Читать книгу İdeal - Muğanna İsa, İsa Muğanna - Страница 1

Оглавление

İsa Muğanna

İDEAL

(ƏsƏr)

ÖN SÖZ

DİQQƏT!

Mənim həyatımın indi artıq oxuculara məlum olan fəlakətləri o vaxt başlandı ki, əlimə qələm alıb yazmaq xəyalına düşdüm.

1952-57-ci illərdə, 24-29 yaşlarımda ilk az-çox ciddi əsərimi-“Arx” hekayəsini, “Dan ulduzu” və “Yanar ürək” povestlərini yazdım. Ədəbiyyat aləminin diqqətini təzə-təzə cəlb etməyə başlayırdım ki, birdən-birə “Yanar ürək” ədəbi ictimaiyyətin, partiya iclaslarının, plenumların, Azərbaycan kommunist partiyası rəhbər işçilərinin kəskin tənqidinə məruz qaldı. Səbəb povestin əksər fəsillərində həyatımızın mənfiliklərinin çoxluğu və hadisələrin mərkəzində mənfi raykom katibinin obrazı idi. Bu kəskin tənqid 1960-cı ilə qədər, yəni dördüncü ciddi əsərimin çap olunmasına qədər davam etdi. Lakin dördüncü əsər- “Doğma və yad adamlar” romanı daha kəskin tənqid atəşlərinə məruz qaldı. Səbəb əsərin mərkəzində ədəbi gəncliyi sevməyən, son dərəcə mənfi xarakterli alim-tənqidçinin obrazı idi. Bu tənqid də demək olar ki, bütün respublikanı əhatə etdi.

Alim-tənqidçi, MK-nın katibi Cəfər Cəfərova, akademik Məmməd Cəfərə qədər bütün görkəmli şəxsiyyətlər romanın əksinə məqalələr yazdılar. Həyatım belə gətirdi ki, Moskvada “Literaturnı institut”da təhsilimi davam etdirməyə gedəndə kino işçiləri ilə tanış oldum və “Ulduzlar sönmür” (Nəriman Nərimanov) filminin ssenarisini yazdım. Lakin bu dəfə də əvvəlki kapitalist Zeynalabdin Tağıyevin müsbət obrazını yazdığıma görə Mərkəzi Komitənin tənqid atəşi altına düşdüm. Film yenidən montaj olundu. Şəxsən ulu öndərimiz özü filmi təqdir edəndən sonra tamaşasına izn verildi. Lakin bu son hadisə də mənim, necə deyərlər, ədəbi bəxtimi açmadı. “26-lar” filminin ssenarisinə görə də kəskin tənqidlər oldu.

Yalnız 1985-ci ildə həyatım dəyişdi. O vaxt mən kinematoqrafiya komitəsinin baş redaktoru vəzifəsində işləyirdim. Yeddinci mərtəbədə əməlli başlı çardaq kimi dörd kvadratmetrlik kabinetdə otururdum. Səbəb sədrlə aramızda baş vermiş siyasi konflikt idi. Sədr Nəriman Nərimanovu qatı millətçi sayırdı və mənim Nərimanova həsr olunmuş filmimi ardıcıl tənqid edirdi. Bu vaxt mənim başıma bir iş gəldi. Tamam səssiz, ucqar kabinetimdə oturub “Yanar Ürək” əsərinin yeddinci variantını (!) işləyirdim. Bu əsəri hökmən yararlı hala salmaq istəyirdim. Qəfildən qəzəbli bir səs eşitdim. “Bir romanı nə qədər yazmaq olar?! Qələmi at, pəncərənin qabağına gəl!” Mən özümü itirdim: Səs hardan gəlirdi? Nə üçün işimə müdaxilə edirdi… Pəncərənin arxasında tikişi tamamlanmamış “Başnya” vardı. Səs bu dəfə rusca eşidildi. Hiss etdim ki, Moskvanın sifarişi ilə rus dilində kinossenari yazdığımı lağa qoyurdu. Üstəlik də səs çox sərt idi: “vot eto nedastroyyennaya başnya” “Keç stolun arxasına, mən öz ana dilində sənə qədim dünyaya dair material verəcəm. Tarixi roman yazacaqsan. Ondan sonra sənə yazıçı demək olar “Sonra özü haqqında danışdı.” Mən sizin “İisus”, “İsayi Məsih” “İsa peyğəmbər” dediyiniz adamam. OdAzÜz BağOdər planetindən danışıram. Atam sizin “Allah” Boq” adlandırdığınız “Bağ” atadır. Böyük qardaşım Süleyman peyğəmbər dediyiniz (Solomon adlanan) Ulu Bag ƏsəlMəndir. İkinci qardaşım “Hoy” adlandırdığınız “ÜnEv”dir. Üçüncü qardaşım “İbrahim peyğəmbər” dediyiniz “EvƏrimdir”. ƏsəlMəni anlamırsan. Qədim OdƏr (Azərbaycan) dilində Əs-yaradan deməkdir. Əl-həm də oğul deməkdir. ƏsəlMən-Mənim yaradan oğlum deməkdir. ÜnEyi də anlamırsınız. Ün-səs deməkdir. Ey-uca deməkdir. ÜnEy-uca ün deməkdir. Ev sözünü bilərsiniz. Ər-işıq deməkdir. EvƏrim-evimin işığı deməkdir. Sizin indiki dilinizə oxşayan bu dil OdƏr dilidir. Od-həqiqət deməkdir. Ər-işıq deməkdir. OdƏr-həqiqət işığı deməkdir. Sizin indiki dilinizin adı da OdƏr dilidir. 1930-cu ildə rus alimlərinin təzyiqi ilə millətinizin adı-OdƏr və dili OdƏr dəyişdirilib. Qədimdə Qreklər və bütün planet sizə “Bağ OdEy” “Bağ day” deyib. Sonra “Maday” “Midiya” deyiblər. Sonra “Atropatena” deyiblər. 1930-cu ildə “etimalogiya” (Ehtimal) nəzəriyyəsi əsasında “Atropatenanı-“Adrbican”, ”Az ər bay (zay) can, nəhayət Azərbaycan eləyiblər.

Bu sizin vətənin başına gətirilən fəlakətlərdən bir qismidir. Əsas fəlakət 604-cü ildə başlanıb. 802-ci ilə qədər 200 illik anti OdƏr müharibəsində olub. ƏrEy (indiki Roy) şəhərində başlamış Qərbi Sibirə qədər ərazinizdən köçüb Qalom (Orta Asiya) “Altay”, “Volqaboyu”, Sakit okean adalarına qədər dağılışmısınız. Orta Asiyada əsl adı Bağday sayılan ölkə “Tərik”-“Türk” adlanıb. Müharibədən sonra Kür vadisinə Muğan düzünə köçmüsünüz.İndi sənin təxəllüs götürdüyün Muğanna sözü Odərcə BağUn (“beyin”) sözündəndir. Atəşpərəstlik dövründə “Muğanna” (Bizim bağlar) deyilib.

Ən böyük fəlakətiniz 1879-cu ildə olub. Rus çarı (sarı) 1-ci Aleksandr Muğan düzünü tutub, Muğanna əhalisini Cənubi Azərbaycana, Türkiyəyə, Qazax, Borçalı, Şamaxı, Zaqatala vilayətlərinə sürüb. Bu parçalanma, dediyim kimi ən böyük fəlakətlərinizdəndir.

Adını çəkdiyim ərazilərdə 42 Muğanlı, Muğan kəndi, Türkiyədə isə Mağloz vilayəti var.

Sən indiki Ağstafa (AğÜs OdEr) rayonundakı Muğanlı kəndində 1928-ci ildə anadan olmusan. İlk müəllimin məni saya bilərsən. İkinci müəllimin görkəmli rus yazıçısı Konstantin Pom “Masterskoyudur”

İkinci söz

Vətənimin əsas fəlakəti isə lap qədimlərdən başlayaraq bütöv ərazisini itirib parçalanmasıdır. Cənubi Azərbaycan, Dərbənd, Mağlar, Rey(ƏrEy). Nə yaxşı ki, kökündən dəyişmiş şəkildə də olsa OdƏr (Türk) dilini bilmisiniz. Mən “Allah” adlandırdığınız ƏlAğ EySar sənə əsərləri Türk dilində verirəm. Çünki bu dil yer üzündə ən çox yayılmış perspektivli dildir. Fəxr et ki, mənim təqdir etdiyim əsərləri -“Saz”, “Tütək səsi”, ”Quru budaq”, ”Faciə”, ”Kollu koxa”, ”Ömür karvanı” povestlərini ”Məhşər” (Qiyamət günü) “İdeal”, ”Qəbirstan”, “GurÜn” , ”Cəhənnəm”, “İsahəq, Musahəq”, ”İlan dərəsi” romanlarını bu yüksək ifadəli, zəngin dildə yazdırıram.

Vətənimizin əsas fəlakəti, yuxarıda dediyim kimi, o vaxt başlanıb ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas-gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlli minlik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli-Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlıqla), BağHəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətən nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törətdiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə bir-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi (“tarixi”. “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (öz əlimizlə) gah açıq, gah gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib-gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.

Yaxın və uzaq keçmişimizən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş romanlarda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar – “Məhşər” (Ənşər-mən şər”) “Qəbristan” “GürÜn”,

“İsahəq, Musahəq” “Cəhənnəm”, burada göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fayda versin.

Muğanna, 27.01. 2013.

SÜLEYMAN PADŞAHIN XƏZİNƏSİ

1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı; taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə, şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.

Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku”ndan1 hər cür nemət dadıb, özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində- qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa: “Çax-çux özünə gün ağlasın, biz də özümüzə”, – deyib gülüşsünlər.

Bu üç nəfər – iki qız və bir oğlan, cəhalət və işgəncələrlə dolu ölümlü dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların “ağzını şirin eləmişdi”, cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə “müftəcə yeyirdilər”. Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

– Ey, ey, saçlarınız görüşdü!– deyib, bir əlilə Gülgəzin, o biri əlilə Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

– Ey, ey, əlləriniz görüşdü! – deyib bir əllə Gülgəzin, o biri əlilə Səmədin əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, “dizlərin görüşü”, “ayaqların görüşü” də bunun üstünə gəlib, hər üçünün arasında sehrli, sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi.

Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri idi. “Ekspeditor”2 Xalıqın rəsmi “faktura” – malın siyahısı və qiymətləri ilə mal payladığı və qeyri-rəsmi “çax-çux” – alver elədiyi üç para kənddə, o cümlədən burda – Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında “sərhədin açıldığı”3 gündən indiyə qədər – beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil, bu get-gəl Əmirlilərin o tayda – “xarici ölkədəki qohumları” ilə, Təbrizin Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda – Sovet Azərbaycanında “sinfi düşmən” sayılan məsləkdaşları ilə əlaqədardılar4. Palıd kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-çux yenə “Məhəmməd Əmirdən, şeyx qardaşlardan”, o qardaşlardan qalan mülklərdən, var-dövlətdən danışacaq.

Səməd isə öz aləmində idi. Hətta son günlərin böyük, ciddi hadisələri – “o tayda Azərbaycan Demokratik Firqəsinin məğlubiyyəti, yəni “Milli Hökumətin yıxılması” və “Şahın bizimkiləri topa tutması”5 da bu gur saçlı, möhkəm bədənli, “əziz-ərköyün sədr oğlu”nun gur hissiyyatla dolu şadlığına mane olmamışdı. Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ bir o qədər toxunmamışdı və toxuna da bilməzdi. Cəmaat deyirdi: “Sədr oğlunun Araz aşığındandı, Kür topuğundan”, yəni “heç nə vecinə deyildi”. Və bu sözlərdə həqiqət vardı.

Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən cəmaat arasında “əziz-ərköyün sədr oğlu” kimi, “şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi” kimi, “ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən” və “yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı” kimi görmüşdü; qonaqlının nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu it saxlayan Qudalı məhləsinin itlərini döyərdi; Əmirlilərə açıq-açığına “düşmənlərim” deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna “Göbələk Məmiş” deyib qaçışan Qudalı cavanlarını “deşiklərinəcən qovardı”, əlinə keçənlərin ağız-burunlarının qanını bir-birinə qatardı; “Qudalı cavanlarının atamanı Qıllı Qeybalı”, Qonaqlının partkomu Cəfər əminin – Lüt Cəfərin özündən iyirmi yaş kiçik arvadı Ayna bacının “ora-burasına baxanda” Qeybalını “Dantes köpəyoğlu”6 adlandırıb “duelə” çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üz-gözünü, üst-başını batırardı; hesabdar Mürsəl, Qonaqlının məşhur “qəlyanlı qocalar”ından Çürük Aşıqla Xızr Abının əməkgünlərini kəsib, ömürlərini bazarlarda keçirən Qudalılara əməkgünü yazanda Səməd atasının bu işə qarışmağını gözləməyib, mühasibliyə cumardı, “vedemost”u7 stolun üstündən qapıb Mürsəlin başına çırpardı, “təzədən yaz, köpəyoğlu!” deyib, ədalət bərpa olunmayınca idarədən çıxmazdı.

Lap uşaqlıqdan başlayıb, hələ də davam edən bu cür dəliqanlılığına görə Qudalı cavanları ona “Dəli Səməd” deyirdilər və yəqin ki, elə haqlı deyirdilər; daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da qaynayıb yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam vəziyyəti deyildi və Səməd özü də hiss edirdi ki, ancaq son vaxtlar “Kamal attestatı proqramı”nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə cumanda, bir də Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyə-yeyə Gülgəzə tamaşa eləyəndə “az-çox adam olurdu”.

1946-cı il dekabrın iyirmi üçünə qədər vəziyyət belə idi.

