Читать книгу Ev - Натиг Расулзаде - Страница 1

Оглавление

Yola çıxdığım bu üç gündə qatar məni lap bezdirdi. Döşəməsindən tutmuş illərlə silinməmiş, açmaq istəyəndə açılmayan, bağlamaq istəyəndə də bağlanmayan pəncərələrinə qədər çirk içindəydi. Dəhlizdə cövlan edən küləyin sovurduğu toz-torpaq hər yerə möhürünü vurmuşdu. Tüpürcək lombaları, siqaret kötükləri döşəmədə «gül» açmışdı. Kupedə də vəziyyət bundan yaxşı deyildi. İçəridə tüstü-duman, divarın o üzündə səs-küy əksik olmurdu. Səslər o qədər aydın eşidilirdi ki, sanki arakəsmə kartondandı. Özün kimi səfehlərin əhatəsində hərəkət etmək ideyası qədər qədim olan gic-gicə kart oyunu bu səfərin də əvəzolunmaz müşayiətçisi idi. Önlüyünün çirkindən cin hürkən qaşqabaqlı bələdçi qadın rəngsiz ilıq çayı müştərilərə sırımağa çalışırdı. Mənə elə gəlirdi ki, buna nail olanda qadın tualetə girib unitaza oturur, əllərini bir-birinə sürtüb qəh-qəhə çəkir, beləliklə, hisslərinin cilovunu buraxır. Soyuq və iyləmiş tualetdə. Ona nifrət etdim. Ona, həmçinin bu səfərə, vaqona, kupeyə, arakəsmədən gələn mənasız, gurultulu gülüşlərə, ruhi xəstəxananın xəstələrini andıran boz pijamalı yolçuların şaqqıltı ilə çırpdıqları domino daşlarına, iki kupe o yanda ağlayan uşağın diş ağrısı kimi beyinə işləyən çığırtısına. Narahatlığa, işti may gecəsində haradan gəldiyi bəlli olmayan soyuğa nifrət etmək üçün iki saat da bəs edərdi. Acığımdan yaxın stansiyada düşmək istədim. Bələdçi gombul barmaqlarıyla dişini qurdalayıb platforma radiosu kimi sərt və rəsmi tərzdə bildirdi ki, ən yaxın stansiyaya altı saatdan sonra, yəni səhərə yaxın çatacağıq. Stansiya Şəhərcik adlanırmış. «Necə yerdir? – deyə gic-gic soruşdum, guya bələdçi o qədər mehriban idi ki, onunla ünsiyyətdən nə qədər zövq aldığımı göstərmək üçün dəridən-qabıqdan çıxırdım. Və buna görə də söhbəti uzatmağa çalışırdım.– Doğrudan şəhərcikdir? Yaşamalı yerdir?» Qadın cavabı ləngitdi, üzümə tərs-tərs baxdı, elə bil kobud söz demişdim. Sonra baxışlarının ifadəsini dəyişdi, yəqin ki, iti gözləriylə haraya getməsinin, harada enməsinin fərqinə varmayan birisi olduğumu anlamışdı. Saymazyana dedi: «Adi şəhərcikdi, bir halda ki, orada yaşayanlar var, demək, yaşamaq olar».

Yüngülləşib sorğu-sualı kəsdim, nə qədər ki, tündməcaz qadın arxasını qaşımağa başlamayıb, uzaqlaşmağım məsləhətdi. Kupeyə girdim, kiminsə corabı iylənmişdi, üçqat xorultu səsi kupeni başına götürmüşdü. Aşağı qatdakı yerimə uzandım. Şəhərcik… Nə mənasız addır, boş, boz şəhərcik. Solmuş al qızılgül. Cəhənnəmə, qoy Şəhərcik olsun. Elə cana doymuşam ki, nə olursa – olsun, o stansiyada enməliyəm. Bir-iki gün dincəlib başqa qatarla yoluma davam etməliyəm, bəlkə, bu dəfə iylənmiş, iyrənc qatara düşmərəm. Qarşıda məni heç kim, heç nə gözləmir, arxada-arabir göynərtisilə özünü xatırladan mənasız keçmiş. Əl-qolumu bağlayan yoxdu və qərara aldım ki, rəngsiz, qoxusuz sandığım Şəhərəcikdə qala bilərəm. Bu düşüncələrlə yuxuya getdim. Amma qəribədir, bələdçinin bəhs etdiyi stansiyaya çatmağımıza on dəqiqə qalmış oyandım, sanki kimsə məni durquzdu, halbuki son dəqiqəyədək möhkəm yatmışdım. Dəhlizə çıxdım. Hələ qaranlıqdı, pəncərədən gecə boylanırdı. Yalnız üfüqdə güclə nəzərə çarpacaq çəhrayı ləkə tezliklə sübhün doğacağından xəbər verirdi.

– Odur, Şəhərcik,-arxadan gələn oğrun səsdən diksindim.

– Eh, məni qorxutdunuz. Məni güdürsünüz nədir?

Yatmaqdan, ya da yuxusuzluqdan üz-gözü şişmiş pinti-pələş bələdçinin tükü də tərpənmədi, elə bil mən ağzımı heç açmamışdım.

