Читать книгу Xiyabani - Панахи Макулу - Страница 1
ОглавлениеPƏNAHİ MAKULU
XİYABANİ
r o m a n
Pənahi Makulu
Redaktordan
Cənubi Azərbaycan ədəbiyyatı bütöv Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi daima mütərəqqi ideyalarla əsərlər yaradan söz sahibləri ilə zəngin olub. Milli azadlıq ideyalarının daha qabarıq şəkildə ifadəsi, bəlkə də, Cənubi Azərbaycan ədəbiyyatı nümunələrində əks olunub. Şəhriyar, Piruz Dilənçi, Mir Mehdi Etimad, Həbib Sahir, Əbülfəz Hüseyni (Həsrəti), Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir və s. kimi qüdrətli söz sahibləri Cənubi Azərbaycan ədəbiyyatınında biri-birindən maraqlı əsər müəllifləri kimi iz qoyublar. Bu söz sənətkarlarından biri də Abbas Hacı Ələkbər oğlu Pənahi Makuludur. Makulu 1900-cü il-də Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsi-lini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində almışdır. Çağının ziyalı insanlarından olan atası Hacı Ələkbər 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmuş, Cənubi Azərbaycanın de-mokratik hərəkatında yaxından iştirak etmişdir.
Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı ol-ması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi, onu ədəbiyyat yo-lunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən – on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifba-sına keçid problemi müzakirə edilən məclisdə o, özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur.
Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayır. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1948, 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Ye-ni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Bundan sonra Makulunun bədii yaradıcılığa həvəsi daha da artır. Bir-birinin ardınca İrandakı ictimai-siyasi prosesləri açıqlayan çoxlu hekayələr, povestlər, romanlar, felyetonlar yazır. 1950-ci ildə onun Bakıda müxtəlif illərdə yazdığı "Təb-riz gecələri" adlı hekayələr kitabı çapdan çıxır.
Kitabda yer alan "Sirli çoban" hekayəsində müəllif demokratik-inqilabi hərəkatdan öncə Maku mahalında baş verən bir hadisəni qələmə almış, kəndlilərin əzablı həyatını, qəbilə başçıları arasındakı şəxsi ədavətlərin nəsillərə keç-məklə böyük bədbəxtliklərə səbəb olduğunu yüksək usta-lıqla təsvir etmişdir.
"Gizli zindan" povestində yazıçı Rza şah və onun nəs-linin zülmkarlığını və hiyləgər sifətlərini ifşa etmiş, istibdada qarşı mübarizə aparan Kazım ağa, Tələt xala, Məlihə kimi bədii obrazlar yaratmışdır.
Kitabdakı hekayələrdə ("İntiqam dəstəsi", "Təbriz ge-cələri", "Qırmızı aşıqlar") yazıçı ingilis-amerikan silahı zoru-na İran səltənəti sahiblərinin Azərbaycan xalqının milli azad-lıq hərəkatına divan tutmalarını, İranın hakim dairələrinə qarşı demokratların apardığı mübarizəni yüksək bədii bo-yalarla verməyə çalışmışdır.
1928-ci ildə atasının ağır xəstəliyi ilə əlaqədar İrana qayıdan Abbas müəyyən həyati çətinliklərlə üz-üzə qalır. Bu səbəbdən də onun ədəbi yaradıcılığında bir müddət fasilə yaranır. Bu dövrdə o, siyasi fəaliyyətlə məşğul olur. 1936-cı ildə məhz siyasi görüşlərinə görə həbs olunur və Zənca-na sürgün edilir. 1941-ci ildən etibarən isə yazıçının ədəbi fə-aliyyətində yeni mərhələ başlanır. "Azərbaycan" qəzetinin fəal əməkdaşlarından biri kimi yazıçı o dövrün hadisələrini əks etdirən çoxlu felyetonlar, tənqidi məqalələr yazır. 1945-ci ildə yaranan, lideri Seyid Cəfər Pişəvəri olan Azərbaycan Demokratik firqəsinə üzv olur. Abbas Pənahi firqənin 1945-1946-cı illərdə keçirilən hər iki qurultayında iştirak edir. Milli hökumətdə Siyasi İdarənin rəisi olan Abbas bu dövrdə daha çox ictimai-siyasi xadim kimi fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Şimali Azərbaycanla bağlayır. 1950-ci illərdən başlayaraq Pənahi yaradıcılığının ən parlaq dövrləri başlanır və o, bir-birinin ardınca gözəl sənət nümunələri yaradır.
Cənubi Azərbaycan yazıçıları arasında tarixi roman-ların müəllifi kimi məşhur olan yazıçı bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Hey-dər əmioğlu", "Xacələr" kimi tarixi romanlarını yazır. "Sət-tarxan" romanı yazıçının ilk irihəcmli əsəri olmaqla, Azər-baycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət Səttar-xanın həyat və qəhrəmanlığına həsr olunmuşdur. "Səttarxan" romanının baş qəhrəmanı öz azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqıdır. Bu mübarizədə bütöv Azər-baycan iştirak edir. Yazıçı xalqın gücünü onun vəhdətində görür və bu, ana xətt kimi bütün əsər boyu ön plana çəkilir. Abbas Makulunun "Gizli zindan" romanı bir növ "Səttar-xan"ın davamıdır. Burada bir çox obrazlar olduğu kimi (mə-sələn, Mahmud və Sənubər) saxlanılmış, demokratik hərə-katın iştirakçılarının apardıqları mübarizə parlaq bədii bo-yalarla təsvir edilmişdir. Abbas Pənahinin bütün əsərlərini (istər hekayə olsun, istər povest, istərsə də tarixi roman) hə-yəcansız oxumaq olmur. Onun əsərləri sanki bir detektivə bənzəyir, başlandısa, nəyin hesabına olursa-olsun, tez başa çatdırmağa çalışırsan. Çünki yaradılan obrazların, təsvirlərin təsiri altından çıxmaq çətin olur, hadisələrə biganə qalmaq olmur. "Gizli zindan" romanında tarixi hadisələrə sadiq qalan yazıçı bəzən baş vermiş hadisələrin ilini, gününü belə dəqiqliklə göstərir ki, bu da, əlbəttə, belə mövzuda yazan sə-nətkar yazıçı üçün başlıca məziyyətlərdən biridir.
"Səttarxan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərlərində İranda müxtəlif dövrlərdə baş verən milli-azad-lıq hərəkatlarına, saray çəkişmələrinə, xalqın mütləqiyyətə qarşı mübarizəsinə həsr olunan çoxlu zəngin tarixi faktlar vardır.
Pənahi Makulu əksər əsərlərini nikbin notlarla qur-tarır, əsas diqqətini Azərbaycanın gələcəyinə, xalqın vəhdə-tinə yönəldərək, vahid Azərbaycan ideyasını təbliğ edir. Tə-əssüf ki, böyük yazıçı, alovlu vətənpərvər Abbas Pənahi Azərbaycanın bu günkü müstəqilliyini görmədi.
Böyük ideyalarla yaşayan, Azərbaycanın müstəqilli-yi, vahidliyi uğrunda alovlu mübariz Abbas Pənahi (Maku-lu) 1971-ci il sentyabrın 29-da vəfat etmişdir. Yazıçının vəfa-tından sonra – 1972-ci ildə onun "Səttarxan" romanı Mos-kvada 100 min tirajla çap olunmuşdur. Bu roman 1983-cü il-də Azərbaycan dilində 2 cilddə ikinci dəfə nəşr olunmuşdur. "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərləri də ayrıca ki-tab şəklində çap olunmuşdur.
Makulunun “Xiyabani” əsəri də ideyaları, azadlıq uğ-runda mübarizə əzminin qüvvətli ifadəsi baxımından yazı-çının “Səttarxan” əsərindən geri qalmır. Nasir öz ənənəsinə sadiq qalaraq, olduqca rəvan dil xüsusiyyətləri ilə, oxucunu yormayan dillə böyük bir azadlıq mübarizəsini təsvir edir. Təsvir olunan mübarizə, nəinki böyük şəhərlərin, böyük in-sanlarının dili ilə göstərilir, həm də bu mübarizə kəndbə-kənd, məhlə-məhlə izlənilir. Bu əsər mübarizə və azadlıq duyğularımızın ölməməsi yolunda mükəmməl hesab oluna bilər. Ortaq obrazlar, oxşar ideologiyalar onu göstərir ki, müəllif bütün yaradıcılığı boyu Cənubi Azərbaycanın azad-lığı üçün mübarizə aparmış və bu yolda qələmini heç zaman yerə qoymamışdır.
I HİSSƏ
1
Ərvənəq, Ənzab, Şəbüstər və bütün Güney mahalının adamları kimi, Xamnə əhalisi də qürbətkeş idi. Çalışqan və zirək olsalar da, işsizlik öz şəhər və kəndlərində onları fəla-kətdən-fəlakətə sürükləyirdi. Adamlar qohum-qardaşlarını, əziz balalarını qoyub qaçır, ərpiyan toxumu kimi dünyaya səpələnirdilər. Xamnədə çox az adam qalmışdı. Axşam naxır və sürü gələndə heyvanların səs-küyü olmasaydı, buranı Xamuşanlar1 şəhəri adlandırmaq olardı.
Yuxarı başdan axıb gələn Güney arxı qəsəbəni yarıya bölür, bazar meydanının baş tərəfində dövrəsinə qalın kölgə salan qarağacın yanından keçib, qəsəbənin aşağısından çı-xırdı. Uzaqdan baxanda yaşıl günbəz kimi görünən bu ağa-cın altındakı səki yerdən çox hündür deyildi. Bu balaca sə-kinin üstündə müxtəlif sənətləri olan dörd adam oturub, kəsbkarlıqla2 məşğul olurdu.
