltisi ara-sından tanış üzləri görürdüm – dostlarımın üzlə-rini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifa-də vardı. Qonaqlar dağılışanda biz hamımız – Fi-ruz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhəri gecəli küçələ-riylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:

– Yaxşı, Seymur, sənin toyunu haçan eləyi-rik?

– Uzaq gələcəkdə.

– Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O, şıltaq bir nəvazişlə ərinin böyrü-nə qısıldı. – Elə bilirsən ki, ailə həyatı cəhənnəm-dir.

Firuz:

– Özünə layiq qız tapa bilmir, – dedi.

– Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gö-zəl qızını tapsaq, evlənərsən?

– Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikri-mi dəyişərəm.

– Kamal:

– Gözümün işığı, – dedi, – gecənin bu vax-tında sənə hardan qız tapacağıq? Küçədən tap-mayacağıq ki… həm də gecənin bu vaxtında kü-çələri gəzən qızı almazsan yəqin.

– Bəli, – dedim, – tamamilə doğru buyurur-sunuz. Odur ki, bu söhbəti xətm edək.

– Mənim bir təklifim var, gəlin Seymura te-lefonla qız tapaq. Budur, bax, avtomat da var.

– Gözəl fikirdir, – dedim, – amma iki qəpik-liyim yoxdur.

Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.

– Nömrəni deyin.

Firuz:

– Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn… – birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya getməz. Birdən qayına-nanla yola getmədin, yapışacaqsan mənim xirt-dəyimdən.

– Qorxaq, – dedim, – məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boy-nuna götürmür. Kamal, bəlkə sən deyəsən.

– Mənim bir təklifim var, – deyə Firuzun ar-vadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.

Firuz:

– Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. – İki.

Mən iki çəkdim. Firuzun arvadı:

– Doqquz, – dedi.

Kamal:

– Sıfır, – dedi və arvadına baxdı, – sən de.

– Mən? Nə deyim, bilmirəm… yaxşı, dörd.

Murad:

– Beş, – dedi.

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.

– Nişanlım yatıb, – dedim. Hamı gülüşdü. Mən dəstəyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağı-lışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özü-mü çox tənha hiss elədim.

Dəniz bağına qayıtdım, uzun müddət adam-sız bulvarı dolandım, birdən zəng elədiyim tele-fon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.

Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə – azacıq yorğun, aza-cıq da təəccüblü.

– Bəli.

– Salam.

– Salam. Kimdir?

– Mənəm. Gəlin tanış olaq.

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.

– Axı tanışlıq üçün vaxt bir az gecdir.

– Gecdir? Xeyr, əsla! Əsl vaxtdır. Mən bu sa-at ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.

– Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?

– Yox. Bəs siz ərdəsiniz?

O güldü.

– Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?

– Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklik-dən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.

– Bəs mənim nömrəmi hardan tapdınız?

– Təsadüfən. Ağlıma gələn rəqəmləri yığ-dım, vəssalam.

– Əcəbdir.

– Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.

– Olur, eybi yoxdur.

– Sizinlə görüşə bilərik?

– Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub ge-dəcək. Görərsiz.

– Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.

– Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istə-yirsiz, zəng eləyin.

– Doğrudan?

– Doğrudan. Gecəniz xeyrə qalsın.

– Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gə-lirdi ki, daha mən də tək deyiləm. Mənim də ki-mimsə var.

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimiz-lə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif for-maları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın ol-sun, qılığın olsun.

Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salma-mısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin ki-mi: siz heç bir şey qanmırsınız, nadansınız, cahil-siniz. Ona görə də…

– Ona görə də, – dedim, – sənin bu siyasət-çiliyin lap məni boğaza yığıb.

– Yaxşı, görürəm ki, səninlə adam kimi da-nışmaq olmaz. Gedək bizə çay içməyə…

Firuzun arvadı:

– Bilirsən, – deyirdi, – heç birimiz onu öyrət-məmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.

O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.

– Doğrudan, – dedi, – qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz – böyüklər də onların düzəltdiyi söz-lərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..

Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlin-dəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sı-fır idi, bəs ikinci – yadıma sala bilmirdim ki, bil-mirdim.

– Bura bax, Səmayə, o axşam sən hansı rəqə-mi dedin?

– Hansı axşam? Nə rəqəm?

İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana – qapıdan çıxanda Səmayə dedi:

– Hə, yadıma düşdü: doqquz. Mənim troll-leybusumun nömrəsidir.

– Allo. Salam. Mənəm.

– Salam. Kimdir?

– Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.

– Onda səsiniz başqa idi, – dedi və istehzayla əlavə etdi, – ya bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu tək-likdən şikayət edir. Məşğulətçin telefon macəra-larına qurşanmısız.

O, sərt və kəskin danışmağı bacarırdı.

– And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?

– Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, – o, arxayınlıqla güldü. – Deməli, bu gün ayıqsınız.

– Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.

– Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.

– Siz həmişə belə gec yatırsınız?

– Hə, mən gecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.

Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.

– Siz suallara cavab verməyi sevmirsiz, am-ma deyin, kimdir bu geçə vaxtı piano çalan?

– Aa, – o güldü. – Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan ça-lır. Divarlar nazikdir, bu qammalar məni lap cə-zana yetirib. Radiom işləyəndə heç olmasa eşit-mirəm onun çalmasını.

– Radioyla nəyə qulaq asırsınız ki?

– Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var – elə bil mən onun radiodalğa-ları üzərində gəzən barmaqlarını görürdüm – burda da kəsik-kəsik melodilərdir, uzaq okean-ların üstündən uçub gəlir.

Burda həmişə tufan uğuldayır, burda da an-lamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, am-ma hamı gülür, fit verir, əl çalır, mən də şənləni-rəm.

Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərin də eşidirəm.

Radio qəribə şeydir. Elə bil bütün dünya mə-nim otağımdadır. Dünyanın gecəsi. Göy, melo-diyalar, dramlar, təyyarələr…

– Təyyarələr niyə?

– Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bi-zim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?

– Radioyla təyyarələr qohumdurlar, eləmi? – deyə qəfilcəyə soruşdu.

– Hardan qohumdurlar ki?

– Səmadan, – dedi və yenə susdu. İndi dəs-təkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.

– Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.

Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə: mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım.

İşdəki çətinliklərimdən, köhnə dostum Fi-ruzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən.

Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.

Birdən özümə gəldim. Tələsik onunla xuda-hafizləşib dəstəyi asdım.

Evimə tərəf addımlaya-addımlaya düşünür-düm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar. Mən onun haqqında nə bilirdim? Heç nə.

Bircə onu bilirdim ki, gecələr o, radio dinlə-məyi sevir, qonşusu isə pianoda qamma çalır.

Bu hekayənin iştirakçılarından biri – tele-fondur. Mən telefon haqqında bir neçə kəlmə de-mək istəyirəm. Son vaxtlar mən telefonlar barə-sində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər.

Bizim laboratoriya müdirimizin otağında – masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır.

Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksi-nirdi.

Yəqin ona elə gəlirdi ki, bu mina – telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıb-lar, yaxud arvadın qaçıb…

Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir.

O, sanki mütiliyin, asılılığın, passivliyin, tə-şəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilir-lər, amma sən heç kəsə zəng vura bilmirsən.

Bu tipli telefonların müqabilində telefon av-tomatlar da mövcud idi. Telefon avtomatlar disk-siz telefonların tam əksi idi. Sən zəng edə bilir-sən, amma sənə cavab verə bilmirlər.

Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın, mə-suliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gə-mi üzərindəki üstünlüyünə oxşayırdı.

Bilsəniz evimdə telefon olmamasına nə qə-dər hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Ta-nış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.

Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.

Bu söhbətlərə alışmışdım – onun bir az yor-ğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radio-nun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.

Mən indi onun haqqında bəzi şeyləri öyrən-mişdim, amma çox az şey. Bilirdim ki, adı Mədi-nədir, tək yaşayır.

Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmir-dim.

Bir dəfə soruşdum:

– Neçə yaşındasınız?

– Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyə-tindən.

Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, el-mi idarədə işləyirəm.

Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmi-rəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, baş-qa idi.

– Axı biz haçan görüşəcəyik?

– Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm.

Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bi-lirəm, o da ürəyindəkiləri mənə deyə bilir.

Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub ge-dər.

Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, da-ha yaxşıdır. Ondansa işinizdən danışın.

Topun kölgəsi

Подняться наверх