Читать книгу Dahilər və eşqləri - Ozcan Erdogan - Страница 1

Оглавление

Özcan Erdoğan

DAHİLƏR VE EŞQLƏRİ

MÜNDƏRİCAT

Barış Behramoğlu

Viktor Hüqonun qadınları

Çiydem Sezer

Ziqmund Freyd və qadınlar


Emel İrtem

Pərvanəyə dönən işıq – Höte

Baki Avhan T.

Nitsşenin qırmancı

Aziz Kamal Hızıroğlu

Kainatın, musiqinin, qadınların sehri və dahi Eynşteyn

Altay Öktem

Artur Miller və Merlin Monro: Həmişə çılpaq

Derya Önder

Pikassonun qadınları

Onur Behramoğlu

Aleksandr Sergeyeviç Puşkin və Nataliya Qançorova

Halim Şafak

Fyodor Mixayloviç Dostoyevski: “İkimiz də xoşbəxt deyildik”

Nataliya Burtovaya

Marqaret Mitçell. Az ömürlü, amma uzun təəssüratlı sevgilər: “Küləklə sovrulanlar”

Viktor Hüqonun qadınları

XIX əsrdə fransız romantizmi Viktor Hüqonun əsərləriylə zirvəyə çatdı. Adi bir uşaq kimi dünyaya gələn Hüqonun ədəbiyyat tarixinin ən əhəmiyyətli yazıçılarından olacağı və silinməz iz qoyacağı heç kimin ağlına gəlməzdi.

İlk şeirlərini yazdığı və mükafatını qazandığı illərdə 20 yaşı vardı. O, 83 illik ömründə bir çox dram əsəri, roman və şeirə imza atmış, demokrat və humanist şəxsiyyət kimi tarixə düşüb.

Ətrafında baş verən hər hadisədən, gördüyü, duyduğu, mənimsədiyi hər ünsürdən təsirlənib, heç vaxt ilham pərisinin əskikliyini hiss etməyib.

Şübhəsiz, o dövrün ən böyük ədəbiyyat dahilərindən biri olan Hüqo hardasa bir əsrlik ömrünə teatr, şeir və roman sahəsində əllidən çox əsər sığışdırıb. Onun bir çox şah əsəri ölümündən sonra aşkarlanıb, bu gün də bütün dünyada yenidən nəşr olunur və aktuallığını itirmir.

Hüqo əsərlərində insanın, cəmiyyətin, xalqın duyğularını, sancılarını mükəmməl üslubla dilə gətirirdi. Onun üçün şairlik sadəcə yazmaq deyil, ciddi məsuliyyət idi. Şair bir “yaradıcı”, insanlığı xoşbəxtliyə, aydınlığa çıxaracaq bir sehrbaz, peyğəmbərdi.

Hüqonun atası general idi və bununla əlaqədar yaşayış yerləri tez-tez dəyişirdi. Onlar bir müddət Marsilyada, sonra isə Korsikada yaşamışdılar. Əvəllər anası Parisdə qalmış, bu müddətdə Hüqonun xaç atası general Lahori ilə sevgi macərası yaşamışdı. Sofi Hüqo 1803-cü ildə uşaqlarının yanına gələrək onlarla birlikdə Parisə qayıdır. Hüqo atasıyla keçirdiyi uzun səyahətlər zamanı saysız-hesabsız insanın əsgərlər tərəfindən edam olunmasının şahidi olmuşdu. Onda dərin izlər buraxan və diksinərək xatırladığı bu uşaqlıq müşahidələrinə əlavə olaraq on yaşında olarkən anasının sevgilisi general Lahori də dövlətə qarşı olmaqda günahlandırılaraq güllələnmişdi.

Yaşadığı köçəri həyat onun fərqli mədəniyyətlər tanımasına vəsilə olur, digər tərəfdən də yeniyetməlik vaxtı müşahidə etdiyi ictimai hadisələri anlamağa çalışırdı. Bu dönəmlərdə şeir yazmağa başlayır.

