Читать книгу Amerika faciəsi - Теодор Драйзер, Теодор Драйзер, Theodore Dreiser - Страница 1
ОглавлениеTEODOR DRAYZER
AMERİKA FACİƏSİ
Roman
3-cü kitab
I FƏSİL
Kataraki mahalı, üçüncü mil buxtası adlanan kəndin civarından əlli mil şimala doğru, Kanada sərhəddinə qədər və şərqdəki Senaşeta ilə Hind göllərindən otuz mil eninə, Qayalıq və Skarf çaylarınadək uzanır. Bu sahənin böyük hissəsini qeyri-məskun meşələr və göllər təşkil edir, lakin müxtəlif səmtlərdə, Kunts, Qerass-Leyk, Şimali Uolles, Braun-Leyk kimi kəndlərə və qəsəbələrə də rast gəlmək mümkündür; mahalın bütün əhalisinin ən azı iki min nəfəri mərkəz şəhər olan Bricburqda yaşayır. Şəhərin mərkəzi meydançasında məhkəmə binası var. Bu, köhnə, lakin heç də yöndəmsiz görünməyən, bürcündə böyük saatı olan bir binadır, üzərində həmişə bir neçə göyərçin gözə çarpır; kiçik şəhərin dörd baş küçəsi bu meydana çıxır.
İyulun doqquzunda, cümə günü, Fred Xeyt adlı bir müstəntiq məhkəmə binasında öz kabinetində oturmuşdu, – bu, irigövdəli, genişçiyinli bir adam idi ki, artıq dən düşən saqqalına mormonların ağsaqqalı belə qibtə edə bilərdi – onun enli üzü, böyük əlləri və ayaqları vardı, bədəninin digər üzvləri də buna müvafiq ölçüdə idi.
Bizim hekayəmiz başladığı zaman, – yəni gündüz saat üçün yarısında, – Xeyt arvadının xahişi ilə yazıb gətirdiyi mallar siyahısını, poçta ilə şey göndərən maqazinin kataloqunu təmbəl bir halda vərəqləməklə məşğul idi. O, beş nəfərdən ibarət yeyib-içmək, geyinib-kecinmək tələb edən uşaqları üçün ayaqqabı, pencək, şapka, papaq və digər şeylərin qiymətini yoxlayarkən, gözləri, özünə bab gələn genişyaxalıqlı, enlikəmərli, iridüyməli, böyük bir qış paltosuna sataşdı, – və müstəntiq kədərli bir halda fikrə getdi; çünki ildə üç min dollar təşkil edən büdcəsini nəzərə aldıqda, o bu qış özünə belə bir palto almağı heç cür rəva görə bilməzdi, üstəlik, arvadı Ella da artıq üç il idi ki, xəz bir şuba almaq arzusu ilə yaşayırdı.
Lakin bu zaman telefon zəng vuraraq, müstəntiqi bu düşüncələrdən ayıltdı.
– Bəli, mister Xeyt qulaq asır… Kimdir? Biq Bitern gölü yanında yaşayan Uolles Ayxem? Yaxşı, mən sizi dinləyirəm, Uolles… necə? Gənc bir qızla, bir oğlan suda batıb boğulmuşdur? Yaxşı, bir dəqiqə gözləyin…
Bunu deyərək, o, dövlət fəaliyyətinə təzəcə başlayan və “müstəntiqin katibi” sifəti ilə maaş alan, diribaş bir gəncə tərəf döndü.
Məlumatları qeyd eləyin, Erl – sonra Xeyt yenə də telefonla danışmağa başladı: çox yaxşı, Uolles, indi faktları xəbər verin, – bəli, bütün təfsilatı ilə. Qadının meyidi tapılmışdır, ərinin meyidi isə hələ tapılmamışdır… Yaxşı… Qayıq, gölün cənub sahilində çevrilmişdir… yaxşı. Su üzərində astarsız həsir bir şlyapa qalmışdır?.. Yaxşı. Qızın cəhənglərində və gözlərinin yanında zərbə izləri vardır… Qızın paltosu və şlyapası mehmanxanada qalmışdır… yaxşı… paltonun cibində məktub vardır… adres kimə yazılmışdır? Maymiko mahalı, Vilts şəhəri, missis Oldenə? Yaxşı… ərinin meyidini hələ axtarırlar? – Yaxşı… hələlik axtarış heç bir nəticə verməmişdir?… Başa düşürəm… Çox yaxşı. İndi qulaq asın, görün, sizə nə deyirəm Uolles: paltoya və şlyapaya toxunmayın, qoyun əvvəlki yerində qalsın. Dayanın bir az fikirləşək… indi saat üçün yarısıdır. Mən saat dörd qatarı ilə oraya gəlirəm. Deyəsən, həmin qatarın qabağına mehmanxanadan avtobus göndərirlər? Çox yaxşı, mən elə həmin avtobusla gələrəm… Uolles, meyit tapılarkən, orada olan adamların hamısının adını yazarsınız. Necə? Suyun dərinliyi azı on səkkiz fut olar? – yaxşı… Qayığın avar yerində qızın vualı ilişib qalmışdır… yaxşı… Qəhvəyi rəngli vualdır… daha bir sözün yoxdur ki?… yaxşı… Göstəriş verin ki, hər şey nə cür tapılmışdırsa, elə o cür də öz yerində qalsın. Mən bu saat yola düşürəm. Bəli. Təşəkkür edirəm. Uolles… hələlik, xudahafiz.
Mister Xeyt telefonun dəstəyini ağır-ağir yerindən asdı, eyni ağır hərəkətlə qoz ağacından yonulmuş geniş kreslosundan ayağa qalxdı, sıx saqqalını tumarladı və katibi Erl Nyukoma baxdı. (Erl həm maşında yazan katib vəzifəsini görür, həm klerk vəzifəsini ifa edir, həm də bütün başqa işlərdə kara gəlirdi).
– Siz hamısını yazdınızmı, Erl?
– Bəli, ser.
– Elə isə paltonuzu və şlyapanızı götürün gedək. Biz saat dördə on dəqiqə işləyəndə hərəkət edən qatara çatmalıyıq. Qatarda, şahidləri çağırmaq üçün bir neçə vərəqlər doldura bilərsiniz. Hər ehtimala qarşı özünüzlə on beş – iyirmi dənə blank götürün: orada tapa biləcəyimiz bütün şahidlərin adını yazmaq lazım gələcəkdir. Sonra, xahiş edirəm, missis Xeytə zəng edib deyərsiniz ki, mən bu gün nahar etməyə macal tapmayacağam və çox güman ki, hətta axırıncı qatarla da qayıda bilməyəcəyəm. Ola bilər ki, biz sabaha qədər orada qalaq. Belə hallarda işin nə şəkil alacağını əvvəlcədən təyin etmək çətindir, – hər şeyə hazır olmaq lazımdır.
Xeyt, rütubətli, köhnə otağın küncündəki paltar şkafına yaxınlaşıb, oradan həsir şlyapasını götürdü. Şlyapanın aşağı əyilmiş enli qıraqları, müstəntiqin qəzəbli görünən, lakin əslində mehriban olan dəmbərə gözlü, sıxsaqqallı simasına nə isə nəcib bir ifadə verdi. Müstəntiq bu cür geyinib-kecindikdən sonra katibinə dedi:
– Mən bir dəqiqəliyə polis rəisinin yanına gedirəm, Erl. Siz isə “Respublikaçı” və “Demokrat” qəzetlərinə zəng edib, bu hadisə barəsində onlara xəbər verin: qoy qəzetlər elə güman etməsinlər ki, biz onlardan nə isə gizlədirik. Vağzalda görüşərik.
Bunu deyərək Xeyt ağır addımlarla otaqdan çıxdı.
Arıq və ucaboylu, on doqquz yaşlı, saçları pırtlaşıq, çox ciddi xasiyyətli, lakin bəzən huşsuz, fikri dağınıq bir gənc olan Erl Nyukom, dərhal məhkəmə çağırışı üçün bir dəstə blank götürüb, cibinə doldurmağa başladı və eyni zamanda telefon ilə missis Xeytə zəng etdi. Sonra qəzet redaksiyalarına zəng edərək Biq Bitern gölündə baş vermiş bədbəxt hadisəni xəbər verdi və göy lentli həsir şlyapanı götürüb (şlyapası başına iki dəfə böyük gəlirdi), aşağı yüyürdü, bu yerlərdə çox məşhur olan, qızğın təbiətli prokuror Orvil Meysonun kabinetinin qapısı ağzında, prokurorun yeganə stenoqrafçısı olan Zilla Saunderslə üz-üzə gəldi. Zilla, prokuror köməkçisinin dəftərxanasına getməyə hazırlaşırdı, lakin adətən çox ləng tərpənən mister Nyukomun hara isə tələsdiyini və çox qayğılı olduğunu görərək onu səslədi:
– Hello, Erl. Nə olmuşdur? Hara belə tələsirsiniz?
– Bədbəxt hadisə baş vermişdir. Biq Bitern gölündə iki nəfər batıb boğulmuşdur. Kim bilir, bəlkə məsələ daha ciddidir. Mister Xeyt ora gedir, mən də onunla bərabər gedirəm. Saat üç qatarına çatmalıyıq.
–Haradan bildiniz? Göldə batanlar bizim yerlilərdəndir?
– Hələ bilmirəm, ancaq, məncə yerli deyillər. Qızın cibində Maymiko mahalının Bilst şəhərinə, missis Oldenin adına yazılmış bir məktub tapılmışdır. Qayıtdıqdan sonra mən hamısını sizə danışaram, yaxud oradan sizə zəng edərəm.
– Ah, ilahi, əgər burada bir cinayət məsələsi varsa, mister Meysonu mütləq maraqlandıracaqdır.
– Əlbəttə, maraqlandıracaqdır. Mən telefon ilə ona zəng edəcəyəm və yaxud mister Xeyt özü zəng edəcəkdir. Əgər siz Bad Parkeri və ya Kerel Bedneli görsəniz. Onlara deyin ki, mən şəhərdən çıxıb getmişəm. Sonra Zilla, xahiş edirəm, anama zəng edib, onu da xəbərdar edərsiniz. Qorxuram, özüm zəng etməyə macal tapmayam.
– Narahat olmayın, zəng edərəm.
– Sağ olun!
Erl, rəisinin yeksənəq həyatını xələldar edən bu hadisə ilə son dərəcə maraqlanmış bir halda, pillələri iki-iki tullanaraq, şən və gümrah bir halda, mahal məhkəməsinin pilləkəni ilə üzü aşağı yüyürdü. Miss Saunders isə öz rəisinin, respublika partiyasının bu yaxınlarda çağıralacaq mahal konfransı ilə əlaqədar olan bir işdən ötəri hara isə çıxıb getdiyini və indi bu yeni xəbəri söyləmək üçün onun kabinetində heç kəsin olmadığını bildiyi üçün prokuror köməkçisinin dəftərxanasına yönəldi: o, göldə baş vermiş faciə haqqında öyrəndiklərini bu otaqda olanların hamısına nağıl edə bilərdi.
II F Ə S İ L
Müstəntiq Xeyt ilə köməkçisinin yığdıqları məlumat çox qəribə və təşviş doğuran bir xarakter daşıyırdı. Zahirən bu qədər xoşbəxt və sevimli görünən naməlum bir qızla oğlanın mindikləri qayıq yox olan günün səhərisi mehmanxana sahibinin təşəbbüsü ilə axtarış başlanmış və göldəki ada arxasında, yəni Ay buxtasında çevrilmiş qayıq, şlyapa və vual tapılmışdı. Dərhal mehmanxananın bütün xidmətçiləri, bələdçilər və bu iş üçün muzdla tutulan başqa adamlar göldə suya baş vuraraq, uclarında qarmaqlar olan uzun çəngəllərlə suyun dibini axtarmağa və batanların meyitlərini tapıb çıxartmağa çalışmışdılar. Bələdçi Sim Şup, mehmanxananın sahibi və qayıq stansiyasının icarəçisi, məhv olan qadının çox gənc və qəşəng olduğunu, onunla bərabər olan oğlanın isə – göründüyünə görə çox varlı bir gənc olduğunu danışırdılar, buna görə bu hadisə, buradakı beş-on nəfərdən ibarət sakinləri – odunçuları və mehmanxana xidmətçilərini – nəinki maraqlandırmış, eyni zamanda xeyli mütəəssir etmişdi. Üstəlik, hamı təəccüb edirdi ki, nə cür olmuşdur ki, bu cür küləksiz, gözəl bir gündə belə qəribə, bədbəxt bir hadisə baş vermişdir.
Lakin günorta vaxtı, az sürən bir axtarışdan sonra çəngəllə işləyənlərdən – Con Pol adlı bir odunçu, – qarmağını qızın paltarına ilişdirərək, Robertanın cəsədini sudan çıxartdıqda, ümumi həyəcan daha da ardı – qızın ağzının və burnunun yanında, sağ gözünün üstündə və altında açıq-aydın bir şəkildə zədəli yerlər görünürdü və bu hal, buraya yığılanların hamısında dərhal bir şübhə doğurdu. Qayıqda oturmuş Co Rayner ilə bərabər cəsədi sudan dartıb çıxardan Con Pol, qızın üzünə baxıb səsləndi:
Ax, yazıq qız! Qu kimi yüngüldür. Heç başa düşə bilmirəm ki, nə cür olub ki, o batıb boğulmuşdur.
O, qayığın kənarından aşağı əyildi və qüvvətli əlləri ilə Robertanın belindən tutaraq, qızın yaş və hərəkətsiz meyidini qayığa çəkdi, bu zaman onun yoldaşları başqa qayıqlara işarə verdilər və onlar hamısı sürətlə, meyit tapılan yerə hərəkət etdilər.
Con, qızın suda dolaşıq düşüb, üzünü örtmüş şabalıdı rəngli gur saçlarını kənara ataraq, əlavə etdi:
Oho, deyəsən, məsələ başqa cürdür! Bir bax, Co! Elə bil yazıq qızı nə iləsə vurublar. Bir yaxşı bax!
