Читать книгу Köylü hərəkatı və Lenin milli siyasəti - Mirzəbala Məmmədzadə - Страница 1
ОглавлениеMirzəbala Məmmədzadə
Köylü hərəkatı
Lenin milli siyasəti
Hazırlayanı:
İqtisad elmləri namizədi Ələddin Həsən oğlu
Redaktorları:
Əli Şamil
Elmira Fikrətqızı
Bilgisayarda yığanı
Şəfa
M.B.Məmmədzadə. Köylü hərəkatı.
Lenin milli siyasəti, Bakı
Kitabda görkəmli ictimai-siyasi xadim, elm adamı, publisist, dramaturq, yazıçı, ədəbiyyatşünas, Azərbaycan milli istiqlal davasının öndəri, siyasi düşüncə tariximizdə xüsusi yeri olan M.B.Məmmədzadənin “Azərbaycanda köylü hərəkatı. Tam istiklale müteveccih derin ve kuvvetli milli bir mücadeledir” və “Lenin milli siyasəti. Azərbaycanda nə nəticələr verdi?” əsərləri daxil edilmişdir. XX yüzillikdə Azərbaycanda gedən milli azadlıq mübarizəsi və ictimai fikir tariximizi öyrənmək baxımından olduqca dəyərli olan bu əsərlər universitet müəllimləri, araşdırıcılar, ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclər üçün olduqca əhəmiyyətlidir.
Həsən oğlu Ələddin
M.B. MƏMMƏDZADƏ VƏ “BİLDİRİŞ” QƏZETİ
Dünyanın altıda bir hissəsini tutaraq 130 xalqı əsarət altın-da saxlayan Rusiya XX yüzilliyin başlarında gücdən düşürdü. Əsarət altında qalan xalqlar isə bundan yararlanaraq öz azadlıqlarına qovuşmaq istəyirdilər. Birinci Dünya Sava-şında Rusiyanın uduzması milli azadlıq hərəkatını gücləndirdi. 100 ildən çox əsarətdə qalan Azərbaycan 1918-ci il Mayın 28-də müstəqilliyini elan etdi. Təəssüf ki, nə məğ-lub Rusiya, nə də dünyanın başqa güclü dövlətləri yeni yaranan Cümhuriyyətləri tanımaq istəmədilər. Yenidən dirçələn, xalqlara azadlıq, sülh, bərabərlik vəd edən Sovet Rusiyası zor gücünə əvvəlki sərhədlərinə döndü. Doğunun 23 ay ömrü olan Doğunun ilk Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti Rus əsgərlərinin ayaqları altında qaldı. Toplum həbslər, güllələnmələr, sürgünlər ara vermirdi. Azərbaycanın siyasiləri və aydınları azadlıq savaşını davam etdirmək üçün xarici ölkələrə müraciət etdilər.
İki ildən çox pərakəndə fəaliyyət göstərən Azərbay-can ictimai-siyasi xadimləri M.Ə. Rəsulzadənin gəlişi ilə elə bil dirçəldilər. M.Ə.Rəsulzadə 1922-ci ildə Türkiyədə «Müsavat» partiyasının «Xarici ölkələr bürosu»nu, 1924-cü ildə Azərbaycan Milli Mərkəzini açdı. Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon, Kars, İranın Tehran, Təbriz, Rəşt, Ərdəbil və b. şəhərlərində partiyanın özəklərini yaratdı.
1922-ci ildə İstanbulda “Yeni Kafkasya” adlı jurnal çapa hazırlandı. M.Ə. Rəsulzadənin qəzet, jurnal çıxar-mağa icazəsi olmadığından jurnal Buxara Respublikasının keçmiş prezidenti, Türkiyədə mühacirətdə olan Osman Xocanın adıyla nəşrə başladı. 1927-ci ilədək, yəni 100 sa-yadək jurnalın ayda iki nömrəsini çıxara bildilər. Mühacirətdəki qəzet, jurnal və kitabların çoxuna redaktorluq etmiş Mirzə Bala Məmmədzadə “Yeni Kafkasya”nı “yalnız Azərbaycanlıların deyil, Rus əsarəti altındakı bütün türklərin jurnalı” adlandırırdı.