Yayın girməsinə az qalırdı. Arxın suyu indidən qu-rumuşdu. Barmaq naziklikdə sızıb gələn su bir neçə yerdə gölməçələnmişdi. Qarağacın qabağındakı baqqal, arxalığının ətəklərini qurşağına sancaraq, gölməçələrdə toplanıb qalan sudan çömçə ilə götürür, dükanın qabağına səpir və hər-dənbir qırxıq başının təpəsində qaralan tərliyini çıxarıb, al-nından saqqalına süzülən tərini silirdi. O, hər dəfə su çilə-yəndə meyvə tabaqlarına qonmuş yüzlərlə milçək qalxır, ha-vada dövrə vurur və təkrar tabaqlara qonurdu.
Qarağacın o biri tərəfində həsir parçası üstündə otu-ran adam yanındakı balaca sandığa dirsəkləndiyi halda mür-güləyirdi. Sağ əldə kötüyün üstünə qoyulmuş çərməki və qa-bağında saxsı dibçəkdə islanan bir tay çust onun pinəçi ol-duğunu bildirirdi.
Qarağacın o biri tərəfində stol hündürlüyündəki sə-kidə sarı bir samovar cızıldayırdı. Onun yanında ayaq üstə duran uzun, arğac kişi qabağındakı ləyəndə stəkanları yaxa-layır və hərdənbir “təzədəm çay” deyə qəribə bir nida ilə tənbəl-tənbəl çığırırdı.
Qarağacın şimal səmtində şaqqa yarım yağlı qoyun əti asılmışdı. Yerə sərilmiş dəridə isə heyvanın içalatı yığıl-mışdı. Belinə qırmızı fitə bağlamış kişi əlindəki bıçağı fitənin üstündən asdığı məstə çəkib itiləyirdi. Bu da çayçı kimi ara-bir: “Gəl, kasıb, gəl apar! Pulun yoxdur, xəbərin?” – deyə səslənir, müştəri axtarırdı.
Qarağacın cənub tərəfində balaca bir döşəkçənin üs-tündə dəvə kimi dizlərini yerə vurub oturan adamın dövrə-sinə çoxlu kuzə və küpə yığılmışdı. Çiynində boz xurcun, əlində yekə dəyənək olan bir oğlana kuzələri göstərib öz ma-lını tərifləyirdi. Oğlan kuzələri bir-bir götürüb püfləyir, xo-şuna gələni seçib kənara qoyurdu. Onun ovurdları zurnaçı üzü kimi şişir, gözləri kəlləsinə çıxırdı. O, bəzən üfürməklə kifayətlənməyib, kuzələri barmağı ilə vurub cingildədirdi.
Qarağacdan o yana dar bir küçə başlayırdı. Bu küçə-də o birilərə nisbətən böyük bir qapı nəzərə çarpırdı. Qapıya yaxınlaşanda, elə bil çoxlu arı pətəyi saxlanan həyətə girir-din. Bura Xamnə qəsəbəsinin yeganə məktəbi və məscidi idi. Həsirlə döşənmiş hücrədə uşaqlar dizlərini qatlayıb, üzü-quylu yırğalana-yırğalana dərs oxuyurdular. Həyətin orta-sındakı hovuzun suyu göyümtülə çalırdı. Uzunsov hovuzun ətrafında bir neçə mömin kişi dəstəmaz alaraq namaza ha-zırlaşırdı. Pəncərəyə yaxın oturan mollanın qabağındakı tax-ta qutununun üstündə lülə kağız, qələmdan, möhür və bir neçə çubuq var idi. Bu, onun həm müdərris, həm möhürqa-zan, həm də ərizə və duayazan olduğunu bildirirdi.
Alnı günəşdən qaralmış, başı sarıqlı, ağ saqqalında hələ də qan qızaran bir kişi mollanın qabağında çömbəlib de-yirdi:
– Yaz, qadan alım, yaz, mən necə deyirəm, eləcə də yaz… Yaz ki, müctəhid ağa, bu it balası itin, sənin mübaşirin Kərimin zülmü ərşə dayandı. Hamını didərgin saldı, kənddə daha qalan olmadı. Özün gəlməsən bu camaatın dərdini bil-məzsən. Bu it oğlu itin cəzasını verməsən, qalanlar da arvad-uşaqlarını qoyub birbaş Urusyətə qaçacaq.
Molla qələmi dayandırdı və enli qaşlarının altından kəndlini süzərək hirsli-hirsli dedi:
– Belə sözləri müctəhid ağaya yazmaq olmaz!
– Niyə yazmaq olmur, axund ağa?
– Dedim olmaz, olmaz! Ağa adamın atasını yandırar.
– Müctəhid ağa bəyəm cəhənnəm malikidir ki, xal-qın atasını yandırsın?
Molla qələmi yerə qoydu; üz-gözünü daha da tur-şutdu, qeyzlə kəndlinin üstünə qışqırdı:
– Get gözümün qabağından, mülhüdün biri mül-hüd! Belə-belə sözlər danışırsız ki, bu günə qalmışıq da! .. Cəhənnəm olsun sənin verəcəyin bir abbası da, sənin özün də; rədd ol burdan!
Daha nə deyəcəyini bilməyən kəndli alnını qaşıya-qaşıya fikrə getdi:
– Hə, yəni deyirsən müctəhid ağaca yazmaq olmaz ki, bu it balası sənin rəiyyətini dağıtdı?
Molla özündən çıxdı:
– Əcəb xətaya düşmədim?! Əşşi, nə qırsaqqız olub yapışmısan yaxama?
Eşikdən gələn on-on iki yaşlı bir oğlan kəndlinin arxa tərəfindəki dəhlizə girib, oradan da hücrəyə keçdi. Onun içə-ri girməsi ilə bayaqdan avazla höccələyə-höccələyə dərs oxu-yan uşaqların səsi kəsildi. Molla sınıq tərəfinə sap saldığı ey-nəyini çıxarıb, qızarmış gözlərini yarım qaranlıq hücrədə gəzdirdi:
– Rəhim ağa, gəldin, bala?
– Bəli, gəldim, molla əmi.
– Oğlan, ya qız?
– Oğlandı, molla əmi, oğlan.
Kəndlinin səbri tükəndi:
– Molla ağa, mənim işim var axı…
– Mən sənə dedim ki, yaza bilmərəm! Mən heylə ərizələri yazmağı bacarmıram. Bildin, yoxsa yox?!
– Yaza bilməzsən, heç də yazma!.. Elə düz deyiblər ki, qoyun quzunun ayağını basmaz. – Kəndli deyinə-deyinə uzaqlaşdı.
Molla üzünü uşağa tərəf tutub soruşdu:
– Oğlum, birdən o dəfəki kimi qız olar ha?
– Yox, molla əmi, anamı eşiyə çağırıb onun özündən soruşdum.
Rəhim ağa qəsəbədə mamalıqla məşğul olan, hamı-nın “Xatın xala” çağırdığı arvadın oğlu idi. Molla bu oğlanın vasitəsi ilə qəsəbədə qadınlardan kimin oğlan, kimin qız doğduğunu hamıdan qabaq öyrənərdi. Doğulan uşaq oğlan olsa, molla tez uşaqlardan bir neçəsini gözaydınlığına gön-dərərdi.. Uşaqlar mollaya qənd, çay ya da nəğd pul alıb gə-tirərdilər. Molla da bunun əvəzində o gün uşaqları saxlama-yıb evə buraxardı.
– Hacı Əbdülhəmid Urusiyyətdədir, bəs indi kimin üstünə gedib gözaydınlığı alacaqsınız? – deyə molla üzünü uşaqlara tutdu.
On altı-on yeddi yaşlı çəpgöz oğlan irəli keçdi: –Molla əmi, Hacı Əli bibioğlu buradadır, ondan alarıq.
– Hımm. Hacı Əli Ağa…
Mollanın gözləri güldü.
Zəhra xanım altı qardaşın yeganə bacısı idi. Onun xatiri ərinin qohumları yanında nə qədər əzizdirsə, qardaş-larının yanında daha artıq əziz idi. Qardaşı Əli Ağa hələ gənc olsa da, qəsəbədə öz əliaçıqlığı ilə ad qazanmışdı. Uşa-ğın dünyaya gəlməsindən bir saat keçməmişdi ki, Təbrizə tə-rəf bir atlı çapırdı. O, birbaş Təbrizdəki Hind-Avropa tele-qrafxanasına gedərək oğlanın atasına, Petrovskidə3 ticarətlə məşğul olan Xamnə taciri Hacı Əbdülhəmidə şad xəbər verə-cəkdi.
O qədər keçmədi ki, mollanın gözaydınlığa göndər-diyi uşaqlar qayıtdılar. Hacı Əli Ağa doğrudan da, həddin-dən artıq səxavət göstərmişdi: bir kəllə qənd, bir kirvənkə Papov çayı, bir də Molla əminin arvadına dörd arşın güllü çit göndərmişdi. Mollanın keyfi duruldu, uşaqları birdən bi-rə iki gün dərsdən azad edib evlərinə buraxdı…
2
Günlər, aylar ötdükcə körpə Məhəmməd dirçəlir, gah sevinir, gah qəmlənir, gah da yeriyirdi. O, qaranı ağdan seçir, yaxşı yamanı başa düşür, altı yaşına qədəm qoyurdu.
