Читать книгу Bədii qiraət - Məmmədəli ƏSGƏROV - Страница 1
Оглавлениеalatoran
Məmmədəli ƏSGƏROV
BƏDİİ QİRAƏT
(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri üçün tədris vəsaiti)
Bakı – 2017
ISBN:
Elmi redaktor – Ə.R. Dadaşov
İlk dəfə 1975-ci ildə çap olunan bu dərsliyə yenidən ehtiyac yarandığından onun 2017-ci ildə eynilə çapı tövsiyə olunmuşdur.
“Bədii qiraət” adlı dərsliyin təkrar çap olunmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinun dosentləri, respublikanın Əməkdar artistləri M.Yaqubovanın və A.Bayramovun xidmətləri olmuşdur.
GİRİŞ
Ölkəmizdə bədii söz sənəti tamaşaçılar və dinləyicilər arasında ildən-ilə xüsusi hörmət və şöhrət qazanmaqdadır. Bədii söz sənəti estetik zövqlərin inkişafında və formalaşmasında, təkmilləşməsində və tərbiyələnməsində ən kəsərli vasitələrdən birinə çevrilmişdir. Məlumdur ki, estetik zövq təbiətin kamil əsəri olan insana məxsusdur, dil də insana məxsusdur. Dil ünsiyyət vasitəsidir, “insan” sözü isə “üns” kəlməsindən əmələ gəlmişdir, onun kökü məhz “üns”dür. Deməli, insanın sözlərdəki səslərdən və rənglərdən müəyyən ləzzət və zövq alması heç də təsadüfi deyildir. Dahi şair Nizami Gəncəvi demişdir:
Sordu: “Köhnə qızılmı, təzə sözmü yaxşıdır?”
Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır”.
Dünyanın naxşı olan söz üfüqlərində günəş qürub etməyən Vətənimizdə özünün şöhrət çələngi ilə ən yüksək zirvələrdə durur. Xalqımız bədii söz sənətinə dərin ehtiram bəsləyir.
Azərbaycan torpağı şairlər vətəni olmağı ilə fəxr edir. Bu Odlar diyarı alov libaslı sözlərin beşiyi olmuşdur. Zəkalar oyandıran, ürəklərin sarı siminə toxunan, əvəzsiz bədii qidaya çevrilən – qüdrətli, məhəbbətli sözlər diyarı!..
1300 il bundan qabaq Azərbaycan sərkərdəsi Cavanşirin ölümü münasibəti ilə Dəvdəyin yazdığı qəsidəyə “Danışarkən dodağından mirvarilər saçılardı” misrası heç də təsadüfi daxil olmamışdır.
Azərbaycanda hikmətli sözlərə, mənalı kəlamlara, bunları özlərində cəmləşdirən gözəl şeirlərə həmişə dərin hörmət bəslənilmişdir. Yaranmış şeirlər də atalar sözləri kimi dillər əzbəri olmuşdur. Həmin şeirlər uzun ömürlü və çox yayılmış atalar sözləri ilə həmişə yarışmışdır.
Bu gün ədəbiyyat tariximizin müəyyən qaranlıq səhəfələrini işıqlandırmağa kömək edən balaca əlvan gül dəstələri – maraqlı şeirlərin toplusu olan cib dəftərçələri (çünglər) şeir həvəskarlarının yadigarlarıdır. Bunlar həm də xalqımızın şeirə olan marağını təcəssüm etdirən (əks etdirən) sənədlərdir…
Nizami hələ vaxtı ilə şeirlərini əzbər bilən müasir gəncləri ürəkdən sevmiş və alqışlamışdır:
Dəstə-dəstə durmuş türfə gözəllər,
Dillərdə Nizami yazan qəzəllər.
Bir şirin avazla hey oxuyurlar,
Cəngi yarasına məlhəm qoyurlar.
Dahi şair bədii qiraətin təsir qüdrətini gül ətri və bulbul nəfəsi ilə müqayisə edərək, iflic olmuş ruhun dərmanı adlandırmışdır. Onu müsiqi ilə müqayisə etdikdə isə məharətlə oxunan şeirin təsirini müsiqinin təsirindən daha yüksək tutmuşdur:
Nə bir gül bu qədər verir xoş ətir,
Nə bir bulbul bundan xoş nəğmə bilir.