O qış günü Çax-çuxun “o taydakı şeyx qardaşlar” barədə cəmaata danışdığı xəbəri, “O Əmirlilər Sovetin düşmənləridilərsə, burdakı Əmirlilər Sovetə dost olarlarmı, ay cəmaat?!” – dediyini qulağı alar-almaz Səməd əlini Gülbənizin önlüyündən çəkib, birbaş idarəyə – atasının kabinetinə yüyürdü və o gün də birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa, “Ağ Əmir, Boz Əmir adında şeyx əmiləri” də varmış; haçansa “İranda məşrutə vaxtı”, Səttarxan üsyanı illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın8 məscidlərində ianə yığıb o taya apararmışlar. Axırıncı dəfə, Şimali Azərbaycanda Şura respublikası qurulanda Nəriman Nərimanovun “Şərqdə müstəmləkəçilikdən azadlığa çıxmağın yolları” haqqında nitqinə qulaq asıb gediblər, bundan iki il sonra – iyirmi ikinci ildə isə, sonuncu Azərbaycan şahının təxtində oturan təzə Pəhləvi şahının qəzəbinə keçib zindana düşüblər, yeddi-səkkiz il müddətində şaha dəfələrlə məktub yazıb Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut eləməyə çalışsalar da, “millətpərəst qiyamçılar” damğasından qurtara bilməyiblər və nəhayət, otuzuncu ilin qışında iki qardaşın ikisi də bir gündə xəlvəti öldürülüb, “Əmir məzarıstanı” deyilən qəbristanda dəfn olunub…

Atası Səmədi stolun böyründə oturtdu, özü isə ayağa qalxdı. Boyu elə uca idi ki, stolunun dalından qalxanda başı divarda Stalinin portreti ilə yanaşı durardı və bu vaxt Səməd qalın, bir az yağlıtəhər saçlarında daraq dişlərinin izi qalan, bığı da saçları kimi parıldayan atasının Stalinə necə oxşadığını daha yaxşı görüb, kükrək qürurla coşub dik atılardı. Atası bu hərəkətdən təəccüblənib, “hoppanırsan elə”, – deyərdi. Sonra gözucu portretə baxıb dodaqucu gülümsünərdi, “Yaxşı böyüyürsən, oğlum. İşıqlı böyüyürsən, əmma çox hoppanma. Oğul təmkinli olmalıdı”, – deyib hər dəfə nəsihət eləsə də, Səməd heç cür təmkin saxlaya bilməzdi. O gün isə, sədr stolunun böyründə, xüsusi xalça üstündə, Sultan əmi kimi, Qılınc Qurban kimi böyük adamlar üçün qorunub saxlanan “qonaq yerində” – kresloda oturduğunu da hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.

Qabağında, stolun küncündə üç şəkil vardı. Biri “Əmir məzarıstanı”nda bir cüt yanaşı qəbrin şəkli idi. İkinci, üçüncü şəkillər isə, həmin qəbirlərin başdaşlarının ayrı-ayrılıqda şəkilləri idi. Danışıb qurtarıb kabinetdən çıxanda, atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:

– Bax! Bax! – dedi. – Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə düşmən sayırlar, -dedi. – Aclıq ili9 gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını oxuyub Kommunist Partiyasına daxil olmasaydıq, Sultan əminnən mənim yerimiz də o məzarıstan olardı indi, -dedi. – Cəllad şahın əli çatmadı, bu tayda səlamat qaldıq. İndi özümüz özümüzə cəllad olmuşuq. O taydan şeyx qəbirlərinin şəkillərini gətirdirik, bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlini çək-çevirə salırıq: “Sinfi düşmənlərimizin qardaşlarısınız!” – filan!.. Bax o şəkillərə, fəxr elə ki, Əmir adınnan adlanan o məzarıstanda qədim nəslin-kökün Səttarxan, Bağırxan mücahidlərinə haqq-ədalət dərsi deyən şeyx əmilərin var. “Şeyx” kəlməsi qorxutmasın səni. Oxumusan, Lenin deyir: “Religiya opium dlya narodov” – “Din tiryəkdir xalqlar üçün”. Yəni beyinləri dumanlandırır din, real dünyadan ayırır. Əmilərin Ağ Əmirnən Boz Əmir razıydılar bu fikirnən, tez-tez bizim Doktornan, yəni Nəriman Nərimanovnan görüşdülər. Dini məhz “tiryək” adlandırırdılar. “Mollaların nazıynan oynama, Doktor, – deyirdilər. – Çox hiyləgər məxluqatdı mollalar, bir də ayılıb görərsən elə özün də tiryək çəkirsən”, – gülüşürdülər. “Şeyx” rütbəsinin, din libasının altında gizlənib “Kainat elmi” – “SafAğ Elmi” adlanan böyük elm yayırdılar əmilərin.

Təbrizdə mədrəsəmiz vardı. “Quran”ın tədrisində surələrin oxunuşu, yəni kəlmələrin, ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi, qiraət üsulu qurtarandan sonra mədrəsənin qapılarını bağlayıb “batin”, yəni gizlin “təfsir”ə, yəni şərhə– izaha başlayırdılar.

Həqiqət “Quran”ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu), OdƏr dili adlanan dildədi. Məsələn, “Quran”ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət yetirək: “Əlif Lam”.

“Əlif- “A” hərfinin əsli – OdƏrcəsi “ƏlEv”di. Mənası: “Evin Əli”.

Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır.10 Məna isə izahat tələb eləyir. Necə yəni “ƏlEv”? – “Evin Əli"? Kimin evinin əli? Evin də əli olarmı?.. Uzun təfsirdən – şərhdən sonra məlum olurdu ki, “Ev” (hələlik belə bil) Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.

Nə başa düşdün?

Əgər Əli – Oğlu varsa, demək, Allah tək deyil və demək, “Quran”dakı “Allah təkdir”, “Allah doğub törəmir” sözləri yalanmış?!

Bax belə təfsir – şərh!

“Lam” hərfinin əslinə – OdƏrcəsinə diqqət yetir: “Əlim!”

Birinci surənin əvvəlindəki “Əlif Lam” hərflərinin birlikdə mənası nə olur?

“ƏlEv Əlim!” Yəni “Evin Əli mənim əlimdir”. Hər bir Aləmdə, yəni “Qalaktikada” əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.

İndi görək bu “Allah” və ya Ərəbin dilindəki kimi “Əllah” deyilən bu kəlmənin özünün əsli – OdƏrcəsi nədi?

ƏlAğdı!

Yazıram, əyani gör: “ƏlAğ”.

Yəni “Ağ”ın “Əli”?

– Bəli.

Bəs “Ağ” nədi?

SafAğ İnsandı “Ağ”. Yəni, ən saf İnsan, rusca desək, “Preçistıy”.

ƏlAğın mənası oldu “SafAğ İnsanın əli.

Demək, “Oğul” – ƏlAğ- “Allah” özü kiminsə Əli – Oğludusa, o Oğulun özünün də Oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, “Allah doğub törəmir” demək olmaz. Yəni, “Quran”ın əsas müddəasına: “Lailahəilləllah” – “Allahdan başqa Allah yoxdur” müddəasına inanmaq mümkün deyil. Elə isə “İslam milləti” deyilən bu qədər əhalini necə inandırıblar? “İslam” dinini necə yaradıblar? Sadəcə olaraq, “Quran”ın əslini yazan kişiynən bütün qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: “Kəlmeyi şəhadətini de!” Elə ki, “Lailahəilləllah” demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın tarixini biləndə hər şey aydın olur və insan həqiqəti bərpa eləməkdən ötrü mübarizəyə başlayır.

Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.

Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.

Lenin kimdi? Stalin kimdi? Mircəfər Bağırov kimdi? Biz – Sultan, Mədəd adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən, oğul.

Mircəfər Bağırova hamı Mirqəzəb – cəllad deyir xəlvətdə. Niyə? Öyrənməlisən, bilməlisən!

Vəzifəlilər “Kişi” deyirlər ona, “Azərbaycan bolşeviklərinin atası”, “Xazeyin” deyirlər.

“Kişi” sayılanın “Pers” çağırdığı istəkli bir generalı var. O “Pers”, KQB11 Xudiyevi, NKVD12 Gülənovu, prokuror Sayılovu, RİK13 Ağamalını çəkib dövrəsinə, rayonun bütün aktivi əmrlərini nöqsan tutur bizə. “Tərcümeyi-halınızı düz yazmayıbsınız”. “Sinfi mənsubiyyətinizi gizlədibsiniz!” “Partiyanı aldadıbsınız!..! “Təhlükəli adamlarsınız!..” “Siz də “batin”, yəni gizlin işləyənlərdənsiniz, “Pünhan”, “AdıPünhan” deyirlər sizə…” və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən, xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə, torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.

Müharibədən qabaq başlanmışdı bu söhbət… Danışıram ki, başımıza bir iş gəlsə, fikirləşməyəsən ki, görəsən, niyə gizlədiblər məndən bu işləri. Körpəydin onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın həqiqətlərini açan “Pünhan” alimlər, el arasında gəzərgi şeyxlər, müridlər, dastanların rəmzlərində Kainatın sirlərini açan ustad aşıqlar – Alı, Ələsgər kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən filan deyilik, Vətənimizin o tayında olanda bu tayı “xaric” saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.

Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttarxan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrabalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.

Başa düşürsənmi nə deməkdi bu, oğul?

Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün “dopros” – istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar- məhv eləsinlər.

Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.

Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç kəsə!

İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə hökumət qurmuşuq. Əsas şeyləri deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik, göndərdilər yuxarıya – Bakıda o “Kişi” deyilən Mirqəzəbin özünə, çünki elə o vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa düşürdük ki, Marksın, Engelsin, Leninin “bütün dünya füqərayı-kasıbları, birləşin!” şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki, dünyamızın xarablığı adamların bir qisminin varlı, istismarçı kapitalist, feodal olmağında deyil, bizim hələ Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün, yəni bütün bəşəriyyətimizin özünün qanmazlığındandı. Dünyamızın keçmişini bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm özünün zərərinə eləyir, həm də başqalarının. Belə olan halda, yəni kapitalistin, feodalın əlinin altında zillət çəkən “füqərayı-kasıb” ilə birgə istismarçının özü daha qanmazdısa, milləti iki yerə bölməyin nə mənası var?! Qan-qırğın, kin, ədavət daha da xarab eləmirmi insanı?!

Kimə deyə bilərdik bunu, ay oğul?!

Kəndlərdə cəmaatdan məktub, şahid-filan yığdıq ki, biz ədalətli adamlarıq, kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri, ağsaqqalları yığdı başına, o “Kişi” deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox gizlin elədilər qırğınları, tutquları, sürgünləri.

Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, “Get kəndlərdə sat, arada da söz yay ki, kişmiş özümün deyil, o taydan Ağ Əmirnən Boz Əmirin oğulları öz əmiləri Sultan Əmirliynən Mədəd Əmirliyə göndərirlər. “Qorxuram söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxıram kişmişi satıram. Pullarını özlərinə verəcəm”. Həqiqətən Sultan əmiyin stolunun üstünə yığın-yığın pul qoyurdu cəmaatın gözünün qabağında, “Sizə çatacaq”, -deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər Ağ Əmirnən Boz Əmirin oğulları, dövlətli olduqlarına görə də guya şaha qulluq eləyirlər, o tay, bu tay Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.

Əslində, özləri, başda bu Bığlı14, dəridən çıxırdılar ki, o tay Azərbaycan farsın əlində qalsın, bu tay Azərbaycan rusun əlində, Borçalı, Başkeçid Gürcüstanın əlində, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsi erməninin adına yazılsın… Bil bunları da! Bil! Danışma ha! Lal-kar ol! Xüsusən, var-dövlətimiz, mədrəsəmiz-filanımız barədə lal ol! Bayaq dedim, bir də deyirəm, unutma, bizi həməşə varidatı başından aşan sinfi düşmən qələmə verirlər.

Bil! Uşaq deyilsən daha, onillik qurtarırsan, gör cəmaatın gözünə necə kül üfürürlər, kor eləyirlər ki, sabahları əminnən mən “ifşa olunanda”, partiyadan çıxarılıb həbsə alınanda ədalətsizlik kimi görünməsin bu, əvvəlcə cəmaat elə özü desin ki, belə də olmalıydı, şahnan əlaqədəydilər, xalq düşməniydilər!.. Dost da Şura hökumətinin adından danışır, düşmən də. Cəmaat seçəmmir yaxşını yamandan. Sən seçməlisən! Oğlumsan! Bilməlisən ki, hümmətçi, yəni Nərimanovçu kommunistlər deyirlər bizə. Millətçi deyirlər, əmma millətçi deyilik biz, inşallah, biləcəksən ki, biz bütün bəşəriyyətin qeydinə qalan “Dəlilərdənik”. “Dəli” pis söz deyil. Vaxtı çatanda biləcəksən.

Bir şeyi də açmalıyam sənə. Özlərini Leninçi bolşeviklər adlandıranlar Moskvada kök salıb bizim ara- bərələrimizi casus agentlərnən doldurublar, biz hümmətçiləri xəlvəti qırıblar həmişə. Stalin niyə yol verir belə şeyə? Dedim, Stalini də tanımırsan sən hələ. Sultan əmin danışacaq özü sənnən, başa salacaq hər şeyi.

Əmin Sultan indiyəcən evlənməyib. Niyə? Bilirsən?

Qılınc Qurbanın bacısı Qıymat hələ biz Bakıdan gələn vaxtdan vurğundu əminə. Qıymat da bir Qıymatdı. Nə gözəllikdə tayı-bərabəri var, nə də agılda-kamalda. Əmma evlənmir əmin. Fədai sayır özünü, ailə, oğul-uşaq istəmir. İyirmi ikinci ilə qədər, nə qədər ki, Ağ Əmirnən Boz Əmirin səsi gəlirdi o taydan, hər il gedib Arazın üstündə Culfa körpüsündə fədailərnən görüşürdü, məsləhət verirdi. Kitab paylayırdı. Sirr açırdı: “Əmirlilər deyilik biz. Dünyaya Kainat elmi yayan AdıPünhanlarıq. Muğanna adlanan gizli nəsildənik. Kitabları oxuyun, görün “Leninçi kommunist” adlananlar kimlərdi, “Muğanna” adlananlar kimlərdi?.. Çox sirlər, həqiqət açırdı Sultan əmin fədailərə.

Milli hökumətimiz yıxılsa da fədailər sağdılar o tayda. Bu taya keçib başqa şəcərəynən – familiyaynan yaşayanlar da çoxdu.

Onlardan dərs alacaqsan sən. Əmma unutma ki, əsil fədailik silahlı mübarizədə yox, şüurlara həqiqət yetirməkdədi! Yəni Şeyx Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir əməlindədi fədailik.

Çox çətin sözlər deyirəm bu gün sənə, oğul. Belə lazımdı. Çoxunu sonralar dərk eliyəcəksən… Ürəyimə damıb, axıracan atalıq eliyəmmiyəcəm sənə. Başımı yeyəcəklər. Özü də lap tez ola bilər bu iş. Tale özü gətirib səni bu gün bu kabinetə, oğul. Qulaq as. “Vəsiyyət yüngüllükdü”, -deyiblər. Cəmisi iki şey deyəcəm sənə. Eşit, sonra da otur burda, çıxma heç yana. Peçi qalamışam, istidi otaq.

Otur, burdaca fikirləş, yaddaşına həkk elə sözümü.

Rəhmətlik anayın bir az saxlancı var sandığında. Götürərsən onu, heç kəsə heç nə deməzsən, bilet alıb birbaşa gedərsən Bakıya. Sultan əmin deyəcək kimin yanına getməlisən Bakıda. Generaldı. Ona da “AdıPünhan” deyirik. Sazı sinəsinə alandaca enir-qalxır sinəsi, gözləri dolur: “Koroğlunun çən qalası, ərşə dayanıb naləsi…” Familiyasını da deyim: Məhərrə-movdu. Bizim bu tərəflərdəndi. Qohumluğumuz da var… Ola bilər Məhərrəmovun özünün də başı əlində olmasın. Lap hamballıq elə, amma oxu, təhsil al! Bu bir.

