Читать книгу Xəmsə - Низами Гянджеви - Страница 1

Оглавление

Nizami Gəncəvi

XƏMSƏ

(nəsrlə sadələşdirilmiş)

12+ yaş

SİRLƏR XƏZİNƏSİ

ÜMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI

Ədalətli şah yuxusunda zalım bir soltan gördü. Ondan soruşdu ki, sənə Tanrı hansı cəzanı verdi? Gündüzlər onun qan tökməsinin, ev yıxıb, zülm etməsinin əvəzində gecələr hansı əzabı çəkdiyini sual etdi.

Zalım soltan cavab verdi ki, ömrüm sona çatarkən cahana göz gəzdirdim, ancaq bir ona (Tanrıya) pənah gətirdim, görüm ki, düşkün çağımda yol göstərən kimim var? Tanrı məhəbbətinə kim məni yaxınlaşdıra bilər? Baxıb gördüm ki, heç kəsin mənə şəfqəti yoxdur, əksinə, hiddəti, nifrəti çoxdur. Lütfdən, mərhəmətdən söhbət belə gedə bilməz. Rüzigarın bu işinə dözməyib söyüd kimi titrədim. Özümə sual verdim: ürəyim yara, üzüm qara, indi mən hara gedim? Kilimin dörd ucunu axar suya tulladım. Öz könlümü yalnız Tanrı lütfünə bağladım. Dedim:

– Ey ulu Tanrı, sən hər şeyə qadirsən, biz isə acizik. Bu aciz və miskin qulun səndən xəcalətlidir. Sən günahlarından peşman olmuş zavallıya gəl rəhm elə. Sənin yolundan çıxmaqla nifrinlər (nifrətlər) qazanmışam. Buna görə ya məni cəhənnəmə tulla, ya ən sərt cəzanı ver. Ya da elədiyim pisliklərin əksini mənə göstər.

Kimsəsizlər kimsəsi üzümdə xəcalət nişanəsi olan təri görüb məndən üz döndərmədi. Mənim yalvarışlarımı feyzlə qəbul etdi. O, çiynimdən dağı götürüb başımı sığalladı. Tövbə dolu bir nəfəs, peşmançılıq hədər getməz, o, qiyamətdə Tanrının qəzəbini söndürər.

Ey boşboğaz, fikir ver ki, aldığın hər boş nəfəs bir əzab tərəzisi və ziyan ölçüsüdür. Boş keçmiş hər gününü, öldürdüyün neçə ayı, neçə fəsli, neçə ili bir ziyan meyarı say.

Ey sərxoş, ömrünün tərəzisində inci yoxdur. Həyat qədəhin dolu olsa da, həyat sandıqçan boşdur. Sən əbəs yerə tərəziyə yerdəki daşları doldurma. Bu fani1 muncuqları da qolbağına vurmaqdan əl çək. Bu vaxta qədər nə qədər yığmısansa, onlar bircə dirhəmə dəyməz. Ömrünü verdiyin sevda yalnız boş bir nəfəsmiş. Hər nə almısansa, ver, onları cəm etməyə can atma. Sözü uzatma, əlindən gəldiyi qədər payla, bölüşdür. Sənin belin məzlum əlindən, boynun isə kölə haqqından qurtulsa, bəlkə, qiyamətdə aman taparsan. Sənin ətəyin onda yetimlərin əlində yırtıq-yırtıq olaraq tora dönməz. Dullar sənin yaxandan tutaraq öz tələblərini etməzlər. Sən bu köhnə cındır döşəkli dünyadan əl çək. Kirli ətəyini yu, nəfsinin gözünə mil çəkməyə çalış!

Sən ya qəriblər kimi yol getməyə ruzi yığ, ya da Nizami kimi dünyadan bir guşəyə çəkil!

ADİL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ

Bir gün ov həvəsiylə Nuşirəvan saraydan, səltənətdən və rəiyyətdən ayrılaraq səfərə çıxdı. Onun bu səfərdə dostu və yaxın sirdaşı yalnız öz vəziri idi. Nuşirəvan özgəsini xoşlamır, tək onunla gəzməyə üstünlük verirdi.

Ovlaq həndəvərində Nuşirəvan düşmən qəlbi kimi boş və viranə2 bir ərazi gördü. Orada bir cüt bayquşun civildəşməsi və uçması hövsələsiz şahın diqqətindən yayınmadı.

Şah vəzirdən soruşdu:

– Bu quşlar nə danışır? Onların həyəcanları, qışqırıq və təlaşları nədəndir?

Vəzir cavab verdi:

– Ey dövrün tacidarı, əgər öyüd-nəsihət xoşlayırsansa, bunun sirlərini sənə açaram.

Şah razılıq verdi. Vəzir bu dartışmanın və söhbətin bir toy sövdası olduğunu şaha bildirdi. Bu məşvərətin bazarlığın üstündə mübahisənin baş verdiyini də vəzir şaha əyan etdi.

Bu quş qızını başqa bir quşa ərə verib. İndi həmin quşdan başlıq istəyir. Gəlin üçün bəri başdan başlığı tələb etmək iddiasındadır.

O deyir ki, bu viran kəndi mənə cehiz verirsən. Ancaq bu, çox azdır. Gərək bir neçə xərabə3 də üstünə qoya.

Qarşı tərəf deyir ki, əbəs yerə alver etməyək. Şahın zülmlərini görüb qüssədən əl çəkmək lazımdır. Şah həmin şahdırsa, onun gərdişi bu cür davam edərsə, sənə üstəlik yüz min belə xərabə cehiz verə bilərəm.

Bu cavab sanki yatmış padşahı silkələdi. Bədənində qopan fəryad və ah ciyərini yandırdı. Şah baş-gözünə döydü, göz yaşları axıtdı. Zülmün göz yaşlarından başqa barı nə ola bilər? Şah heyrət içində, kədərli halda barmağını dişlədi:

– Zülmün gücünə bax ki, ondan quşlar da xəbər tutmuşdur. Gör bəşər zülmü hansı vəziyyətə çatdırıb ki, toyuqların bağrını çalağanlar didirlər. Fağırlara, yazıqlara güclülər zülm edirlər. Ey dünyanın düşgünü, qəflətdə olan, bixəbər canım, başıma gör hələ mən nə qədər döyməliyəm.

Mən nə vaxta kimi elləri soydurub soyacağam? Necə olub ki, qiyaməti, məhşəri yaddan çıxarmışam? Nə vaxtacan bu qədər əliuzunluq edəcəyəm? Öz başıma açdığım oyun çox qorxuludur. Bu mülkü Tanrı mənə bəxş edib ki, yaramazlığı qovum. Yadigarı qoruyum. Heyhat, indi üstüm bəzək, içimsə təzək kimidir. Üstüm qızıl, içim misdir. Mənim bu dünyada zövqüm, əyləncəm zülm oldu. O dünyada mənim başıma bu qəm-kədər kül tökməzmi? Mənim barsız və miskin ömrümün mükafatı cəhənnəmdir. Bu sitəm mənim sümüyümü də yandıracaq. Nə vaxtacan, ömrüm uzunu həm xalqımın qanını, həm də üzümün suyunu tökməliyəm? Qiyamət günü məhşərdə yaxamdan yapışaraq cavab istəyəcəklər. Ey soyğunçu, bunu qan! Qoy peşmanlıq həyası yanmasam, məni boğsun. Bu qüssəni qanmasam, qoy bağrım daşa dönsün. Məhşər gününə qədər bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər mənim yol yoldaşım olacaq. Deyin görüm, mənim çiynimdəki yük qədər kimin yükü var? Dünyada kim mənim kimi bu qədər zavallı ola bilər?

Ucu-bucağı bilinməyən vilayətimdə hər şey mənim itaətimdədir. Mən bundan artıq öz aqibətimdən daha nə istəyə bilərəm?

Şahın halı, əhvalı o qədər dəyişdi ki, naləsindən atının polad nalı da yumşaldı.

Şah ordugaha dönən kimi işləri təzələyib nizama saldı. Onun həssas nəvazişləri vilayəti bürüdü. Bundan sonra onu əli qələmli, adil bir şah kimi gördülər. O, fərman verib ürəklə zülmün yolunu kəsdi. Şahın ədaləti hər yana car çəkdi, cövrü-cəfanı4 boğaraq sülh və azadlığa meydan verdi. O, axır nəfəsinə kimi səadəti qorudu.

Zəmanədə nə qədər çevriliş və inqilab olsa da, Nuşirəvan öləndən sonra da onun haqq səsi qaldı. Pul sikkələrinin üzərində xoş günlərin birində onun adı ilə yanaşı “adil”5 sözünü gördülər. Dünyada ondan ancaq parlaq xatirə qaldı.

Sən də bu hadisədən nəticə çıxar, Nuşirəvan kimi ol. Könül qırma, əksinə könüllərdə ədalət mülkü qur. Nə qədər xalqın qanını töksən, ömrünün mükafatı cəhənnəm olacaq. Qiyamət günü yaxandan yapışıb cavab istəyəcəklər. Sənə soyğunçu deyəcəklər. Çalış, öz nurunu Günəş kimi ətrafındakılara payla. Öz nifrətini soyuqqanlıqla məhv et. Hər şeydən üstün olan Allaha itaət et!

Haqqını yaxşılıq etməklə tapacaqsan.

SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ

Günlərin bir günündə Süleyman peyğəmbərin diləyi qanad açdı. Onun nəfəsi bir çırağa yetişdi. O, təntənəylə, calalla çöl tərəfə istiqamət alaraq öz taxtını göyün mina taxtına qaldırdı. Süleyman peyğəmbər çöldə bir əkinçi gördü. Bundan onun nəfəsi təzələndi. Əkinçinin həvəsi onda sevinc oyatdı. Zəhmətkeş əkinçi evindən gətirdiyi ovuc-ovuc dəni səxavət mədəni olan torpağa səpmişdi. Dən səpilən yerlər xırda-xırda göyərmişdi. Orada hər dəndən bir neçə sünbül boy atmışdı. Əkinçi bu dənlərin sirrini bir-bir açdı. Süleyman dilə gələndə sanki quşlar danışırdı:

– Ey qoca, bir az mərdanə davran, gözü tox ol! Əkdiyini biçib yesən bəsindir, bu qədər tər tökmə! Quş deyilsən ki! Dəni boş yerə çölə səpmə. Mənimlə bu yerdə gəl boşuna mübahisə etmə. Əlindəki belin hanı? Səhranı gəl az cırmaqla. Nə suyun var, nə də arxın. Hədər yerə arpanı zay edirsən.

Bir düşün: susuz torpağa biz nə qədər dən səpsək, zəhmətdən başqa nə görə bilərik? Sən dəni külə döndərən bu susuz çöllərdə canını yandırmaqla nə qazana bilərsən? İxtiyar qoca Süleyman peyğəmbərə cavab verdi:

– Gəl mənim sözümdən incimə. Mən torpağın, suyun faydasından heç nə gözləmirəm. Mən tarlanın suyu var, ya yoxdur bilmirəm. Əkmək mənim işim-peşəmdir, onu yetişdirmək Tanrının işidir. Alnımdan axan tər mənim suyumdur. Belimlə, külüngümlə, bu dırnaqlarla, bu əllərlə əkib becərirəm. Sənin kimi mən səltənət, mülk dərdi çəkmirəm. Bu əkin bütün ömrüm boyunca mənə yetər. Xoş müjdələr verənim məni muştuluqlayıb: bu torpaqda hər dənim yeddi yüz dən olacaq. Mən bu taxılı şeytanla şərikli əkməmişəm. Yəqin ki, bu əkin birə yeddi yüz halal dən verəcək. Hər şeydən əvvəl, mənə sağlam toxum gərəkdir. Qoy sünbüllərin düyünü qönçətək açılsın. Bu dünyada nə qədər götür-qoy etsələr də, hər bədənə yaraşan münasib don biçərlər. Qardaş, hər eşşək İsa yükünü çəkə bilməz! Hər baş dövlətin işlərini qavraya bilməz. Kərgədan eşqə düşsə, fil boynunu parçalaya bilər. Qarışqa ölü bir çəyirtkəni zorla çəkib aparar. Ümmanlar yüz nəhri içib nuş etsə, səs çıxarmaz. Arx isə bircə seldən coşaraq hay-haray salacaq. Heç kəs bu göy qübbə altında gizlənə bilməz. Hər kəs şöhrətə, ada öz mərdliyi ilə çatar. Mərd olan kəslər hər dərddən məgər şikayət edərlərmi? Tanrı sirrini hər kəs saxlamağa qadirdirmi? Ya da cingildəyən saz kimi hamı naz çəkə bilirmi? Naz çəkməkdən söz açma. Yalnız gözəllər nazlanarlar.

Ey tacidar, naz çəkmək Nizaminin işidir.

QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ

Bir gün bağrı qan, gözü yaşlı, başı bəla çəkmiş bir qadın Sultan Səncərin ətəyindən yapışaraq dedi:

– Ey Sultan, mən səndən yaxşılıq görməmişəm, fəqət sənin neçə zülmünə şahid olmuşam. Mənim yerimi kefli bir darğa gəlib alt-üst etdi, üzümə şillə çəkərək birçəklərimi yoldu. Günahım nə idi ki, məni evimdən çıxartdı, saçlarımdan yapışıb sürüyərək çölə atdı. Mən onun zülmlərindən nəfəs çəkə bilmirəm. Onun bu vəhşiliyi, sitəmi köksümə dağlar basıb. “Filan gecə filan adamı kənddə kim vurdu?” – deyə o, yaxamdan yapışdı. Qatilin adını deməyi məndən tələb edir. Ey bu yurdun sultanı, belə də zülm olarmı? Darğa qapını sındıraraq caninin harada olduğunu deməyi təkid edir. Sərxoş darğa özü qatil olduğu halda, nə üçün ağbirçək bir qadını döyüb incidir? Onlar o yanda təbil çalıb xərac yığırlar, bir yanda isə bir qadının üstünə şər atırlar. Bir fikirləş, gör bu darğa nə edir?! Sənin ədalətinə və mənim ismətimə əl uzadır. Mənim yaralı köksüm dağdan-düyündən yanır. Ömürdən-gündən bezərək dünyadan əl çəkmişəm.

Bu zülmü, bu əzabı yerdə qoysan, səndən qiyamətdə hesab çəkəcəklər.

Adillik eşqindəsənsə, bəs ədalətin hanı? Haçan sitəmin, qəbahətin sona yetəcək?

Sultandan qaydadır ki, xalqa güc qüvvət gələr. Bəs niyə daim səndən bizə həqarət gəlir?

Məgər yetim malını yemək ədalətdirmi?!

Buna görə Abxazda qarətçilər hələ də lənətlənir. Ağ saçlarımdan utan, dulların əmlakını soyub-çapıb, talama, olub-qalanına dəymə.