Axşamdan yarmaca kimi başlayan qar Məhəmməd yuxudan duranda kəsmiş, günəş pəncərədən süzülüb, otağı həmişəkindən artıq işıqlandırmışdı. Bunu görən balaca se-vindi, yerindən durub geyindi, həyətə qaçdı. Qardan gözləri qamaşdığından, həyətə enən baş pilləkənin yanındakı səkidə dayandı. Yarım arşından artıq qar düşmüşdü. Ondan əvvəl həyətə düşənlərin ayaq izləri, nədənsə uşağa daha dərin gö-ründü. Həyətdəki meyvə ağaclarının üstünə elə bil ağ çadır çəkmişdilər. Evin damından “Adam olmasın ha!” – deyən qar kürəyənin səsi eşidildi. Qar tozanağı Məhəmmədin üzü-nə, açıq sinəsinə səpələndi. Uşaq nə fikirləşdisə, tez içəri qaç-dı, dəhlizdə cızıldayan balaca samovarın yanındakı kiçik xa-kəndazı götürüb, əvvəlcə pillələrin qarını təmizlədi, sonra isə mətbəxə tərəf nazik bir cığır açdı. Oğlunun hərəkətlərini gözaltı seyr eləyən ana sevindi:
– Məhəmməd, bala, gəl çayını iç, qızış.
– Mən üşümürəm, ana, qoy mətbəxə gedən yolu təmizləyim, gəlirəm, – deyə oğlan təkrar işə girişdi.
Səhər çayından sonra Məhəmməd bir müddət qar-dan dağ qayırmaq və ev düzəltməklə vaxtını keçirdi. Sonra darıxmağa başladı. Özünü anasının yanına verib soruşdu:
– Bəs bu qış haçan qurtaracaq?
– Sənin qışın qurtarması ilə nə işin var, bala?
– Necə nə işin var, qız deyiləm ki, evdə oturam!..
Bəs bayramda dayım məni məktəbə qoymayacaq? O, mənə təzə paltar alacaq, ağam bizə konfet göndərəcək, xa-lam mənə qırmızı yumurta verəcək. Nənəmlə bağa yemlik yığmağa gedəcəyik.
Ana iftixarla oğluna baxıb gülümsədi. Sonra dərin-dən köks ötürüb qeyri-ixtiyari gözlərindən süzülən yaşı oğlu görməsin deyə üzünü yana çevirdi. Çarqatının ucuyla göz-lərinin yaşını sildi. “Yazıq bizə, sənin ömrün qürbətdə, mə-nim günüm həsrətdə keçdi” – deyə öz-özünə pıçıldayıb ərini xatırladı. Anasının qüssələndiyini duyan oğlan onun boy-nunu qucaqladı:
– Bəs sən deyirdin, qış qurtaranda Hüseyn də, ağam da gələcək. Qoy tez gəlsinlər də: – Oğlunun atasından söz salması bir neçə ayın gəlini ikən əri qürbətə getmiş qadını daha artıq kədərləndirdi.
– Gələcəklər, gələcəklər, oğlum, – deyə qadın özünü ələ alıb oğluna təsəlli verməyə çalışdı.
– Bu dəfə gələndə daha qoymayacağam getsinlər…
– Olmaz, oğlum, onlar gedib Urusiyyətdə pul qa-zanmasalar, biz burada dolana bilmərik.
– Bibioğlumgil də Urusiyyətdədirlər?
– Nə bilim, oğlum, bəlkə də hə… Adamlarımızın çoxu indi qürbətdədir.
– Hansı şəhərdədirlər, ana?
– Məşhəddədirlər, bala.
– Niyə, burada pul qazanmaq olmaz?
– Nə bilim, belə işləri arvadlar bilməz, bala. Deyirlər ki, burada hər kəs pul qazansa, qəsəbənin sahibi tutub onlardan alır.
– Buy, qəsəbənin sahibi bəs Allah deyil?
– Allah hamının sahibidir. Qəsəbənin sahibi keçən il dayıcanı ağaca bağladıb döydürən adamdır.
– Ona heç kəsin gücü çatmaz?
– Yox, bala.
– Divin də gücü çatmaz?
– Çatmaz, bala, çatmaz. Onu Allah özü xan eləyibdir.
– Allah niyə onu xan eləyirdi ki? Eləməyəydi də…
Oğlanın bu baş-ayaq suallarından yaxa qurtarmağa çalışan ana:
– Mən nə bilim, ay oğul, – deyib dəhlizə keçdi. Mə-həmməd də çəkilib kürsüyə girdi. Arxasını mütəkkəyə söy-kəyib yorğanı boğazına kimi çəkdi, xumarlandı. Yadına Fatı nənənin danışdığı “Buz ilə buzov nağılı” düşdü.
“… Qarı buzovu suya aparanda yol buz idi, buzov birdən sürüşüb yerə dəydi, ayağı sındı. Qarı qəzəbləndi: “Ay buz, sən nə yaman zalımsan!”
Buz dilə gəlib cavab verdi: “Mən əgər zalım olsay-dım, Günəş məni əritməzdi”. Qarı qaçıb üzünü buludların arxasında gizlənən günəşə tutdu: “Hara qaçıb gizlənirsən, ay zalım?” Günəş ah-nalə elədi: “Zalım olsaydım, qara buludlar mənim qabağımı kəsə bilməzdi”. Bulud gözlərinin yaşını axıdıb dedi: “Mən zalım olsaydım, yağış məndən ayrılmaz-dı”. Yağış ağlaya-ağlaya cavab verdi: “Əgər zalım olsaydım, torpaq buğda bitirməzdi”. Lap axırda buğda əkib becərən dedi: “Əgər mən zalım olsaydım, zəhmətlə əkib-biçdiyim buğdanı xan əlimdən almazdı”.
“Xan” sözü, anasının dediyi sözləri Məhəmmədin yadına saldı və onu düşündürdü. “Deməli, qəsəbənin sahibi olmasaydı, Allah onu xan eləməsəydi, o mənim dayımı döy-dürə bilməzdi. O, camaatın pulunu əlindən almaz, atam, da-yılarım qürbətə qaçmazdılar. Atamla dayılarım qürbətə qaç-masaydı, anam ağlamazdı”. Uşaq bu dolaşıq fikirlə də yu-xuya getdi. Nə qədər ki, qar yağmamışdı, hər axşam anası uşağı məscidə aparardı. Hafizəli, şüurlu olan oğlan da gö-rüb-eşitdiklərini zehnində nəqş edirdi. İki gecə bundan əvvəl mollanın məsciddə qiyamət günü, mizan-tərəzi, haqq-hesab və ədalət haqqında dedikləri də balaca Məhəmmədin zehni-ni az məşğul etməmişdi. İndi o, yuxulayan kimi mollanın təsvir etdiyi məhşər gözünün qabağında canlandı: Xamnə bazarı meydanında, qarağacın düz qabağında yekə bir tərəzi asılmışdı. Tərəzinin bəlimdən toxunmuş gözlərinə dəri tik-mişdilər. Tərəzi qolları elə möhkəm qayışdan qayrılmışdı ki, yüz batman da qoyulsaydı, qırılmazdı. Mizanı ucubunuq4 boyda bir adamın əlində idi. Kişinin boyu o qədər uzun idi ki, əgər əlini atsaydı, ulduzları bir-bir göydən qoparardı.
Meydanın bir tərəfində qızıldan qayrılmış bir taxt qoyulmuşdu. Üzündən-gözündən nur yağan, qar kimi ağ saqqalı sinəsinə düşmüş, mehriban baxışlarla Məhəmmədə baxan bir kişi taxtın üstündə oturmuşdu. Bu, "Allah" özü idi. Onun sağ-solundakı pəhləvanlar qılınclarını çəkib sıra ilə dayanmışdılar. Qəsəbə camaatı meydana toplaşmışdı. Ar-vad, uşaqlar damlardan baxırdılar. Elə bu vaxt kəndin ərbabı beş-altı atlı ilə meydana daxil oldu. Bütün adamlar yerlərin-dən durub, onlara təzim edəndə "Allah"ın acığı tutdu. Cama-atdan soruşdu:
– Bu köpək oğlundan kimin şikayəti varsa, desin!
Heç kimdən səs çıxmadı. Məhəmməd o saat anasına qısıldı:
– Dayıcanı döydürən bu deyil? Bəs niyə demir?
– Qorxur, bala, qorxur.
– Sən deyirdin bəs hamı "Allah"dan qorxur? Qoy da-yıcan desin də.
– Yox, bala, yox! "Allah" indi durub tərəzi-mərəzisini yığıb gedəcək. Xan sabah adamın dərisinə saman təpər.
Məhəmməd özünü saxlaya bilməyib çağırdı:
– Ay Allah, o mənim dayımı döyüb, divanını elə…
Kürsünün bu tərəfində oturub corab toxuyan ana oğlunun qışqırığını eşidib, dərhal uşağın yanına yüyürdü.
– Məhəmməd, Məhəmməd, bala… Dur, daha bəsdir. Yuxu görürdün, hə?
Gördüyü yuxu Məhəmmədin xəyalından silinmirdi. O, gözlərini məchul bir nöqtəyə zilləyib baxırdı.
– Yuxu görürdün, bala?
– Köpək oğlu xan qorxudan siçan deşiyini satın alır-dı, – deyə Məhəmməd gördüyü yuxunu anasına, Fatı nənəyə danışdı. Onlar gülüb Məhəmmədi öpdülər…
3
Məhəmməd çay içəndən sonra durub həyətə düşmək istəyirdi ki, Fatı nənə onu dəhlizdə saxladı:
– Hara? Bu əziz axşamda hara getmək istəyirsən?
– Bu axşam niyə əziz oldu?
– Bəs bilmirsən? Bu axşam çillə qarpızı kəsəcəyik. Bütün qardaşlar bacılarına, atalar qızlarına, oğlanlar öz ni-şanlılarına xonçada çilləlik hədiyyə göndərəcəklər.