Qadının hər bir hərəkəti təəccüb doğururdu- gah cavab vermək əvəzinə mırıldanır, gah marığa durub səsini dəyişərək adamı diksindirir, gah mineral su əvəzinə çay gətirir, onu da sərnişinin şalvarına dağıdıb üzr istəmədən dönüb gedirdi. Mən artıq onun qəribəliklərinə alışmağa başlamışdım, buna görə də sözlərimə münasibət bildirməsi üçün təkid etmədim və gümüş üzüyünü, pul kisəsindən altmış üç manatını qəsb etmək üçün keçən il zəhərlədiyi mərhum xalasını görürmüş kimi bərəlmiş gözlərini zillədiyi pəncərəyə baxdım. Uzaqda gah bir tərəfdə, gah o biri tərəfdə bir-birinə könülsüzcə göz vuran işıq topaları görünürdü. Qəribədir, Şəhərcik sakinləri günün bu çağında oyaq idi. Həm də sübh çağı yuxu şirin olur, bilmirəm mən niyə oyanmışam? Qatarda ağıllı bir mən çıxmışam hər halda, bizim vaqonda məndən və bələdçi qadından başqa hamı yuxudaydı.

– Bu vaxt niyə hamı oyaqdı?– Çəkilməkdə olan gecənin yaxasında sayırşan işıqlara baxıb mızıldandım.-Hər halda mənim gəlişimə müntəzir deyillər.

Bələdçinin qaşqabağı açılmadı:

– Burada düşürsünüz?

– Görürəm ki, bu, sizi sevindirmir.

Qadın nədənsə acıqlandı:

–Çox lazımdı mənə. Baş maşinistə xəbər vermişdim ki, Şəhərcikdə düşən olacaq, qatarı saxlasın. Sizə görə nə qədər əziyyət çəkirik,-deyib cəld uzaqlaşdı.

– Amma.. Dayanın, necə yəni?… Saxlamaq nə deməkdir. Məgər… Başa düşmədim…

– Sonra başa düşərsiniz.

Qadın əsnəyib iri siçovul kimi yuvasına sürüşdü və qapını elə çırpdı ki, başqa qapı parça-parça olardı. Bu, o deməkdi, ki, onu qətiyyən narahat etmək olmaz.

İydən və xorultudan baş çatlayan kupeyə girdim, kiçik çemodanımı götürdüm. Səyahətə ağır yük götürmürəm. Xüsusən də indiki kimi bir səbəb olmadan, yola çıxdığım gün nə vaxt qayıdacağımı təxminən belə bilmədiyim halda. Əlimdə çemodan dəhlizdə dayanmışdım. Zəhləmgetmiş qatarın sürətini azaldaraq yaxınlaşdığı Şəhərciyin işıqlarına baxırdım. Nəhayət, qatar platformaya yan aldı. Bələdçi qadın yuvasından çıxdı, nədənsə kəmərində kabura vardı, tələsik qapını açdı, mən pillələri enər-enməz-məncə, o məni yüngülcə itələdi də – qapını elə qüvvətlə çırpdı ki, ayağım arasında qalsaydı, ömürlük əlil olacaqdım. Qatar da elə bil mənə bənd imiş, o dəqiqə yerindən tərpənib sürət qatarlarına məxsus becidliklə stansiydan uzaqlaşdı. Ayağım platformanın daşlarına toxunanda (belə hallarda matroslar çemodanlarını yelləyib qışqırırlar: Torpaq!), məlum oldu ki, bu platforma uzun qatarlar üçün nəzərdə tutulmayıb, o qatardan iki dəfə qısa idi. Qatarın quyruq hissələrinə platforma çatmamışdı və oradan enən sərnişinlər olsaydı, nə baş verərdi? Məndən başqa qatardan düşən yoxmuş. Qatar yola düşdü. Son vaqonun damında közərən qırmızı işıq sübh dumanında əriyib itənədək qatarın arxasınca baxdım. Yalnız bu vaxt platformada yalqız olmadığımı hiss etdim. Bir neçə addımlığımda furajkalı yaşlı kişi – yəqin ki, stansiya rəisi idi (zənn etdiyim kimi də çıxdı) -teleqrafçı olduğu hər zatından görünən başqa birisi və hətta itə bənzətdiyim dördayaqlı (sonra məlum oldu ki, bu ehtimalımda da yanılmamışam, hərçənd bu canlı sakitliyilə pişiyə daha çox bənzəyirdi) dayanmışdı və hər ikisi elə diqqətlə baxırdı ki, özümü itirdim, ətrafıma, üst-başıma göz gəzdirdim. Hazırda dünya mənimçin platforma boyda idi və bu dünyada bizdən başqa kimsənin olmaması haradasa bizi yaxınlaşdırırdı, buna görə də, istəməsəm də salam verdim. Cavab gəlmədi. Platformadaşlarım key- key baxırdılar. Yad adamlarla salamlaşmaq adətim deyildi və güc-bəla verdiyim salamın alınmaması xoşuma gəlmədi. Nəhayət, yaşlı-diqqətlə baxıldıqda qoca olduğu bəlli olan – adam özünə gəlib yuxuda gəzənlər kimi əlini uzadaraq mənə yaxınlaşdı, sanki əlilə toxunub mənim yuxu olmadığımı bilmək istəyirdi. Hər halda üzünün ifadəsindən məlum olurdu ki, onunla bir platformada dayanmağıma inanmır. Yaşlı adamın qəribə hərəkətindən nə qədər təəccübləndiyimi və narahat olduğumu söyləməyə ehtiyac varmı?!

– Siz?-Aydın olmasa da, axır ki, kişidən səs çıxdı. -Siz…-Yenidən susdu, sanki ardını gətirməyə kişinin taqəti qalmamışdı.– Siz burada qatardan düşdünüz?..

– Hə,-deyib çiyinlərimi çəkdim- Düşdüm. Başa düşmürəm, bunda nə…

Teleqrafçı heyrətlə sözümü kəsdi:

– Sizə kimsə lazımdır?