Bir az sonra qayıqlarda üzüb gələn bütün odunçular və mehmanxana sakinləri Robertanın üzündəki qançırları diqqətlə gözdən keçirməyə başladılar. Sonra qızın meyidi şimala tərəf, qayıq stansiyasına aparıldıqda və qızla bərabər olan adamın meyidini tapmaq üçün göldə təzədən axtarış başlandıqda, hər kəs öz rəyini deməyə başladı: “Burada nə isə bir iş var… Qızın üzündəki o qançır yerlər… ümumiyyətlə… nə cür olmuşdur ki, belə sakit bir havada qayıq çevrilmişdir?”, “Bu saat yoxlayarıq görək, gölün dibində başqa bir meyit də varmı…” Lakin saatlarla davam edən axtarış bir nəticə vermədikdə, hamı qəti olaraq bu qərara gəldi ki, çox güman ki, gölün dibində kişinin meyidi yoxdur və heç olmamışdır – bu, dəhşətli və həyəcanoyadan bir fikir idi…
Bundan sonra, Klayd ilə Robertanı stansiyadan gətirən bələdçi ilə, Biq Bitern və Qrass gölləri sahilindəki mehmanxana sahiblərinin arasında baş verən danışıqda aşağıdakı şeylər müəyyən edildi: 1) suda boğulan qız öz çamadanını Qan-Lodj stansıyasında saxlanmağa vermişdir, halbuki onunla bərabər olan Kliford Qolden adlı gənc çamadanını özü ilə bərabər götürmüşdür; 2) əvvəlcə Qrass gölü sahilindəki mehmanxanada, sonra isə Biq Biterndəki mehmanxanada dəftərlərlə qeyd edilmiş familiyalar arasında şübhə oyadan bir ziddiyyət vardı: mehmanxanaların birində qeyd dəftərində – Karl Qrexem yazılmış, o birisində isə Kliford Qolden qeyd edilmişdi, halbuki zahiri görkəmi nəzərə alındıqda (hər iki mehmanxana sahibi ətraflı müzakirədən sonra bunu lap yəqin etmişdilər), şübhə yeri qalmırdı ki, bu eyni biradam olmuşdur; 3) özünü Kliford Qolden, yaxud Karl Qrexem adlandıran o adam həmin gün onu Biq Bitern gölü sahilinə aparan bələdçidən, göldə çox adam olub-olmadığını soruşmuşdur. Bundan sonra indiyədək tutqun olan şübhələr, qəti bir inam hissi ilə əvəz olundu: burada nə isə bir cinayət baş vermişdi. Artıq buna heç bir şübhə yox idi.
Buraya gəlib çıxan müstəntiq Xeytə dərhal xəbər vermişdilər ki, şimal meşələrinin sakinləri çox həyəcana gəlmişlər və şübhələrində haqlı olduqlarına əmindirlər. Onlar belə güman edirlər ki, Klifordun və yaxud Qrexemin meyidi heç vaxt gölün dibində olmamışdır. Xeyt özü də qayıq stansiyasının yanındakı kiçik bir evdə ehtiyatla taxtın üstünə qoyulmuş naməlum qızın meyidini diqqətlə gözdən keçirərək, onun gənc və gözəl olduğunu gördükdə, nəinki bu qızın zahiri görkəmindən, eyni zamanda şübhə ilə dolu olan bütün bu mühitdən qəribə bir həyəcana gəldi. Hələ bu azdır. Mehmanxana kontoruna yığılaraq Robertanın paltosunun cibində tapımış məktubu oxuduqda, o, qəti olaraq ən qara şübhələrə meyl etməyə başladı, çünki məktubda yazılmışdı:
“Qrass gölü, Nyu-York ştatı, 8iyul.
Anacan, əzizim!
Biz indi buradayıq və nikahlanmağa hazırlaşırıq, lakin mən bunu təkcə sənə yazıram. Xahiş edirəm bu məktubu atama və ümumiyyətlə heç kəsə göstərməyəsən, çünki bu məsələ hələlik gizlin qalmalıdır. Milad bayramında mən sənə bu barədə danışmışdım, ona görə indi nigaran qalma, heç bir şey soruşma və mənim barəmdə heç kimə heç bir söz demə. Yalnız bunu deyə bilərsən ki, məndən məktub almışsan və mənim harada olduğumu bilirsən. Qorxma, hər şey yaxşı olacaqdır. Anacan, səni qucaqlayıb hər iki yanağından bərk-bərk öpürəm. Nigaran qalma və atamı inandırmağa çalış ki, hər şey öz qaydasındadır, ancaq nə ona, nə Toma, nə də Qiforda bu barədə heç bir şey demə, yaxşımı? Səni dönə-dönə öpürəm.
Səni sevən Berta.
P.S. Bunlar hamısı hələlik, məxfidir və bu məsələ bizim aramızda gizli qalmalıdır, bir az sonra isə mən sənə məktub yazıb xəbər verəcəyəm ki, artıq bu məsələ gizli deyildir”.
Kağızın yuxarı küncündə, konvertin üstündə olduğu kimi möhür vardı: “Qrass gölü” mehmanxanası, Nyu-York ştatı, mehmanxana sahibi – Cek, Evans”. Görünür, bu məktub, onlar mister və missis Qrexem adı ilə qeyd olunub, gecəni bu mehmanxanada keçirdikdən sonra, səhər yazılmışdı.
Ah, bu gənc qızların yelbeyinliyi!
Məktubdan aydın görünürdü ki, onlar bu mehmanxanaya ər-arvad kimi gəlmişdilər, lakin evli deyilmişlər. Bu məktubu oxuyarkən mister Xeytin tükləri ürpəşdi, çünki onun özünün də qızları var idi və o, qızlarını coşqun bir məhəbbətlə sevirdi. Lakin bu zaman onun ağlına başqa bir fikir gəldi. Onların mahalında seçkilərin vaxtına az qalmışdır; noyabr ayında, üç il müddətinə müstəntiq də daxil olmaq üzrə, bütün yerli hakimiyyət orqanları təzədən seçilməli idi, bundan başqa, mahal məhkəməsi sədri də bu il seçiləcəkdi. (mahal məhkəməsi sədrinin vəkalət müddəti altı ildir). Avqust ayında, yəni təxminən ay yarım sonra respublika və demokratiya partiyalarının dərhal konfransları çağırılmalıdır, bu konfranslarda müvafiq namizədlər irəli sürüləcəkdir. Hazırki prokuror isə iki seçki müddətindən bəri eyni vəzifəni daşıdığı üçün, indi mahal hakimi mövqeyindən başqa, özgə bir vəzifəyə seciləcəyinə bel bağlaya bilməzdi. O, bu vəzifədə bu qədər qalmasına, yalnız özünün bir əyalət siyasi natiqi istedadına malik olması sayəsində deyil, eyni zamanda, yüksək məhkəmə məmuru kimi öz dostlarına müxtəlif xidmətlər göstərdiyinə görə nail olmuşdu. Lakin indi onun bəxti gətirməsə, namizədliyi irəli sürülməsə və beləliklə də, mahal məhkəməsinin hakimi vəzifəsinə seçilməsə, onun siyasi karyerasına artıq son qoyulacaqdır. Bəla burasında idi ki, onun prokuror olduğu müddət ərzində, bir dəfə də olsun böyük, maraqlı bir məhkəmə işinə baxılmamışdı ki, bu onun şöhrət qazanmasına kömək etmiş olaydı və bununla da, gələcəkdə də seçicilərinin hörmətinə və etimadına bel bağlamağa ona haqq verə idi. Lakin indi…
Uzağı görən fərasətli müstəntiq belə düşünürdü ki, Biq Bitern gölündəki hadisə bütün əhalinin diqqətini və simpatiyasını indiki prokurora, yəni Xeytin ən yaxın və xeyirli dostu olan bu adama cəlb etmək üçün son dərəcədə əlverişli bir iş ola bilər. Bu hadisə, prokurorun nüfuzunun və hörmətinin artmasına kömək edərək, bununla da, onun mənsub olduğu partiyanın irəli sürdüyü namizədlər siyahısı üçün yaxşı şərait yarada bilərdi və beləliklə də, gələcək seçkilərdə onlar hamısı təzədən seçilə bilərdilər. Hazırki prokuror nəinki öz namizədliyinin irəli sürülməsinə, hətta noyabr ayında altı il müddətinə məhkəmə hakimi vəzifəsinə seçilməsinə nail ola bilərdi. Siyasi həyatda bundan daha qəribə şeylər az olmamışdır…
Buna görə Xeyt tapılan məktub haqqında heç bir suala cavab verməməyi qərara aldı, çünki bu məktub, əgər doğrudan da bir cinayət işlənmişdirsə, bu cinayətin müqəssirini tez tapmağa kömək edəcəkdi və hazırki siyasi vəziyyətdə, bu sirrin açılması ilə əlaqədar olan hər bir adama şöhrət və hörmət qazandıra bilərdi.
Müstəntiq, eyni zamanda, Erl Nyukoma və Roberta ilə Klaydı stansiyadan Biq Bitern gölünə gətirmiş bələdçiyə əmr etdi ki, onlar Qan-Lodj stansiyasına gedib desinlər ki, oradakı çamadan, Xeytdən və yaxud prokurorun nümayəndəsindən başqa heç kəsə verilməməlidir. Sonra o, artıq telefon vasitəsi ilə Bilts şəhərinə zəng edib, doğrudan da orada qızı Berta və yaxud Alberta ilə yaşayan Oldenlər ailəsinin olub-olmadığını yoxlamaq istəyirdi ki, bu zaman (ona elə gəldi ki, sanki qəza və qədərin hökmü ilə) ona mane oldular: yerli ovçulardan iki kişi ilə bir oğlan uşağı, – artıq göldə baş vermiş faciədən xəbər tutmuş bir dəstə adamla bərabər, demək olar ki, bir-birini itələyərək, onun otağına doluşdular. Onlar çox böyük əhəmiyyətə malik olan bir məlumatla gəldiklərini dedilər və tez-tez bir-birilərinin sözünü kəsərək, bir-birini islah edərək nağıl etməyə başladılar ki, Roberta suda batıb boğulan günü axşam saat beşdə, onlar gölün yaxınlığında ov eləmək və göldə balıq tutmaq məqsədi ilə üçüncü mil Buxtasından (Biq Biterndən on iki mil cənuba doğru) yola çıxmışdılar. İndi ovçular hamısı bir səslə deyirdilər ki, həmin axşam təxminən saat doqquzda, Biq Bitern gölünün cənub sahilinə yaxınlaşdıqda – bəlkə də gölün cənub sahilinə üç milə qədər qaldıqda, onlar Biq Bitern mehmanxanasından üçüncü mil Buxtasına gedən cavan bir oğlana rast gəlmiş və onu turist zənn etmişdilər. O gənc çox yaxşı və şıq geyinmişdi. Buna görə heç yerli sakinlərə oxşamırdı. Onun başında həsir şlyapa, əlində isə çamadan var idi. Bu gəncin piyada getməsi, üstəlik, belə gec yola çıxması, hələ o vaxt ovçuları heyrətə salmışdı, çunki o, səhər qatara minib bir saat sonra üçüncü mil Buxtasına çata bilərdi. Bir də, axı, nə üçün o gənc, ovçulara rast gəldikdə o cür qorxmuşdu, onların dediyinə görə, həmin gənc meşədə onlara rast gələrkən, qorxub kənara sıçramış və hətta bir dəhşət içərisində qaçmaq istəmişdi. Doğrudur, aylı bir gecə olduğu üçün, onlardan biri əlindəki fənərin fitilini aşağı çəkmişdi və özləri də, hər cür meşə heyvanlarını pusmağa adət etmiş adamlar kimi çox yavaş və ehtiyatlı addımlarla gedirdilər. Lakin axı, bu yerlər tamamilə təhlükəsiz yerlərdir və buradakı adamların hamısı onlar kimi namuslu vətəndaşdırlar, buna görə də, həmin gəncin kolluqda gizlənmək istəyirmiş kimi, kənara sıçraması üçün heç bir səbəb yox idi, amma sonra, Bad Bryuninq adlı oğlan əlindəki fənərin işığını artırdıqda, yol ötən gənc, deyəsən, özünə gəlmiş, onların salamına cavab vermiş və üçüncü mil Buxtasına hələ çox qalıb-qalmadığını soruşmuşdu. Ovçular oraya yeddi mil qaldığını demişdilər, bundan sonra gənc ötüb getmişdi, onlar isə öz aralarında bu təsadüfdən danışaraq, yollarına davam etmişdilər.
İndi bu gəncin üzünün cizgiləri, Klaydı həmin gün Qan Lodj stansiyasından gətirən bələdçinin söylədiklərinə, həmçinin, Biq Bitern gölü ilə Qrass gölü sahilindəki mehmanxana sahiblərinin dediklərinə və təsvir etdiklərinə tamamilə düz gəldiyi üçün, onun, suda boğulan naməlum qızla bərabər qayığa minib gəzməyə çıxan həmin adam olduğu tamamilə aydınlaşdı.
Erl Nyukom dərhal, telefon vastəsilə üçüncü mil Buxtasındakı yeganə mehmanxana sahibindən, təsadüfən həmin sirli adamın orada qalıb-qalmadığını soruşmaq üçün öz rəisindən icazə istədi. Məlum oldu ki, orada belə bir adam qalmamışdır. Deyəsən, bu üç nəfər ovçudan başqa o adamı heç kəs heç bir yerdə görməmişdi. Elə bil o, yox olub, göyə çəkilmişdi, amma digər tərəfdən həmin gün axşam müəyyən edildi ki, haman gəncə oxşayan, əlində çamadan olan, lakin başına həsir şlyapa yox, kepka qoymuş cavan bir oğlanı meşədəki təsadüfün səhərisi günü, Şeyronda görən olub; o, üçüncü mil buxtası ilə Şeyron arasında işləyən – “Qu Quşu” adlı kiçik bir göl paroxoduna minmişdir. Bundan sonra onun izi yenə də yoxa çıxmışdı. Hələlik, Şeyronda heç kəs belə adamın ora gəldiyini və yaxud çıxıb getdiyini xatırlaya bilmirdi. Hətta kapitan belə, sonralar şəhadət verdiyi kimi, bu adamın paroxoddan nə vaxt düşdüyünü görə bilməmişdi: həmin gün paroxodda on beşə qədər sərnişin var imiş və kapitan onlardan heç birinin adını yaxşı yadında saxlaya bilməmişdi.
Bununla belə, Biq Bitern sakinlərinin hamısı yavaş-yavaş qəti bir əqidəyə gəldilər ki, o yaramaz kim olursa-olsun, ən qəddar və soyuqqanlı bir canidir! Buna görə hamı onun ələ keçməsini və həbs edilməsini səbirsizliklə arzu edirdi. Alçaq! Qatil! Dərhal həm ağızdan-ağıza, həm telefonla, həm teleqraflarla və hətta Olbenidə çıxan “Arqus” ilə “Tayms Yunion”, həmçinin Likurqda çıxan “Star” kimi yerli qəzetlərə qədər, göldə baş vermiş həyəcanlı faciənin xəbəri hər yerə yayıldı. Bu xəbəri yayanlar deyirdilər ki, çox mümkündür ki, bu faciə dəhşətli bir cinayətlə əlaqədardır.
