Читать книгу Yağışla gələn dualar - Meyxoş Abdullah - Страница 1

Оглавление

Meyxoş Abdullah


Yağışla gələn

dualar

Hekayələr


1


2


Buraxılışa məsul:


Nizami Əlisoy

Mətn tərtibatı:


Yusif Əsgər


Yekun oxunuş:


Günel Haşımlı


Meyxoş Abdullah. Yağışla gələn dualar.

Bakı, “Köhlən” nəşriyyatı, 2022, 152 səh.


© Meyxoş Abdullah / 2022

© Köhlən Nəşriyyatı / 2022

İSBN: 978-9952-****-*-


Müəl ifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsul a surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəl iflik hüququ qanunvericiliyinə əsasən qadağandır!


3

Yağışla gələn dualar…


Kəndimizdən çox uzaqda, şəhərdə yaşayırdım. Anam isə kənddəki evimizdə, atayurdunda olurdu. İş-gücümün çoxluğu imkan vermirdi ki, tez-tez kəndə gedib, anama baş çəkim. Lap tez olanda ayda bir dəfə vaxt tapıb anama dəyirdim. Qocalmışdı, hiss olunurdu ki, ömrü get-gedə

qısalır onun. Amma buna baxmayaraq, hər dəfə

görüşəndə yeməyimdən tutmuş, geyim-kecimimə qədər hər şeylə maraqlanırdı və hər dəfə də həyat yoldaşıma bərk-bərk tapşırırdı ki, məndən muğayat olsun.

Həyat yoldaşım belə vaxtlarda gülüb deyərdi: – Ay ana, bəs, biz sənin doğmaların deyilik?! Niyə bizim qeydimizə qalmırsan, təkcə oğlunun fikrini edirsən?

Belə vaxtlarda anam köks ötürüb deyərdi: – Qızım, sizi də çox istəyirəm. Hamınız ürəyimin bir parçasısınız, amma evin çörək qazananı odur, hamınız ona bağlısınız.

Onun canı salamat olanda arxayın oluram, bilirəm ki, hamınız sağ və salamatsınız.

Anam məni övladlarının hamısından çox istəyirdi.

Həm evin böyüyü idim, həm də uşaqlıqdan çox əziyyət çəkmişdim. Atam erkən dünyasını dəyişdiyi üçün anamın və beş bacımın bütün yükü mənim boyunuma düşmüşdü.

Kiçik yaşlarımdan zəhmətə alışmışdım, səhərdən axşama kimi işləyirdim. Gecənin şirin yuxusunun nə

4

olduğunu bilməzdim. Gündüzlər iş-güc dalısıycan, gecələr də sübhün gözü açılana qədər kitab, dəftərlə

əlləşərdim. O vaxtlar fikirləşərdim, görəsən nə vaxtsa doyunca yatıb, gözümün qurdunu öldürə biləcəyəmmi?

İllər ötdü çətinliklə də olsa oxuyub vəzifə sahibi oldum, özüm üçün şəhərdə mənzil alıb, ev-eşik qurdum.

Ailədə uşaqların hamısından böyük olsam da, özümə

söz vermişdim ki, baçılarımı ev-eşik sahibi etməyincə ailə

həyatı qurmayacağam. Anam isə mənim bu fikirimlə

razılaşmırdı. – “Sən həyatını qur, mənim balam, hər kəsin bir qisməti var”, – deyərdi.

Mən evlənəndə, artıq, otuz iki yaşım var idı. Anam mənə görə çox nigaran idi.

Evlənəndən sonra istədim ki, anamı özümlə şəhərə, yanıma aparım. Amma o, razı olmadı; – mən şəhərdə

hökumət evində yaşaya bilmərəm, – dedi.

Səbəbini soruşanda isə gülüb deyirdi : – Ağrın alım, bir evin ki, ayaqyolusuyla mətbəxi bir addımlıqda olsun, orada nə xeyir, bərəkət olacaq, axı? Mənim belə şeyləri ürəyim götürmür, başına dolanım, məcbur eləmə məni, -

deyərək məni fikrimdən yayındırırdı.

Ara-sıra şəhərə, bizim yanımıza gələndə də, hiss edirdim ki, anam çox narahatçılıq keçirir. Bütün gün ərzində yediyi bir tikə çörək, içdiyi isə yarım stəkan çay olardi.