– Necə yəni, kim lazımdır?-Lap çaşıb qalmışdım.

Birdən kişinin səsi təmamilə başqa ahəng aldı:

– Bilirsiniz, bizim stansiyada düşən olmur.

– Başa düşmürəm,-deyib izahat gözlədim.

Arıq teleqrafçı:

– Məsələ burasındadır ki, burada düşmək üçün səbəb yoxdur,-deyib susdu.

Izahat məni qane etmədiyi üçün yenidən sual verməli oldum:

– Nə demək istəyirsiniz?

Rəisin üzündən görünürdü ki, məlum olan şey haqqında danışmaq onun üçün çətin və maraqsızdır:

– Gördüyünüz kimi, bura stansiyadır, sadəcə stansiya.

– Bəli,-dedim,-sadəcə stansiya. Nə olsun?

– Heç nə başa düşmürsünüz, burada stansiyadan başqa bir şey yoxdur.

– Nə,-deyə soruşdum-Bağışlayın, başa düşmədim.

Arıq teleqrafçf (ürəyimdə ona ad qoydum:-AT) ağıldankəmə izah edirmiş kimi məlumat verdi:

– Bura sadəcə stansiyadır. Stansiya, ucsuz-bucaqsız düzün ortasında kiçicik bir stansiya.

Qulaqlarıma inanmadım.

– Düzün? Necə yəni düzün. Mənə dedilər ki, bura şəhərcikdir. Mənə qatarda dedilər.

– Bəli, elədir. Lakin Şəhərcik yalnız addır. Burada heç bir şəhərcik yoxdur.

– Necə? «Yoxdur» nə deməkdir?-Get-gedə baş verənlərin reallığına inanmağa başlayırdım, ya da bu, sarsaqların gic zarafatı, məsxərəsiydi.-Axı evlərin işıqlarını öz gözlərimlə görmüşdüm.

– Orası elədir. Gecələr düz naməlum işıqlara qərq olur.. Daha doğrusu, hər tərəf deyil, stansiyanın ətrafı. Biz də bilmirik bu nədir. Gecələr o tərəflərə keçmirik. Işıqlara görə adam elə bilir ki, bura şəhərcikdir. Əslində isə heç bir şəhərcik yoxdur. Özünüz də buna əmin ola bilərsiniz,-deyib AT xəfifcə əlimə toxunub onunla getməyə dəvət etdi.

Artıq hava açılmış, sübh dumanı çəkilmişdi, ətraf apaydın görünürdü. Stansiyanın qonduğu çölün boşluğu və intəhasızlığı adamı üşəndirirdi… AT məni vağzalın boz binasının qarşısından keçirib platformanın kənarına gətirdi. Stansiyanın arxası da həyat əlaməti görünməyən düzənlikdi. Özümü itirdim.

Bu nədir? Belə çıxır ki, stansiya yanmış çölün ortasında yararsız ada kimidir.

– Demək belə…-Matım-qutum qurudu- Bəs Şəhərcik?

Arxamca platformanın kənarına gələn rəis dedi:

– Heç bir Şəhərcik yoxdur. Heç bir Şəhərcik. Amma sərnişinlər bunu bilmirlər. Onlar buradan gecə-hər tərəfdən işıq saçılanda keçirlər. Gözünə yuxu getməyənlər buranı şəhərcik bilirlər. Qatarlar burada cəmi beş saniyə durur, o da həmişə yox. Bixəbərlər buranın adını Şəhərcik qoyublar. Əslində isə burada stansiyadan başqa bir şey yoxdur. Siz də buna əmin oldunuz, eləmi?

–Əmin oldum,-key kimi, heç bir şey düşünmədən cavab verdım.-Bəs necə olacaq?.. Növbəti qatar haçan keçəcək?

– Növbəti qatar?-Rəis üzümə elə heyrətlə baxdı ki, sanki ondan ölüm tarixini soruşmuşdum.– Onu bir Yaradan bilir,-bu işlək ifadəni moizə kimi tələffüz etdi.-Bizim stansiyadan tək-tük qatar keçər. Növbəti qatar bir həftədən, bəlkə, lap bir ildən sonra keçə bilər. Bir dəfə belə bir şey də olub: düz on dörd ay büradan qatar keçməyib. Sözün düzü, biz heç gözləmirik də. Sizi görəndə ona görə təəccübləndik. Burada heç kim düşmür.

– Nə…– Aldığım ağılasığmaz məlumatı həzm etmək iqtitarında deyildim və çaşıb qalmışdım.-Mən nə etməliyəm…

– Hə-ə,-rəis mızıldandı. İşə düşmüsünüz. Amma biz sizi yerbəyer edərik. Başa düşürsünüz də, burada biz bir ailə kimi yaşayırıq, hamı özümüzküdü. Heç nəyi dəyişmək olmur, sizi ailəmizə daxil etməyə məcburuq. Necə deyərlər, ailəmizin qonağı olacaqsınız. Sən isə-üzünü AT-a tutdui-təcili teleqram göndər ki, bizdə fövqalədə hadisə baş vermişdir. Sərnişin düşmüşdür, nə edcəyimizi bilmirik. Göstəriş gözləyirik. Nəisə belə şeylər, özün bilirsən də. Qoy onların da başı ağrısın.

AT başını əyib binanın içinə girdi. Rəis xoş təbəssümlə mənə baxıb başını yellədi:

– Hə, başımıza iş açdınız.