Çörək dalınca qaçma, bilik dalınca get. Cibini yox, sinənin altını doldur ki, eşqin olsun sinədə, eşqnən yaşa bu dünyada, daha Xalıq-malıq kimi titrəyə-titrəyə, ölə-ölə yox!

Bilikdi eşq. Maarifdi eşq. Dünyəvi, hərtərəfli dərin alimlikdi eşq.

Elm bir də eşq. Budu vəsiyyətim. Vəssalam.

İndi götür bu şəkilləri.

Sultan əmin partbiletinin arasından çıxartdı verdi mənə bu şəkilləri, mən də sənə verirəm. Özü də ümidnən verirəm ki, vaxtı çatanda sən də partbiletiyin arasında gəzdirəcəksən bu şəkilləri.

Eşit, unutma! Leninin köməyinə ehtiyacımız olmasaydı, biz girməzdik bu partiyaya. Bayaq dedim əsas nöqsanını bu partiyanın. Bəşəriyyəti parçalamaq olmaz! Qan tökmək, düşmənçilik, yaymaq olmaz! Çox pis olar bunun axırı, oğul. Çox pis! Əmma girdik bu partiyaya. Çünki fikri fikrimizdən, ürəyi ürəyimizdən Nərimanov vardı bu partiyada. Lazım gələndə Bolşeviklərdən ən nüfuzlu adamları doğru yola çağırırdı. Əslinə, elə əmilərin də istəyirdilər ki, Bolşeviklərdən ayrılmayaq. Əmma güdürdülər, məsxərəyə qoyurdular ikimizi də: “Bizim şəkillərimizi yapışdırın firqə biletlərinizə, həqiqi kommunist olun”, – deyirdilər. Yəni həqiqi kommunizm ayrı cürdü.

İyirmi səkkizinci ilin yazında, axırıncı dəfə o taya gedəndə Qəsri-Qacar zindanında görüşdüm o rəhmətliklərnən.

Yekə, qalın qapısı var o zindanın. O qapıdan sol tərəfdə lap dar dəhliz var. Dəhlizin o başında, deyilənə görə, divarın qalınlığı yarım metrədi. Bilirdim ki, o başdakı lap dar qəfəs kimi yerlərdə saxlanan adamlar sağ çıxmırlar ordan. Buna görə özüm-özümə söz verdim ki, işıqlı sözlər, şad xəbərlər danışacam, heç olmasa beş-on dəqiqəliyə qəmləri dağılsın. Dedim, oğlum olub. O rəhmətliklər qoydular sənin adını. İki mənası var “Səməd”in. “Sin”nən, yəni incə “s” hərfiynən yazanda “ehtiyacı olmuyan” deməkdi, yəni “azad”. “Sat”nan – qalın “s”nən yazanda “əbədi” deməkdi. Ərəbcədi bu. Əsli – OdƏrcəsi SimOddu “Səməd”in. Sim həm Ağ – SafAğ deməkdi, həm də Uca. Od-həqiqətdi. SimOd – Uca həqiqət deməkdi. Yadında qaldımı? Bir də deyirəm: “Səməd”in əsli – OdƏrcəsi SimOddu. Elmimizə görə, “Səməd” – SimOd adı daşıyan adam Uca həqiqətə, SafAğ Elminə qulluq eləməlidi. Elmə qulluq eləmək üçün isə, SimOdun işi cəmaatnan olmalıdı, çünki “cəmaat” kəlməsinin əsli – OdƏrcəsi də SimOddu. Ərəblər Simə, Uca olana – Kainata “cəm” deyiblər, həm elə “cəm olan” mənası veriblər, həm ağ, yəni “gümüş”, yəni təmiz mənası veriblər, “at” kəlməsini isə qonşuları qreklərdən alıblar. Qrekcə həm “at”, həm də “ki” “od” mənasındadı, Yerdəki od-alov mənasında, bizim həm Yer odu, həm də Kainat Odu- həqiqət mənasını Qreklər kimi, Ərəblər də unudublar. Bunlar heç. Sonralar dərs keçəcəksən, biləcəksən hamısını. Hələlik bircə bunu yadda saxla ki, “Səməd” – SimOd – Uca həqiqət mənasında olduğuna görə, SimOddan cəmaat əlbir işləməli, əlbir yaşamalıdı… Əmilərin dedilər böyüyəndə de kimlər qoyublar onun adını, mənanı anlat, bilsin…

Sədr Mədəd ömründə birinci və axırıncı dəfə oğluna bu qədər sirr açdı, “hoppanan” oğlunun necə tərpənməz qaldığını, qızıl-qırmızı ikən necə ağbəniz olduğunu görsə də susmadı, yəqin ki, doğrudan da, “ürəyinə damdığına” görə vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə paylanan, biri də gəlib buraya – Qonaqlıya düşən “Villis”ə minib, qəzəbini, kinini motorun gurultusu, nəriltisi ilə bütün kəndə yaya-yaya, Ortayolla üzüaşağı Xalıqın həyətinə sürdü, vurub kötüyü aşırdı, daşı-tərəzini, kişmişi dağıtdı, evlərin, töylələrin , ot tayalarının ara-bərəsində maşının yanınca yüyürə-yüyürə nə isə deyən “dəllal köpəyoğlunu” söyə-söyə yenə Ortayola çıxıb, rayon mərkəzinə tərəf getdi.

Və Səməd bir daha atasını görmədi.

* * *

Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı. Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan çəkəndə nə isə demək istəyib. Əmma ”dili yoxuymuş” daha. Sultan əmi xəbər tutub gələndə isə “meyit soyuyubmuş”.

Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq əvəzinə elə hey köksünü ötürürmüş. “Yaran nə dərindi, dadaş?!-deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki: -Niyə danışmırsınız, belə dümdüz yerdə maşın niyə aşıb, necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür partlayıb-dağılıb?!”

Sultan əmiyə heç kim heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun “zaklyuçeniya”15 sından sonra aydın olub ki, “Sudüşən yerlə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub”.

Bütün bunları Səməd hamıdan sonra bildi. Atasının köhnə yoldaşı, Qonaqlının partkomu Cəfər əmi – Lüt Cəfər elə onu orda – kabinetdə, oddan qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin başdaşlarının şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.

– Qalx, oğlum… Bədbəxtlik olub… Atan avariyaya düşüb, – dedi.

Sonra qoluna girib, “uzun, arası kəsilməyən siqnal”dan “zaklyuçeniye”yə qədər, hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə, tez-tez: “Qəsd işi yoxdu, qəsd işi yoxdu”,– deyə-deyə onu hadisə yerinə apardı. Bu vaxt nə maşın orda idi, nə meyit, nə cəmaat. Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığmışdılar ki, “qanı tapdalayan olmasın”. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə çapıb, hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basmışdılar: “Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il”.

Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi – Lüt Cəfərin qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.

İçərisi sökülüb gəlib boğazına tıxanmışdı, boğazından qaynar qurğuşun qalxıb dəhşətli ağrı ilə başına-beyninə, gözlərinin çuxurlarına dolurdu, bir şey görməyə qoymurdu. Bu vəziyyətdə hardansa, lap yaxından ayaq səsləri eşitdi. Atasının çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən o yanda xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O an da alov buza döndü… Bu nə deməkdi?! Sağ idi atası?! Səməd titrəyə-titrəyə, güc-bəla ilə gözlərini açdı. Ağacların qaraltıları arasında, kimsəsizlikdə heç nə görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.

Kitelin sağ-solunda Qonaqlının qəlyanlı qocalarından Çürük Aşıqla Xızr Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.

Müharibə illərində, gecəli-gündüzlü, aramsız işlərdə yorulub taqətdən düşəndə, hərdən Sultan əmi belə zülmət içində qardaşının qapısında səslənərdi: “A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq, yoxsa bir-birimizin üzünü görmək üçün bir işartı tapaq?” Sədr Mədəd katib qardaşından yaşca böyük – ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi, ya neft tapıb lampanı yandırardı, ya da ocaq qalayardı ki, “doğrudan da, heç olmasa gecələr bir-birimizin üzünü görək”. Neft tapılana və ya ocaq qalanana qədər Sultan əmi onu – Səmədi çağırıb “dizinin dibində” oturdardı, nə qədər üzgün düşsə də gümrah danışardı: “Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan, nə olacaqsan?” Bu onun hər dəfə təkrar elədiyi daimi sual idi. Səmədin cavabı da daimi idi: “Partiya məktəbində oxuyacam16, Sultan Əmirli olacam”. Əmisi ləzzətlə şaqqanaq çəkərdi: “Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı, qardaşoğlu. De görüm, ağzıyın qatığını necə siləcəksən?” Bu sualın da cavabı çoxdan hazırdı: “Əmimin nəzarəti altında, ikiillik ali-orta institutun tarix fakültəsini qurtaracam. Sonra yenə əmimin nəzarəti altında, əmimin öz yanındaca təlimatçı olacam. Azı üç-dörd il işləyib, bişib-bərkiyəcəm. Sonra elə əmimin özündəncə xasiyyətnamə alacam, o xasiyyətnaməynən ağzımın qatığını silib, girəcəm partiya məktəbinə…” Sultan əmi də, Səməd özü də, atası da yaxşı bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də axırda Sultan əmi mütləq kövrələrdi: “ İki qardaşın bircə balasısan sən, qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!..” Dədənnən məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o Çax-Çux Xalıqın-filanın dilində bir kəlmə var: “xəzinə”. Bizdədi o xəzinə, bircə bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm. Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına qıfıl vurmalıdı ha, bircə balam, – və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr, nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: – “Varlığımı sənin yolunda qoyacam, bircə balam!”

Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola bilərdi. Əmma… Əmma… Bu nə idi belə – Sultan əmi yoxa çıxdı! Sultan əmi əvəzində tamam başqa bir adamın yad, yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin dediyi sözlər də yad idi:

–Meyitin üzünü açma… Xahişimiz bircə budu səndən, açma meyitin üzünü… qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik. Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən…

Nəyi? Həmin “sağ gicgahında” dərin yaranı?..

Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın “NKVD Gülənov” dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında nəhəng qarnını irəli verib, qıpqırmızı damarları görünən alma gözləri və dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət yalnız görkəmə görə deyildi, “NKVD Gülənov” açıq-açığına “Əmirlilərə düşmənəm!” – deyən adamın – lopa qara bığlı ikən “ağsaqqal” sayılan Qudalı Rəhimin ən yaxın dostu, deyilənə görə, hətta qohumu idi və üstəlik, Əmirliləri “daprosa” – istintaqa çəkənlərdən sayılırdı; atasının danışdığı “dapros” əhvalatı əvvəllər də ordan-burdan qulağına dəysə də, “ərköyün sədr oğlu” buna, demək olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü döndərib getdi.

Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu da endirirdi, sağa qaçıb sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir mismar işıltısı gördü.

Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə: “Açma!” deyirdi:

– Açma, bircə bala, açma…

Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi də Gülənovun sözlərini təkrar etdi:

– Qəsd işi yoxdu, – dedi. – Xeyli susub bir də: – Qəsd işi

yoxdu, – dedi.

Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi – Lüt Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.

O tapıntı ata həniri idi.

Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. “Yetdiyinə yetib, yetmədiyinə bir daş atmağının”, “hoppanmağının”, “qaynamağının” da elə o hənirdən olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı. Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox, Qonaqlıda buna “oxranma” deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb, axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar. Bütün günü “yasli”də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən qoşa əllə yapışıb titrəyən “yasli” uşaqları belə oxranırdılar. Dərd içində tapdığı xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimisə oxrandırdı. Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı, şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.

Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə, gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə başladı.

Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.

Sonra birdən hərəkətə gəldilər.

Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə belində, Sura Əmirlinin başdaşı aylı-ulduzlu17 qəbri ilə yanaşı qazılmış qəbirin yanında yerə endirdilər.

Qəlyanlı qocalardan biri – Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar – Çürük Aşıq, Təftiş Abbas, Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə “erməni mollası” ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini qaldırıb, orda – gizlində nə isə vacib iş başladılar.

Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx əmilərinin oğul-uşaqları da, “vaxtı çatanda partbiletin arasında gəzdirmək” üçün pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də – hamı və hər şey ancaq Sultan əmidən ibarət idi.

Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.

Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. “Ağla bircə bala, ağla”, – demişdi. “Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram, mənim əvəzimdə də ağla”, – demişdi. Qəlyanlı qocalar cərgələnib bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində “pravitelstvennaya teleqramma”nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında cəmi üç kəlmə qaldı: “ Prekratite bezobraziye. Stalin”18.

Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o “Mirqəzəb”in özünün, yoxsa “o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlinin çək-çevirə salan”ların üstünə? Bu sual Səmədin beyninə tük kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün varlığına o üç kəlmədən bircəsi hakim oldu- “Stalin”.

Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban, qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. “Pers adında bədxah”ın, “Xudiyev dəstəsi”nin, doğrudan da, “bezobraziye”nin barəsində söz deməyən bircə adam qaldı ki, o da “bezobraziyenin qurbanı olan” sədrin oğlu idi. Qəbiristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan yerdə “Mirqəzəb” kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, “bezobraziye” nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura Əmirlinin qəbrinin böyründə qazılmış qəbir də taxtın üstündə yuxuya gedib qalan Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb yenə “qonaq yeri”ndə – kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan, kişmişi dağıdan maşını görəcək.

Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:

– Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa… bu gözəl, bu igid kişinin barəsində hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən! Bağışlayammırsan, öldür! Atamız rəhbərimiz Stalinin bu cür teleqramından sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..

Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə yaxa-yaxa ağlayırdı.

–Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! – deyirdi. – Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! – deyirdi.

Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu Sultan əmidən araladı.

–Çıx get, çıx get! – dedi.

Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb, atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.

Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi həyatının başlanğıcı idi.

Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada, kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb bircə gün də Səməddən ayrılmadı. Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun təlimatçılar otağında məskən saldı, “sezonun işinə nəzarət üçün kolxoza təhkim edilən” Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin yanında dayandı, sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında, kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı bu “quruculuq illərində” sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında əməlli-başlı səddə çevrildi.

2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”19 yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir… Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların20, xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin21 üç para kəndində, o cümlədən burda, Qonaqlıda da alverçiliyə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən22 qalmırdı. Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxs dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqi-təbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtki “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbiristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.

İş o yerə çatmışdı ki, əmisinin şoferi – “quşburun” Müslüm “Bircə bala”ya ilk bahar nemətləri – “təzə, duzsuz pendir”, “nəhrə yağı” aparıb yataqxanada Səmədin sifətini görəndə qorxuya düşdü: “Bıyy! Xəstəsən-nədi, ay Səmi?!” Səməd bu vaxta qədər necə qapalı gəzib-dolanmışdısa, orda, işgəncələrdən bezmiş kimi, bir az açılışmalı oldu: “Qəbiristanda Çax-çux o cür, əmimin ayağına yıxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!” – dedi. Heç yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş “Sestra” çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə bircə kəlmə: “Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək”, -dedi.