5

Belə vaxtlarda qollarımı onun boynuna dolayıb, ağ

saçlarından öpər və: – Ay ana, deyəsən, oğul çörəyinə

qıymırsan? – soruşardım.

– Yox, ağrın alım, niyə ki, mənim elə yeməyim budur, -

deyərdi. Amma bilirdim ki, arvad həyət evinə vərdiş

etdiyindən, şəhər evinin bu götür-qoyu onun ürəyincə

deyildir. İbadətkar olduğuna görə, evin içində olan ayaqyolu-filan onun heç xoşuna gəlməzdi. Buna görə də, uzaqbaşı iki gün qalıb kəndə qayıdardı. Həmişə də mənə

deyərdi ki, oğul, sən Allah, bu quş damından çıx, get özünə bir parça torpaq al, ev-eşik qur. Qoy, ailə, uşağının ayağı torpağa dəysin, rahat nəfəs alsınlar. Nədir, bu qutunun içinə girib yaşayırsınız?

Ona söz vermişdim ki, əlimə pul düşən kimi hökmən özümə torpaq alıb, ev tikəcəyəm. Mənim bu sözlərim onun ürəyinə yağ kimi yayılırdı. Deyirdi ki, əgər həyət evin olsa, gəlib həftələrlə yanında qalacağam.

Anamın son günləri çox ağır keçirdi. Xəstəliyi bir az da şiddətlənmişdi. Artıq, yataqdan qalxa bilmirdi. Kiçik bacım ailəsiylə birlikdə anamın yanında qalırdılar.

Arvadın qulluğunu da onlar tuturdular. Bu sarıdan çox arxayın idim, bilirdim ki, anamın hay-harayında kimsə

vardır.

Şəhərdə işlərim çox idi, vəzifə sahibi olduğuma görə

işdən çıxa bilmirdim. Çox vaxt kəndimizə, anamın yanına gecə gəlib, elə gecə də qayıdırdım. Bir az yubananda isə, qulağıma çatırdı ki, anam məndən gileylik edir.

6

Bacılarıma deyir ki, vallah, istəmirəm e gəlib məni görsün, gəlsin, barı, mən onu görüm.

Axırıncı dəfə gələndə iki günlüyə gəlmişdim. Arvad xeyli zəifləmişdi. Çuxura düşmüş gözlərində həyat eşqi yavaş-yavaş sönməkdəydi. Hər dəfə kirpiklərini vuranda gözlərinin ucunda yaş gilələnirdi. Əllərinin üstündəki gömgöy damarlar o qədər şişib, iriləşmişdi ki, hər dəfə

nəbzi vuranda əlinin dərisinin titrədiyini hiss etmək olurdu. O halıyla yazıq arvad hələ bir qeydimə də qalırdı.

– İş-gücünü buraxıb niyə gəlmisən, oğul, axı, elə o gün getdin? Yollar xatalıdır, başına dönüm, belə tez-tez gəlmə.

– Yaxşıyam, bax, heç yerim ağrımır, yemək-içməyimdə ki, qaydasındadır! – deyə məni qınayardı.

Amma bilirdim ki, anam bunları mənə görə deyir.

İstəmir ki, mən onun ağrıdığını görüm.

Onu zorla da olsa həkimə apardım. Getmək istəmirdi.

– Ay oğul, qoca arvadam, bu gün beləyəm, sabah yaxşı olaram. Bundan sarı niyə əziyyət çəkirsən? – deyirdi.

Onun könlünü almaq üçün ürək-dirək verirdim.

Deyirdim ki, bilirəm yaxşısan, heç bir xəstəliyin yoxdur.

Amma yenə də arxayın olmaq üçün, qoy həkim səni əməlli-başlı bir yoxlasın.

Həkim anamı müayinə etdikdən sonra, ehmalca mənə

dedi ki, anan son aylarını, bəlkə də son günlərini yaşayır.

Zəhrimara qalmış o xəstəlikdən tutub, xərçəngdir, ona əziyyət verməyin.

7

Həkimin bu sözlərindən sonra çox məyyus oldum.