Sovetlər Birliyinin təzyiqi ilə «Yeni Kafkasya” bağlandı. Azərbaycan mühacirləri «Azəri Türk», «Yaşıl yaprak», «Odlu yurt» jurnallarını nəşr etdilər. Bu jurnal-ların proqramı da “Yeni Kafkasya”nın proqramı ilə eyni idi. Sovetlər Birliyinin təzyiqi çoxaldıqca mühacirlərin durumu da çətinləşirdi.
İctimai-siyasi xadimlərimizin Türkiyədə nəşr etdikləri qəzet və jurnallar haqqında son illərdə xeyli araş-dırma aparılsa da, qaranlıq məsələlər hələ də qalır. Azərbaycanda mühacir mətbuatından və ədəbiyyatından yazan araşdırıcılarımız ara-sıra «Bildiriş» qəzetindən bəhs etsələr də, onun haqqında geniş araşdırmaya rast gəlinmir. Azərbaycançılıq davasının öndərlərindən M.Ə.Rəsulzadənin ideyasının məhsulu kimi meydana çıxan «Bildiriş» qəzeti milli mübarizə tariximizdə şərəfli bir yer tutur. Onun irəli sürdüyü ideyanın gec də olsa reallaşması, Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini elan etməsi, qəzeti yaradanların uzaqgörənliyindən xəbər verir.
«Bildiriş» qəzeti haqqında yazılanları iki qrupa ayır-maq olar:
1. Mühacirət mətbuatımızı öyrənməyi qarşısına məq-səd qoymuş araşdırıcıların məqalələri;
2. Mühacir ədəbiyyatımızı, tariximizi araşdıran müəl-liflərin mövzuları ilə bağlı «Bildiriş»dən bəhs etmələri.
Birinci qrupa Abid Tahirli və Alxan Bayramoğlu kimi mətbuat tariximizdən kitablar yazan araşdırıcılar daxildir.
İkinci qrupa isə siyasi tariximizi, partiyaların tarixini, mədəniyyət tariximizi araşdıran Mövsüm Əliyev, Xaləddin İbrahimli, Nəsiman Yaqublu, Sabahattin Şimşir, Əli Şamil və b. daxildir. Onlar «Bildiriş» qəzeti haqqında yazmağı qarşılarına məqsəd qoymasalar da, bu barədə oxucuya olduqca maraqlı bilgilər vermişlər.
Dövrün ictimai-siyasi mənzərəsini göz önünə gətirməklə, mühacir mətbuatı tariximizdə «Bildiriş» qəzetinin mövqeyini müəyyənləşdirməkdə yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz müəlliflərin əsərlərinin xüsu-si yeri var.
Birinci qrupa daxil etdiyimiz araşdırıcılardan Abid Tahirli «Azərbaycan mühacir mətbuatı» kitabında «Bildiriş»in də adını çəkib. Azərbaycan mühacir mətbu-atını monoqrafiya yazmağı qarşısına məqsəd qoymuş araş-dırıcı, təəssüflər ki, bu qəzetin mühacirət mətbuatı tarixində xidməti haqqında bir-iki cümlə verməklə kifa-yətlənmişdir. Halbuki, ondan öncə yazılmış kitablarda, X. İbrahimli, N. Yaqublunun əsərlərdə «Bildiriş» qəzeti haqqında xeyli bilgi vardır.
Filologiya elmləri doktoru Alxan Bayram oğlu «Azər-baycan mühacirət mətbuatına dair mülahizələr (1920-1990-ci illər)» kitabında A.Tahirlinin yol verdiyi diqqətsizliyi aradan qaldıraraq «Bildiriş» qəzeti haqqında 7 səhifə bilgi verib. Dərsliyin həcminə nisbətən böyük görünən bu bilgi öncə yazılanların təkrarıdır.
Biz «Bildiriş» qəzeti haqqında yazılanların geniş təhlilinə girişməyərək yalnız nöqsanları göstərməklə kifa-yətlənəcəyik ki, gələcəkdə yanlışlıqlar təkrarlanmasın.
İkinci qrupa daxil etdiyimiz araşdırıcılardan Mövsüm Əliyev yazır: «Haman illərdə onun (M.Ə.Rəsul-zadənin-Ə.H.) redaktorluğu ilə «Azəri Türkü» (1928-1931), sonra isə «Odlu yurt» (1929-1930) jurnalları və həftəlik «Bildiriş» (1929-1931) qəzeti də nəşr edilməkdə idi”. M. Əliyev qəzet və jurnalların nəşri tarixlərində dolaşıqlığa yol verib. «Odlu yurt» jurnalının son sayı 1930-cu ildə deyil, 1931-ci ilin iyul-avqust aylarında, “Bildiriş” qəzeti 1929-cu ildə deyil, 1930-cu ilin 7 avqus-tunda çap olunmuşdur. «Bildiriş» qəzetinin M.Ə.Rəsul-zadənin redaktorluğu ilə çıxmasını təsdiqləyən elə bir sənəd də hələlik əldə yoxdur.
