Читать книгу Yeddi gözəl - Низами Гянджеви - Страница 1

Оглавление

Nizami Gəncəvi

YEDDİ GÖZƏL

(nəsrlə sadələşdirilmiş)

MÜQƏDDİMƏ

İki dünyanın yaradıcısı Allaha şükür. Onun yaratdıqlarının ən yaxşısı olan Məhəmmədə və ailəsinə salam olsun.

Bilin və agah olun ki, tarixçilərin etiqadına görə qədim zamanlarda, İran torpağında dörd sülalə hökmranlıq eləyibdir. Əcəm sultanları adı ilə məşhur olan o dörd sülalə Pişdadilər, Kəyanilər, Əşkanilər və Sasanilərdən ibarətdirlər. Bu etiqada görə məşhur İskəndər Kəyan padşahlarından axırıncısı hesab olunur. Amma firəng tarixçilərinin əqidəsinə görə, İranda şahlıq eləmiş padşahlarımız Kəyan, İskəndər və onların xəlifələri Əşkanilər və Sasanilər idilər. Hər halda Sasani sülaləsi Əcəm sultanlarının axırıncısıdır. Onların sayı iyirmi səkkiz idi. Yəzdigürd oğlu Bəhram İranın dördüncü məşhur və tanınmış padşahlarındandır. O, Sasani sülaləsinin on dördüncü padşahı olub, Heyrə sultanlarının yanında, Xəvərnəq və Nemanlar qəsrinin içərisində tərbiyə alıbdır. Burada onun əhvalatı bütünlüklə söyləniləcəkdir. Hərgah bu kitabda hadisələr tarixlə düzgün olmasa, oxuyanlar irad tutmasınlar.

Xülasə, bu Yəzdigürd daşürəkli, mürüvvətsiz, çoxlu eyibləri olan bir padşah idi. Onun eyiblərindən biri bu idi ki, hər kəs ona yaxşılıq etsə idi, əvəzində pislik görərdi. Bir sözlə, rəiyyət onun hökmranlığından razı deyildi.

Yəzdigürd bir neçə övladı dünyaya gəlmişdisə də, çox yaşamamış və dörd yaşında olarkən dünyadan getmişdilər. Daha övladı yox idi ki, özünə vəliəhd təyin eləsin. Buna görə də çox kefsiz və kədərli idi. O, günlərin bir günü xəlvətə çəkilib, başını açdı və əllərini Allahın dərgahına qaldırıb, ağlar gözləri və yanar ciyəri ilə ah-zarla ərz elədi:

– İlahi, ey mənim xaliqim, sənin dərgahına gələn bu ağsaçlı, bu ağlargözlü bəndənə rəhm elə, öz inayətinin bu bəndədən əsirgəmə. Sənin qapına gələn hər kəs, oradan məyus və məhrum qayıtmayıbdır. Məni də öz dərgahından naümüd qaytarma.

Xülasə, çox ağlayıb nalə etdikdən sonra xəlvətdən gəlib öz hərəmxanasına daxil oldu və birinci hərəmi ilə baş yasdığa qoydu. Allahın köməkliyi ilə padşahın duası qəbul olundu, arvadının boynuna uşaq düşdü. Padşaha müjdə verdilər, onun ruhu bu xəbərdən təzələndi, hədsiz dərəcədə sevindi. Sonra hökm elədi xəzinənin qapısını açdılar, fəqirlərə və dərvişlərə çoxlu qızıl bağışladı. Uşaq dünyaya gələnədək hər gün ehsan verdi. Vaxt tamam olandan sonra Allah-taala ona bir oğul evladı qismət elədi. Padşaha müjdə verdilər, o, çox xoşhal oldu. Əmr elədi bütün bazar və dükanları çırağban elədilər. Hər yerdə eyş-işrət məclisi quruldu. Məmləkətin yeddi illik xəracını xalqa bağışladı.

MÜNƏCCİMLƏRİN PADŞAHLA SÖHBƏTİ

Sonra əmr elədi ki, məmləkətin bütün münəccimləri və ulduz tanıyanları yığışıb padşah dərgahına gəlsinlər və yeni doğulmuş şahzadənin taleyindən xəbər versinlər. Münəccimlər yığışıb saraya gəldilər, kitablarını açıb, baxmağa başladılar. Padşaha ərz elədilər ki, Allah-taalaya şükür olsun, şahzadənin iqbalı və taleyi çox uca və xoşbəxtdir. Allahın inayəti ilə o, yeddi iqlimi zəbt və özünə təslim edəcəkdir.

Padşah bu xəbərdən çox xoşhal oldu. Münəccimlərə çoxlu cəvahir və xələt verdi. Şahzadənin adını Bəhram qoydu, tapşırdı ki, tərbiyəsinə səy və diqqət yetirsinlər.

Münəccimlər məşvərət məclisi düzəltdilər. Qərara gəldilər ki, əgər şahzadəyə bu məmləkətdə tərbiyə verilsə, atasının təbiəti və xasiyyəti ona da sirayət edər, o da atası kimi zalım olar. Münəccimlər çox məşvərətdən sonra padşahın hüzuruna qayıtdılar. Padşah onlara bir daha mərhəmət göstərdi və gəlişlərinin səbəbini xəbər aldı. Onlar ədəb və həya ilə padşahın dua-sənasını yerinə yetirib dedilər:

– Əlbəttə, möhtərəm Şəhriyarın xatirindən silinməyib ki, indiyədək neçə ali şahzadə dünyaya gəlibsə, bu yerin abu-havasının pisliyi üzündən öz həyatlarından fayda görmədən dünyadan gediblər. Buna görə bu şahzadəyə bir xoş abu-havası olan yerdə tərbiyə verilməsi vacibdir. Ümidvarıq ki, onda şahzadə çox ömür edər və məqsədinə nail olar.

Padşah münəccimlərin fikrini və onların təklifini bəyənib, təsdiq elədi. O saat əmr etdi ki, vəzir və vəkillər cəm olub, məclisdə toplaşsınlar. Padşah bu barədə onlarla da məsləhətləşdi. Bütün məclis əhli mətləbi anlayıb razılıq verdi. Birinci vəzir yerindən qalxıb padşaha dua-səna oxuyandan sonra dedi:

– Əlbəttə, möhtərəm Şəhriyara məlumdur ki, bu gün adda-sanda, şan və şöhrətdə, nəcabətdə ərəb tayfası bütün dünyada məşhurdular. Ələlxüsus Yəmən vilayətinin hökmdarı möhtərəm Şəhriyara qardaş kimidir. Əgər məsləhət görərsinizsə, padşah Nemanı buraya dəvət edin və şahzadəni ona tapşırın. Bizə ondan başqa özgə bir tərbiyə verən lazım deyil.

Padşah və vəzirlər bu mətləbi eşidib birinci vəzirin ağlına və biliyinə “afərin” dedilər, onun təklifini bəyəndilər. Padşah katibini çağırıb təklifi Yəmən padşahına yazmağı əmr etdi. Katib məktubu yazıb padşahın hüzurunda oxudu, sonra qasidə verdi və Yəmənə yola saldı.