III F Ə S İ L
Müstəntiq Xeyt öz vəzifəsini yerinə yetirdikdən sonra geri qayıdarkən, bundan sonra nə cür hərəkət edəcəyini düşünürdü. Bu ağır işdə onun atacağı yeni addım, görəcəyi yeni tədbir nədən ibarət olmalı idi? Yola düşməmişdən əvvəl o bir daha Robertaya baxdı və həqiqətən dərin bir həyəcan duyub, mütəəssir oldu: bu qiz nə qədər gənc, məsum və gözəl görünürdü. Sadə, göy rəngli paltarının ağır və yaş qırçınları onun bədəninə yapışmışdı, balaca əlləri sinəsində çaprazlaşmışdı, iyirmi dörd saatdan artıq suda qaldıqdan sonra hələ də qurumamış qızılı-şabalıd rəngli saçları, onun vaxtilə canlı və ehtiraslı bir məxluq olduğunu təlqin etməkdə idi və bütün bunlar sanki cinayətdən çox uzaq olan yumşaq bir məlahətdən xəbər verirdi.
Lakin şübhəsiz ki, çox kədərli olan bu işdə şəxsən müstəntiqə aid başqa bir cəhət də var idi. O, Bilts şəhərinə gedərək, missis Oldenə yazılmış məktubu və qızının ölümü haqqında dəhşətli xəbəri o qadına bildirməli idimi və eyni zamanda, ondan qızı ilə gəzən adamın kim olduğunu, harada yaşadığını soruşmalı idimi, yaxud əvvəlcə Bricburqa, prokuror Meysonun yanına getməli və baş verən hadisəni bütün təfsilatı ilə danışmalı idi ki, bu centlmen, yəqin ki, hörmətli olan o ailəyə bu sarsıdıcı zərbəni endirmək kimi kədərli bir vəzifəni öz üzərinə götürəydi? Hər halda bu işdə siyasi vəziyyəti nəzərə almaq lazım idi. Doğrudur, o özü müstəqil hərəkət edərək, bu işdə şöhrət qazana bilərdi, lakin partiyanın ümumi vəziyyətini nəzərə almaq lazım idi: şübhəsiz, partiya sahibinin başında qüvvətli bir adam durmalı və payızda keçiriləcək seçkilərdə bu siyahını möhkəmlətməli idi, göldə baş verən faciə isə bu məqsəd üçün parlaq imkan yaratmışdı. Deməli, ikinci variant daha aqil bir hərəkət idi: Xeytin dostu prokuror üçün – bu məsələ çox əlverişli bir fürsət idi! Xeyt bu fikirlərlə Bricburq şəhərinə gəldi və üzündə təntənəli bir ifadə ilə, prokuror Orvil Meysonun kabinetinə daxil oldu, prokuror isə müstəntiqin bu cür gəlişindən nə isə mühüm bir hadisə baş verdiyini duyaraq, dərhal özünü yığışdırıb, diqqətlə qulaq asmağa hazırlaşdı.
Meyson qısaboylu, enlikürəkli və cismən çox qüvvətli bir adam idi; lakin cavanlığında, bədbəxtlikdən burnunu bərk əzmişdi və bu, onun xoş ifadəli və hətta qəşəng üzünü xarab etmiş, simasına tutqun, demək olar ki, uğursuz bir ifadə vermişdi. Lakin Meyson heç də qaraqabaq, tutqun bir şəxsiyyət deyildi, bəlkə bundan daha artıq həssas və romantik bir adam idi. Uşaqlıqda o, ehtiyac və zəlalətin nə olduğunu hiss etmişdi, buna görə sonralar, xoşbəxt yaşadığı illərdə, həyatı yaxşı keçən adamları taleyin ərköyün övladları hesab edirdi. Kasıb bir fermerin dul qalmış arvadı olan anası, böyük çətinliklə dolanırdı. Ona görə Meyson hələ on iki yaşa çatmamış anasına kömək etmək üçün, demək olar ki, bütün uşaq oyunlarından və sevinclərindən imtina etməli olmuşdu. On dörd yaşında ikən ayaq xizəyi ilə sürüşərkən, o, yerə yıxılmış və burnunu əzmişdi ki, bu həmişəlik olaraq onun üzünü eybəcər bir hala salmışdı. Buna görə gənclik illərində qızlar üstündə gedən rəqabətlərdə o həmişə məğlub olurdu: qızların diqqətini cəlb etmək üçün çırpındığına baxmayaraq, qızlar həmişə ona yox, başqalarına meyil göstərirdilər, – bunun nəticəsində o, yavaş-yavaş öz eybəcərliyinə qarşı son dərəcə həssas olmuşdu. Bu, nəhayət, freydistlərin adətən psixoloji seksual sarsıntı adlandırdıqları bir hal ilə nəticələndi.
Lakin o, on yeddi yaşında ikən, ”Respublikaçı” adlı Bricburq qəzeti naşirinin simpatiyasını qazana bildi və bu qəzetin daimi müxbiri oldu. Sonralar onun Kataraki mahalı həyatından yazdığı məqalələr, Olbenidə çıxan “Tayms-Yunion” və Utikada çıxan “Star” kimi qəzetlərdə dərc olunurdu və on doqquz yaşında ikən, o artıq Bricburqun keçmiş məhkəmə sədri Devis Riçoferin kontorunda hüquqşünaslıq elmini öyrənməyə imkan əldə etmişdi. Bir neçə il sonra isə o, vəkil olmaq hüququ əldə etdi, beləliklə o, yerli siyasətçilərdən və kommersantlardan bəzilərinin hörmətini qazandı və bu adamlar onu ştatın qanunverici məclisinin aşağı palatasına keçirməyə müvəffəq oldular; burada o tam altı il iclaslarda iştirak etmiş və yuxarıdakıların əmr etdiyi kimi hərəkət etməyə həmişə hazır olması ilə, öz təvazökarlığı, uzaqgörənliyi və şöhrətpərəstliyi sayəsində paytaxt ağalarının rəğbətini qazanmışdı və eyni zamanda doğma şəhərindəki hamilərinin də hörmətini də qazanıb hifz edib saxlaya bilmişdi. O, bir qədər natiqlik istedadına malik idi, buna görə Bricburq şəhərinə qayıtdıqdan sonra, əvvəlcə prokuror köməkçisi vəzifəsinə təyin edilmiş, dörd il keçdikdən sonra isə auditor seçilmiş və nəhayət, dalbadal, iki dəfə, dörd il müddətinə prokuror vəzifəsinə seçilmişdi. Cəmiyyətdə belə yüksək bir mövqe tutduqdan sonra, o, varlı bir adam olan yerli aptekçinin qızı ilə evlənə bilmişdi və iki uşağın atası olmuşdu.
Miss Saundres Biq Bitern gölündə baş verən hadisə haqqında nə eşitmişdisə, hamısını artıq Meysona danışmışdı və Meyson da müstəntiq Xeyt kimi dərhal başa düşmüşdü ki, bu cinayətlə əlaqədar olaraq qalxacaq səs-küy onun üçün çox əlverişlidir. Bu hadisə onun sarsılmış siyasi nüfuzunu möhkəmlətməyə imkan yaradacaq və hətta, yəqin ki, bütün gələcəyinin məsələsini həll edəcəkdir. Hər halda, prokuror bu məsələ ilə son dərəcə maraqlanmışdı. İndi Xeyti görərkən, bu məsələ ilə çox maraqlandığını gizlətmədi.
Hə, işlər necədir, polkovnik Xeyt?
Mən elə bu saat Biq Bitern gölündən gəlirəm, Orvil. Mənə elə gəlir ki, sizin üçün elə bir iş tapmışam ki, vaxtınızı bir az bu işə sərf etməli olacaqsızınız.
Lakin Xeytin iri, dəmbərə gözləri, heç bir şey ifadə etməyən bu müqəddimədən daha mühüm şeylər söyləməkdə idi.
– Siz göldə baş verən bədbəxt hadisənimi nəzərdə tutursunuz?
– Bəli, Ser, elədir ki, var.
– Burada nə isə bir cinayət işləndiyini düşünmək üçün, sizin əlinizdə əsas vardırmı?
– Bilirsinizmi, Orvil, mən bunun qətl olduğuna heç şübhə etmirəm. – Xeytin tutqun gözləri işıldadı –Əlbəttə, hər şeydən əvvəl ehtiyatlı olmaq lazımdır və hələlik bu fikir öz aramızda qalmalıdır. Doğrudur, mən hələ oğlanın meyidinin gölün dibindən tapılıb çıxarılmayacağına tamamilə əmin deyiləm. Lakin bunlar hamısı, məncə, çox şübhəlidir, Orvil, dünən və bu gün azı on beş adam, uzun qarmaqlarla gölün cənub hissəsini axtarmışlar. Mən bir neçə nəfərə müxtəlif yerlərdə suyun dərinliyini ölçməyini tapşırmışdım, – gölün dərinliyi heç bir yerdə iyirmi beş futdan artıq deyildir. Amma bu vaxta qədər o adamdan heç bir əsər tapılmamışdır. Qızı isə dünən saat birdə tapıb çıxarıblar, onun meyidini o qədər də çox axtarmaq lazım gəlməyib. Özü də, o çox gözəl qızdır. Orvil, lap gəncdir, ona on səkkiz, iyirmi yaşdan artıq vermək olmaz. Lakin işdə şübhə doğuran bir neçə məsələ vardır ki, mən bunlara əsaslanaraq güman edirəm ki, göldə, qızla gəzən gəncin meyidi yoxdur. Doğrusunu desəm, mən yırtıcı bir cinayətə bu qədər oxşarı olan heç bir başqa hadisəyə rast gəlməmişəm.
Xeyt bunu deyərək, çox köhnə və əzik pencəyinin sağ cibini axtarmağa başladı və nəhayət, oradan Robertanın məktubunu çıxartdı; o, məktubu dostuna uzadaraq, stullardan birini çəkib oturdu, prokuror isə məktubu oxumağa başladı.
–Elədir, – deyə Meyson, məktubu oxuyub qurtardıqdan sonra təsdiq etdi. – Çox şübhəli işdir. Demək, o adam hələ də tapılmamışdır… Bəs bu qadını necə, görmüsünüzmü? O qadın, bu məsələ barəsində nə bilir?
–Yox, Orvil, o qadını mən hələ görməmişəm, – deyə Xeyt ağır-ağır və fikirli bir halda cavab verdi, özü də nə üçün görmədiyimi bu saat sizə deyərəm. Mən hələ dünən bu qərara gəldim ki, yaxşısı budur, əvvəlcə bu barədə sizinlə məsləhətləşim və yalnız bundan sonra bu işlə məşğul olmağa, bir tədbir tökməyə başlayım. Siz özünüz indi siyasi vəziyyətin nə halda olduğunu bilirsiniz. Əgər belə bir işi məharətlə başa çatdırmaq mümkün olsa, bu payız əfkari-ümumiyyəyə xeyli təsir göstərmək olar. Mən, əlbəttə, siyasəti belə bir cinayətlə qarışdırmaq fikrində deyiləm, amma yenə də nə üçün biz bu işi elə aparmayaq, elə başa çatdırmayaq ki, sonra o, bizim göstərdiyimiz bir xidmət kimi qeyd olunmasın? Buna görə də mən əvvəlcə sizinlə danışmağı qərara aldım. Əlbəttə əgər istəsəniz mən o qadının yanına gedə bilərəm. Ancaq məncə, siz özünüz ora getsəniz və o gəncin kim və nəçi olduğunu aydınlaşdırsanız, daha yaxşı olar. Əgər belə bir işi başa çatdıra bilsək, bu məsələnin siyasi nöqteyi nəzərdən nə demək oluğunu siz özünüz məndən yaxşı bilirsiniz. Mən isə bilirəm ki, siz belə bir işin öhdəsindən gələ bilərsiniz, Orvil.
– Təşəkkür edirəm, Fred, təşəkkür edirəm, – deyə Meyson çəpəki bir nəzərlə dostuna baxaraq və əlindəki məktubla stolu döyəcləyərək, təntənəli bir surətdə cavab verdi.-Mənim haqqımda belə bir rəydə olduğunuz üçün sizə ürəkdən minnətdaram. Məncə, siz ən doğru bir yol seçibsiniz. Sizdən başqa bu məktubu görən olmadığına əminsinizmi?
– Yalnız konverti görən olmuşdur. Həm də onu bircə nəfər, mehmanxananın sahibi mister Xabbard görmüşdür. O mənə dedi ki, məktubu qızın paltosunun cibindən tapmışdır və mən gələnə qədər, məktubun yoxa çıxmasından və yaxud açılıb oxunmasından qorxaraq, götürüb gizlətmişdir. Onun dediyinə görə bədbəxt hadisə haqqında xəbər tutan kimi, dərhal burada bir iş olduğunu duymuşdur. Onun dediyinə gprə, cavan oğlan çox əsəbiləşirmiş və özünü çox qəribə aparırmış.
– Çox yaxşı, Fred. Hələlik bu məsələ barəsində heç kəsə heç bir şey deməyin, yaxşımı? Mən bu saat o qadının yanına gedirəm. Lakin bəlkə siz başqa bir şey də öyrənmişsiniz?
Mister Meyson lap dirçəlmiş və cuşa gəlmişdi, o dalbadal sual verirdi və hətta öz köhnə dostu ilə belə amiranə bir səslə danışmağa başlamışdı.
