Читать книгу Həyat yolu - Süleyman Rəhimov - Страница 1
ОглавлениеSÜLEYMAN RƏHİMOV
HƏYAT YOLU
“Xatirə Ədəbiyyatı “silsiləsindən 54-cü kitab
Əyin kəndi qartal qanadları yanlara gərilən tutaş meşəli “Səngər” dağının ətəyindədir, ətrafından duru, sərin bulaqlar, çeşmələr qaynayıb çıxmaqda, şırıltı ilə axmaqdadır… Bu kəndin meşələrində öz-özünə bitib boy atan meyvə ağaclarına, şırım-şırım uzanan almalığa, armudluğa, fındıqlığa, əzgilliyə, zoğallığa, alçalığa rast gəlmək olar. Əyinin meşələrində həm də irigövdəli palıd, ulas, vən, ağcaqayın ağaclarını görə bilərsən. Əyinin qışı sərt, yayı mülayim olur. Bu kəndin zəngin təbii mənzərələri mənim təsəvvürümdə məşhur rəssamların yaratdıqları sənət lövhələrindən daha artıq təsir buraxmışdır…
Mən indiki Qubadlı rayonunun həmin Əyin kəndində, 1900-cü ilin mart ayının 22-də anadan olmuşam.
Mənim sarışın atam Hüseyn valideynlərini erkən itirdiyindən ucaboylu, qollu-qanadlı əmisi Allahverdi Kərbəlayı Qəhraman oğlunun himayəsində qalmışdır. Allahverdi əmim kəndin yəhərli at minənlərindən, sayılıb-seçilən əlli-ayaqlı kişilərindən biri idi. O, XIX əsrin ikinci yarısında şöhrəti Qafqaz dağlarını bürüyən, çara, yerli mülkədarlara, bəylərə qarşı amansız mübarizə aparan Qaçaq Nəbinin yaxın dostlarından olmuşdur… Düzdür, əmim birbaşa Nəbi hərəkatına qoşulmamışdır, ancaq Nəbini də, onun igid xanımı Həcəri də çox zaman öz evində gizlicə saxlamışdır. Atam Hüseyn nağıl edirdi ki, o, bəzən evdə deyil, meşədə dayanan Nəbigilə çörək aparar, meşənin sərt-sıldırım yerlərində onlara çatdırardı.
Yadımdadır, qış fəslində qapı-bacanı qalın qar alan zaman qonum-qonşu bizim dörddirəkli, hündür bacalı damda toplanar, baş-başa qoyulan tirlərdən gur-gur yanan orta ocağın qırağında kişilər dövrə vurar, arvadlar isə geridə bir-birinə söykək verib oturar, yavaş-yavaş söz-söhbət qızışar, Nəbi və Həcər barəsində qızğın nağıl başlanardı. Burada Nəbinin, Həcərin, onların atlılarının misilsiz döyüşləri, Nikolay qoşununu necə qırıb aradan çıxmaları barəsində müxtəlif rəvayətlər söylənərdi. (Bunların hamısı xalq yaradıcılığını öyrənmək mənasında indi də mənə xeyli kömək edir.) O vaxtlar mənim atam Hüseyn də, anam Gülsabah da ağsaqqal saydıqları Allahverdi əmimin hörmətini saxlar, onun dediklərinin birini iki eləməzdilər. Əmim arvadı Kərbəlayı Xatun bizim evin hörmətə layiq ağbirçəyi, mötəbər anası idi. Atam bu böyük evin təsərrüfat ağırlıqlarını öz arğaz omuzlarında çəkər, gecə də, gündüz də qan-tərə bata-bata işlərdi… Anamın nə vaxt yatdığını, nə vaxt durduğunu mən çətin görə bilərdim. Ucaboylu, iri alagözlü anam Gülsabah Kərbəlayı Məmməd qızı da evin tək gəlini kimi hər cür ağır işləri görər, hey çatma çatıb, nehrə çalxalayar, yağ-ayran elərdi. Yadımdadır, mən yoğun palıd gövdəsindən düzələn nehrənin üstünə minməyi, yelləncək kimi yellənən qatıq nehrəsinin üstündə yırğalanmağı çox xoşlardım. Buna görə də anam həmişə məni nehrənin üstünə mindirər, mən də sicimdən bərk-bərk tutar, o da mənimlə əylənə-əylənə işlərdi. O zaman bizim evin xeyli mal-qarası, inəyi, camışı vardı. Odur ki, yaz çıxıb, yay gələr-gəlməz, biz Əyindən çıxıb daha yuxarılara, otlu-çiçəkli dağlara qalxardıq. Mən evin tək oğlu kimi ərköyün böyüyür, bir cüt meşə göyərçini (alabaxta) balasını əzizləyib saxlayır, onlara dən-su verib, yavaş-yavaş əhliləşdirirdim. Bəzən də alaçığımızın çətənindən nazicək bir qamış çəkib, iti bıçaqla xəlvəti əlləşər, əlimi kəssəm də, özümə bir islıq düzəldər, ovurdlarımı şişirdə-şişirdə hey çalar, ətrafa səs salar, dağlardan qayıdan əks-sədalara qulaq asardım.