QASİDİN MƏKTUBU GƏTİRMƏSİ

Qasid gecə-gündüz yol getdi. Nəhayət, özünü Yəmən padşahına yetirdi. Ona təzim edib görüşəndən sonra naməni ona təqdim eləyib dedi:

– Bu namə sizin qardaşınız Yəzdigürd tərəfindəndir.

Neman şah öz-özünə sual verdi ki, görəsən, qasidin qəflətən gəlməsindən məqsədi nədir? Tələsik məktubu alıb oxudu, məzmundan xəbər olan kimi çox sevindi, şahzadə Bəhramın onun əli ilə tərbiyə tapacağından xeyli məmnun oldu. Səhəri günü Münzir oğlunu öz yerində taxtda əyləşdirib, səfər tədarükü görməyə başladı. O, yüz əlli min atlı ilə Yəməndən İrana yola düşdü. Onun gəlişini padşaha xəbər verdilər. O, həmin saat əmr elədi ki, bütün vəzirlər və vəkillər Neman şahı qarşılamağa çıxsınlar və ehtiramla şəhərə gətirsinlər. Neman şah yolun yorğunluğunu nəzərə almadan birbaşa padşahın hüzuruna getdi.

NEMANIN YƏZDİGÜRDÜN YANINA GƏLMƏSİ

Yəzdigürd səhər tezdən hərəmxanadan çıxıb öz taxtında əyləşdi. Neman şah artıq Yəzdigürdün hüzurunda idi. Yəzdigürd onu mehribanlıqla qarşılayıb yanında əyləşdirdi. Neman şah onu şahzadə Bəhramın dünyaya gəlməsi münasibətilə təbrik etdi. Bir saat söhbət etdikdən sonra padşah qalxıb hərəmxanasına, Neman isə onun üçün hazırlanmış imarətə getdi. Axşam vaxtı Yəzdigürd yenə də səltənət taxtında əyləşdi. Bütün vəzir və vəkillərini öz yanına çağırdı. Sonra bir nəfər göndərib Neman şahı buraya dəvət etdi. O, məclisə daxil olanda bütün vəzir-vəkillər ayağa qalxdı. Padşah da taxtından durub Neman şahın əlindən tutdu və öz yanında əyləşdirdi. Ondan sonra məclisə şamdanlar gətirdilər. On beş nəfər gözəlüzlü cavan süfrəyə cürbəcür yeməklər düzdükdən sonra əllərində qızıl şamdanlar tutub süfrənin ətrafında dayandılar. Yemək hazır olandan sonra padşah Neman şahı süfrənin baş tərəfində əyləşdirdi.

Ondan sonra dəvətlilər süfrəyə yaxınlaşdılar. Yemək bitəndən sonra Neman şah və məclis əhli əllərini yuyub nahar otağından başqa bir otağa keçdilər. Hər kəs öz yerində əyləşdi. Bir saatdan sonra siminbilək sağilər əllərində qədəh məclisə daxil oldular və şərabları qədəhlərə süzüb əhli-məclisə verdilər. Ondan sonra çalğıçılar və xanəndələr, xoştəbiətli mütrüblər eyş-nuşa məşğul oldular. İşrət vaxtında padşah Bəhramı görmək arzusu ilə saray xacələrinə əmr eylədi ki, uşağı məclisə gətirsinlər. Həmən dəqiqə Bəhramı məclisə gətirdilər. Padşah Bəhramın qundağını əlinə alıb üzündən, gözündən öpdü və Neman şahın qucağına verdi. Neman şah Bəhramı görməkdən çox şad oldu, Bəhramın məhəbbəti padşahdan minqat artıq onun qəlbində yer eylədi. Padşah Neman şahın Bəhrama olan meylini başa düşəndən sonra şadlığı artdı və Bəhramın tərbiyəsini ona tapşırdı. Neman şah padşahın cavabında dedi:

– Şahzadəyə tərbiyə verməkdən düşmən də imtina etməz. Xüsusən, mən ki bu şahzadənin bəndələrindənəm. Padşah Neman şahın cavabından artıq dərəcədə şad oldu. Neman şaha hədsiz nəvaziş və iltifatlar eləyib Bəhramı hərəmxanaya göndərdi. Anası Bəhramın Ərəbistanda tərbiyə olunacağını eşidəndə çox kədərləndi. Dedi:

– Şah mənim gözümün işığını məndən ayırır. Öz-özünə xəyal etdi ki, balamın ayrılığına dözə bilmərəm. Məsləhət budur ki, əgər padşah izn versə, mən də gedim.

Neman şah padşahın xidmətində eyş-işrətə məşğul idi. Elə ki yatmaq vaxtı yaxınlaşdı, padşah ayağa qalxıb hərəmxanaya daxil oldu. Padşah hərəmxanaya daxil olanda Bəhramın anası padşahı qarşıladı, qəflətən özünü padşahın ayaqları altına atıb onun ətəyindən tutdu və dedi:

– Ey aləmə pənah olan padşah, ey şəhərlər alan padşah, əgər mənim gözümün nurunu məndən ayırsalar, mən həlak olaram. Öz lütf və mərhəmətini məndən əsirgəmə. Gərək mərhəmət buyurub mən binəvaya izn verəsiniz ki, şahzadə ilə birlikdə gedəm və məni öz ciyərparəmdən ayırmayasınız. Bunu deyib şiddətlə zar-zar ağlamağa başladı. Padşah bu halı gördükdə qəlbi dərdlə doldu, ixtiyarsız göz yaşları axıtdı, ürəyi ona yanıb dedi:

– İzn verdim, get.

Ana bu sözü eşidəndən sonra canına həyat gəldi. Ürəkdən padşaha razılıq elədi. Xülasə, o gecəni keçirdilər, səhər açıldı. Padşah hərəmxanadan səltənət taxtına gəldi. Neman şah da gəlib əyləşdi. Padşah Bəhramın anasının vəziyyətini Neman şaha nəql etdi. Neman bu mətləbdən çox şad olub dedi:

– Çox münasibdir.

Bir həftə tamam olandan sonra padşah əmr eylədi ki, səfər tədarükü görməyə məşğul olsunlar. Padşah çoxlu azuqə və bir neçə yük qızıl ayırmağı əmr eylədi.

NEMAN ŞAHIN YOLA DÜŞMƏSI

Neman şah bu mətləbi anlayıb qızılları qəbul etmədi və dedi:

– Məndə də bu qədər qızıl vardır.