15 yaşı olanda Fransa Akademiyasının keçirdiyi müsabiqədə qalib olur. Anasıyla atası 1818-ci ildə boşanır, Hüqo qardaşları ilə Parisdə yaşamağa başlayır. Onlar analarının rəfiqəsinin uşaqları ilə yaxın dost idilər. Gələcək sevgisi və həyat yoldaşı Adel də bu uşaqlardan biri idi. Tətilləri isə atalarıyla birgə İtaliya-İspaniya arasında keçirirdilər. Hüqo və qardaşı Parisdə olanda yazmağa başlayır, Tuluz şeir yarışmasından sonra Hüqonun Şatobriana1 həsr etdiyi şeiri qardaşı vasitəsilə yayımlanır. Qısa zaman ərzində Şatobriana heyranlıqlarıyla tanınan qardaşlar yazıçının “Konservator” adlı dərgisindən ilhamlanaraq “Ədəbiyyat konservatoru” adlı dərgi yayımlamağa başlayırlar.

Anasının 1821-ci ildə vəfat etməsi Hüqo üçün sarsıdıcı olsa da, onun həyatında iki yeni dəyişikliyin də başlanğıcı olur… Karyerasındakı ən önəmli addımlardan birini atan Hüqonun ilk kitabı “Odalar və balladalar” yayımlanır və gənc şair gənclik eşqi Adel ilə ailə qurmaq planlarını gerçəkləşdirməyə başlayır.

26 aprel 1819-cu ildə Hüqo və Adel bir-birinə eşqini etiraf edir və o gündən başlayaraq üç il nişanlı qalırlar. Bu zaman ərzində cütlük bir-birinə yüz əllidən çox məktub yazır. Hüqonun anası Adeli sevmirdi, buna görə də nişanlı qaldıqları müddətdə gizli görüşməyə məcbur idilər. Və nəhayət, anası öləndə onlar evlənirlər.

Ailə barəsində Hüqonun bəxtsiz olacağı əvvəldən bəlli idi. Şairin qardaşına şizofren diaqnozu qoyularaq xəstəxanaya yatırılmış, ilk övladları Leopoldinanın iki aylıqkən ölümü isə ailənin xoşbəxtliyini daha da kölgələmişdi. İkinci uşaqları doğulanda ailənin üzərindəki qara buludlar qısa müddətliyə də olsa qalxır.

Adel və Viktor cütlüyünün ailə həyatlarının ilk illəri o qədər yaxşı keçirdi ki, hamı onların münasibətinə qibtə ilə baxırdı. Maddi vəziyyətləri düzəlmiş, daha böyük və rahat evə köçmüşdülər.

İyirmi üç yaşında “Şərəfli legion ordeni”nə layiq görülmüş gənc və tanınmış yazıçının arvadı çox yaxşı ana olmasına baxmayaraq, ədəbiyyat dünyasına yad idi.

Bu böyük ədəbiyyat adamının məsləkdəki yüksəlişi ailə həyatına yansımadı. Adel çox vaxt yalnız qalırdı, ailə həyatının səkkizinci ilində artıq onun Hüqoyla heç bir münasibəti qalmamışdı. Adel eynilə Hüqonun anasının etdiyi kimi marağını başqasına – Hüqonun dostu Şarl Sent-Bövə yönəltdi. Sent-Böv Adelə aşiq olmamışdan öncə Viktor Hüqo haqqında tərifdolu məqalələr yazırdı. Bir çox ədəbiyyat adamı və məsləkdaşı kimi Hüqonun yazıçılıq istedadına və yenilikçi dünyagörüşünə heyran idi. Adellə yaşadığı yasaq münasibət çox keçmədən onun Hüqoya qarşı təzadlı duyğulara qapılmasına yol açdı. 1830-cu ilə aid məktubda:

“Əgər necə təzad yaşadığımı bilsəydiniz, sizin ləyaqətinizi sındıran bu adama yazığınız gələrdi. Bəzən ümidsizlik və qəzəblə doluram, bəzən isə içimdən sizi öldürmək keçir. Məni bu cür düşüncələrimə görə bağışlayın. Daha sizinlə görüşə bilmərəm. Bir daha qapınıza ayaq basmayacağam” – deyə yazırdı.