Oxuyanda beyt-beyt və bircə-bircə,
Sanki zeytun yağı sürtdün iflicə,..
Nəğməm saqilərin huşunu aldı,
Xanəndənin sözü ağzında qaldı.
Lakin bu gün bədii ədəbiyyat, onun şeir, nəsr və dramaturgiya kimi janr və növləri həmişəkindən daha artıq dərəcədə xalqımızın mənəvi həyatına daxil olmuşdur.
Hazırda Vətənimizin hər tərəfində ədəbi konsertlər, ədəbi axşamlar, şeir və musiqi gecələri, şairlərlə görüş gecələri, onların yaradıcılıqlarına həsr edilmiş şeir gecələri və s. müntəzəm surətdə təşkil olunur. Həmin tədbirlərdə isə professional artistlər, bədii söz ustaları, gənc aktyor-tələbələr çox yaxından və həvəslə iştirak edirlər. Radionun “On dəqiqə poeziya” adlanan maraqlı verilişlərinə şairlər, aktyorlar, aktyor-tələbələr və diktorlar geniş şəkildə cəlb olunmuşdur. Sayı çox olan özfəaliyyət dərnəklərində bədii qiraətə haqlı olaraq xüsusi fikir verilməkdədir.
Lakin bədii söz sənətinin bu qədər geniş yayılmasına baxmayaraq, qiraətçi kadrların yetişdirilməsinə hələ də çox böyük ehtiyac vardır. Etiraf etməliyik ki, professional qiraətçi kadrlara möhtacıq. Belə ifaçı kadrlarınəksəri isə müəllimsiz, ustadsız və nəzarətsiz işlənməkdədirlər. Onların bəziləri özlərinin elmi-mədəni səviyyələrini artırmaq işinə az fikir verirlər. Bu qəbildən olan qiraətçilər klassik ədəbi parçaların, şeirlərin, əsərlərin ifasında çox ciddi təhriflərə yol verirlər. Müasir bədii söz sənətinin incilərini mahir sərraf kimi qiymətləndirməkdə və yaymaqda çətinlik çəkirlər.
Məhz buna görə də hazırda gənc bədii qiraətçilərin, hətta bədii qiraətlə ciddi məşğul olan xüsusi söz ustalarının yetişdirilməsinə ciddi fikir vermək zəruriyyəti meydana çıxmışdır. Odur ki, yaradıcılıqları zəngin və əlvan şeir, bədii söz gülüstanımızda çiçəklənən, özünün rəngi və ətri ilə diqqəti cəlb edən mahir bədii qiraət ustalarının, bədii söz ustalarının yetisdirilməsinə həmişəkindən daha artıq dərəcədə gərgin və səmərəli əmək sərf etməliyik.
Bu məqsədlə yetişməkdə olan gənc aktyor-qiraətçilərə bədii sözün ecazkar qüdrətini, sənətkarın isə söz üzərində çəkdiyi zəhmətini və əziyyətini çatdırmaq və sevdirmək lazımdır. “Söz əzabından böyük əzab yoxdur dünyada”. Burada sənətkarın öz yaradıcılığına, ədəbi zəhmətin bəhrəsinə, bədii sözə münasibəti “sözün əzabı” ifadəsi ilə çox sərrast ifadə olunmuşdur.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi yazırdı:
Əldə etmək üçün bir şəbçırağı,
Yaxıb yandıraram dili-dodağı.
Şair gözəl və qiymətli bir söz yaratmağın çətinliklərini obrazlı dildə belə ifadə edirdi. O, gecələr sübhə kimi yatmayıb, yaratdığı qiymətli sözləri (ifadələri) gecə çırağı adlandırmaqda haqlı idi. Bu sözlər, həqiqətən, ölməz şairin sönməz şeir məhəbbəti ilə, yeni kəşf olunan bədii sözlərin eşqi ilə yanan qəlbinin çiraqları idi. Bu sözlər onun qəlbinin butasında qızıl külçəsi kimi əriyir, yana-yana çıxırdı. Əvvəlcə, onun dilini, sonra isə dodaqlarını yandırırdı. Bu zəhmətdən məqsəd nə idi?