Qul olduğun halda, sən şahlıq sevdasındasan. Ey haqqı dardan asan, canidən şah olarmı?

Şah gərək ölkədə hər işi sahmana salsın. O gərək xalqın səadətinə keşikçi olsun. Şah adil olsa, könüllər ona məhəbbət bəslər.

Sən taxt başına gələndən nə hünər göstərmisən? Bu eli ancaq alt-üst edib taladın. Türk dövləti bir zaman dağ kimi ucalmışdı. Onun ədaləti, şəfqəti bütün məmləkəti sarmışdı. O şöhrəti sən yıxdın. O ad-sanın batıb getməyi səndən oldu. Demək, sən türk deyilsən, yağmaçı6 bir hindusanmış. Sənin əllərinlə şəhərlərin bünövrəsi, biçinçinin xırmanı, əkinçinin tarlası dağıldı. Əcəl gəlib yetişməmiş ağlını başına yığ, əlindən iş gəlirsə, bir ədalət qəsri tik. Ədalətin gecəni çıraq kimi işıqlatsın, həmişə bəxtiyar etsin. Ağbirçək qarının sənə söylədiklərini yadda saxla: yetimlərə, dullara qol-qanad ol, onları sevindir. Sən yoxsulların başından qapazı geri çək. Yoxsa məzlumların qarğışından oxlanacaqsan. Sən ki bu qədər hər guşəyə ox yağdırırsan, ancaq girəcəyin guşədən bixəbərsən. Şah cahan qalalarını açan bir açardır. Agah ol, sən qapılar bağlamağa gəlməmisən. Səni şah seçiblər ki, cəfanı azaldasan, bir könül yaralansa, sən ona dərman olasan. Zəiflərin adəti nazla sənə sığınmaqdır. Sənin borcun isə onların telinə sığal çəkməkdir. Qulağını geniş aç, bu möhtac, yalavac zavallıların komasına işıq saç.

Xorasan ölkəsinin hökmdarı Səncərə bu sözlər kar etmədi, başı cəncələ düşdü. İnan ki, bu dövrdə ədalət ərşə çəkilmiş, o yalnız Simurqun qanadından asılmışdır. Bu torpaq üstə daha sevincdən əsər yoxdur. Bu göy qübbə altında həyadan bir xəbər yoxdur.

Ey dərdli Nizami, qalx bu dünyanı qucaqla! Ürəklər qana döndü, sən də gəl qan ağla!

KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

Şam şəhəri yaxınlığında qoca bir kişi yaşayırdı. O, insanlardan uzaqlaşaraq mələk kimi tənha həyat sürürdü. Qoca özünə ot-əncərdən köynək toxuyurdu. Heç kəsdən minnət götürməyən qoca kərpic kəsməklə dolanırdı. Əmirlər, sərkərdə və qəhrəmanlar basıldıqda və məğlub edildikdə ölüm məqamının yaxınlaşdığını hiss edincə vəsiyyət edərdilər ki, məzarlarının üstü həmin qocanın kəsdiyi kərpiclərlə örtülsün. Bu halda onlar ümid bəsləyirdilər ki, bu sipər7 onları himayə edəcək, qəbir əzabından qoruyacaqdır.

Bir gün qoca yenə tərini silə-silə palçıqla, samanla, su ilə əlləşirdi. Bu zaman kənardan qəfil bir gözəl dəliqanlı gənc çıxaraq dili ahla, amanla qocaya müraciət etdi:

– Bu nə işdir ki, sən görürsən? Belə əzaba və zillətə yalnız qullar dözə bilər. Ayağa qalx, torpağa bu qədər qılınc vurma! Bir qarınlıq (doyumluq) çörəyi səndən kim əsirgəyər?!

Sən bu qəlibi odda yandırıb külə döndər. Başqa bir qəlib seç, onunla özünə gün ağla. Sən axirət dünyasını qazanmaq üçün çalış. Özünü heydən salma, bu daş-kəsəkdən əl çək! Sən qocasan, ancaq qocalarla otur-dur. Bu iş cavanların işi ola bilər, qoy onlar bununla məşğul olsunlar.

Qoca cavabında dedi:

– Ay oğul, dəliqanlılıq etmə! Öz işinlə məşğul ol, mənə ağıl öyrətməyin əbəsdir. Hər sənətin sahibi öz sənətiylə yaşayar. Qocalar kərpic kəsər, kölələr isə yük daşıyar. Mənə əziyyətli olsa da, bu sənəti öyrəndim. Ona görə bu sənəti seçdim ki, boynumda bir kimsənin minnəti qalmasın. Kiməsə əl açıb bundan xəcalət çəkməyin.

Mən xəzinə, var-dövlət yığmıram ki, məsxərəyə qoyulum. Ay oğlum, mən əlimin zəhmətilə dolanıram. Günahımı götürmə, mən çörək qazanıram. Birgünlük halalımı mən min harama dəyişmərəm.

Qocanın bu sözlərindən həmin gənc alovlandı. O, qocanın yanından gedərkən gözlərindən gildir-gildir yaş axıtdı.

Ey Nizami, yetər ki, dünya qapısını çox döydün. İndi məqamı çatıb ki, axirət qapısını döyəsən.

OVÇU, İT VƏ TÜLKÜNÜN HEKAYƏSİ

İti görmə bacarığı və uzağı görməkdə usta olan bir ovçu vardı. O, biyabanları, çölləri gəzərək öz ov yerini tapardı. Ovçunun bir bəd iti var idi. Bu it çeviklikdə, ayıqlıqda şirə bənzəyirdi. İt günəş şüalarını ceyran belində tutmağa qadir idi. Onun boynunun qüvvətindən kərgədan tük salardı. Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən vahiməyə düşürdü. Bu it ovçunun yolçuluqda, çöldə-bayırda dostu və arxası idi. Gecə ayıq-sayıq keşik çəkən it gündüz əmrə müntəzir olardı. Bir gün aslan kimi ovçunun aslan iti yox oldu. Ovçunun bu nisgili, göz yaşları ciyərlərini diddi. Miyançısı qəza olan bu ovlağı gördü. Burada şir başından itin ayağı dönsə də, ciyərini dişində tutub tab gətirməkdən başqa bir çarə yoxdu. Ovçu dözdü. Səbrinin misqal boyda arpası, bəlkə, bir dirhəm qədər azı xeyir gətirdi. Qəfildən ovçunun qarşısına bir tülkü çıxıb dedi:

– Ey səbirli insan, bu qədər səbir etmək olmaz. Eşitdim ki, qüdrətdə hünər yolçusu olan itin dünyadan köçüb gedib. Nə etmək olar, başın sağ olsun. O it bir anda yüz cüyürü və ceyranı yaxalardı. İt zirəkliyinin və cəldliyinin qurbanı oldu. Bilirəm ki, bu dərd sənin üçün hər şeydən betərdi. Sənə bu iki ayda ovladığın qəm-kədər yetərincədir. Qalxaraq bu ovdan kabab çək, könül ziyafəti ver. Dərisi dərvişlərin, əti isə ovçunun qisməti olsun. Dadlı, ləzzətli xörəklər yediyini bilirəm. Bir də yağlı tülkülər heç vaxt əlinə düşməyəcək. Yağlı-yavan olmağımız səni heç düşündürmür. İştahanın əlini bizim süfrəmizdən çəkmisən. Nə yaxşı ki daha sənin torundan uzağam. Şikarından nə yaxşı ki azadam. Sən şikarından ayrı düşmüsən. Bu məgər vəfasızlıq deyilmi? Bundan qəmlənmirsən də. Bəs nə üçün ciyərlərin yaradır?

Ovçu dedi:

– Bədənim qəm-qüssəyə hamilədir. Bu da birgünlükdür, keçib gedəcək. Mən bircə bundan şadam ki, bu ölümlü-itimli dünyada sevinclə kədər həmişə bir-birini qovur. Bu boş və fani dünyada, xidmət də, sərvət də, səltənət də elə dəyişərək, bir-biri ilə bəhsəbəhs edərək gəlib-gedib. Ay da, ulduz da, fələk də, dünyada nə varsa, hər şey keçib gedəcək. Rahatlıq da, möhnət də onlar kimi bir gün sona yetəcək. Dərdim, qəmim olanda mən bir azca şadlanıram. Çünki qəm cahanda həmişə sevinc müjdəsi gətirir. Mən Yusif kimi bu qəmdən bəlaya düçar oldum. Ancaq mən qurd deyiləm ki, dərimi də dərddən yırtmağa başlayım. Ey tülkü, fələyin mənə dağ çəkməyinə şad olma. Çünki sənin kimi şikar hələ əlimə çox düşəcək.

Ovçunun ağzından bu sözlər çıxarkən yolları toz bürüdü. Bu toz pərdəsinin altından cəsur köpək göründü. O, əvvəlcə tülkünün böyrünü, başını dolandı. Birdən tülkünü sorğu-suala tutaraq dedi:

– Bir az gecikdiyim üçün məni pislədinmi? Gecikməyimə baxmayaraq, bura özümü aslan kimi yetirdim. Mənim ləkəsiz xaltam sənin dinin kimi təmizdir. Yəqin ki, tülkünün peysərini yeyəcəksiniz. O kimsə ki yəqinliyə dərin inam və sədaqət bəsləyir, onun işinin sonu səadətlə tamamlanır. Sən yəqinlik yolunu bu kainatda tut ondan mübarək iş (mənzil) bu həyatda yoxdur. Yəqin ki, o da inamın gücü ilə saf qızıla dönür. Belə olan halda ayaqda olanlar (əyləşənlər) addım da keçə bilirlər. İnamla, yəqinliklə, qorxu bilmədən addın atsan, oddan su, dəniz dalğasından toz çıxararsan. Yəqini təvəkkülə qarışdırıb yoğuran, onları vəhdət halına gətirən kəs kərəm əlilə “Ruzu yalnız Tanrıdan”dır yazar. Yəqin əhli daşdan yumşaq hər nə var nuş edər. Daha quyruqda gənə kimi qan sormaz. Tanrı yolu ilə getsən, nə qəm yeyərsən, nə də qüssə çəkərsən. Yavanlığın, ruzun heç vaxt evindən əskilməyəcək. Tanrı qapısında ol ki, o hər kəsdən uludur. Ruzunu yalnız Tanrıdan istə, ruzunu verən ancaq odur! Tanrının qapısından kim içəri girdisə, inan ki, səbəbsiz yerə o, əliboş qayıtmadı. Yəqin əhli misilsiz dərəcədə kamildirlər. Biz isə onların əksi olaraq naşıyıq. Biz onların ayağı timsalındayıq. Onlar bizim başımızdır. Səccadənin8 ucunu təmiz suya salsalar, o, al-qırmızı şəraba belə bal dadı verər. Sənə bir günlük ömür möhlət verər, israf edirsən. O gün ki bizim surətlərimiz xəlq olundu, elə dərhal da ayrı-ayrı qismətlərimiz ayırd edildi. Sənə o Tanrı süfrəsindən pay göndərilmişdir. O da sənin qismətinə veriləndi ki, süfrənə gətirilir. Hər kəs ki gecə-gündüz dolanmaq üçün əlləşir-vuruşur, o öz qismətindən artıq inan ki, heç nə yeyə bilməz. Əvvəldə söz verdiyin din uğrunda çalış. İşləməklə insanın nə dövləti, nə də ruzusu çoxalmamışdır. Əgər istəyirsənsə, hamıdan əziz insan olasan, onda gərək çalışasan. Sənin arzunu gerçəkləşdirmək yalnız Tanrının əlindədir.

Nizami çox əlləşdi, sonda nə qazandı? Soyuq ah-amandan başqa heç bir şey! Nə etdisə, isti, nəfəsli Allah ona yol açdı.

FİRİDUN ŞAHIN CEYRAN OVU HEKAYƏTİ

Firidun şah səhər-səhər bir neçə həmdəmilə sarayı tərk edib seyrə çıxdı. Ovçu duyğusu onu bir çəmənə gətirdi. O, burada bir ceyran balası gördü. Ceyran balasının qulaqları, gərdəni (bədəni) o qədər zərif idi ki, gözləri, ayaqları sanki adamdan mərhəmət umurdu.

Şah ceyran balasına heyran-heyran baxdı. Bu dəm ceyran balası sıçrayaraq bircə göz qırpımında ovçudan uzaqlaşdı.

Ov ovçunu ovladı. Şahın ürəyi ceyranla bir uçdu. Onun bütün marağı, eşqi ovun ardınca getdi. Ovçunun yanan ürəyi kimi atı Rəxşi də od-alov aldı.

Şahın əlindəki kaman ahunun göbəyi kimi yumşaldı. Ceyranın tozuna nə at çatır, nə də onu ox tutur. Rəxşin şimşək sürətli ox sürəti bəs hanı?

Ox da, at da yorulmuşdu. Heç biri kara gəlmirdi; ot yeyən bir heyvanın önündə məğlub olmuşdu.

– Ey şah, məgər belə idisə, – deyə kaman dil açıb söylədi, – bəs sənin qarşında dilsiz-ağızsız heyvan deyildimi? Bu ceyran balası sənin nəzərinin himayəsində irəliləyir. Kimin cürəti çatar ki, sənin diqqətinə, zirehinə tərəf ox tuşlasın?!

Sən çalğıçısan, şahım, məgər razı olarsanmı ki, sənin ceyranını ovlasınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların əlləri ilə döyəclənsin?!

Ey şahım, dağları, ucaları həmişə ara, axtar. Sən də ucaların qərar tutduğu dağdan yüksəkdə durarsan. Hər nə yaxşılıq duysanız, insanlıq sifətidir. Kişiyə yalnız şərəf gətirən əməllər onun xidmətidir. Hünəri olan məğrur insan qoy desin ki, ilkin yaranışdakı əhdə sadiq olmaqdan ülvi nə var? Vəfa əlini hər an əhdin kəmərinə qoy ki, heç vaxt verdiyin sözü pozmayasan.

Keşik çəkən ilanın xəzinədə gözü yoxdur. Çünki o, başdan-ayağa xidmət kəməridir. Xidmət edən kəhkəşan kainatın tacıdır. Binadan-başdan hər şey xidmət kəməri bağlamışdır. Hünər yolunu tutan dilavərlər, qoçaqlar bellərinə öz əliylə xidmət kəməri bağlayar. Mum işıq qaynağıdır. Bal da şanının zinətidir. O, bu dövləti arıya xidmətlə qazanmışdır.

Qalx, ey Nizami, sən ki xidmət yolunda kəmərini bağladın, yüksəl, qol-qanadın açıqdır.