– Sizə yük olmaram,– deyə vəd etdim, amma hələ də nə baş verdiyini yaxşı dərk etmirdim və sonsuz sayda sual boğazıma yığılıb qalmışdı.

– Sizə kim buyurdu ki, burada düşəsiniz?

–Əslində mən, – çaşıb qalmışdım, istəmirdim ki, rəis haraya getdiyi və harada qatardan endiyini eyninə almayan bekara adam olduğumu zənn etsin-mən dincəlməyə gedirdim…Havamı dəyişməyə. Şəhərcik xoşuma gəldi, daha doğrusu, Şəhərciyin işıqları elə cəlb edirdi ki… Mən də qərara aldım ki…

– Aydındır, – rəis sözümü kəsdi, amma üzündən görünürdü ki, dediklərim ağlına batmamışdı, necə yəni adam səbəbsiz-zadsız tanımadığı stansiyada düşür.

– Olan oldu, çemodanınızı götürün gedək. Sizi yerləşdirək. Dəbdəbəli nömrələr söz vermirəm, amma əlüzyuyanlı otağa imkanımız çatar,-deyib rəis qabağa düşdü, bilmədim nıqqıldayırdı, ya xısın-xıçın gülürdü.-Hə, sərnişin, başımıza cəncəl açmısınız. Bir də nə vaxt qatar gələr?. Çox vaxt bizim stansiyada dayanmır, sürətlə keçib gedir…Hə, hadisədir də… Yer tapmısınız düşməyə… ha-ha-ha…

Kiçik gözləmə zalına daxil olan kimi (yəqin, bura vaxtı ilə gözləmə salonu olub, divarda saralmış cədvəllər hələ də qalırdı, küncdə bufetin piştaxtası da dururdu, salonda dəyişiklik edilmişdi və buranın bir vaxtlar gözləmə salonu olduğunu xatırladan bəzi işarələr vardı, sərnişin kreslolarının bir neçə çərgəsi qaldırılmış, əvəzinə salonun düz ortasında, qalan kresloların qarşısında uzun, alçaq stol qoyulmuşdu, salonun sonunda geyimdəyişmə kabinələrinə bənzəyən bir şey quraşdırılmışdı) bizi dövrəyə aldılar. Belə başa düşdüm ki, stansiyanın əhalisi səhərin erkən çağında yuxusuna haram qatmış bu heyətdən ibarət idi. Görünür səbrsiz AT camaatı ayağa qaldırmağa və qeyri-adi xəbərlə heyrətə salmağa macal tapmışdı. Lakin belə deyilmiş. Hərçənd mənim zühur etməyim həqiqətən olanları heyrətləndirmişdi, amma onları ayağa qaldıran səhərin gözü açılmamış peyda olan qatarmış. Sonradan bildim ki, bu, möhtəşəm və nadir hadisəymiş. Heyrətlə mənə baxan, az qala əllərilə toxunan adamların əhatəsində özümü təyyarə qəzasına uğrayıb cəngəllikdə yaşayan vəhşi qəbiləyə əsir düşmüş pilot kimi hiss edirdim. Artıq tanıdığım stansiya rəisi və AT-dan başqa rəisin saçları işıldayan, ağappaq, hərəkətsiz, səssiz, cussəli arvadı, cizgiləri pozulmuş sifətindən yaşı bəlli olmayan, lakin işvəsi heç bir yaşa və əndazəyə sığmayan işvəkar bufetçi qadın, stansiya rəisinin – nəyləsə AT-a bənzəyən – qaşqabaqlı qızı, görkəmlərindən mehribanlıq, məsumluq yağan gözətçi və arvadı buradaydılar. Biz tanış olduq, mən çağırılmamış və imtina olunmayacaq qonaq kimi (imtina edib neyləyəcəkdilər ki, getməyə yer vardı?!) onların cəmiyyətinə qəbul edildim.