Hüqo bu münasibətdən xəbər tutanda soyuqqanlılığını itirmədi, ancaq Sent-Bövlə olan bütün əlaqələrini kəsdi. Hüqo illərlə davam edən sevgisini arvadına yazdığı məktublarda dilə gətirməyə çalışsa da, heç cür onunla əvvəlki kimi ola bilmədi.

Adel yasaq eşq yaşayarkən Hüqonun da həyatı başqa məcraya keçmişdi. Onun dramları uğurla səhnələşdirilirdi. O, “Ernani” dramı ilə dahiliyini bir daha isbat etdi. Ardınca “Paris Notr-Dam kilsəsi”ni yazmağa başladı.

1834-cü ildə Sent-Böv Viktor Hüqonun “Mirabo haqda etüd” məqaləsinə və bir il sonra yayımladığı “Axşam nəğmələri” kitabına düşmən mövqeli tənqidi yazı yazdı.

Adel sevgilisindən gələn məktubları məhv etməsinə baxmayaraq, yoldaşına olan soyuq, məsafəli münasibətini davam etdirir, Hüqonunsa saf uşaqlıq eşqi külə çevrilirdi. Hüqo artıq özündə daha öncə heç fərqinə varmadığı dəyişikliklər müşahidə edirdi. Onun vücudu ilə ruhu vəhdətdə idi. Çox keçmədən Culyetta Düreni itmiş hislərini coşduracaqdı. Adel eyni dönəmlərdə yoldaşını itirməmək üçün mücadilə etdi, lakin Hüqo artıq onu sadəcə dost kimi qəbul edirdi. Boşanmadılar… Bəzən iki dost kimi yan-yana, bəzən də uzaq qohum kimi məsafəli yaşadılar. Sürgün illərində də bir müddət onu müşayiət edən Adel sonralar şairin pul və nəşriyyat işlərini idarə etmək üçün Brüksel, Cersi, Qernsi və Paris arasında gedib-gəldi. Adel 1863-cü ildə avtobioqrafiya yazmağa başladı. Sonralar bəzi bölümləri nəvələri tərəfindən senzuraya məruz qalan kitabda Adel uşaqlıq illərindən son dönəmlərə qədər yaşadıqları hadisələri və yoldaşına olan duyğularını dilə gətirmişdi. Hüqo çeşidli qaynaq və məlumatlarla kitabın yazılmasına dəstək oldu. Maraqlıdır ki, kitabda Culyetta Dürenidən bəhs edilməyib.

Üç il sonra Hüqo dostu Bodlerə kitabı oxuduğunu və yoldaşının bu əsərlə onu çox sevindirdiyini söyləmiş və bir məktubda yazmışdı:

“Madam Hüqo bu dünyada ən qədim dostumdur”.

Adel 1868-ci ildə beyin qanaması keçirərək dünyasını dəyişdi. Hüqo sürgündə olduğu üçün cənazəni Fransa sərhəddinə qədər müşayiət edə bildi. Ölümündən bir ay öncə Adel ərinə bunları yazmışdı:

“Sənin qollarında ölmək ən son arzumdur”.

Culyetta Düreni, şübhəsiz, Adelden sonra Hüqonun həyatında mühüm yer tutan qadınlardandır. Yetim qız dayısının himayəsində böyümüş, təhsilini Paris monastırında tamamlamışdı. Culyetta 1825-ci ildə heykəltəraş Ceyms Pradyeyə2 modellik etmiş, bir müddət sonra isə sevgilisi olmuşdu. Onların Klara adlı qızları da vardı. Dörd il sonra Pradyenin məsləhətilə aktrisalığa başlayan Düreni karyerasının əvvəlində – 1833-cü ildə Hüqonun əsəri “Lukretsia Borcia”da şahzadə Neqronini canlandırdı.