Padşah nə qədər israr elədi, Neman şah qəbul etmədi. Səhəri gün yola düşdülər. Padşah özü də atlanıb onları bir neçə ağaclıq yolda müşayiət elədi və ağlar göz, yanar ürəklə qayıdıb səltənət təxtinə əyləşdi. Neman şah iki mənzili bir edib, Yəmənin yaxınlığına yetişdi. Elə ki bu xəbər Neman şahın oğlu Münzirə yetişdi, böyük izzət və ehtiram ilə atasının pişvazına çıxdı. Şahzadə Bəhramı gətirdiyindən çox şad və xürrəm oldu. Nəhayət, böyük dəbdəbə və cəlal ilə Yəmən şəhərinə daxil oldular. Bəhram və onun anasına öz evində yer verib, özü başqa mənzilə getdi. Neman şahın oğlu Münzir Bəhramı görməyindən çox şad və məmnun oldu. Onun məhəbəti qəlbində yuva saldı. Belə ki bir gündə üç dəfə Bəhramı görməsəydi, könlü aram olmazdı. Bir gün Neman şah öz oğlu Münziri yanına çağırıb belə dedi:

– Ay mənim oğlum, ay mənim gözümün işığı, mənim qəlbim Bəhrama tərbiyə verməkdən ötrü iztirab içindədir. Ona görə ki, şəhər çox istidir, Bəhramın vücudu isə incə və lətifdir. Buranın istiliyinə dözə bilməz. Bundan ötəri səni çağırdım ki, bu şəhəri ətrafını gəzib ab-havası əlverişli olan bir yer tapasan ki, Bəhramı orada saxlayaq. Münzir dua-səna eləyəndən sonra dedi:

– Mən də belə xəyal edirəm ki, möhtərəm Şəhriyarın icazəsi ilə məhz özüm gəzib bir münasib yer axtarım.

Xülasə, o, atasının xidmətindən çıxıb bir neçə sərkərdə ilə yola düşdü. Şahzadə on gün Yəmən şəhərinin ətrafında dolanandan sonra abu-havası gözəl olan bir yer müəyyənləşdirdi. Padşahın xidmətinə qayıdıb, vəziyyəti danışdı. Padşah atlanıb, Münzirin tapdığı yerə getdi. O, doğrudan da, abu-havası xoş olan bir yer gördü. Bütün gələnlər bu yerin çox əlverişli olduğunu təsdiq etdilər. Ətrafı nəzərdən keçirib qəsri çox şəfalı olan təpənin üstündə tikməyi məsləhət gördülər. Mühəndis və bənnalar təpənin ətrafını dolanandan sonra bildirdilər ki, onlar padşahın arzu etdiyi binanı tikməkdə acizdirlər, belə bir binanın öhdəsindən gəlmək hər mühəndisin işi deyil. Neman şah onların qərarından qəmləndi və sual etdi ki, təklifiniz nədir?

BƏNNA SİMNARIN GƏLMƏSİ

Padşahın cavabında dedilər:

– Rum məmləkətində adlı-sanlı bir bənna vardır. Tayı-bərabəri olmayan bu bənna dünyada məşhurdur. Adı Simnar olan bu bənnanın tikdiyini özündən qeyri-bir kəs tikə bilməz.

Neman şah bu xəbərdən çox xoşhal oldu və həmən saat o bənnanın tapılıb yanına gətirilməsi əmrini verdi. Simnara çoxlu xələt ayırdı, vədələr verdi və dalınca adam göndərib onu Yəmənə çağırdı. Gedənlər bir az zamanda Rum vilayətinə yetişdilər, axtara-axtara Simnarı tapdılar. Vəziyyəti əvvəldən-axıra kimi ona nağıl elədilər və dedilər ki, əgər sən Neman şahın arzusunu yerinə yetirsən, səni dünya malından qane eləyəcək. Simnar çox məmnun və şad olub yol tədarükü gördü və ardınca gələn adamlarla Yəmənə yollandı. Onların gəlişini Neman şaha xəbər verdilər. Neman bu xəbərdən şadlanıb əmr elədi ki, Simnarı yanına gətirsinlər. Padşah Simnardan əvəzi olmayan bir imarət tikməsini xahiş etdi. Neman şah atlandı. Simnarla birlikdə imarət tikiləcək yerə gəldilər. Simnar o yeri dolanıb Nemana bildirdi ki, tikəcəyi imarət onun ürəyincə olacaq. Neman şah lazım olan alət və ləvazimatı hazırlamağı əmr etdi. Nəhayət, Simnar imarəti tikməyə başladı. O, bütün səy və bacarığı ilə beş il müddətində binanı tikib qurtardı. Çox uca, növbənöv cavahirat ilə ali imarət günəş şüasından rəngini dəyişdirdi. Günəş şüası düşən zaman bir kimsə o imarətə baxa bilməzdi, gözləri qamaşardı. On iki saatlıq gündüzdə rənglər bir-birini əvəz edir, abi, ağ və sarı rəngə düşürdü. Günəş günorta yerinə gələndə onun rəngi sarı, qızıl kimi və günün qürub vaxtı gümüş kimi ağ olurdu. Onun adı indi də dünyada qalır. Ona məşhur Qəsri-Xəvərnəq deyirlər.

Xülasə, Simnar elə bir qəsr tikdi ki, Neman şah ömründə onun bənzərini nə görmüş, nə də eşitmişdi. O, Simnarı xələt və nəvaziş ilə elə xoşhal və şad elədi ki, Simnar özünü Neman şahın qədəmlərinə saldı, çox dua-səna eləyib dedi:

– Əgər əvvəldən bilsəydim ki, mənə bu qədər ehsan edəcək və nəvaziş göstərəcəksiz, bundan da yaxşı bir qəsr tikməyə səy edərdim. Tikdiyim bu qəsr gündə üç rəng ilə cilvələnirsə, o, hər gündə on rəngə düşərdi.

Neman bu kəlamı Simnardan eşidəndə əhvalı xarablaşdı və dedi:

– Niyə bəs dediyin kimi tikməmisən?

Neman şah xəyal eylədi ki, onun zəhməti hədərə getdi. Madam ki, Simnar bundan da yaxşı qəsr tikməyə qadirdir. Xəyal etdi ki, başqa padşahlar bu qəsrdən xəbər tutsalar, Simnarı aparıb bundan da yaxşı bir qəsr tikdirəcəklər. Neman əmr elədi, Simnarı qaldırdılar tikdiyi qəsrin başına və o biçarəni qəsrin başından aşağı atdılar.

Simnarın məsələsi həll olunduqdan sonra Neman şah əmr etdi şahzadə Bəhram Ərdəşiri anası ilə birlikdə həmən qəsrə gətirdilər.

Şahzadə Bəhram altı yaşına çatanda Xəvərnəq qəsri hər yerdə şöhrət tapmış, bütün məmləkətlərdə məşhur olmuşdu. Qəsri görən hər kəsi heyrət bürüyürdü. Simnarın hünərinə hamı afərin söyləyirdi. Belə zirək və qabil bənnanı öldürdüyü üçün qəsrin ətrafında gül-çiçək, reyhan və nəbatat əkmiş, behişt kimi baxçalar salmışdılar. Güllərin iyi uzaqdan-uzağa adamı bihuş eləyirdi, xüsusən, sübhün yeli əsəndə gül və reyhanın ətri ətraf şəhərləri cənnətə döndərirdi.