Bəli, az şey öyrənməmişəm, – deyə müstəntiq mənalı və ciddi bir ifadə ilə cavab verdi. – Orvil, qızın üzündə şübhəli qançırlar və zədələr vardır: sağ gözünün altı, sol gicgahının üstü, həmçinin dodaqları və burnu zədələnmişdir, görünür, yazıq qızı nə iləsə – daşla, yaxud ağacla, bəlkə də avarlardan birisi ilə vurublar; avarlar bir az o yanda suyun üstündə üzürmüş. Zahiri görünüşü etibari ilə qız lap uşağa oxşayır, çox kiçikdir və bilirsinizmi, Orvil, çox qəşəngdir… ancaq özünü yaxşı aparmamışdı. Bu saat məsələni izah edərəm. – Bunu deyərək müstəntiq susdu, cibindən böyük bir əl dəsmalı çıxartdı səs-küylə burnunu silib, sonra səliqə ilə saqqalını tumarladı. – Orada, həkim tapmağa vaxtım olmadı, amma bazar ertəsi burada meyidin yarılmasını təşkil etməyə və istintaqın başlanmasına çalışacağam. Mən artıq sərəncam vermişəm: Luç qardaşları qızın meyidini bu gün buraya gətirəcəklər, lakin üçüncü mil Buxtasında yaşayan iki nəfər ovçu ilə bir cavan oğlan uşağının verdiyi məlumat hamısından şübhəlidir: onlar cümə axşamı, axşamüstü ov etmək və balıq tutmaq üçün Biq Biternə gedirmişlər. Mən Erlə əmr etdim ki, onların adını yazsın, çağırış vərəqəsi dolduraraq, bazar ertəsi dindirmək üçün buraya çağırsın.
Müstəntiq həmin adamların təsadüfən Klayda rast gəldikləri haqqında verdikləri ifadəni bütün təfsilatı ilə prokurora nağıl etdi.
Məsələ ilə dərindən maraqlanmış prokuror, tez-tez:
–Belə, demək belə, – deyə səslənirdi.
– Bundan başqa, Orvil, – deyə müstəntiq sözünə davam edirdi. Mən Erlə tapşırdım ki, telefon vasitəsilə üçüncü mil Buxtasında, – mehmanxana sahibindən, poçta müdirindən və oranın polis rəisindən lazimi məlumat alsın, lakin görünür, həmin gənci yalnız bir nəfər görübdür. O adam da, üçüncü mil Buxtası ilə Şeyronun arasında işləyən kiçik bir paroxodun kapitanı Munidir, yəqin ki, siz onu tanıyırsınız. Mən tapşırdım ki, Erl o kapitanı da şahid sifəti ilə çağırsın. Kapitanın dediyinə görə cümə günü səhər, onun “Qu quşu” adlı paroxodu Şeyrona ilk reysə çıxdığı vaxt, yəni saat doqquzun yarısında həmin gənc və yaxud ona çox oxşayan bir başqası paroxoda minib, Şeyronadək bilet almışdır. O gəncin əlində çamadan, başında isə kepka varmış, amma o üç nəfər ovçu meşədə ona rast gələrkən, həmin gəncin başında həsir şlyapa olduğunu görüblər. Kapitanın dediyinə görə çox gözəl oğlandır. Yaxşı boy-buxunu var, şıq geyinmişdir, zahirən yüksək cəmiyyətə məxsus adama oxşayır. Paroxodda adamlardan gen gəzirmiş.
– Yaxşı, çox yaxşı, – deyə Meyson qeyd etdi.
– Mən Erlə tapşırdım ki, Şeyrona zəng edib, hər kimdən mümkündürsə, orada belə bir adamı görən olub-olmadığını soruşsun. Amma, görünür, orada onu görüb, – yadında saxlayan yoxdur, – hər halda, dünən axşamadək, mən oradan yola düşənədək bu barədə heç bir məlumat yox idi. Lakin mən sərəncam verdim ki, Erl teleqraf vasitəsilə həmin gəncin zahiri əlamətlərini bütün buradakı mehmanxanalara, yaylaq yerlərinə və dəmiryol stansiyalarına xəbər versin, buna görə, o hələ bizim tərəflərdədirsə, izinə tez düşəcəklər. Mən bu fikirdə idim ki, tədbirlərimi bəyənəcəksiniz. İndi isə, əgər siz mənə order versəniz, mən həmin çamadanı Qan-Lodj stansiyasından alıb, sizə gətirərəm. O çamadanda bizim işimizə yarayan şeylər ola bilər. Çamadanı gətirmək üçün mən özüm ora gedə bilərəm. Bundan başqa, əgər macal tapsam, mən elə bu gün Qrass gölünə, üçüncü mil Buxtasına və Şeyrona baş çəkmək istəyirəm. Baxım görüm, orada daha nə kimi şeylər aydınlaşdırmaq mümkündür. Ancaq mən əminəm ki, Orvil, bu açıqdan-açığa cinayətdir, qətldir. Özünüz fikirləşin, o cavan, qızı əvvəlcə Qrass gölü yaxınlığındakı mehmanxanaya gətirmişdir, sonra isə Biq Bitern gölünə gəlmişdir və hər dəfə özünü müxtəlif adlarla yazdırmışdır. Bundan başqa, o öz çamadanını özü ilə bərabər götürərək, qızın çamadanını stansiyada qoymuşdur. – Bunu söylərkən, Xeyt mənalı bir halda başını yırğaladı. – Siz özünüz başa düşürsünüz ki, Orvil, düz adam bu cür hərəkət etməz. Təkcə bir şeyi başa düşə bilmirəm ki, qızın ata-anası, adamın kim olduğunu bilmədən, öz qızlarının onunla çıxıb getməsinə nə cür yol vermişlər.
– Doğrudur, – deyə Meyson nəzakət gözləyərək müstəntiqlə razılaşdı. Prokuror həris bir maraqla, həmin qızın, göründüyü kimi çox da nöqsansız bir əxlaqa malik olmadığı haqda düşünürdü. Yəqin qız, o gənclə qeyri-qanuni əlaqədə imiş! Özü də, yəqin ki, o gənc cənubdan gəlmiş zəngin bir şəhərli imiş. İndi Meyson bu işlə əlaqədar olaraq nə qədər böyük bir şöhrət qazana bilər və görkəmli bir mövqe tuta bilərdi! Meyson özündə yeni bir qüvvət hiss edərək, coşqun bir hərəkətlə ayağa qalxdı. Bircə o cinayətkar yaramazı tuta bilsəydi! Belə qəddarcasına bir qətl, əlbəttə, sonsuz bir qəzəb doğuracaqdı. Qarşısında isə avqust konfransı və namizədlərin irəli sürülməsi məsələsi vardı. Sonra isə, payızda seçkilər başlanacaqdı!
– Allah mənə qənim olsun ki, mən bu işi belə qoymayacağam! – deyə Meyson səsləndi, dindar və təmkinli bir adam olan Xeytin yanında prokuror daha qəliz bir ibarə işlətməkdən çəkindi. – Biz, lap yəqin, çox ciddi bir şeyin izinə düşmüşük, Fred. Mən buna əminəm. Məncə, bu çox pis əhvalatdır, – ən alçaq bir cinayətdir. Məncə, hər şeydən əvvəl telefonla Bilts şəhərinə zəng edib, orada Oldenlər ailəsinin yaşayıb-yaşamadığını və onların məhz harada olduqlarını öyrənmək lazımdır. Avtomobil ilə gedilsə, Bilts şəhərinə cəmisi əlli mil məsafə var, bəlkə də bundan azdır. Amma yol çox pisdi, – deyə Meyson əlavə etdi. – Yazıq qadın! Doğrusu, mən onunla görüşməkdən qorxuram. Əlbəttə, bu çox ağır səhnə olacaqdır…
O, Zillanı çağıraraq, ondan Bilts şəhəri ətrafında Taytus Olden adlı birisinin yaşayıb-yaşamadığını və onu nə cür tapmaq mümkün olacağını öyrənməyi xahiş etdi. Sonra Meyson əlavə etdi:
– Amma, əvvəlcə Bertonu bura çağırın (prokurorun köməkçisi olan Berton Berley şənbə və bazar günləri iki günlüyə şəhər kənarına getmişdi). Əgər bir sərəncam vermək və yaxud başqa bir şey etmək lazım gəlsə, o sizə kömək edə bilər, Fred, mən isə o bədbəxt qadının yanına gedirəm. Bir də, Erli o çamadanın dalınca göndərsəniz, sizə çox minnətdar olardım. Mən isə qızın şəxsiyyətini müəyyən etmək üçün onun atasını buraya gətirərəm. Ancaq mən qayıdıb gələnə qədər nə məktub barəsində, nə də mənim Bilts şəhərinə getdiyim barədə heç kəsə bir söz deməyin, başa düşürsünüzmü? – Meyson dostunun əlini sıxdı. – İndi isə, – deyə prokuror artıq, gələcək böyük hadisələrdə öz rolunu fikrindən keçirərək, bir qədər təşəxxüslə sözünə davam etdi: – Mən sizə təşəkkür etməliyəm, Fred. Mən sizə çox minnətdaram və inanın ki, bunu heç vaxt unutmayacağam. – Meyson öz köhnə dostunun düz gözlərinə baxdı – Bu məsələ bizim üçün, güman etdiyimizdən daha yaxşı bir nəticə verə bilər. Mənə elə gəlir ki, bütün xidmətim ərzində, bu, mənim rast gəldiyim ən böyük və ən ciddi bir işdir və əgər biz payızdakı seçkilərə qədər bu işi tez və müvəffəqiyyətlə başa çatdıra bilsək, bunun bizim hamımıza çox böyük xeyri dəyəcəkdir, siz nə fikirləşirsiniz?
– Doğrudur, Orvil, tamamilə doğrudur, deyə Xeyt razılaşdı. – Mən özüm bayaq sizə dedim ki, məncə, siyasəti belə işlərə qarışdırmaq lazım deyil, lakin madam ki, belə bir şey öz-özlüyündən meydana çıxır… – müstəntiq fikrə gedərək susdu.
– Hələlik, – deyə prokuror sözünə davam etdi. Erlə tapşırın ki, foto aparatla bir neçə şəkil çəkərək, qayığın, avarların, şlyapanın harada tapıldığını, suda boğulan qızın gölün harasından çıxarıldığını dürüst olaraq təsbit etsin. Həm də mümkün qədər çox şahid çağırın. Mən auditorla danışaram ki, sizin bütün xərcləriniz ödənilsin. Sabah və yaxud bazar ertəsi mən artıq burada olacaq və özüm işə başlayacağam.
Prokuror Xeytin əlini sıxdı, sonra onun çiyninə vurdu. Xeyt isə prokurorun ona göstərdiyi diqqətdən sevinərək və buna görə də gələcəyə aid ümidlərlə qanadlanaraq, yöndəmsiz həsir şlyapasını başına keçirdi, enli paltosunun yaxasını düymələdi və şəhərarası telefon vasitəsilə sədaqətli Erli çağırıb, ona göstəriş vermək, həmçinin, özünün də yenə cinayət baş vermiş yerə gedəcəyini katibə bildirmək üçün öz dəftərxanasına qayıtdı.
IV FƏSİL
Orvil Meyson, dərhal ürəyində Oldenlərə bir rəğbət hiss etdi, çünki ilk baxışdan başa düşdü ki, özü kimi bu ailə də, taleyin zərbələrinin, zəlalət və təhqirlərin acısını dadmışdır. Şənbə günü, gündüz saat dörddə, o, öz xidməti avtomobilində Bricburqdan gələrək, qarşısında – köhnə, zavallı uçuq bir ev və təpənin ətəyində, tövlənin qapısı ağzında qısaqollu köynək kombinezon geymiş Taytus Oldenin özünü gördü; qocanın üzü, zahiri görkəmi və bütün qiyafəsi aydın göstərirdi ki, o, öz cidd-cəhdlərinin əbəs olduğunu başa düşən, bəxti gətirməmiş bir adamdır. İndi Meyson bugün Bricburqdan yola düşməzdən əvvəl, telefon vasitəsilə buraya zəng etmədiyinə təəssüfləndi: o başa düşdü ki, belə bir adam üçün qızının ölüm xəbəri dəhşətli bir zərbə olacaqdır. Bu an Taytus ona doğru gələn Meysonu görərək, onun, yolu soruşmaq istəyən gəlmə bir adam olduğunu düşünərək, nəzakətlə prokurora yaxınlaşdı.
– Mister Taytus Olden sizsinizmi?
Bəli, ser, mənəm.
Mister Olden, mənim familiyam Meysondur, mən Bricburqdan gəlmişəm, Kataraki mahalının prokuroruyam.
Çox yaxşı, ser, – deyə Taytus, prokurora nə üçün lazım olduğunu, həm də belə uzaq bir mahalın prokuroruna nə üçün lazım olduğunu başa düşməyərək cavab verdi. Meyson isə Taytusun üzünə baxaraq, söhbətə nədən başlayacağını bilmirdi. Gətirdiyi faciəli xəbər, çox zəif və taqətsiz olan bu adam üçün, yəqin ki, ölümcül bir zərbə olacaqdı. Onlar evin qabağında ucalan şam ağaclarından birinin altında dayanmışdılar. Şam ağacının iynələrini titrədən xəfif külək, dünya qədər qədim mahnısını pıçıltı ilə təkrar edirdi.
Mister Olden, – deyə Meyson özünə xas olmayan qeyri-adi bir ciddiyyət və yumşaqlıqla sözə başladı, – Sizin Berta və yaxud Alberta adlı bir qızınız vardırmı? Mən onun adını dürüst bilmirəm.
Roberta, – deyə Taytus Olden prokurorun səhvini düzəltdi və nə isə pis bir şey hiss edib, daxilən diksindi.
Meyson qorxurdu ki, bu adam sonra heç bir şey danışa bilməz, onun öyrənib-bilmək istədiklərini əməlli-başlı nağıl edə bilməz. Ona görə prokuror tələsik soruşdu.
–Yeri gəlmişkən soruşmaq istəyirəm ki, siz təsadüfən burada Kliford Qolden adlı bir gənci tanımırsınız ki?
– Belə bir adam haqqında heç vaxt heç bir şey eşitməmişəm, hər halda yadıma gəlmir, – deyə Taytus yavaş-yavaş cavab verdi.
– Bəlkə, Karl Qrexem adlı birisini tanıyırsınız?
– Xeyr, ser. Bu adda bir adam tanıdığım yadıma gəlmir.
– Mən də elə bu fikirdə idim, – deyə Meyson, Taytusdan artıq özünə müraciət edərək, səsləndi və ciddi, sərt amiranə bir ifadə ilə sözünə davam etdi: – yaxşı, deyin görüm, sizin qızınız bu saat haradadır?
– İndi bu saat o, Likurq şəhərindədir. O, orada işləyir. Ancaq siz bunu nə üçün soruşursunuz? Məgər pis bir iş tutmuşdur… yaxud sizdən bir şey xahiş etmişdir? – Taytus zorla gülümsədi, lakin onun qonur-mavi gözlərində bir çaşqınlıq və təlaşlı bir sual ifadəsi var idi.