– Bəs sənə kim çilləlik göndərəcək, nənə?
Qadının gözləri yaşardı:
– Mənim kimim var ki, çilləlik də göndərsin? Dayı-can xanımına göndərəcək.
Fatı nənənin kimsəsizliyinə Məhəmmədin yazığı gəl-di:
– Qoy yekəlim, – dedi, – sənə də özüm göndərərəm, Fatı nənə. – O, qadına ürək-dirək verdi. Sonra otağa, ana-sının yanına qayıtdı. – Fatı nənə deyir ki, ana, o yekə qarpızı bu gecə kəsəcəyik, doğrudur?
– Doğrudur, oğlum.
– Fatı nənə deyir, sənə çilləlik gələcək?
– Elədir, bala.
– Çilləlik nədir, ana?
– Axşam görərsən.
Məhəmməd daha bir söz demədi. Otağın bir buca-ğına çəkildi. Rəngbərəng aşıqlarını, atasının göndərdiyi rezin topunu qabağına töküb oynamağa və axşamı səbirsizliklə gözləməyə başladı. Uşaq hər beş-on dəqiqədən bir dönüb pəncərəyə baxır, darıxmış halda deyirdi:
– Eh, bəs axşam niyə belə gec gəlir?
Nəhayət, Fatı nənə çırağı taxçadan götürüb kürsü-nün üstünə qoyanda, uşaq da oyuncaqlarını yığışdırıb, kür-sünün başına gəldi:
– Bəs hanı, çillə gəlmədi?
Anası Zəhra xanım mehribanlıqla gülümsədi:
– Çillə bu gün səhərdən gəlib. Çilləlik gələcək, – dedi.
Məhəmməd təəccübləndi.
– Bəs, ana, çillə gələndə mən harada idim ki, gör-mədim?
Anası özünü saxlaya bilməyib, ucadan güldü. Fatı nənə də ona qoşuldu. Zəhra xanım oğlunu başa saldı:
– Qış fəsli ağır fəsildir, bala. Adamlar işə getmirlər. İşə getməyən adam darıxar. Ona görə də qışı dörd yerə bö-lüblər. Birinci böyük çillədir – qırx gün olur. Sonra iyirmi gün – kiçik çillə gəlir. On gün çillə-becərlərdir. Yerdə qalan on altı gün də çar-çarlardır, rəğeyibdir. Rəğeyibdən sonra bəh-bəh, toydan sonra nağara, xoş gəldin, bayram ağa; bir də görürsən ki, havalar qızdı.
Xıdır Nəbi, Xızır İlyas,
Çiçəkləndi, gəldi yaz…
Anasının dediklərinə qulaq asan Məhəmməd hey-rətlə qışqırdı:
– Oho, nə qədərdir?! Bunların hamısında qarpız kəsirlər? Onda bizə bir qarpız çatmaz ki…
–Yox, oğlum, onların hərəsinin ayrı-ayrı adətləri var. Xıdır Nəbidə qovud qoyarlar. Xızır peyğəmbər gecə gəlib qovuddan bir az yeyər, sonra pəncəsini qovuda basar. Sə-həri həmin qovudu qonşulara paylarlar. Kiçik çillə təkcə ar-vadların bayramıdır, kişilər arvadlara hədiyyə verər. Hər kəs öz arvad qohumunu yada salar. Hallı halına görə ona pay göndərər.
Anası sözünü qurtarmamışdı ki, həyət qapısı döyül-dü. Məhəmməd tez səsləndi:
– Fatı nənə, dur, deyəsən çilləlik gətirirlər!
Özü qapını açmağa getmək istəyəndə anası onu ça-ğırdı:
– Sən gəl, otur. Qapını Fatı nənə açar.
Məhəmməd anasının yanında oturub, gözlərini düz otaq qapısına zillədi.
Gələn dayısı evinin xidmətçisi idi. Onun qucağında üstünə məxmər örtük çəkilmiş bir məcməyi var idi. Örtüyün kənarından sallanan enli zəncirlərin saçaqları tərpənir, otağa işıq salırdı. Xidmətçi qadın məcməyini kürsünün üstünə qo-yub çəkildi. Zəhra xanım xonçanın üstündən örtüyü götür-dü. Məcməyidə rəngbərəng peşmək, neçə dənə qırmızı alma, nar və bir boxça var idi. Boxçaya bir çarqat, bir neçə metr də çit qoyulmuşdu. Zəhra xanım şeyləri götürəndən sonra boş-qablardan birinə on şahı xırda pul atdı. On şahını görən xid-mətçinin gözləri işıqlandı:
– Allah sənə ömür versin, – deyə məcməyini götürüb getdi.
Qapını bağlamaq üçün Fatı nənə də onunla bərabər həyətə düşdü. Zəhra xanım bir alma, bir nar, bir nəlbəki peş-mək oğluna verib, bir o qədər də Fatı nənə üçün ayırdı. Son-ra qalan şeyləri götürüb sandıqxanaya keçəndə Məhəmmə-din səsi eşidildi:
– Ana, bəs qarpız?
– Dayan, Fatı nənə gəlsin, gedib zirzəmidən gəti-rərsiniz.
Bu vaxt həyətdən zınqırov səsi eşidildi.
– Bu nə səsdir, anacan? – Məhəmməd vahimələndi.
Zəhra xanım işi anlayıb güldü. Yarım dəqiqə keçmədi ki, dəhlizdə xısın-xısın danışan adamların səsi eşidildi. Fatı nənə gülə-gülə qayıtdı:
– Canı yanmış kişilərdir, Kosa-gəlin çıxardıblar…
Söz arvadın ağzından qurtarmamışdı ki, qavalın mü-şayiəti ilə üç-dörd adam otağa girdi. Məhəmməd ilk dəfə idi ki, Kosa-gəlini görürdü. Yekəpər bir adam qulaqlarına baş-maq tayı bağlayıb, üzünü un ilə ağartmışdı, sifətinə də uzun bir saqqal taxmışdı. Aşağısı geniş, təpəsi dar olan papağın-dan iri bir zınqırov asılmışdı. Əlində yekə dəyənək var idi. Ondan xeyli alçaqboy bir oğlan isə qadın libası geyib, üz-gö-zünü arvadlar kimi bəzəmişdi. Dəfçalan adam ilə o biriləri qapı qabağında dayanıb oxumağa başladılar:
“Bayram gəlir, qohum-qardaş şad olsun,
Sağlıq olsun, ləzzət olsun, dad olsun.
Tanış-biliş uzaq yaxın yad olsun,
Qoy düşmənin canı çıxsın, işi fəğan, dad olsun.
Bircə qismət verin, Kosa şad olsun…”
Qaval ağır-ağır çalındıqca, Kosa ilə gəlin də oynayır-dı. Kosa gəlini tutmaq istəyir, o isə nazlanıb o tərəf bu tərəfə qaçırdı. Sonra mahnı birdən sürətlənir, gələnlər yeyin-yeyin oxuyub çalırdılar. Kosa yıxılır, oxuyanlar mahnılarına da-vam edirdilər:
“Kosam ölmək istəyir.
Dərdin demək istəyir,
Bir qazan xaşıl aşı
Olsa, yemək istəyir”.
Gəlin Kosanın başı üstündə oturub ağlayırdı:
“Kosamız öldü, aman!
İşimiz oldu yaman.
Ona ver bircə qran,
Gör nə dirilmək istəyir!”
Məhəmməd, Fatı nənə və Zəhra xanım onlara baxıb gülürdülər. Nəhayət, Zəhra xanım on şahı qara pul çıxarıb verən kimi Kosa dirildi, onların qabağında baş əydi. Zınqıl-daya-zınqıldaya otaqdan çıxdılar.
Hamı gedəndən sonra Məhəmməd soruşdu:
– Onlar kim idilər? Niyə belə edirdilər?
Zəhra xanım öz-özünə deyindi: “Hə də, yenə sorğu-sual başlandı”.
– Onları Fatı nənə yaxşı bilər. Qoy sənin üçün da-nışsın.
Kosanı dəhlizdən yolsa salan Fatı nənə otağa qayıdan kimi Məhəmməd anasına verdiyi sualı ona da verdi.
Fatı güldü:
– Sən elə gərək hər şeyin axırına yetəsən? Hər fəslin özünə görə oyunu olar, camaatı əyləndirər. Bu da qış oyunu-dur, bala.
Kosa barədə Fatı nənə bir xeyli izahat verəndən sonra Məhəmmədlə bərabər düşüb zirzəmidən qarpızı gətirdilər. Qarpız kəsildi. Zəfəran kimi çıxan qarpızın içi azca ötmüşdü.
Məhəmməd günləri barmağı ilə ötürüb, çaharşənbə və bayramı gözləyirdi. Dayısının “İnşallah, sizdəh5 keçən ki-mi səni məktəbə qoyacağam”, – vədi yadına düşdü. Səbri lap tükənirdi.
Kiçik çillədən on gün sonra havalar xoşalmağa baş-ladı. Həyət-bacadakı qar yığınları anbaan kiçilir, şam kimi əriyirdi. Bir axşam Fatı nənə canamazdakı təsbehi götürüb, nəyi isə hesabladı və inamla dedi:
– Bu gələn cümə axşamı Xıdır Nəbidir:
Sabahdan qovud hazırlanması qərara alındı. Fatı nə-nə xeyli qarğıdalı və buğda qovurub, bir-birinə qatdı. Mə-həmmədi də özü ilə götürüb Zəhra xanımın siğə bacısıgilə getdi. Qovurğalar onların böyük əl dəyirmanında üyüdülüb una çevrildi. Qovud evə gələndən sonra onu mis məcməyiyə töküb namazxanaya gətirdilər. Unu təpə şəklinə saldılar. Ya-nına da su dolu aftafa-ləyən, bir qab doşab, bir şamdan, bir gülabdan gülab qoyub çıxdılar. Şamdanın yanına kibrit qoy-mağı da unutmadılar.
