Читать книгу Əsir qadın - Meyxoş Abdullah - Страница 1
ОглавлениеMeyxoş Abdullah
Əsir qadın…
/roman/
… Ey, Soydaşım!.. Ey, Həmvətənim!.. Nə qədər çətin də
olsa etiraf etməliyik ki, biz savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsirliyində neçə-neçə
qız-gəlinlərimiz,
ana
və
bacılarımız
olmazın
işgəncələrini çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır, ağır olduğu qədər də
şərəfli bir döyüş gözləyir… Yalnız, bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib, təmizləyə
bilər!..
Öldürsək, – namusumuzu, öləriksə – özümüzü gələcək nəsillərin qınağından, xəcalətindən xilas edə bilərik!..
Müəllif
… Üç il düşmən əsirliyində yaşamış bir qadınla görüşümüzün baş tutması üçün nə az, nə çox − düz bir il gözləməli oldum. Rusiyanın Stavropol vilayətinin Nadejda kəndində, Nuhəyyamındanqalma, köhnə və uçuq bir evdə
yaşayan Səidəni mənə, düşmən əsirliyində olmuş və
əsirlikdən xilas olandan bir ay sonra xəstəxanadaca keçinən hərbçi dostlarımdan biri nişan vermişdi. O vaxtdan neçə
dəfələrlə bu qadınla əlaqə saxlayıb, görüşmək arzusunda olduğumu bildirsəm də, istəklərim onun tərəfindən qəti şəkildə rədd edilmişdi. Buna baxmayaraq, ümidliydim və
inanırdım ki, bir gün gələcək onun tərəfindən qəbul olunacağam. Mən onu başa düşürdüm, bilirdim ki, üç il əsirlikdə yaşamış bir qadının hissləriylə oynamaq, onun korşalmış yaddaşını oyatmaq nə deməkdir? Amma içimdən gələn bir istək heç vəchlə məni rahat buraxmırdı. Neçə
dəfələrlə bu uzaq yolu qət eləsəm də, istəyimə nail olub onunla görüşə bilməmişdim. İnadımdan da əl çəkmirdim.
Nəhayət, bir gün onunla görüşmək razılığını alanda, gecəni
səhərə qədər yatmayıb, bu görüşün baş tutması üçün allaha dua etdim. İçimdə özümə də aydın olmayan böyük bir təlaş
vardı. Ömrümdə heç vaxt belə narahatçılıq keçirməmişdim.
… Kəndin dolanbac, çala-çuxurlu yollarını keçərək, o qadın yaşayan evə yaxınlaşdıqca, qəlbimdəki narahatlıq bir az da artmaqdaydı. Payızın çiskin yağışı, onsuz da duyğulu qəlbimi bir az da duyğulandıraraq, məni kövrək və küsəyən bir uşaq vəziyyətinə salmışdı. Havanın soyuqluğundan sümüklərim sızıldayırdı. Boynumu qısıb, əllərimi ciblərimə
salaraq, sanki öz-özümə sığınmış vəziyyətdə irəliləyirdim.
Qarşıdakı tini də burulsaydım mənzil başına çatırdım. Hər şeyi qabaqcadan ölçüb-biçmişdim. Nə deyəcəyimi, nə
soruşacağımı ürəyimdə dəfələrlə təkrarlayaraq, sanki rol üzərində işləyən aktyor kimi səhnəyə çıxmağa tam hazır vəziyyətdəydim.
Bilirdim
ki,
işin
çətinliyi
həmişə
başlanğıcında olur, necə ki, işə girişdin hər şey öz yoluna düşür.
Budur, bu da nə vaxtdan bəri yuxularıma haram qatan, bir an da olsun məni rahat buraxmayan, gecəli-gündüzlü fikir və
xəyallarımın maraq dünyasına çevrilmiş − o qadının yaşadığı ev. Əslində, məni ev yox, onun içində yaşayan sakini maraqlandırırdı. Amma etiraf etməliyəm ki, mən bircə dəfə
də olsun, bu evin sakinini, − o qadının üzünü görmədiyim vaxtlarda dərd-sərimi, arzularımı və soruşacaqlarımı bu evin lal-kar daş divarlarından soruşmuşam. Bəzən də kövrələrək, içimdə qüssəyə çevrilən istəklərimi, pıçıltıyla bu evin künc-bucağında dolaşdığım vaxtlar açıb, danışmışam. Bu ev mənə
daha mərhəm idi. Ona görə ki, bu neçə vaxtı o qadından bircə
kəlmə qopara bilmədiyim halda, bu lal-kar daş divarlarla çox danışıb, dərdləşmişdim…
Qapıya yaxınlaşıb, astaca qapını döydüm. Handan-hana, qulağıma döşəmə üzərində sürünən ayaq səsləri gəldi. Ayaq səsləri qapının ağzındaca kəsildi. Bir müddət heç nə
eşidilmədi. İçəridəki adamın qapının gözlüyündən mənə
baxdığını hiss etdiyimdən özümü yığışdırdım. Qulağıma zəif və iniltili qadın səsi gəldi:
2
– Kimdir?! – deyə o, güclə eşidiləcək səslə soruşdu.
Sanki azacıq yubansaydım həmin səsin sahibini bir daha görə bilməyəcəyimi zənn etdiyimdən, tezcə dilləndim:
– Mənəm… sizi görmək istəyən adam. Dünən bu barədə
sizinlə söhbət etmişdik, xatırlayırsınızmı?!
Mən dünən qapı arxasındakı ayaqüstü söhbətimizi onun yadına salmağa çalışdım.
Araya dərin süküt çökdü. Sükut o qədər uzun çəkdi ki, mən onu bu dəfə də görə bilməyəcəyimi zənn etdiyimdən, ürəyim aramsız olaraq döyünməyə başladı. Bir müddət də
keçdi. Sakitliyi dəmir qapının, sanki çoxdan bəri açılmayan, pas bağlamış cırıltılı səsi pozdu. Diksindim. Yarıaçılmış
qapının önündə otuz beş, qırx yaşlarında, ortaboylu, arıq bir qadın dayanmışdı. Saçları dümağ ağarmış bu qadının solğun bənizi və gözlərimin içinə dikilən qorxunc baxışları, məni bir qədər ehtiyatlı olmağa vadar etdi. Fikirləşdim ki, hər hansı yanlış hərəkətim və ya yerinə düşməyən sözlərim, bu qapının üzümə birdəfəlik çırpılmasına səbəb olacaqdır. Özümü zorla ələ alıb:
– Salam… Xoş gördük, sizi!.. – dedim.