Axı, anam elə də yaxşı gün görməmişdi. Ömrüboyu əziyyət çəkib bizi böyütmüşdü. Ağzının tikəsini çıxarıb bizlərə yedirtmişdi. Əsim-əsim əsmişdi biz balalarının üstündə. İndi hamımızın əliçörəyə çatdığı bir vaxtda, hamımız onun qulluğunu tutmaq istədiyimiz bir zamanda, yazıq arvadın gör başına nələr gəldi? Onun bu halı hamımızı pərişan etmişdi. Kəskin ağrılar içində

qovrulsa da, anam bu xəstə halıyla yenə də balalarını düşünər, bzim halımıza yanırdı.

Niyə görə ana balalarına bu qədər bağlı olur? –

düşünürdim. Balalarnın yolunda canını qurban verməyə

uf da deməzdi, mənim anam. Bu halıyla, ağrıyan canıyla hələ də bizim qeydimizə qalırdı, yalvarıb-yaxarırdı ki, onun xəstəliyinə fikir verməyək, balalarımızın, ailəmizin qeydinə qalaq.

İşimlə əlaqədar olaraq bir müddət olardı ki, anamı yoluxa bilmirdim. Amma hər gün bacılarıma zəng edib anamın vəziyyətini soruşardım. Deyərdilər ki, halı o qədr də yaxşı deyil, amma yalvarıb deyir ki, qardaşınıza ağrımağım barədə bir söz deməyin, iş-güc adamıdır narahat olub, elər. Doğurdan da, anamdansarı narahat idim. Gecənin bir aləmi telefonum qəfil zəng çalanda, bağrım yarılardı. Elə bilərdim ki, bacılarımdan hansısa zəng vurub mənə bəd xəbər deyəcəkdir. Beləcə, bir müddət də ötüb keçdi.

8

Bir gün böyük bacım zəng edib dedi ki, anamızın halı çox pisləşibdir, daha danışa bilmir. İki gündür yemək də

yemir, gör imkanın varsa ayaqüstü gəl, arvada dəy, gözləriylə səni axtarır.

Elə həmin günün səhəri kəndimizə, anamın yanına gəldim. Payız ayı idi. Çiskin yağış yağırdı. Kənd yeri olduğuna görə hər tərəf palçıq idi. Payızın bu qaş-qabaqlı havasatı, onsuz da xoş olmayan halımı bir az da pərişan etmişdi. Yolboyu analı günlərimi xatırlaya-xatırlaya maşın sürmüşdüm. Az yaşım yox idi, amma içim-içalatım sızlayırdı. Mən anasız necə yaşayacağam düşünürdüm?

Anamdan ayrı yaşamağıma, elə bil indi peşiman olmuşdim. Kaş, zorla da olsa onu yanımda saxlayardım, -

deyə özümü qınayırdım.

Maşını həyətimizin bir tərəfində saxlayıb yerə

düşdüm. Yağış aramsız olaraq yağırdı. Şəhərdən anam üçün gətirdiyim sovqatları maşından götürənə kimi azacıq islandım.

Həyətdə heç kəs gözə dəymirdi. Yağış yağdığına görə

hamı evin içinə təpilmişdi. Bir anlıq ayaq saxlayıb həyət-bacamıza göz gəzdirdim. Hər yanda anamın əlinin izləri görünürdü. Evdən bir az aralı olan təndir, təndirin böyürünə söykənən ikiqanadlı, sapı ütülmüş yaba…

Həmin yabayla anam təndirin közünü qarışdırardı.

Təndirin yanındakı əlyeri kimi istifadə etdiyimiz balaca daxma. Anam günün çox hissəsini bu daxmada keçirərdi.

9

Evin

dən-düşü,

bütün

ərzağı

həmin

daxmaya

yığıldığından onun iş-gücü də orada olardı.

Həyətin ortasında dayanıb ciyərdolusu nəfəs aldım.

Hər yandan anamın iysi gəlirdi… Anamın iysi, eynən, təndirdən təzə çıxarılmış isti çörək iyinə bənzəyirdi…

Eyvana qalxıb, anam yatdığı otağa keçdim. O, çarpayıda uzanmışdı. Gözləri yumuluydu. Bacılarımın hamısı onun yatağının ətrafında oturmuşdular. Məni görən kimi hamısı ayağa qalxıb ağlaya-ağlaya mənimlə

görüşdülər.

Anama yaxınlaşıb yastığının yanında oturdum. O, çox dəyişmişdi. Əvvəlki halından əsər-əlamət qalmamışdı.