Əmma keçmədi “patalogiya”. Çünki bunun həqiqi adı “şübhə” idi.

Yalnız şübhə?

Başqa nə vardı?

Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün cəmaat arasında o vaxtki söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb yalvarmağı da ondandı ki, “KQB Xudiyev”ə agentlik eləmişdi, Şeyx qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri barədə KQB-yə yaxşı-yaman yazıb, “kişiləri çək-çevirə salmışdı”, xüsusən o kişmiş əhvalatı ilə “sədr Mədədi hövsələdən çıxartmışdı”, Mədəd də “maşını sürənməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi”. Belə çıxırdı ki, bu müsibətdə Çax-çux Xalıqın birgə günahı vardı, o da “KQB Xudiyev”ə agentlik eləməyi idi?

Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!

Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi. Çünki Səmədə görə Çax-çux Xalıq daha böyük günah sahibi idi: cinayət işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün təfərrüatına qədər görürdü.

O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut, şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq, cinayətkarlarla – qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək; çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib, nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb lazımi yerə təhvil versin, cəzasına çatdırsın.

Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də əvvəlki Səməd deyildi. Vaxtilə Qudalılara qan udduran “Dəli Səməd” üzünü şeyx əmilərinin qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində “cəhənnəm kürəsi” gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib “bəlkə qəsb işidi” dediyi halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər əmi – Lüt Cəfərlə birgə o da təkrar edib “qəsd işi yoxdu” demişdi? Sultan əminin də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!

Cavabsız suallar da bir cür “cəhənnəm kürəsi” idi, bu kürəyə düşəndə Səməd qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.

Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-çux Xalıq da elə o cür – gözdən yayına-yayına, “çax-çux eləyə-eləyə” qocalıb ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.

Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada görünüb: “Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox sarsılmışdı. Əmma keçdi – getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb kəlmələşənə qədərdi”, – dedi. Sonra Sestra ilə sözləşmiş kimi, o uzun, qara adam özü göründü…

* * *

… Səməd üçün son dərəcə gözlənilməz görkəmdə – başında yaşıl vilyur şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz – filansız, birbaşa soruşdu:

– Xəbərin varmı, əmin evlənib?

Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi – iri, dəyirmi, par-par yanırdı.

– Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib.

Səməd özünü itirmişdi.

– Sultan əmi?.. Necə yəni evlənib?!

– Hm, bildim elə təəccüblənəcəksən… Məktəb uşaqları elə bilirlər, müəllim nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir… Əlli yaş nədi ki kişi olandan ötrü! Evlənib də!

– Qıymat?

– Yox, Qıymat deyil… Qıymat heç yadına da düşməyib… Qız başqasının istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa yaxşıdı… Hə… Çoxdan görüşmürdük biz sənnən qadası. Vaqonda gələcəm yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!.. Gələcəm. Hə… Tez-tez görüşəcəyik bundan sonra. Hə…

Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib kupedə tüstüləndi.

– Sən çatırsan… Kəndə getmirəm mən… Sədr Mədəddən sonra yaman dəyişib cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı əməkgününə23. Bizim Qudalıların ağsaqqalı Rəhimin iki arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına. O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş girləyənləri də dolandırırdı, hə… Elə deyil indi. Qatıqsatan, alçasatan olub hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır. Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə… Gəldim deyim ki, mayda olub o iş, dörd ay bundan qabaq. Deyirlər elə birdən-birə evlənmək fikrinə düşüb. Müslümü çağırıb, şoferini, deyib Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə… Müslüm elə bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında: “ Sür, – deyib, – gözüm harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!”

Əmba uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.

Qəribə işdi, hə? Təəccüblüdü?

Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə söhbətinin altında. Qaşqabağını nə qədər sallasan da mən bir az da çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə.

Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım Gülbəniz də, bilirsən gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox mən xəbərdaram əmiyin işlərindən… Keçən il Stalin öləndə yataqxanadan bir həftə çıxmamısan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini ağlayıbsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə! Yadındamı o “Molniya” teleqram? “Prekratite bezobraziye”. Qırmızı qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun şüşəsinin altına. Məsim deyir, hətta Bakıdan gələn böyüklər də səslərini çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənərmiş o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik Mədədin “Mirqəzəb” dediyi “Kişini” özü də o saatca yumşalırmış, gülümsünürmüş: “Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni öz təəbən saya bilərsən, Sultan Mamedoviç!” Hə, gör kim təbəymiş əminə – Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti, hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər? Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı. Qırx səkkizinci -əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər! Hə… Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər şeyə! Keyfindədi! Hə… Özü də yaxşı bilir ki, bu gün – sabahlıqdı. Uzaqbaşı, konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları. Bizimki oktyabrda olur həmişə. Deməli, ikicə ay qalıb. Yeşikdən çıxmayacaq əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa? Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: “İnventar RKP”24. Nə inventar, heç o ev də özünün deyil. Revkomun25 qəza komitəsi olurmuş vaxtıynan o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb deyəcək: “Zəhmət çək, çıx o evdən”. Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu vəzifəlilər, qadası. Vəzifəsi var – adamdı, yoxdu qurtardı, tamam oldu ömrü. Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir, udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi əmin, qadası. Otuz yaş kiçikdi deyirlər özündən o gözəl. Sürüdə əmlik təki bir şeymiş, canavar ağzına keçib hə… Görəcəksən o gözəli. Onda biləcəksən kimdi başına and içdiyin əmin! “Əcaib məsələ” dediyim o gözəlnən bağlıdı.

İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha, yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstündə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.

Məni necə ayaqladı, bilirsən? Büro iclası çağırdı. Getdim gördüm yeddi nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-cimnən soruşum Gülənovdan ki, məni niyə çağırtdırıb bu “həqiqətən sultan olan Sultan”? Gördüm dirigözlü ölüb o gördüyün heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım, o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan “fəhlə sinfinin nümayəndəsi”ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət “sultan olan Sultanımız” ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı. Gözlər qan çanağı. Başladı ki, “RİK sədriynən, milis rəisiynən əlbir olub rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb aparırsan bədbəxt əhaliyə iki qat artıq qiymətə sırıyırsan! İş o yerə çatıb ki, partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakına rəy soruşuram, qulaq as”. Rəyi isə, bilirsən ki, “fəhlə sinfinin nümayəndəsi” deyir həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə “fatihə” oxudu mənə: “Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!” Qılınc Qurban malı yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: “Əmirli yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət sistemindən…”

Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma, əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi əlim, ayrı şey gəlmir əlimdən… Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki, orqandanam mən, “zasekreçenniyəm”!26 Lazım gələndə lazımi adamlara göstərirəm üzümü. Aydın oldumu?!

Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə? Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz rayonumuzdadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi. Bircə şey deyirəm hələlik: getmə o evə!

Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşı-yaman fikirləşirsən. Soruşma hardan bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gözünə. Qan düşməni… Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən, pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da getdi elə iş gəldi başına… Deyirlər, elə o vaxtdan başlanıbmış bu qırğın – terror. Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri xaricdən bizim İrəvana – Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamat qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Sən uşağıydın onda… Atan əmbə qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. İnan, sevinmədim… Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona. Doprosamı, tutmağımı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki hirsliydi yaman. Heç nədənsə güdaza getdi rəhmətlik. Heç nədənsə! Gülbənizi göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, “yatır. Qıymadım oyadım”. Açığı, çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da elə ona görə göndərdim ki, gedib gözünnən görəsən necə olub o bədbəxtlik, qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı. Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində. Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgüləyən kimi görürdüm gəldin… Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni… Sən Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən, şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? İndi söhbət eləmək olar sənnən, hə. Məni sən elə “Çax-çux” təki tanıyırdın. Savadım-zadım haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi, inşallah.

Çox şey deyəcəm mən sənə, qadası.

O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı dövr eləyir o yara bu sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün danışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən, kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq. Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?! Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq istəyəcəksən hökmən.

Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də çax-çuxum var orda bir az. Kişinin çax-çuxuru olanda köhnə arvad da xoş baxır üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.

Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq, inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Səhv eləmirəmsə, sən özün də meyilliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi. Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi, qaraçı gözəli. Bir dəfə istədim risk eləyim açım sənə ki, o Göbələk Məmiş deyilənə yazmaq, oxumaq öyrədiblər “mekbez”də – savad kursunda, donos yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis çıxır axı, – ata qızına elçilik eləyir. Danışmadım onda. Nə isə… bağışla, çox açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də deyirəm, Gülbəniznən danışandan sonra özün başa düşəcəksən ki, mənnən də danışmalısan hökmən. Təkrar eləyirəm, çox şey deyəcəm mən sənə, qadası. Sirnən doludu bu sinə. Əslində, bir də elə buna görə qaçırdım səndən. Çünki əminə aiddi sirrin çoxu, əmin də ki, elə yarımallahıydı. Nə qədər səndən qorxurdum, hesab elə ki, beş o qədər də ondan qorxurdum. Sənə sirr açsaydım, o saat gedəcəydin onun üstünə, çünki çox dəhşətli sirdi, qadası. Açsaydım, əmin yapışasıydı yaxamdan ki, de görüm, Səməd hardan bilir qəsd işidi?! Odu ki, qaçırdım, qadası. Hə!..

Mayda o iş olanda birinci elə mən bildim ki, başqasının istəklisini gətirib evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən görüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu gün. Yadında saxla: iyirmi üç avqust, min doqquz yüz əlli dördüncü il, axşam saat səkkiz. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux Xalıq sənə deyir: “Gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən! Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən!” Falçı sözü deyil bu. Əsasım var. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gördüyün əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində. Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə getməlisən. Gülbənizlə görüşməlisən hökmən. Sonra da deməli, məni görməlisən. Gözlüyəcəm ha…

Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük müsibətlər gözlədiyini xəbər verib, “gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən”, -deyirdisə, “falçı sözü deyil bu, əsasım var”, – deyirdisə və sən bu adamın, doğrudan da, nəyəsə əsaslandığını duyurdunsa, bundan necə xoflanmayasan?!

* * *

Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar – qatil yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, “sinəsi sirlə dolu”, çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birin də açmayıb, hər şeyi nədənsə sonrakı görüşə – Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, “Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb”, üstəlik, dörd ay bundan əvvəl- may ayında başına nə gəlibsə, necə sarsılıbsa. “Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam”, -deyib, “Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə”, – deyib, əmma uğuru xeyir olmayıb”, “Gülçöhrə əvəzinə kiminsə – “başqasının istəklisini” gətirib!..” Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu evlənmə xəbəri idi ki, “canavara dönüb” və “dünyadan kam alır” sözləri ilə birləşib onu tamam çaşdırmışdı.

Necə yəni “canavara dönüb”?!

Sultan əmi hara, belə bayağı sözlər hara?!

Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, “özünü fədai sayıb”, “oğul-uşaq istəməyib”, “həm gözəllikdə, həm də ağılda-kamalda tayı-bərabəri olmayan Qiymatı” da ailə səadətindən məhrum qoyandan sonra məhz fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, “inventar RKP” içində qalmağının böyük, ciddi səbəbi vardı?

Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında”birdən-birə” “dünyadan kam almaq” xəyalına düşüb?!

İnsanın “birdən-birə” bu dərəcədə metamorfozaya uğraması mümkündürmü? Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini ”Sultan Əmirli deyiləm mən daha” deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı “arşınmalçı” məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır? Belə çıxmırmı ki, Xudiyev rədd olub rayondan getsə də, Xudiyevin dəstəsindəkilərin “hərəsinə bir töhmət yapışdırılsa”da “bezobraziye” heç də fəaliyyətdən qalmayıb, vaxtilə Əmir məzarıstanından qəbirlərin başdaşılarının şəkilləri vasitəsilə ittihamnamə düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə – qadın-filanla, “başqasının istəklisi” ilə ittihamnamə düzəldib? Azmı olub belə şeylər? Hələ müharibədən əvvəl Qudalıların ağsaqqalı Rəhim, Cəfər əmi – Lüt Cəfəri partkomluqdan çıxartdırmağa çalışanda, Qudalılar Cəfəri möhkəm içirdib, otaqda tək qoyub, yanına qarmonçu Şənbə – gəzəyən Şənbə adında bir qız salmışdılar və taxtda Şənbə ilə yanaşı lüt-üryan yatan Cəfəri cəmaata göstərib “Baxın görün kimdi böyüyünüz”, – deyib kişini hörmətdən salmışdılar. Doğrudur, Cəfər əminin adının böyründəki “lüt” kəlməsi köhnə şeydi. Hələ iyirminci ildə, Bakıdan təzə gəldiyi vaxtlar “dünya inqilabı”ndan danışanda “proletariat” əvəzinə “lümbülümlüt proletariat” deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında – maaşını alan günü kəndin ortasında, yığnaqda deyib: “kim lap lümbülümlüt proletardırsa, əlini qaldırsın”. Maaşını əllərini qaldıranların arasında tən bölüb paylayıb. Deyiblər: “Özünə bir şey qalmadı axı?” Deyib: “Sanadım. Düz otuz nəfərsiniz. Arvadım yox, uşağım yox, hər gün birinizin evində qismət kəsəcəm, heç kəsə zor düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam”. Sonra gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu qaşıya-qaşıya: “Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız, daha hər gün birinizin qapısında oturmaram”, -deyib və elə o günü Aynadan söz alıblar ki: “Get, ay qız. Belə insan yoxdur dünyada…” Hələ o vaxtdan partiya özəyi katibi Cəfər Qaryağdıoğluna “Lüt Cəfər” deyirmişlər, “Aləmi bəzər, özü lüt gəzər” deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə əhvalatı “lüt” kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü. Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: “Cəfəri yox, Qudalılar partiya təşkilatını soyundurublar”, -deyərdi. “Cəfərin adı Lüt qalandan bəri elə bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm”, -deyərdi.

Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, “körpələrini sədr Mədədə tapşırıb” könüllü getdi, özünün dediyi kimi, “dörd qabırğasını qospitalda qoyub, dörd orden-medalnan qayıtdı”, əmma adı elə “Lüt” qaldı. İndi gündə bir aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə Cəfərin “Lüt” adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb, daha bir o qədər söz – söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə “lüt” kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu “arşınmalçı” kəlməsi elə o “lüt”ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə əhvalatını da dildə-ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu “arşınmalçı” da dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində “arşınmalçı” deyirdilər?! Bundan da belə çıxmırdımı ki, “bezobraziye” doğrudan da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o cür parıltısı da açıq-aydın göstərmirdimi ki, “zasekreçennıy” Çax-çux Xalıq yenə hamanca “KQB Xudiyev” dəstəsinin – Gülənovun, Sayılovun, RİK Atamalının himayəsində idi, “həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə “çax-çux” altında hamanca işini – agentliyini davam etdirirdi? Belə olmasaydı, vaxtilə Sultan əminin qabağında diz çöküb “Stalininə də qurban olum, teleqramına da”, – deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə “hakimiyyətdən, hökmranlıqdan” danışardımı, Sultan Əmirlinin oğul əvəzi yetirməsinin gözünün içinə “hökmranlığı qurtarıb”, “axırı çatıb” deyə bilərdimi? Bütün bunlardan aydın deyildimi ki, metamorfozaya uğrayan Sultan əmi deyil, onun düşmənləri idi, səbəbi isə bu idi ki, “dörd ay bundan əvvəl, mayda olan işlə” – evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O “gözəl” doğrudan da “başqasının istəklisi” idisə, üstəlik “özündən otuzca yaş kiçikdisə” demək, Sultan əminin adına ləkə yaxılmışdı?! Elə ləkə ki, Sultan Əmirlinin bu dəfə mütləq “yeşikdə qalacağına” dəstə üzvlərinin hamısını, o cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-çux, nəhayət, üzə çıxıb qorxusuz-hürküsüz danışmağa başlamışdı: “Axırı çatıb”?!

Qatardan Səməd belə təlatümlü düşdü.

3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.

Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin şəkillərində dəstə-dəstə dayanmış çesuyça27 kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

Heç kəslə görüşmək istəmirdi. Heç kəslə danışmaq istəmirdi. Bir rayonda ki, “bütün aktiv” Xudiyev dəstəsinin səsinə səs verib, ömürlərini mübarizələrdə keçirmiş kommunist qardaşları “əmir törəmələri”, “şeyx qardaşları” adlandırıb, “sinfi mənsubiyyətinizi gizlədibsiniz”, “xariclə əlaqəniz var, təhlükəli adamlarsınız” – demişdi, bir rayonda ki, hətta Stalinin teleqramından sonra da o dəstəyə meydan verilirdi və “bezobraziye” yenidən Sultan Əmirlinin üstünə ayaq alırdı, o rayonun hər axşam bu şəkillərdə baş-başa verib saatlarla məxfi pıçıldaşan “fəalları” ilə görüşməyin bir mənası vardımı?

Təlimatçı işlədiyi illərdə Səməd bu adamları gah kəndlərdə – təhkim olunduqları təsərrüfat üstündə, gah iclaslarda, müşavirələrdə, gah da elə bu səkilərdə müşahidə eləyib, həmişə acı təəssüf hissi ilə görmüşdü ki, xüsusilə, qırx səkkizinci ildə tutqular, sürgünlər başlananda bu adamlar “əsli o taydan olan” raykom katibi ilə üz-üzə gələr-gəlməz nə qədər quruyub – qapanırdılarsa, Gülənovla, Sayılovla və ya RİK Atamalı ilə rastlaşanda bir o qədər yumşalıb- açılışırdılar, – xüsusi hörmətlə qoşa əl uzadıb görüşüb hal-əhval tuturdular, toya-şana, xeyrə-şərə çağırıb yaxınlaşmağa, əlaqədə-ünsiyyətdə olmağa can atırdılar. Səməd əmindi ki, bu çesuyça geyimli adamlar indi Çax-çux Xalıqa da qoşa əl uzadırdılar, ondan “kitayski makintoş”, “kitayski termos” və sair ala-ala, şübhəsiz, “şeyx törəməsi” Sultan Əmirli barədə yeni söz-söhbətlərə qulaq asıb, hər axşam bu səkilərdə bir-birinə ötürürdülər və yəqin ki, indinin özündə cərgələnib Sultan Əmirlinin qardaşı oğluna tamaşa eləyəndə də elə o barədə pıçıldaşırdılar. “Fəallar”ı Səməd belə tanıyırdı və Mədəd Əmirlini “Güdaza verib” indi də o biri qardaşı güdaza verməyə hazırlaşan çesuyçalılara kinini heç də gizlətmək istəmirdi. Odur ki, düz keçdi.

Geridə-stansiyada parovozun qışqırtısı eşidildi. Vaqonlar dartınıb taraqqataraq saldı. Kazarmasayağı uzun, alçaq, boz binalar boyunca əks-səda – quru, sərt tıqqıltılar axıb uzaqlaşdı. Səməd hiss etdi ki, tüstü ilə dolu kupe qatardan üzülməkdə, ayrılmaqdadır. Çax-çux indi də “sirlə dolu sinəsi” ilə həyulaya çevrilib yaxınlaşır ki, sözünün axırında dediyi o müəmmalı sözləri təkrar etsin: “O evə getmə…” “O evə getmə…” Gəlib çatdığı, cəmisi yüz addım irəlidə o doğma evin üfüqdən rəng çəkib qırmızı çalan qızarttaq darvazasını gördüyü bir vaxtda nəinki dayanmaq, azacıq tərəddüd eləmək də Sultan Əmirlinin uca adını təhqir kimi bir şey olardı. Bütün sirlərin açarı o qızarttaq dəmir darvazanın arxasında, sərin, ətirli bağ içindəki ikimərtəbəli ağ daş evdə idi. Odur ki, raykomun alçaq, boz binalardan kəskin seçilən qırmızı tuf daş binasının həyətində ikinci katib Əziz Mayılovla üçüncü katib Məleykə bacını görüb, salamlaşıb, keçən il rayonda təcrübədə olduğu aylardan indiyə qədər onlarla görüşmədiyinə baxmayaraq, bu əziz adamların yanında da dayanmadı.

* * *

Darvazanı açıb, çaylaq daşları ilə döşənmiş, kənarlarına qırmızı kərpic düzülmüş cığıra ayaq basar-basmaz, səbirsiz boylanıb, bağın dərinliyində fasadı ağaran evə baxanda isə elə bil aləm gördü və elə bir səs eşitdi ki, hətta tüstülü kupenin birdən-birə peyda olub cığırın üzərində havadan asılı qaldığına və Çax-çuxun indi daha ciddi xəbərdarlıqla “Getmə… Əvvəl Gülbəniznən görüşməlisən hökmən”, – dediyinə də əhəmiyyət vermədi.

Sıxlıqdan ağaclarının budaqları bir-birinə pərçimlənmiş bağdakı toranlığın arxasında, evin üst mərtəbəsində altı pəncərənin altısı da taybatay açıqdı. Soldakı tək pəncərənin dalında yataq otağının tünd qəhvəyi divarlarından başlamış, bina boyunca uzanan yetmiş kvadratmetrlik zalın – yemək otağının açıq qəhvəyi divarlarının künclərinə qədər, hər yer üfüqün parıltısına bürünmüşdü. O parıltının içində, raykomun qonaq evinin qarovulçusu və bufetçisi Seyid kişinin sarı samovarı buğ püskürürdü. Əmma Seyid kişinin arvadı Xeyrə arvadın əvəzinə indi orda – samovarın yanında qırmızı xalatlı, qırmızı qıymaçalı, zərif bir qadın dayanıb, bir ucunu çiyninə atdığı dəsmalla stəkan-nəlbəki silirdi.

Qıymat?! Yox, Qıymat deyildi.

“Saçının birini ağ, birini qara hörüb gözləyən” o uca qadın indi xeyli yaşlı olmalı idi, hörükləri də ağ olmalı idi. Bunun boyu alçaraqdı, hörükləri isə qara idi. Əmma bu da tanışdı, Qonaqlıların “durnaboğaz” dedikləri uzun boynu, aşağıya doğru meyilli çiyinlərinin yatımı, ümumiyyətlə, duruşu-tərpənişi kimi isə, lap yaxın, hətta doğma adamı xatırladırdı. O qədər yaxın, o qədər doğma ki, elə bil Ayna bacı idi, “Lüt ərimi yemlədim, sizi də yemləyim”, -deyə-deyə gəlib, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə “rəhmətlik Suranın samovarını” qaynatmışdı, işləməkdən codlaşmış barmaqlarından təkcə çeçələ barmağına düşən üzüyü ilə stəkan-nəlbəkini çıqqıldada-çıqqıldada silib qurtarıb indicə sədr Mədədlə ərköyününü səsləyəcək, “Gəlin, a yetimlər, çay hazırdı”, – deyəcəydi, Ya da elə bil Gülbənizdi, Gülgəzi qabaqlayıb özünü içəri salmışdı: “Ayna bacının başı qarışıqdı bu gün, gələmmiyəcək. Bir də ki, bilirsən özüm gedəcəm nər Səmədimizə, a bacı, incimə!” – deyib qımışıb, eşikdən boylanan bacılığına yanıq verə-verə, sədr Mədədlə dəliqanlısına qulluq eləyirdi.

Səmədin gördüyü adam bu idi- öz ata yurdundan, doğma kəndindən, məhrəm bir elqızı.

Eşitdiyi isə çox qəribə, qəfil, bəlkə də heç bir əsası olmayan gur sevinc və xoşbəxtlik səsi idi, öz içərisində birdəncə qaynamağa başlamışdı: Çax-çux da rədd olsun, KQB Xudiyev- filan da, dəstəsi də, o dəstənin səsinə səs verən agent “fəallar” da! Sultan Əmirli evlənib, lap yaxşı eləyib! Əlinin içindən gəlib! Sultan Əmirli deyəndə, məgər daşdır, dəmirdir-nədir Sultan Əmirli? İnsan deyilmi?! Sevə bilməzmi?! Təkliyin əzab-əziyyətlərini azmı çəkib, subaylığın məhrumiyyətlərini azmı görüb ki, bundan sonra da görsün?! Könlü azmı qubarlı olub ki, bundan sonra da olsun?! Yaşasın Sultan Əmirli ki, o tay-bu taylı vətən müsibətlərinin içində, bu qədər düşmən arasında özündə qüdrət tapıb, belə bir elqızı gətirib evinə! Bu elqızı Sultan əminin həyatını, şübhəsiz, tamam dəyişdirib, bundan sonra da dəyişdirəcək, ömrünü uzadacaq, düşməni xar edəcək!

Bəs “özündən otuzca yaş kiçik?!”28 , yəni lap cavanca qızcığaz?! Üstəlik, “başqasının istəklisi” , “ əcaib məsələ”?! Bu sözlərdə elə bir şey yoxdursa, tüstülü kupe yolu niyə kəsib? Qara həyula niyə belə təkidlə təkrar edir ki, “ Əvvəl Gülbəniznən görüşməlisən hökmən”?!

Səməd bu barədə düşünmədi. Daha doğrusu, düşünmək istəmədi. Üfüqün parıltısından səhnə kimi işıqlanmış otaqda buğ püskürən samovar yanında doğma, məhrəm elqızına bircə baxışdan kükrəmiş sevinci, xoşbəxtliyi ilə vurub kupeni dağıtdı, həyulanı “sirlə dolu sinəsi”, qətran iyi, xofu- filanı ilə birgə qovub, illərin uzaqlığında qalmış “ Dəli Səməd”in yerişini xatırladan zərbli addımlarla, dabanlarını cığırın çaylaq daşlarına döyəcləyə-döyəcləyə evə yönəldi.

Gözü yuxarıda- otaqda idi. Vaxtilə, təlimatçılıq illərində bu evdə gördüyü həyatı, məişəti indi daha aydın görürdü. O nə həyatdı, nə məişətdi ki, ad-sanı bütün ölkəyə yayılmış Sosialist Əməyi Qəhrəmanı Əmirli yoldaş gecə saat birdə, ikidə, bəzən hətta üçdə, dörddə evə qayıdanda öz əli ilə kirəqaz yandırardı, üstəlik, “ Bircə bala” dan dönə-dönə üzr istəyib: “ Bağışla, səni yuxudan elədim, bir bax gör o səbətdə yumurta qalıbmı?” – deyərdi. Yorğunluqdan, üzgünlükdən, qayğanağı nimçəyə boşaltmağa belə ərinib, bir başa tavadan yeyib ayaqlarını sürüyə-sürüyə zalın o başından dala açılan qapıdan öz köhnə, revkomun vaxtından qalma “revkom kabineti”nə keçən kimi divana döşənərdi və çox vaxt səhərə qədər elə orada döşəli qalardı. Səhər isə, əgər bazar açılana qədər qalxıb getməsəydi, Seyid kişinin bazardan gətirdiyi bir nəlbəki qaymaqdan üç-dörd qaşıq alıb, bir stəkan şirin çay içib: “Mən qaçdım, bala sən otur arxayın ye”, – deyərdi. Hətta nisbətən asudə günlərdə, nahara çıxmağa imkan tapanda da “qaçmağa” tələsdiyinə görə yenə kirəqaz yandırıb, yenə də: “ Bax gör o səbətdə yumurta qalıbmı?”-deyərdi. Əmi, qardaşoğlu gündə bəzən iki dəfə qayğanaq yeyərdilər. İş o yerə çatmışdı ki, Səməd yumurtadan diksinmişdi və yəqin ki, elə diksindiyinə görə, əlini səbətə atanda və ya qayğanaq ortalığa gələndə dərhal “yaiçnıy paraşok” alverçisini qarşısında görüb, “cəhənnəm kürəsinə” düşərdi. Əmma neyləmək olardı? Fədai əmi öz fədai odunda yana-yana Qıymatdan uzaqlaşdığı kimi, o da öz “kürəsində” yana-yana cığalı Gülgəzindən aralı düşməmişdimi? Hər dəfə Qonaqlıya gedəndə: “Səbr elə, qaraçı gözəli, səbr elə”, -deyib ürək sakitliyi, könül xoşluğu olmayınca hər cür məhrumiyyətə dözməyi vacib bilmirdimi? “Qaraçı gözəli”nin qaşqabaq salladığını görəndə isə, zarafata başlardı: “Birdən elə ola bilməzmi ki, Demokratlarımıznan, əmimnən mən də o tayı azad eləməyə gedəndə səndən göyçəyinə rast gəldim, vuruldum, qaldım orda?! Belə axmaqdan ötrü niyə çürüdürsən özünü? Çıx get ərə!”-deyib, Gülgəzi ağladıb, şaqqanaq çəkərdi.