NEMAN ŞAHIN SƏHRAYA ÜZ TUTMASI

Xülasə, tikilmiş bu qəsrdə Bəhrama tərbiyə verirdilər. Neman şah bir saatını da Bəhramı görmədən keçirməzdi. Bu qərarla bir neçə zaman keçdi.

Bir gün Neman şah öz vəziri ilə həmən qəsrdə əyləşmişdi. Onlar qəsrin xoş ab-havasından, tamam yer üzərində belə bir qəsrin və imarətin misli bərabəri olmadığından və insanın burada keçirdiyi bir saatın yüz ilə bərabər tutula biləcəyindən danışırdılar. Bu söhbəti eşidən vəzir dedi:

– Doğrudan, sizin buyurduğunuz kimidir. Amma həyatının bir saatını Allahın qüdrəti haqqında düşünərək keçirsən, yüz il burada yaşamaqdan daha yaxşıdır. Dünyada hər nə varsa, onun zahiridir, amma Allahın neməti və rəhməti axirətdə həqiqidir və əbədidir.

Neman şah vəzirin bu sözündən mütəəssir oldu, rəngi üzündən uçdu. Sifəti getdikcə saraldı. Çox qorxu və vəhşət içində yerindən qalxdı, ağlar gözlə qəsrdən aşağı düşdü, ah və fəğanla səhra tərəfə üz tutub getdi. Vəzir öz dediyindən peşman oldu, lakin gec idi. Vəzir və vəkillər Neman şahın dalınca səhraya üz tutdular. Nə qədər gəzdilərsə, Neman şahdan bir soraq verən olmadı. Münzir ah-zarla ağlamağa başladı. Nəhayət, atasının tapılacağına ümidini itirdi, padşahlıq taxtına çıxıb, hökmranlığa başladı. Münzirin də Neman adlı bir oğlu var idi, o, Bəhramla yaşıd idi. Bir-biri ilə oturub-durar, oynayar, bir yerdə məktəbə gedər, bir yerdə oxuyar və tərbiyə alardılar.

Elə ki Münzir atasının yerində əyləşdi, xalqla son dərəcə ədalətlə rəftar etməyə başladı. Bəhrama atasından da artıq qayğı göstərirdi. Bir saat Bəhramı görməsəydi, aram ola bilməzdi. Bəhram yeddi yaşına çatanda Münzir onun dərs və təlimindən, məşqindən ötəri xüsusi müəllimlər ayırdı, elm və mərifət hasil eləməkdən, hünər göstərməkdən ötrü çox səy göstərdi. Müəllimlərlə mükalimə və mübahisə edərdi və sual-cavabda məharət göstərirdi. Bu minval ilə üç ilin ərzində bütün elmlərlə yanaşı ərəb, fars və hindu dilinə də bələd olmuşdu. Tezliklə riyaziyyat, həndəsə və digər elmlərə yiyələndi. Münzirin Bəhrama məhəbbəti günbəgün artırdı. Bəhramın başına pərvanə kimi dolanırdı. Bəhram zəmanəsinin bilicisi olmuşdu. Kimsə bir dəfə Bəhramın hüsncamalını görürdüsə, məhəbbəti ona qarşı artırdı. Elə ki Bəhram on iki yaşına çatdı, bütün elmlərə və fənlərə yiyələndi, ox atmaq və qılınc oynatmaq məşqinə başladı. Bütün elmlərdə və hünərdə misilsiz olan Münzir şah da hər gün geniş bir meydanda Bəhramın tərbiyəsi ilə məşğul olurdu, ona ox atmaq və qılınc oynatmaq öyrədirdi. Beləliklə, Bəhram üç il müddətində bütün döyüş fənlərinə bələd oldu.

BƏHRAMIN GURU OVLAMASI

Ata minib meydanda çövlan edə-edə bir neçə oxu eyni nöqtəyə atardı. Sonra meydanda Münziri səsləyib atdığı oxları ona nişan verərdi. Balaca Bəhramın atdığı səkkiz oxun hamısı bir-birinə elə yapışırdı ki, sanki onlar ceyranın və ya dovşanın dırnağı idilər. Bəhramda bu cür məharət, hünər və mərifətlər müşahidə olunurdu. O, hər gün ova gedər və dağ eşşəyi şikar edərdi. Bəhramın gur ovlamağa çox meyli olduğu üçün tamam aləmdə Bəhram-Gur kimi məşhurlaşdı. Təəccüb burasındadır ki, o, şikarda dağ eşşəyini kəmənd ilə diri tutardı. Sinni dörd yaşından az olanı azad, yaşı dörddən keçəni şikar edərdi. Bəhram azad etdiyi şikarların sağ buduna öz möhürünü vurardı. O, belə elan etmişdi ki, hər kəs mənim şikarımı ovlasa, onun özü mənim əlimdə şikar olacaqdır. Buna görə də dağ eşşəyinin budunda möhürün yerindən öpüb onu azad edərdi.

Günlərin birində Münzir dövlət əyanları ilə şikara çıxmışdı, səhrada gəzib ov ovlayırdılar. Qəfildən biyabanın bir tərəfindən toz qalxdı. Bəhram bunun səbəbini bilmək məqsədi ilə atını çapıb o tərəfə getdi. Münzir və sair atlılar da onun dalınca yola düşdülər. Amma Bəhrama yetişə bilmədilər.

BƏHRAMIN ŞİRİ OVLAMASI

Bəhram özünü tozanaq yerə yetirib gördü ki, bir aslan bir dağ eşşəyinin kürəyinə minib belini sındırmaq istəyir. Bəhram bunu görən kimi şiri şikarı ilə birlikdə nişan aldı. Bəhramın atdığı ox şirin arxasından dəyib qarnından çıxdı, torpağa sancıldı. O əsnada Münzir şah öz atlıları ilə birlikdə çatıb Bəhramdakı bu məharətə təəccüb elədilər.

Ovdan qayıdan hər kəs öz mənzilinə getdi. Bəhramın bugünkü şöhrəti şəhərə yayıldı. Münzir əmr verdi Xəvərnəq qəsrində həmən şir ilə şikarının və şahzadə Bəhramın atın üstündə şikar elədiyi vəziyyətdə şəklini divara kəsb etdilər.

Bir gün yenə həmən qaydada ova çıxmışdılar. Səhranın hər tərəfinə at salıb ov etməyə məşğul idilər. Bəhram özü səhranın bir tərəfinə təkcə keçmişdi. Münzir və onun atlıları başqa tərəfdə şikarda idilər. Təsadüfən o səhrada bir dağ eşşəyi göründü. Onun qarnının altı qar kimi ağ, beli ləl kimi qırmızı, digər hissələri başdan-ayağa naxışlı və bəzəkli idi. Bəhram onu diri tutmaq fikri ilə kəməndi əlinə alıb dalınca at saldı. Heyvan öz ovçusunu görəndə əl-ayağını yığışdırıb üz qoydu qaçmağa. Gurun gözəlliyindən vəcdəyə gəlmiş Bəhram öz-özünə dedi: “Bu şikarı ovlamayınca qayıtmaram”.