Mənə otaq verdilər, stansiya rəisinin vəd etdiyi kimi, əlüzyuyan da vardı, böyükdü, bəzi yerləri pas atmışdı. Çarpayıya bənzər (yataq demək olmazdı, məhz səyyar qatlama çarpayıya oxşar) bir şey, bir də camaşir üçün rəfli və kostyum-palto üçün ayrıca hissəli ikigözlü ensiz dolab da qo- yulmuşdu.Nədənsə həbçxanalardakı kimi möhkəm barmaqlıqlar taxılmış pəncərə vağzal binasının önündəki platformaya açılırdı. Barmaqlıqlara istinadən zənn etmək olardı ki, əvvəllər bu otaqda dəftərxana yerləşmişdi və burada məxfi sənədlər saxlanılmışdır. Ehtiyat tədbirlərinin görülməsi bu səbəbdəndi. Istifadə edəcəyimə əmin olmadığım kiçik masanın önünə qoyulmuş döşəməyə qədər örtüklə örtülmüş kətilin əslində kiçik, lakin yetərincə ağır seyf olduğunu biləndə təxminimdə yanılmadığım məlum olurdu. Çarpayının görünüşü o qədər ikrahedici və istirahət anlayışının dışındaydı ki, bu yöndəmsiz qurğuya bir baxmaqla yuxum qaçdı. Adamın əhvalını pozan əşyaların sanki bilərəkdən düzüldüyü bu daxmadan çıxmaq, heç olmazsa platformada gəzmək, təmiz hava almaq istədim. Elə bu vaxt otağın qapısı bir az nəzakətsizcəsinə (bir az ona görə deyirəm ki, döyülmədən olsa da qapı o qədər zəif, cəsarətsiz hərəkətlə açıldı ki, sanki qapının arxasında uşaq vardı və «açım-açmayım» deyə tərəddüd edirdi) açıldı, nəyi gözətlədiyi məlum olmayan vağzal gözətçisinin arvadı kəndarda dayanmışdı. Əslində hər şey müəmma idi, AT-dan başlamış (arıq teleqrafçıya ixtisarlı ləqəbi mən verdim, çünkü elə ilk dəfə görəndə xoşuma gəlmədi, ola bilsin ki, mənim burada peyda olmağım, yumşaq desək, onu o qədər də fərəhləndirməyib. Tezliklə anladım ki, niyə? Yəqin ki, məni arıqlıqda ondan geri qalmayan rəis qızına nəvaziş göstərə biləcək rəqib hesab edirdi. Görünür, teleqrafçı nəvazişə çoxdan başlamışdı və bu, bəhrəsini vermişdi – evli olmasalar da, bir-birlərinə çox uyğundular. Ola bilsin rəis işçisini sərfəli adaxlı hesab etmirdi və Yaradanın yaddan çıxardığı bu ucqara şahzadənin gələcəyini gözləyirdi. Deyəsən, mətləbdən yayındım) yad adam görəndə hürməyə ərinən, ya da taqəti çatmayan itə qədər. Teleqrafçıya ona görə qısa ləqəb qoşdum ki, xoşuma gəlməyən adamları müxtəsər işarələmək məndə vərdişdi. Guya tək elə buna görə onlar normal adam adları daşımağa layiq deyillər. Əlqərəz, buradakılar – AT-dan tutmuş köpəyə qədər mənim üçün müəmma idi. Köpək deyən kimi yadıma yemək düşdü. Itə yeməyə nə verirdilər? Özləri nə yeyirdilər, axı deyirdilər ki, buradan aylarla qatar keçmir. Lap keçsə də, stansiyada cəmi beş saniyə dayanan qatardan ərzaq boşaltmaq olar? Hər şey qəribə, şübhəli, sirliydi. Qadın isə hələ də kəndarda dayanmışdı, içəriyə keçməyə ürək eləmirdi.

– Gəlin,-dedim.

Qadını qapıda saxladığım üçün bir az sıxıldım. Lakin üzr istəmədim, qoy bilsinlər ki, burada yeniyəm deyə, istədikləri vaxt məni narahat edə bilməzlər.

– Bağışlayın,– qadının səsindən yorğunluq yağırdı, nasaz ciyərlərinin xırıltısı eşdilir, təngnəfəs olurdu, yəqin ki, canında salamat yer yoxdu. Sısqa vücuduna keçirdiyi, geyimdən başqa nəyə desən oxşayan tünd rəngli formasız cübbəyəbənzər bir şey geyimdən kasad olduğunu göstərirdi. O dəqiqə gənc AT və rəis qızını, onların kasıbyana, köhnə, lakin tərtəmiz geyimlərini xatırladım.

– Bağışlayın,-qadın təkrar etdi, ayaqlarını sürüyüb otağa girəndə olan-qalan boşluğu işğal etdi.

–Üzr istəyirəm,– zorla gülümsəməyə çalışan qadının ölçüsüz nəzakəti məni qıcıqlandırmağa başlayan anda əlində çöl güllərindən kiçik gül dəstəsi göründü. -Sizə gətirdim…Xoş gəlmisiniz.

Düşdüyüm yerin təlaşından fikrim özümdə deyildi və qadının son sözlərini eşidəndə elə bildim məni ələ salır. Amma haqq naminə demək lazımdır ki, onun səsində qətiyyən istehza notu yoxdu. Qeyri – ixtiyari gül dəstəsini aldım, haraya qoyacağımı bilməyib əlimdə yellətməyə başladım.

–Çox mütəəssir oldum,-burnumun altında mızıldandım,-çox xoşdur…

Qadın dəvət gözləmədən çarpayıya oturdu. Nə qədər çalışsam da heyrətimi gizlədə bilmədim, o da heyrətli baxışlarımı görüb astadan dedi.

пароараримимпвмсеьмотпримблмлмлмьбмдбмьмбдбмдолаьлмьмльтврсьь

– Oğlum bu çarpayıda ölüb,-bir qədər susub hüznlə davam etdi.-Bu, inişil yayda olub. Qan qusdu, tez inkişaf edən vərəmə yoluxmuşdu. Elə uşaqlıqdan zəif idi. Qəfildən də bu xəstəlik… Teleqrafçı dalbadal teleqram göndərdi, amma cavab çıxmadı. Dərman yoxdu, beş aydı qatar da gəlmirdi.-Qadın sanki uzun söhbətdən yorulmuş kimi susdu, nəfəsini dərdi.

Əlimdəki gül dəstəsi ilə yatağı göstərib:

– O burada ölüb?-deyə soruşdum.

Çimçəşdiyimi ifadə edən bu hərəkəti görmək üçün çox da diqqətli olmaq lazım deyildi.