Güclə nəfəs alırdı. Gözlərim yaşardı. Əlimi onun alnına qoydum, alnı buztəki soyuq idi. Əlimin hərarətindənmi, ya nədənsə anam gözlərini açıb üzümə baxdı və xırıltılı səslə:

– Elburus, oğlum, sənsən?! – soruşdu.

Əyilib onun ağarmış saçlarından, o qırışlı soyuq alnından öpdüm. – Hə, anacan, mənəm, gəlmişəm! -

dedim.

Bu an bacılarım bərkdən ağladılar. Böyük bacım bildirdi ki, bir həftədən artıqdır anamız bir kəlmə də

olsun ağzını açıb danışmırdı. İndi səni görüb danışdı.

Anam sağ əlini mənə tərəf uzatdı. Mən onun əlini ovucumun içinə alıb öpdüm. Onun əlindən, təndirdən təzə çıxmış isti çörəyin iysi gəlirdi. O, əlini mənim saçlarıma tərəf uzatdı. Həmişə belə edərdi, ta uşaqlıqdan 10

bu yaşıma qədər hər dəfə onunla görüşəndə əlini saçlarımda gəzdirib sığallayardı. İndi də bildim ki, yenə

də saçlarımı sığallamaq istəyir.

Rahat olsun deyə, başımı ona tərəf əydim. Anamın titrək barmaqları bir müddət saçlarımda ilişib qaldı.

Sonra sürüşüb çiynimə düşdü. O əlini mənim pencəyimin yaxalığında gəzdirdi. Birdən anam həyəcanlı səslə dedi:

– Elburus… Oğlum… yağış yağır?!..

– Hə, anacan, bilirsən necə narın yağış yağır… Elə

gözəll yağır ki… – dedim.

Anam taqətsiz əlini ehmalca havada yelləyib:

– Eh!.. Bu yağış niyə yağır ki?.. – deyə zarıdı.

Onun könlünü oxşamaq üçün:

– Ana, yağış nurdur, bərəkətdir, qoy yağsın! – dedim.

Anam başını bulayaraq güclə eşidiləcək səslə:

– Oğlum, özümə görə demirəm e, onsuz da mən ölürəm… Axı, yağışlı havada siz əziyyət çəkəcəksiniz.

Məni bu yağışlı havada necə basdıracaqsınız?..

Anam bu sözləri deyəndən sonra gözlərini yumdu…

Mən hönkürdüm…

Yazıq anam, bu boyda, ayrılığın içində hələ də bizim qeydimizə qalırdı.

… Anamın cənazəsini çiyinlərimizə alıb son mənzilə

yola salanda, göydən narın-narın payız yağışı yağırdı. Bu çiskinli payız yağışı anamın xısın-xısın ağladığı vaxtlar, yanağından süzülən göz yaşlarına bənzəyirdi. Anam 11

ölmündən sonra da, elə bil, bizim halımıza ağlayırdı…

Mənim yazıq və mehriban anam…

12

Altıncı mərtəbə

(hekayə)


… İki il olardı həyat yoldaşım dünyasını dəyişmişdi. O, rəhmətə gedən ili oglumuz Səlim yeddi yaşındaydı, birinci sinifdə oxuyurdu. Anasının ölümü uşağa pis təsir etmişdi. O, bu yoxluğa heç cür öyrəşə bilmirdi. Hər gün gecəyarısı yuxudan ayılar, ağlaya-ağlaya anasını çağırıb bagrımı qana döndərərdi.

Belə vaxtlarda oğlumu qucagıma alıb, sübhün gözü acılana qədər onu otağın içində ora-bura gəzdirərək, ovutmağa çalışardım. Əslinə qalsa, ürəkdən yuxa idim, uşağı belə vəziyyətdə görəndə özümü heç cür ələ ala bilməyib mən də hönkür-hönkür ağlardım.

Həyat yoldaşımın ilindən sonra, qohum-əqraba, dost-tanış üstümə düşdü ki, bəs, ev-eşiyi yiyəsiz qoymayım: -

“Qadınsız ev suyu qurumuş dəyirman kimidir”, gərək evlənəsən – dedilər. Həm də, balaca Səlimə ana qayğısı lazımdır, necə olsa körpədir, yemək-icməyi, geyim-kecimi vardır, – deyə məni başa salmaga calışırdılar.

Nədənsə, yaxınlarımın məsləhətləri beynimə batmırdı.