MEYVƏSATANLA TÜLKÜNÜN VƏ CİBKƏSƏNİN HEKAYƏTİ

Yəməndə dükançı bir meyvəsatan yaşayardı. Onun dükanını bir tülkü balası qoruyardı. Bu tülkü balası təlim-tərbiyə görmüş gözətçiydi. O, sahibinin malını ayıq-sayıq və diqqətlə qoruyurdu.

Cibkəsən dükanı soyub-talamaq üçün yüz cür oyun çıxardı, fənd işlətdi. Ancaq bu, bala tülküyə əsla təsir etmədi. Nə etdisə də, bala tülkünü aldada bilmədi. Onda cibkəsən növbəti hiyləyə əl atdı. Bir kənara çəkilib gözlərini yumdu. Özünü yatmış kimi göstərdi. Guya o, şəkər, bal kimi çoxdan şirin yuxudadır.

Tülkü qoca qurdu yatmış bilib yumşaldı. O da başını yerə qoyub yuxuya getdi. Cibkəsən tülkünü yatmış görüb, fürsətdən istifadə edərək pul kisəsini oğurladı. Sonra oradan uzaqlaşaraq gözdən itdi.

Keşikdə duranların yatmağı qorxuludur. Ya onların başı əldən gedər, ya da başındakı papaq.

Nizami, dünya yatacaq yer deyil, oyan! Hər şeyi tərk etməyin məqamı çoxdan çatıb!

TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ

Bir gün məscid əhli şeytana uydu. O, məsciddən üz çevirdi. Meyxana onu qoynuna aldı. Mey dilinə dəyən kimi meytək nalə çəkərək dedi:

– Zavallı canım, özgə nə çarən qaldı? Nəfs ilə həvəs quşu könlümdə dən axtardı. Heyhat onlar təsbeh dənələrindən tələ qurdular. Kəbə mənim əlimdən çıxdı, artıq o mənə yaddır. Ev-eşiyim dəyişərək dönüb xərabət oldu. Qara taleyim məni gör kimlərə tay etdi?! Dilənçiliyi öyrətdi, mənim imanımı zay etdi. Əqlin gözləri məndən niqab örtərək yaşındı. Xərabatın özü də mənim əlimdən xarab oldu.

Ah, bu dünya darlığından qurtula bilsəydim! Bir silə bilsəydim, ətəyimdən ləkəni. Bu qəzadan deyilmi? Bu “Lat” hara, mən hara? Viran qalmış xarabaxana hara, mübarək məscid hara?

Bir gənc pərdə dalından zahidi dinləyirdi təmiz və pak nəfəsindən od saçaraq söylədi:

– Bu qəzadan sənə nə? Sənintək yüz min gəda fələyin nəzərində bir arpaya da dəyməz. Sən tövbə qapısına gəl, öz günahını təmizlə! Üzr istəyib tövbə qılsan, sənin günahından keçərlər. Yoxsa bir zaman ora qolu bağlı gedərsən. Artıq çöldə ot otladığın, yatdığın yetər. Fələklərin yaşıl bağçasına bir az da çıx. Səni göy ayıltmasa, sakit guşəyə çəkil. O dünyaya köçməyə bir azca azuqə yığ. Axı qanlı yaşlar tökməyin nə mənası var? Sağlığında yatanlar çoxdan gəbərib gedib. Səni yuxuda sərsəm görən “Şəfəq sahibi” niqabını endirərək gözündən yayınacaq.

Ey Nizami, fələk köçü yüklədi, yerindən qalx, oyan! Sənin bu gecəyarı ayağını bağlayan kimdir?

İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ

İsa peyğəmbərin dünyalara yol açan ayaqları bir gün balaca bir bazara gəlib çıxmışdı. O, yol üstündə canavar kimi nəhəng bir çoban itini uzanmış halda gördü. Köpək nəfəssiz və cansız idi. İtin dörd yanını bürümüş qatar-qatar adamlar onun başına leş yeyən quzğun kimi toplaşmışdılar. Biri dedi:

– Bu cəmdəyin iyi beynimizi çatladacaq. Yanan çırağın küləkdən uzaq olması gərəkdir.

Başqa birisi leşlə bağlı belə fikir söylədi:

– Bu murdarı rədd edin ki, görünməsin. Yoxsa gözümüzü kor edər, könlümüzü bulandıra bilər. “Tfu!”, “Cəsəd!”, “Əlhəzər!” – deyərək hərə bir hava çaldı. Onlar zavallı, miskin leşə min bir cəfa verdilər.

Növbə İsaya çatanda o, eyibdən vaz keçdi. O, fikirləşərək itin üstün cəhətini seçdi və dedi:

– İtin naxışları, xalları, məncə, bir aləmdi. Parlaq və saf dişlərinə nə dürr çata bilər, nə də inci. Dənizdən qorxu ilə, ümidlə dürr tapan var. Dürrün sədəfini yandırıb tozu ilə diş ağardarlar. Tək özünün hüsnünü və özgələrin eyiblərini görmə. Öncə öz nöqsanını görə bilən göz gərəkdir. “Aynanı əlinə al”, ya “Alma” demirəm. Özünə heyran olma, öz eybini görə bil. Bahar kimi özünü bəzəmək nəyə lazımdır?! Zamanın bahar gülütək səni soldurmağından çəkin. Eybini örtən geyim zərif toxunduğundan tanrı doqquz pərdə göydən yerə endirmişdir.

– Ey gözü dar, bu göy zənginliyinin içində sənin boynuna həlqə olmayan nə var? İt deyilsən ki, Sürəyya xaltasını boynuna taxasan? Eşşək deyilsən ki, yük daşıyan İsanın yükünü çəkəsən?

– Fələk nədir?

– Atılmış, tərk edilmiş dul qarı.

– Cahan nədir?

– Saralmış bağların solğun barı.

Hər köhnəni, təzəni bircə-bircə yada sal. Bu dünyada nə varsa, bir arpaya da dəyməz.

Xacə, dünya qəmini yemə, oyunu tərk et. Qüssə çək, sən Nizaminin payını yerə qoy.

NƏZƏR SAHİBİ BİR MÖBİDİN DASTANI

Hindistanda yaşayan ağsaçlı qoca möbid yol keçəndə bir bostan və gülüstan gördü. Həmin guşənin ortasında naxışlı imarətlər və qəsrlər ucaldılmışdı. Bu əzəmətli tikilinin qucağında çiçəklər əsim-əsim əsər, rahiyəsi, qoxusu ətrafı bihuş edərdi. Sanki fələk kimi qan tökən qönçələrin beli bağlı idi. Ömrü az olan lalənin başından ağlı çıxmışdı. Süsənlər, lalələr çəmənin fəvvarəsi kimi baş qaldırmışdı. Qənd, şəkər piyaləsi olan incə boylu qamışlar xüsusi gözəllik yaradırdı. Güllər yaralı oxuyla qalxana bənzəyirdi. Başını əyən salxım söyüdlər canının qorxusundan tir-tir əsirdi. Bənövşənin saçları öz boynuna ip kimi olmuşdu. Nərgizin ətəkləri sanki gümüş pulla dolmuşdu. Güllər qucaq-qucağa, nəfəs-nəfəsə olan belə yaqutla, incilərlə süslü idi. Ancaq yazıq lalə haradan biləydi ki, cəmi bircə günlük ömrü var. O, sabah başına gələcək aqibətdən xəbərsiz olaraq bu gün bəxtiyar görünürdü.

Ağsaçlı möbid gülzarı seyrə çıxdı. Bir aydan sonra onun yolu burdan düşdü. Burada nə güldən, nə də bülbüldən əsər-əlamət yox idi. Bu yer qarğa qarıldayan, sağsağan gəzən bir məskənə çevrilmişdi. Vaxtilə cənnət olan bu yer indi cəhənnəmi xatırladırdı. Qəsrin qeysəri yəhudi məbədinə köçmüşdü. Yaxşılıq və gözəllik elə bil buxarlanıb yox olmuşdu. Gül kollarının yerində tikan kolları qalmışdı. Qoca xəzana dönmüş bağçada ayaq saxladı. O, vaxtilə hər şeyə gülürdüsə, indi öz bəxtinə ağlamağı gəldi. O dedi:

– Bu dünyada heç nəyin vəfası yox imiş. Dünyanın vəfasından cəfası çoxdur. Bu torpaqdan və sudan nə ki baş qaldırır, axırda o, köklü-köməcli viranə qalır. Xarabalığa çevrilmiş bu diyardan yaxşı bir yerimiz yoxdur. Hamının məhv və xarab olmaqdan başqa bir əlac və tədbiri yoxdur.

Rahib haqqın buyurduğu yola üz tutdu. Ona görə hamı Tanrını, həm də özünü tanımağa başladı. Bundan sonra qoca Tanrının bütün sirli gövhərlərinin sərrafı9 oldu. O, ömrü boyu bir gövhərşünas olaraq qaldı.

Sən ey məcusilikdən, müsəlmanlıqdan bixəbər qafil, sən qurumuş budağa bənzəyirsən. Sənin bir damcı, bəhərin də yoxdur. O hindli qocadan geri qalma, onunla ayaqlaş! Hindli qoca kimi bu cahanı tərk elə, onun etibarına, əbədiliyinə bel bağlama! Heç vaxt bu heçliyə inanma! Ona heyran olub vurulma!

Sən gül kimi, daim məstsən. Bu məstlikdən əl çəkmək vaxtıdır. Papaqla, kəmərlə çox əylənməyin nə faydası var?

Ayağa qalx, gülün kəmərini əlindən burax. Güllər sənin qanınla özlərinə kəmər bağlayıblar. Sənə papağınla, kəmərin bəla kəsilib. Onları eşqin meyxanəsinə girov qoy! Papaq səni ucaldar. Sənin könlünə xacə qılar. Kəmər isə səni qul kimi bir gil parçasına, torpağa qul eyləyər.

İnsan ağalıq, qulluq qəmindən azad olmağa çalışmalıdır. Onda bu nizamdan Nizami kimi, bəlkə, azad ola bildin.

ÇƏKİŞƏN İKİ FİLOSOFUN SÖHBƏTİ

Aradan söz keçdi, od keçdi, alov keçdi bilinmədi; bir mülkə ortaq iki həkim-filosof arasında çəkişmə düşdü.

Onlardan hər biri öz nəfsini güdərək aşkar dedi:

– Bir sarayın sahibi yalnız bir sultan ola bilər. Əgər haqq ikiləşərsə, onu heç kəs dinləməz. İki Cəmşid necə bir məclisin başçısı ola bilər? Dünyada iki qılıncı bir qında saxlayan varmı?

Hər iki filosofun qəzəbi ləngər vurdu. Hər biri çalışdı ki, imarətin sahibi özü olsun. Qızmış çəkişmələri nifrətə çevrilənə qədər onlar qərara gəldilər ki, evləri boşaltsınlar. Bu minvalla onlar bacaları suvayaraq gecə yola düşdülər. Ancaq bu işdən vaz keçərək başqa bir fəndi seçdilər. Belə bir qərara gəldilər. Elmdə, bacarıqda görək kim kimi ötür? Görək kimin şərbətindəki zəhər daha güclüdür?

Kimin ağlı üstün gələrsə, bina da qoy ona qalsın. İki bədəndəki ruh da bir cana qovuşsun.

Birinci iddiaçı yaxşı-yaxşı düşünüb bir ağu10 düzəltdi ki, daşa dəysə, daşı yandırar. O, rəqibinə onu zəhər deyil, qəlbə qanadlar verən mey, nazlı nemət kimi uzatdı.

Aslan ürəkli mərdin əlləri titrəmədi. Qənddir, baldır deyə alıb zəhəri içdi. Əvvəlcə Novruzotu bitkisindən hazırlanmış məlhəmi içdiyi üçün zəhər dəyəcək yeri tiryəklə zərərsizləşdirmişdi. Yenidən qanadlanaraq pərvanə kimi yandı. O, yol üstündəki bağçadan bir qızılgül qopardaraq dərhal ona əfsun oxuyub düşməninə uzatdı. Gülü ona görə verdi ki, düşməni asan yolla ölsün. Bu gül, əlbəttə, zəhərdən daha kəsərli idi.

Düşmən əfsunlu gülü əlinə alan kimi qorxudan dizi əsdi, bağrı yarılaraq yerə çökdü, titrəyərək canını tapşırdı. Biri çarə taparaq canını ağudan qurtardı. Biri isə bir gülü iyləməklə dünyadan getdi.

Sən demə, dünya bağında hər gül güllərin ən gözəli və rahiyyəlisidir. Bu güllərin hər biri insan ürəyindən sızan bir qan damlasıdır.

Ey müdrik insan, zəmanə bağının baharı sənsən. Zəmanə bir qəm mülküdür, onun naxışı sənsən. Aləmin yuxu, xəyal büsatından uzaqlaş. Onun pisindən, yaxşısından uzaq dayan. Çərxi-fələyin şəfəq, işıq payında gözün qalmasın.

Fələk gəncliyinə dağ çəkib hara gəldi sürüklər. Şad günlərini dərdli, qəmli günlərinlə əvəzləyər. İnan ki, bir gün könlünü işıqlandıra bilsən, ağ günü, səadəti geri qaytarmaq mümkündür.

Ümid gülabı kimi təmiz göz yaşları tök ki, bu qara-ağ lövhəni11, etdiyin günahları təmizləyə biləsən. Bu dünyada hər işini ölçüb-biçsən, bil ki, məhşər tərəzisində qazancın artıq gələr. O din ki, səhər-axşam qoluna qüvvət verir, o da sənin tərəzinin əyarını düzəldər.

Qəlbi azad olan, düşüncəli, hünərli bir kəs dünya qəmini çəkməz, ancaq din qəmini çəkər.

Əgər istəyirsənsə, bu aləm sənin məskənin olsun, onda dini Nizamiyə ver! Dünya da qoy sənin olsun!

XAİN SOFU İLƏ HACININ DASTANI

Kəbə ziyarətinə səfər etməyə hazırlaşan, bir xacə ora getməyin qaydalarına, şərtlərinə bələd oldu. Onun ehtiyacından bir az artıq qızılı var idi. Bu halal dinarını kisəsində saxlayardı. O bir gün düşündü ki, filan sofu dünyadan əl çəkib. Belə tanrı bəndəsi olan düz adam indi azdır. Sofunun ürəyinə damdı ki, dəyanət ancaq onda ola bilər. Qoy artıq zəri ona verim, o əmanətə xəyanət etməz. O, Sofuya bu niyyətlə bir gecə baş çəkdi. Ona gizlincə əmanət kisəsini verdi. Dönə-dönə bu sirri yaxşı saxlamağı tapşırdı. Ziyarətdən dönəndə kisəni geri alacağını bildirdi.