Bütün bu işləri diqqətlə seyr eləyən Məhəmməd kür-sünün başına qayıdan kimi anasından soruşdu:
– Fatı nənə deyir ki, gecə Xızır peyğəmbər bizə qo-naq gələcək, doğrudur?
– Doğrudur, bala.
– Xızır peyğəmbər kişidir, ya arvad?
Fatı nənə əllərini əlinə vurub güldü:
– Heç arvaddan da peyğəmbər olar?
– Niyə olmur!
– Allah-taala belə buyurub.
Məhəmməd bir az fikrə gedəndən sonra soruşdu:
– Sən dedin ki, Xızır peyğəmbər kişidir?
– Əlbəttə, kişidir.
– Onun bizim evimizdə nə işi var?
– O gələcək, üzünə gülab vuracaq, əllərini yuyub, do-şabla qovud ovub yeyəcək. Sonra da pəncəsini qovuda ba-sıb gedəcəkdir.
Bütün xamnəlilərin evinə girib hər evdən ən azı bir nəlbəki qovud yeyən Xızır peyğəmbər, Məhəmmədin gö-zündə dəvədən də böyük göründü. Uşağa elə gəlirdi ki, bu qədər qovud yeyən adamın qarnı, heç olmasa, un çuvalı ye-kəlikdə olar. Belə yekəpər bir adam karvansaranın darvaza-sından güclə keçə bilər. Bəs o, namazxananın balaca qapı-sından içəri nə cür keçəcək? Bundan başqa, namazxanaya girmək üçün o, gərək bu otaqdan keçib getsin. Məhəmmədlə anası da elə bu otaqda yatırdılar. “O yekəlikdə kişi mənim anam yatan otaqdan gəlib keçəcək? Bu, ola bilməz! Qoy pey-ğəmbər, ağam evdə olanda gəlsin”.
Məhəmməd bunları fikirləşdikcə qaşlarını çatıb, bir-dən Fatı nənəyə tərəf döndü:
– Nənə, qapıları möhkəm bağla, dəhlizin qapısına da qıfıl vur.
– Niyə bala? – deyə Fatı nənə təəccüblə ona baxdı.
– Qoy Xızır peyğəmbər bizə gəlməsin.
– Niyə, oğlum? – Bu dəfə anası təəccüblə soruşdu.
– Qoy ağam evdə olanda gəlsin.
– O bizim əlimizdə deyil, bala.
– Bəs kimin əlindədir?
– Allahın.
– Allahın adamları hamısı belə zorakıdırlar? O ye-kəlikdə kişi gəlsin, sən də, Fatı nənə də burada yatasınız? Elə iş olmaz. Qoy getsin dayıcangilə. Nə qədər istəyir, onlarda yesin. Mən qoymaram Xızır peyğəmbər bura gəlsin!…
Fatı ilə Zəhra xanım gülməkdən uğunub keçindilər. Xızır peyğəmbərin bağlı qapılardan, bacadan, qapı arasın-dan da keçməyə qadir olması barədə oğlana xeyli danışdılar. Məhəmməd isə öz dediyinin üstündə durmuşdu:
– Yox, Xızır peyğəmbər bağlı qapıları aça bilməz! – Keçib qapıları içəri tərəfdən bağladı.
Səhər işıqlanan kimi hamıdan əvvəl duran Məhəm-məd namazxanaya keçdi.
– Gördünüz, sizə dedim ki, bağlı qapıdan heç kəs keçə bilməz. Hər şey axşam qoyduğumuz kimidir!
Xızır peyğəmbərin keçib getməsinə görə Məhəmməd çox sevinirdi. İndi uşaqların səbirsizliklə gözlədiyi axır çər-şənbə və Novruz bayramına lap az qalırdı.
Novruz bayramı günlərinin ömrü qızılgülün ömrü qədər az olacaqdır. Sizdəhdən sonra Məhəmməd məktəbə gedəcəkdi.
Qarın əl-ayağı tamam yığılmış, təbiət uzun qış yuxu-sundan oyanmışdı. Ağır örtüyünü üstündən atan otlar baş qaldırıb dağı, bağı, çəməni, çölü yaşıllığa bürüyürdü. Hə-yətdəki meyvə ağacları da tumurcuq bağlamışdı. Dünənə ki-mi donub qalan Güney arxı dil açmış, bahar nəğməsini oxu-mağa başlamışdı.
Bir axşam Fatı nənə Məhəmmədə demişdi: “Dörd gün keçər, beşinci gün axır Çaharşənbə axşamıdır”. Məhəm-məd indidən özünə uzun bir şal hazırlamışdı. Çaharşənbə axşamı səhər tezdən Fatı nənə qırmızı xoruzu kəsdirib gəti-rəndə, Məhəmməd anasından aldığı on şahını cibinə qoyub, qarağacın dibindəki kuzəsatanın yanına qaçdı. İki şahı verib özünə bir dənə gözəl naxışlanmış balaca “Çaharşənbə kuzə-si” aldı. Bu kuzəni o, sabah tezdən novun altından keçəndə su ilə dolduracaqdı. Sonra fışqı satanın yanına gedib, yeddi şahılıq cürbəcür fışqı6 aldı. Evlərinə qayıdanda yolda dayısı oğlu Qasımağaya rast gəldi. Qasımağa dərsə gedirdi. O, Mə-həmmədin aldığı şeylərə baxandan sonra:
– Mən məktəbdən çıxanda alacağam. Sən axşam məni gözlə, bir yerdə şal salmağa gedərik, – dedi. – Tək getmə ha, səni döyərlər!
– Məni döyərlər? – Məhəmməd dik-dik onun üzünə baxdı və yoluna davam etdi.
Hava bir az buludlu idi. Azançı minarədən düşəndə ətraf tamamilə qaralmışdı.
Fatı nənə həyət qapısını açıq qoyaraq gündüzdən xi-yabanın arasında bir yerdə topladığı yovşanlara od vurdu:
– Gəl ey!.. Fatı nənə yovşanları yandırdı! – deyə Məhəmməd anasını səslədi. Zəhra xanım şölələnən yovşan-ların yanına gəldi. Onun yaşı qırxa çatsa da, gənclik təravə-tini hələ də saxlayırdı. Evdə büründüyü çit çarşabını çiyninə salıb, odun yanına çatanda dedi:
– Bu axşam adam yaxşı sözlər danışar… – Oğlunun yetikliyini bilən və indicə sorğu-suala başlayacağından qor-xan ana tez sözünə davam etdi: – Axı, bu axşam camaat niy-yət eləyir, qulaqasdıya çıxır; hər adam eşitdiyi birinci sözü gələn il üçün mizan tutur, fal qurur. Odur ki, qapıları açıq qoyub yaxşı sözlər danışırlar.
Məhəmməd alovun üstündən sıçramağa hazırlaşırdı ki, gözü onlara yaxınlaşan və xısın-xısın gülən iki çadralı qa-dına sataşdı.
– Allah balacığazını saxlasın, Zəhra xanım, doğru-dan halalzadasan! – Nisbətən yaşlı qadın Zəhraya xeyir-dua verdi. – Neçə ildir ki, mən qulaqasdıya çıxıram, amma bu cür uyarlı sözlər eşitməmişdim.
İkinci qadın cavan gəlin idi, yaşlı qadın danışdıqca o da utana-utana gülürdü. Yaşlı qadın gənc qadına işarə edə-rək:
– Elə ikimizin də falına cavab verdin. Üç-dörd ildir ki, yazıq uşağa qalmır. Deməli, gələn il bağlı qapılar üzü-müzə açılacaq, işlərimiz yaxşı olacaq, inşallah, gəlin də bir oğlan doğacaq, – deyəndə cavan qadın xəcalətdən əlini üzü-nə apardı.
– İnşallah, inşallah, – deyə Zəhra xanımla Fatı nənə də onlara ürək verdilər.
Qadınlar qayıdıb getmək istəyəndə yaşlı qadın Mə-həmmədə tərəf dönərək:
– Bizə şalatdıya gələrsən, – dedi. – Sənin üçün bir dənə bərk yumurta saxlamışam.
– Çox sağ olun, Xırda xala… Zəhra xanım onlara dil-ağız edib həyət qapısından yola saldı. O, təzədən odun yanına qayıdanda Məhəmməd “Atıl-batıl çərşənbəm, baxtım açıl çərşənbəm” – deyə-deyə alovlanan yovşanların üstün-dən atılırdı. Uşaq yeddi kərə atılandan sonra anasına dedi:
– Gəl, ana, indi də növbə sənindir.
Zəhra xanım çadrasını Fatı nənəyə verib, odun üstün-dən tullandı:
Fatı nənə toyuqplov bişirmişdi. Şam çox tez yeyildi. Süfrəni təzəcə yığışdırmışdılar ki, dəhliz qapısından içəri bir şal tulladılar. Zəhra xanım qardaşının şalını o saat tanıdı. Şa-lı atan Qasımağa idi. Şalın ucuna bir qırmızı alma, bir dənə nar bağlayıb, “hə, çək!” – deyə çığırdı. Şal çəkiləndən sonra Qasımağa içəri gəldi. Məhəmmədi də götürüb birgə şalatdı-ya getdilər.
Məhəmməd birinci dəfə idi ki, şalatdıya gedirdi. Damlar, küçələr qulaqfalına çıxmış qadınlar, qızlar, əli şallı yeniyetmələrlə dolu idi.