Qarşılaşdıqları gündən etibarən əlli il müddətində ayrılmayan cütlüyün münasibəti Hüqonun yersiz qısqanclıqları və sədaqətsizliyi ilə fırtınalı mərhələlərdən keçdi. Neqroni roluyla böyük uğur qazanan Düreni Hüqonun növbəti əsərində bunu təkrarlaya bilmədi. Gündə iki, hətta üç dəfə səhnəyə çıxan, kulisdəki intriqalara dözə bilməyən aktrisa şair uğrunda karyerasını qurban vermiş, özünü ömrünün sonunadək ona həsr etmişdi. Həm atası, həm öz ailəsində gördüyü sədaqətsizliklərə görə, Hüqo həmişə Düreninin vəfasız olacağı şübhəsiylə yaşayırdı. Halbuki, Düreni o olmadan evdən belə çıxmırdı. Culyetta Düreniylə Hüqonun bir-birilərinə yazdıqları məktubların sayı iyirmi minə yaxındır. Aşiqlər öldükdən sonra bu məktublar kitab halında nəşr olunub.

Viktor Hüqonun həyatına anası Sofi, Adel və Culyettadan başqa təsir edən bir qadın da vardı ki, onunla olan bağı həyatında böyük dəyişikliyə səbəb olacaqdı.

Hüqonun böyük qızı Leopoldina ilə arasındakı sevgi o qədər böyük idi ki, qızının ailə qurub evdən getməsindən sonra 17 fevral 1843-cü ildə sevgilisi Culyettaya belə yazmışdı:

“Məni tərk edir. Üzgünəm. Yoldan keçən yad tərəfindən gülü qopardılan bir gül ağacı qədər üzgünəm. Bir az əvvəl ağladım…”

Hüqonun 1837-ci ildə işıq üzü görən kitabında gənc qıza həsr etdiyi şeiri Leopoldinanın faciəvi sonunun xəbərçisi idi. Şeirin yazılmasından 6 il sonra – 4 sentyabr 1843-cü ildə Leopoldina 7 aydır evli olduğu əri Şarl Vaeri ilə Sena çayında qayıq gəzintisi zamanı boğulacaqdı. Əri çox yaxşı üzgüçü olmasına baxmayaraq, onu xilas edə bilməyəcək və özü də həlak olacaqdı.

Sevgilsiylə İspaniya səyahətindən qayıdan Hüqo xəbəri öyrənəndə çox sarsılır. Bir gün sonra dostu Luis Berlinə belə yazırdı:

“Oxudum. Və beləcə həyatımın, qəlbimin yarısının öldüyünü öyrəndim. Aman Allah! Mən sənə nə etdim?! O, dünyada cənnəti yaşamağımızı istəmir. Onu geri aldı. Ah, mənim zavallı mələyim. Onu bir daha əsla görməmək…”

Hüqo qızı öldükdən sonra “Düşüncələr” adlı kitabını yazacaq və yaşadığı iztirab əsərdəki ən təsirli şeirlərdə əks olunacaqdı.

Leopoldinanın yoxluğu Hüqonun varlığını, həyatını sorğulamasına səbəb olur. Belə çıxılmaz vəziyyətdə olması hadisələri və duyğuları daha qlobal şəkildə ələ almasına yol açır.

Qızı öldükdən sonra səssiz və depressiv hallar yaşayan Hüqo bu dövrdə kitab nəşrinə də ara verir. Hüqoya sadəcə romantik, özünü işinə həsr etmiş insan kimi yanaşmaq haqsızlıq olardı. Eşq və erotizm, şübhəsiz, Hüqonun şəxsiyyətinə və əsərlərinə təsir edən önəmli anlayışlardır. Qadınlara düşkünlüyü və seksdən doymayan həvəsilə Hüqo ikinci arvadı kimi gördüyü Culyettanı da aldadacaqdı. Culyetta ilə münasibəti Hüqonun gənc və ailəli Leoni Biard ilə fırtınalı bir münasibətə girməsinə əngəl olmadı. 2 iyul 1845-ci ildə Yüksək Məclis nümayəndəsi olan Hüqonun bu münasibəti qəzetlərdə dərc olunur və hər yerdə danışılmağa başlayır. Biard Hüqonun ona yazdığı ən ehtiraslı məktubları Culyettaya göndərənə qədər onun bundan xəbəri yox idi. Məktublardan başqa ədəbiyyat mühitinin “Viktor Hüqonun sonu” kimi səciyyələndirdiyi qalmaqal da baş verdi. Leoni Biardın əri münasibətin üstünü açmış, gənc qadın cəzalandırılmışdı. O dövrün mədəni qanununa görə, zina edən qadın 3 aydan iki ilə qədər manastıra qapadılır, kişi isə həbs olunurdu. Hüqo məclis üzvü olduğu üçün həbsdən canını qurtara bilir. O, düşmənlərini sevindirən bu qalmaqalın öhdəsindən qısa zamanda gəlir və yenidən işinə qayıdır.