Qadın nəfəsini dərib sualımı eşitməyibmiş kimi əvvəlki halıyla davam etdi:

– Onu vağzalın arxasında, buraya yaxın bir yerdə dəfn etdik…. Qəbrin belə yaxında olmasına rəis etiraz etmişdi, amma mən xahiş etdim, dedim ki, uzağa getmək mənimçün çətin olar, o da icazə verdi. Onu dəfn etdik, ehsan verdik. Hər şey yerli-yerində oldu. Altı gündən sonra qatar gəldi. Doğrudur, həkim gəlməmişdi, dava-dərman da gətirməmişdilər. Qatar heç dayanmadı da. Bəlkə də qatarda həkim vardı, oğlum sağ olsaydı belə, həkim ona kömək edə bilməyəcəkdi. Bəlkə də qatarın gecikməyi xeyirliyəydi. Ömrünün son saatlarını da ümidlə yaşadı, qatarı gözlədi, qurtuluşunu o qatarda görürdü. Əgər onun sağlığında qatar belə… Bu ona ağır zərbə olardı. Onun-oğulcuğumun iyirmi altı yaşı vardı…-Qadın ah çəkib qəfil yerindən qalxıb asta-asta qapıya sarı getdi. Çıxışda dönüb dedi:– Istəsəniz, onun qəbrini sizə göstərə bilərəm. Sağ olsaydı, yəqin ki, sizinlə dostlaşardı, elə həlim xasiyyəti vardı… Səhv etmirəmsə, siz onunla həmyaşsınız. Onun qəbrini sizə göstərə bilərəm,-qadın təkrar etdi, deyəsən mən də, başımı tərpətdim, o, əlavə etdi.-Hər halda gəlməyiniz yaxşı oldu. Bizə danışarsınız, böyük dünyada necə yaşayırlar… Amma yox, rəisin xoşuna gəlməz. Biz heç radio da işlətmirik, radiomuz isə var…Düzü radio xətti yoxdur, radio da qutu kimi durur, ölü qutu kimi, amma bir vaxtlar radio idi, axı canlı kimi danışırdı… Yox mənim xoşum gəlmir, heç kimin xoşu gəlmir yenilikləri öyrənməkdən. Biz belə alışmışıq, başa düşürsünüz? Yemək istəyirsinizsə, aşağı düşün, ərzaqla ərim və stansiya rəisinin qızı məşğul olur. Indi yemək vaxtı deyil, amma sizin üçün istisna etmək olar.– Sözünü bitirib qadın tələsmədən, keyləşmiş kimi qapını arxasınca örtüb gözdən itdi. Asta, qocafəndi yerişindən dəhlizin döşəmələri cırıldayırdı, sonra cırıltı səsi salona enən taxta pilləkəndə eşidildi. Qeyri-ixtiyarı əlimdəki gül dəstəsini oynatdım, fərqinə varıb kənara tulladım və stolun arxasında oturdum. Başımın içində hər şey bir-birinə qarışmışdı, diqqətimi toplamaq, düşüncələrimi yerbəyer etmək iqtidarında deyildim. Başıma gələnləri dərk edə bilmirdim, məntiqə sığmırdı, daha çox pis yuxuya bənzəyirdi, yatmış olsan da, bunun yuxu olduğunu bilirsən və pis yuxudursa, özünü oyanmağa məcbur etməyin səni xilas edər. Havalanmadığıma əmin olmaq üçün özümü çimdiklədim. Əslində lap yaxşı bilirdim ki, bu, gerçəkdi. Qəribədir, stansiyaya düşdüyüm vaxtdan təxminən iki saat keçməsinə baxmayaraq, nə qədər cəfəng vəziyyətə düşdüyümü anladığım halda hiss edirdim ki, yavaş-yavaş olanları qəbul etməyə başlayıram. Sanki belə də olmalıymış, bu həqiqətə bənzəməyən vəziyyətə uyğunlaşıram, bəlkə, ona görə ki, çoxdan uyğunlaşmış və bu həyat tərzini təmamilə təbii sayan adamlar göz qabağındaydı. Bütün bunların yuxu deyil, həqiqət olduğunu qapı taqqıltısı da təsdiq etdi. Izn alınmadan qapı açıldı və stansiya rəisi qapıda göründü.

– Yəqin ki, acmısınız?– deyə soruşdu. Stolun arxasından qalxmadan başımı tərpətdim.

Rəis sözünə davam etdi:

– Yeni adam bizim üçün böyük hadisədir. Düzü, çaşıb- qalmışıq.

Başımı təsdiqedici tərzdə yellədim:

– Başa düşürəm.

Rəis razılaşmadı:

– Yox, tam anlaya bilməzsiniz. On dörd ildir mən bu stansiyanın rəisiyəm. On dörd il əvvəl ailəmlə buraya gəlmişəm. Məndən iki il sonra teleqrafçı gəlib. O, on iki ildə bizim stansiyada vaqondan düşdüyünü gördüyüm sonuncu adamıdır. Yerdə qalanlar bizdən əvvəl burada yaşayanlardır. Artıq bəziləri qocalıqdan, xəstəlikdən ölüb.Yaxınlıqda kiçik qəbiristanlıq da var.

Susdu, alnını ovuşdurdu, sanki nəyisə xatırlamağa çalışırdı. Yaranmış fasilədən istifadə edib oturmağı təklif etdim:

– Ayaqüstə qalmayın.