Xacə yolun ağına düşərək səfərə çıxdı. Şeyx isə soyuq qızılı yanan ürəyinin başına qoydu. Neçə illər idi ki, şeyxin ürəyi bu qızılın sapsarı şöləsindən titrəyirdi. O, işlərini bu qızıllarla səhmana salacağını düşündü. Əlindəki xəzinənin bu işdə bir yardımçı olacağına əmin oldu. Tanrının gec də olsa, ona verdiyi bu nemətdən tez faydalanmaq, fürsəti əldən verməmək qərarına gəldi. Sofu kisəni boğazından asdı. Neçə gecə kef çəkərək şadlığından göylərdə uçdu. Qızıl dolu kisəni o yaxasına keçirdi və qızıla müraciətlə dedi:

– Qoy səni həmişə göbəyimin üstündə görüm.

Sofu yeriyərkən boynundakı qızıl pullar cingildəyirdi. Pulların səsindən o xumar olurdu. Qızılın sayəsində gözəllərin saçları sofunun boynunda var olurdu. Şeyxin dərviş xirqəsi parçalandıqca zövqün, həyat eşqinin yerini günah və qəm düşüncəsi tutdu. Sofu əlinə düşən ovu elə yedi ki, onun çırağı bir gilə yağın möhtacı oldu.

Hacı Kəbə evindən geri döndü. Türk kimi hindlisinin qarşısında dayanaraq dedi:

– Ey zahid! Sənə verdiklərimi gətir.

Zahid cavab verdi:

– Nəyi?

Hacı söylədi:

– Qızılı!

Sofu işarə elədi ki, bir qədər lütf eləyib susmaq lazımdır. Kim axı xaraba kənddən xərac ala bilər? Sənin sağlığına verdiyin qızılı bazarda xərclədim. Mən indi müflis olmuşam, mən hara, dinar kisəsi hara?

Türk talan elədisə, kim onun önündə dayana bilər? Evini, qızılını hansı bəndə hindli qula tapşırar? Mənim belimi sənin qızılların qırdı. Dözə bilməyib onların hamısı yeməyə, içməyə xərclədim. Qul haqqın boynumdadır.

Sofu ona etibar olunan malı min bir sevinc içində yemişdi. İndi isə min bir göz yaşı töküb üzr istəyirdi:

– Məni bağışla, lütf qıl, kərəm və mərhəmət göstər. Əməlimdən yaman peşman olmuşam. Əvvəl kafər idim, dönüb indi bir müsəlman olmuşam. Dünya min fəsadla doludur. Bir fəsad da yarandı. Bu qüsur təkcə mənimdirmi?

Hacının qəlbindəki mərhəmət bir qiyamət qopartdı. Önündə ayaq üstə durmuş dərvişi əfv etdi. Tanrının verdikləri var-dövlət Tanrıya çatdı. Zəhməti həmişə zərgər çəkir, zəri isə müştəri qaparaq aparır. Hacı özünə təsəlli verdi. Sonra öz-özünə dedi: “Bizim var-dövlət sarıdan təsəllimiz var. Dərvişin isə heç nəyi yoxdur. Heçdən nə almaq mümkündür? Onun bir arpası da yoxdur ki, tutub əlindən alım. Mənim taleyə boyun əyməkdən başqa bir çarəm yoxdur”.

Sofunun boğazından keçən maldan qalan yalnız bir “yox” sözüdür.

Ey şeyx, əfv olunmaq istəyirsənsə, mənə qulaq as. Haramın olanları sənə halal edimmi?

Ey fələk kimi saxtakar şeyx, nəfsinə neştər12 batır. Sən acgözlü, qısaboylu, əli uzun tamahkarsan. Heç bir ürək nəfsdən, tamahdan ayrı deyil! Bu dünyada vəfalı, etibarlı kişinin yoxluğunu yaxşı bil! Saf qızıl olan dini şeytanlara sofular kimi təslim etmə, ulu şahların bilərziyini it saxlayanların əlində xaltaya, midbərə döndərmə!

Dini şeytana versən, cəzanı özün çəkməlisən. Müflisə verilən mal yenidən geri dönməz. Dünya pislik üçün bir məskəndir. Biz axirətin qazancıyıq. Bu yolların gözətçisi qarətçi və quldurbaşıdır. Burada müflis zəngindən yaxşıdır, yoxsul isə varlıdan. Bu fələyin tilsimi müflislərə toxunmur. O, yalnız varlıların, möhtəşəm zənginlərin qafiləsini qırır. Mənim könlüm bu vəfasız dünyadan bir az xəbərdardır. Arını məhv edən onun öz şəhdi və balıdır. Dünyada heç acı aslan ətinə tamah salan varmı? O öləndə də qurd-quş cəsədinə belə toxunmur. Ayaq üstə duran şam xonça da başda gəzməyə layiqdir. Ay bədirlənmək istəsə, incəlib əksilər. Külək həmişə torpaqla qurd kimi dostluq eləyir. Onun özü yüngüldür, əlləri isə həmişə boşdur. Bundan heç nə də itirməyəcək. Göl quşları balıqların bəlasının nə olduğunu yaxşı bilir. Bu, onların aynası kimi onu nişan verir.

Sənin diləklərinin, niyyətlərinin tərəzisi və nizamı olan zər beş rükət namazın fatihəsinə bənzəyir. Əgər Nizami kimi pak ola bilməyəksənsə, çətin ki bu arzu yollarında kama çatarsan.

ZALIM PADŞAHLA DÜZ DANIŞAN KİŞİNİN DASTANI

Höcətdə, mübahisədə Həccacı mat qoyan, ürəkləri sındıran bir zülmkar şah vardı. Hər səhər onun sarayında gündüzdən gecəyə kimi hər pıçıltını, hər xəbəri çatdıran aytək, güntək itigöz bir xəfiyyəsi vardı. Gizli işləri, şübhəli məsələləri o, ustalıqla açmağı bacarırdı. O, gəlib şahın önündə qüssələnərək baş əyib dedi:

– Bir qoca gizli bir yerdə sənin dalınca çox deyindi. Səni zalım, qaniçən adlandırdı.

Hökmdar casusun xəbərindən qeyzə gəldi. Fikrində qocanı məhv etməyə qərar verdi. O, çölə palaz sərdirərək üstünə qum tökdürdü. Belə vəziyyətdə divlər də divanə tacidardan qaçardı.

Bu vaxt yel sürətli bir cavan çaparaq qocanı tapdı. Qocaya dedi:

– Şah səni xain bilir. Amandı oyan, ehtiyatlı ol! O şeytan səsli, məkrli zalım səni çağırmamış, özün onun yanına get. Şahı yola gətir, inandırmağa çalış. Öz dərdinə bir əlac et!

Qoca dəstəmaz alaraq kəfənini əyninə geydi. Şahın önünə gəlib ədəblə salam verdi.

Qara niyyətli şah qızmış halda yumruğunu sıxdı. Arxasında dayanan qocaya kinlə baxaraq dedi:

– Qoca, eşitmişəm dalımca danışmısan. Məni qəddar, yelbeyin adlandırmısan. Bilirsən, mən Süleyman mülkünün sultanıyam? Mənə hansı cürətlə “zalım”, “div” deyirsən?

İxtiyar qoca cavab verdi:

– Mənim ağlım başımdadır. Nə dediyimi yaxşı bilirəm. Mən sənin dediklərindən beş qat artığını demişəm. Qocalar da, gənclər də sənin əlindən qan ağlayır. Bütün ölkə kəndbəkənd, şəhərbəşəhər sənin əməlindən dad çəkir. Mən sənin eyiblərini bircə-bircə sayanam. Bir ayna kimi sənin yaxşını, yamanını göstərirəm. Ayna səni özünə necə varsan eləcə də göstərirsə, onda özünü qır, günah səndədir. Sənə güzgünü qırmaq yaraşmaz. Ağıl deyəni dinlə, mənim sözlərimi götür-qoy et. Əgər düz demirəmsə, əmr et, məni dara çəksinlər.

Qoca öz sözünü şahın üzünə şax və mərdanə söylədi. Onun düz sözü məğrur şaha bir az da təsir elədi.

Hökmdarı işin yaxşı, yaman tərəfi yumşaltdı. Qocanın haqlı, özünün haqsız olduğunu müəyyən edən hökmdar belə bir hökm verdi:

– Qocanın əynindən kəfəni çıxarıb ona xələt geydirin. Bu ədalətli qocanın başına ətir səpin.

Şah o gündən istibdaddan, zülmdən əl çəkdi. O, xalqını əziz tutaraq dərdindən hali oldu.

Şahın dürüst işini və qərarını heç kəs inkar etmədi. Axı doğruluğu danmağa kim cəsarət edə bilər?

Hər acıdan, ağrıdan ancaq düzlüklə qurtarmaq olar. Qoy düzlük və ədalət sənin məramın olsun. Çaldığın hər zəfər tanrıdan gəlsin.

Halva da olsa, haqq söz haqsız üçün acıdır. Haqq acıdırsa, fəqət hamı həqiqətin möhtacıdır.

Kim ki sözü yerli-yerində, mətləbi isə düz söyləyirsə, həqiqətin hamisi Tanrı da onun əlindən tutar.

Nizaminin ki qəlbi, xilqəti düzlükdür. Onun, inşallah, hər işi, mətləbi başa çatar.

GƏNC ŞAHZADƏ VƏ ONUN QOCA DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ

Uzaq Şərq ölkəsində mən bir dastan eşitdim. Orada sərvlərtək azadə bir şahzadənin yaşamasından bəhs edilirdi. Bu diyar varlıların zülmündən əzab-əziyyət və iztirab çəkirdi. Buna görə bu ölkə külək kimi üsyankar, həyəcanlı və qərarsız idi.

Şahlıq taxtına gələn şah yeni ruhlu bir hökmdar idi. Ondan əvvəlkilər isə ehkamlara, köhnə, vaxtı keçmiş adətlərə aludə olan taxt-tac sahibləri kimi xatırlanırdı. Qurulan fitnə-fellərdən şah özü də qorxardı.

Şah bir gecə dərin yuxuya getmişdi. Birdən yuxuda səksəkəli halda bir qoca ona dedi:

– Ey cavan! Sən təzə doğmuş Aysan. Sən çalış köhnə bürcü qır, dağıt. Yeni açılan bir gülsən. Köhnə, qurumuş budağı sındırmağa can at!

Yerini əlində saxlamaq üçün köhnəni məhv et! Onda həyatın da özüntək işıqlı və gözəl olar.

Şahzadə oyanan kimi yeni bir fərman verdi. Özünün əksinə gedən iki-üç nəfəri aradan götürtdü.

Yeniyə imkanlar açdı. Köhnənin üstündən xətt çəkdi. Yeni şah ölkəyə təzə bir ruh gətirdi. Fitnə-fəsada qurşananların başının kəsilməsi qərarı verildi. Andı pozan ordunun ləğvi gündəmə gəldi.

Qurumuş, qartımış kötüklərin boynu vurulmalıdır ki, onun yerində gülşənləri sərvlər bəzəsin.

Təzə bulaqlar, arxlar öz mənbəyinə bağlanmasa, çinarın qol-budağı tufanlara sinə gərə bilərmi?

Bulaqların gözünü açmaq, arıtmaq lazımdır ki, bağrı susuzluqdan cadar-cadar olmuş torpağın üzü-gözü gülsün. Özünü dərk edənin könlünə diktə edən bir vaiz var. O, ən gözəl öyüd və nəsihətləri insanın qulağına pıçıldayır.

Ağlını işlət, qılınc qında qalan kimi onu bir kənara atma.

Gənclik bir ağıl və zəka qılıncıdır. O, insana pak və ülvi bir həmnəfəsdir. Cavanlıq köhnə mücrüdə saxlanan bir əşya deyil ki!

Varını-dövlətini bəxşiş verməyə çalış. Kiməsə sovqat yolla, ehtiyacı olana pay göndər ki, buna görə sənə səxavət və kərəm əhli deyə bilsinlər.

Var-dövlət sahibləri varın vasitəsilə öz arzu-muradlarına çatmışlar.

Yalnız səxavət toxumu bol bəhrə və bərəkət verir. Qiyamət günü də vaxtilə verdiyin ruzi, göstərdiyin səxavət sənə yardımçı olar. Ya rəb, öz ehsan xəzinəndən mənə pay göndər. Nizami sənin qulundur. Sən onun işlərinə fərəc ver.

YARALI UŞAĞIN DASTANI

Şən, qayğısız balaca bir uşaq var idi. Hər şeydən azad olan balaca bir gün yoldaşları ilə küçədə oynayırdı. O, addımlarını atarkən ayağı sürüşdü. Getdiyi yolda elə üzüstə yerə düşdü. Özünün şikəst olduğunu zənn edərək ayağa durub addımlaya bilmədi. Yoldaşları təngnəfəs halda onun yanına yüyürdülər. Dostların bir çoxu pərt olmuşdu. Bəzilərinin fikrə gedərək qaşları çatılmışdı. Onu sevən bir dostu sözünü uda-uda, həyəcanla astaca pıçıldadı:

– Gəlin onu quyuya ataq, qoy qalsın. Amma bu sirr heç vaxt heç kimə bilinməməlidir.

Bu uşaqların içərisində uzaqgörən, sərt xasiyyətli bir uşaq da var idi. O, əvvəllər bu yaralanan uşağa düşmən kimi baxardı. Birdən o, ciddi halda yoldaşlarına üz tutub dedi:

– Bu işi ört-basdır etmək olmaz! Çünki sonra işin səbəbkarı məni bilərlər. Məni özlərinə düşmən hesab edərlər. Büdrəyib yıxılanın günahını mənim boynuma qoyarlar. Bunu heç fikirləşirsinizmi?!

Zirək oğlan qaçaraq yıxılan cocuğun atasına xəbər çatdırdı.

Kimin ki yaranışdan xilqətində hikmət cövhəri var, o, hər şeyə çarə tapır. Onun Allah dərgahında üzü həmişə ağdır.

Mən çərxi-fələyin artığından, əskiyindən əl çəkdim. Buna görə Nizamiyə fələk heç bir əngəl və maneə yaratmadı.

MÜRŞİD İLƏ MÜRİDİN HEKAYƏTİ

Pirlər məmləkətində olan pirlərdən biri yola çıxdı. Onun yanında minlərlə mürid var idi.

Ulu Tanrımız yel də, yol da verib deyə, Mürşid müridlərinə bir yel hədiyyə etdi. Bunun üçün bütün müridlər şeyxə (mürşidə) etirazlarını bildirirdilər. Hamı baş götürüb getdi. Yalnız bir nəfər şeyxlə qaldı. Bu, şeyxin maraq və təəccübünə səbəb oldu. Şeyx sual etdi:

– Bala, hamı çıxıb getdi. Sən burada tək qalmısan. Söylə, məqsədin nədir?