Rəhmətlik, həyat yoldaşım Sonadan sonra evimdə özgə

bir qadının olmasını ağlıma belə sığışdıra bilmirdim.

Çünki evdə hara baxırdımsa, hansı əşyaya əl vururdumsa, orda rəhmətliyin əllərinin izini görürdüm, nəfəsini hiss edirdim. Bir dəfə lap qorxan kimi də

13

oldum… Günortaya az qalırdı, bərk yağış yağırdı. Oğlum Səlim hələ dərsdən dönməmişdi. Fikirləşdim ki, o gəlincə

divanda uzanıb, bir az gözlərimin acısını alaram.

Tənbəllik etdiyimdən üstümə heç nə örtməyib elə beləcə

uzandım. Nə qədər yatdığımı özüm də bilmirəm, yağışlı havada yatmağı elə xoşlayıram ki… Yuxuda həyat yoldaşımı gördüm, üstümü örtə-örtə deyirdi: – “Həzi, sənə neçə dəfə demişəm ki, yatanda üstünə bir şey sal, naxoşlayarsan axı…”

Yuxudan hövlank ayıldım. Gördüm ki, üstümdə

yorğan var. Uzandıgım yerdəcə quruyub qaldım, gözlərimə inanmadım. Axı, yatanda üstümə bir şey salmamışdım, bu yorğan hardan gəlib çıxdı? –

düşündüm. Əlimi yorğana sürtdüm, qabaqlar işdən qayıdıb, şam yeməyi yeyəndən sonra, divanda uzanıb, azacıq mürgü vurduğum zaman, rəhmətliyin üstümə

örtdüyü güllüyorğan idı.

Möhkəmcə qorxduğumdan, başımın tükləri biz-biz olmuşdu. Ayağa qalxıb, otaqları dolaşdım. Mətbəxə

kecəndə gördüm ki, oğlum dərsdən qayıdıb çörəyini yeyir…

Oğlum Səlimə gəlincə o, məndən də həssas idi. Bir dəfə məktəbdə sinif yoldaşlarından hansısa ağzından qaçırıb ki, bəs atan təzə arvad alacaq. Uşaq məktəbdən qayıdıb həyətə girən kimi çantasını bir yana tullayıb, gəlib durdu bir addımlığımda və gözlərini zillədi dik gözlərimin içinə:

14

– “Ata! – dedi, – uşaqlar danışırlar ki, guya sən təzə

arvad gətirəcəksən evimizə. – Bax, sənə deyirəm, əgər belə

etsən mən də gedib qəbristanlıqda anamın yanında yataçağam.– Sənə də heç vaxt ata deməyəcəyəm, özün bilərsən onda…”

Bir tikə uşagın belə danışmağı, məni qorxutdu.

Düşündüm ki, əgər belə bir iş tutası olsam, onda uşaq özünə xətər-zad toxundurub, edər. Ona görə də, qohum-əqrabaya dönə-dönə tapşırdım ki, məbadə mənim evlənmək məsələmdən söz açasınız. Mən əziyyət çəkib Sonamın bircə yadigarını özüm böyüdüb, boya-başa çatdıraram.

O vaxtdan hec kəs ürək eləyib, bir də bu barədə mənə

söz demədi.

Uzun qış gecələrində ata-bala oturub söhbət edər, ona maraqlı nağıllar danışardım. Bir də görərdin, nağılın şirin yerində oğlum qayıdıb deyərdi:

– Ata, hər tərəf qardı, bəs, anam torpağın altında üşümür?!

Onun bu sözlərindən sonra çarəsiz qalırdım. Necə onu başa salaydım ki, bu qarın, sazagın ölüyə nə dəxli var, axı? Amma qəlbini sındırmamaq üçün bir şey uydurub deyərdim. Deyərdim:

– Yox, ağıllı balam, anana orda soyuq deyil. Ona görə

ki, onun ruhu indi bizim evdə, yanımızdadır. – İnsan ki, o dünyaya getdi, ruhu bədənindən çıxaraq dönər evinə.

15

Amma biz onu görmürük, ruh gözə görünmür axı, oğul bala.