Bu birinci dəfə idi ki, Səməd o yazıq zənənlərə və əmi ilə qardaşoğlunun həyatına, məişətinə ayrı cür baxırdı və hətta bir növ təəccüblənirdi ki, iyirminci ilin may ayından bu ilin mayına qədər, düz otuz dörd il ərzində o cür yaşayışa Sultan əmi necə dözmüşdü?! Axı məsələ heç də yalnız kirəqazda, qayğanaqda – filanda deyildi. Məsələ onda idi ki, Sultan əmi, ümumiyyətlə, çox gərgin yaşayırdı. Hətta yataq otağında “adam kimi” yatdığı gecələrdə də rahatlanmayıb, yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin ətindən ət kəsirlər. Ayıq olduğu vaxtlar kimi, aydın tələffüzlə: “Qırıb qurtaracaqlar milləti!…” “ Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..” “Yurdumuza murdar millət dolduracaqlar, bircə bala!..” “O tay əldən getdi, bu tay da getmirmi?! – və şair qorxunc, vahiməli sözlər deyirdi. Tərslikdən, məhz orda – çarpayıda yarımoyaq yatdığı gecələr Bakıdan o Mirqəzəb zəng vurardı. Sultan əmi sərsəm atılıb telefona qaçanda hökmən ayağı yorğan üzünün cırığına keçərdi. Seyid kişinin arvadı Xeyrə arvadın həftədə cəmi bir dəfə sildiyi tozlu döşəmədə yorğanı dalınca aparıb, Mirqəzəblə danışandan sonra, o tozlu yorğanı çiyninə salıb, telefonun yanında oturardı. “Sən yat, yat. Yuxumu haram elədi yenə mənə Mirqəzəb!”-deyib, bəzən səhərə qədər elə orda hərəkətsiz qalardı. Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o gecələrdə tədriclə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan çanağına döndüyünə tamaşa edərdi və təkcə “Mirqəzəb” kəlməsindən körüyə dönən köksü atlana-atlana, əmisinin canındakı alovu öz canında duyardı.

Bu alovun içində Sultan əmi evlənmək qərarına gəlmiş və evlənmişdisə, özü də belə bir yaxın, doğma, məhrəm elqızı gətirmişdisə, aydın deyilmi ki, saç-saqqalının ağ vaxtında heç də “dünyadan kam almaq” yox, otuz dörd illik gərgin mübarizələrdən sonra da “bezobraziye”yə qarşı barışmaz, ardıcıl mübarizəsini davam etdirmək üçün sağlamlığını, qüvvəsini, iradəsinin saxlamaq məqsədi güdmüşdü?! Qurtardı daha! O həyatın, o məişətin bütün məhrumiyyətləri, əzab-əziyyətləri qurtardı! Elqızı samovarla məşğuldursa, demək Sultan əmi “revkom kabinetin”dədir, hamanca üstünə parusin çəkilmiş divanda dincəlir ki, qalxıb çay içəndən sonra raykoma gedib, öz əvvəlki iş rejimi ilə gecə saat birə, ikiyə qədər işləsin.

Səməd köksünü ötürdü. İlahi, o iş, o rejim üçün necə darıxmışdı! Gecə yarıda, bütün şəhərin sükuta batdığı, təkcə stansiyada paravozların nəfəs aldığı bir vaxtda, “rayonun düşünən ürəyi, düşünən beyni” adlanan o qırmızı tuf daş binanın çilçıraqları altında, qaraqabaq, yerəbaxan, “əfəl Məsim”lə, əziz müəllim Mayılovla, Məleykə bacı ilə, fədai əmi ilə bircə yuxusuz qalmaq, öz evlərində başlarını atıb yatan adamlar üçün nə isə bir xeyirli iş gördüyünü bütün qəlbinlə duymaq necə xoşdur!.. Məleykə bacı – Məleykə Muradova tez-tez “Sultan Mamedoviçin çayını təzələyib”, arada rusca qalın-qalın kitablar oxuyardı: “Voskresenye”, “Anna Karenina”, “Bratya Karamazovı”, “İdiot”. Sən də oxu, Səməd. Bunları oxu, gör Rusiya necə bədbəxtmiş, indi necə xoşbəxtdi!” – deyərdi. “Rusiya bizi də xoşbəxt eləyib, bax belə böyük mədəniyyət verib!” – deyərdi. Səmədin ürəyindən keçərdi ki, kaş əmisi elə bu “diapozonlu xanım” adlandırdığı katibə ilə evlənəydi. Əmma Sultan əmi “diapozonlu xanım”la yola getmirdi: “Sabiri də oxu! Mirzə Ələkbər Sabiri! sabun bişirən şairi!” – deyərdi. “Vaqifi də oxu! Vurğunu da oxu!” – deyərdi. Sonra birdən-birə məlum oldu ki, o “diapozonlu”nun gizlin əri var, o “gizlin ərin qardaşı”xalq düşməni çıxıb, güllələnib. Buna görə də kəbin kəsdirmirlər”. Xəlvətdə, kabinetin küncündəki palma ağacının böyründə başını Sultan əminin çiyninə qoyub hıçqırardı: “Nolacaq axırımız, Sultan Mamedoviç?! O tay Farsın pəncəsində, Borçalı dəhşətli şovinist gürcülərin əlində, bu tay belə, Dağıstan elə!.. Mən Rusun bu həqiqətən nəhəng ədəbiyyatıynan təsəlli verirəm özümə, sən buna da tərs baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl bilirəm ki, Sabir nədi, -Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi var! Bax, əslində elə buna görə heç cür dözəmmirəm ki, belə rəzil olmuşuq…” Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qup-quru, rəsmi çinovnik qadına çevrilərdi. “Başqasının istəklisi?..” Bəlkə elə Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, – Məleykə bacı bir az bundan əvvəl raykomun qabağında qalmamışdımı?! Qonaqlının ədəbiyyat müəllimi Ələsgər müəllimin – “Dam direktor” ləqəbli o zərif kişinin qardaşı Qurban da “37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən “övliyalar” kitabı tapılmışdı. Ələsgər müəllim müharibə vaxtı Rusiyanın harasındansa “evakuasiya” edilmiş – köçürülmüş həmin, adı unudulmuş şəfqət bacısı Sestra ilə evlənmişdi ki, “rusnan qohumluğuna görə həbs olunmasın”. Bədbəxt adamlarla dolu idi hər yer: son bir neçə ildə xəbər tutub Səməd bu işlərdən və “ərköyün sədr oğlu” ikən əzabkeşə çevrilib! Bədbəxtliklərdən necə bezib Səməd! Əmisinin yarıyuxulu iniltilərindən, “cəhənnəm kürəsindən” necə cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O “zaklyuçeniya”nin, o “qəsd işi yoxdu” sözlərinin altında gizlənən açıq-aydın qəsd işini açmağa oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun “cəhənnəm kürəsindən” çıxmaq istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub. Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür heybətli qan çanağına dönən gözlər də güləcək?! Qardaşoğluna “Bircə bala” deyən Sultan Əmirli də “mənim balam” deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap tezliklə?! Beş-altı aydan, bircə ildən sonra?! Oğlu olsa adı nə? Mədəd?! Əla!..Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!

Daş cığırın qurtarıb qalın, əkmə çayırlığın başlandığı yerdə, həyətin genişliyində Səməd bir daha yuxarı baxdı və elqızını bu dəfə bəridə- pilləkəndə görüb istər-istəməz ayaq saxladı. Elqızı onu tanımışdı? Qarşılamağa gəlirdi? Yox, deyəsən elə deyildi.

Üfüqün parıltısı çəkilmişdi. Evlə bağın arasında toran qatılaşıb, demək olar ki, əməlli-başlı qaranlıq çökmüşdü. Elqızı həyətin ortasında dayanmış əli çamadanlı adamı deyəsən heç görməyib, pilləkəndən düşən kimi sola buruldu. İndi qaramtıla çalan uzun xalatının ətəkləri yellənə-yellənə, evdən on-on iki addım o yanda, tut ağacının altındakı dəyirmi stola tərəf getdi. Orda, dəyirmi stolla köhnə qarğı kresloların yanında, kərpic yığınının üstündə manqal qızarırdı.

Elqızı tutun dövrəsində, stolun ətrafında hərlənib-fırlandı, manqalın hənirindən titrəşən yarpaqların altına qayıdanda bir əlində maşa, o biri əlində hərəsinə bir-iki yağlı qabırğa çəkilmiş dəmir şişlər peyda oldu. Maşa ilə odu yayıb, şişləri manqala düzdü. Sonra tutun haçasından qalayı ağaran böyük bir sini endirib, su kranını açdı, gur şırıltılı suyun altında sinini yuyub, bayaqdan çiynində ağaran çay dəsmalı ilə qurulayıb, stolun küncünə qoydu. Sonra hardansa bir yığın yuxa gətirdi, yuxalara su çiləyib, bircə-bircə siniyə yığıb, çay dəsmalı ilə örtdü və cəld dönüb, manqalın yanında çöməlib, şişləri çevirməyə başladı.

Səməd yaxınlaşıb on addımlıqda dayanmışdı. Başını azca yana əyib, elə dolu ürəklə, elə aludə gözlərlə tamaşa eləyirdi ki, elə bil ömründə nə belə səliqə-səhmanlı gəlin görmüşdü, nə də belə səriştə ilə hazırlanan xörək-çörək. Bir azdan o yuxalar piləyə dönəcək. Elqızı bu bütöv, şirə ilə dolu qabırğaları birbaş yuxanın arasına çəkib bükəcək, qaynar-qaynar aparıb süfrədə açanda kababın buğu tavana vuracaq. Yaşa, əmi, o müsibətlərin hayıfını çıx!

Sevincdən, riqqətdən Səmədin hətta gözləri doldu. Bu, övlad sevinci idi. Bəlkə lap uşaq sevinci idi. Eynilə, körpə uşaq görəndə yanaqları uzunu damlalar süzülən o “diapozonlu xanım” kimi, göz yaşı axıtmağa hazırdı. Yəqin elə buna görə də Səməd bu “göz yaşı zəifliyindən yaxa qurtarmaq”, lap uşaq kimi, bir oyun açmaq istəyib fikirləşdi ki, səsini çıxarmasın, özünü göstərməsin, elqızı yuxalı, kabablı sinini aparıb süfrəyə qoyandan sonra birdən qapıdan girib başlasın ki, “Çoxdandı qayğanaq yeməmişəm, əmi. O yumurta səbəti hardadı?” Əmisinin bu zarafatdan necə şaqqıldayıb güləcəyini, “Bircə bala”nın belə gümrah gəlişindən necə fərəhlənəcəyini indidən görüb, qərara aldı ki, elə-belə də eləsin.

Əmma həyatı Səmədlə başqa oyun oynayırdı.

Tut ağacına doğru uzadılıb altına dəmir yol relslərindən dirəklər vurulmuş eyvana işıq zolağı düşdü, o zolaqdan bəriyə, tutun topa tacına doğru kölgə uzanıb çəkildi, sonra Sultan əminin hamanca yorğun, cod səsi eşidildi:

– Nə uzun çəkdi sənin bu kababın! Getməliyəm axı mən!

Hamanca yorğunluq! Hamanca gərginlik! Hamanca Sultan Əmirli!

Səməd buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi.

Eyvandan kabinetə qayıdanda Sultan əmi qapını çırpdı. Özü də elə çırpdı ki, bütün evdə pəncərələr cingildədi. Səməd isə, bu aşkar əsəbiliyə də inanmaq istəmədi. Əmisinin sevincində sevinc, xoşbəxtliyində xoşbəxtlik tapmaq, ötən illərin əzablarından birdəfəlik qurtarmaq arzusu necə güclü idisə, hətta qapı çırpılandan sonra elqızının birdən-birə qəmli göründüyünə də əhəmiyyət vermədi, evin gəlininə xəlvətdən tamaşa eləmək nə qədər xoş olsa da, əmisi tələsdiyinə görə o da tələsib, nəhayət, yaxınlaşıb “səlam” verdi və atası ilə əmisindən götürdüyü cənub ləhcəsilə: – Səlam verdim, səlam almaz, belə olmaz, belə olmaz,– deyib güldü. – Səlam, elqızı!.. Axşamın xeyir, gəlin bacı! Sən bu evə xoş gəlmisən! Səfa gətirmisən!

Hesabla, “gəlin bacı”, “doğma məhrəm elqızı” Qonaqlıda uşaqdan böyüyə, qarıya, qocaya qədər hamının tanıdığı bu sinədən gələn qalınaraq səsi dərhal tanımalı idi, Qudalı məhəlləsinin adamlarından başqa bütün kəndin ərköyünü, istəklisi “Dəli Səmədin”, “iki qardaşın bircə balası”, “Əmirli yeniyetməsi”nin qayıdıb gəlməyindən sevinib boynuna sarılmalı idi, o doğma elin bütün elqızları kimi mehriban, açıq, səmimi ürəklə o üz-bu üzündən, alnından öpməli idi, öz növbəsində “xoş gəlibsən, səfa gətiribsən” deyib, bəlkə iş-gücünü atıb, ərini də sevindirmək üçün evə yüyürməli və ya elə burdan qışqırıb, “Muştuluq, Səməd gəldi” – deməli idi. Səmədin ürəyindən keçən bu idi və hesabla, elə belə də olmalı idi. Əmma elqızı nəinki sevinmədi və boynuna sarılmadı, heç başını da qaldırmayıb, üzünə də baxmayıb, duruxub qaldı. Bu çox təəccüblü idi.

Qabırğaların yağı əriyib cızhacız töküldükcə ordan-burdan gur alov dilləri püskürüb, əti qarışdırıb korlayırdı. Bayaq alov püskürdükcə elqızı şişləri tezcə kənara çəkirdi, alov yapıxıb sönəndə yenidən yaxınlaşdırıb böyür-böyürə söykəyirdi. İndi isə heç əlini də tərpətmirdi. Qarşısında xoşagəlməz naməhrəm dayanmış kimi, başını endirib, elə bil hətta manqalı da unudub, qəribə gərgin, hərəkətsiz qalıb, naməhrəmin rədd olub getməsini gözləyirdi.

Səməd canında sıxıntı duydu. Hamanca xofun köksünü tutub yavaş-yavaş boğazına, xirtdəyinə yığıldığını, nəfəsinin daralmağa başladığını hiss etdi və əmisinin qismətinin göz qabağındaca yanıb qismətdən çıxdığına baxmayaraq, o da duruxub qaldı.

Elqızı anbaan uzaqlaşıb yadlaşsa da, bu qadının doğmalığını, əzizliyini Səməd indi daha aydın görürdü. Sadəcə elqızı yox, bu qadın Səmədin ürəyinin parçası idi. Elə ürək parçası ki, nəinki boyun-boğazının, çiyinlərinin yatımından, onu hətta qıymaçanın altından sallanan cığalarından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü beyni görmürdü, ağlı kəsmirdi.

Öz səsi əvəzində Səməd elə bil kənardan xırıltı eşitdi:

– Sən kimsən? Niyə üzümə baxmırsan?!

Bu xırıltı insan səsinə bənzəmirdi.

Elqızı bu xırıltıdan diksindi. Səmədin o bayaqkı gümrah, şən səsindən tutulmuşdu, indi isə diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa qalxdı. Alovun işığında qorxudan böyümüş gözləri parıldadı.

Səmədin çamadanı əlindən düşdü.

– Gülgəz!

Daha heç nə deyə bilmədi.