Mürid cavab verdi:

– Ey yeri qəlbimdə əbədi məskən salan şeyx, sənin ayağının tozu mənim başımın tacı olduğuna şübhən olmasın. Mən bura məgər yellə gəlmişəm ki, yellə də gedəm? Məni səndən heç bir od-alov, tufan qopara bilməz. Yel kimi gələnlər yel kimi də gedərlər. Dözümdə, sədaqətdə, əqidədə yolundan sapmayanlar hünər yolunu tutan ərlərdir. Çəkisinə görə toz yüngüldür. Ona görə o, hara gəldi tez qonar, hara gəldi tez uçar. Vüqardan, əzəmətdən doğulan dağlar birdən-birə yaranmır. O, dözümü, səbri ilə ucalır. Pərdə arxasındakı əsl həqiqətləri üzə çıxarmaq zamanın vərdişidir. Kişilərin işi ağır yük daşımaqdır. İnsan eşşək deyil. O, kürəyində yük daşımaqdan əl çəkməlidir. O, bu mətləbdən agah olsa, zahidlik yükünü daşıyar. İnsanın zahidlik məramı düz xətt kimi əyilməz olmalıdır. İnsan bu kamillik səviyyəsinə qalxsa, ona heç bir xəta-bəla dəyməz. Hamı yasa batsa da, o yasa batmaz.

Sülh, əmin-amanlıq məqsədi güdən zər yelkənli bayrağın altında olduğu üçün Nizaminin zahidliyi həmişə səfa gətirir.

SİRR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI

Cəmşid şahın çox güvəndiyi yaxın bir həmdəmi var idi. O, gündən nur alan Ay kimi şahdan işıq alırdı. Oğlan şaha mehriban münasibət bəsləyirdi. Şah da ona məftun kəsilmişdi. Şah bütün saray əhlindən bu cavanı üstün tuturdu. Ona öz xəlvət işlərindən söz açardı. Etibarda hamıdan artıq olan bir sirr belə bu gəncdən gizli saxlanılmazdı.

Bir gün gənc oğlan şaha yaxın olsa da, ondan uzaqlaşmaq istədi. Onun şahdan uzaq düşməyi yayından çıxan oxa bənzədi. Dəliqanlı gəncin ürəyi sirlə dolu idi. Ancaq o, bu barədə heç kəsə bir söz deyə bilmirdi.

Qonşu ağbirçək qarı bir gün gəlib gördü ki, cavan oğlanın laləyə bənzər yanaqlarından əsər-əlamət yoxdur. Dəliqanlı gəncin sifəti qoca qarının sifətindən artıq solub-saralmış, bənizindən də miskin bir görkəmdə idi. Qarı onun əhvalını görüb dilə gəldi:

– Ey sərv boylum, elə bil xəzan kimi solmusan. Sən ki şah irmağında su içən, bəslənən fidan idin. Sənin ki qismətin sarayda zövqü-səfa çəkmək idi. Bəs necə oldu ki, belə bir sıxıntı səni yaxaladı? Çöhrəndəki bu solğunluq nədir? Kədər və qəm çəkmək qocaların aqibətidir. Belə bir hal heç cavanlara yaraşarmı? Lalə rənginə çalan yanağın nə üçün reyhana dönüb? Sən dünyada şahlıq edən bir şəxsin üzdə-gözdə olanısan. Gərəkdir ki, sənin üz-gözün şahın üz-gözü kimi şölə saçsın. Şahı görməklə adamlar gülər, şadlanar. Kim ki şaha yaxındır, ona məhrəmdir, o, hamıdan şad və bəxtiyar olar. Dəliqanlı gənc söylədi:

– Ay nənə, xəbərin yoxdur ki, mənim sinəmdə sirlə dolu bir xəzinə yatır. Mən səbrimin ucbatından od tutub külə döndüm. Səbrim məni saraldıb bu vəziyyətə saldı.

Şahın calalı kimi könül aləmi də böyükdür. O gövhəri əmanət verənlər kimi sirrini də mənə əmanət vermişdi. Ancaq şahın verdiyi sirlərdən sinəm alışıb yanır. Onun heç birini heç bir kəsə açıb söyləyə bilmərəm. Sirlər ürəyimdə o qədərdir ki, açıb kiməsə deməsəm, o, ürəyimi partladacaq. Bunun çarəsi nədir? Dilimi dişlərimləmi doğrayım? Bircə gülüşümü də sizə ehtiyatlanıram. Elə bilirəm ki, bu gülüşümlə sirrin quşu ağzımdan uçub gedər. Bu gülüşümlə caynağından xilas olmasam, qəlbim qana dönəcək, ömrüm zindana çevriləcək. Hiss edirəm ki, dözməsəm, sirr saxlamağı bacarmasam, həmin gün başım bədənimdən ayrılacaq.

Qarı dedi:

– Çəkin, bunları heç kəsə açma. Öz sirrinin sirdaşı olduğunu bir düşün. Heç bir kəsə güvənib sirrini açma. Hətta kölgədən də ehtiyatlı ol! Onu da özünə yaxın bilmə. Özünə rəva bilirsənmi ki, qılınc ilə al-qanına boyanasan. Ondansa, qızıl kimi saralıb-solmağın yaxşıdır. Eşitmişəm ki, hər gecə baş dilə yalvararaq deyir:

– Çəkin! Sirrini heç kəsə açma! Əgər baş saxlamaq istəyirsənsə, boşboğazlıqdan çəkin. Bütün aləmə gündüz kimi sirrini açma. Dilini saxlayanların nə işi dolaşır, nə də çaşqın vəziyyətə düşürlər. Yersiz hürmək yalnız qudurğan köpəklərin işidir. Kimin dili uzundursa, onun dilini kəsərlər. Dil ağızda gizlənəndə daha gözəldir. Qılınc isə qınında olanda daha möhtəşəm olur. Bu öyüd insanın rahatlığının təminatçısı və rəhmidir. İnsanın başına həmişə dilin ucbatından bəla gəlir. Qanlı ləyəndə başının ah çəkməsini istəmirsənsə, dilini dişinlə kəs! Hər kəsə sirrini açmaqdan daşın! Dilin şəkər olsa belə, dodaqlarını açıb sirrini faş etmə. Bil ki, ağzından çıxan hər sözü kimsə dinləyə və eşidə bilər. Bənövşələr kimi iyini, rayihəni yaymasan, üzülməzsən. Eyibləri görsən də, susmağa, lal olmağa çalış! İndi elə bir vaxtdır ki, gərək çox deyilənləri eşitməzliyə vurasan. Susmaq səni çox bəlalardan xilas edə bilər. Yazarkən də qələminin başını cilovla. Səndən dediyin hər kəlmə üçün hesabat verəcəyini unutma. Axar su kimi pak olmağa çalış! Nə eşitsən, məhəl qoyma. Paklığınla hər şeyi yumağa cəhd göstər. Dünyagörmüş, uzaqgörən kişilər heç vaxt hədlərini aşmazlar. Onlar gecə gördüklərini gündüzlər heç kimə danışmazlar. Ulduzlu göylərə mən heyran qalmışam. Heç vaxt ulduzlar gündüzə gecədən xəbərçilik etməmişlər. Sən bir qədər pərdəli qalmağa çalışmaq istəyirsənsə, gecə gördüyünü, eşitdiyini gündüzlər bir kimsəyə agah etmə. Gecənin sirlərlə dolu ürəyində neçə gizlin xəzinələr var. O, minlərlə işıqlı dürrü qaranlıqda gizlin saxlayır. İldırım kimi odlu ürək sahibləri gördüklərinin yanından saymazyana soruşub keçərlər. Dillə göz yaxın olsa da, gərək onları bir-birindən uzaq tutasan. Həmişə eşqin gizli qalması onu möcüzəyə çevirir. O aşkara çıxanda xarabalıqda bayılaraq öz dəyərini itirir. Sirr düyününü vurarkən din ipliyini seçmək məsləhət bilindi. Həllacın da ipini bu pambıqdan eşib düzəldiblər. Nə qədər ki qönçə açılmayıb bağlıdır, o, rahat və salamatdır. O, açılan kimi qan çanağına dönür. Ağız susmaq səadətinə çatarsa, ağlından keçənləri qəlbinin dililə dilə gətirər. Bu neməti könlünün kasasından yesən, sənə xoş olar. Həm də bu nemət dilinə dəyən kimi atəş kəsilər. Bu gün ən gözəl natiqliyin adı sükutdur. Sükutu üstün tut ki, o səni zəfərə çatdırsın. Könülləri işıqla dolu kəslər sükutu sevərlər. Onlar ağız açmazlar, bəy haqqını onlar özgəsinə bağışlayırlar. Könüllər dünyasında könül sözü lüğətdə gizli saxlanılır. Lüğətdəki bu sözü şərh edən yalnız ürəyin dilidir.

Ey Nizami, sənə qənaət mülkü layiqdir. Çünki dilin hərcayi deyil, əksinə, xəsisdir. Qəlbin isə sonsuz xəzinədir.

HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI

Harun xəlifəlik taxtını ələ almışdı. Buna görə də Abbas oğullarının bayrağı ucalmışdı.

Bir gecə o, yataq otağından çıxaraq dincəlmək məqsədilə hamama sarı gəldi. Saçını taraş etmək istəyən xəlifəni saray bərbəri şirin bir xəyala dalmış halda qarşılayıb dedi:

– Ey xəlifə, razılıq verin, mən sizə kürəkən olum. Ömrümdə bir dəfə də olsa, mən xoşbəxtliyin dadını bilim. Toy-düyünün xəbərini hər yerə xəbər versəz, nə olar? Qızını öz quluna nişanlayanda sizi kim qınayar?

Dəlləyin bu təklifindən xəlifə bərk təsirləndi. Qeyzini, qəzəbini cilovlayıb durdu. Birtəhər susub dözdü və nəhayət dedi:

– Bəlkə, dəlləyi mənim heybətli görkəmim, zəhmim çaşdırıb? Bəlkə, hamamın istisi, hərarəti onun başına vurub? Yəqin, buna görə o ağlını itirərək sayıqlayır. Belə olmasa, o, mənimlə göz-gözə dayana bilməz.

Xəlifə ertəsi gün bərbəri yenə bir az əylədi. Hiss etdi ki, dəllək eynilə öz iddiasından əl çəkmək fikrində deyil. O, bərbəri dəfələrlə sınadı. Gördü ki, bədbəxt usta hələ öz inadından dönməyib.

Bu işi ayırd etməyin artıq vaxtı çatdığını deyən xəlifə vəzirə tədbir görməyi tapşırdı. Xəlifə dəlləyin həyəcanına, təlaşına göz qoyulmasını tapşırdı ki, onun özünə alın yazısı yazmaq fikrinə necə düşdüyünü aydınlaşdırsınlar.

Xəlifə dedi:

– Bu bərbərin mənə kürəkən olmağı heç yaraşarmı? Onun üzündə həya-abır varmı? Yəqin ki, başıma qəzavü-qədər bəla gətirir. Yoxsa mənim gövhərimə daş atılması bir təsadüfdür? Dəlləyin ülgücü əlində, söz ülgücü ağzındadır. İndi mənim başım bu iki qılıncın arasında qalıb. Vəzir dedi:

– Ey şəhriyar, bəlkə, səbəb başqadır. Bəlkə, sənin ayağının altında bir xəzinə var. Sizə məsləhətim budur ki, bu cahil dəliqanlı yanınıza gəldiyi yerdən də yuxarıya keçsin. Əgər etiraz etsə, höcətləşsə, əmr edin, boynu vurulsun. Onda onun durduğu yeri qazaq görək ki, bu əfsun nədir?

Usta bərbər xəlifənin sözünü dinlədi. O özünü yığışdırıb cəld yerini dəyişdi. Ancaq durduğu yerdən ayrılan kimi rəngi qaçdı. Həmişə gur, ötkəm olan səsi batdı. Dəlləyin dili, nitqi dolaşdı. Onun sözündə, üz-gözündə tamam başqa bir əhvalın nişanəsi göründü. Ədəb-ərkan nuru da onun üzündə bərqərar oldu. Sən demə, dəlləyin ayaq basdığı torpaq xəzinəymiş. Onun kimi aynasında özünü görür.

Xəzinədən bir addım geri çəkilən kimi bərbəri yenə öz bərbər külbəsi qarşılayır. Onun ayaq basdığı yeri bellə qazıyıb çapdılar. Orada, doğrudan da, bir xəzinə tapdılar.

Kim ki dünyada xəzinə üstündədir, onun ağzından gövhər saçır. Yerə, göyə hökm edir.

Nizaminin tilsim qıran söz xəzinəsi alovlu qəlbi və büllur kimi saf sinəsidir.

BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI

Bağlar, çöllər və çəmənlər donuna yaraşıq verəndə nəğməkar bülbül qızılquşun yanına gəldi. Bülbül qızılquşa dedi:

– Sən bütün quşlardan qəşəng və yaraşıqlısan. Bəs nə üçün hamının yanında susursan? Bu dünyaya gələndən bəri səsinlə, cəh-cəhinlə hələ heç kəsə bircə nəğmə bəxş etməmisən. Axı sən sultanların əlindəsən. Sənin gündəlik yeməyin bir kəkliyin döşüdür.

Mən isə ancaq ruh aləmindən xəbər verirəm. Cibimdən göz kimi işıqlı incilər çıxardıram. Amma buna rəğmən yediyim ot, ələf, yuvam isə tikanların dibidir, müqayisədə sən məndən daha gözəl oxumalısan.

Qızılquş cavab verdi:

– Sən məni yaxşı dinlə. Mənim sükutumu gör, məndən susmağı öyrən. Dünyanın sirrini mən də bir az bilirəm. Yüz mətləbdən xəbərim olsa da, heç birini demərəm. Zavallı, get! Sən alçaq zəmanəyə vurğunsan. Sən bir iş görmədən yüz yol boşboğazlıq edirsən. Mən isə məna əhliyəm, nədən zövq aldığım Tanrıya bəllidir. Bəli, o, mənə həm kəklik döşü verir, həm də sultan əli. Sən boş danışdığın üçün yeməyin də soxulcandır. Dilin tikanlı olduğu üçün yerin də tikanlıqdır.

Fələk daim işini dinməz-söyləməz görür. Onun çənbərindən, həlqəsindən, dar ağacının ilgəyindən başını hələ bircə nəfər də qurtara bilməyib.