Azərbaycanın siyasi mühacirətindən yazan Xaləddin İbrahimli «Bildiriş» qəzetindən söz açarkən yazır: «1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk si-yasi həftəlik qəzet olan «Bildiriş»in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A. Kazımzadə, məsul müdiri Kamal idi”. (1931-ci ildən məsul müdir M.B.Məm-mədzadə oldu). Qəzetin imtiyaz sahibinin A. Kazımzadə, məsul müdirinin Kamal olmasını yazmaqda haqlı olan araşdırıcı nədənsə 1931-ci ilin iyunun 31-də çap olunan 45-ci sayından həmin ilin avqustun 27-də çap olunan 56-cı sayınadək məsul müdirin B.Süleyman olduğuna diqqət yetirməyib. Onu da xatırladaq ki, qəzetin son üç sayındakı “ümumi nəşriyyat və yazı işləri müdiri Mirzə Bala” da, “Kamal” da M.B. Məmmədzadədir.
Jurnalist Nəsiman Yaqublu «Müsavat partiyasının tarixi» kitabında «Bildiriş» qəzetinin nəşr tarixi, rubri-kaları, mövzusu haqqında danışsa da, B.Süleymanlının adını qəzetin rəhbəri kimi çəkməmiş və B.Süleymanlının şəxsiyyətinə diqqət yetirməmişdir.
Türkiyədə isə Sabahattin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri” və “Azərbay-canın istiklal mücadələsi” kitablarında “Bildiriş” qəze-tindən geniş söz açır. Birinci kitab 1999-cu ildə müəllifin tarix elmləri doktoru adı alması üçün hazırladığı elmi iş əsasında yazılıb. İkinci kitabça 2002-ci ildə İstanbulda çap olunub. Türkiyədə mühacirət tariximizi, eləcə də «Bildiriş» qəzetini təbliğ edən bundan dəyərli bir tədqiqata rast gəlməmişik. S.Şimşir yazır: “Gazetin ilk sayfası baş-yazı dışında Azerbaycan haberleri manşetten olmak üzere, Rusya'daki diğer olaylara önemine göre yer verirken, ikinci sayfa üst kısım itibari ile benzer haberlere devam etmiş, alt kısım da ise bir yazı dizisi yer almıştır. Üçüncü sayfanın bir kısmı Türkiye'ye ayrılırken, bir də hatıra yayınlamaya çalışılmıştır. Dördüncü sayfada ise Türk Dünyası haberleri ile birinci sayfanın devamı olan haberler yer almıştır”.
S.Şimşir qəzetin ideya istiqamətindən danışırkən “Bil-diriş” qəzetinin “İkinci yıl” baş məqaləsindən aşağıdakı parçanı verir:"Vereceğimiz malumat, Türk milletinin ana beşiği olan kardeş Türkistan'a, Türkistan'la Anadolu arasında uzanan zengin ve güzel Azerbaycan'a, Hazar imparator-luğunun, Altın Ordu saltanatının yerinde duran ve Kazan'la Başkırdistan'dan ibaret Edil-Ural Türklüğüne, Karadeniz'in şimalinde Anadolu ile karşı karşıya duran sevimli ve güzel Türk Kırım'a ve şimalî Kafkasya'ya ait olacak, 40 milyon Türk'ün yaşadığı bu arazide cereyan eden hadiseleri, millî istiklâl mücadelelerini tenvir edecektir."
Əli Şamil B.E.Ağaoğlu’nun «Solovkidə gördüklə-rim» xatirələrini çapa hazırlamağı qarşısına məqsəd qoysa da, «Bildiriş» qəzeti haqqında da maraqlı faktları oxucuya çatdırmaqla mövzuya diqqəti çəkə bilmişdir.
Latın əlifbasıyla, A-2 formatla çıxan qəzetin baş mə-qaləsində deyilir: “Bu gündən itibaren her hafta muntazam intişar edəcek olan “Bildiriş” gazetesi yakın, uzak və orta Şarkda, bilhassa Türk dünyasında cereyan eden siyasi, milli harsı ve içtimai harekatlar haqqında mevsuk malumat vermekle Türk efkarı umumiyyesini tenvire çalışacaktır.