Özümü tamam itirmişdim, bilmirdim necə edim ki, qadının bir anlıq da olsa rəğbətini qazana bilim. Əgər o, qapını üzümə çırpıb getsəydi, yəqin ki, onunla görüşmək mənə bir daha qismət olmayacaqdı. Bunu mən yəqin bilirdim.
Çünki bu bir ildə onunla görüşmək imkanı əldə etmək mənim üçün necə də çətin olmuşdu.
Qadın nəzərlərini məndən ayırıb, döşəməyə dikdi və
xırıltılı səslə:
– Keçin içəri!.. – dedi.
Otağa girən kimi burnumu kəsif qoxu iyi qıcıqlandırdı. Elə
bil neçə illərdi bu mənzilin qapı-pəncərəsi bağlı qalmışdı.
İçərinin havası dəhşətli dərəcədə ağır və boğucu idi. Az keçməmiş otağın ağır, üzücü havasına öyrəşdim. Mənzil birotaqlı idi. Divara vurulmuş kağız örtüklərin, his-pasdan saralıb, tökülməsindən bilmək olurdu ki, burada uzun illərdən bəri təmir işləri aparılmamışdır. Evin divarlarındakı 3
enli çatlar və bu çatlardan sallanan hörümçək torları, mənzildə
həyat
deyilən
bir aləmin
sanki çoxdan
dayandığından xəbər verirdi… Əslində, burada insanı yaşamağa sövq edən elə bir mənalı şey də yox idi. Nə vardısa, hər şey darıxdırıcı və zəhlətökən idi. Yalnız, otağın sağ
tərəfindəki divara vurulmuş xalçadan savayı. Divardan asılmış xalça bu hisli-paslı otağı azacıq da olsa abıra salırdı.
Bəlkə də, elə bu xalçaya görəydi, özümü zorla da olsa inandırmağa çalışırdım ki, burada insan deyilən bir məxluq yaşayır. Xalçanın haradan gəlib bura çıxması beynimdə bir sual doğururdu.
Oturmaq üçün mənə təklif olunan stul bir neçə yerdən məftillə sarınmışdı. Stolun üstündəki məxmər parçadan olan örtük isə süzülüb, nimdaş hala düşmüşdü. Döşəmənin üstünə
salınmış yırtıq palaz köhnəldiyindən dürgələnərək adamın əl-ayağına dolaşırdı. Ayaq altındakı döşəmə çürüyüb, söküldüyünə görə, ağırlığa tab gətirməyərək cırıldayıb, əsəbləri qıcıqlandırırdı. Nəzərlərim evin küncündə, köhnə
gödəkcə üstündə, başını pəncələri üzərinə qoyaraq uzanmış
itə sataşanda, duruxub qaldım. İt qoca və pezəvəng idi. Bayaq evə girərkən burnumu qıcıqlandıran kəsif qoxu iyinin hardan gəldiyini, deyəsən, indi anlamağa başlayırdım. İtin könülsüz halda başını qaldırıb, yalnız bircə ağız hürməsindən, onun hələ sağ olmasını anladım. İt hürərkən onun cəhənglərindən süzülən selikqarışıq maye ürəyimi bulandırsa da, özümü zorla saxladım… Çoban itinə oxşar bu itin kiçik bir otaqda, qadınla birlikdə olması məni təəccübləndirdi. Görkəmindən ev şəraitində saxlanılan itlərə heç cür bənzəmirdi. O, çox kobud və yöndəmsizdi. Fikirləşdim ki, əgər bu it ev-eşiyi qorumaq üçün saxlanılırsa, bəs niyə görə ona həyətdə bir yer ayrılmamışdır? Həm də, həyatın bütün əzabını yaşamış, başı olmazın işgəncələrini çəkmiş bir qadının evində it saxlaması,
– yəqin ki, bu iti o qulaqyoldaşı seçmişdi özünə, – mənə heç cür çatmırdı. İtə hədsiz dərəcədə maraq göstərməyim, fikirlərimi dağıdaraq, məni əsas məsələdən yayındırırdı.
Amma əmin idim ki, itlə qadının arasında nə isə, xırda da 4
olsa, bağlılıq vardır. Bu indilərdə məni maraqlandırmasa da, ürəyimdən keçirtdim ki, əgər söhbətimiz alınarsa, hökmən bu barədə ondan bir şey soruşacağam.
Qadın məndən bir qədər aralıda, divarın küncünə
qoyulmuş kətilin üstündə oturdu və başını aşağı salaraq susdu. Söhbəti nədən başlayacağımı özüm də bilmirdim.
Ondan nələr soruşacağımı bu bir ildə, bəlkə yüz dəfələrlə
ürəyimdə götür-qoy etsəm də, indi onların heç biri yadıma düşmürdü. Beynimdə ilişib qalan, suallardan biri, bu zavallı qadının üç il əsirlikdə olduğu müddətdə nələr çəkməsi idi.
Əslində, onun hansı əzablar çəkdiyini anlayırdım. Əgər bu barədə
durub
danışsaydım,
onun
özünü
də
təəccübləndirəcəkdim. Zarafat deyil, bu insan üç il əsirlikdə
yaşamışdı. O, həyatın dözülməz ağrılarıyla baş-başa qalmışdı.
Yəqin ki, çəkdikləri mənim duyduqlarımdan qat-qat ağır olardı. Əlbəttə, bu belə də olmalıydı, axı biz hər şey barədə
nisbi fikirləşirik. Fikir və duyğular isə gerçəkliyi əks etdirmir.
Dönüb evi bir də gözucu nəzərdən keçirtdim. Gözlərim yenə də otağın küncündə mürgüləyən köpəyə sataşanda, istədim ki, söhbəti elə buradan başlayım və soruşum ki, itin bu evdə nə işi var? Amma tezcə də fikrimdən daşındım, düşündüm ki, söhbəti bu yöndən başlamağım qadının qəlbinə toxuna bilər. Odur ki, sözümü başqa səmtdən salaraq soruşdum:
– Səidə xanım, necəsiniz?