Hüqo Napaleon Bonopartın 1848-ci ildən sonrakı namizədliyini dəstəkləsə də, 1851-ci ildə səfərdə olanda gözləmədiyi sosial ədalətsizlik onu sarsıdır. Millət vəkili kimi etdiyi çıxışlarda şair təhsil və media azadlığını ön planda tutur, edam cəzalarına, düşərgələrə və səfalətə qarşı olduğunu bəyan edir. Yaşadığı yüzilliyə damğasını vuran ədalətsizliklər siyasi mövqeyinə dərindən təsir edərək, onu böyük humanistə çevirir.

1851-ci il inqilabında Hüqo diktaturaya qarşı çıxır və qatıldığı nümayişlərdən birində ən yaxın dostlarından biri olan millət vəkili öldürülür. Bir müddət gizlənən Hüqo sevgilisi Culyettanın köməyi ilə saxta sənədlərlə Fransadan uzaqlaşır. Öncə Brükselə, sonra Cersiyə gedir. III Napaleon ümumi əfv elan etsə də, o, Fransaya dönmür. Çünki onun üçün hələ də azadlığın olmadığı ölkəsinə dönmək var olan hökuməti də qəbul etmək deməkdi. Onun yerinə mənzərəli otağında “Cəzalar” və dörd cildlik şah əsəri “Səfillər”i yazmağa başlayır.

Biarla olan macəradan sonra Hüqo sakitləşir. Gənc aktrisalar, xidmətçilər, fahişələrlə də əlaqəsi olur. Gün keçdikcə görünüşünə daha çox heyran olan və “Budur, dahilik burdan meydana gəlir” deyəcək qədər özünə güvənən Hüqo Alisa Ozi adlı gənc teatr aktrisası ilə də qısa müddətlik macəra yaşayır. Ozinin şairdən ona bir neçə misra yazmasını istəməsindən sonra Hüqo ona dördlük hədiyyə edir.

Xəyanətə daha dözə bilməyən Culyetta 1873-cü ildə Brükselə köçür. Çox zaman keçmədən şair sevgilisinin qəlbini yenidən fəth edir. Ancaq bu barışıq şairin bir daha əsla qadınlara yaxınlaşmayacağı anlamına gəlmirdi. Belə ki, Hüqonun hesab dəftərində “fəqirlərə ianə” adı altında yüngüləxlaqlı qadınlara ayırdığı büdcəsi belə vardı…

Hüqo 1870-ci ildə III Napaleon Sedanda təslim olub Paris respublika elan edildikdən sonra vətəninə qayıtmağa qərar verir.

Yetmiş yaşına yaxınlaşan şair ölkəsinə “Yaşasın Viktor Hüqo” sədaları və alqışlarla daxil olur. Hüqo ölkəyə qayıdandan bir il sonra – 1871-ci ilin fevralında millət vəkili seçilir.

Bir müddət sonra oğulları vəfat edir, arvadının adını daşıyan qızı Adel isə qardaşı kimi şizofreniya diaqnozu qoyularaq dəlixanaya yatırılır. Hüqo millət vəkilliyindən sonra senator olur və ömrünün sonuna qədər ədalətsizliyə, edam cəzasına qarşı mücadilə edərək xalqların azadlıq və qardaşlığı üçün çalışır.

Culyetta şairin bütün sədaqətsizliklərinə rəğmən ondan ayrılmır. Alisa Ozi, Leonie Biard və bir çox başqa qadınlarla yaşananlar artıq unudulur.