İki-üç saatdan sonra Məhəmməd evə qayıtdı. Onun cibləri qırmızı yumurta və meyvə qurusu ilə dolmuşdu (Xamnə qəsəbəsi bağlı-bağatlı olduğundan, dadlı meyvə qu-rusu bol idi).
Anası Məhəmmədə dedi:
– İndi soyun yat, səhər tezdən nov altına gedəcəyik.
Günəş hələ çıxmamışdı ki, dəyirmanların ətrafı adamla dolmuşdu. Ətəklərini çirməyib dağın başına çəkilən, kövrək qar altından baş qaldıran novruzgülü, qar çiçəyi və bənövşələr də, sanki bu bahar bayramını təbrikə gəlmişdi. Yeni ildə öz muradlarına çatmaq üçün niyyət edən qadınlar, qızlar, oğlanlar, hər biri yeddi dəfə novun altından keçirdi. Bəziləri isə təzə kuzələrini novun suyundan doldurub, din-məz-söyləməz qəsəbəyə qayıdırdı.
Məhəmməd, anası, Fatı nənə və iki nəfər qonşu qadın novun yanına təzəcə yetişmişdi ki, bir neçə adam camaatı o tərəf-bu tərəfə itələyib irəli soxuldular və arxalarınca gələn dörd qadına yol açdılar. Zəhra xanım oğlunun qolundan tu-tub kənara çəkildi. Gələnlərdən biri Fatı nənəyə yetişəndə is-tehza ilə güldü:
– Kaftara bax! Gününü görüb, dövranını sürübsən, guya sən nov altından keçməsən dünya uçar? – deyə onun döşündən itələdi. Bu, Məhəmmədə bərk toxundu. Bədənini üşütmə tutdu. – İstədi ki, yerdən daş götürüb, onun başına çırpsın. Zəhra xanım oğlunun niyyətini duyub, dərhal qo-lundan yapışdı:
– Oğlum, bu yana gəl, Allah özü onların bəlasını ve-rəcək, – dedi.
– Onlar kimdir ki, Fatı nənəni itələyirlər?
– Onlar bu qəsəbənin sahibidir, oğlum, eşitsələr, bi-zim də abrımızı tökərlər.
Məhəmməd hirsindən dodaqlarını çeynəyə-çeynəyə qaldı. Qəzəbindən gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Dişlərini qıcıb yumruqlarını düyümlədi.
– Onlar adamdır, biz yox? – deyə qışqırdı.
Zəhra xanım əli ilə onun ağzını qapayıb, pıçıltı ilə dedi:
– Sus, bala, evdə hər şeyi sənə başa salaram…
Xanımlar çıxıb gedəndən sonra Məhəmmədgil də novun altından keçdilər. Bu vaxt Məhəmməd Qasımağanı gördü. O, təzə kuzəsini su ilə doldurub qayıdırdı. Məhəm-məd onu nə qədər danışdırdısa, cavab ala bilmədi. Zəhra xa-nım Qasımağanın "Cangülüm" üçün su apardığını deyəndən sonra Məhəmməd də ona qoşuldu. Bu suya Qasımağanın ər-lik bacıları, əmisi arvadı “Can gülüm”ü salacaqdılar. Bunu keçən gecə şal saldıqları zaman Qasımağa Məhəmmədə de-miş, hətta onu bu mərasimə tamaşa etməyə də çağırmışdı.
Qasımağa gedir, Məhəmməd də onu təqib edirdi. Qayda belə idi ki, “Cangülüm” üçün su aparan adam evə ça-tana qədər ağzını açıb bir kəlmə də danışmamalıdır. Buna görə də yolda Qasımağanı dindirənlərə Məhəmməd cavab verirdi.
Qonşu qızları və gəlinləri Qasımağanın “Cangülüm” suyu gətirəcəyini sanki əvvəldən bilirdilər. Su dolu kuzə ağacdan asılan kimi, hardansa beş-altı qadın peyda oldu. Qa-sımağanın əmisi arvadı ilə bacıları da onların arasında idi. İndi altı-yeddi yaşında bir qız uşağı lazım idi ki, “Cangü-lüm” mərasiminə başlasınlar. Qonşu qadınlardan biri dərhal küçəyə qaçdı və o qədər keçmədi ki, əli-ayağı xınalı balaca bir qızın əlindən tutub gətirdi. Suyu böyük bir badyaya tö-küb ortalığa qoydular. Qızı suyun yanında oturtduqdan son-ra başına bir çarşab atdılar. Sonra hərə üzükdən, iynədən, mis puldan çadranın altına uzatdı. Qız da həmin şeyləri alıb, bir-bir suya saldı.
Qasımağanın əmisi arvadı cibindən çıxardığı bir açarı çarşabın altına uzadaraq qıza verəndə hamı bir səslə oxu-mağa başladı:
“Məscidin bucağında – can, gülüm, can.
Şam yanar ocağında – can, gülüm, can.
Allah muradın versin – can, gülüm, can,
Bir oğlan qucağında – can, gülüm, can”.
Ondan sonra saçlarına təzəcə dən düşmüş, lakin üzü gözəlliyini hələ də itirməmiş qonşu qadın yerdən bir şey gö-türüb, əlini çadranın altına uzatdı. Yenə xor dilə gəldi:
“Tut ağacıdı pıtraq – can, gülüm, can,
Məskən salaq, oturaq – can gülüm, can.
Qürbətdən tez qayıt gəl – can, gülüm, can,
İntizardan qurtaraq – can, gülüm, can…”
Qasımağanın iyirmi yaşlarında olan bacısı əlini çad-ranın altına uzadaraq cibindən çıxardığı iynədanı badyaya salanda xor oxudu:
“Armud ağacı haça – can, gülüm, can.
Əlim dolaşdı saça – can, gülüm, can.
Bir oğlan istərəm – can, gülüm, can.
Məni götürə qaça – can, gülüm, can…”
Mərasim qurtarandan sonra qız salınan şeyləri çıxa-rıb qadınlara payladı. Öz verdiyi şey özünə qismət olmuş qadınlar, guya muradlarına çatacaqları üçün sevinirdilər. Bəxti düz gətirməyənlər isə pərt oldular.
“Cüngülüm"dən sonra qadınlar həyətin o biri tərə-findən tüstüləyən ocağın başına gəldilər. Ocağın üstündə ye-kə bir qazan asılmış, yan-yörəsinə çoxlu odun yığılmışdı. Bir qadın əlindəki kürək sapına oxşar ağac ilə qazanı qarışdıra-qarışdıra oxuyurdu:
“Səməni, çaldım səni,
Saxla məni,
İldə göyərdərəm səni..”.
Bunu deyən kimi, o biri qadınlar da ona qoşuldular. Şənlik axşamadək davam etdi…
Üç gün sonra bayram idi. Yaz girəcək, il təhvil olacaq, təbiət diriləcək, dağ-dərə güləcək, adamlar köhnə ili sağ-sa-lamat başa vurduqları üçün bir-birinə gözaydınlığı verəcək-dilər.
Balaca Məhəmməd də təzə ildən məktəbə gedəcəkdi.
4
Böyük şəhərlərdə Novruz bayramı çox uzun sürür. Lakin Xamnə kimi qəsəbələrdə üç gündən artıq çəkmir. Bi-rinci gün qəsəbənin hakimi, xanı, molla və seyidləri evlərin-dən bayıra çıxmır, camaat onların görüşünə gedir. İkinci, üçüncü günlər isə qəsəbə əhli bir-birinin evinə gedir, bir-bi-rinin təzə ilini təbrik edir.
Bayramın birinci günü idi. Xan sübh tezdən çiyinlə-rini, sinəsini ata-babasından miras qalmış nişanlarla bəzəyib, qızıldan qayrılmış şir-xurşid ordenli qara papağını başına qoymuşdu. O, pəncərə qabağında oturub sulu qəlyan çəkir-di. Təxminən günortaya yaxın onun bayramını təbrik etməyə gələnlərin qabağı açıldı. Əyan-əşrəf, qəsəbənin ağsaqqalları, tacirlər hamıdan qabaq xanın qapısından içəri keçdilər. Son-ra qəsəbə camaatı, böyükdən kiçiyə xanın evinə tərəf axış-mağa başladı. Günorta vaxtı xanın həyətində böyük bir iz-diham yarandı…
Məhəmməd də təzə paltar geymiş, atasının göndər-diyi çəkmələri dizə kimi çəkib qapı ağzında dayanmışdı. Uzaqdan Qasımağa göründü. Məhəmməd onun qabağına yüyürdü. Qolundan tutdu.
Çəkə-çəkə evə gətirdi. Zəhra xanım qardaşı oğlunun bayramını təbrik etdi, üzündən öpdü və ona bir dənə qırmızı yumurta verdi. Əyninə geydiyi təzə abı məxmər arxalığının cibini yemişlə doldurdu. Uşaqlar sevincək həyətə düşdülər.
– Xanlıq evini görmüsən? – deyə Qasımağa Məhəm-məddən soruşdu.
– Yox, görməmişəm.
– Onda gedək. Bu saat camaat oradadır, xanın təzə ilini mübarəkə gediblər.
Onlar atıla-atıla xanın evinə tərəf getməyə başladılar.