Oxucular onun əsərlərini oxuyarkən, əvvəlcə, onların dodaqlarını sonra dillərini, daha sonra isə ürəklərini “yandıra” bilsin!.. Şairin yaratdığı atəşin sözlər oxucularına əsil mənada dərin təsir göstərməyə qadir olsun!..
Belə bir təsir isə, heç şübhəsiz, aktyor-qiraətçilər daha ecazkar bir qüdrətlə dinləyicilərinə göstərə bilərlər. Bunun üçün onlardan tələb olunan basilica keyfiyyət nədir? Bədii sözə məhəbbət, klassik irsə və müasir ədəbi sərvətimizə məhəbbət, təkmilləşmək və ustad yetişmək naminə zəhmət, nəhayət, seçdiyi sənətə dərin hörmət,-məhz bu keyfiyyətlər həqiqi aktyor–qiraətçinin formalaşmasına əsil mənada kömək edə bilər.
BƏDİİ QİRAƏTİN BƏZİ
XÜSUSİYYƏTLƏRİNƏ DAİR
Bədii qiraət ustası orfoepiya (düzgün tələffüz) qaydalarını çox diqqətlə və həvəslə öyrənib mənimsəməlidir. Hər mənalı söz mətndə qönçədirsə, onun düzgün tələffüzü isə özünün xüsusi cazibədar ətri, rəngi və gözəlliyi olan açılmış çiçəkdir. Hər hansı əsərdəki mənalı söz və ifadələr ancaq düzgün ədəbi tələffüz ilə dinləyici və tamaşaçılara çatdırıla bilər.
Məlumdur ki, tələffüz ərəbcə “söz” mənasında olan “ləfz” kökündən düzəldilmişdir. Bu, əsasən “söyləmək” mənasında işlənir. M.Füzulinin dediyi kimi, insan ancaq mənalı danışıqda, dürcdən (mücrüdən) dürrlər tökə bilir. İnsan öz danışıq qabiliyyəti ilə təbiətin gözəllikləri fövqündə qadir olur:
Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfaz,
Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz…
Qönçə ləlinlə lətafətdən dəm urmuş, bilməzəm
Neylər izhar eyləgəc ol ləli-göhərbar ləfz.
Qiraətçi-aktyor öz ləfzinin–ifadə etdiyi sözün həm bütün məna çalarını, həm də tələffüzünü yaxşı bilməlidir. O, söz və ifadələrin necə tələffüz edilməsi qayda-qanunları, vurğu, intonasiya və s. ilə dərindən tanış olmalı, bu cəhətlərə yaxşı yiyələnməlidir.
Orfoqrafiya yazı üçün əsas olduğu kimi, orfoepiya da eləcə şifahi nitq üçün vacibdir. Şagird orfoqrafiya qaydalarına biganə qalıb yazılarında xarakterik səhvləri təkrarladığı kimi, qiraətçi-aktyor da tələffüz qaydalarına etinasız yanaşdıqda, bəzi xarakterik səhvləri, tələffüz xətalarını fəaliyyəti boyu təkrarlayır, ciddi səhvlərə yol verir. Səhnədə belə səhvlər çox kobud səslənir, çox eybəcər görünür. Lakin kiçik bir bədii parçanın ifasında isə həmin qüsurlar zərrəbin altındakı ləkəyə çevrilir, daha qabarıq, daha eybəcər görünməyə başlayır.
Tarzən ağ və sarı simlərin köməyi ilə istədiyi mahnı və muğamı məharətlə ifadə edirsə, eləcə də qiraətçi-aktyor K.S.Stanislavskinin təbirincə desək, “sait və samit səsləri düzgün səsləndirməklə (tələffüz etməklə) öz məqsədinə nail ola bilir. Qiraətçi söz üzərində, onun tələffüzü üzərində işlədikcə, sözün daxili hərarət və atəşini iki qat daha artıq duymalıdır. O, sözü səs və mahnı kimi sevməlidir. Bu yolla da söz onun ifasında mahnı kimi səslənə bilər”.
Nitq texnikası aktyor-qiraətçinin yaradıcılıq prosesinə tabe olmalıdır. Lakin nitq texnikası onun yaradıcılığında texnisizmə çevrilməməlidir. Söz ancaq ucadan, aydın səslənməli, həm də özünün daxili mənası, dolğun mündəricəsi, aydın məqsədi ilə fərqlənməli və diqqəti cəlb etməlidir.