Yadımdadır, biz təkevli kimi, ayrıca düşərdik. Öz mal-qarasını yam-yaşıl otlaqlarda otaran tək alaçığın Sarıbaş adlı möhkəm zəncirdə saxlanan havalı bir köpəyi vardı. Bəzən mən bu köpəyə ehtiyatla yal tökər, tezcə də qaçıb bir kənarda dayanardım. Başqalarına azar verməsin deyə, gündüzləri Sarıbaş zəncirdə saxlanar, qaranlıq qovuşandan sonra açılıb buraxılardı. Bu havalı köpək bizim alaçığın həndəvərinə nəinki oğru-əyrini buraxmaz, az qala, bir quşun belə səkməyinə yol verməz, necə deyərlər, qurd basardı. Yalquzaqla üzləşən Sarıbaşın yaralı qayıtdığı vaxtlar da olardı…
Bizim Əyində cəmi on-on iki ev-tüstü vardı. Buradakı evlər də, tüstülər də iki yana bölünmüşdü. Orta bulağın sağ yanında yoxsullaşan hacılı bəyləri, sol yanında isə rəiyyət tərəfi yaşayırdı. Bizlərin – rəiyyət tərəfin tutduğu torpaq bu ətrafın böyük mülkədarlarından sayılan Danzaver Sultanovlara məxsus idi. Sultanovların Əyindən başqa bir neçə kəndi, bir də Qafanda mis mədənləri vardı…
Bir gün – təqribən mənim altı-yeddi yaşım tamam olar-olmaz əmim kəndin “qurd ağzı mollası”nı çağırdı, bizim qara damın böyründəki təkpəncərəli balaca otaqcanı göstərib:
– Bax, Molla Kərim, – deyə öz qərarını bildirdi, – mən buranı bizim Süleymanın xətri üçün məktəbə verirəm. Süleymanı da oxut, bu obadan kim istəsə, onun uşağını da!..
Yadımdadır, əmimin açdığı bu “mədrəsə”yə hər evdən bir nəfər olmaq şərtilə on-on iki baldırıaçıq uşaq toplandı. Molla Kərim dərsə başladı… Biz dizüstə höccələyə-höccələyə çərəkədən dərs keçir, sirinsəmiş gərməşov çubuğunun gücünə “Quran”ın cüzlərini – ayələrini əzbərləyirdik. Mən zehinli idim… Molla deyəni hamıdan tez alırdım. Bir neçə ilə “Quran”ı qurtarandan sonra Şeyx Sədinin “Gülüstan”ınından dərs keçməyə başladıq. Dörd il sonra bir gün molla mənim əlimə bir qarğı qələm verib, bu sözləri yazdırdı, daha doğrusu, şəklini çəkdirdi:
“Məşq-biqond bi bina başəd,
Gərçi övlad-Mustafa başod” – yəni qəndsiz, şirnisiz məşq binasız olar, gərçi peyğəmbər övladı olmuş olsa da…
Molla mənim baş barmaqlarımı nazik sapla bir-birinə bitişdirib çataqladı, cızılan kağız parçasını da barmaqlarımın üstünə qoyub, məni əmimin yanına göndərdi. Əmim əlimin daha qələm tutduğunu başa düşüb, xeyli sevindi. Barmaqlarımı açdı, ovcuma bir göy beşlik qoydu. Mən də qaça-qaça gəlib beş manatı mollaya verdim. Axşamına əmim plov bişirtdirib molla Kərimi qonaq çağırdı. Söhbət mənim oxumağımdan, yazmağımdan getdi. Bir müddət sonra molla əmimə bildirdi ki, daha mən Süleymanın dərsini çatdıra bilmərəm.