XOSROV VƏ ŞİRİN

XOSROV VƏ ŞİRİN DASTANININ BAŞLANMASI

Kəsra bəxtinə zaval gələn zaman Hörmüz şahlıq taxtına çıxdı. O, tez bir zamanda ədaləti ilə məşhurlaşdı. Adı dildən-dilə dolaşırdı. Nəsli itməsin deyə Allahdan bir oğul istədi. Niyyətinə çatmaq üçün xeyli nəzir verdi, qurbanlar kəsdi. Nəhayət, Allah ona bir oğul lütf elədi. Övlad nə övlad! Sanki bir dəniz incisi, nurlu çıraqların birincisi idi! Bəxti gözəl idi, xoşbəxt doğulmuşdu. Taxt-tac ona gözəl yaraşırdı. Atası onun istedadını görüb adını Xosrov Pərviz qoydu.

Xosrovun gülüşü səhərdən gözəl, görünüşü günəşdən qəşəngdi. Dodağında südə həvəs duyaraq şəkər və südlə bəslədilər. Hər gün şahın yanına gətirib gültək əldən-ələ ötürərdilər.

Bəxti hər il yaşını artırdıqca o gənc başını biliklə doldururdu. Elə ki beş yaşına çatdı, hər kəsə baxıb ibrət götürərdi. Yeddinci ilə ayaq qoyan zaman güllərə müşk saçırdı. Günləri boş keçməsin deyə şah onu bir mürəbbiyəyə tapşırdı.

Bu söhbətdən bir xeyli keçdi. Xosrov hünərdə dillər əzbəri oldu. Sözünün şöhrəti hər yana düşdü. Aqil və huşyar adamlar onun yanında danışmağa ehtiyat edərdilər. Gözü tükü tükdən seçirdi. Doqquz yaşa çatanda artıq oyun oynamağı buraxıb qolunu şir üstə sınadı. On yaşa çatanda otuz yaşlıları heyran qoymağa başladı. Elə ki yaşı on dördü aşdı, onda hər şeyə qarşı maraq oyandı. Dünyada yaxşı-yamanı seçməyi bacardı.

Büzürgümüd adlı bir alim vardı. Yer üzünü qarış-qarış gəzmiş bu alim müdrikliyi ilə göylərə ucalmışdı. Göyün xəzinələri ona açıqdı. Qoynuna “Sirlər evi” desəm, yanılmaram. Xosrov gizlicə ona yaxınlaşıb bilik almaq üçün ağız açdı. Onun təlimindən könlü nurlandı. Ondan bir çox hikmət öyrəndi. İşi hər zaman şahına xidmət etmək idi. Şahın qulluğundan heç zaman əskik olmazdı. Şah onu nəinki dünyadan, hətta öz şirin canından da artıq sevərdi.

Oğlunun ömrü uzun olsun deyə hər şeyə hazır idi. Öncə zülmə yox dedi. Carçıya əmr etdi:

– Carçı, çağır! Bütün aləm eşitsin ki, kim zülm eləsə, cəzasını alacaq. Əgər bir at gedib bir tarlaya girsə, biri bağdan meyvə, gül oğurlasa, birisi naməhrəm qadına baxsa, bir gözəl evinə yad adam buraxsa, ən ağır cəzama düçar olacaq.

Şah ədalətdə qüsursuzdu, ona görə də gözlər daim kədərsiz, könüllər tox, yer üzü isə abad oldu. İnsanlar zülmdən azad oldular.

XOSROVUN ŞİKAR ZAMANI BİR KƏNDLİNİN EVİNƏ GETMƏSİ

Günlərin bir günü Xosrov səhər erkən çölə çıxdı. Könlü çox şən idi. Ovladı, quşladı… çoxlu kəmənd atdı. Uzaqdan çox səfalı bir kənd göründü. Kəndin hər tərəfi çöl, çəmən idi. Xosrov bu çəməndə atından endi. Bir ev istədi. Dedi:

– Bir məclis düzəlsin, kef edək.

Yoldaşları ilə işrətə əyləşib, səhəri əldə piyalə açdılar. Musiqiyə qulaq asdılar.

Atlarından biri gün çıxan zaman göy bir tarlaya girib ot yemişdi. Bir qulam isə gecə gizlicə bağa girib bir qora üzmüşdü.

Gözü götürməyən bir nəfər tələsik sultana xəbər apardı:

– Dünən gecə Xosrov əmri pozaraq şahın əmrinə qarşı çıxmışdı. Atı kəndin varını kor qoyub. Qulu bağın qoralarını dərib. Gecə bir yoxsulun evini tutub. Çəngi hər tərəfə gurultu salıb. Şahzadə yox, başqası etsə idi, şah onun varını alardı. Yüz damar kəsib çoxlu qan alan adam öz damarını kəsəndə əli titrəyər.

Şah buyruğu ilə adamlar xəncər çəkib atın ayağını qələm etdilər. Qulam qora sahibinə qul verildi. Xosrovun taxtı kef çəkdiyi evin sahibinə hədiyyə edildi. Çənginin dırnaqlarını, çəngin tel qatarını qırdılar.

Əvvəllər doğma bir övlada belə ədalətlə cəza verilirdi. İndi o ədalət, o insaf hanı? Hanı o ədalət ki, hökmdar öz övladına belə cəza verməkdən çəkinməyə. İndi yüz yoxsulun qanı tökülsə, nahaq qan tökənə cəza verən varmı?

… Qayıt, Nizami, əfsanəyə qayıt. Nəsihət quşunun səsi çox pis olur. Onu eşitmək hamıya xoş deyil.

HÖRMÜZÜN XOSROVU CƏZALANDIRMASI

Başına gələn cəzanı görcək Xosrov düşüncəyə, fikrə daldı. Anladı ki, tutduğu iş yaramazdır. Atası ona çox haqlı cəza vermişdir. Əli ilə başına vurdu, ah çəkdi. Onu bu günah rahat qoymurdu. Bir neçə qocadan xahiş elədi ki, onu şahın hüzuruna aparsınlar. Bəlkə, şah onun bu üzrünü xoşlayıb günahını bağışlayar.

Ələ qılınc aldı, kəfən geyindi. Yanıqlı şivən aləmə yayıldı. Qocalar qabaqda gedib üzr istəyir, Xosrov isə dalda gedir, yarpaq kimi əsirdi. Taxt önündə durub ağladı, müqəssirlər kimi torpağa düşdü:

– Şahım, bundan artıq məni incitmə, böyüksən, mən kiçik bəndəni bağışla. Azğın övladını yenə əzizlə. Bundan artıq qəzəbinə dözməyə tabım yoxdur. Bu boynum, bu da xəncər. Əgər günahkaramsa, boynumu vur. Hər dərdə dözərəm. Təki sən oğlundan narazı qalma.

Xosrov son dəfə sözünü deyib, yenə yerə sərildi. Onun bu hərəkətini görənlər riqqətə gəlib hönkür-hönkür ağladılar. Hönkürtü səsləri aya yüksəldi. Şah da onlara qoşulub ağladı.

O nazla bəslənmiş azyaşlı uşaq işlərində bax beləcə incə idi. Övladın taleyi ona yar olsa, ata da sevincindən bəxtiyar olar. Övladın sənə nə eləsə, onu öz övladından da görəcək.

Elə ki şah Hörmüz övladını belə zəkalı gördü, bildi ki, onun bu işi Allahdandır. Oğlunun başını öpərək onu oxşadı. Bütün qoşunun fərmanını ona verdi.

XOSROVUN BABASINI YUXUDA GÖRMƏSİ

Xosrov Allaha ibadət etdikdən sonra yatmağa hazırlaşdı. Çox yorğun olduğu üçün tezliklə yuxuya getdi. Xosrov yuxuda babasını gördü. O söyləyirdi:

– Ey nurlu günəşim! Dörd əziz şeyin əlindən çıxdı. Qoy dörd yeni müjdədən xəbər verim. Sənə elə gözəl yar olacaq ki, diyar ondan şirinini görməyib. Şəbdiz adlı yerişi iti və qıvraq olan qara atın olacaq. Əlinə şahanə təxt keçər. Sənə Barbəd adlı çalğıçı hədiyyə edəcəklər. Onun sayəsində məclisində zəhər şərbətə çevriləcək. Bunlar sənin üçün dörd daş əvəzində dörd qızıl, dörd muncuq əvəzində dörd gövhər olacaq.

ŞAPURUN ŞİRİNİ TƏRİFİ VƏ XOSROVUN ONA AŞİQ OLMASI

Xosrovun Şapur adlı rəssam bir dostu vardı. Məğribdən Lahura qədər tamam gəzmişdi.

Bir gün Xosrov Pərvizin önündə baş əyib yeri öpərək dedi:

– Aləm durduqca qarşında baş əysin! Aylar, illər ömründə xoş keçsin! Altı tağ cahanda çox gəzmişəm. Çox şeylər görmüşəm, çox şey sezmişəm. Dərbənd dənizinin bir sahmanında, dağlar yanında bir gözəl ölkə var. Qoşunu İsfahanacan yayılıb. Arrandan Ərmənə qədər onun fərmanına boyun əyirlər. Min bir dik qalası göy dağlardadır. Kim bilir, nə qədər xəzinəsi var?! Mal-qarası bütün dünyanı tutub, sayı quşdan və balıqdan artıqdır.

Hökmdarının əri yoxdur, özü məsud dolanır. Gecəsi, gündüzü xoş keçir. Adı Şəmiradır. Bu gözəl adın mənası böyükdür. Cürətdə kişilərdən geri qalmaz. Böyük olduğundan Məhin Banu adlanır.

Gün keçib yeni bir fəsil gələndə o, özünə yeni bir mənzil qurur. Gül fəslində mənzilini Muğanda, yay zamanı isə Ərmən torpağında qurar. Elə ki yay ötüb payız gəlir, Abxazda ov üçün kəmənd atır. Bərdənin havası çox mötədil olduğu üçün hər il qış fəsli bura gəlir. Dörd fəsli beləcə başa vurur. Vaxtını əbəs yerə keçirməz. Oyuna, şadlığa həvəs göstərir.

Bu zindana bənzər dünyada gözünə çıraq yalnız bir qardaşı qızıdır. O qədər gözəldir ki, sanki bir pəridir. Pəri yox, bir aydır. Başına kəlağayı bağlayan qəhrəman bir qızdır. Gözləri dirilik suyunu xatırladır. Gecəni aytək nurlara qərq edən bu gözəlin boyu gümüş xurma ağacı, saçları isə xurma dərən bir cüt zəncini xatırladır. Dodaqlarının dadı şəkər və xurmadan şirindir. Dişləri incidən daha parlaqdır. Cilalı əqiqtək dodaqları var. Cüt qara saçları burulmuş kəmənddir. Saçının qıvrımı canlar alır. Burnu sanki bir qılıncdır, o da bir almanı tən ortadan bölüb. Ay üzü yüz ipək örtüyü yırtıb, ancaq ayda olan ləkə onun üzündə yoxdur.

… Onu hər kəs yuxusunda görərsə, özü günəştək gözə görünməz. O bayram bəzəyi hilal qaşını başını vermədən kimsə görmədi. Üzü də, qoxusu da nəsrin kimi ətirlidir. Bu şirin dodaqlının adı da Şirindir. Özü isə Məhin Banunun canişinidir.

Ölkədə tanınmış gözəllər onun yanında fərman gözləyirlər. Düz yetmiş nəfər gözəl gecə-gündüz ona xidmət edirlər. Onların da hər biri hüsndə bir can tavanıdır. Onlara bədnəzər toxunmaz deyə üzlərinə əsla niqab örtməzlər.

… Gözəllikdə onları keçən olmaz. Qışı, baharı kefdə keçirirlər. Gücə qalsa, fil dişini, aslan çəngini qopararlar. Bir hücum çəksələr, Məğribdən Məşriqə aləm bir-birinə qarışar. Behişt huriləri şöhrət tapsalar da, onlar huri, bu yerlərsə cənnətdir.

Sərtövləyə bir at bağlanıbdır ki, onun tozuna heç külək də çatmaz. Dördnala qalxsa, xəyaldan tez gedər. Rəngi şəvə kimidir. Şəbdiz adlı bu atı Şirin İshaq kimi çox sevir. Atın ayaqlarında qızıl zənciri var. Bu dünyada nə Şirindən şirin bir insan, nə Şəbdizdən qara bir köhlən gördüm.

Elə ki söz bitdi, Xosrov bu söhbətdən çox narahat oldu. Qəlbi sevda və həyəcanla doldu. Bütün günü elə hey onu düşünməyə başladı.

Xosrov bir neçə günü belə keçirdi. Şapuru xəlvətə çağırıb düşdüyü sevdadan özü söz açdı. Dedi:

– Ey cavanmərd, vəfalı yoldaş! Mənim dadıma yet. Gözəl bir özül qoydun. Ustad kişisənsə, işi sona yetir.

ŞAPURUN ŞİRİNİ AXTARMAQ ÜÇÜN ƏRMƏNƏ GETMƏSİ

Şapur söz bilən idi. Xosrovun nə demək istədiyini anladı. Yeri öpərək dedi:

– Xosrov gərək daim şad olsun.

… Mən qələmlə naxış çəkən zaman Mani “Ərjəng”ini bir anda pozar. Adam başı çəksəm, hərəkət edər. Quş qanadı çəksəm, tez uçub gedər. Qəm yemə, bu işə bir çarə taparam. Bir an da olsun yubanmadan quşdan qanad, ceyrandan ayaq alaram. İnan ki, sevgilin də sənə yetər. Od kimi dəmirdə gizlənmiş olsa, gövhər kimi daşda bəslənmiş olsa, saf gövhəri daşdan, odu dəmirdən çıxarantək onu çıxararam. Səadət yar olsa, onu alar, Xosrovun əlinə salaram. Görsəm, gücüm çatmır, yubanmadan şaha xəbər çatdıraram.

Şapur belə deyib ayağa durdu. Yola çıxmaq üçün hazırlıq başladı. Yolda nə yatdı, nə dincəldi. Bir aya Şirinin yanına gəldi. O gözəllər yayın qızmar çağı yaşıl dağları məskən edərdilər.

Şapur gələn zaman otlar körpə idi. Mavi qayalar güllər içində idi. Orda ilk bahar min rəngə çalırdı. Dağların başındakı zümrüd xalı fikri, xəyalı heyran eləyirdi. Cərrum dağlarından Buğra çölünə qədər hər tərəf bahar gülünə bürünmüşdü.

ŞAPURUN ŞİRİNƏ XOSROVUN ŞƏKLİNİ GÖSTƏRMƏSİ

Gecə düşdü… Şapur çox gəzdiyi üçün yorulmuşdu. Ona görə də köhnə bir kilsədə özünə məskən saldı. Həmin yerin bilici qocalarına yalvardı ki, ona düzgün cavab versinlər. Desinlər görək, o gözəllər sabah hara gələcəklər? Hansı bulaq üstə, gülzara təşrif gətirəcəklər?