Məlumdur ki, nitq texnikası diksiya, nəfəs və səs anlayışlarını təmsil edir. Bunlar isə möhkəm vəhdət təşkil edib bir-birindən ayrılmazdır. Aktyor-qiraətçi mətn üzərində işləyərkən, ayrı-ayrı mətnlər (parçaları, əsərləri) ifa edərkən, özünün diksiyası, nəfəsi və səsinə xüsusi diqqət yetirməlidir. Quşun uçuşunu qanadlar, sözün pərvazlanıb ürəklərdə qərar tutmasını isə əsasən aktyor-qiraətçinin diksiyası, nəfəsi və səsi təmin edir. Bundan məhrum olan qiraətçi-aktyor, heç şübhəsiz, qarşısına qoyduğu məqsədə ya az, yaxud da heç nail ola bilməz. M.Füzuli hələ XVI əsrdə çox gözəl demişdir: “Bacarıqsız şeir deyənin pəltək dili lal olsun ki, ondan şeir inciləri səpələnmişdir. Onun məntiqi qəziyyətləri nəticə verməkdən ari etmiş, onun təsrifi zəmməli sözləri kəsərli etmiş (yəni saitləri təhrif etmişdir – M.Ə.)… O dil kəsilsin ki, söz fəzasında ondan fikir sarayları uçurur. Onun pis ləhcəsinin inqilabından ibarələr gözəlliyinin vucudu məhv olur”.
Daha sonra şair yazır:
Binəsib olsun nəmi-xülddən ol zişt kim,
Namülayim ləhcəsi mövzunu namövzun edər.
Tişeyi- ləfzi binayi- nəzmi viran eyləyib,
Süst göftarı fəsahət əhlini məğbun edər.
Beləliklə, şair öz “tişeyi-ləfzi” (ifadə tərzi,) diksiyası ilə “nəzm binasını” dağıdan, “süst göftarı”– ehtirassız və sönük ifadələri ilə şerin əsil gözəlliklərinə xələl gətirən, nəsrlə nəzmə fərq qoymayan qiraətçiləri hələ XVI əsrdə çox kəskin tənqid etmişdir.
Füzulinin bu fikir və misraları müasir dövrümüzdə daha qüvvətlə səslənir, özünün yeni məna və məzmunu etibarı ilə diqqəti cəlb edir, çünki müasir dövrdə, ümumiyyətlə, bədii parçaların, o cümlədən də poetik parçaların, xüsusilə, klassik şeir nümunələrinin ifadəli qiraəti həmişəkindən daha ciddi münasibət, səy, əmək və müntəzəm “məşq” tələb edir. Lakin təəssüflə göstərməliyik ki, məktəblərimizdə, müxtəlif yığıncaqlarda, hətta radio və televiziya verilişlərində klassik şeir parçalarını, xüsusilə, Füzulinin şeirlərini “namövzun” edən – vəzn və ahəngini pozan müəllimlərə, qiraətçilərə, bədii qiraətçilərə, qiraətçi-aktyorlara və artistlərə getdikcə daha çox təsadüf olunur.
Tələbələrə bədii əsərlərin düzgün bədii qiraətini öyrətməyin çox böyük tərbiyəvi və estetik əhəmiyyəti vardır. Lakin istər orta, istərsə də ali məktəblərimizdə klassiklərin ifadəli və bədii qiraəti, demək olar ki, lazımi səviyyədə deyildir. Şagirdlər və tələbələr əruz vəznli klassik şeir nümunələrini düzgün, səlis, rəvan bir tərzdə oxumaqda çətinlik çəkirlər. İstər orta, istərsə də ali məktəb müəllimlərimiz arasında da klassik əsərləri düzgün oxumayanların sayı az deyildir. Əkrəm Cəfər çox haqlı olaraq yazır ki, “Bizdə inşad (bədd qiraət-M.Ə.) sənəti çox zəif vəziyyətdədir. Yalnız orta deyil, ali məktəblərimizdə, hətta aktyorlarımızın arasında da Azərbaycan şeirini layiqincə düzgün inşad edə bilənlər azdır”.