Türk dünyasının yegane müstakil devleti ve Şarkın yegane cumhuriyeti olan Türkiye’deki alemşümul islahat harekatini terviçle “Bildiriş” bu hususta ve Türkiye’nin alelumun iktisadi harsı, edebi ve içtimai yenilikleri haq-qında okucularına malumat verecektir.
“Bildiriş” Azerbaycan, Türkistan, Edil Ural, Şimali Kafkasya, Kırım, Gürcistan ve Ukrayna’da cereyan eden hadiseleri bildirmekle beraber Sovet Rusya’ya ait siyasi, iktisadi, içtimai hayat sayfalarını gösteren vakalar haq-qında dahi karilerini tenvir edecektir.
“Bildiriş” İran, Afgan, Hint gibi şark memleketleri haqqında malumat vereceği gibi, Mısır, Suriye, Filistin, Hicaz gibi Arap dünyasındaki vakaya ait dahi kendi sütun-larında yer verecek ve Avrupa’da cereyan eden muhum havadisi kaydetmeye çalışacaktır”.
Qəzetdə ən çox imzası görünən müəllif Mirzəbala Məmmədzadədir. O, yazır ki, “Bildiriş”i M.Ə.Rəsulzadə nəşr etmişdir. Çox təəssüf ki, qəzetdə M.Ə.Rəsulzadənin bir dənə də olsun yazısına rast gəlinmir. Qəzet nəşr olun-duğu zaman M.Ə.Rəsulzadə məcburən Türkiyəni tərk etmişdi. Burdan belə qənaətə gəlmək olur ki, qəzetin nəşri ideyası, ona ümumi rəhbərlik M.Ə.Rəsulzadənin olsa da, əsas ağırlığı Mirzəbala Məmmədzadə çəkmişdir.
Araşdırıcı Əli Şamil “Bildiriş” qəzetinin nəşri və müəlliflərindən bəhs edərkən yazır: “Qəzet 1930-cu ilin 7 avqustundan həftənin pərşənbə günləri çap olunmağa başlayıb. İlk saydakı baş məqalə adsızdır. Məqalənin so-nunda isə “Bildiriş” yazılıb. İkinci saydan başlayaraq baş məqalələrə ad qoyulub. 1930-cu ilin 18 Birinci Kanunda çap olunan 20-ci sayındakı “Vandervelde və Rusya” adlı baş məqaləsinə M.B. imzası qoyulub və sonadək də bu qaydaya əməl edilib. Əlimizdəki qəzet dəstindəki sonuncu qəzet – 58-ci saydır. O da 1931-ci ilin Eylülün 10-da çap olunub. Burada qəzetin bağlanacağına dair heç bir qeyd yoxdur. Qəzetin 1931-ci il Temmuzun 30-da çap olunan 52-i sayından başlayaraq 1931-ci il Eylülün 10-da çıxan 58-ci sayınadək ardıcıl M.B.Məmmədzadənin “Lenin milli siyasəti. Azərbaycanda nə nəticələr verdi?” məqaləsinin səkkiz parçası verilib. Məqalənin sonuncu parçasının altında “arkası var” yazılıb. Buna əsaslanıb əlimizdəki qəzetin tam dəsti olmadığını söyləsək, yəqin ki, yanlışlığa yol vermiş olarıq. Çünki, “1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldığından” və orada nəşr edilən “siyasi mətbuatın da fəaliyyətinə uzun müddət fasilə verildiyi”ndən xeyli yazılıb. Görünür, qəzet qəflətən qapadıldığından redaksiya oxucusuna bağlanacağı haq-qında bilgi verməyə imkan tapmayıb”.
O, qəzetdə Mirzəbala Məmmədzadənin fəaliyyətinə də aydınlıq gətirərək yazır: “Gazete İstanbuldakı “Panqaltı şafak sokağı, N 60”da yerləşirmiş və Orhaniyyə mətbə-əsində çap olunmuşdur. İlk sayından “imtiyaz sahibi: A.Kazımzadə, məsul müdiri: Kamal” olduğu göstərilir. 1931-ci ilin Haziranın 11-dən həmin ilin Ağustosun 13-dək məsul müdir B. Süleyman, sonrakı saylarda isə “ümumu nəşriyyat və yazı işləri müdiri: Mirzə Bala” olduğu yazılır.