Mənim səsimdən, o, sanki yuxudan qəfil ayılan adamlar kimi dinksindi. Sonra başını asta-asta qaldıraraq, nəzərlərini üzümə dikdi, acıqlı, amma güclə eşidiləcək səslə:
– Əgər söhbətimizin alınmasını istəyirsinizsə, bir də mənə
xanım deməyin! – dedi və bir qədər susdu. Sonra dişlərini bir-birinə sıxaraq, başını asta-asta qaldırıb gözlərimin içinə baxdı və:
– Mən xanımlığımı da, analığımı da orda, düşmən əsirliyində olarkən qoyub gəlmişəm. Məni adımla çağır…
mənə belə xoşdur! – dedi.
5
Söhbətin ilk başlanğıcında belə sərt üzlə qarşılaşacağımı gözləmədiyimdən bir qədər tutuldum. Amma onun bu sözləri, elə bil bütün yaddaşımı oyatdı. Bayaqdan beynimin künc-bucağında ilişib, qalmış suallar, sanki bir-bir yaddaşıma axırdı. İndi-indi xatırlamağa başladım ki, mən hər dəfə
onunla
görüşə
gələndə
cibimə,
qabaqcadan
yazıb
hazırladığım suallar qoyardım. Görüşümüz baş tutmayanda, geri dönərkən vərəqə yazdığım həmin sualları cırıb atar və
axşam yenilərini yazmağa başlayardım. Bu minvalla hər gün, hər gecə yeni suallar axtarıb tapar və hər gün də tapdığım o sualları yenidən cırıb atardım. Bu hesabla mənim ona verəcəyim sualların sayı-hesabı ölçüyə gəlməz dərəcədə çox idi. Amma bayaqdan söhbətimizə nərdivan olası bir sual belə
tapa bilmirdim. O, bu sözləriylə mənə köməklik etdi və
əsirlikdə olmasını dilə gətirməklə, ondan nələr soruşacağımı, sanki öz əlləriylə ipə-sapa düzdü. Ancaq onun sərt və acıqlı sözləri məni bir anlıq da olsa çaşdırdı, dilim dolaşa-dolaşa:
− Əlbəttə… əlbəttə… Siz necə məsləhət bilirsiniz elə də
olsun, − deyə özümü vəziyyətdən çıxarmağa çalışdım.
Qadın bir qədər susdu. Sonra nəzərlərini üzümdə
cəmləyərək:
− Söz verin ki, bu danışdıqlarımızdan heç kəs xəbər tutmayacaq və bu barədə heç kəsə bir kəlmə də olsun deməyəcəksiniz. Çünki mən iki ildir ki, burada yaşayıram, −
dedi, − hələ qonşular mənim kimliyimdən, hardan gəldiyimdən, düz ağıllı-başlı xəbərləri yoxdur. Onlar məni, sadəcə olaraq, ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar. Burada heç kəslə əlaqəm yoxdur. Amma qonşular hər gün səhərlər qapının ağzına itə və mənə ərzaq qoyurlar.
Geyindiym pal-paltarlar da onlarınkıdır. Haradan gəldiyimi də, əsirlikdə yaşadığımı da hamıdan gizlin saxlayıram.
Burada qeydiyyatım olmadığına görə, dövlətdən yardım da almıram. İstəyirəm ki, hər şey gizlin qalsın. Bu illər ərzində
sağ qalan qohum-əqrabalarımın heç birini soraqlayıb, aramamışam. Bilirəm ki, onlar məni ölmüş bilirlər. Qoy, belə
də olsun. Bu mənimçün daha yaxşıdır. İndi siz məni başa 6
düşürsünüzmü? Söz verirsinizmi, danışdıqlarımızın hamısı ikimizin arasında qalacaqdır?!
Mən hər şeyə razı idim. Hansı təklif edilsəydi belə, sözsüz razı olacaqdım, təki o, mənimlə dərdlərini, fikirlərini bölməyə
razılıq verəydi. Ona görə də, tezcə öz razılığımı bildirdim:
− Əlbəttə, hər şey sizin razılığınızla olacaq, başqa cür ola bilməz. Siz qətiyyən narahat olmayın, − dedim. – Amma mən də xahiş edirəm, heç nə gizlətməyin, nə varsa hamısını açıq danışın. Əgər bacarsanız, məni özünüzə doğma, əziz bir adam bilin. Hər şeyi başa düşürəm. Bilirəm ki, olub-keçmişləri xatırlamaq sizin üçün nə qədər ağırdır. Çalışın ki, özünüzü ələ ala biləsiniz.
Araya bir qədər sükut çökdü. Qadın danışmağa tərəddüd edirdi. Bəlkə də o, söhbətin haradan başlayıb, harada qurtaracağını fikirləşirdi. Onun nə fikirləşdiyini deyə
bilmərəm, amma hiss edirdim ki, təlaş içərisindədir. Onun narahatçılığı açıq-aydın hiss olunurdu. Elə bu vaxt evin küncündə uzanmış it, ağzını geniş açaraq uzun dilini bayıra çıxarıb əsnədi. Sonra üzünü sahibinə tutaraq bir-iki ağız hürdü.
Qadın ayağa qalxıb, evin başqa bir küncündə, pərdə
çəkilmiş xəlvət yerə girdi. Bir azdan əlində qab oradan çıxıb itə tərəf getdi. Əlindəki qabı itin qabağına qoyub, özü də
dizüstə çökdü. İt yalmanaraq başını asta-asta qadının dizilərinə sürtdü, sonra acgözlülüklə qabdakı yeməyə girişdi.
Qadın isə məsum və məzlum baxışlarıyla itin yemək yeməsinə tamaşa edə-edə, onun iri, tüklü başını sığallayırdı.
Diqqətlə onlara baxdığımı görüb:
− Oğlum Ruslandır!.. – dedi. Sonra itin çənəsindən tutub ehmalca silkələyərək:
− Anasından qoca görünür, elə deyilmi? − deyə gülümsədi.
Həmin anda qadının bayaq dediyi sözlər yadıma düşdü:
«Qonşuların mənim kimliyimdən, haradan gəldiyimdən xəbərləri yoxdur. Onlar məni ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar».