Mənim bu sözlərimdən sonra, oğlum ayaga qalxar və

sobanın ağzını acıb ora bir-iki odun atardı. Niyə belə

etdiyini soruşanda isə deyərdi:

– Atacan, qoy evimiz imisti olsun, anamın ruhu çöldən gəlib, ona soyuq olar, axı…

Oğlumun bu sözlərindən sonra özümü heç çür ələ ala bilməyib, onu bağrıma basar və xısın-xısın ağlardım.

Bir müddət beləcə yaşadıq. Oğlum, artıq, böyümüşdü.

Bayram günlərdə onunla birlikdə anasının məzarını ziyarətə gedərdik. Belə vaxtlarda, o, özünü böyüklər kimi aparardı. Əyilib anasının qəbrindən öpər, sonra da əllərini qoynuna qoyub, dalğın halda gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Onun bu halı məni nə

qədər kövrəltsə də, bir o qədər də ruhlandırardı.

… Günlərin bir günü, iş yerimi dəyişdiyimə görə, rayondan Bakıya köçməli olduq. Bakıya köçmək xəbərini oğlum sevinclə qarşilasa da, sonradan nə fikirləşdisə:

– Ata, həmişəlik gedirik, bəs, anam nə olacaq?! –

soruşdu.

Dedim, darıxma oğlum, arada gəlib anamıza baş

çəkəcəyik…

Mənim bu sözlərim oğlumun eynini açmadı, başını aşağı salıb fikrə getdi. Hıss elədim ki, o darıxır. Odur ki, onun könlünü almaq üçün dedim:

16

– Oğlum, sənə demişəm axı, ananın ruhu həmişə

bizimlədir. Hara getsək, o da bizimlə gedəcəkdir.

Bu sözlərimdən sonra oğlumun qırışığı açıldı, yaxın gəlib boynuma sarıldı. Mən də onun saçlarını qarışdırıb, söylədiklərimdən özüm də razı qalırmış kimi:

– Hə də, harada olsaq ruhu gəlib bizi tapacaq da…

Oğlum axşam Bakıdakı təzə mənzilimizin ünvanını soruşdu. Mən də ünvanı dəqiqlıklə ona söylədim. Səhərisi gün nahardan sonra oğlumla birlikdə qəbristanlığa, anamızın qəbrını ziyarətə getdik. Ata-bala qəbrin dördbiryanına əl gəzdirdik, ot-ələfini yolub təmizlədik, sonra dualar oxuduq.

Qəbirdən bir qədər aralanandan sonra, gördüm ki, oğlum cibindən əlboyda bir kağız parçası çıxarıb başdaşının

ön

tərəfindəki,

bayramlarda

şam

yandırdığımız balaca oyuğa qoydu. Maraqlanıb baxmaq istəyəndə, o, mənə:

– Gedək, ata, baxma, lazım deyil!.. – deyib, əlimdən tutaraq məni kənara çəkdi.

Evə qayıdandan sonra maraq mənə güc gəldi.

Oğlumun anasının qəbrinə qoyduğu o kağız parçası nə

idisə bir anlıq da olsun mənə rahatlıq vermirdi. Maraq o qədər güclü idi ki, axırda oğluma tapşırdım ki, sən hazırlaş mən də dostlarımla xudahafizləşib gəlirəm.

Məqsədim kağızdakı yazını oxumaq idi.


Bir maşına oturub qəbristsnlığa gəldim. Oğlumun qoyduğu kağızı götürüb açdım, məktub idi anasına 17

yazmışdı. Yazmışdı ki; – “ Əziz anam, biz Bakıya köçürük, təzə ev almışıq. Bilirəm, dözməyib dalımızcan gələcəksən.

Ora böyük şəhərdir, qorxuram bizi tapa bilməyəsən, azasan. Ona görə də, təzə mənzilimizin ünvanini yaziram.

Bakı şəhəri, M. Müşfiq küçəsi, bina -30, mənzil – 49. Ana, qurban olum, bax, bu ünvana gələrsən, ha…”

… Oğlumun anasına yazdığı məktubu oxuyandan sonra yerimdəcə donub qaldım. Bir xeyli beləcə səssiz-səmirsiz dayandım. Sonra nə fikirləşdimsə əlimi cibimə

salıb qələm çıxartdım və özümdən ixtiyarsız olaraq oğlumun yazdığı ünvanın altından köçəcəyimiz binanın mərtəbəsini qeyd etdim: – “6- cı mərtəbə…”

Yağışla gələn dualar

Подняться наверх