“Kamal”, “Mirzə Bala”, “M.B.” və b. imzaların M.B. Məmmədzadənin olduğu araşdırıcılara yaxşı məlumdur. “Bildiriş”də də əsas imzalar “M.B. Məmmədzadə”, “Kamal”, “Mirzə Bala”, “M.B.”dır. Bu onu göstərir ki, qəzetin əsas ağırlıq yükünü o daşımışdır. Hətta qəzet “məsul müdiri: B. Süleyman yazanda belə baş məqalələrin altındakı imza “M.B” olmuş və M.B. Məmmədzadə imzasıyla silsilə məqalələr çap edilmişdir. Bu da onu göstərir ki, M.B. Məmmədzadə qəzetdən heç vaxt ayrılmamışdır”.
Qəzetin 1-18-ci saylarındakı baş məqalələr “Bildiriş” imzası ilə verilsə də, onlar da M.B. Məm-mədzadənindir. Mühacirətdə olan siyasi xadimlərimiz arasında onun qədər məhsuldar yaradıcılıqla məşğul olan ikinci bir şəxsiyyətə rast gəlinmir.
1898-ci ilin avqustun 13-də Bakının Zirə kəndində dünyaya göz açmış Mirzə Bala Məmmədzadənin həyat yolu daima keçməkeçlər və təlatümlər içərisində ol-muşdur. Onun atası balıqçılıqla ailəni dolandıra bilmə-diyindən Bakı şəhərinə daha yaxın Çəmbərəkəndə köç-müşdür. 1907-ci ildə görkəmli maarifçi, şirin və ibrətamiz uşaq hekayələrinin müəllifi S. S. Axundovun müdir olduğu 7-ci rus-tatar məktəbinə daxil olmuşdur. 1911-ci ildə burada təhsilini başa vuraraq məşhur pedaqoq, dərsliklər müəllifi Həbib bəy Mahmudbəyovun müdir olduğu məktəbə keçmişdir. Yaradıcılığa erkən başlamış Mirzəbala Məmmədzadə 1912-ci ildə İsa bəy Aşur-bəyovun "Kaspi" mətbəəsində "Nəfi-elm, yaxud elmin sonu" adlı kitabçasını çap etdirmişdir. Cəfər Cabbarlı ilə bir məktəbdə oxuyan, bir məhəllədə yaşayan Mirzəbala həmişə onu ehtiramla xatırlamışdır. Ölümündən sonra da onun haqqında olduqca dəyərli iki məqalə də yazmışdır. C.Cabbarlı da həbs olunduqda verilən işgəncələrinin ağırlığına mətanətlə dözərək, əqidə və məslək dostunu, duz-çörək kəsdiyi insanın haqqında müstəntiqlərə heç bir məlumat verməmişdir.
M.B.Məmmədzadə 1914-cü ildə, erkən yaşlarından atasını itirmiş, bacı və qardaşlarını dolandırmaq üçün kiçik yaşlarından işləməyə başlamış, ağır həyat tərzi keçir-mişdir. Buna baxmayaraq ruhdan düşməmiş, nikbinliyi, həyat eşqi onu sayılıb-seçilənlərdən etmişdir. 1915-ci ildə Bakı Politexnik Texnikumunun inşaat-memarlıq şöbəsinə daxil olan M. B. Məmmədzadə elə həmin il "Açıq söz" qə-zetində də işə başlamışdır.
İctimai-siyasi işlərə böyük maraq göstərən gəncin bir publisist kimi formalaşmasında "Açıq söz" qəzetinin rolu böyük olmuşdur. Qəzet səhifələrində onun milli mədə-niyyət, ədəbiyyat, mətbuat, maarif, dil və s. problemlərə həsr olunan məqalələri dərc edilmişdir. "Müsavat" parti-yasının orqanı kimi fəaliyyət göstərən bu qəzet Mirzəbalanı M.Ə. Rəsulzadəyə və müsavatçılıq ideyala-rına həmişəlik bağlamışdır. Həyatının sonunadək M.Ə.Rəsulzadə ilə dostluq etmiş, onun ideyalarının mü-dafiəçisi və təbliğatçısı olmuşdur. Bunu onun yalnız pub-lisistik əsərlərində deyil, bədii əsərlərində də açıq-aydın görmək olar. Gəncədə 1917-ci ilin avqustun 5-də tamaşaya qoyulmuş "Ənvər bəy, yaxud Kamil paşa kabinəsi" və 1919-cu ilin sentyabrın 17-də A. Şərifzadənin rejissorluğu ilə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş "Bakı uğrunda mübarizə" pyesləri də bunu bir daha isbatladı. Pyeslərin tamaşaları ilə bağlı qəzetlərdə maraqlı məlumatlar verilmişdir.