* * *

Əslində, Səməd onu hələ bayaq darvazadan evə baxandaca tanımışdı. Əmma Gülgəzi Sultan əminin evində görmək başqa planetin adamını Yerdə görmək kimi bir şey idi. Buna görə də Səməd onu hansı əlamətləriləsə Qıymatı, Ayna bacını, Gülbənizi, hətta Məleykə bacını yada salan mücərrəd bir elqızına oxşatmışdı. İndi üçaddımlıqdan üzünə baxan “qaraçı gözəli”ni isə heç kəsə oxşatmaq mümkün deyildi.

Onların arasında qıpqırmızı alov fısıldayırdı. Yağla, ətlə birgə alışmış közdən qəribə – mavi tüstü qalxıb tutun budaqlarını çulğalayırdı, durğun, bürkülü havada yayılıb enib bütün bağı götürürdü.

Yanan Sultan əminin qisməti idi, Səməd isə Gülgəzi alov içində görürdü və beynində Çax-çuxun sözləri səslənirdi: “Əcaib məsələ!.. Əcaib məsələ!..”, “Getmə o evə!.. Getmə o evə!..”

Alov gödəldi, yatdı. Qatı tüstü və yanıq iyi qaldı.

Gülgəz həmin yerdə, həmin qorxu içində, hələ də titrəyirdi. Əmma Səməd daha onu görmürdü. Tüstünün içində indi Çax-çux dayanıb, gümüşlü trubkasını tüstülədə-tüstülədə təkrar edirdi: “Getmə o evə!.. Getmə o evə!..”

Bu səsin arasında yenə qapı çırpıldı, yenə pəncərələr cingildədi. Həyətə enən taxta pillələrdə, sonra daş cığırda çəkmələr cırıldadı – Sultan əmi getdi. Sonra hardasa, deyəsən bağın hasarının dalında, raykomun qonaq evi səmtində Seyid kişi hay-küy saldı:

– Bu nə tüstüdü, a başına dönüm, bu nə iy-qoxudu belə?!

Hay-küy hasarın dalından bu üzə- bağa keçdi, yaxınlaşıb bəridə – həyətdə kəsildi. Tüstüdən qatılaşmış qaranlıqda Çin fənərinin mil işığı uzanıb manqalın dövrəsində, dəyirmi stolun, qarğı kresloların üzərində gəzdi, qalxıb, nəhayət, tutun budaqlarının altında dayandı, orda Səməd yenə Gülgəzi gördü, Gülgəz də Səmədi gördü.

Seyid kişi fənəri döşü bərabərində tutub, asta-asta, addım-addım yaxınlaşırdı. Fənərin arxasında boyunun hədsiz uzunluğundan əyilmiş donqabel qaraltısı qaralırdı, qırxıq ağ başı ağarırdı. Səməd hər şeyi görürdü, hətta maxorkadan tutulmuş batıq sinənin yaxınlaşdıqca necə xışıldadığını eşidirdi, əmma buna nə görmək demək olardı, nə eşitmək. Çünki dünyada Səməd üçün indi Gülgəzdən başqa heç kəs heç nə yoxdu. Seyid kişini ancaq ona görə görürdü ki, bu kişinin hədsiz uzunluğu Gülgəzin atası Məmiş Əlləzoğlunun bircə metrlik boyunu xatırladırdı; maxorkadan tutulmuş sinənin astmatik-sinəgir xışıltısını isə ona görə eşidirdi ki, bu xışıltı vaxtilə Qonaqlının qəlyanlı qocalarından qəlyan çəkmək öyrənib indi gecələr yorğan-döşəkdə də qəlyanı damağından qoymayan Əlləzoğlunun sinəsinin xışıltısını xatırladırdı.

Bir vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-bacasına həmişə sarı-qızılı iynəsayağı uzun-uzun tikan səpələnərdi. Günün nə vaxtı o tərəfə getsəydin, görərdin ki, bapbalaca, ayaqyalın, başıaçıq “Qaraçı gözəli” yerdə oturub, ayaqlarına dolmuş tikanları dırnaqları ilə dartışdıra-dartışdıra, yanaqları uzunu iri-iri damlalar axıdır. Elə o balacalıqda, başı qızıl əsgər papaqlı, ayaqları “əmisinin çəkməsi kimi” qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub, “Qaraçı gözəli”nin ayağını dizinin üstünə qoyardı, “Mənim dişim siçan dişidi”, – deyib ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib, tikanları dilinin ucu ilə yaşlaya-yaşlaya bircə-bircə çıxarıb tüpürərdi: “Bu bir… bu iki… bu üç…” – on-on beş, bəzən iyirmi tikan çıxardardı və bu işdən usanmazdı. Çünki o bu işə başlayanda “Qaraçı gözəli” dərhal hıçqırtısını kəsərdi, başını azca yana əyib, ayaqlarından çiyrinməyən sədr oğluna mat-mat tamaşa edərdi… Sonralar Cığalı Gülgəzlə bir yerdə oturanda “Dəli Səməd” o balaca “Qaraçı gözəli”nin təqlidini çıxarmaq üçün başını yana əyərdi. “Avariya” gününə qədər belə idi. “Avariya” günü Səməd üzünü şeyx əmilərinin qəbirlərinin şəkillərinə söykəyib yatıb daha oyanmayan “Dəli Səməd”lə birgə “Qaraçı gözəli”lə vidalaşmışdı və bilmirdi ki, o balaca gözəlin təqlidini çıxara-çıxara özü də vərdişkar olub, kiməsə, nəyəsə tamaşa edəndə hökmən başını yana əyirdi. Bilmirdi ki, indicə fənərin işığı üzünə düşəndə də eynilə təqlid çıxaran “Dəli Səməd” kimi baxırdı və Gülgəz də elə bu baxışdan birdən-birə dəyişib, hamanca, ayaqları tikanlı qızcığaz kimi, yanaqları uzunu iri-iri damlalar axıtmağa başlamışdı.

Özündən xəbərsiz Səməd indi ancaq o göz yaşlarını görürdü.

– Mən inanmıram… İnana bilmirəm, Gülgəz. Dedilər, əmim başqasının istəklisini gətirib… arvad eləyib özünə… Ürəyimə nəsə damdı… Kim inanar belə şeyə?!

Bu sözləri ürəyindəmi deyirdi, dilindəmi? Nə fərqi vardı? Nə dediyini və nə üçün dediyini Səməd özü bir o qədər anlamadığı kimi, Gülgəz də bir şey anlayana oxşamırdı, yəqin buna görə də Səməd ondan heç nə soruşmurdu, izahat tələb eləmirdi.

Seyid kişi duruxa-duruxa, addım-addım gəlib dayandı. Bu evdə, bu ailədə baş verən hadisə lap ilk gündən ona məlum idi. “Başqasının istəklisi”ni məhz kimin istəklisi olduğunu Seyid kişi yaxşı bilirdi, odur ki, Səmədi tanıyar-tanımaz hay-küyünü kəsib, səsini içinə salmışdı və yaxına gəlsə də, nə isə demək-danışmaq fikrində deyildi. Arvadı Xeyrə arvad bağın hasarından o yana – qonaq evinin həyətinə açılan qapının arasında əli çıraqlı durub, dönə-dönə “Nədi, a kişi? Bir şey yoxdusa, mən gedim” desə də, kişi burda dillənməyi də münasib saymırdı. Əmma cavanların üzlərinə baxanda dözmədi, xışıldayıb-xırıldadı:

– Dağıl, ay dünya! – dedi.

– Niyə uçmursan, niyə dağılmırsan, ay dünya?!– dedi.

Özü də elə dedi ki, əgər dünya insan sözündən təsirlənə bilən bir şey olsaydı, “beş oğlunun beşi də müharibədə qalandan maxorkaya dəm verən” bu xışıltılı kişinin naləsindən sonra nə isə baş verməli idi.

– Əlbəttə heç nə baş vermədi. Təkcə Xeyrə arvad bayaqkı laqeydliyinin əksinə, narahat olub irəli yeridi.

Nədi axı yanan? Evdə bir şey dəymir gözümə, – dedi.

Bir də Seyid kişi özü doluxsundu.

– Şey-mey deyil… İnsandı yanan, arvad. İki novrəstə cavandı yanan. Bədbəxt! Sultanımızdı yanan! – dedi.

Yalnız bu sözlərdən sonra Səməd uzun müddət nəfəssiz, şüursuz qalıb ayılan adam kimi dərindən nəfəs aldı.

– Necə, necə olub bu?! Sən necə gəlib çıxmısan bu evə?!

Bu ilk sualdan sonra beynində sual suala calandı. Qardaşoğlunun istəklisi əminin evində arvad?! Düşmən işi, düşmən qurğusudursa, bu necə qurğudur?! Gülgəzin dili yoxdumu, Sultan əmiyə deyə bilməzdimi kimdir, kimin istəklisidir?! Belə çıxır ki, Gülgəz susmuşdu?! Niyə?! Nə isə, kim isə məcbur eləmişdi ki, sussun?! Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu “bir dənə gözələ” “Bircə bala”nın münasibəti barədə söz çatdırsın, işarə vursun? Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək, kənd də susmuşdu?! Cəfər əmi, Ayna bacı da, Gülbəniz də susmuşdu?! Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!

Saysız-hesabsız sualları necə yağdırdığını, nəyi soruşub, nəyi soruşmadığını Səməd özü də bilmədi.

Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.

Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.

Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.

Dərdli qoca düz deyirdi: yanan insandı. Bu evdə həyatı, məişəti dəyişdirib, yorğun, gərgin raykom katibini xoşbəxtliyə çıxaran o doğma, məhrəm elqızı və evdən yenə ac gedən Sultan əminin qisməti ilə bircə Gülgəz də yanıb tüstüyə çevrilmişdi. Bu sızıldayan, göynəyən Gülgəzin ancaq adı Gülgəzdi, özü “başqasının istəklisi” idi… Qara həyula düz deyirmiş: Səməd bu evə gəlməməli idi, “ömründə görmədiyi şeyləri” görməməli, “ömründə eşitmədiyi sözləri” eşitməməli idi, “bir dəfə sınandan sonra bir də sınmamalı” idi. O “sirlə dolu sinə” doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən adam bildiyinin bəlkə heç mində birini də deməyib; “ömründə görmədiyi şeyləri” Səməd hələ bundan sonra görəcək, “ömründə eşitmədiyi sözləri” hələ bundan sona eşidəcək.

Əli çıraqlı arvad da gəldi, “bıyy” eləyib heyrətlə içini çəkdi.

Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:

– Yeri, yeri! – dedi.

Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə gəldi ki, kişi fənəri ancaq sarsıldığına görə yox, həm də ona görə belə tutub durub ki, bədbəxt “novrəstə cavan” istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə, çıxıb getməli idi. Xeyrə arvadın o cür “bıyy” eləməyindəncə məlumdu ki, Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə baxmağı isə bəlkə, hətta qəbahətdi.

Əmma Səməd baxmaya bilmirdi.

Əlləzoğlunun yaba ilə döyəcləyib, yapıxdırıb çəpərə qaldırdığı qaratikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə yığılan sarı-qızılı tikanlardan elə bil gül bitmişdi ki, o gülün ətrini duyandan sonra “Dəli Səməd” kəndə sığışmayıb, sinəsi, başı açıq, özünü yelə verə-verə düzlərə düşərdi və bu vaxt bədənində qeyri-adi qüvvət, zehnində qeyri-adi itilik, gözlərində qeyri-adi işıq hiss edərdi. Qəsdən soruşmuşdu, öyrənmişdi ki, bütün Qonaqlıda, bütün Tahirlidə və bütün Qurbanlıda, yəni sovetliyin üç para kəndinin üçündə də cavanlar qaratikan kolunun da vaxtı çatanda gül açdığından xəbərsizdilər. “Sədr oğlunun” sualından təəccüblənərdilər: “Qaratikan hara, gül hara?!” Qıllı Qeybalı isə, şaqqanaq çəkib, sonra kinli-kinli fısıldayardı: “Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eliyəndə gül bitirir”, – deyərdi və hətta “sədr oğlunun” cibindən çıxarıb ovcunda göstərdiyi xırda-xırda, sarı-qızılı ləçəkləri öz gözləri ilə görəndə də inanmazdı: “ Güldümü ki bu?!” – deyərdi. Belə çıxırdı ki, çəpərə vurulmaqdan və təndirdə odunun altına yalonqu kimi qoyulmaqdan başqa heç nəyə yaramayan qaratikan kolunda Qəlyanlı qocaların “axça” dedikləri qədim qızıl pulsayağı sarı-qızılı ləçəklər bitdiyini təkcə “Dəli Səməd” görmüşdü. Başqa güllərin ləçəklərinə bənzəməyən o qalın ləçəklərin meyvə-bar kimi uzun müddət kolda qalıb getdikcə zərifləşdiyini, soğulub yüngülləşdiyini və payızla qış arasında güclü küləklər əsməyə başlayanda kollardan kəpənək kimi uçub çöllərə yayıldığını da təkcə “Dəli Səməd” görmüşdü. Hər ləçəyin ortasında tək bir dənə barama toxumuna oxşayan, dəftər vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa yapışıb cücərdiyini də, həmin quru çöllərdə qaratikan kollarının o sap kimi nazik cücərtilərdən qalxdığını da təkcə “Dəli Səməd” görmüşdü və gördüklərini Qəlyanlı qocalara danışıb, “yerin altını-üstünü bilən” qəlyanlılardan “yaşı bilinməyən” “Xızr Abı” ilə yaşının çoxluğuna görə və özünün dediyi kimi, “zəmanə ilə düz gətirmədiyinə görə” “Çürük” adlanan Çürük Aşıqdan öyrənmişdi ki, “qaratikan heç yerdə tək-tək bitməz, gur bitər”, buna görə də Qaratikan – “Gurtikən” deməkdir… Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən, Sudüşən çəmənindən, əkinlərdən, otlaqlardan əsər-əlamət də yoxmuş, quru-qaysaq çöllərmiş, boş-boşanaq düzlərmiş. Gecə-gündüz yel əsərmiş, tozanaq qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gündüzün fərqi bilinməzmiş. Haman tozanağın içində bu yerə hardansa Qaratikan toxumları düşüb, bu meşənin yerində əvvəlcə kom-kom Qaratikan bitib, artıb çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara dolan toxumlardan Qaraağac şivləri əmələ gəlib, sonra da “bu gördüyün meşə, sel-su, əkin-tikin…” “Yel toxum gətirər, meşə bitirər”, – deyirdilər. “Meşə su götürər, su verər, çay axıdar”, -deyirdilər. Belə-belə şeylər danışmaqdan nə Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi ona – Səmədə eşitdirmək üçün danışardılar. Buna görə də bütün kənddə təkcə “Dəli Səməd” görmüşdü ki, qarağac da “gurağacdır”, çünki bu da “axça – “qızıl” bitirir, yazın orta ayında isti yellər əsəndə qarağacın sarı-qızılı ləçəkləri də kəpənək kimi uçuşub çöllərə yayılır. Əmma bu ləçəklər çox tabsızdır, quru yerlərdə tezcə ölüşgəyir, buna görə də lap yüngül yaranıb ki, çölə düşəndə az-maz mehdən də yenidən qanadlanıb gedib qaratikanı tapsın, vaxtı yetişəndə o gurtikənliklərdə də meşə əmələ gəlsin, sel-su, əkin-tikinti olsun.