Bu arzu ilə ovun dalınca dörd ağaca qədər at çapdı. Bəhram günün qüruba endiyini və ovun da ələ gəlmədiyini görəndə çox məlul və məhzun oldu. O, gurun bu cür rəftarından təəccüb etdi. Düşündü ki, əcəba, bu sehrdir və ya ki bir başqa şeydir? Bəhram da, gur da yorulmuşdu. Onlar böyük bir dağa yetişdilər. Dağın döşündə bir mağara var idi. Bəhram o mağaraya nəzər salan vaxt gur qeyb oldu. Əlli qədəm qalmışdı ki, mağaraya yetişsin, Bəhramı bir hərarət bürüdü, atı qulaqlarını şəklədi. O, çox fikirləşdi, sonra atdan düşüb özünü mağaranın qapısına yetirdi. Mağaranın içinə baxanda gördü ki, qatran kimi qara və böyük bir əjdaha dal pəncələri üstə oturub gözləri od şöləsi kimi işıq saçır, ağzından tüstü kimi buxar qalxır. Elə ki Bəhram qəfildən bu bəlanı gördü, qəlbinə vahimə düşdü. Qaçmağı şəninə sığışdırmayıb cəsarətləndi və öz-özünə düşündü: “Bu bəlanı mən necə dəf edim, bu nə qəribə vəziyyətdir ki, mən tamaşa eləyirəm, gur haraya getdi, yoxsa bu əjdaha bir tilsimdir?”

Fərasətinin çoxluğundan xeyli götür-qoy elədi və belə qərara gəldi:

– Əlbəttə, bu gur öz gözəlliyi ilə məni aldadıb və qabağıma düşüb bu yerə gətirdi. Ola bilsin ki, əjdaha o heyvana əziyyət verib. Çox güman ki, əjdaha onun balasını tələf eləyib, hər halda bu əjdahadan intiqam almalıyam və bu bəlanı o heyvanın başından dəf etməliyəm.

BƏHRAMIN ƏJDAHANI ÖLDÜRMƏSİ

Sonra Bəhram kamanı əlinə aldı və bir ox çilləyini kamana qoyub, əjdahanın hər iki gözünü nişan aldı. Ox çilləyi kamandan çıxdı, düz gəlib əjdahanın gözünə dəydi. Əjdaha oxun zərbindən elə bir nərə çəkdi ki, mağara lərzəyə gəldi. Qılıncını qınından çıxarıb mağaranın içinə daxil oldu. Var gücü ilə qılıncı əjdahanın boynundan burub başını bədənindən ayırdı. Bəhram əjdahanın başını bədənindən ayırandan sonra onun qarnını cırdı və gurun iki balasını əjdahanın qarnında gördü. Gurun intiqamını aldığına görə Bəhram şad oldu. O, əjdahanın işini bitirəndən sonra mağaradan eşiyə çıxdı, atını minib qayıdanda yenə də o guru gördü. Gur gəlib mağaraya daxil oldu. Bəhram Gurun dalınca mağaraya girdi. “Əcaba, yenə nə isə başqa bir sirr vardır, bu gur yenə intiqam almaq istəyir?” – deyə düşündü. Bu fikirlə mağaranın içərilərinə, bir yerə yetişdi, gördü ki, burada çoxlu cavahirat var. Məlum oldu ki, gur o cavahiratı Bəhrama göstərmək üçün mağaraya daxil olmuşdur. Bu mətləbi anlayan kimi Bəhram şad oldu. Cavahiratın hamısını gözdən keçirdi, mağaradan eşiyə çıxıb öz atına mindi. Mağaranın yerini itirməsin deyə oraya bir nişan qoyan əsnada Münzir şah öz atlıları ilə yetişdi. Hamısı Allah-taalaya çox şükür eylədi. Bəhram da Münziri görüb çox xoşhal oldu. Hər ikisi atdan düşüb mağaraya daxil oldu. Bundan sonra Bəhram bütün cavahiratın yerini Münzirə nişan verdi və əhvalatı əvvəldən-axıra kimi ona danışdı. Münzir ürək dolusu Bəhramın şücaət və qüdrətinə, “Afərin” – dedi. Gecədən çox getmişdi. Onlar qərara aldılar ki, elə orada gecəni səhər eləsinlər və günəş çıxan vaxtı hərəkətə başlasınlar. Səhərə yaxın bir neçə atlı göndərib şəhərdən dəvə və qatır gətirtdilər. Cavahiratı dəvələrə yükləyib şəhərə yola düşdülər. Vilayətin bütün camaatı bu əhvalatı eşitdikdə böyükdən-kiçiyə – hamı şəhərdən çıxıb o əjdahanın tamaşasına getdi. Münzir əmr elədi bir qabiliyyətli şəkilçəkən gətirdilər. Bəhram və əjdahanın əksini çəkdilər və gətirib imarətin bir guşəsindən asdılar. Bəhram qayıdıb imarətə daxil olan kimi oranı gəzməyə başladı. Bu otaqdan o otağa, bu mərtəbədən o mərtəbəyə keçdi. Bir otağa yetişib gördü ki, onun qapısını möhkəm bağlayıblar. Bilmirdi ki, orada nə var. Saraydardan sual eylədi ki, bu otağın qapısını nəyə görə bağlamısınız, burada nə var?

BƏHRAMIN QIZLARIN ŞƏKLİNİ GÖRMƏSİ

Saraydar dua və səna edəndən sonra ərz elədi ki, bu imarət tikilib qurtarandan sonra bu otağın qapısına qıfıl vurublar. Amma tapşırıblar ki, bu otağın açarını səndən başqa heç kəsə verməyim. Neman şah və Simnardan başqa heç kəs bu otağın içini görməyib və məlum deyil ki, onun içərisində nə vardır! Bəhram saraydarın sözündən təəccübləndi. “Əlbəttə, bu otaqda bir sirr var: ona görə belə möhkəm tapşırıblar ki, açarı məndən savayı kimsəyə verməsin” – deyə düşündü. Açarı saraydarın əlindən alıb, qapını açdı. Elə ki otağın içərisinə qədəm qoydu, Bəhramın qəlbini bir dəhşət sardı, çünki otaqda yeddi bəzəkli taxt qoyulmuşdu. Taxtlardan hər birinin üstündə tayı-bərabəri olmayan bir məhliqa bir qız əyləşmişdi.