– Nə? Yox, yox. Hə, yadıma düşdü. Nə üçün gəldim? Yəqin başa düşmüsünüz ki, burada biz birgə yaşayırıq, bir növ kommuna şəklində, hərənin öz vəzifəsi var. Sizə təsərrüfatımızı göstərmək istəyirdim, ərzağı özümüz istehsal edirik. Nə isə, özünüz görəcəksiniz… İnəyimiz, toyuğumuz, bostanımız, meyvə bağımız var.– Sadaladığı şeylərə görə kişinin iftixar hissi keçirdiyi səsindən bəlli olurdu, o da hiss olunurdu ki, yenə də nəylərinsə adını çəkmək istərdi, amma gülünc görünməkdən ehtiyatlanırdı.-Hər şeyi yavaş-yavaş əldə etmişik, bəzi şeylər mənim gəlişimə qədər vardı. Ən yaşlı bizim indiki gözətçimizin atası idi. Çox yaşlanmışdı, cəmi üç il əvvəl vəfat edib, amma demək olar ki, ömrünün sonuna kimi vəzifəsini yerinə yetirib, asta-asta işləyirdi. Elə iş başında da öldü. Sonra nəvəsi,gözətçimizin oğlu öldü… Yəqin arvadı sizə danışıb. Bura onun otağıydı. Hə, belə. Nə deyəcəkdim? Hə, deməli, biz vəzifələri çoxdan bölüşdürmüşük və hərə öz işini görür. Sizə də iş tapılar. Başa düşürsünüz də, yaranmış şəraitdə işdən kənar qala bilməzsiniz. Kim bilir növbəti qatar hacan gələcək? Hələlik…

–Əlbəttə,– dedim. Hansı işdən desəniz, yapışmağa hazıram…

– Nə?– Rəis bir qədər inamsız soruşdu, hiss olundu ki, çiyinlərindən dağ düşdü. Yəqin ki, mənim üzüyola olduğuna o qədər də ümid etmirmiş, yeni adama ehtiyatla yanaşması təbiiydi. – Qərarınız məni sevindirdi-sadəlövhlüklə mızıldandı.– Başa düşürsünüz də, burada bizim üçün hər işlək əl qiymətlidir. Biz çox deyilik, amma iş-güc çoxdur, zorla çatdırırıq. Belə yaşayış, acından ölməmək üçün yalnız özünə güvənmək tamam başqa şeydir, elə deyilmi?– Şəhər deyil ki, hər şey hazır olsun,-deyib kişi yenidən susdu.

Rəisin davam etmək fikrində olmadığını görüb dilləndim.

– Aydındır. Bəlkə əyləşəsiniz?

O, səksənib fikirlərindən ayrıldı.

– Ah, yox! Gəldim sizi çağırım ki, bir az toqqanın altını bərkidəsiniz. Sonra isə istəsəniz, təsərrüfatımızla tanış olarsınız və sizə bir iş taparıq. Nə bacarırsınız?

Sual mənə o qədər qəribə gəldi ki, qulaqlarım cingildədi. Bu sual qatarın məni aldığı dünyaya məxsus deyildi. Bu sual oturduğum ələmli otaqda asılıb qalmayacaq qədər buraya aiddi… «Nə bacarırsınız?» deyə, soruşdu adam və sual ötüb keçmiş küləyin təsirilə hələ də yellənən budaq kimi qulağımda səslənməkdəydi. Xatırlamağa çalışdım, görüm hansı işi bacarıram ki, yerinə düşsün. «O» həyatımda (bu da maraqlı məqamdır, buraya gəlişimlə mənim, yəqin ki, elə onların da həyatımız xətlə iki- bu Şəhərciyə varid olmamışdan əvvəlki və bu stansiyaya düşdüyümüz-dövrə bölünmüşdür) məşğul olduğum cızmaqaraçılıq kimi boş-boş iş burada keçməz, əhalisi çox olan böyük şəhərlərdə çızmaqaraçılıqla çörək pulu qazanan olar, burada əsl işdən yapışmaq lazımdır. Əsl. Mən nə bacarıram?

– Az-maz massaj və iynəterapiya ilə məşğul oluram. Ağrıları, yorğunluğu, yuxusuzluğu götürürəm.

– Pis deyil?-deyib rəis intizarla mənə baxdı.Yəni, daha nə bilirsən?

– Lap əvvəllər inşaatda işləmişəm, iribloklu evlər üçün panel hazırlayırdım.

– Bu iş çətin bizə gərək olsun.

– Hə,-uzaq keçmişimi xatırladım- məncə, bu iş yarayar: ağaclara qulluq etməyi çox sevirəm. Uşaq olanda bağımızda atam öyrətmişdi. Meyvə ağaclarımız, qızılgül kollarımız vardı. Öhdəsindən gəlirdim.

– Yaxşıdır, bu, işə yarayar, düzdür, bağbanımız gözətçidir, amma sən ona kömək edə bilərsən. Olar?

–Əlbəttə, məmnuniyyətlə,-deyə cavab verdim.

– Danışdıq.

– Mən torpağı şumlayıb yumşalda, əkin üçün qaza bilərəm.

Rəis gülümsəyib dedi:

– Başa düşdüm.

– Bir az dülgərlik də etmişəm. Bu, çoxdan olub, amma lazım gəlsə yadıma sala bilərəm.

– Yaxşı. Aşağıya enək. Indi gün-günortadı, gündüzlər bizdə heç kim dincəlmir, yalnız gecələr. Indi gəlsəniz də, sizə istisna edə bilmərik.

– Oldu, – dedim. -Onsuz da istirahət etmək fikrim yoxdu.

Otaqdan çıxdıq, qapı nə içəridən, nə də bayırdan bağlanmırdı. Ensiz, cırıltılı pilləkəndən (ta alışana qədər burada hər şey adama dar və cırıltılı gəlir, otaqlar vaqon kimi dar, dəhlizlər dar, eyni vaxtda iki adam keçə bilməz, hətta salon da uzunsovdu, döşəmələr cırıldayırdı, böyük, lakin ensiz soba tavana çatırdı, köhnə parovozların tenderinə bənzəyirdi) enib salona düşdüm.