Ağıllı qocalar xəbər verdilər ki, o şux pərilər çox da uzaqda olmurlar. Görünən dağın ətəyində yaşıl bir düzən onların məskənidir. Bu yerin ətrafı sıx meşədir.

Elə ki sincab örtüyünə bürünmüş dövran başaq rəngli paltar geyindi – səhər açıldı, Əlbürzün başında günəş göründü, Şapur oyandı. O ürək oynadan gözəllərdən qabaq oyanmış Şapur onlardan əvvəl çəmənə gəldi. Bir kağız alıb üzərində Xosrovun şəklini yaratdı. Sənətkarlıqla yaratdığı həmin şəkli bir ağacdan asdı. Sonra isə bir xəlvətə çəkildi.

Pəri üzlü gözəllər çəmənə toplaşdılar. Gah şümşad, gah gül topladılar. Qönçətək bağlı, tazə-tər gözəllər dost kimi əyləşmişdilər. Könülsüz bir qədəh mey içmədilər, gül-çiçəyə mey çilədilər. Bu yer yadlardan uzaq olduğuna görə sərxoş halda rəqsə başladılar. Biri təzə-tər gülə salam verir, biri bülbülə nəğmə oxuyurdu. Şadlıqdan başqa bir şey bilməyən qəlblərində qüssədən əsər yoxdu. Şirin də o gözəllərin içində Ülkər içində Ayı xatırladırdı.

Birdən gözü Xosrovun şəklinə sataşdı. Gözəllərə dedi:

– Şəkli mənə gətirin, onu çəkəni isə tez axtarıb tapın.

Şəkli gətirdilər. Onu əlinə alıb bir saata qədər lal-dinməz ona baxdı. Qırağa qoymağa ürəyi gəlmirdi. Həya imkan vermirdi ki, şəkli qucaqlasın. Hər an baxanda bihuş olurdu. Qədəhdən bir az sərxoş olan Şirin şəkli görürkən ruhu gedirdi. Gözəllər şəkli gizlətsələr də, yenə tələb edirdi. Qaravaşlar qorxuya düşdülər ki, Şirin bu şəklə bənd olar. Ona görə də şəkli cırıb aradan götürdülər. Şirin şəkli soruşanda cavab verdilər:

– Yəqin, divlər apardı. Bu yer qorxulu yerə bənzəyir. Gedək başqa bir yerdə məclis açaq.

Atları başqa bir çəmənə sürdülər.

Səhər Şapur yenə qızlardan qabaq çəmənliyə gəldi. Xosrovun şəklini çəkib onların məclis quracaqları yerdə asdı. Şirin şəkli görüb çox təəccübləndi. Qızlar yenə də şəkli onun əlindən aldılar, yerlərini dəyişib başqa məclis qurdular.

Ertəsi gün vəziyyət yenidən təkrarlanır. Qızlar yenə də şəkli gizlətdikdə Şirin şəkli tələb edir. Qızlar nə qədər onu sakitləşdirmək istəsələr də, bacarmırlar. Şirin təkidlə şəkildəkinin kim olduğunu bilmək istəyir. Qızlardan birini göndərir ki, bir xəbər öyrənsin.

ŞAPURUN ÖZÜNÜ ŞİRİNƏ GÖSTƏRMƏSİ

Şapur qəflətən xəlvətdən çıxdı. Şirin Şapurun üzündə özünə bir məhrəmlik gördü. Hiss etdi ki, şəkildən onda bir xəbər var. İşarə elədi:

– Çağırın gəlsin, bir az yeyib-içsin, bir az da dincəlsin. Bəlkə, bu şəkildən bir xəbər verdi.

Kənizlər Şapurdan şəkli soruşdular. Şapur cavab verdi ki, bu, ayaqüstü söhbət deyil.

Xidmətçilər Şirinə sarı qaçıb onun söylədiyini xəbər verdilər. Xəbəri eşidən Şirinin damarda qanı qaynadı. Ucaboylu pəri, mələküzlü qız Şapurun yanına gəldi. Qərarsız halda Şapuru səslədi:

– Mənimlə bir müddət həmsöhbət ol.

Bu sözü eşidən hiyləgər Şapur dayanmaq qərarına gəldi, o pəriüzlüyə xeyli tərif söylədi.

Şirin soruşdu:

– Kimsən, nəçisən?

– Yaxşıya, yamana çox rast gəlmişəm, – deyə Şapur cavab verdi, – dünyada nə qədər məna varsa, hamısından xəbərdaram. Məğribdən Məşriqə qədər böyük dünyanı hədər gəzmədim.

Şirin Şapuru cəsarətli görüb soruşdu:

– Bu şəklin mənası nədir?

Şapur cavab verdi:

– İstəyirəm ki, üzün bəd nəzərlərdən uzaq olsun. Bu şəklin isə söhbəti çox uzundur. Mənzil xəlvət olsa, bildiyimin hamısını deyərdim.

Şirin ətrafındakılara əmr etdi, onlar da ulduztək dağılıb getdilər.

Şapur meydanı belə görcək dedi:

– Şəkildə gördüyün bu pak üzlü insan yeddi iqlimə hökmrandır, şahlar şahıdır. Adı Xosrov Pərvizdir. Şahənşahlıq ondan qüvvə alır.

Şirin Şapurun sözünə dərindən fikir verir, şirin sözlərinin dadını duyurdu.

… Müsahibini dost, yeri tək görüb dedi:

– Ey abid, sən allah, kömək elə, sənə pənah gətirdim. Bu surətə çox vuruldum.

Vəziyyəti belə görən Şapur düşündü: “Doğrunu demək daha xoş olar”.

Sonra and içib söylədi:

– Ey göylərin şamı, şahların ilhamı! Nəqqaşlıqda ad çıxarmışam. Bu şəkli də mən yaratmışam. Sən onun şəklinə bu qədər vuruldunsa, gör özünü görsən, neylərsən?

Xosrov Pərviz maraqlı, zirək və ayıq igiddir. Ülfətdə dostluğu, qəzəbdə şiri xatırladır. Bir güldür ki hələ xəzan görməyib. İlk bahar gəncliyi ondan öyrənib. Nəsəbini tanımaq istəsən, Cəmşid, həsəbini bilmək istəsən, günəşdir. Onun qoşununa aləm dar gəlir. Bayrağı göylərdən də ucadır. əgər polad behbudunu götürsə, almaz zirehi belə məhv edər. Gözəllikləri bayrama zinətdir. Hüsnü əlavədir, əsas onun hünəridir. Bu camal, bu calala sahib olsa da, sənin yolunda gecəsi-gündüzü yoxdur. Nə şərab içir, nə də danışır. Şirindən başqa bir həmdəm istəməz. Heç kəs belə bir qüssəyə batmasın.

Bundan ötrü məni qasid göndərib. Mən söylədim. İndi hər iş sənindir.

Şapur sözünü qurtardı. Şirin bu sözlərdən sanki sərxoş olmuşdu. Birtəhər özünü cəmləyib Şapura dedi:

– Ey aqil kişi, bu işi necə başa vuraq?

Şapur dedi:

– Sən ey günəşdən gözəl, qəlbini qayğıdan kənar saxla. Sirrini heç kəsə açma. Sabah gərək ov adıyla qaçasan. Sən səyyarə kimi mil-mil uzaqlaş. Mən də sənin ardınca gəlməyə çalışaram.

Bunları deyən Şapur Xosrovun göndərdiyi üzüyü çıxarıb ona verdi və dedi:

– Əgər yolda şaha rast gəlsən, bu hilalı ona göstər. Xosrovun köhləni qızıl nallı, paltarı isə qaş-daşlı və cah-cəlallıdır. Görməsən, Mədain yolunu tutub get. Şah qəsrini soruş, həmin mənzilə get. Mədaində xəznələr üstə xəzinə taparsan. Müşk ilə dolu qəsri tapıb, ora düş. Şahın üzüyünü qızlara göstər, həmin gülşəndə sərv kimi azad, təzə meyvə vermiş budaq kimi şad yaşa…

Şapur sözünü başa vurdu. Sehri ayı, məkri isə hurini tutdu.

ŞİRİNİN OVA GETMƏSİ VƏ ORADAN MƏDAİNƏ QAÇMASI

Elə ki Günəş qalxıb göyləri nurlandırdı, Şirin qalxıb atına mindi, yola hazırlaşdı. Gözəllər örpəklərini başlarından açdılar. Başqa cür paltar geyindilər. Başlarına gözəl oğlanlartək papaq qoydular. Adət belə idi: ova gedənlər oğlan paltarında gedərdilər. Şirinin dövrəsində halqa vurdular. Hamısı birdən atlara mindilər. Saray həyətindən çox şad – həyat suyu içmiş Xızırtək çıxdılar.

Çöldə atlarını sürüb getdilər. Dağlardan aşıb düzə yetdilər. Şirin Şəbdizin belində idi. Özü minici, atı isə qaçağandı. At qızışdı, onun halı dəyişdi. Kənizlər Şirindən aralı düşdülər. Dedilər, yəqin, at cilov aparır. Ardınca bir xeyli at qovdular, lakin tozundan belə əsər yox idi. Gecə yarıya qədər axtardılar. Ümidlərini üzüb geri döndülər.

Şahlarından ayrı düşdüklərindən geri dönərkən hamısı yorğundu. Ulduz karvanı axşam aysız geri – Banunun sarayına döndü. Başlarını əyib məyus durdular. Nə varsa, yanıqlı bir dillə söylədilər.

… Banu bu xəbəri alanda köhnə dərd-qəmini yadına saldı. Taxtdan çox qəmli-qəmli düşdü. Qəmindən başını qucaqladı, göz yaşı tökdü… yaman ağladı.

… Bu zaman Şirin Şəbdizin belində dünyanı cavan Pərviz üçün ölçürdü. Gecəli-gündüzlü yol gedirdi. Kişilər kimi paltar geymişdi. Bir qəfil düşməndən xof etdiyindən yoldan qıraq, dağda-çöldə gedirdi. Şirin cana cəfa verərək atını yüyrək sürürdü. Birdən behişt kimi xoş bir çəmənzar gördü. Dirilik suyu kimi bir çeşmə vardı. Şirinin bədəni xeyli yorğundu. Sifəti və əli tamam toz içində idi. Çeşmə ətrafını bir qədər gəzdi. On ağaclıda da bir insan yox idi. Atdan yerə endi. Atı bağladı.

Bildi ki, onu bir insan övladı görməz. Mavi rəngli fitə bağladı, suya girdi. Gülü çeşmə yusa, nə qəşəng olar… yox, səhv etdim, suda gül bitsə. O, gümüş əndamı ilə sulara nur səpən bir mələyə bənzəyirdi.

ATASINDAN QORXUB QAÇAN XOSROVUN ƏRMƏNƏ GƏLMƏSİ

Xosrov şahın əziz bir övladı idi. Bu mehribanlığı düşmənlərin gözü götürmədi. Bir neçə hiyləgər bir yerə toplaşıb Pərvizin adına sikkə kəsdilər, onu bir neçə şəhərə göndərdilər. Əcəm şahı bundan çox narahat oldu. Sikkəni və qılıncı gördüyü zaman qoca qurd cavan aslandan qorxdu.

Şah istədi bir şey bəhanə edib Xosrovu tutub zindana salsın. Bilmirdi ki, təzə ayı tutub saxlamaq olmadığı kimi Xosrovu da bağlamaq olmaz. Qəlbində doğruluq olan insan cahan tutar, amma cahan onu tuta bilməz.

Büzürgümmid bu işdən xəbər tutub tez Xosrovu tapdı, nə varsa, ona anlatdı. Xosrov başa düşdü ki, pis zəmanədir, hər şey onun ölümünə bir bəhanə ola bilər.

… Xosrov atın belinə qalxıb Ərmən elinə üz tutdu. Qəlbi qəm-kədərlə yüklənmiş Xosrov iki günlük yolu bir günə qət edirdi. Şirinin çimdiyi çeşmənin yanından keçəndə gördülər ki, atlar tamam yorulub. Xosrov əmr etdi ki, qullar dayansın, köhlənlər yemlənib tumarlansın.

Xosrov qullardan ayrılıb bir kənara çəkildi. Yavaş-yavaş o çəmənzara sarı getdi. Bir firuzə rəngli bağçanı fırlandı. Bir çeşmə gördü ki, hər yanı güldü.

… Xosrov baxdı, nurdan gözü qamaşdı. Birdən gözü aya sataşdı. Bir az ona baxdı, canı üşəndi. Titrəməyə düşdü, qanı üyüşdü.

… Şirin başına su töküncə, elə bil aya mirvarilərdən şeh düşürdü.

… O sənubər gül şahdan xəbərsizdi. Saçları gözünü tutmuşdu, sanki sünbül nərgizin yolunu kəsmişdi. Saçlarını geri atan zaman Şirin şahzadəni gördü. Şahın baxışından utandı. Suya düşmüş aytək titrədi. Başqa bir çarə tapmadığından saçları ilə ay üzünü bürüdü.

Xosrovun da qəlbi titrədi. Gördü ki, onun halı da dəyişdi. Sanki ürkmüş çəmən maralı ovçu şiri görmüşdü. Şir qorxmuş ovu parçalamaz. Odur ki, Xosrov da nəfsini topladı, həvəsini mərdanəliklə boğub daha o tərəfə baxmadı. Lakin yaralı könlü ordan ayrılmırdı. Başqa çiçək, gül ona xoş gəlmirdi.

… Şirin bu çeşmə üçün yolundan qaldı, Xosrovu isə bu çeşmə dərbədər saldı. Hər kəs çeşmə üstə durub dincələr, quru çörəyini isladar. Onlarsa bu yerdə qəmlə yükləndilər. Nazik ürəkləri min dərdə düşdü.

Şah ona bir az imkan yaratdı. Pəri çıxıb paltarını geyindi, Şəbdizi mindi. Öz-özünə fikirləşdi: “Bu gənc, görəsən, kimdir? Əgər bu gənc mənim sevdiyim deyilsə, niyə onu görüncə qəlbimi çaldı? Xosrovun geyimi, deyilənə görə, ləldir. Əgər dildardırsa, bəs həmin nişan hanı?”

Şirin bilmirdi ki, şahlar səfərə çıxarkən ehtiyatdan başqa cür paltar geyinərlər.

… Qəlbi çırpınır, ağlı isə deyirdi: “Bəsdir, üzünü döndər. İki yana namaz qılmaq əbəsdir. Eyni zamanda iki badə içilməz. Bir bəndəyə iki ağa seçilməz. Bu cavan oğlan həmin şah olsa da, qoy məni pərdədə görsün. Pərdəsiz gülə toz qonar”.