– Bircə dəqiqə səbir edin, Mister Olden – deyə Meyson yumşaq ifadə ilə, lakin eyni zamanda qətiyyətlə sözünə davam edirdi. – Bu saat mən hər şeyi sizə izah edərəm. Lakin əvvəlcə mən sizə iki-üç sual verməliyəm. – Bunu deyərək, prokuror həm ciddi, həm də təəssüfünü bildirən bir ifadə ilə, Taytusa baxdı. – Axırıncı dəfə siz qızınızı nə vaxt görmüsünüz?
– O buradan, keçən salı günü səhər çıxıb getmişdir, Likurq şəhərinə qayıtmalı idi. O, orada, Qrifitslərin yaxalıq və köynək hazırlayan fabrikində işləyir. Lakin…
– Bircə dəqiqə səbr edin, – deyə prokuror möhkəm bir səslə təkrar etdi, – bu saat mən hamısını izah edərəm. Yəqin qızınız həftənin axırı üçün evə gəlibmiş, elədirmi?
–O, məzuniyyət götürüb gəlmişdi və təqribən bir aya qədər bizim yanımızda yaşadı, – deyə Taytus ağır-ağır və müfəssəl izahat verdi. – O özünü çox da yaxşı hiss etmirdi, buna görə bir az istirahət etmək üçün evə gəlmişdi. Ancaq buradan çıxıb gedəndə tamamilə sağlam idi. Ümid edirəm ki, mister Molden, siz onun başına nə isə pis bir iş gəldiyini demək istəmirsiniz? – Taytus uzun və günəşdən qaralmış əlini çaşqın bir halda çənəsinə qaldırdı. – Mənim başıma belə bir fikir gəlsəydi… O, əsəbi bir halda, əlini seyrək çal saçlarına çəkdi.
– Qızınız gedəndən sonra, siz ondan bir xəbər, bir məktub almışdınızmı? – deyə Meyson, o ağır zərbəni endirməzdən əvvəl, mümkün qədər çox məlumat almaq üçün möhkəm bir niyyətlə, sakit bir halda sözünə davam edirdi. – O sizə, Likurq şəhərinə deyil, başqa bir yerə gedəcəyi barədə bir şey yazmamışdı ki?
– Xeyr, ser, biz ondan heç bir xəbər, heç bir soraq almamışıq. Ancaq deyin görüm, onun başına bir iş gəlməmişdir ki? Bəlkə o elə bir iş görmüşdür ki… yox, belə bir şey ola bilməz! Ancaq siz elə sorğu-sual edirsiniz ki… elə danışırsınız ki…
Taytus azacıq titrəyir və əlini şüursuz bir halda, rəngi qaçmış nazik dodaqlarına sürtürdü. Lakin prokuror onun sualına cavab verməyərək, Robertanın anasına yazdığı məktubu cibindən çıxartdı və yalnız zərfin üzərindəki yazını qocaya göstərərək soruşdu:
– Bu, sizin qızınızın xəttidirmi?
– Bəli, ser, bu onun xəttidir, – deyə, Taytus səsini azacıq qaldıraraq cavab verdi. – Axı nə olmuşdur, cənab prokuror? Necə olmuşdur ki, bu məktub sizin əlinizə düşmüşdür? Orada nə yazılmışdır? Taytus, Meysonun gözlərində nə isə dəhşətli bir fəlakətin xəbərini artıq aydın surətdə oxuyaraq, böyük bur həyəcan içində gərgin və əsəbi bir halda əllərini sıxdı. – Bu nədir? Orada nə var?… Mənim qızım o məktubda nə yazmışdır? Siz qızımın başına nə gəldiyini deməlisiniz! – Taytus həyəcan içərisində ətrafına baxdı, sanki evə qaçmaq, kimi isə köməyə çağırmaq, duyduğu dəhşəti arvadına söyləmək istəyirdi… Meyson isə bədbəxt qocanı nə hala saldığını görərək, qüvvətlə, lakin dostcasına bir hərəkətlə onun qolundan tutdu.
– Mister Olden, – deyə Meyson sözə başladı. – Bizim hər birimizin həyatında elə ağır dəqiqələr olur ki, bu zaman biz bütün mətanətimizi səfərbər etməliyik. Mən nə baş verdiyini açıb sizə deməyə ona görə cəsarət etmirəm ki, mənim də başım həyatda çox şeylər çəkmişdir və indi sizin necə əzab çəkəcəyinizi başa düşürəm.
– O yaralanmışdır? Bəlkə o ölmüşdür? – deyə Taytus bərkdən qışqırdı və geniş gözləri ilə prokurorun üzünə baxdı:
Orvil Meyson başını yırğaladı.
– Roberta! Mənim balam! İlahi, aman Allah! – qoca, sanki zərbə almış kimi əyildi və yıxılmamaq üçün ağaca söykəndi. – Ancaq necə? Harada? Onu fabrikdə maşın əzib öldürmüşdürmü? Aman Allah! Taytus evə, arvadının yanına getmək üçün geri döndü, lakin şikəstüzlü, qüvvətliəlli prokuror onu tutub saxladı:
– Bir dəqiqə, səbir edin, mister Olden, bir dəqiqə səbir edin! Siz, hələlik arvadınızın yanına getməməlisiniz. Mən bilirəm ki, bu çox ağır, çox dəhşətli bir şeydir, lakin icazə verin, məsələni sizə başa salım. Qızınız Likurqda ölməmişdir, maşın altında qalmamışdır. O, suda boğulmuşdur. Biq Biterndə. O, cümə axşamı şəhər kənarına çıxmışdır, başa düşürsünüzmü? Eşidirsinizmi, cümə axşamı! O, cümə axşamı qayıqla gəzdiyi zaman Biq Bitern gölündə batmışdır. Qayıq çevrilmişdir.
– Taytusun acınacaqlı halı, onun sözləri və hərəkətləri prokuroru o qədər həyəcanlandırmışdı ki, o, bütün bu hadisənin nə cür baş verdiyini lazımi soyuqqqanlıqla izah edə bilmədi (hətta bunun bədbəxt bir hadisə olduğu təxmin edilsə belə, o lazımi izahat verə bilmədi). Meysonun ağzından “ölüm” sözünü, həm də Robertanın adı ilə əlaqədar olaraq, “ölüm” sözünü eşidən kimi sarsılmış Olden az qaldı ağlını itirsin. Qışqıra-qışqıra ilk suallarını verdikdən sonra, o sanki nəfəsi daralırmış kimi, xırıltılı bir səslə inildəməyə başladı. O əyildi, şiddətli bir sancıdan qovrulurmuş kimi çırpındı, sonra əllərini çırparaq, gicgahlarını ovucları arasına alıb sıxdı.
– Mənim Robertam ölmüşdür! Mənim qızım! Yox, yox! Roberta! Ah, ilahi! Yox, o boğulmamışdır! Bu ola bilməz! Bircə saat əvvəl anası onun barəsində danışırdı. İndi o, bu xəbəri eşitsə, ürəyi partlayıb öləcəkdir. Bu xəbər məni də öldürəcək. Bəli, öldürəcək. Mənim yazıq, mənim əziz qızım! Mənim balam! Mən buna tab gətirməyəcəyəm, cənab prokuror.
Taytus ağır və yorğun bir halda, Meysonun çiyninə söykəndi, prokuror isə onu bacardığı qədər tutub saxlamağa çalışırdı. Bir dəqiqə sonra qoca evə tərəf döndü və dəli bir adamın axan baxışları ilə, bir heyrət içərisində qapıya baxdı.
Bu xəbəri ona kim deyəcək? – deyə o soruşdu – kim ürək edib, bu xəbəri anasına yetirəcək?
– Qulaq asın, mister Olden, – deyə Meyson qocanı dilə tutmağa başladı – özünüzün və arvadınızın xatiri üçün sizdən xahiş edirəm ki, sakit olun və bu işi aydınlaşdırmaqda mənə kömək edin, həm də bu məsələ sizin qızınıza aid deyilmiş kimi, soyuqqanlıqla və diqqətlə kömək edin. Mən hələ işin hamısını sizə nağıl etməmişəm. Lakin əvvəlcə siz sakit olmalısınız. İmkan verin, mən hamısını sizə izah edim. Bu dəhşətli şeydir və mən sizin halınıza ürəkdən yanıram. Sizin nə çəkdiyinizi bilirəm. Lakin bu işdə dəhşətli və ağır cəhətlər vardır ki, siz onları bilməlisiniz. Mənə qulaq asın! Yaxşı qulaq asın!
Bundan sonra Meyson Taytusun qolundan tutduğu halda, bacardığı qədər sürətlə və inandırıcı bir ifadə ilə, Robertanın ölümü ilə əlaqədar olan müxtəlif faktları və şübhələri nağıl etdi, sonra məktubu qocaya verdi ki, oxusun və axırda dedi:
– Burada bir cinayət var. Bəli, burada bir cinayət işi var, mister Olden! Bricburqda bizim fikrimiz belədir. Hər halda biz belə bir şey baş verdiyindən şübhələnirik, – əgər belə amansız və soyuq bir sözü işlətmək caizdirsə, sizin qızınızı öldürmüşlər, mister Olden. – Bunu deyərək, Meyson susdu: Olden isə cinayət haqqında söylənən sözlərdən sarsılaraq, hərəkətsiz bir halda prokurorun üzünə baxır, sanki ona nə deyildiyini yaxşı başa düşə bilmirdi.
– Sizin hisslərinizə nə qədər hörmət bəsləsəm də, – deyə Meyson yenə sözə başladı. – lakin mənim mahalımda qanunu pozan idarənin baş nümayəndəsi kimi, mən özümə bir vəzifə bildim ki, Kliford Qolden və yaxud Karl Qrexem haqqında və yaxud sizin qızınızı aldadıb, kimsəsiz gölə aparan bir başqası haqqında sizə nə məlum olduğunu öyrənmək üçün bu gün buraya gəlim. Başa düşürəm ki, mister Olden, siz bu saat amansız iztirab keçirirsiniz. Lakin buna baxmayaraq, mən israr edirəm ki, sizin borcunuz, – bu sizin arzunuz da olmalıdır, – bu işi aydınlaşdırmaq üçün var qüvvənizlə mənə kömək etməkdən ibarətdir. Bu məktub göstərir ki, sizin arvadınız hər halda o adam haqqında nə isə bilir – heç olmasa o adamın adını bilir.
Prokuror mənalı bir əda ilə, barmağı ilə məktubu döyəclədi.
Olden, qızının cinayətkar bir fitnəyə qurban getdiyini başa düşən kimi, duyduğu acı itki hissinə, fitri bir ovçunun marağı, qəzəbi və ehtirası ilə qarışıq olan nə isə heyvani bir sövqi-təbii əlavə olundu, – bütün bunlar isə onu, özünü ələ almağa məcbur etdi. İndi o, sükut içərisində, tutqun bir sima ilə prokurorun dediklərinə qulaq asırdı. Demək, onun qızı sadəcə, suda batıb boğulmamışdır, – onun qızı öldürülmüşdür, həm də onu öldürən, məktubdan anlaşıldığına görə, Robertanın ərə getməyə hazırlaşdığı bir gəncdir! O isə, Robertanın atası isə, belə bir adamın mövcud olduğundan xəbər belə tutmamışdır. Nə qədər qəribədir ki, arvadı bu barədə nə isə bilirmiş, onun isə heç bir şeydən xəbəri yoxmuş. Həm də Roberta onun bu barədə bir şey bilməsini istəməmişdir.
Dərhal onun başından, dini etiqadlarından və məşrut qaydalardan doğan, həmçinin şəhərin dolaşıq, allahsız həyatına qarşı şübhəli əlaqə bəsləyən bir kənd adamı üçün səciyyəvi olan belə bir fikir gəlib keçdi ki, yəqin, Robertanın Likurqda tanış olduğu cavan zəngin, əxlaqsız və yalançı bir şəhərli, evlənəcəyini vəd edərək, onun qızını yoldan çıxarmış, sonra isə, əlbəttə, verdiyi sözü yerinə yetirmək istəməmişdir. Qocanın ürəyində dərhal, onun qızına qarşı belə alçaq bir cinayət işləyən adamdan intiqam almaq üçün amansız və qarşısıalınmaz bir arzu oyandı. Alçaq! Cani! Qatil!
Həm o özü, həm də arvadı elə düşünürdülər ki, Roberta Likurq şəhərində sakit və ciddi, həm də xoşbəxt bir halda öz çətin və namuslu yolu ilə getməkdə, həm özünü saxlamaq, həm də qoca ata-anasına kömək etmək üçün başını aşağı salıb işləməkdədir. Halbuki, cümə axşamından cümə günü səhərədək Robertanın meyidi gölün dibində imiş. Onlar isə qızlarının dəhşətli taleyindən bixəbər bir halda, yumşaq yataqda yatıblar, gəziblər, öz aralarında söhbət ediblər. İndi, yəqin, Robertanın meyidi haradasa yad bir otaqda, kim bilir, bəlkə də meyitxanadadır və nəvazişli doğma əllər onun qeydinə qalmamışdır, – sabah isə laqeyd, soyuqqanlı məmurlar onun meyidini Bricburqa aparacaqlar.
– Əgər allah varsa, – deyə Olden həyəcan içində çığırdı, – o belə alçaq bir yaramazın cəzasız qalmasına yol verməyəcəkdir! Yox, o belə bir şeyə yol verməyəcəkdir!..“ mən hələ, – deyə qoca birdən müqəddəs kitabdan bir ayə gətirdi – o zahidin uşaqlarını başsız və onun gələcək nəslini çörək dilənən görəcəyəm”. – Sonra birdən bir iş görmək, bir şey etmək üçün ürəyində bir yanğı, bir atəş duyaraq, əlavə etdi:
– İndi mən hamısını arvadıma nağıl etməliyəm! Yox, siz, burada gözləyin. Əvvəlcə mən təklikdə, hamısını ona deyərəm. Mən bu saat qayıdaram. Bu saat. Məni burada gözləyin. Bilirəm, bu xəbər onu öldürəcəkdir. Ancaq o hamısını bilməlidir. Bəlkə o adamın kim olduğunu arvadın deyə bildi, onda o cani qaçıb uzaqlaşana qədər biz onu tutarıq… Mənim yazıq qızım! Yazıq, balaca Robertam! Mənim sevimli, mehriban, namuslu qızım!