…Xanın böyük darvazalı qapısının qabağındakı mey-dan sulanıb süpürülmüşdü. Çoxlu adam durmuşdu. Bəzisi silahlı idi. Qapının o tərəf-bu tərəfində duran iki nökər xanın görüşünə gəlmiş köhnə, cırıq paltarlı adamları kənara itələ-yir, içəri buraxmırdı. Bu arada bir dəstə kəndli gəldi. Qa-baqda gedən kəndxudadan başqa hamısı keçə papaq qoyub, çarıq geymişdi. Boynundan üç-dörd qumrov asılmış bir ağ qoçu, onlar əlvan rənglərlə boyayıb gətirmişdilər. Qara pa-paqlı bir kişi qoçun xaltasından çəkirdi. Qapı qabağında da-yanıb, adamları içəri buraxmayan nökərlərdən biri onu gö-rüncə, kənara çəkilib baş endirdi:
– Fərəc kəndxudanın bayramı mübarək olsun, – deyə əlini ona tərəf uzatdı. Kəndxuda da ciblərini araşdırıb nə isə çıxardı və onun ovcuna basdı:
– Sizinlə bahəm, ay Məmi bəy!
Kəndxuda ciblərini bir də yoxlayıb, bu dəfə əlini o bi-ri nökərə tərəf uzatdı:
– Həsən bəyin də bayramı mübarək olsun, – dedi.
Nökərlər kəndxudaya yol verdilər. Kəndlillər də onun dalınca içəri keçdilər. Bunu görən Qasımağa:
– Tez gəl, biz də onlara qarışaq, – deyə Məhəmmədi dalınca dartdı.
Onlar xanın həyətinə keçdilər.
Xan qonaqları ilə söhbətə məşğul olsa da, fikri hə-yətdə idi; gəlib-gedəni gözdən qoymurdu. Altı yaşlı oğlu da yanında oturmuşdu. Xanın gözü kəndxudaya və onun da-lınca gələn bəzəkli qoça sataşanda, gülümsəyib oğluna dedi.
– Gör Fərəc kəndxuda sənə neçə qoç gətirib!
Oğlan tez pəncərənin qabağına yüyürdü. Xanı pən-cərədən görən kəndxuda iki əlini sinəsinə qoyub təzim etdi; kəndlilər də ikiqat oldular. Onların arxasınca gələn Qasım-ağa ilə Məhəmməd də xanı və oğlunu gördülər. Xan oğluna dedi:
– Bax, kəndxudanın oğlanlarıdır. Get onlarla oyna.
Sonra xan kəndlilərə işarə edərək qulluqçuya əmr verdi:
– Hərəsinə bir stəkan çay ver, qoy pəncərə qaba-ğında içsinlər. Kəndxudanı isə çağır dəhlizdə otursun.
Xanın oğlu lələsi ilə həyətə düşən kimi Məhəmmədlə Qasımağanın yanına yüyürdü. Şəhər uşaqları kimi geyinən oğlanlar xanın oğlunu çox təəccübləndirdi. Məhəmmədin çəkmələrindən o vaxt nəinki Xamnə qəsəbəsində, hətta bü-tün İranda belə tapılmazdı. Xanın oğlu gözlərini Məhəmmə-din qəşəng, yapışıqlı çəkmələrindən ayıra bilmirdi.
– Bunları haradan almısan?
– Məhəmməddən qabaq Qasımağa dilləndi:
– Ağası Urusiyyətdən göndərib, – dedi. – Sonra Mə-həmmədə dönərək: – Çıxar zurnanı da görsün.
Məhəmməd qoltuğundan zurnasını çıxardı. Püflədi. Xanın oğlu bu ala-bəzək zurnanı görən kimi ilan vurmuş adamlar təki qapqara qaraldı:
– Nə yaxşıdır?! Mən heç beləsini görməmişəm… Ver mən də çalım.
– Burada ayıbdır, gedək o tərəfdə çalaq, – deyə Mə-həmməd camaatdan uzaqlaşaraq, həyətin xəlvət bir yerinə çəkilib zurnasını çalmağa başladı. Hələ də özünə gələ bil-məyən xanın oğlu yalvarıcı səslə Məhəmmədə dedi:
– Ver, mən də çalım.
Məhəmməd etiraz etmədi. Xanın oğlu böyük bir hə-vəslə zurnanı çala-çala pəncərənin altında cərgə ilə oturub çay içən kəndlilərə tərəf getməyə başladı. Məhəmməd onu səslədi:
– O tərəfə getmə, ayıbdır.
Xanın oğlu isə onu eşitmirmiş kimi addımlarını bir az da yeyinlətdi. Bu dəfə Qasımağa özünü ona yedirtdi:
– Ayıbdır, getmə.
– Kimdən ayıbdır? – deyə xanın oğlu soruşdu.
Məhəmməd kəndliləri göstərdi:
– O kişilərdən.
– Bıy, onlar niyə kişi olur?
– Bəs nədirlər?
– Kəndli! – deyə xanın oğlu yenə yoluna davam etdi. Oğlan kəndlilərin yanına yetişəndə Qasımağa hirslə onun ətəyindən çəkdi:
– Gəl bu tərəfdə nə qədər istəyirsən çal…
Xanın oğlu dartınıb irəli cummaq istədi. Məhəmməd vəziyyəti belə görəndə zurnanı xanın oğlunun əlindən qap-dı. Ərköyün böyümüş xan oğluna bundan böyük təhqir ola bilməzdi. O dəqiqə gözləri doldu. Pillələri yeyin-yeyin çıxa-raq atasının yanında özünü yerə vurdu. Ömründə bəlkə də oğlunu ilk dəfə bu halda görən xan əl-ayağa düşdü:
– Sənə nə oldu? Sənə nə oldu?..
– Kəndxudanın oğlanları, – deyə boğula-boğula da-nışan uşaq sözünün ardını gətirə bilmədi.
– Kəndxudanın oğlanları səni vurdu? – deyə xan gözlərini qulluqçuya ağartdı. Sonra hirslə yerindən qalxıb kəndxudaya tərəf irəlilədi. Heç bir şeydən xəbəri olmayan kəndxuda isə dəhlizdə ləzzətlə çay içirdi.
– Axmaq oğlu, axmaq, bu nə cür qoduq böyütmək-dir?! Uşaqların Əlixan ağanı döyüblər?
Hər yerdən kəndxudanın başına yumruq yağdırdılar.
– Baba, vallah mənim qoduqlarım kənddədir. – Kəndxudanın boğula-boğula dediyi bu sözləri heç kəs başa düşməsə də, xanın oğlu kəndxudanın uşaqlarında olan zur-nanı istədiyini atasına qandıra bildi. Xan tez nökərlərini ça-ğırdı:
– Bir adam gəlsin! – Pişxidmətlərdən biri tez içəri daxil oldu. – Özü ilə işiniz olmasın, qoduqlarında bir zurna var, onu alıb bura gətirin.
Nökərlər kəndxudanı sıxma-boğmaya saldılar:
– Tez ol, zurnanı ver, filan-filanşüdənin oğlu:
– Baba, and olsun mərhum Sərtibin ərvahına (xanın atasıdır) mən yanımca uşaq gətirməmişəm. Zurna nədir, zad nədir?
– Axmaq oğlu, axmaq, o yekəlikdə xan yalan danı-şır?
– Əstəğfurullah, mən elə ərz eləmədim, deyirəm, bəl-kə xan səhv eləyir. Əgər mənə inanmırsınız, bax, bu ağsaq-qallardan soruşun, qoy onlar desinlər.
Nökərlərdən biri kəndlilərin yanına gəlib soruşdu:
– Burda siz uşaq gördünüz?
Ağsaqqallardan biri dedi:
– Hə, iki oğlan uşağı Əlixan ağa ilə oynayırdı, əllə-rində də zurna vardı, çalırdılar. Elə burada idilər. Əlixan ağa çalanda uşaqlar qapıb qaçdılar.
– Vay, köpək oğlu! – deyə nökər kəkələndi. – Kənd-xuda bir dənə zurnadan ötrü utanmadan Sərtibin ərvahına da and içirdi.
Xan başını pəncərədən çıxardı:
– Gədə, füzul oğlu, füzul, bəs necə oldu?
– Qurban, kəndxuda yalan deyir ki, uşaq gətirmə-mişəm. Budur, bu kəndlilər deyir ki, onun uşaqları Əlixan ağanın əlindən o şeyi alıb qaçdılar.
– Yüyür yerin altında da olsa, o vələduznaları tap, bağırda-bağırda gətir bura!
Nökər həyət qapısına tərəf qaçdı.
Məhəmmədlə Qasımağa xanlıqdan çıxıb hənəkləşə-hənəkləşə gedirdilər. Meydana çatmamışdılar ki, nökər uşaqlara yetişdi. Ancaq geyimindən onları heç də kəndli ba-lasına oxşada bilmədi: “Bəlkə xanın qohumlarının, ya başqa xanların uşaqlarıdır – deyə əvvəlcə tərəddüd etdi. Sonra on-ların qabağına keçərək soruşdu:
– Siz indi xanlıqda idiniz?
Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:
– Oradaydıq, nə olsun?
– O çalınan şeyi Əlixandan alıb qaçırdan hansınız-dır?
Məmməd “o mənim özümküdür” deyən kimi nökər uşaqların ikisini də yaxasından tutub dik qaldırdı: “Köpək oğlu kəndxuda, indi sənə göstərərik. Gör necə dikbaş uşaq-lar böyüdüb!”
Bu, novun yanında Fatı nənəni itələyən nökər idi. Qasımağa ağlayır, Məhəmməd isə “Burax! Burax!” deyə çır-pınıb, onun əlindən çıxmağa çalışırdı. Canavar sürüdən qa-çırdığı qoyunu dişində sürüyən kimi, o da uşaqları pəncərə-nin qabağına sürüdü. Onlar pəncərənin qabağına yetişəndə başqa bir nökər kəndxudanı pillələrdən endirirdi.