BƏHRAMIN YEDDİ QIZA AŞİQ OLMASI

Elə ki Bəhramın gözləri o qızların camalına sataşdı, cani-dildən aşiq olub taqətini itirdi. Bir saata qədər otağın divarına söykənib heyran-heyran baxdı. Nəhayət, özünə toxtaqlıq verib irəli getdi və gördü ki, o qızlar heykəlidir. Lakin adama elə gəlirdi ki, onlar həqiqi insandırlar, taxtın üstündə əyləşib söhbət eləyirlər. Bəhram diqqətlə və heyrətli baxışlarla o qızlara baxıb gördü ki, onlar bir-birindən gözəldilər, heç birində eyib yoxdur. Qızların məhəbbəti Bəhramın qəlbində özünə yurd saldı. Biçarə Bəhram birdən-birə yeddi qıza aşıq oldu. Bəhram onlara elə vuruldu ki, səbir və qərarı əlindən getdi, bihuş olub yerə yıxıldı. Bir saatdan sonra huşa gəlib heykəllərə heyran-heyran baxdı. Baxışlarını qaldırıb yuxarı baxanda gördü ki, hərəsinin başının üstündə bir lövhə asılıb. Qabağa gedib əvvəlinci lövhəni əlinə aldı, oxuyanda gördü ki, qızın adı Nurəkdi. O, hind padşahının qızıdır. İkinci qız Yəqmənazdır və o Çin xaqanının qızıdır. Üçüncünün adını Nazpəri yazıblar ki, o, Xarəzm padşahının qızıdır. Dördüncüdə Nəsrinnuş yazılıb, Dəslab şahının qızıdır. Beşinci lövhədə və Dürrüəstə yazılıb, Kəsra padşahının qızıdır. Altıncı lövhədə Humay yazılıb, Rum Qeysərinin qızıdır. Yeddinci lövhə Azəryuna aiddir, Məğrib padşahının qızıdır.

Bəhram o qızların və atalarının adlarını biləndə heyrəti artdı; ətrafına baxanda gördü bir böyük lövhə də otağın başqa tərəfində vardır və burada yazılıb ki, zirək və elmi çox olan münnəcimlər və ulduzşünaslar xəbər veriblər ki, Bəhramın bəxti xoşbəxtdır. Bəhram-Gur Allahın təqdiri və yeddi ulduzun hökmü ilə yeddi iqlimə malik və yeddi padşahın yeddi qızına sahib olacaqdır. Bəhram həmən lövhədən xəbərdar olduqdan sonra özündə bir şadlıq və xoşbəxtlik, tərifəgəlməz bir məğrurluq və özündənrazılıq hiss etdi. Allahın dərgahına şükür etdi, ondan köməklik istədi ki, öz arzusuna yetişsin. Ondan sonra yenə bir-bir o qızlara tamaşa etməyə başladı. Onlardan birini seçmək istədi, ancaq gördü ki, bu mümkün deyil. Xülasə, o yeddi qızın hamısını bəyəndi. Onların məhəbbəti Bəhramın ürəyinə elə əsər elədi ki, o, şəkillərə büt kimi sitayiş elədi və heykəllərin yanında əyləşib ahu-zara məşğul oldu. Çox ağlayandan sonra bunun faydasız olduğunu düşündü. “Gərək ağıllı tədbir tökəsən ki, məqsədə çatasan” – deyə qərarlaşdırdı. Sonra otaqdan eşiyə gəldi. Qapıları qıfılladı, açarı cibinə qoydu. Bu sirri bir kəsə açmadı.

YƏZDİGÜRDÜN ÖLMƏSİ

Öz adəti üzrə atına minib şikara gedib və eyş-işrətə məşğul olurdu. Bəzi vaxtlarda kimsənin xəbəri olmadan tək və tənha o otağa gələr və heykəllərin qənşərində durub deyərdi:

– Ey şux şəkillər, sizin camalınızın vüsalı nə vaxt mənə qismət olacaq? Taqətim, səbri-qərarım əlimdən getdi axı!

Xülasə, bu cür sözlərdən deyib gah şad və gah da kədərli olardı. Elə ki on beş yaşına çatdı, günlərin birində Münzirlə söhbət əsnasında Bəhram dedi:

– Çoxdandır ki, atamın əhvalından xəbərim yoxdur, bilmirəm məni unudub, yoxsa başqa bir səbəb vardır.

Münzir şah onun cavabında dedi:

– Yox, belə deyil, olsun ki, işlərinin çoxluğundan və səltənət işinə başı qarışdığından belədi.

Bəhram Münzirin bu sözlərini qəbul etmədi, həmən saat bir nəfər qasid müəyyən eləyib İran tərəfə yola saldı. Qasid biz az zamanda özünü İrana yetirib Bəhramın hüzuruna qayıtdı. O, çox qəmgin və pərişanhal idi. Bəhram onun əhvalını belə görəndə çox məyus və məhzun oldu. Qasid nə bilirdisə, nə eşitmişdisə, söyləməkdən başqa bir çarə tapmadı. Qasid dedi:

– İrana getdim, şəhərə daxil olmamışdan bir nəfər öküz otaran gördüm və şəhərin vəziyyətini ondan soruşdum. Öküz otaran məni görüb dedi:

– Sən qəribsən, mən sənə deyim, gəl bu şəhərə daxil olma, şəhərə daxil olan hər qəribi tutub həbs eləyirlər və bir də buraxmırlar. Mən bunun səbəbini öküz otarandan soruşdum, dedi ki, daha bundan sonra söz deməyə haqqım yoxdur. Mən onun sözündən götür-qoy eləyib qərar qoydum ki, yaxşısı budur, gedim bir guşədə gizlənim. Kimsə məni görməsin, axşam düşəndə şəhərə daxil olum və bu mətləbi öyrənim. Xülasə, bu məqsədlə gedib bir guşədə gizləndim. Gecə özümü bir kəsə nişan verməmiş daxil oldum. Qəriblər kimi deyil, şəhər əhli kimi saymazyana şəhərdə dolandım. Qədimdən o şəhərdə bir dostum var idi. O dostumla görüşməyə getdim. Elə ki qarşısında məni gördü, şadlıqla salam verdi, evinə apardı, şəhərə necə girdiyimi soruşdu. Onların hamısını ona danışdım və nə üçün şəhərə daxil olmağa mane olduqlarını soruşdum. Dostum ah çəkib dedi:

– Ay qardaş, bunun səbəbini sənə deməyə ixtiyarım yoxdur. İndi beş ildir ki, yol bağlanıb, bu şəhərə daxil olan hər qəribi sual-cavabsız tutub həbs eləyirlər. Səbəbi də budur ki, bizim padşahımız Yezdəgürd beş il bundan qabaq naxoş olanda vəzir, vəkillərə əmr elədi ki, Bəhrama məktub yazsınlar, tezliklə gəlsin. Padşah öz diriliyində səltənət tacını onun başına qoymaq istəyirdi. Vəzir, vəkillər padşahdan razı deyildilər, ona görə Yəzdigürddən olan bir övladın ölkədə padşahlıq eləməsini istəmirdilər. Vaxtı yalan ilə keçirdilər, padşah vəfat elədi. Onu dəfn edəndən sonra vəzir, vəkillər hamısı bir yerə cəm olub məclis qurdular və qərar qoydular ki, bu yerdə Yezdəgürd övladı padşahlıq eləməsin. İndi Xosrov adlı bir nəfəri gətirib özlərinə padşah eləyiblər. Bu xəbər ətrafa yayılmasın deyə beş ildir ki, harada bir qərib görsələr, həbs edirlər. Buna görə də indi sizin şəhərə gəlməyinizdən mən qorxuram.