Bu cür, nə isə rabitəsiz sözlər mızıldayaraq, iztirablı, demək olar ki, dəlicəsinə ifadə almış bir sima ilə qoca geri döndü və yöndəmsiz, ağır addımlarla, kiçik tikintiyə –mətbəxə tərəf yönəldi: o bilirdi ki, missis Olden orada, sabahkı bazar günü naharı üçün nə isə xüsusi xörəklər hazırlayır. Lakin qapının ağzında o dayanıb durdu, irəli getməyə qətiyyəti və cəsarəti çatmadı. O, həyatın amansız, anlaşılmaz və laqeyd qüvvələri qarşısında, insanın faciəli çarəsizliyinin canlı bir timsalı idi.
Missis Olden geri döndü və ərinin eybəcər bir ifadə almış üzünü görərkən, əlləri sustalmış bir halda yanına düşdü, qocanın nə isə bəd bir şeydən xəbər verən baxışları, qadının üzündəki yorğun, lakin dinc və sadədil sükunət ifadəsini bir anda silib apardı.
Taytus. Allah xatirinə! Nə olmuşdur!
Qocanın əlləri göyə qalxdı, ağzı azacıq açıldı, qeyri iradi olaraq, qeyri-təbii bir halda gözləri qıyıldı, sonra bu gözlər yenidən geniş açıldı və nəhayət, onun sinəsindən yalnız bu söz qopdu:
Roberta!
Ona nə olmuşdur? Ona nə olmuşdur, Taytus? Onun başına nə gəlmişdir?
Taytus dinmədi. Ağzı, gözləri, əlləri yenə rəşələr içərisində titrədi… Sonra…
Ölmüşdür! O… O, göldə boğulmuşdur! – bunu deyərək, qoca taqətsiz bir halda, qapının yanındakı skamya üzərinə yıxıldı.
Missis Olden bir an heç bir şey anlamadan ərinə baxdı. Sonra hər şeyi başa düşdü və bir söz belə demədən, ağır bir halda döşəmənin üstünə sərildi. Taytus isə arvadına baxaraq, başını yırğalayır, sanki demək istəyirdi: Budur – budur. Elə-belə də olmalı idi. Budur, indi o, bütün bu əzabdan qurtulub xilas oldu. Qoca ağır-ağır ayağa qalxdı, arvadına yaxınlaşdı və diz çökərək onu qaldırmağa çalışdı. Sonra o eyni ağır hərəkətlə ayağa qalxdı, mətbəxdən çölə çıxdı və evin başına dolanaraq, Orvil Meysonun oturduğu yarımçıq artırmaya doğru yönəldi; Meyson isə batmaqda olan günəşə tamaşa edərək, bu zavallı, bəxtiqara fermerin indi öz arvadına necə ağır bir müsibət xəbər verdiyini düşünürdü. İndi o, hətta bir anlığa bütün bu şeylərin başqa cür olmasını arzu etdi, – onun üçün, Meyson üçün xeyirli olduğuna baxmayaraq, kaş, bu iş heç baş verməmiş olaydı.
Lakin, o, skeletə oxşayan fermerin fiqurasını gördükdə, sıçrayıb irəli cumdu və Oldenin yanından ötərək mətbəxə yüyürdü. Meyson, fermerin arvadını, öz qızı kimi balaca və kövrək vücudlu missis Oldeni döşəmə üzərində səssiz və bihuş br halda sərilib qalmış görərkən, qüvvətli əlləri ilə qadını yerdən qaldırdı, onu yemək otağından keçirib, ümumi böyük otağa apardı və orada laxlayan taxtın üstünə uzatdı. Sonra o, qadının nəbzini yoxladı və su gətirmək üçün yüyürdü. Bu zaman Meyson ətrafına baxaraq, yaxında bu qadının oğlundan, qızından və yaxud qonşulardan bir adam olub-olmadığını yoxladı, lakin heç kəsi görməyib, tələsik missis Oldenin yanına qayıtdı, onun üzünə və əllərinə azacıq su çilədi.
Meyson qayıdıb, otağa gələrkən, arvadının yanında dizi üstündə dayanmış Taytusu görərək, ona müraciət edib soruşdu:
– Burada, yaxında bir doktor varmı?
– Biltsdə var… Doktor Kreyn.
– Sizdə, ya qonşuluqda bir adamda telefon varmı?
–Mister Uilkoksgildə var. – Qoca əli ilə, Uilkoksgilin evini göstərdi. Hələ bu yaxınlarda Roberta onların evindəki telefondan istifadə edərdi.
– Gözünüz onun üstündə olsun. Mən bu saat qayıdıram.
Meyson, doktor Kreyni və yaxud başqa bir həkimi çağırmaq üçün telefona cumdu və demək olar ki, dərhal missis Uilkoks və onun qızı ilə bərabər qayıdıb gəldi. Sonra onlar uzun müddət qonşuların və nəhayət, doktor Kreynin gəlib çıxmasını gözləməli oldular; Meyson elə bu gün missis Oldenlə, onu bura gətirən mühüm və gizli bir iş haqqında danışmaq mümkün olub-olmayacağı barədə doktorla məsləhətləşdi. Mister Meysonun nüfuzlu və rəsmi davranışı, hərəkətləri doktor Kreynə böyük təsir bağışladığı üçün, o, dərhal qeyd etdi ki, belə bir şey, deyəsən, qadın üçün daha yaxşıdır.
Dərman vasitəsilə, həmçinin, mehriban nəsihətlərlə missis Oldeni huşa gətirdilər. Hamının tez-tez ürək-dirək verməsi onu sakitləşdirdiyi üçün, nəhayət, o əvvəlcə məsələnin nə yerdə olduğuna qulaq asa bildi, sonra isə Robertanın məktubunda adı çəkilən o sirli adam haqqında Meysonun suallarına cavab verdi. Missis Olden qızının yalnız bir adam haqqında, ona xüsusi diqqət yetirən bir gənc haqqında danışdığını xatırladı, – özü də Roberta həmin adam haqqında, yalnız bir dəfə, keçən il Milad bayramında danışmışdı. Bu adam zəngin Likurq fabrikantı Semuel Qrifitsin qardaşı oğlu, Robertanın işlədiyi şöbənin müdiri, – Klayd Qrifits idi.
Lakin həm Meysonun, həm də Oldenin dərhal hiss etdiyi kimi, təbiidir ki, bu heç də o demək deyildi ki, belə böyük bir adamın qardaşı oğlu, Robertanı öldürməkdə ittiham edilə bilər. Qrifitslərin sərvəti! Onların cəmiyyətdə tutduqları mövqe! Aydındır ki, belə bir ittihamla çıxış etməzdən əvvəl, Meyson bu barədə bir az ətraflı düşünməyə və yubanmağa meyil edirdi. Onun fikrincə, ictimai vəziyyət etibarilə, həmin adamla bu qız arasında çox böyük fərq var idi. Amma buna baxmayaraq, məsələ məhz belə də ola bilərdi. Nə üçün də belə olmasın? Əksinə, belə mövqe tutan gənc, bir başqasına nisbətən daha asanlıqla Roberta kimi bir qızla sevişməyə başlaya bilərdi, – axı, Xeyt deyirdi ki, o qız çox qəşəngdir. Demək, Roberta həmin gəncin əmisinin fabrikində işləyirmiş və kasıb bir qız imiş. Bundan başqa, Fred Xeytin verdiyi məlumata görə, Roberta öz ölüm saatında kimlə olmuşdursa, həmin adamla nikahlanmadan qabaq yaşamağa risk edibmiş. Məgər bu zəngin və pozğun bir gəncin kasıb bir qızla necə rəftar etdiyini göstərən xarakterik bir hadisə deyildirmi? Meyson gəncliyində varlı və xoşbəxt gənclərlə üz-üzə gələrkən, taleyin bir çox zərbə və təhqirlərinə məruz qalmışdı, buna görə də indi bu fikir ona çox təbii görünürdü. Alçaq varlılar! Ürəksiz, qansız zənginlər! Anası və atası isə, əlbəttə, qızlarının günahsız və ismətli bir qız olduğuna sarsılmaz bir inam bəsləyirdilər.
Sonrakı sorğu-sualdan məlum oldu ki, missis Olden heç vaxt bu gənci görməmişdir, lakin eyni zamanda da heç vaxt da başqa bir adam haqqında qızından bir söz eşitməmişdir. Missis Olden və onun əri əlavə olaraq, yalnız bunu deyə bildilər ki, Roberta son dəfə bir aylıq evə gələndə, özünü çox da yaxşı hiss etmir, süst bir halda gəzib-dolaşır və tez-tez məktub yazıb, poçtolyona verir, yaxud özü aparıb, yol ayrıcındakı poçta qutusuna salırdı. Nə mister, nə də missis Olden bu məktubların kimə yazıldığını bilmirdilər, lakin Meyson elə buradaca fikrindən keçirdi ki, poçtolyon yəqin ki, məktubların kimə yazılmış olduğunu bilir. Bundan başqa, bu bir ay ərzində Roberta özünə bir neçə paltar, – deyəsən, dörd dəst paltar tikdirmişdir. Son zamanlar isə, mister Beyker adlı birisi Robertanı bir neçə dəfə telefona çağırmışdır, – bunu isə Taytus mister Uilkoksdan eşitmişdir. Roberta çıxıb gedərkən, özü ilə bərabər yalnız buraya gətirdiyi şeyləri, – yəni kiçik bir sandıqça ilə bir çamadan aparmışdır. Sandıqçanı stansiyada Roberta özü baqaja vermişdi, lakin Taytus qızın bu sandıqçanı Likurq şəhərinə, yaxud başqa bir yerə yola saldığını deyə bilmədi.
Meyson çox mühüm bir xəbər hesab etdiyi Beyker haqqında məlumatı düşünürdü. Birdən onun başına belə bir fikir gəldi: “Kliford Qolden – Karl Qreyzem-Klayd Qrifits!” Bu ad və familiyaların baş hərflərinin eyni olması, bu adların bir-birinə oxşar səslənməsi onu heyrətə saldı. Əgər Klayd Qrifits bu cinayətlə əlaqədar deyilsə, bu adların bu cür bir-birinə oxşaması doğrudan da, qəribə bir təsadüf idi! İndi Meyson dərhal poçtolyonu tapıb, onu dindirmək istəyirdi.
Lakin Taytus Olden yalnız Robertanın meyidini tanımaq və Qan-Lodj stansiyasında qalan çamadandakı şeylərin məhz öz qızının şeyləri olduğunu təsdiq etmək üçün bir şahid kimi deyil, həmçinin poçtolyonu da, həqiqəti açıb söyləməyə razı sala biləcək bir adam kimi lazım idi. Buna görə Meyson qocadan, geyinib, onunla bərabər getməsini xahiş etdi və elə sabah onu evə buraxacağını vəd etdi.
Meyson missis Oldenə bərk-bərk tapşırdı ki, bu barədə heç kəsə bir söz deməsin, sonra poçtolyonu dindirmək üçün poçtaya getdi.
Poçtolyon tapılıb gətirildi və qalvanize edilmiş bir meyit kimi prokurorun yanında dayanmış Oldenin hüzurunda dindirildi. Poçtolyon yadına saldı ki, Roberta son dəfə burada olarkən, ona bir neçə məktub vermişdir, – bu məktubların sayı on ikiyə və hətta on beşə qədər olardı, – sonra o, hətta bunu da xatırladı ki, bütün bu məktublar hamısı Likurq şəhərinə, kimə isə… adı nə idi onun?.. hə, özüdür ki, var, – Klayd Qrifitsə göndərilmişdir. Meyson dərhal poçtolyonla bərabər qanunun bütün qaydalarına uyğun olaraq, poçtolyonun verdiyi ifadələri protokola qeyd etdi. Sonra prokuror öz idarəsinə zəng edərək, Robertanın meyidinin artıq Bricburqa gətirilmiş olduğunu öyrəndi və maşınına minib, iti sürətlə yola düşdü.
Axşam saat onda, “Lüts qardaşlarının dəfn bürosunun” qəbul otağında, Berton Berley, Xeyt, Erl Nyukom Robertanın meyidinin yanına toplanmışdılar. Taytus dəli olmaq dərəcəsinə gələrək, qızının üzünə baxırdı. Bu zaman, Meyson, əvvələn, bu qızın doğrudan da Roberta Olden olduğunu yəqin etdi və ikincisi, Qrass gölü yanındakı mehmanxanada edilən qeydlərə əsaslanaraq, bu qızı asanlıqla qeyri-qanuni əlaqəyə yol verən bir qız hesab etmək olarmı? – sualına özü cavab verdi. Yox, deyə Meyson bu qərara gəldi ki, Roberta belə yüngül qiz deyildir. Burada hiyləgər və alçaq bir qəsd – bir qızın pis yola çəkilməsi və sonra öldürülməsi məsələsi vardır. Ax yaramaz! Hələ də ələ keçməmişdir. Bu işin siyasi əhəmiyyəti artıq Meysonun başında, təsəvvüründə arxa plana keçdi, onun yerini – bütün varlılara qarşı qəzəb və nifrət hissi doldurdu.
Lakin qızın meyidi yanında keçən bu dəqiqələr, həmçinin, qızın qarşısında diz çökərək, onun balaca soyuq əllərini ehtirasla dodağına sıxan və gözlərini qırpmadan etiraz ifadə edən qızdırmalı bir nəzərlə onun uzun şabalıd rəngli saçları ilə haşiyələnmiş, mum kimi sarı üzünə baxan Taytus Oldenin görkəmi, – bunlar hamısı göstərirdi ki, cəmiyyət bu işə rəsmi və soyuqqanlı baxmayacaqdır. Burada olanların hamısının gözləri yaşla dolmuşdu.