– Niyə, molla Kərim?
– Düzü, Allahverdi, mənim bildiyim buracandı!
Əmimi nigarançılıq götürdü. O, özgə molla axtarmağa başladı. Nəhayət, fars dilindən başqa, az-çox ərəbcə də bilən, ancaq rəsmi ruhanilik vəsiqəsi olmadığına görə, başqası kimi rəsmi ruhanilik eləyə bilməyən Səfər adlı ikinci bir müdərris tapdı. Mən bir ilə yaxın molla Səfərin yanında ərəb dilindən, daha doğrusu, sərf-nəhvə aid kitabdan, bir də Hafiz Şirazidən dərs keçdim. Bu dəfə daha öz otaqcamızda yox, bizdən yuxarılarda, dağlarda yerləşən Maç kəndində, əmimin Əsmər adlı bacısının evində qalmaqla oxudum. Əsmər mamanın oğul-uşağı çox idi. Ev qarma-qarışıqlıq idi. Ocağın üstündən sac düşməmiş çörək qurtarırdı. Kim davakardısa, keyfi sazdı, kim mənim kimi fağırdırsa, ac qalırdı. Mən nə ev sahibinin üzlü uşaqları içində baş çıxara, nə də özüm üçün qaçacaq yol tapa bilirdim. Bir gün necə oxuduğumu bilmək üçün əmim Maç kəndinə gəlmişdi. O, mənim korluq çəkdiyimi, ayaqüstə güclə durduğumu görüb acıqlandı, məni də götürüb birbaşa Əyinə döndü.
– Səni Qubadlıya, rus şkoluna aparacağam! – deyə yolda – at üstündə fikrini bildirdi.
1911-ci tədris ilinin payızında – sentyabrın axırı, ya oktyabrın əvvəlində əmim məni yeni səfərə hazırladı. İri, qırmızı xoruzu tutub ayaqlarını bağladı, yəhərin qaşından asdı, atına minib, məni də tərkinə aldı. Biz Əyin kəndindən çıxıb, Sangər dağının ətəyi ilə üzüaşağı düşdük, Bərgüşad çayının sol sahilində yerləşən Qubadlı kəndinə doğru yollandıq. Bu kənd aran olduğuna görə Əyin kimi sərin deyil, bürkülü və isti idi. Xırmanlarda çələklənmiş kehrə hərlənir, ağzı kəmli, yüngülayaqlı dana-dunaların mic dırnaqları sarı bəlimi əzir, arpa, buğdaya nisbətən gec yetişən çəltik tayaları da döyülürdü. Əmim atını ara yolla keçirib qonaqçısı Müseyib Mehralı oğlunun həyətində düşdü. Bizi ilk qarşılayan birçəyi hənalı, donqabelli bir qarı oldu. Hal-əhvaldan sonra əmim xoruzu qucağıma verdi. Biz xırmanların arasından ötüb Qubadlı kəndinin kənarındakı məktəb binasının yaxınlığında ikimərtəbəli evdə yaşayan, Qori seminariyasını bitirmiş Qubadlı kəndinin sakini Həsən bəyin evinə yetişdik… Ucaboylu, qarabığlı, sıx qarasaçlı Həsən bəy bizi evinin üst eyvanında qarşıladı:
– Xeyir ola, lələ?
– Uşağı oxutmağa gətirmişəm, Həsən bəy!
– Niyə bəs belə gec, ay lələ? Nə vaxtdır dərs keçirik, özü də rus dərsi!..
Danışıq qızışınca içəridən göy mahud çuxalı, qırmızıbığlı, topasaqqallı, ucaboylu mötəbər bir kişi çıxdı. Bu kişi əmimi görüncə gülümsədi, onunla salamlaşıb görüşdü, əhvalatı bilib, işə qarışdı:
– Götür, ay Həsən, – deyə qırmızısaqqal kişi təkid etdi. – Allahverdinin uşağını şkolaya götür!