7
Doğurdanmı, bu qadın ruhi xəstədir? − deyə, düşündüm.
Davranışından və danışığından ruhi xəstəliyə tutulması o qədər də hiss olunmayan bu insanın düşdüyü vəziyyət ürəyimi ağrıtdı.
İt qabdakı yeməyi yeyəndən sonra, uzun qırmızı dilini çıxararaq, ağız-burnunu yalmağa başladı. Qadın isə, sanki otaqda olduğumu unudaraq, itlə əylənməkdə davam edirdi.
Bu dəmlərdə onun eyni açılmışdı, bayaqkı qaş-qabağlı adam deyildi, elə bil. İt də, qadının ona göstərdiyi nəvazişdən şellənərək, o yan-bu yana aşaraq, sahibinin əllərini yalayırdı.
− Oğlumun beş yaşı var, yaman qocalıb, − deyə o, xəfifcə
gülümsədi. Onun gülümsəməsi acıqlı sifətini açmaq əvəzinə, bir az da qeyizləndirdi. Sanki o, heç ömründə gülməmişdi.
Qadın bir azdan ayağa qalxıb əvvəlki yerinə qayıtdı və
əllərini qoynunda çarpazlayaraq, gözlərini bir nöqtəyə dikib qaldı. Sakitcə oturub ona tamaşa edirdim. Gözləyirdim ki, hər şeyi özü danışsın. O isə tələsmirdi. Fikirlərini bir yerə
toparlamaq üçün, sanki uzun-uzadı vaxt lazım gəlirdi ona.
Nəhayət ki, dilləndi:
− … O günü axşam saat on olardı, həyat yoldaşım canhövüllü evə daxil olub: «Tez ol, yığış, düşmənlər şəhəri tutublar!» dedi. Sonra beşikdə yatmış üç aylıq oğlumuzu da qucağına götürərək, məni tələsdirdi. Bu xəbər nə qədər dəhşətli olsa da, məni qorxutmadı. Ona görə ki, iki ildən artıq idi top və mərmi səslərinə öyrəşmişdik. Bu müddət ərzində
şəhərin əli silah tutan kişiləri düşmənlə üz-üzə, göz-gözə
səngərlərdə vuruşurdular. Son bir ayda isə şəhərin düşmənlər tərəfindən tutulacağı barədə şaiyələr dolaşmaqdaydı. Ona görə də, ərimin qəfil söylədiyi bu bəd xəbəri, sanki gözləyirmiş kimi sakitcə qarşıladım.
Amma tez yır-yığış etməyə başladım. Ərim məni tələsdirirdi:
− Tez ol, heç nə götürmə, piyada gedəcəyik! – deyirdi.
Kiçik bir bağlama və uşağın geyim əşyalarını götürüb evimizi tərk etdik. Şəhərin cənub istiqamətində döyüşlər gedirdi. Gecənin qaranlğını yarıb keçən mərmilərin uğultusu, 8
az keçməmiş partlayaraq ətrafı lərzəyə salırdı. Hər tərəfdən od-alov yüksəlirdi. İnsanlar şəhərin qərb istiqamətindəki şosse yoluna tərəf axışırdılar. Oradan şəhəri tərk edib, işğal olunmamış ərazilərə çıxmağı zənn edirdilər. Həyat yoldaşım qolumdan tutaraq, məni əks istiqamətə çəkib:
− İndi bu dəqiqə oranı bombalayacaqlar! − dedi.
Doğurdan da, az keçməmiş asfalt yolunun ətrafını güclü top atəşinə tutdular. İnsanlar pərən-pərən olub, ətrafa səpələndilər. Canımda dəhşətli bir vahimə dolaşdı, yavaş-yavaş qorxmağa başlayırdım.
… Yaz yenicə girsə də, hava bərk soyuq idi.
Tələsdiyimdən əyinimə qalın paltar geynməmişdim. Bir tərəfdən havanın soyuqluğu, digər tərəfdən də ətrafdakı müdhiş və qorxunc səs-küy, bədənimi əsim-əsim əsdirirdi.
Atılan mərmilər dirəkləri aşırdığından, şəhərə gələn elektirik xətti də kəsilmişdi. Buna baxmayaraq, göy üzü aylı-ulduzlu olduğuna görə, ətraf aydınca görünürdü. Ərim bir əliylə
oğlumuz Ruslanı tutaraq bağrına basmış, o biri əlində də
avtomat silahı qabaqda irəliləyirdi. O elə sürətlə gedirdi ki, mən onun arxasınca, ancaq qaçmalı olurdum. Arada da dönüb mənə təskinlik verərək, canımdakı qorxunu çıxarmağa çalışırdı.
− Qorxma, bu tərəflər sakitlikdir. – deyirdi. − Şəhərin girişindəki körpünü keçsək, daha bizə zaval yoxdur. Bircə ora çatsaydıq, − deyə o, tövşüyə-tövşüyə irəliləyirdi. Oğlumuz bu qaçdı-qovduda sərsəm olmuşdu. Uşaq elə hey qışqırırdı. Onu sakitləşdirmək mümkün olmurdu. Uşağı ərimin qucağından alıb, sinəmə sıxdım. O, bir azca kiridi. Elə bu vaxt camaatın axışdığı şosse yolunun kənarından bərk qışqırıq eşidilməyə
başladı. Deyəsən, ora qaçışan insanlar düşmən mühasirəsinə
düşmüşdülər. Topların, mərmilərin səsini indi avtomat silahlardan atılan güllələrin səsi əvəz edirdi. Bir yandan da, qadınların, uşaqların səsi aləmi başına götürmüşdü. Biz körpüyə yaxınlaşırdıq. Birdən ərim dayanaraq yerə çökdü və
işarə etdi ki, mən də oturum. Uşağı bağrıma basıb dizə
çökdüm. Ərimin arxasında olduğum üçün qabaqda nələrin 9
baş verdiyindən xəbərsizdim. O dönüb pıçıltıyla qulağıma dedi:
− Görürsən, körpünün girəcəyində düşmən hərbi maşını dayanıb. Ehtiyatlı ol, uşaq ağlamasın. Özünü də tox tut, qorxma, hər şey yaxşı olacaq. − Sonra məni ürəkləndirmək üçün bir az bərkdən: − Analarını ağlar qoyacam onların! −
dedi.