Bu an Taytus Olden bu səhnənin dramatizmini daha da qüvvətləndirirdi. Lüts qardaşları və onların üç dostu –qonşuluqdakı avtomobil emalatxanasının sahibkarları, həmçinin, “Respublikaçı” qəzetinin nümayəndəsi Everet Biker və “Demokrat” qəzetinin redaktoru Sem Tekson qapı ağzında dayanaraq, qorxu və ehtirasla başı üzərindən boylanaraq, qorxu və ehtiramla otağın içərisinə göz gəzdirərkən, qoca birdən ayağa sıçrayıb, qışqıra-qışqıra, coşqun bir hərəkətlə Meysonun üstünə cumdu:
– Cənab prokuror, mən istəyirəm ki, siz bu işə bais olan o alçaq yaramazı tapasınız! Mən istəyirəm ki, mənim mehriban, ismətli qızımın çəkdiyi əzabı o caniyə də çəkdirsinlər. Mənim qızımı öldürüblər, bəli öldürüblər! Ancaq qatil, qızı bu cür aldadıb, gölə apara bilər və onu bu cür vura bilərdi, – o mənim qızımı vurmuşdur, bu artıq hamıya aydındır! – bunu deyərək, Taytus əli ilə qızının üzünü göstərdi. – Belə bir alçağı məhkəməyə vermək üçün, mənim pulum yoxdur, ancaq mən işləyəcəm… Mən fermamı satacağam…
Taytusun səsi qırıldı. O yenə Robertaya tərəf döndü və az qaldı yerə yıxılsın. Bədbəxt atanın kədərli və intiqam tələb edən coşqun hissindən həyəcana gəlmiş Orvil Meyson, irəli çıxıb dedi:
Gedək buradan, mister Olden. İndi biz bilirik ki, bu sizin qızınızdır. Centlmenlər, hamınız şahid olun: artıq, bu qızın kim olduğu müəyyən edilmişdir. İndi mən nə vaxtımı, nə pulumu, nə də qüvvəmi əsirgəməyəcəm. Əgər Kataraki mahalında ədalət yüksək tutulursa, mən isə əminəm ki, bu belədir, – o zaman siz, bizim yerli məhkəmənin seçəcəyi hər hansı iclasçılar heyətinə bel bağlaya bilərsiniz. Onda sizə fermanızı satmaq da lazım gəlməyəcəkdir.
Birdən-birə duyduğu bu səmimi həyəcan, həmçinin, sarsılmış dinləyicilərin burda olması nəticəsində, mister Meysonun natiqlik istedadı bütün qüvvət və parlaqlığı ilə özünü göstərdi.
Lüts qardaşlarından biri, – dəfn bürosunun qəfildən və ya bir qətl nəticəsində baş verən ölüm hadisələri ilə əlaqədar bütün işlərini yerinə yetirən Ed həyəcanla dedi:
– Doğrudur, Orvil! Bax, bizə belə bir prokuror lazımdır.
Everet Biker isə qışqırdı:
– İşə başlayın, mister Meyson! Lazım gələndə biz hamımız bir nəfər kimi sizin arxanızda dayanacağıq.
Meysonun dramatik çıxışından və onun son dərəcə təntənəli, hətta qəhrəmancasına görkəmindən həyəcanlanmış Fred Xeyt ilə köməkçisi prokurora yaxınlaşdılar. Xeyt dostunun əlini əlinə aldı, Erl isə dedi:
– Müvəffəqiyyət arzulayıram, mister Meyson! Əmin ola bilərsiniz ki, biz əlimizdən gələni edəcəyik. Qızın Qan-Lodj stansiyasında qoyduğu çamadanı yadınızdan çıxarmayın. O çamadan sizin dəftərxananızdadır. Mən onu iki saat əvvəl Bertona verdim.
– Elədir, doğrudur, mən az qala o çamadanı yadımdan çıxarmışdım – deyə Meyson çox sakit və işgüzar bir halda cavab verdi. Bir az əvvəlki bəlağəti və hissi coşqunluq artıq ötüb keçmişdi. İndi o, qeyri-adi təriflərin təsiri altında idi: o öz fəaliyyətinin bütün bu illəri ərzində heç vaxt belə bir hal keçirməmişdi.
V F Ə S İ L
Mister Meyson vəzifəli şəxslərin və Oldenin müşayiətilə dəftərxanasına doğru gedərək, öz-özündən soruşurdu: belə alçaq bir cinayət nədən baş verə bilər? Gəncliyində o, qadın nəvazişindən məhrum olduğu üçün çox iztirab çəkmiş, buna görə də bu cür mühakimələrə, onda bir meyil inkişaf etmişdi. O, Robertanın gözəlliyi və məlahəti haqqında, digər tərəfdən, bu qızın kasıblığı, onun aldığı sərt əxlaqi və dini tərbiyə haqqında fikirləşərək, bu əqidəyə gəlmişdi ki, görünür, həmin gənc və ya ağzından süd iyi gələn oğlan bu qızı yoldan çıxarmış, sonra qız onu təngə gətirdikdə, guya “toy səyahətinə” çıxaraq, bu yol ilə qızdan yaxasını qurtarmışdı. Bunu düşünərkən, Meyson həmin adama qarşı ürəyində hədsiz şəxsi bir nifrət hiss etdi. Alçaq varlılar! Avara varlılar! Pozğun və xəbis varlılar! O gənc Klayd Qrifits də həmin qəbil adamların bir nümayəndəsidir, öz nəslinə layiqdir! İndi nə cür olursa-olsun, onu tutmaq, onu ələ keçirmək lazımdır!
Meyson birdən düşündü ki, bəzi əlamətlərə görə (artıq aydın idi ki, qız həmin adamla yaşayırmış) bəlkə də Roberta hamilə imiş. Bu təxminləri, onda, belə bir aqibətlə nəticələnən bu eşq macərasının bütün təfsilatına xüsusi bir maraq oyatmaqdan başqa, eyni zamanda başına gələn bu şübhələrin nə qədər doğru olub-olmadığını yoxlamaq üçün ürəyində səbirsiz bir arzu doğurdu. Meyson düşünməyə başladı ki, meyidi yarmaq üçün əlverişli bir həkim tapmaq, – əgər Bricburqda belə bir həkim olmasa, Utika və yaxud Olbeni şəhərlərindən çağırmaq lazımdır. Sonra o, öz şübhələrini Xeytə xəbər verməli və nəhayət, Robertanın üzündə izləri qalmış zərbələrin xarakterini təyin etməlidir.
Lakin hər şeydən əvvəl Meyson çamadanı və onun içindəki şeyləri gözdən keçirməli idi. O, çamadanı yoxlayarkən son dərəcə mühüm olan yeni bir dəlilə rast gəldi. Çamadanda, Robertanın paltarlarından, şlyapalarından, alt köynəklərindən, bir cüt qırmızı ipək corabından başqa (bunlar, Likurq şəhərində Braunşteynin maqazinindən necə alınmışdısa, eləcə də qutuda qalmışdı), şeylərin içərisində Klaydın milad bayramı münasibətilə Robertaya hədiyyə olaraq aldığı bəzək qutusu da var idi. Qutunun küncündə, boz ipək astarın qatları arasında kiçik, sadə, ağ bir vərəqə qoyulmuşdu. Vərəqənin üstündə: “Klayddan Bertaya. Milad bayramı münasibətilə təbrik edirəm!” sözləri yazılmışdı. Lakin familiya göstərilməmişdi. Həm də bu sözlər çox tələsik bir cızma-qara halında yazılmışdı, çünki Klayd bu sözləri yazarkən heç də Robertaya can atmır, onun yanına getməyə tələsmirdi.
Bu, Meysonu heyrətə saldı: nə cür olmuşdur ki, qatil bu bəzək qutusunun vərəqə ilə bərabər çamadanda olduğunu bilməmişdir? Yox, əgər bilmişsə və bu vərəqəni çıxarıb atmamışsa, o zaman həmin bu Klaydın qatil olması, ağlabatan şeydirmi? Birisini öldürmək istəyən bir adam, öz əlilə yazdığı belə bir kağızı nəzərdən qaçıra bilərdimi? Bu nə qəribə bir cani və qatil idi? Prokuror düşündü ki, bu vərəqənin tapılmasını məhkəmə gününə qədər gizli saxlasa daha yaxşı olar, əgər cani məhkəmədə qızla yaxın olduğunu inkar etsə, yaxud bu bəzək qutusunu ona bağışladığını boynuna almasa, o zaman qəfildən bu kağızı ortaya çıxarmaq olar. Meyson vərəqəni götürüb, cibinə qoydu. Lakin əvvəlcə Erl Nyukom bu vərəqəni diqqətlə gözdən keçirib dedi:
– Mister Meyson, doğrudur, mən lap əmin deyiləm, lakin mənə elə gəlir ki, buradakı xətt, Biq Biterndəki mehmanxananın qeyd dəftərindəki xəttə çox oxşayır.
Meyson cavab verdi:
– Bunu biz tezliklə müəyyən edərik.
Sonra Meyson işarə ilə Xeyti, heç kəsin onları görüb eşidə bilməyəcəyi qonşu otağa çağırdı və dedi:
– Fred hər şey sizin düşündüyünüz kimi deyildir. Robertanın anası, qızının kiminlə getdiyini bilir (Meyson, telefonla Bilts şəhərindən Xeytə xəbər verdiyi məsələni – yəni missis Oldendən, təxmin edilən cani haqqında məlumat aldığını nəzərdə tuturdu). Lakin əgər mən caninin kim olduğunu sizə deməsəm, siz min ildən sonra belə, onun kim olduğunu ağlınıza gətirə bilməzsiniz. Prokuror diqqətlə Xeytin üzünə baxdı.
– Elədir, Orvil. Bu barədə mənim heç bir təsəvvürüm yoxdur.
– Siz Likurq şəhərindəki “Qrifits və Şirkəti” firmasını tanıyırsınızmı?
– Yaxalıq hazırlayan firma deyilmi?
– Özüdür ki, var.
– Olmaya firma sahibinin oğludur?
– Fred Xeytin gözləri elə geniş açıldı ki, bir çox illərdən bəri onun üzündə belə bir heyrət ifadəsi görən olmamışdı. O, günəşdən yanmış böyük əli ilə uzun saqqalından yapışdı.
– Yox, oğlu deyil. Qardaşı oğludur.
– Qardaşı oğlu! Semyuel Qrifitsin qardaşı oğlu?! Ola bilməz!
Dindar, sərt əxlaqa malik olan, siyasət və ticarət işlərilə maraqlanan yaşlı müstəntiq saqqalını əlləşdirərək, çaşqın bir halda Meysonun üzünə baxırdı.
– Hələlik bütün əlamətlər bunu göstərir, Fred. Hər halda mən elə bu gecə Likurq şəhərinə gedirəm və ümidvaram ki, sabah daha çox şey biləcəyəm. Bilirsinizmi, həmin bu Olden fermerdir, çox kasıb adamdır, qızı Likurq şəhərində Qrifitslərin fabrikində işləyirmiş, fabrikantın qardaşı oğlu Klayd Qrifits isə, görünür, qızın işlədiyi şöbənin müdiri imiş.
– Belə de, demək belə… – deyə müstəntiq səsləndi.
– Bu səfərə çıxmamışdan əvvəl, yəni salı gününədək qız bir ay öz evlərində qalmışdır, – o xəstə imiş (prokuror, xəstə sözünü xüsusi bir vurğu ilə tələffüz etdi). Bu müddət ərzində, qız ona ən azı on və bəlkə də daha çox məktub yazmışdır. Bunu mən yerli poçtolyondan öyrəndim. O, and içdi, necə lazımsa eləcə ifadə verdi, onun dedikləri budur, burdadır! – deyə prokuror əlini pencəyinin cibinə vurdu. – Qızın bütün məktubları Likurq şəhərində Klayd Qrifitsin adresinə yazılmışdır. Mən hətta onun yaşadığı evin nömrəsini belə bilirəm. Qızın Likurqda yaşadığı ailənin familiyasını belə bilirəm. Biltsdən oraya zəng etmişdim. Bu gün mən qocanı da özümlə Likurqa aparmaq istəyirəm: birdən ortalığa elə bir məsələ çıxar ki, qocanın bu barədə bizə köməyi dəyə bilər.
– Demək belə, Orvil! Başa düşürəm… başa düşürəm. Qrifitslər!… Çox zor işdir!.. Xeyt dilini marçıldatdı.
– Əsas məsələ budur ki, mən sizinlə tibbi ekspertiza haqqında danışmalıyam, – deyə Meyson tez-tez danışaraq, sərt bir ifadə ilə sözünə davam etdi: – Bilirsinizmi, mən bu fikirdəyəm ki, o adam bu qızı, təkcə evlənmək istəmədiyi üçün öldürməmişdir. Bu, məncə inandırıcı bir səbəb deyil, Meyson onu belə bir nəticəyə gəlməyə, yəni Robertanın hamilə olduğunu düşünməyə vadar edən əsas mülahizələrini Xeytə xəbər verdi.
Xeyt dərhal prokurorla razılaşdı.
– Demək, meyidi yarmaq lazımdır, – deyə Meyson əlavə etdi. – Həmçinin, qızın bədənindəki yaralar və zədələnmiş yerlər haqqında tibbi nəticə çıxarılmalıdır. Bundan başqa qızın meyidi buradan aparılana qədər, biz bir şübhə yeri qoymadan, bir məsələni dəqiq və dürüst surətdə aydınlaşdırmalıyıq: qızı əvvəlcə öldürüb, sonra qayıqdan çölə atmışlar, yoxsa aldığı zərbədən huşunu itirdikdən sonra qayıqdan suya yıxılmışdır və yaxud qayıq çevrilmişdir? Siz özünüz başa düşürsünüz ki, bunun iş üçün çox böyük əhəmiyyəti var. Biz bu məsələni dürüst bilmədən heç bir şey edə bilmərik. Lakin buradakı həkimlər barəsində siz nə fikirdəsiniz? Siz bilən, onlardan birisi bu işin öhdəsindən gələ bilərmi, çünki tibbi nəticə elə tərtib edilməlidir ki, sonra məhkəmədə heç kəs ona irad tuta bilməsin.
Meyson həyəcan içərisində idi; o artıq fikrində ittihamnamənin planını tərtib edirdi.
– Bilmirəm, Orvil – deyə Xeyt ağır-ağır cavab verdi, – qəti bir şey deyə bilmərəm. Bunu siz məndən yaxşı bilərsiniz. Mən artıq doktor Mitçelldən xahiş etmişəm ki, sabah bura gəlib, meyidə baxsın. İndi doktor Betsi də çağırmaq olar. Lakin əgər siz başqa bir həkimin çağırılmasını lazım bilmirsinizsə… məsələn doktor Bevonu, yaxud doktor Linkolnu çağırmaq istəmirsinizsə… Bevo haqqında nə deyirsiniz?
– Məncə, Utika şəhərindən qeyd etdi, – yaxud doktor Bumisi və ya hər ikisini bir yerdə çağırmaq olar. Belə bir işdə dörd və yaxud beş nəfər ekspert olsa, bunun heç bir zərəri yoxdur.
Xeyt boynuna düşən məsuliyyətin bütün ağırlığını hiss edərək əlavə etdi:
– Məncə, siz haqlısınız, Orvil. Çox ola bilsin ki, dörd və yaxud beş ağıl, bir və ya iki ağıldan daha ötkəmdir. Lakin bu o deməkdir ki, biz bütün həkimləri bir yerə toplayana qədər, meyidin müayinə edilməsini bir-iki gün təxirə salmalıyıq.