– Axı çox gecdir, Hacı!
– Gec ya tez, Allahverdinin uşağını yanına salıb geri qaytarmaq olmaz ki…
– Bəs uşağ oxuya bilməsə necə, Hacı?.. Dərsini çatdıra bilməsə nə təhər?! Onda bizi yoxlamağa gələn Zəngəzur inspektoruna nə deyək? Bəlkə, uşaq qala gələn ilə, ay lələ?!
– Yox, uşağın vaxtı keçir, – deyə əmim irisümüklü əlini mənim arğaz çiynimə qoydu, – Onsuz da beş ildən artıqdır o mollanın, bu mollanın yanında dərs keçir, hələ də düz-əməlli yazı-pozu bilmir!
Çox çək-çevirdən sonra Həsən bəy mənim ikisinifli, beşillik rus məktəbinə qəbul olunmağıma razılıq verdi… Mən də qucağımdakıları, xoruzu yavaşcadan endirib pilləkənin ayağında yerə qoydum. Biz Müseyib Mehralı oğlunun evinə döndük. Xınalı saçı qıpqırmızı qızarıb, bir qədər də qabaran, qırış sifəti də qapqara qaralan Bahar qarı döşü ata-ata soruşdu:
– Allahverdi qardaş, necə oldu uşağın işi?
– Uşağı şkola götürdülər, Bahar bacı!
– Fikrin nə ola indi?
– Fikrim Süleymanı sənə, səni də bir Allaha tapşırmaqdır.
Mən qarının turşuyan sifətini görüb, mırıltılı səsini də eşitdim… Əmim fərqinə varmadı. O, gecəni Qubadlıda qaldı, sabahı yəhərli atını minib kəndimizə qayıtdı. Mən Maçdan sonra yenə Qubadlıya – “qürbətə” düşdüm. Bu xoşbəxt düzəlişməyin üstündən bir neçə ay keçməmiş, əmimlə atamın arasında ixtilaf başlandı… İkinci cavan arvadından uşaqları olan əmim yosmapapaq qardaşı oğlu Hüseyni özündən ayırdı, ona ağır evdən yüngül bir pay, böyük naxırdan da beş-altı baş mal-qara verdi. Qardaşoğlu ata dam-daşından çıxıb, obanın ucqarına, bir zaman ilin payız fəslində zəvvarları Kərbəla ziyarətinə aparan çavuş Kərbəlayı Heydərin çoxdan xaraba qalan, yanı tövləsiz, qabağı eyvansız tək damına köçdü. Mən hər cümə axşamı dərs qurtarar-qurtarmaz qıjıltılı axan Bərgüşad çayının üstündən asılan qoşa tirli sürüşkən körpünü titrəyə-titrəyə keçib, üzüyuxarı – Əyinə doğru dırmanır, yolumu gözləyən anam Gülsabahın yanına dönərdim… Anam əyin-başımı yuyar, paltarımı dəyişər, şiv qalxan oğlunu öz baxışları ilə oxşayıb sevər, şkolda oxuyan arıq, sarışın oğlu ilə öyünərdi.
Onu da deməliyəm ki, belə gözlənilməz ayrılıqdan sonra mən ilk dönüşümdə ərklə əsl evimizə – əmimin yanına getdim. Ancaq havanı xeyli dəyişən, özümü üşüdən gördüm. Sonra Qubadlıdan gələndə daha birbaş çavuş evinə – öz ata-anamın yanına, çalsız-çəpərsiz sınıq-sökük evə getməli oldum. Bilib başa düşdüm ki, indi daha mən adlı-sanlı Allahverdi Kərbəlayı Qəhrəman oğlunun “tək oğlu”, ya onun “qardaşı oğlu” deyil, ayağı çarıqlı, başı yosmapapaqlı, əyni şal paltarlı, əlləri dür-düyünlü, ovurdu ovurdundan keçən sarışın bir kəndçinin oğluyam…
Acığa düşən əmim torpağın “ətlisini”, münbitini özünə götürüb, daş-kəsəyini qardaşı oğluna vermişdi. Atam indi daha çox çalışıb-çabalamalı idi.
“Oxuyum, oxumuyum?”