Ərim zabit idi. On il rus ordusunda kapitan rütbəsində
xidmət etmişdi. Döyüşlər başlayandan sonra, vətənə dönüb könüllülərdən ibarət partizan dəstəsi yaratmışdı. Bir neçə ay bundan qabaq ona mayor rütbəsi verilmişdi. O, yaxşı atıcı idi, bütün silah növlərindən başı çıxırdı. Düşmənlər onun başına çoxlu pul ayırmışdılar.
Ərim həyacanlıydı, bu yəqin ki, oğlumla mənə görəydi.
Uşaq kirimişcə yatırdı. Narahat olub ayılmaması üçün qucağımda onu bir az da rahatladım. Əslində, oğlum çox sakit uşaq idi. Qarnını doyuzdurandan sonra günlərlə
yatardı. Bir də ki, üç aylıq uşaqdı da, onun yatmaqdan başqa nə işi ola bilərdi.
Göy üzü tər-təmiz olduğuna görə, körpüdəki hərbi maşın və maşının qarşısında dayanmış əli silahlı iki əsgər aydınca görünürdülər. Ərimin qulağına hərbi maşının qarşısında gördüyüm əsgərləri deyəndə, o, barmağını dodaqlarının üstünə qoyub, mənə susmaq işarəsi verdi. Mən başımı onun kürəyinə dayayaraq, bu qorxulu anın ötüb keçməsini gözləyirdim. Ərim sakit və təmkinli görünməyə çalışırdı.
Onun əsl hərbiçi olduğunu indi anlayırdım. Bir azdan o, başını mənə tərəf əyib yavaşca:
− Onlar üç nəfərdir, görürsən? − Biri də maşının içindəymiş.
Mən hərbi maşına tərəf boylandım. Maşının üstündə
qoyulmuş pulamyotun arxasında dayanmış hərbiçi, bir azdan sağa, sola yaylım atəşi açmağa başladı. Aramızdakı yüz, yüz əlli metr məsafədən şaqqıldayan pulamyotun səsi, bizim hər üçümüzü diksindirdi. Oğlumuz da qorxaraq yuxudan ayıldı və ayılan kimi də ağlamağa başladı. Mən uşağı sinəmə sıxıb, 10
onu əmizdirməyə başladım. O tezcə də kiridi. Bu vaxt ərim məni silkələyərək, sanki yuxudan ayıldırmış kimi pıçıldadı:
− Körpüyə yaxınlaşmaq lazımdır, yavaş-yavaş arxamca gəl!
O bunu deyib əyilə-əyilə kol-kosun arasıyla aşağı tərəfə
endi. Mən də addımbaaddım onun arxasıncı yeriyirdim.
Qorxudan uşağı sinəmdən ayırmamışdım. Körpə də, dünyadan xəbərsiz halda qarnını doyurmaqda davam edirdi.
Körpüyə yaxınlaşmışdıq, onlarla bizim aramızda otuz-qırx metr məsafə ola, olmayaydı. Ərim avtomat silahını çiynindən aşırıb, düşmən əsgərlərinə tərəf tuşladı. Mən onun nə
edəcəyini
anlamadığımdan,
əlimlə
ehmalca
çiyninə
toxundum. O, başını mənə tərəf çevirib, güclə eşidiləcək səslə:
− Uşağın qulaqlarını möhkəmcə qapa! – dedi.
Ondan nə isə soruşmağın və ya göstəriş verməyin mənasız olduğunu anlayaraq, dediklərinə sözsüz əməl etməliydim.
Odur ki, başımdakı yaylığı açıb, əlimdə dürgələdim və
möhkəmcə uşağın sifətinə basdım. Özüm də gözlərimi yumaraq, başımı ərimin kürəyinə söykədim. Gözləyirdim ki, elə bu dəqiqə atəş açılacaqdır. Amma atəş açılmadı. Bir müddət beləcə səkdi-səkdidə gözlədim. Niyə görə onun atəş
açmadığını anlaya bilmirdim. Eləcə, gözlərim yumulu halda bu dəqiqə atəş səslərindən diksinəcəyimi zənn edirdim.
Nəhayət, atəş səsləri eşidildi. Atəş açan ərim yox, düşmənlər idi. Hərbi maşından yenə də sağa-sola güllələr vıyıldayırdı.
Ərim, elə bil düşmənlərin atəş açmasını gözləyirmiş, üç dəfə
sərrast atəş açdı. Bunu həm avtomatın səsindən, həm də
başımın üç dəfə möhkəmcə silkələnməsindən hiss etdim.
Ərimin atəş açmasıyla, qarşı tərəfin susması bir an oldu. Mən hələ də gözlərimi yumaraq, əlimdəki yaylığı uşağın üzünə
basmaqda davam edirdim. Elə bu vaxt ərim dönərək məni qucaqladı və:
− Gördün, Səidə, sənə demədimmi onların analarını ağladacağam? Bax üçünü də gəbərtdim.
Onun dediklərinə inanmağım gəlmirdi. Gözlərimi açıb körpüyə tərəf boylandım. Nə maşının üstə, nə də ki, 11
qarşısında heç kəs gözümə dəymədi. Sevincimdən ağlaya-ağlaya:
− Əli, doğurdanmı onları vurdun?! – soruşdum.
− Vurdun nədi, analarını lap mələr qoydum! − deyə o, uşaqla birlikdə qucaqlayıb məni bağrına basdı. Sonra nə
fikirləşdisə, tez məni özündən aralayıb soruşdu:
− Səidə, uşağın səsi gəlmir, boğulub elər e…
Sanki yuxudaymış kimi diksindim. Yadıma düşdü ki, hələ
də yaylığı tifil balamın üzündən götürməmişəm. Yaylığı götürən kimi uşaq qucağımda çırpındı və bir-iki ağız bərkdən qışqırdı. Sonra səsini udub kiridi. Ay işığında uşağın gözləri tələyə düşmüş siçanın gözləri kimi parıldayırdı.
− Az qalmışdı ha, səni öldürüm, − deyə, pıçıldadım və
uşağın üz-gözündən öpməyə başladım. Körpə isə balaca, toppuş əllərini düyünləyərək, gözlərini ova-ova gərnəşirdi.