Doğrudan da, məktəblərimizdə klassik şeir nümunələrini çox gülünc şəkildə oxuyan müəllimlərimiz klassiklərimizin düzgün tədris işini təşkil edə bilmirlər. Təəssüflə qeyd etməliyik ki, belə müəllimlər öz səhv və gülünc iş üsullarını hətta mətbuat səhifələrinə belə “qabaqcıl iş nümunəsi kimi” qələmə verməyə imkan da tapırlar. Məsələn, Ağdaş rayonundakı Qəsid kənd məktəbinin müəllimi S. Qocayev “V sinifdə “Əkinci və xan” şeirinin tədrisi təcrübəsindən “adlı məqaləsində düzgün qiraət məsələsinə toxunaraq belə qeyri-elmi və gülünc mülahizələr irəli sürür:”…
İzahatdan sonra əruz vəzninin xəfif bəhrinin “failatün məfailün fəlün” şəklindən istifadə ilə (?) şeiri nümunə üçün bir də özüm oxuyuram. Sonra da danışıqları yaxşı qiraət bacarığı olan dörd şagird, biri əkinçinin arvadı, ikincisi xan, üçüncüsü əkinçi və dördüncüsü isə şair arasında bölüşdürüb (?), şeiri dialoqlarla oxuduram…
Burada şagirdə başa salıram ki, ağzı əyərək “xanə” demək ərəb dilinə aiddir. Azərbaycanca ahəng qanuna uyğun olaraq “xana” demək lazımdır. Bu qəbildən olan başqa sözlərin də ifadəsini eyni qayda ilə düzəldirəm” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, IV buraxılış, 1960, səh.132-133). Bu, müəllimin belə pedaqoji “iş təcrübəsi” klassik şeir nümunələrinin bəzi orta məktəblərimizdə tədrisi üçün xarakterikdir. Onun “danışıqları yaxşı qiraət bacarığı olan” (?), şagirdləri oxutdurması, “xanə” kəlməsində “ağızlarını əydirməsi” (?), bu kimi sözlərin mənşəyini özü düzgün bilmədən (“xana” fars dilindədir) müəyyən “qayda ilə düzəltməsi” nə qədər gülüncdür.
Burada xarakterik bir faktı da qeyd etmək yerinə düşərdi. M.Füzuli yaradıcılığını tədris edən bir ədəbiyyat müəlliminin dərsində iştirak etdiyimiz zaman, o, şairin aşağıdakı beytini əzbərdən deyib şərh etməyə başladı:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
Müəllim mətlənin ikinci misrasını aşağıdakı şəkildə təhrif etdi:
Aşiq Sadıq mənəm, Məcnunun ancaq adı var.
M.Ə.Sabirə həsr olunmuş ədəbi axşamların birində bədii qiraətçi şairin məşhur şeirlərindən olan “Oxutmuram, əl çəkin!” şerindəki “riza” (bu sözün ərəb dilində mənası “razılıq” deməkdir) sözünü xüsusi isim kimi başa düşdüyündən, həmin sözün işləndiyi parçanı belə oxudu:
Eyləmənəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm Rza şapqa qoya başına…
Aktyor və bədii qiraətçilərimiz arasında isə (hətta bəzi professional-ustad aktyor- qiraətçilər də daxil edilməklə) daha kobud səhvlərə yol verənlərə təsadüf olunur. Məsələn, C.Cabbarlının yubiley gecəsində şair-dramaturqun məşhur “Ana” şeirini söyləyən professsional aktyor ayrı-ayrı tərkibləri (“ədüvvü canım”, “dəhşətü qiyamət”, “dövlətü cahanı”, “aləmü xəyalətdə” və s.) yanlış söyləməsi və bununla da beytlərin məzmununu kobud təhrif etməsi bir kənara dursun, onun aşağıdakı bənddə “sön” sözünü “sən” şəklində söyləməsi daha ciddi təhrifə, anlaşılmazlığa və məntiqsizliyə gətirib çıxartdı:
Əs, ey külək, bağır ey bəhri-biaman, ləpələn,
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Aktyor- qiraətçi “sən, ey günəş!” müraciəti ilə özü də bilmirdi ki, günəş hansı yağışın yağdırsın. Halbuki mətndə söhbət günəşin “sönməsindən” (“