– Hə, bax, daha bir şey,-dedim, qeyri – şüuri olaraq cəmiyyətin hüzurunda üzə çıxarılmalı şeyi axıra saxlamışdım, artıq salonda cəmiyyətin qarşısındaydıq.-Moment,-deyib əlimi rəisin çiyninə saldım və ucu görünməyən qırmızı lenti çəkdim,-Hop!-bu dəfə onun qulağının ardından qızıl sikkə çıxarıb nümayiş etdirdim.

– O!-Stansiya rəisi heyrətlə səsləndi: – qızıl sikkə.

Mən ovcumu açıb heyrətdən nəfəsini çəkməyən tamaşaçılarıma kiçik sarı sikkəni göstərdim.

Stansiya rəisi əlini qızıla uzadıb dedi:

–Çoxdandır pula əlim dəyməyib. Onu mənim qulağımdan çıxardınız?

– Buna bənzər bir şey-deyə dəqiq cavabdan yayındım.

– Demək, bu mənimdi?-Rəis sadəlöhvcəsinə maraqlandı.

– Yox,-dedim-Bu mənimdir. Mən sizə sadəcə fokus göstərdim.

– Fokus?

– Bəli. Bu, fokusdur, – izah etməyə başladım, – əlin cəldliyi, başa düşürsünüz?

– O qədər də yox,-rəis etiraz etdi-Demək pul mənim deyil?

– Ata,-rəisin qızı söhbətə qarışdı,-bu fokusdur, sirkdə göstərirlər ha, yadına düşür?

– O qədər də yox,– az-maz. Fokus,– fikirli-fikirli təkrar edib könülsüz halda sikkəni özümə qaytardı.

– Imkan olduqda əlinizin cəldliyini bizə göstərə bilərsinizmi? – Rəisin qızı bir az nazlana-nazlana soruşdu. – Belə gözəl şeyləri çoxdan yadırğamışıq.

–Əlbəttə, məmnuniyyətlə,-dedim.

Hamı buradaydı, stansiyanın rəisi təkrar bizi bir-birimizə təqdim etdi- Onlar ağızlarını açıb yenə mənə ekzotik möcüzə, qeyri-adi məxluq kimi tamaşa edirdilər. Görünür, mən buradakı çox şeyi dərk edə bilmədiyim kimi, onların da ağlı kəsmir ki, onların stansiyasında insan necə qatardan düşə, çağırılmamış qonaq kimi həyatlarına müdaxilə edə bilər. Belə başa düşdüm ki, stansiya rəisi huşsuzluğundan yenidən bizi tanış edir, amma heç kim onun sözünü kəsib tanışlıq mərasiminin keçirildiyini söyləmədi.

Mən də dinməzcə təkrar əlləri sıxdım. Heyrətli baxışlar, təbəssümdən işarə olmayan üzlər, quru əlsıxmalar. Hər şey birinci dəfə olduğu kimiydi. Azacıq yumşaqlıq hiss olunurdu, vəziyyət müəyyən çalar almışdı, görünür, mən otağımda oturduğum az vaxt ərzində sakinlərin şəraiti müzakirə etmək və baş vermiş fakta uyğunlaşmaq imkanları olmuşdur. Maraqlıdır ki, stansiya rəisi bizi eynən əvvəlki kimi, bir ad belə çəkmədən tanış etdi, fikirləşmək olardı ki, böyük dünyadan təcrid olunub buraya yerləşdikləri uzun illər ərzində insanlar adlarını itirmişdilər.

– Bu bizim gözətçidir, bu teleqrafçı, bu, mənim qızımdır, bu, gözətçinin arvadı,-rəis sadaladı,-bu, bufetçidir, bu, mənim arvadımdır, xahiş edirəm, tanış olun, bu isə sərnişindir, səhvən bizim stansiyada düşüb, təsadüfi sərnişin deyə bilərik,-məni də təqdim edərkən əvvəlki təqdimat tərzindən az da olsa, sarpmadı, bir az şübhələnməyə başladım, yəni doğrudanmı hər fürsətdə nümayiş etdirməyə çalışdığı kimi huşsuzdür.

Beləliklə, biz bir kəlmə söz söyləmədən, bir səs belə çıxarmadan təkrar tanış olduq. Mənə elə gəldi ki, başqalarından fərqli olaraq rəisin qızı qəribə baxdı və əlimi əvvəlki əlsıxmalardan fərqli sıxdı, bir neçə saniyə artıq saxladı. Bunu yeni adamla tanışlığın doğurduğu təəssüratın ayağına yazıb önəm vermədim. Sonralar bəziləri AT kimi (adlarını axıradək bilmədim) bir, ya iki hərflə işarələndi, amma hələ onların arasında yaşamalıydım.Rəis, «buyurun deyib, ensiz qapını göstərdi, qapı ön platformadan çox ensiz arxa platformaya açılırdı və biz təsərrüfata baxmaq, mənə müvafiq iş tapmaq üçün çıxdıq. Məni yedirmək yəqin ki, yaddan çıxmışdı, özüm də xatırlatmaq istəmirdim, keçirdiyim sarsıntıdan aclıq hiss etmirdim. Çıxdığımız arxa platforma cəmi bir – iki addımlıqdı, yerdən haradasa bir metr hündürlükdəydi. Platformadan aşağıya atıldım və gözişlədikcə uzanan çölə baxdım, – artıq neçənci dəfəydi – heyrətləndim, platformanın ucundakı dörd əyri pilləkənlə aşağı enən stansiya rəisi yaxınlaşıb heç bir şey ifadə etməyən nəzərlərlə mənə baxdı.

Ev

Подняться наверх