Yazıq uşağın yuxusunun vaxtı keçirdi.
Ərimin qərarını gözləyirdim, hər şey ondan aslı idı. Əgər o desəydi, al bu silahla özünə və körpənə atəş aç, sözsüz onun əmrinə tabe olub, özümü və körpəmi qətlə yetirməyə
hazır idim. Ərim isə susurdu. Susmağıyla yanaşı hiss edirdim ki, o, sakitcə ətrafı dinləyir. Arada, uzaqdan eşidilən avtomat səsləri gecənin sakitliyini pozurdu.
Əli bir azdan ayağa qalxdı. Sonra mənim də qolumdan tutub ayağa qaldırdı və uşağı qucağımdan alaraq, körpüyə
tərəf irəlilədik. Körpüyə çatıb, hərbi maşının yanından keçdik. Düşmən əsgərlərindən ikisinin meyidi maşının qabağında, biri isə üstündə uzanıb qalmışdı. Ərim onların da avtomatlarını
götürərək, çiynindən
asdı
və oradan
uzaqlaşdıq. Gecə yarıydı. Yorğunluqdan qıçlarım bir-birinə
dolaşırdı. Yuxusuzluq gözlərimi elə acılaşdırmışdı ki, yeriyə-yeriyə ayaqüstəcə mürgüləyirdim. Xoşbəxtlikdən oğlumuz susurdu. Amma aradabir ağız-burnunu əyib zarımasından ona soyuq olduğunu hiss edirdim. Körpüdən xeyli aralansaq da, hələ də yol gedirdik. Çökəklikdən yuxarı qalxdıqca, şəhərdən görünən od-alovun işığı, sanki böyük bir ərazinin oda qalandığından xəbər verirdi. Şəhərin bu vəziyyəti hər 12
ikimizin ürəyini ağrıtdı. Diş-dırnaqla qurduğumuz ev-eşiyin bir anın içindəcə darmadağın edilməsiylə heç cür barışa bilmirdik. Bu heç mümkün də deyildi.
Əli keçib getdiyimiz yolu, kol-kəsəyi yaxşı tanıyırdı. Ona görə də, hara gedəcəyimizi ondan soruşmaq ağlıma belə
gəlmirdi. Bircə onu fikirləşirdim ki, hara gediriksə gedək, ancaq sağ, salamat olaq. Havanın soyuqluğu isə iliyə işləyirdi.
Səhərə yaxın olduğundan havada duman-çən vardı.
Dumanqarışıq şeh damcıları adamın üzünü dalayırdı. Otların üstü də şehlə örtülmüşdü. Bir addım da olsun yeriməyə
taqətim qalmamışdı. Tərslikdən, ayaqqabılarımın altı da qopub
düşdüyündən,
ayaqlarım
suyun
isindəydi.
Dizlərimdən başlayan gizilti başıma vururudu. Ərimin çiyinlərindən asılı vəziyyətdə qalmışdım, o da yorulub, əldən düşmüşdü. Yorğunluğunu gizlətməyə çalışsa da, nəfəsini çiyinlərindən aldığını hiss edirdim. Bir qolunun üstə uşaq, digər əlində də üç avtomat silahı daşıyan adamın vəziyyəti necə olmalıydı bəs?! Hələ, bir yandan da mən ona yük olmuşdum. Arada mənə təskinlik verərək deyirdi:
− Bir az da özünü toxtaq tut, çatırıq, sonra döyunca yatıb dincələrik. Hara olursa olsun, bir azca oturub dincimi almaq istəyirdim. Lap suyun, palçığın içi də olsa belə. − Ərimin sözləri məni o qədər sakitləşdirirdi ki… Onun sözlərindən sonra qıçlarıma, elə bil qüvvət gəlirdi. Amma bir-iki addım atandan sonra yenə də yorulub əldən düşürdüm. Qarşıda uzanıb gedən üzüm bağları görünürdü. Sıralanan beton dirəklər, səf-səf düzülmüş əsgərlərə bənzəyirdi. Bir az aralıda balaca bir koma gözə dəyirdi. Yəqin ki, bu bağ gözətçinin koması idi. Ehtiyatla komaya yaxınlaşıb, içəri girdik.
Komanın içi isti idi. Soyuq eşikdən içəri girən kimi beynimi yuxu elə çulğaladı ki, bir an da olsun ayaq üstə dayana bilməyib, quru küləşin üstünə çökdüm. Uzanan kimi yuxu məni apardı. Elə bil qulağımın dibindən daşla vurmuşdular, nə qədər yatdığımı bilmədim. Sanki min ilin yorğunluğunu canımdan çıxarırdım. Əgər körpəm ağlayıb, məni yuxudan oyatmasaydı, yəqin ki, hələ bu tezlikə oyanmayacaqdım.
13
Gözlərimi açıb bir qədər duruxub qaldım. Harada olduğumu, əvvəlcə anlaya bilmədim, dəli adamlar kimi yan-yörəmə
boylanırdım. Komanın bir küncündə, silahını sinəsinə
basaraq yuxulamış ərimi, bir də böyürümdə ağlayan körpəni görəndə, olub-keçənləri xatırladım. Yuxudan ayılasan və
birdən-birə düşdüyün bədbəxtliklə üz-üzə qalasan, adama gör necə gələr? Bir anın içində başıma gələnləri xatırladım.
Olub-keçənlər o qədər dəhşətli, o qədər ağır idi ki, bunları xatırlayanda dünya adamın başına daralırdı. Bircə şeyə
sevinirdim, sevinirdim ki, nə yaxşı ərim, oğlum sağ və
salamatdırlar. Mənə təsəlli verən yalnız bir yerdə olmağımız idi.
Hava bir qədər işıqlaşmışdı, yan-yörəni seçmək olurdu.
Oğlumu qucağıma götürüb sinəmə basdım. O, ağlamaqda davam edirdi. Bilirdim ki, uşağın yeri yaşdır, bələyini açdım.
Gecədən bəri bir dəfə də olsun yeri dəyişdirilməyən oğlum, su içərisindəydi. Əski-üskünün kəsif qoxusu burnumu qıcıqlandırdı. Belə gecələrdə onun yerini, bəlkə üç-dörd dəfə
dəyişdirərdim.