1918-ci ilin mart qırğınlarından sonra üzv olduğu partiyanın tapşırığıyla Tbilisiyə-Zaqafqaziya Seymində iştirak etməyə gedən Mirzəbala orada "İttifaqi-mütəəllimin" təşkilatını yaratmış, bu təşkilatın eyni adlı nəşrində çalışmış və rusca-türkcə çap olunan "Gənclər sədası" jurnalının redaktorlarından olmuşdur. Tbilisidə ya-şayarkən elmi-publisistikaya diqqətini artırmış, yaxın dövrün tarixindən bəhs edən "İki inqilab arasında" kitab-ını yazmışdır. Yazıldığı günlərdən az sonra nəşr edilən bu kitab Azərbaycanın inkişafına qarşı durmaq istəyənlərin ortaya atdıqları məsələləri, eləcə də daxili və xarici faktorları aşkarlamış, tariximizi saxtalaşdıranlara tutarlı cavablar vermişdir.
Bakıda çap olunan "İstiqlal", "Bəsirət", "Azərbay-can" qəzetlərində işləməsi ona zəngin təcrübə qazan-dırmışdır. 1918-ci il seçkilərindən sonra onu Parlamentə stenoqrafçı vəzifəsinə götürürlər. Azərbaycan Xalq Cüm-huriyyətinə dair bir çox sənədlərin günümüzə gəlib çatm-asında M.B. Məmmədzadənin rolu böyükdür. O, Cümhu-riyyətin süqutundan sonra sənədlərin itib-batmasına imkan verməmişdir.
Rus orduları yeni donda-qırmızı bolşevik donunda Azərbaycanı işğal etdikdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Cəfər Cabbarlının evində toplantı keçirilmiş, burada Milli Müqavimət Komitəsi yaradılmışdır. Komitəyə Mirzəbala sədr, Abdülvahab Yurdsevər sədr müavini, Cəfər Cabbarlı katib seçilir.
M.B.Məmmədzadə Torpaq Təsərrüfatı Komis-sarlığında işləməklə yanaşı Milli Müqavimət Komitəsinin yerlərdə özəklərini qurur, xaricdəki həmfikirlərilə təşkilat arasında əlaqə yaradır. “İstiqlal” qəzetinin gizli nəşrini təşkil etməklə yanaşı, ciddi antisovet təbliğatı aparır, konfranslarda, toplantılarda, şəxsi görüşlərdə kom-munizmin bir xülya olduğunu, Rusiyanın Azərbaycanı təkrar işğal etdiyini söyləyir. Onlara qarşı sərt müqavimət göstərənlərin bir çoxu sonralar yanlışlığa yol verdiklərini anladılar. Səhvlərini düzəltmək istədikdə, düşündüklərini dedikdə isə Sovet cəza maşını tərəfindən məhv edildilər.
M.B.Məmmədzadə komissarlıqda işləməklə, gizli təşkilatın işini qurmaqla yanaşı elmi fəaliyyətlə məşğul olur. Azərbaycan mətbuatı tarixinə dair ilk biblioqrafiyanı hazırlayaraq 1922-ci ildə Bakıda nəşr etdirir. 1923-cü ilin oktyabrında ÇK ciddi-cəhdlə Mirzəbala Məmmədzadəni axtardığı vaxt “İstiqlal” qəzetinin mətbəəsini aşkarlayır və gizli təşkilatın üzvlərini həbs edir. M.B.Məmmədzadə isə yenə də gizlənə bilir. Onları məcbur edirlər ki, gizli təş-kilatı buraxdıqları haqqında mətbuatda bəyanatla çıxış etsinlər.