Bu fikirlərlə atını səyirtdi. Xosrov bir də geri dönüb baxanda heç kəsi görmədi. Atını o yan-bu yana sürdü, çeşmə ətrafını bir qədər gəzdi, gövhərdən orada bir əsər tapmadı. Heyrət etdi ki, o könül çalan bu tezlikdə necə gözündən itdi? Qəlbindən bir ah qopdu: “Bahar tapdım, əlim bir bar dərmədi. Fərat gördüm, əlim suya dəymədi. Nadan olduğumdan gövhər əlimdən çıxdı. Gərək bu qəlbimə min daş vuram. Səhər gördüyüm gülü dərmədim, onu gecə küləyi apardı”.

Bir xeyli ağlayıb göz yaşı tökən Xosrov çeşmə ətrafında bir xeyli gəzib dolandı. Sonra isə baş götürüb Ərmən torpağına getdi.

ŞİRİNİN XOSROVUN SARAYINA YETİŞMƏSİ

Fələk bir işi düzəltmək istəsə, əvvəlcə gərək min oyun çıxartsın. Bir əkinçiyə xəzinə vermiş olsa, gərək əvvəlcə onu incitsin. Həyat yolunda tikan olmasa, güllərin qədrini bilən olarmı?

Xosrovdan ayrılan Şirin hər gün Xosrov Pərvizi soraqlaya-soraqlaya gəlib Mədain qəsrinə çıxdı. Özünü kənizlərə nişan verdi. Şirinin üzünü görən kənizlər həsrətlə dodaq dişlədilər. Hamı şah hüzuruna gəlmiş adam hesab edib Xosrovtək ona hörmət elədilər. O qəsrdə olan bir çox rəqiblər hesab elədilər ki, o da bir kənizdir. Şirin də onlarla kənizlər kimi rəftar elədi.

XOSROVUN ATASINDAN QAÇMASINDAN ŞİRİNİN XƏBƏR TUTMASI

Şirin Mədaində vüsal gözləyir, şirin dodağından bal axıdırdı. Bir ay səbir elədi, intizar çəkdi. Sonra Xosrovdan xəbərdar oldu. Bildi ki, şahdan qorxub ova getmiş, Ərmən tərəfə səfər etmişdir.

Bir acı həqiqət də ona açıldı ki, onun yoluna çıxan Xosrov imiş.

Şirin bir müddət orada qaldıqdan sonra kənizlərdən xahiş etdi ki, onun üçün yeni bir saray tiksinlər. Şirinin gözəlliyinə həsəd aparan kənizlər bənnaya çoxlu pul verib tapşırırlar ki, yolu daşlıq, havası boğucu olan bir yerdə qəsr tiksin. Kirmanşahdan on ağac qədər məsafədə Şirin üçün saray tikildi. Şirin bir neçə mehriban, təmiz qızla ora köçdü.

XOSROVUN ƏRMƏNƏ ÇATMASI

Xosrov o yerlərə gəlib çatcaq nəsim sərhədçilərə xəbər çatdırdı. Məmurlar qabağa yüyürdülər. Yoluna xalı, ipək, zər döşədilər. Oradan birbaş gedib Muğana çıxdı. Muğandan da Baxrzana keçib getdi. Məhin Banu bundan xəbər tutunca qarşılamaq üçün tədbir tökdü. Banu özü şah dərgahına gəldi. Şah da ona çox ehtiram göstərdi. Banu bir həftə tamam səhər-axşam ona töhfələr göndərdi. Bir həftədən sonra gözəl bir gündə Banu yeri öpüb ayağa qalxdı. Xosrovla danışmağa başladı. Dedi:

– Gəl bizimlə Bərdəyə gedək. Qışı orda qalaq, gəzək, kef eləyək. Bizim bu Bərdənin yeri Arandır. Otu, suyu çox olan bir gülüstandır.

Xosrov Banunun təklifini qəbul edib, dedi:

– Sən get. Mən də ardınca dayanmayıb gələrəm.

Sübh açıldı, Xosrov ayağa qalxdı. Oradan birbaş Ağ bağa yollandı.

XOSROVUN KEF MƏCLİSİ VƏ ŞAPURUN GƏLMƏSİ

Bir gecə Xosrov məclis qurmuşdu. Novruzdan da şən olan bu gecə şahın məclisində incə sözlülərin mehriban səsi qulaq oxşayırdı. Nədimlər hikmətdən söhbət açmışdı. Bir tərəfdə məzhəkə, bir tərəfdə ülfət… Kəyan çadırının dörd bir yanı göz oxşayırdı. Çadırlarda yanan udun, ənbərin xoş ətri hər yana çökmüşdü. Şərablar içəni xumar edirdi.

Kaman Musa kimi yanır, inləyir, Xosrov xanəndəni dinləyirdi. Oxuyan bir gözəl qəzəl başladı. Bu isə məclisə başqa bir ruh gətirdi.

Şah sərxoş idi. Saqinin əlindəki cam onu gözləyirdi. Çəng səsi hər yanı tamam tutmuşdu. Xosrovun sərvtək gözəllərindən biri sevincək halda şaha yaxınlaşdı:

– Şapur gəlib, – dedi, – rüsxət istəyir, gəlsin, ya gəlməsin.

Xosrov sevincindən sıçrayacaqdı. Özünü güclə saxladı, tərpənmədi.

– Şapuru hüzura buraxın, – dedi. Qəlbi həyəcanla titrədi. Təlaşlı ürəyi çırpındı. Göz yolda qalanda ürək paralanar. Ayrılıq çəkmək ağır bəladır. Doğrudur, heç bir qəm işgəncəsiz olmaz, ancaq gözü yolda qalmaq lap yaman olur. Həsrət ömrü qırıb, üzü saraldır.

Şapur içəri gircək yerə öpüşdən bəzək vurdu. Şahın qarşısında bir qul kimi qaldı. Xosrov onu oturtdu, məclisdəkilərə oranı tərk etməyi tapşırdı.

Şapur şaha dua etdi:

– Şahımın işi rəvac olsun! Qoşunu daim düşmənə qələbə çalsın! Bu dövlət papağı daim onun başında qalsın!

Sonra isə başına gələnləri əvvəldən-axıra bir-bir şaha danışdı. Qızların gözündən gizləndiyini, şəkli asıb Şirini necə məftun etdiyini, hindular kimi yoldan çıxardığını, şahın qəsrinə necə yola saldığını bir-bir söylədi.

Şah ixtiyarsız qucaqladı, gövhərə qərq elədi. Çox təşəkkür edib dedi:

– Hünərin mənə aydın oldu.

Çeşmə əhvalatı, o ay, o həsrət Şapurun sözünə qüvvət verirdi.

Xosrov da bir-bir gördüyünü danışdı. O ay üzlüyə necə əsir olduğundan söz açdı. Yəqin etdilər ki, o sevimli quş burdan düz Mədain şəhərinə uçmuşdur. Qərara aldılar ki, Şapur yenə durmasın. Mədainə yollansın. Şirini geri qaytarsın.

XOSROVUN ŞİRİN ƏHVALATINI MƏHİN BANUYA XƏBƏR VERMƏSİ

Həyat aləmi hər şeydən üstün, cavanlıq isə ən qiymətli gündür. Həyatdan yaxşı olan nə ola bilər? Gənclikdən başqa hər şey əfsanədir. Xosrov dünya böyüyü idi. Könlü, qəlbi şən bir gənc idi. Nəğməsiz bir udum badə içməzdi. Bir günü də çalğısız, rəqssiz keçməzdi. Bir dastan söyləyənə xəzinə verərdi.

Bir gün Xosrov əldə badə içərkən Məhin Banu həmin məclisə gəldi. Şah ona xüsusi hörmət göstərdi.

Böyük məmurlar Xosrovun yanında oturub içməyə qərar verdilər. Xosrov Banu ilə mey içə-içə gizlicə xeyli söhbət elədi. Acı meydən sərxoş olunca Şirindən söz saldı. Onun qaçmasından danışdı – dilində təəssüf, qəlbində sevinc:

– Deyirlər, qardaşınız qızı bir sərvboylu dilbərdir. Eşitdim ki, yeltək qaçan atı onu qaçırıb. Bizim ölkədən bir qasid gəlib. Ondan xeyir xəbər eşitmişəm. Əgər bir-iki həftə burada qalsam, harada gizləndiyini bilərəm. Adam göndərərəm ki, onu geri qaytarsın.

Bu xəbəri eşidən Banunun sevindiyindən huşu başından getdi. Qəlbdən gələn həzin bir nalə ilə şaha yalvarmağa başladı:

– Haradadır? Kaş bircə dəfə yuxuma girsəydi! Görsəm ki, dəryanın içində üzür, onu gözlərimlə çıxarardım. Onu cantək sevib can verərdim.

Əgər şah Şirin üçün qasid göndərsə, mənim də ondan xəbərim olsun. Gedərkən Gülgünü ona verərəm. Dediyim köhlən Şəbdizlə eyni döldəndir. Büdrək olsa da, Şəbdizlə ancaq Gülgün ayaqlaşa bilər.

Xosrov buyuruq verdi ki, at gətirilsin, indi Şapura verilsin. Şapur atı mindi, bir an yubanmadan Mədainə yola düşdü.

Mədain mülkündə heç bir səs salmadan bir ay o sevimli ayı axtardı. Gördü ki, o ay üzlü sarayda yoxdur. Şapur onun öz qəsrinə yola düşdü.

Şapur təzə qəsrə girəndə qəmli, dünyadan uzaq bir yer gördü. Sanki gövhər bir daş yuvaya girmişdi. Şapur gövhəri görcək lələ döndü, onun ay üzünə təriflər deməyə başladı:

– Yolu necə gəldin, ay dilbər?

… Şirin Şapuru görərkən arzusuna yetişdi və utandığından üzünü örtdü. Təşəkkür eləyib dedi:

– Yediyim qəmləri, keçirdiyim acı dəmləri sənə söyləsəm… Yox, yox onları nə dil deyə bilər, nə də söz anladar… Bir daha o anlar geri dönməsin. Orda neçə fitnəkar kəniz vardı. Hərə öz kefində, gəl, ləzzət apar!

… Onlardan ayrılıb tək yaşamaq üçün dedim ki, mənə gərək bir qəsr tikilsin. Bu can sıxan yeri də onlar bəyəndi. Neyləyim, qatlaşdım, səbrim tükəndi.

Şapur Şirinə söylədi:

– Dur gedək! Pərvizin əmrinə itaət edək.

Şapur Şirini Gülgünə mindirib birbaş arzu gülzarına apardı.

XOSROVUN ATASININ ÖLMƏSİNDƏN XƏBƏR TUTMASI

Şah bir gün yarı xumar oturmuşdu. Gözləyirdi ki, haçan bəxti açılar. Bir qasid tələsik ona yanaşdı. Ona bir məktub gətirdi. Saraya yaxın olan kəslər yazıb anlatmışdılar ki, Hörmüz öldürülüb, taxt qəsb edilib. Anlatmışdılar ki, Xosrov tez gəlsin, bir tədbir görsün.

“Başın gilablısa, orda yuma, gəl” – deyə həyəcanla xəbərdar etmişdilər.

Xosrovu zəmanədən ağır bir dərd aldı. Gördü ki, zamanın vəfası yoxdur. Bu fani dünyanın ilqarı yoxdur. Bəzən insana bal qismət olur, bəzən də arı. İşdə dönüklük, sevgidə hicran olur. Şirin əsla acıdan ayrı olmur.

XOSROVUN MƏDAİNƏ GETMƏSİ

Elə ki Allahın əmri ilə Hörmüzün şahlığı puç oldu, Xosrov uğurlu bir vaxtda gəlib taxta oturdu. Ürəyi Şirinə nə qədər bağlı olsa da, ölkəni tərk eləmək xəta olardı. Bir yandan ölkəyə şahlıq edir, bir yandan da yar üçün ürəyi gedirdi. Dünyanı tikdirib ölkəni abad elədi. Ölkəni fitnədən azad elədi. O qədər zəlilə pasiban oldu ki, Nuşirəvan xalqın yadından çıxdı.

Məmləkət işini başa vurub yenə də qonaqlıqlara başladı. Günləri həmişə ovda keçirdi. Ovlayır, quşlayır, şərab içirdi. Qəlbini sevgi titrədincə rəqiblərdən Şirini soruşdu. Onlar xəbər verdilər ki, Şirin bir neçə gündür ki, qəsri tərk edib.

Şah çərxin hiyləsinə heyran qaldı. Anladı ki, insan nə qədər acizdir. Şirindən yeganə yadigar qalan Şəbdiz idi. Odur ki, gününü Şəbdizlə keçirirdi.

ŞAPURUN ŞİRİNİ ƏRMƏNƏ GƏTİRMƏSİ

Şapur Şirini götürüb qayıtdı. Gördü ki, Xosrov yoxdur. Şirini Gülgündən düşürdü. Şirin Banunun gözəl güllüyünə düşəndə, elə bil behiştə huri düşdü. Qohum-əqrəbalar, kəniz və qullar Şirinin intizarını çəkirdilər. Onu görəndə yeri öpdülər. Hər biri torpaqtək ayaqlara düşdü. Çox şükür edib nəzir verdilər. Atəşgaha xeyli pay göndərdilər. Banu sevindiyindən otaqlara sığmırdı. Qoca idi, sanki bir anda cavan oldu. Elə bil yenidən dünyaya gəlmişdi. Şirinə bir naz-niyaz göstərdi ki, onları yüz beytlə vəsf eləmək mümkün deyil. Buyurdu:

– Dövlət xəzinəsindən, şahlıq mülkündən nə istəyirsən, götür, payla!

Utanmasın deyə olub-keçənləri üzə vurmadı. Bilirdi ki, bu iş əbəs deyil, məftun olduğuna möhkəm dəlildir. Bəzi şeyləri Xosrovdan duymuşdu.

Şirinə nəvaziş göstərib, öz köhnə əhdini tutmuşdu. Şirinə yetmiş gözəl bəxş etdi ki, ömrünü meyli, məzəli sürsün. Şirin o qızları görüb güldü, ulduzlara aydan bir bəzək vurdu.

XOSROVUN BƏHRAMDAN QAÇIB ƏRMƏNƏ GETMƏSİ

Zəfərin açarı dəmir iradədir. Yüz qalpaqdan bir şah papağı xoşdur. Fikir bıçağı yüz iti qılıncdan itidir. Bir qılınc on adam öldürərsə, düşüncə ordunu dərbədər elər.

İradəli Bəhram belə bir xəbər aldı ki, çox ölkələr Xosrova tabe olub. Şahlıq həvəsi başına dolmuşdu. İradəsi bu işdə yar oldu. “Hürmüzün gözünü kor edib” – deyə Xosrova şər atdı. Hər yana gizli məktublar göndərdi:

Xəmsə

Подняться наверх