Evdən
çıxarkən
uşağın
pal-paltarını
sahmanlayıb, götürmüşdüm. Onun yerini rahatladım, sonra sinəmə basıb yedizdirməyə başladım. Oğlum yaman acmışdı, ac qurd kimi canıma elə daraşmışdı ki… Bir azdan o, yenidən yuxuya getdi. Uşağı yanıma, küləşin üstünə qoyub üstünü örtdüm. Özüm də, deyəsən soyuqlamışdım, bədənim sızıldayırdı. Üstümə atıb, bürünməyə bir şey yox idi. Əllərimi qoynuma qoyub, öz-özümə sığındım və bundan sonrakı taleyimiz barədə düşünməyə başladım.
Nə edəcəyik, hara gedəcəyik?.. Başımıza bundan sonra nələr
gələcək?..
Cavabsız
suallar
beynimi
elə
dumanlandırmışdı ki, ağlıma heç nə sığışmırdı. Hər şeyə
heyfslənirdim. İtirdiklərimin hamısı mənə ağır gəlirdi.
Evimdə qoyub gəldiyim kibrit çöpü də, bu anda mənim ürəyimi ağrıdırdı… Qoyub gəldiyim hər şey üçün burnuun ucu göynəyirdi. İnsan əlindəkilərinin qədrini çox heyif ki, onları itirdikdən sonra anlayırmış. Onda da, nə faydası…
Bəlkə də, bu şeylər barədə çox fikirləşəcəkdim. Elə bu vaxt 14
yolun altındakı dərədə beş-altı nəfər əsgər göründü. Mən onları lap aydınca görürdüm. Amma bizim və ya düşmən əsgərləri olduqlarını ayırd etməkdə çətinlik çəkirdim. Ərimi oyatdım və əsgərləri ona göstərib:
– Əli, ora bax, orda əsgərlər var! – dedim.
O yerindən dik atıldı. Gözlərini ovub, diqqətlə bizdən xeyli uzaqda olan əlisilahlı əsgərlərə baxdı. Onların səslərini eşitsək də, nə dildə danışdıqlarını ayırd etməkdə çətinlik çəkirdik. Əli onlara bir xeyli göz qoyduqdan sonra yavaşca:
– Ehtiyatlı ol, düşmənlərdir! – dedi. Sonra mənə ürək-dirək vermək üçün əlavə etdi: – Özünü tox tut, qorxub eləmə.
Bəlkə də, qorxu deyilən o müdhiş varlıq canımda yox idi.
Ərimin bu sözlərindən sonra, doğurdan da, qorxmağa başladım. Necə də qorxmayaydım, məgər bizi isti ocağımızdan çöllərə salan, elə bu qorxu hissi deyildimi? Əgər qorxu hissi canımızda dolaşmasaydı, elə ev-eşiyimizdə
qaxılıb qalardıq da… Amma necə olsa, ərim yanımdaydı, döyüşçüydü, əlisilahlıydı. Canımdakı qorxunu özümdən uzaqlaşdırmaq üçün ona arxayın olmalıydım. Əlinin sir-sifətində isə zərrə qədər də olsun qorxu hissi görünmürdü.
Yəni doğurdanmı, doyüşçülərin hamısı belə olur? –
düşündüm. Nə olursa olsun, bu qan-qadanın xatasız sovuşub, keçməsini arzulayırdım. Bilirdim ki, bu dəqiqələrdə Əli lap cəngavər olsa da belə, mən və körpəmiz onun əl-ayağına sarmaşıq kimi sarınmışıq. Bəlkə o tək olsaydı çoxdan öz qərarını verərdi.
Əli bir an da olsun gözlərini düşmənlərdən ayırmadan, onların hər bir hərəkətini izləyirdi. Elə bu vaxt xəyalımıza gəlməyən bir hadisə baş verdi. Əsgərlərdən biri çiynindəki silahını aşırıb yanındakı yoldaşlarının birinə verdi və yolun üstünə adlayıb, komaya tərəf qaçmağa başladı. Həmin anda hiss etdik ki, əsgəri komaya tərəf qaçmağa vadar edən, onun komadan ayaqyolu kimi istifadə etmək istəyidir. Çünki o, qaça-qaça belindəki qayışını açırdı.
− Əclafın bu işi hardan çıxdı? − deyə, Əli mızıldandı.
15
Əsgər isə biz tərəfə qaçmaqda davam edirdi. Onunla bizim aramızda yüz metrdən də az bir məsafə qalmışdı. Ərim ehmalca əlini çiynimə qoyub dedi:
− Səidə, uşağı da götür keç mənim arxama. Qoy, o əclaf girsin komaya, onun əcəli elə burda çatıbdır.
O elə arxayın danışırdı ki, elə bil komaya tərəf gələn düşmən əsgəri yox, itdən-pişikdən bir şey idi. − Nə olsun əlində silahı yoxdur, bəs o yolda dayanan əsgərləri Əli görmürdümü? − deyə fikirləşdim. Hər halda ağlım bir şey kəsmirdi. Ancaq onu bilirdim ki, Əli düşmən əsgərini komada diri də tutsa, onu öldürsə də, bu hadisə bizimçün yaxşı qurtarmayacaqdır. Bilmirəm, nədənsə ürəyimə belə
danmışdı.
Düşmən əsgəri bizim on addımlığımızdaydı. Komanın taxta qapısının təpiklə vurulub açılmasıyla, ərimin əsgərin alnına avtomatın qundağıyla güclü zərbə endirməsi bir anda oldu. Bu elə tez və gözlənilməz baş verdi ki, mən özümə
gəlməyə macal tapmamış, əsgərin yerdə çabaladığını gördüm. O, elə bircə dəfə “O-yyy!…” − deyib, ərimin ayaqları altına yıxıldı. Əsgər başı kəsilmiş toyuq kimi yerdə
çabalayırdı. Alnından axan qan sir-sifətini görünməz hala salmışdı. Bir azdan onun nəfəsi tamam kəsildi. Əli avtomatın lüləsiylə onun taqətsiz bədənini dürtmələyərək:
− Canınız elə bu deyilmiş, ay əclaflar, nə xoruzlanırsınız?