M.B.Məmmədzadə gizli şəraitdə işləməkdə nə qədər mahir olsa da, onun Azərbaycanda qalması və fəaliyyətini davam etdirməsi mümkünsüzləşir. Çünki hər yerdə “Mirzəbalayevşina”dan söhbət gedir, ona qarşı mübarizə yolları aranırdı. Belə bir zamanda Mirzəbalanın ÇK-da işləyən Lavrent Beryanın anasının evinə getməsi, orada bir necə gün gizlənməsi, L.Berya ilə görüşü, keçmiş dostl-uqları naminə ölkəni tərk etməsinə yardımçı olacağını vəd etməsi də maraqlı faktlardandır.
Lakin Mirzəbala son anda L.Beryaya inamsızlıq nü-mayiş etdirərək onun planlaşdırdığı yolla deyil, özünün planıyla qaçır. Bu işdə ona Bakıda keçmışdə qoçuluq edib, M.Ə.Rəsulzadə ilə tanışlıqdan sonra qoçuluqdan əl götü-rüb milli hərəkata qoşulan Balasadıq Zeynalovun yardım etdiyi söylənilsə də, Mirzəbala Məmmədzadə özü bu yazılarında bu məsələyə aydınlıq gətirməyib.
Məlum olan odur ki, Mirzəbala İranın Rəşt şəhərinə gedir, hətta orada müəllimlik etməyə başlayır. Lakin Rəştdə çox yaşaya bilmir. ÇK əməkdaşları onun Rəştdə olduğundan xəbər tuturlar. Başqa ölkənin ərazisi olmasına baxmayaraq, Mirzəbalanı həbs etmək üçün xüsusi plan hazırlayırlar. Hətta bu məqsədlə xüsusi gəmi və mühafizə dəstəsi də göndərirlər. Onlar bu planın reallaşacağına o qədər əmin olurlar ki, Bakı həbsxanalarında istintaq altında olan Milli Müqavimət Komitəsinin fəallarına M.B.Məmmədzadənin Rəştdə həbs edilərək gəmiylə Ba-kıya gətirildiyini deyirlər. ÇK-nın əməliyyat planından dostlarının köməyi ilə xəbər tutan Mirzəbala gizlicə Tehrana gedir.
O, İranda olarkən Sulduzda, İravandüzdə, Təbrizdə ya-şayıb işləsə də, daim siyasi fəaliyyətdən əl götürməmiş, Müsavat partiyasının özəklərini qurmuş, Azərbaycandakı və Türkiyədəki məsləkdaşları arasında bir körpü qurmuşdur.
Bundan olduqca çox narahat olan Sovet hökuməti milliyyətcə erməni olan, Türküstanda Ənvər Paşanın yerinin müəyyənləşdirilməsində və öldürülməsində fəallıq etmiş, ÇK-nın şərq şöbəsinin müdiri vəzifəsinə yüksəlmiş Ağabekovu İrana göndərir. M.B.Məmmədzadə isə İranda olduğu müddətdə Azərbaycanla əlaqə saxladığı kimi, İstanbulda olan M.Ə.Rəsulzadə ilə də sıx əlaqə saxlayır, hətta “Yeni Kafkasiya” jurnalına məqalələr də yazırdı.
1926-cı ildə İstanbula gələn Mirzəbala milli mübarizənin öncülü kimi təşkilatı işlər aparmaqla kifa-yətlənməmiş, nəşriyyat işlərini canlandırmış, İstanbul Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Onun fəaliyyətini gözdən keçirdikdə enerjisinə heyran qal-mamaq olmur. Mühacir həyatı yaşayan, məişət qayğıla-rıyla hər an üzbəüz qalan bir tələbənin bu qədər məqalə yazması, təşkilatı işlə məşğul ola bilməsi bəzən inandırıcı görünmür. Amma mövcud olan faktlar da ortadadır. Onları inkar etmək də mümkün deyil. Qəzet və jurnallar nəşr etmək, onlara məqalələr yazmaqla yanaşı, kitablar da tərtib və redaktə edirdi.
1930-cu ilin sentyabr ayında Türkiyənin Xarici İşlər Naziri Tevfik Rüştü Moskvaya rəsmi səfərə gedir. Qarşı-lığında SSRİ Xarici İşlər Naziri M.Litvinov 1931-ci ilin oktyabrında Ankaraya rəsmi səfərə gəlir. İki ölkə arasında razılıq əldə edilir ki, bir-birinin əleyhinə təbliğat aparan, təşkilatlanan qrupların fəaliyyətinə son qoyulsun. Beləcə Türkiyədə yerləşmiş və təşkilatlanmış siyasi mühacir-lərimiz ölkəni tərk etmək zorunda qalırlar.