– Köpək oğlu, köpək, bəs deyirdin uşaqlarım kənd-dədir. Bunlar kimin qoduğudur?
– Mən nə bilim, a başına dolanım? Mən şəhər uşaq-larını nə tanıyıram?
Xan ilə oğlu pəncərədən baxırdı. Oğlan Məhəmmədi göstərərək ağlamağa başladı:
– Bax, o çəkmə geyən oğlandadır zurna…
Nökər Məhəmmədin cibindən zurnanı çıxaranda bu dəfə o qışqırmağa başladı:
– Zurna mənimdir, vermirəm! Ağam Urusiyyətdən göndərib, vermirəm!
Nökər Məhəmmədi itələyib yerə yıxdı, zurnanı onun əlindən aldı:
“Ağam Urusiyyətdən göndərib” – deyə onu yamsıla-dı, – Ağan qələt eləyib!
Məhəmməd yerdən qalxınca nökər pillələri yeyin-ye-yin çıxdı…
Xan oğlunun pəncərə qabağında oturub zurnanı çal-ması Məhəmmədlə Qasımağanı hövsələdən çıxardı. Onlar xanın adamlarını söyməyə başladılar. Xan nökərlərinə əmr etdi ki, uşaqların qulaqlarından tutub həyətdən eşiyə atsın-lar…
… Günlər ötüb keçir, o hadisəni heç bir şey Məhəm-mədin xatirəsindən silə bilmir, o, xanın oğlunu təklikdə görmək, döymək üçün girəvə axtarırdı…
5
Yazın ən gözəl vaxtı idi. Həyətdə meyvə ağacları çi-çəklənmişdi. Elə bil hər yerə ağ çadır sərilmişdi. Məhəmməd qışda qar yağanda da öz həyətlərini belə gözəl görmüşdü. Ancaq indiki gözəlliyin ayrı hüsnü vardı! Bir-birinə macal verməyən bal arıları güldən-gülə qonub, öz yüklərini tutur-du. Nəğməli quşlara tamaşa etməkdən könül doymurdu.
Məhəmməd səhər tezdən durub həyətə enmişdi. O, ağacların altında dayanıb, altdan yuxarı çiçək salxımlarına baxır, onların xoş ətrini udurdu. Həyətin bir tərəfində pişik marığa yatıb, yerdə dən yeyən sərçələrin üstünə atılmaq is-təyirdi… Uşağın sərçələrə ürəyi yandı, tez səkidən süpürgəni götürüb pişiyə tərəf tulladı. Pişik götürüldü, səsə quşlar da uçub ağaca qondu. Onlar budaqlarda civildəşərək, sanki Mə-həmmədə öz minnətdarlıqlarını bildirirdilər.
…Məhəmməd dayısının dükanı qabağında çardağın dirəyinə söykənmişdi. Gözlərini müştərilərlə danışan dayı-sından çəkmirdi. Yaxşı bilirdi ki, dükançılar müştərini ha-mıdan, hətta öz bacıoğlanlarından da çox sevərlər, onların alver söhbətinə qarışmaq olmaz.
Müştəri gedəndən sonra dayısı onu yanına çağırıb diqqətlə süzdü. Uşağın yaşına görə çox yekə olan uzunsov başını sanki birinci dəfə idi ki, görürdü:
– Nə var, xeyir ola?
– Buyurmuşdunuz ki, bayramdan sonra məni mək-təbə qoyacaqsınız, ona görə gəlmişəm.
– Hə, demişdim, bərəkallah! Demək oxumaq istə-yirsən?
– Bəli, dayıcan.
Dayı oturduğu döşəkçənin üstündən bu tərəfə keçib, dabanıyatıq ayaqqabılarını geydi, sonra qəfəslərin birində satmaq üçün yığdığı kitabların arasından balaca bir çərəkə çıxarıb, Məhəmmədə uzatdı:
– Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırma-yasan ha!. Gedək.
O, Məhəmmədin qolundan yapışıb məscidə7 tərəf yollandı. Məhəmməd kitabı qoltuğunda bərk-bərk tutub, da-yısının dalınca dinməz-söyləməz gedirdi. Dayısı məscidin hücrələrindən birinin qarşısında durdu. İçəridən qarışıq səs-lər eşidilirdi. Pəncərə qabağında oturmuş molla gələni görən kimi boğazını arıdıb onun salamını aldı.
– Və əleykumsalam, ey hafizi-xoşkəlam. Yuxarı niyə təşrif gətirmirsiniz? Buyurun, çay meyl eləyin…
– Sağ olasınız, axund ağa, mərhəmətiniz artıq olsun. Siz bu bacıoğlu haqqında səy eləsəniz, bizim üçün hər şeyə dəyər.
– O barədə xatiri-şərifiniz asudə olsun. Onu ya-nımda oturdub, dərslərinə özüm baxacağam. İnşallah, Uru-siyyətə gedən olsa, Hacı Əbdülhəmid ağaya yazın ki, gələn bahar bu zaman oğlunun Quran çıxmasıdır. Qoy sovqatı yağlı göndərsin. – Molla üzbəüzündə cərgə ilə oturan uşaq-lardan birinə müraciət etdi: – Ay gədə, dur kitablarını da gö-tür, get o Məhəmməd Hüseyn ilə Əlinağının arasında otur, – dedi. Sonra da balaca Məhəmmədə baxaraq başı ilə işarə et-di. – Başmaqlarını kəfşəkəndə8 çıxar, keç otur burada.
Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Bö-yükağa, Kiçikağa adlı iki qardaşı da burada gördü. Sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.
Uşaqlar əyilib yırğalana-yırğalana dərs oxuyurdular. Məhəmməd gözlərini Qasımağaya dikib dururdu. Binə ba-şında oturub, qırğı kimi hər tərəfi görən mollanın başqa səm-tə baxmasından ani istifadə edən Qasımağa Məhəmmədə ba-xıb qımışdı. Ancaq bu, mollanın gözündən yayınmadı, onun xırıltılı səsi eşidildi. Qasımağa özünü yığışdırdı.
Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra, molla üzünü Məhəmmədə tutdu:
– İndi növbə sənindir, gəl görüm.
Bir quş cəldliyi ilə yerindən qalxan Məhəmməd düz mollanın oturduğu döşəkçənin qabağında dizlərini yerə vur-du. Əl boyda kitabı açıb qabağına qoydu.
– Dərsini düzgün qoy. Molla özü kitabçanı çevirdi, sonra birinci səhifəni açdı. Səhifədə birinci sətrin əvvəlindən axırına çəkilən “Bismillah” sözünü və onun dalınca sığışdı-rılıb yazılan “Rəhmanir-rəhim” sözünü əlindəki çubuğun ucu ilə Məhəmmədə göstərərək dedi:
– Deyinən, Bismillahir-rəhmanir-rəhim.
Məhəmməd dinmədi. Molla təkrarladı:
– Sənnənəm, ey! Deyinən, Bismillahir-rəhmanir-rə-him.
Məhəmməd yenə də dinmədi.
– Olmaya, anan sənə hələ Bismillah öyrətməyib? – deyə molla bərk hirsləndi. – Hər ananın borcudur ki, uşağı dil açan kimi ona Bismillahı öyrətsin…
– Anam mənə öyrədib, axund əmi…
– Yaxşı, bəs niyə demirsən?
– Axund əmi, anam öyrədən Bismillah bundan uzun-dur axı:
– Eybi yoxdur sən elə qısasını de,: – molla başını bu-ladı.
– Bis…mil…lahir…rəh…manir…rə…him,,, – deyə, Mə-həmməd səsini uzatdı.
– Görürsən, deyə bildin. Bax, bu uzun xətt ilə o ya-nındakı sözlər birlikdə bismillahir rəhmanir rəhimdir. Ya-dında saxla ki, hər bir işə başlayanda əvvəlcə bismillah de-yərlər. – Axund özü bir daha bismillahı təkrarladı.
– Elədir, axund əmi, anam çırağı yandıranda, namaz qılanda, astanadan girəndə də bismillah deyir. Bir dəfə anamdan soruşdum ki, onu niyə deyirsən? Dedi ki, elə belə deyərlər. – Məhəmməd qara gözlərini axundun üzünə zillə-di. – Axund ağa, onu niyə elə deyirlər?
Molla gözucu Məhəmmədə baxıb, damarları çıxmış əlini uzun saqqalında gəzdirdi:
– Sən ananı başa düşməyibsən, bala. Bismillah elə belə deyilmir. O ancaq hər işin başlanğıcında deyilir. İndi keçək o birisinə; deyinən, huvəl fəttahül əlim. – Səninləyəm, deyinən: hüvəl fəttahül əlim.
Məhəmməd axunda, onun eynəyinə, əlindəki çubuğa baxıb susurdu. Sonra birdən soruşdu:
– Axund əmi, mən haradan bilim ki, bu “hüvəl fəttahül əlimdir?”
Oğlanın bu sualından mollanın qaşları çatıldı, eynə-yinin altında xırda gözləri ilə tərs-tərs ona baxdı, udqundu. Otuz illik məktəbdarlıq dövründə bu ilk şagird idi ki, öz dər-si haqqında belə sual verirdi.
Doğrudan da, hələ əlif-beyi bilməyən bir şagirddən hüvəl fəttahül əlimi soruşmaq qəribə iş idi.
Məclisdə sükut çökmüşdü. Deyəsən, uşaqlar da Mə-həmmədin sualından heyrətə gəlmişdilər. Haçandan-haçana molla boğazını arıdıb dedi:
– Yaxşı, sən əlif-beydən başla.
Günorta azanı verilən kimi, uşaqlar taxçaya tərəf yü-yürdülər. Buraya uşaqların yeməkləri qoyulmuşdu.