Qan məni tutmuşdu, ürəyim bulanırdı. Özümü saxlaya bilməyib, komanın küncünə qusdum. Ərim çiynimə toxunub məni sakitləşdirməyə çalışdı:
− Keçib gedər, − dedi, − özünü bir az tox tut.
Bu hadisənin üstündən bir qədər vaxt ötdü. Aşağıdan səslər eşidirdik. Əsgərlərdən biri üzünü komaya tərəf tutaraq:
− Qurqen!.. Qurqen!.. − deyə, qışqırırdı.
Bir qədər də keçdi, bu dəfə onlardan biri avtomat silahdan komanın üstündən atəş açdı. Ətrafdakılar bərkdən gülüşdülər. Beləcə bir az da keçdi. Bu dəfə atəş səsləri çoxaldı. İndi onların hamısı komanın yan-yörəsinə atəş
açırdılar. Komadan heç bir səs-səmirin eşidilmədiyini 16
görəndə, onlardan biri iti addımlarla bizə tərəf gəlməyə
başladı. Bu bayaqkı hadisənin oxşarı olmayacaqdı, −
fikirləşdim. Çünki əsgərin əlində silah vardı. Düşüncəmdə
yanılmamışdım, əsgər komaya yaxınlaşarkən sürətini azaldıb, silahını çiynindən aşırdı. Sanki o, baş vermiş hadisədən duyuq düşmüş kimi ehtiyatla davranırdı. Komaya tərəf pişik kimi pusa-pusa gəlməsindən onun nə qədər hiyləgər olduğu bilinirdi. Dönüb Əliyə baxdım. Onun bu dəfə hansı qərar çıxaracağı məni maraqlandırırdı. O da, elə bil mənim ürəyimdən keçənləri duyurmuş kimi:
− Deyəsən, onların hamısını ölüm girələyir, − dedi və dizə
çöküb avtomat silahını sinəsinə sıxdı. Əsgər komanın bir neçə
addımlığında dayanıb, içəri girməyə ehtiyat edirdi. Əslində
onun qorxduğunu aydınca sezmək olurdu.
Düşmən əsgəri titrək səslə:
− Ey Qurqen! − deyə səsləndi. Qorxduğu səsinin titrəyişidən də hiss olunurdu. Səs gəlmədiyi tərzdə, əvvəlcə
komanın üstündən, sonra da dəmir örtüyünə bir neçə güllə
boşaltdı.
Səsə qucağımdakı uşaq diksinib ağladı. Əli dönüb bir mənə, bir də qucağımda ağlayan oğlumuza baxdı, sonra astaca:
− Başqa çarəmiz yoxdur! – deyib, yalnız bircə güllə ilə
əsgəri vurub yerə sərdi. Diqqətlə onun hərəkətlərini izlədiyimə görə, güllənin düşmən əsgərinin alnının ortasından necə dəydiyini də, öz gözlərimlə gördüm. Əsgərin heç bir səs çıxartmadan arxası üstə yerə aşması gözlərimin qabağında oldu. Əli bir an da gözləmədən yoldakı əsgərlərə
də atəş açmağa başladı. Bu dəfə o, avtomat silahını sinəsinə
basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular.
Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü 17
avtomatlardan da istifadə edərək atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə
ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi.
Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş
gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. Deyirəm axı, koma təpənin üstündə olduğu üçün əliçi kimi aydınca görünürdü.
Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış
dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı.
Gözlərimi açanda, Əlini qan içində çabalayan gördüm, sağ
qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı.
Özümü itirdiyim üçün donub yerimdəcə qalmışdım, nə
edəcəyimi bilmirdim. Əli isə sol əlini yarasının üstünə
basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.
Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi.
Sifəti ağappaq idi. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralandığını göstərirdi.
Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə
bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım.
Axan
qanı
saxlamaq
olmurdu,
üzülmüş
damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı, lakin bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı, amma dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü.
Küləşin üstünə düşüb qalmış uşaq da dayanmadan ağlayırdı, onun səsini sanki eşitmirdim. Bu anda mənə hər şeydən əziz Əli idi. İstəyirdim elə bu dəqiqə o, ayağa qalxıb bizi buradan uzaqlaşdırıb aparsın. Onun ölümü hamımızın ölümü demək idi. Əli isə zarıyırdı. O, nəfəsini çiyinlərindən 18
alırmış kimi tövşüyürdü. Düşmən əsgərləri isə hərəkətə
gəlmişdilər, ətrafa səpələnmiş halda bizə tərəf irəliləyirdilər.
Mən onların gəldiyini görüb, ərimin başını dizimin üstündən qovzayaraq:
− Əli… Əli… dur də onlar gəlirlər axı, − deyə təlaş
içərisində qışqırırdım.
Onun halı özündə deyildi, taqəti kəsilmək üzrəydi. Sol əlini yavaş-yavaş ətrafında gəzdirərək nə isə axtarırdı. Mən sürünərək ondan bir az aralı düşmüş avtomatını götürdüm və silahı onun əlinə verdim. Əli gözləri yumulu halda silahın dəstəyindən yapışdı. Silahı tutmaq iqtidarında deyildi, silah onun əlindən sürüşüb yerə düşdü.
Düşmənlər lap yaxındaydılar. Aramızda, artıq çox az məsafə qalmışdı. Yəqin ki, onlar atəş açan şəxsin öldüyünü, ya da ölümcül yaralandığını hiss etmişdilər. Çünki mənim fəryad qopararaq, ağladığımı görürdülər. Əlinin səsi tamam eşidilməz
olmuşdu,
uşaq
isə birdüzümə qışqırırdı.
Qalmışdım ikisinin arasında, bilmirdim ki, hansını ovudum.
Mən uşağı qucağıma alıb sinəmə sıxdım, qorxdum ki, səsini kəsmək üçün onu güllələyərlər. Özüm isə bərkdən qışqırırdım, qışqırırdım ki, düşmənlər mənə atəş açıb öldürsünlər. Bu anda elə ölmək istəyirdim ki… Amma onların məni öldürmək fikirləri yox idi.
On beş nəfərə yaxın düşmən əsgəri bizi mühasirəyə
almışdı. Onların acıqlı sifətlərini gördükcə, ətim ürpəşirdi.