“Dəli Səməd” belə şeylər görüb, gördüklərinin sevincindən demək olar ki, hər “həftə sonu” adlanan qısa dərs gününün axırında sinif yoldaşları Xızr Abı ilə Çürükdən saz, söz öyrənməyə gedəndə “Dəli Səməd” Ortayolda qalardı, gur, dalğalı saçlarını dalğalandıra-dalğalandıra, yolla o baş-bu başa addımlaya-addımlaya bütün kəndə səs salardı: “Ey Qıllı! Korsunuz hamınız!” – deyərdi. “Sizin aranızda bir mən bilirəm nə var – nə yox bu dünyada” – deyərdi. Danışmaqdan, qaynamaqdan yorulanda isə, yenə gülünün ətrini arzulayardı.

Əgər o vaxtlar o gülə qəsd eləmək, o sehrli ətri yanıq iyinə çevirmək niyyətinə düşən olsaydı, “Dəli Səməd” də, şübhəsiz, kiməsə xəbər yetirmədən, hardasa nəyisə uçurub dağıtmadan, yandırmadan sakitlik tapa bilməzdi. İndi, Gülgəzin yanıb tüstüyə çevrildiyini bütün aydınlığı ilə gördüyü, yanıq iyini bütün kəskinliyi ilə duyduğu dəqiqələrdə isə Səməd ümidsizliyin son həddində dərd yükünün ağırlığından başqa heç nə hiss eləmirdi.

Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.

Dönüb getmək istəyirdi, gedə bilmirdi.

Ovcuna nə isə soyuq, sürüşkən şey toxundu. Diksinmədən, ürpənmədən baxdı: çamadanının qulpu idi; Xeyrə arvad birdən böyründə peyda olub, biləyindən yapışıb silkələyirdi ki, çamadanını alsın.

Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.

– Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq gəlin. Bir dəfə nöyüt qabını almışam əlindən. Başına tökürdü… Bir dəfə paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin də günahsızdı. Görüş özünnən. Görüş! İndi yox… Yara təzədi hələ. Çıx get burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..

Arvad onun barmaqlarını çamadanın qulpunun altında qatlayıb, hətta qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına daha ötəri baxmağa da cəsarət eləməyib, nəhayət, ayağını yerdən üzdü, başını qaldırmadan, ağır-ağır aralandı.

* * *

Hara gedirdi? Nə üçün gedirdi?

Baş verən hadisənin özü də ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik ayrılıb. Gülgəzlə birgə “Gürtikənli”, “Gurağaclı” dünyadan da, sevinclərdən, fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir, Başqalarına “kor” deyən Səməd özü indi kor olub, bu tüstünün içində hətta əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun işlərindən, şeyx əmilərin elmi fəaliyyətini davam etdirən “Batin-gizlin”, “AdıPünhan” Ağların, yəni Ağ Əmir kimi SafAğların, “Muğ”ların Sibirə, Qazaxıstana sürülüb, itib-batmağından, Cənubda şah zülmündən – savadsızlıqdan, aclıqdan danışıb dərdləşməyəcəklər. İndi tamamilə aydındır ki, Sultan Əmirli də “ölüb, stolun dalında qaraltısı qalıb”. O qaraltının isə “axırı çatıb”, tezliklə doğrudan da “yeşikdə qalacaq”, “hakimiyyəti qurtaracaq”. O vaxt Xudiyev dəstəsi ilə birgə fəallar da qorxusuz-qadağasız olub daha o səkilərdə pıçıldaşa-pıçıldaşa “konfrans” – filan gözləməyə də ehtiyac duymadan, hər gün, hər saat Gülənovun, Sayılovun, RİK Atamalının səslərinə səs verəcəklər, beləliklə, qırmızı tuf daş binadakı kabinetlərdən başlamış, o kazarmasayağı binalara, kolxoz və sovxozlara qədər, hər yerdə – ancaq “bezobraziye”nin KQB kadrları əyləşib, “bezobraziye”nin əmrlərinə “baş üstə”, “göz üstə” deyəcəklər, Səməd isə, bütöv bir rayonda hamıya, hər şeyə nifrətdən, qəzəbdən boğula-boğula tək-tənha qalıb, bu mühitdən baş götürüb qaçmağa, doğma yurddan, doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.

Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? “Bezobraziye” kadrları arasında perspektivsiz yaşamağa dəyərmi? Ümumiyyətlə, yaşamaq mümkündürmü? Yaxşı olmazmı ki, bu saat burdan cumub bu şəhərdə az-çox hörmət elədiyi adamlar arasında, “Dəli Səməd”in köhnə dostlarından “pyanska Yusifi” “pyanskaların” daimi məktəbində – dəmiryol restoranında tapsın, iki il bundan əvvəl Bakıya yola düşəndə anasının sandıqcasından götürdüyü və birini də xərcləmədiyi qədim “axça” lardan birini ofisiant Qayım Qudalının üstünə atsın: “Bufeti köçürt bu stolun üstünə!” – deyib, Yusifin muğamlarına, təsniflərinə, bayatılarına qulaq asa-asa nə ki var “vursun”, sonra da stansiyanın ucqar, qaranlıq bir yerində başını relsin üstünə qoysun. “Pyanıska”nın o gözəl, köyrək səsi qulaqlarında cingildəyə-cingildəyə, bu yanıq iyindən, bu tüstüdən, Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!

Darvazaya qədər Səməd belə getdi. Sultansız, Gülgəzsiz, perspektivsiz dünyadan yaxa qurtarmaq ehtirası birdən-birə necə güclənmişdisə, darvazada dəmir şəbəkələrin işıltılarını seçər-seçməz dərhal özünü stansiyanın ucqar, qaranlıq yerində, relslərin arasında gördü. Bunlardan isə tamam başqa hislər törədi: ölüm niyyətli ümidsizliyin dərinliyindən etiraz kükrədi, “Dəli Səməd”in öz ətrafındakı haqsız işlərə üsyanlarına oxşayan bir üsyan dalğası qabarıb qalxdı: “Günahsız Gülgəz”lə “günahsız Sultan Əmirli”ni və “Bircə bala”nı yandırıb dünyanı yanıq qoxusuna bürüyən qüvvəni, qara həyulanın cəsarəti arxasındakı “bezobraziye” dəstəsini cismən məhv etmək! Qaçaq Nəbi, Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Ələs kimi qisasçıya çevrilmək! Öldürə-öldürə ölmək!.. Qaynar qan sifətinə, beyninə vurub gözlərini tutdu və Səməd kükrək üsyanını belə qəti qərarını necə həyata keçirəcəyini o qədər də düşünmədən, darvazadan geriyə, manqal tərəfə cumdu. Bayaq orda, manqalın yanında əmisinin ət doğramaq üçün saxladığı enli, ağdəstə xançal gözünə sataşıb, dumanlı, ötəri hiss oyadıb tüstünün altında qalmışdı. Həmin hiss indi tamam aydın, qəti fikrə, niyyətə çevrildi: “Hamısını tapmalısan bu gecə, hamısını məhv etməlisən, ey məhv olan bədbəxt!..” – Xançalı yerdən qapıb pencəyinin altında kəmərin altına soxdu… Lakin bu qan-qisas ehtirasının qabağında Xızr Abı adlanan, qara qarmon qırışları arasında açıq mavi, dərin ziyalı – alim gözləri parıldayan heybətli bir pələng dayanmışdı.

4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xırdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələ-kötür barmaqlara Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə fırlatmağı bir oldu.

– Məqsədin nədi, nadürüst?! Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik29 qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura höküməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil?.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan30 oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

Qəzəblə, hiddətlə, bir az da ağsaqqal ərkilə Səmədi itələyə-itələyə aparıb həyətin yan qapısından o yana, qonaq evinin alçacıq dəmir dirəklər başında araxçınsayağı dəmir qalpaqlar altında solğun lampalarla işıqlanmış həyətinə saldı, eynilə ağ binanın yançağındakı tut ağacı kimi, budaqları yanlara süzmüş ağacın altına, dəyirmi stol dövrəsindəki qarğı kreslolardan birinə basdı, çamadanını da böyrünə atıb:

–Qulaq as!– dedi. – Bircə kəlməmi də buraxma, huş-guşnan dinlə!

Mədədin vəsiyyətini eşitdiyin vaxtdan nə qədər keçib? O qırx altıncı ilin dekabrı, bu əlli dördüncü ilin avqustu. Səkkiz ilə yaxındı hər dəfə səni görəndə içim qaynayır. “Elm və eşq deyib sənə Mədəd Sultanın tapşırığıynan, iki qardaşın vəsiyyətini deyib. Sultan özü sənə millətimizin, dünyamızın taleyi barədə çox şey danışammır. O ağ binanın dəlmə-deşiklərinin hamısını doldurub KQB. Ona görə burda danışıram sənnən. Babanız da alim olub sizin: Məhəmməd Əmir. Təbrizdə indinin özündə də çox şeyi gizlədirik Məhəmməd Əmirin barəsində. Çünki şahın siyasilərindən xeyli adam şəxsən Stalinin tapşırığıynan göndərilən casuslardı. Yəni o tayda da tutqu gedir, qırğın gedir! Bildinmi?! Beynin boşdu sənin! Elmin yoxdu! Lənət sənin partiya məktəbinə! Partiya tarixinə! Elmi kommunizminə!

Hoppanma! Sakit otur və dinlə!

Sultan bir kəlmə də danışammayıb sənə bu “elmi kommunizm” adlanan nəzəriyyənin təhrifliyindən. Niyə? KQB qorxusu öz yerində. “Dəli Səməd” sən sən! Hamanca “hoppanan”, ərköyün bircə balasan. Allahların Elmi barədə məlumatın olsaydı, “elmi kommunizm”in təhrifliyini bilib təhsil alammazdın o məktəbdə. Sultan ehtiyatlanıb ki, dilinə içki-zad dəyəndə ehtiyatını itirib dilindən söz qaçırdarsan, Mirqəzəbin agentlərinin qələminə keçərsən, evimiz yıxılar, varissiz qalarıq… Varis deyirəm. Çünki varissən sən! Bilmirsən!

“Allahların Elmi” deyirəm, bunu da qanmırsan! Şeyxlərin yox, məhz “Allahların!” Hoppanma! Qulaq as! Göbələk Məmiş Əlləzoğlunun, Hənifə, arvadın ocağından çıxan gözəl eşqilə yox, Elm eşqilə yaşamalısan! Qızarıb-bozarma!..

Arada Xeyrə arvaddan “bir tikə çörək, çay” istəyib, “Əlli tərpən, yoldan gəlib bu adam”, – deyəndən sonra Xızr Abı kreslosunu Səmədə lap yaxın çəkdi, iri, sallaq döş cibləri qələm, qəlyan, kibrit və sair xırda-para şeylərdə dolu olan tünd yaşıl qalın köynəyinin yaxasını açıb, uzun günlüklü boz kepkasını stolun küncünə atıb, nəfəsini dərib, birdən-birə sakitləşən, bəlağətli səslə heyrətli sözlər yağdırdı:

– Bağday, BağOdEy nədi? Bağ Ata kimdi? Ulu Bağ kimdi? EySar kimdi? Bilmirsən!.. O vaxt o rəhmətliyin yazdığı kimi, OdƏr sözlərini mən də yazım bu bloknota, bax. Mədədin yazdığını elə orda qoymusan, stolun üstündə, götürmüşəm, səkkiz ildi saxlayıram bu bloknotun arasında. Bunu da götürərsən söhbətimizin axırında… Təkcə bu yazdığım sözlərin mənalarını bilsən və bu mənalarla bağlı mənaları öyrənsən, “Yer” adlanan bu planetin bütün tarixini bilərsən… Ey! Fikrin hardadı?! O evdəki müsibəti unutmalısan sən! Çünki o deyil müsibət, Həqiqət Elmi, Kainat elmi, Ağların – SafAğların SafAğ Elmi adlanan Elmin Varisinin dünyadan xəbərsizliyidi! Bu millətin az-çox savadlı aşığının da bələdliyi var SafAğ Elmindən. Bakıya gedirəm, Sultan putyovka düzəltdirir, göndərir. Üzümə baxandaca bilirlər kiməm, sevinirlər, parolumuzu deyirlər: “Əmi Bağdan gələr, dayı dağdan gələr!” Nə deməkdi bu, millətiyin müstəmləkə olandan bəri dilindən düşməyən, milyonlarla adamın bildiyi parol nə deyir? “Bağ” – Bağdı. Yazıram oxu. “Dağ” – OdAğdı. Nə deməkdi OdAğ, ey dili dilim-dilim doğranan bədbəxt?! Qulaq as, cahil!.. – Kor-kobud barmaqlar düyünləndi, Xızrın yumruğu stolu titrətdi. – Qulaq as!

Səməd boğulurdu. Lap körpəlikdən, atasının dililə sadəcə “Abı” çağırdığı indi “AdıPünhan Əlifbeyə” çevrilən bu qocanın belə rəftarının səbəbsiz olmadığını görsə də, ağ binanın həyətindən gələn tüstü içində itkinin ağırlığından və “məhv etmək” qərarının icrası əvəzində bu sirli, sehrli nitq qarşısında əsirliyindən boğulurdu.

Çay gəldi. Bir-iki qurtum qaynar çay içib, hətta “qismət kəsdi” – bir az yuxa, pendir yedi, diqqətini toplamağa çalışdı. Əmirlilərin “iç adamı” sayılan, “Quranın əslini bilən”, “Böyük həriflə Alim” kimi tanınan bu adam ailəyə üz vermiş bədbəxtliyin səbəbi barədə danışmağı, heç olmasa, Xeyrə arvadın bayaq dediyinə uyğun əlavə bir şey deməyi lazım bilmirdimi?!

Bloknotdan cırdığı vərəqə biri-birindən qəribə sözlər yaza-yaza:

– Bax! Bax!..Fikrin yayınmasın bu müqəddasatdan! – dedi. – Sultan özü, şəxsən özü verəcək sənə Elmi. Sağ qalsa… Başımıza gələn müsibətlərin arasında, belə qanıqara vaxtımda dərs demək, Elm öyrətmək deyil mənim məqsədim. Ayıltmaqdı, cüzi də olsa ayıltmaq!.. Partiya işçisi olmuyacaqsan. İndidən nəzərə almalısan ki, başqa bir yolun yolçususan sən.

İdeal

Подняться наверх