Onlar şairin nəvələri ilə birlikdə eyni evdə yaşayırlar. Hüqo ilə şahzadə Neqroninin yarım əsr davam edən sevgiləri Culyettanın 1883-cü ildə ölümü ilə ədəbiyyat tarixindəki yerini alır.

Culyettadan iki il sonra Hüqo dünyasını dəyişir və cənazəsi iki milyona yaxın insanın iştirakı ilə 1 iyun 1885-ci ildə Panteonda3 dəfn edilir.

Vəsiyyətində yazılmışdı:

“Yoxsullara 5000 frank vəsiyyət edirəm. Cənazəmin qəbiristanlığa onların arabasıyla daşınmasını istəyirəm. Heç bir kilsə mənə dua oxumasın. Hər kəsin mənə dua etməsini təvəqqe edirəm.

Tanrıya inanıram”.

Ziqmund Freyd və qadınlar

Əgər mövzu insanın ən gücsüz, hətta ağrılı tərəflərindən olan eşqdirsə və obyekt də Freyddirsə, hər şeyi unutmalı, mövzuya yenidən baxmalıyıq. Bildiyimiz kimi, eşq insanın kimyasını alt-üst edən, zehni prosesi fərqliləşdirən bir təsirə malikdir və Freydin istədiyi əsla bu deyil.

Çünki o, həyatının ilk illərindən etibarən dahi olacağının, heykəlinin ucaldılacağının, onun üçün mərasimlər keçiriləcəyinin xəyalı ilə yaşayıb. Bu xəyali mərasimdə söyləyəcəklərini belə zehnində planlaşdırıb. Belə bir xəyalı gerçəkləşdirməyə yönəlmiş bir həyatda alışdığımız çılğınlıqları, azğınlıqları, travmaları ilə yaşanacaq bir eşqə yer ola bilməzdi, olmamalıydı. Elə də oldu. Ya da elə olduğu təəssüratı yaradıldı. Freyd ömür boyu təkarvadlılığı müdafiə etdi və elə də yaşadı. Ancaq o arvadına aşiq olmuşdumu? Elə olduğunu dedi və yazdı.

Freydin həyatındakı əsas qadınlar anası Amelia, həyat yoldaşı Marta, baldızı Minna və qızı Anna olub. Hamısıyla münasibəti qeyri-adi idi.

Freyd məchulları açmaq və beləliklə, unudulmaz olmaq istəyirdi. Bunu gerçəkləşdirə bilməsi üçün öz həyatının da məchullarını çözməliydi. Freyd insan və onun daxilini anlamaq üçün öz üzərində eksperiment aparırdı. 83 illik ömrünü öz üzərində təcrübə apararaq tamamladı. Bu, onun seçimiydi və tamamilə “şüurlu” idi.

* * *

O, 1856-cı il mayın 6-da indiki Çex respublikasının ərazisində yerləşən Frayburqda anadan olub. Yun taciri olan atası Yakob Freydin Amelia Natansonla ailə qurduğu zaman 40 yaşı var idi. Onun əvvəlki nikahından iki uşağı və bir nəvəsi də olmuşdu. Arvadının isə hələ 20 yaşı vardı. Ziqmund Amelianın ilk övladıydı və ənənəvi yəhudi ailələrində oğlan uşağına verilən önəmə malikdi.

Atası ailədə hər kəs tərəfindən sevilən, nəzakətli bir şəxs kimi tanınsa da, evinin əsl ağasıydı. Anası isə özünətələbkar idi. Belə ki, 95 yaşı olanda qəzetdə gördüyü bir şəklinə baxıb demişdi: “Yaxşı çəkilməyib, sanki yüz yaşım var”. O, bunu söylədikdən beş həftə sonra dünyasını dəyişdi. Ziqmund ehtiraslı xarakterini və özünəinamı anasından, hadisələrə qarşı sağlam şübhəni, sarkazm duyğusunu, azad düşünmək bacarığını isə atasından almışdı. Anasının Freydə olan sevgi və qayğısına heyranlıq da demək olar. Freydin özünəinamının inkişafında bunun əhəmiyyətli rolu olub.

Dahilər və eşqləri

Подняться наверх