Elə ki öz rəfiqimdən bu sözü eşitdim, həmən gecə gecikmədən, tələsik şəhərdən çıxdım və sürətlə özümü sizin xidmətinizə yetirdim.

Bəhram atasının vəfatı xəbərini eşidəndə gözlərindən ixtiyarsız yaş tökdü, rəngi saraldı, yerə yıxıldı. Atasının yerində səltənət taxtına otura bilməyəcəyindən rəngi boğulub qaraldı və çox məyus olub ah-zar eləməyə başladı. Bəhramı bu halda görən Münzir də başladı ağlamağa. Lakin Bəhrama təsəlli verməkdən ötrü yerindən qalxdı, onun ətəyini öpüb dedi:

– Xahiş edirəm ki, məhzun və məlul olmayasınız, çünki bu dünya fanidir və heç kəsdən ötrü əbədi deyildir. Həzrəti Şəhriyar Yəzdigürd şah vəfat eləyibsə, xudavəndi-aləm sizin ömrünüzü artırsın. Əgər buna görə qəmgin olubsunuzsa, söz verirəm, nə qədər canım və malım var, sizin xidmətinizdə hazıram və canımı sizə fəda elərəm.

Bəhram özü də qəm-qüssənin faydasız olduğunu başa düşüb, özünə təssəli verib belə düşündü ki, bu işdə tələsmək olmaz. Yəqin ki, onlar belə güman ediblər ki, mən də atam kimi zalım və qəddaram. Bir tərəfdən onların belə düşünməyə haqları da vardır, çünki məni görməyiblər. Hər halda səbir və soyuqqanlılıq etmək lazımdır! Əgər mən ağılla rəftar etsəm, onlar mənə meyl edərlər.

BƏHRAMIN YƏMƏNDƏN HƏRƏKƏT ETMƏSİ

Xülasə, Bəhram bütün bu fikirlərini Münzirə bildirdi və əmr etdi ki, səfərə çıxmaq üçün hazırlıq görsünlər. Münzir piyada və atlı ordusu ilə İran tərəfinə hərəkət etdilər. Elə ki İran sərhədinə yetişdilər, bu xəbər İran əhlinə və Xosrov şahın qulağına çatdı, Xosrov şah öz-özünə dedi: “Böyük bir fitnə baş verəcək”.

O, çox qorxuya düşdü. Dövlət adamlarını topladı və üzünü onlara tutub dedi:

– Madam ki, bu əjdahaxasiyyət Bəhram bu taxt-tacın varisidir, məni niyə bu təhlükəyə saldınız?

– Çünki bizim Bəhrama meylimiz yoxdur. Çalışarıq ki, onu dəf edək. Bəhram uşaqdır, elə ki bizim naməmiz ona çatacaq, o qorxub öz yerinə qayıdacaq.

XOSROVUN BƏHRAMA NAMƏ YAZMASI

Xülasə, hamısı Bəhrama namə yazmağı məsləhət gördü. Məktubu bu məzmunda yazdılar: “Əvvəl Allah-taalya şükür-səna olsun. Ey bəxti uca və ey taleyi cavan şahzadə! Əvvəla, sizə dua və salam olsun. İkinci budur ki, sənin atan vəfat edəndən sonra rəhmli Allah məni padşahlığa layiq bilib və bu səltənət taxtını mənə əta eyləyib. İndi mən İran məmləkətinin sahibi olmuşam. Lakin əsl həqiqətdə İran məmləkətinin taxt-tacına o qədər də meylim yoxdur. Məni padşahlığa layiq biliblər və özlərinə padşah ediblər. Məsəl var, deyirlər: “İnsanın düşməni öz nəfsidir, öz arzusudur”. Sizin üçün dövlət idarə etməkdənsə, eyş-işrət yaxşıdır. Sizə şikara getmək min dəfə bu zəhərli nemətdən yaxşıdır. Öz meyliniz ilə nə vaxt istəsəniz, şikara gedin; niyə özünüzü möhnət və zəhmətə salırsınız? Əgər həqiqəti bilmək istəsəniz, dünyanın padşahlığı sizin eyş-işrətinizdir, heç bir kəsin fikrini çəkməzsiniz. Lakin mən bədbəxt, sizin əksinizə gündüzlər və gecələr qəm, qüssə içində fikir edirəm, eyş-işrətdən məhrum olmuşam. Belə surətdə, ey şahzadə, kaş mən sizin yerinizə olaydım. Həmişə xoşhal gəzib-dolanardım.Yox, mən demirəm ki, siz padşahlığa və tac-taxta layiq deyilsiniz! Hər nə olubsa, sizin atanızdan olub. Çünki bütün rəislər, ordu, vəzirlər və rəiyyət atanızdan razı deyildilər. O zülm və cəfanı ki sizin atanız Yəzdigürd rəiyyətinə eləmişdi, xalq sizin padşahlığınıza razı deyil. Hamısı sizdən incikdirlər. Bunların hamısını özünüz fikirləşin”.

VƏZİRLƏRİN BƏHRAMIN YANINA GƏLMƏSİ

Xülasə, məktubu bu təfsil ilə yazıb iki nəfər zirək, ağıllı və işbilən vəzir, neçə nəfər kamil və fazil adam seçib Bəhramın ordusuna tərəf yola düşdülər. Bəhram da əmr etdi ki, onları yanına gətirsinlər. Gələnlər Padşaha layiq ədəb-ərkanla təzim edəndən sonra Bəhramın hüzurunda əllərini sinələrinə qoyub dayandılar. Bəhram kəmali-şövkət ilə bəzəkli bir taxtın üstündə əyləşmişdi. O, özünün sağ tərəfində yer göstərib hamısına əyləşmək izni verdi və onlara çox nəvaziş və mərhəmətlər göstərdi. Sonra birinci vəzir yerindən qalxdı. Bəhramın dua və sənasını yerinə yetirib, kamali-ehtiram ilə naməni ona verdi. Bəhram naməni açıb xətibə verdi. Əmr elədi ki, naməni ucadan oxusun. Namənin məzmunundan xəbərdar olan Bəhramın üzü od kimi qızardı. Bir azdan yavaş-yavaş nəzakət ilə əvvəlki vəziyyətinə qayıtdı, kamali-təmkin və vüqar ilə başını yuxarı qaldırıb buyurdu:

– Bəli, namənin məzmunundan xəbərdar oldum və yazılanların hamısını anladım. Eyş-işrət mənim üçün əlverişli olsa da, çoxlu cavahirata malik olsam da, yeddi iqlimi almağa gücüm çatsa da, fikrim budur ki, ata-babamdan mənə qalan mirası alam. Deyə bilərsiniz ki, sənin atan Allahlıq iddiası edirdi. Mən isə öz Allahımı tanıyıram. Deyirlər sənin atan zalım idi, mən adiləm. Deyirlər, sənin atan qəzəbli idi, mən həliməm. Siz məni atamla müqayisə edirsiniz, lakin məsələ sizin düşündüyünüz kimi deyil. Mən indiyə kimi yuxuda idim, lakin indi qəflət yuxusundan ayılmışam. Bu, mənim öz haqqımdır. O şəxslər ki, doğruluq, ədalət tərəfdarıdır və düşüncələri yaxşıdı, məndən iltifat və məhəbbət görəcəklər. O kəslər ki, xalqın xeyirxahıdır və xeyirli məsləhətləri var, onlara qarşı qəflət eləmərəm və günahsız bir kəsi incitmərəm. O şey ki, hər kəsin şənini və ləyaqətini ucaldır, yerinə yetirəcəyəm və biliciləri öz qapımdan qovmaram, onların məsləhətlərini qəbul və icra edərəm. Dövlət və məmləkət işlərini başqalarına tapşırmaram və öz nəfsim ilə xalqın işlərinə köməklik göstərərəm.

Bu mətləbi Bəhram həmən məclisdə bəyan eylədi. Elçilər öz qəlblərində Bəhrama afərin dedilər və Bəhramın haqqında düşündüklərinin əksini gördükdə ədalətindən xəbərdar olub elədiklərindən peşman oldular. Vəzir o saat qalxıb Bəhramın taxtının ayağından öpdü, dua və səna edəndən sonra öz peşmanlığını bildirdi. Hamısı ərz elədi ki, mətləbi bizə yalan deyiblər. Siz tacı-taxta və mülki-dövlətə layiqsiniz. Çünki səltənət sizə ata-babadan qalıb. Biz Xosrov adlı bir nəfəri padşahlığa qəbul edib onunla möhkəm əhd-peyman bağlamışıq, canımızı və malımızı onun yolunda vermişik. İndi bir möhkəm dəlil lazımdır ki, bağladığımız bu əhd və peymanı pozaq və ona cavab verək.

Elə ki Bəhram bu kəlamı vəzirlərdən eşitdi, qəlbdən şad oldu. Buyurdu:

– Sizin haqqınız var. Çünki əhd bağlamaq böyük bir işdir. Amma mən bir təklif verim, sözünüz yalan olmasın, padşahınız Xosrov da sizə irad tutmasın. O təklif budur ki, mənim atamın tacını, taxtını bir böyük və geniş meydanda qoysunlar, iki böyük və ac şiri gətirsinlər meydanın ortasına və o tacı o iki şirin arasında qoysunlar. Deyin ki, hər kəs bu tacı-taxta layiqdir, getsin o tacı o iki şirin arasından götürsün. Kim o tacı o iki şirin arasından götürsə, tacı-taxta sahib olmaq onun haqqıdır. Heç kəsin də deməyə bir sözü olmasın, mən buna razıyam.

Vəzirlər və məclis əhli bunu bəyəndilər, Bəhramın hüzurundan çıxıb dua-səna eləyə-eləyə qayıtdılar Xosrovun xidmətinə. Bəhramla qəbul etdikləri qərarı Xosrova bildirdilər. Xosrov bu mətləbi eşitdikdə rəngi qaçdı, tacı iki şirin arasından götürməyin nə olduğunu anlayıb dedi:

– Mən heç cürə özümü şirlərə yem eləmərəm. Siz nə üçün şücaət və mərdliklə əvəzsiz və taxtın halal varisi olan Bəhram kimi şəxslə məni təhlükəyə salmısınız və səltənəti mənə tapşırmısınız?

Vəzirlər və vəkillər ərz elədilər ki, bəli, doğrudur, ancaq Bəhramla bağlanmış şərt çox çətindir. İnanmıram ki, o, bunun öhdəsindən gələ və tacı iki şirin arasından götürə. Əgər Bəhram bu işin öhdəsindən gəlməsə, şəkk-şübhə yoxdur ki, siz padşahlıqda qalacaqsınız. Əgər onun öhdəsindən gəlib şirlərin arasından tacı götürsə, o vaxt sizin və bizim danışmağa haqqımız yoxdur. Gərək padşahlığı ona təslim eləyək və onun itaətini yerinə yetirək.

Xülasə, çarəsiz qalıb bu qərarı qəbul etdilər və hamı bu mətləbə razı oldu. O gün keçib sabah olanda şəhərin mərkəzində bir böyük meydan düzəltdilər, hamını heyrət götürmüşdü ki, aya, bu iş necə sona çatacaqdır?

BƏHRAMIN İKİ ŞİRİ BAŞ-BAŞA VURMASI

Xosrov gəlib əmr etdi, taxtı meydanın ortasına gətirdilər və tacı da taxtın üstünə qoydular. Əmr elədi yüz nəfər şir təlimçisi min zəhmət və məşəqqət ilə iki ac şiri gətirdilər və onların taxtın iki tərəfində zəncirlədilər. Bəhramdan ötəri hamı qəmli və təşviş içində idi. Onların heybətli görünüşü və nərəsi tamaşa edənləri vahiməyə salırdı. Bu vaxt Bəhrama xəbər verdilər ki, meydan hazırdır. Bəhram həmin saat Münzir ilə ayağa durdu, neçə nəfər vəzir ilə meydana daxil oldu. Bəhramı görənlərin qəlbində ona qarşı böyük məhəbbət oyandı və düşündülər ki, o şirlərin cəngindən xilas ola bilməz. Camaat fikirləşirdi ki, bu qorxulu işi təşkil edənlər vəzir və vəkillərdir. Ona görə öz aralarında əhd-peyman bağladılar ki, Allah eləməmiş əgər şirlər Bəhramı tələf etsələr, hamımız hücum çəkib vəzir və vəkilləri qətlə yetirəcəyik.

Bəhram kamali-şövkət və cəlal ilə gəlib bir münasib yerdə dayandı və gözlədi. Carçılar car çəkdilər ki, əmirlərdən, vəzirlərdən və qoşundan tacı-taxta meyli olan və səltənətə sahib olmaq istəyən varsa, gəlsin bu iki şirin arasında qoyulmuş taxtın üstündəki tacı götürsün. Bu sözü eşidən hər kəs qorxudan özünü geriyə çəkdi. Bəhram gördü ki, hamı gözünü ona zilləyibdir. O atından düşüb, üstündəki bütün silahları çıxarıb yerə atdı, köynək və alt paltarının üstündən belinə şal bağladı. Vəzirlər və məmləkətin əyanları Bəhramı belə gördükdə gülməyə başladılar. Bəhramın məhəbbətini ürəyində daşıyanlar çox məlul və məhzun oldular. O tərəfdən Bəhram öz qəlbində qazi-yülhücata müraciət elədi:

Yeddi gözəl

Подняться наверх