– Daha bu gündən, səni özüm oxudacağam! – deyə tərəddüdümü duyan atam inadla səsini qaldırdı. – Biz bir tikə çörəyə möhtac olsaq da, sən uşkoldan qalmayacaqsan!
Anam kədərləndi, atam qəzəbləndi, xırda bacılarımın gözləri mənə zilləndi. Mən dərin fikrə getdim, çünki gözlənilmədən çarx tərsinə çevrilmişdi; mənim kimisi üçün belə bir məktəbdə oxumaq, müəyyən miqdarda pul xərc etmək çox-çox çətin idi.
Daha bizdən yağlı sovqat almayan Bahar qarı evinin yumru çaylaq daşından hörülən divarlarını gəmirməyə başlamışdı. Mən Bahar qarının qeyri-insani, eybəcər sifətini, indi ayrı-ayrı cizgilərdə deyil, bütünlükdə görürdüm. Qarı bişirdiyi aşın bulanıq həlimini belə, mənə vermir, öz evindən qaçırmaq üçün bu qatı həlimi bayıra axıdırdı. Bahar qarı gündə mənə tağalağ boyda bir kömbə verir, onda da üzümə çəmkirib mır-mır mırıldanırdı. Ancaq mən qarının zülmünə dözüb tablaşır, məktəbdən geriyə dönüb Əyinin qalın meşələrinə qaçmır, aclığımı da oxumaqla ötüşdürürdüm. Mən böyük bir dairəni əhatə edən bir neçə yüz bəy, kəndxuda, hampa balalarının içində yaxşı oxuyanlardan biri idim. Görünür, elə bu mənəvi üstünlük də məni tutub burada saxlayırmış… Düz iki il yay tətilini də mən bekar qalmayıb, Bahar qarının özü kimi qapqara mal-qarasını qızmar günəş altında otarmalı oldum… Düz iki il mən cəhənnəmin özünü gördüm, kirpiklərimlə od götürdüm. Külfətinin vəziyyətini ağır görən, oğlunu şkoladan geriyə çəkmək istəməyən inadkar atam, baltasını daha da ovxarlayıb, meşənin dərininə girdi, xərmən kimi açıq bir dairədə qırdığı odunlardan vağ basıb, kömür yandırdı, palıd ağaclarından taxta çıxardı. Atı olmadığına görə öküzlə taxılı, dəni bol olan aşağı aran kəndlərinə daşıyıb, baha-ucuzuna baxmadan dəyər-dəyməzinə satdı, külfətini ac-yalavac qoymaq istəmədi… Ancaq meşəbəyi də aman vermədi, atamla əlbəyaxa vuruşub, üstəlik, boynuna bəsdi dəyincə akt bağladı. Yadımdadır, atamı həftəbaşı Qafan şəhərinə məhkəməyə çağırar, hey onu cərimə edərdilər. Atamın üstünə bağlanan akt nəticəsində minlərlə manat qızılı aşıb ötdü. Yadımdadır, bir gün məktəbdən evimizə dönmüşdüm. Qış tətili idi. Qəflətən bizim yaşadığımız çavuş evinin üstünü yanı yasovullu məhkəmə pristavı aldı. Onlar bir an içində bu evin olub-qalanını töküb-töküşdürdülər. Ancaq bu “variyyətin” içindən pula gedən bir şey tapmadılar. Hər hansı ehtimala qarşı atam bir cüt öküzünü başqa adamın tövləsində gizlicə saxlamışdı. Onlar bizim mal-qara yerləşən bu kəndi qoyub, bəyin əlindən Zəngilan tərəfə qaçan Səfərəli kişinin eynən çavuş daxmasına oxşayan damından bizim bir arıq inəyimizi, iki də arıq danamızı çıxardıb qabaqlarına qatdılar. Bizim kənddə bu heyvanları alacaq müştəri olmadığından, görünür, hara isə satmağa apardılar. Bu heyvanlar bir qədər aralanmışdılar ki, qar tığına batıb yerlərindəcə ilişikli qaldılar. Məhkəmə pristavı ilə yasovul atlarını geriyə səyirdib, atamın üstünə düşdülər. Endirilən şallaqdan kişinin köhnə şal çuxasının tozanağı göyə qalxırdı.