– Elədir-elədir, – deyə Meyson müstəntiqin sözünü təsdiq etdi. – Bu, hətta daha yaxşıdır. O vaxtadək mən Likurqa gedərəm, bəlkə təzə bir şey də öyrənə bildim. Heç vaxt qabaqcadan hər şeyi bilmək olmaz. Bəlkə mən caninin özünü elə orada ələ keçirib tutacağam. Hər halda mən buna ümid edirəm. Yaxud heç olmasa, bütün bu işi aydınlaşdıra biləcək yeni bir şey öyrənərəm… Mən hiss edirəm ki, bu çox böyük bir iş olacaqdır, Fred. Bu, mənim xidmətim ərzində, həmçinin sizin xidmətiniz ərzində ən çətin bir iş olacaqdır, buna görə biz hər addımımızı yaxşı ölçüb-biçməliyik. Bu məsələdə ehtiyatlı olmaq heç ziyan gətirməz. O görünür, varlı adamdır – deməli, mübarizə edəcəkdir. Bundan əlavə, qohumları da ona qəhmər çıxacaqlar.
Prokuror əsəbi bir halda, sıx saçlarını çəngəlləyib qarışdırdı.
– Eybi yoxdur, məncə, öhdəsindən gələrik, – deyə prokuror əlavə etdi. – Hər şeydən əvvəl, Utikadan doktor Bimislə, Uebsteri çağırmaq lazımdır, – yaxşısı budur, elə bu gün onlara teleqraf vurun, yaxud telefonla zəng edin. Həmçinin, Olbenidəki doktor Spralunu da çağırın. Özümüzünküləri incitməmək üçün yerli həkimlərdən Linkoln ilə Betsi də dəvət edin. Doktor Bevonu da çağırmaq olar. – Meyson xəfifcə gülümsədi. – İndi isə mən yola hazırlaşmalıyam, Fred. İşi elə təşkil edin ki, həkimlər buraya sabah yox, bazar ertəsi və yaxud salı günü gəlsinlər. O vaxta qədər, yəqin ki, mən də qayıdıb gələrəm və şəxsən bu işdə iştirak edərəm. Əgər mümkündürsə, qoy bazar ertəsi günü gəlsinlər… nə qədər tez olsa, o qədər yaxşıdır! Baxarıq görək, o zaman daha nə aydınlaşacaqdır.
Meyson şkafdan bir neçə blank götürüb, qəbul otağına çıxdı, Oldenə müraciət edərək, onunla bərabər Likurq şəhərinə getməli olacağını söylədi, Berleyə isə tapşırdı ki, missis Meysonu telefona çağırsın, arvadı telefona gəldikdə, prokuror ona təcili bir iş üçün səfərə çıxdığını və yalnız bazar ertəsi qayıdıb gələcəyini xəbər verdi.
Utika şəhərinədək bütün yol uzunu, – yəni üç saat davam edən yolu və Likurq şəhərinə gedən qatarı gözlədikləri bir saatı, sonra isə həmin qatarda keçirdikləri bir saat iyirmi dəqiqəni (onlar Likurqa səhər saat yeddidə gəlib çatdılar), – Orvil Meyson, bir dəqiqə sakit oturmayıb, qəmli və pərişan Taytusu sorğu-suala tutaraq, həm qocanın özünün, həm də qızı Robertanın sadə keçmişi haqqında bir sıra məlumat topladı; bu söhbət zamanı qoca, Robertanın nə qədər səxavətli, itaətkar və ismətli bir qız olduğunu onun sinəsində necə mehriban və şəfqətli bir ürək çırpındığını, sonra, qızın əvvəllər harada işlədiyini, nə qədər maaş aldığını və pullarını nəyə xərclədiyini danışmış, – bütün bunlar isə çox sadə bir hekayə kimi Meysonu olduqca mütəəssir etmişdi.
Taytusla bərabər Likurqa gələrək, Meyson dərhal “Otel Likurq” mehmanxanasına getdi, orada nömrə tutdu, istirahət etməsi üçün qocanı mehmanxanada qoydu. Oradan Meyson birbaş yerli prokurorun yanına getdi, çünki yerli prokurorun ərazisində istintaq aparmaq üçün icazə almalı idi. Meysona kömək etmək üçün, onun ixtiyarına adi geyimli, iricüssəli xəfiyyə agenti olan bir polis nəfəri verdilər və prokuror axtardığı adamı evdə tapacağı ümidilə dərhal Teylor-strit küçəsinə, Klaydın yaşadığı mənzilə getdi. Lakin onları qarşılayan missis Peyton dedi ki, doğrudur, Klayd burada yaşayır, amma indi evdə yoxdur (o hələ, salı günü evdən çıxmışdır, deyəsən, on ikinci göldəki dostlarının yanına getmişdir). Meyson bir qədər sıxıntı hissilə, missis Peytonu başa salmağa məcbur oldu ki, əvvələn o, Kataraki mahalının prokurorudur, ikincisi bir qızın Biq Bitern gölündə boğulması ilə əlaqədar olan bəzi şübhəli məsələləri aydınlaşdırmaq üçün o, bir prokuror kimi, Klaydın otağında axtarış aparmalıdır, çünki belə görünür ki, o qızın yol yoldaşı Klayd olmuşdur. Bu xəbər missis Peytonu ele sarsıtdı ki, o, diksinib, geriyə çəkildi və qadının üzündə sonsuz bir heyrət, qorxu və etimadsızlıq ifadəsi zahir oldu
– Necə, mister Klayd Qrifits. Yox, yox, belə şey ola bilməz! Klayd, mister Semyuel Qrifitsin qardaşı oğludur, onu burada hamı tanıyır. Əgər onun barəsində bir məlumat almaq istəyirsinizsə, qohumlarına müraciət edin: onlar, əlbəttə, hər barədə sizə məlumat verərlər. Ancaq belə bir şey… yox, bu ola bilməz! – Missis Peyton həm Meysona, həm də öz nişanını qadına göstərməyə fürsət tapmış yerli xəfiyyə agentinə elə baxırdı ki, sanki onların düz adam olmalarına və vəkalətlərinə şübhə edirdi.
Bu aralıq belə şeylərə çoxdan vərdiş etmiş xəfiyyə agenti yuxarı mərtəbəyə qalxan pilləkənə keçib, missis Peytonun arxasında dayanmışdı. Meyson isə axtarış aparmaq üçün əvvəlcədən hazırlanmış orderi cibindən çıxardı.
– Mən çox təəssüf edirəm, xanım, lakin onun otağını bizə göstərməyinizi xahiş etməyə məcburam. Budur, bu order axtarış aparmaq üçün mənə ixtiyar verir, bu adam isə mənə tabe olan polis agentidir.
Missis Peyton qanunla mübarizə etməyin əbəs bir şey olduğunu başa düşüb, əsəbi bir halda Klaydın otağını göstərdi. Qadın bu fikirdə idi ki, nə isə mənasız, həm də son dərəcə ədalətsiz və təhqiredici bir anlaşmazlıq baş vermişdir.
Meysonla polis nəfəri isə, Klaydın otağına girərək, ətrafı gözdən keçirməyə başladılar. Hər ikisi ilk əvvəl, otağın küncündə kiçik və çox da möhkəm olmayan bağlı bir sandıqça gördülər, xəfiyyə agenti mister Fauns dərhal sandığın vəznini müəyyən etmək üçün onu yerdən qaldırmaq istədi, Meyson isə bir-birinin ardınca otaqdakı bütün şeyləri, qutularda və bağlamalarda nə varsa, hamısını, bütün paltarların ciblərini yoxlamağa başladı. Paltar şkafının qutusunda, köhnə köynək və tumanlar içərisində, Tramballardan, Starklardan, Qrifitslərdən və Qarrietlərdən gəlmiş köhnə dəvətnamələr arasında prokuror bir bloknot vərəqi tapdı, bu vərəqədə Klayd, yadından çıxmasın deyə, haraya dəvət edildiyini bir-bir qeyd etmişdi: “Çərşənbə günü, 20 fevral, Starkgildə nahar”, bundan aşağıda: “Cümə günü, 22, Trambalgildə”. Meyson bu xətti, cibindəki vərəqənin yazısı ilə müqayisə edib, bunların eyni bir xətt olduğunu görərək, dərhal belə bir qərara gəldi ki, indi, doğrudan da, ona lazım olan adamın otağındadır. Meyson vərəqəni cibində gizlədib, otağın o biri başında diqqətlə bağlı sandığı gözdən keçirən xəfiyyə agentinə baxdı.
– Bu sandığı nə edəcəyik, cənab rəis? Buradan götürüb aparacağıq, yoxsa elə burada açacağıq?
– Məncə, biz onu elə burada açmalıyıq, Fauns, – deyə Meyson ciddi bir səslə cavab verdi. – Sonra mən onun dalınca adam göndərərəm, lakin onun içərisində nə olduğunu mən elə bu saat bilmək istərdim.
Xəfiyyə agenti dərhal cibindən ağır bir isgənə çıxartdı və yaxında çəkic olub-olmadığını yoxlamaq üçün ətrafına boylandı.
– Sandıq çox da möhkəm deyil, – deyə xəfiyyə agenti qeyd etdi – əgər istəyirsinizsə, sındıra bilərəm.
Lakin bu zaman, işin belə bir şəkil almasından son dərəcə heyrətə düşən missis Peyton davam gətirmədi və belə bir qaba hərəkətə mane olmaq ümidilə qarışdı.
– Əgər istəyirsinizsə, mən sizə çəkic verə bilərəm, deyə qadın sözə başladı, – ancaq, məgər çilingər dalınca adam göndərmək olmazdımı? Mən ömrümdə belə qəribə əhvalat görüb eşitməmişdim!
Xəfiyyə agenti bu etiraza o qədər də əhəmiyyət verməyərək, çəkici əlinə keçirən kimi, sandığın qıfılını sındırdı. Sandığın üst tərəfindəki bölmədə müxtəlif xırda-para bəzək şeyləri: corablar, yaxalıqlar, qalstuklar, kaşne, çiyinbağı, köhnə sviter, orta keyfiyyətli uzunboğaz qış çəkmələri, müştük, laklı, qırmızı rəngli külqabı və ayaq xizəkləri var idi. Lakin bütün bu şeylərin içərisində bir küncdə Robertanın Bilts şəhərindən göndərdiyi və hamısı bir yerə bağlanmış axırıncı on beş məktubu, həmçinin qızın keçən ilk Klayda bağışladığı kiçik portreti də var idi. Yenə də burada, başqa kiçik bağlamada, Sondranın hələ Payn Poynta getməzdən əvvəl Klayda göndərdiyi bütün kiçik məktublar və dəvətnamələr yığılmışdı. Sondranın oradan yazdığı məktubları Klayd öz ürəyinin üstündə, pencəyinin döş cibində gəzdirirdi. Burada, Klaydın üzərinə daha artıq kölgə salan başqa məktublar da tapıldı, – bunlar, Klaydın anasının yazdığı on bir məktubdan ibarət idi. Bu məktublardan ikisi Çikaqo şəhərinə Harri Tenetin adına göndərilmışdi ki, bu, çox şübhəli bir iş idi, qalan məktubları isə, – əvvəlcə Çikaqo, sonra isə Likurq şəhərinə Klayd Qrifitsin adına və adresinə yazılmışdı.
Prokuror sandıqdan daha nələr çıxacağını gözləmədən dərhal məktublarla məşğul olmağa başladı: o əvvəlcə Robertanın birinci məktublarından üçünü oxudu və bundan sonra, Robertanın Bilts şəhərinə nə üçün getdiyi ona tamamilə aydın oldu, daha sonra o, Klaydın anasının, olduqca sadə və ucuz bir kağızda yazılmış üç məktubunu oxudu: anası bu məktublarda oğlunun Kanzas-Siti şəhərindəki ağılsız hərəkətinə işarə vurur və bədbəxt bir hadisə haqqında yazaraq göstərirdi ki, Klayd bu hadisədən sonra oradan çıxıb getməli olmuşdu, həmçinin, anası təkidlə və mehribanlıqla Klayda tövsiyə edirdi ki, gələcəkdə düz yoldan çıxmasın. Cilovlanmış temperamentə malik olan, həmçinin insanlar və insan münasibətləri barəsində olduqca məhdud biliyi olan Meysonda belə bir təsir oyandı ki, Klayd hələ ilk gəncliyindən qeyri-sabit xarakteri, yüngül xasiyyəti və pozğun əxlaqı ilə fərqlənən bir adam olmuşdur.
Eyni zamanda Meyson təəccüblə öyrənib bildi ki, Klayd burada zəngin əmisinin köməyindən istifadə etsə də, Qrifitslər ailəsinin kasıb və üstəlik son dərəcə dindar bir qoluna mənsubdur. Adi şəraitdə bu cəhət onun Klayda qarşı münasibətini bir qədər yumşalda bilərdi. Lakin indi Sondranın yazdığı məktubların, Robertanın faciəli məktublarının və Klaydın anasının Kanzas-Sitidə baş vermiş köhnə bir cinayət barəsində vurduğu işarənin təsiri altında, Meysonda belə bir qənaət hasil oldu ki, Klayd öz xarakteri etibarilə nəinki bu yeni cinayəti düşünməyə, eyni zamanda niyyət etdiyi cinayəti soyuqqanlıqla həyata keçirməyə əli gələn bir adamdır. Görəsən, orada, Kanzas-Sitidə nə baş vermişdir? O şəhərin prokuroruna teleqram göndərərək təfsilatı öyrənmək lazımdır.
Meyson bu barədə düşünərək, tələsik, lakin diqqətlə və tənqidi bir nəzərlə, Sondradan gələn müxtəlif kağızları, dəvətnamələri və eşq məktublarını gözdən keçirməyə başladı. Bu məktublar hamısı ətirlənmiş, gözəl, naxışlı kağızda yazılmışdı və getdikcə daha şəfqətli, daha məhrəm bir xarakter daşıyırdı, son məktublar isə: “Mənim balaca Klaydım”, yaxud “Mənim sevimli qaragöz sevgilim” və ya “Mənim əziz dostum” sözlərilə başlanır və məktubların altında ya uşaqcasına “Sondra” imzası, yaxud “Sizin Sondra” sözləri olurdu… Bu məktublardan bəziləri bu yaxın günlərdə, mayın onunda, on beşində, iyirmi altısında, – Meysonun dərhal fikir verdiyi kimi, məhz Robertanın ən kədərli məktublar gəldiyi bir zamanda yazılmışdı.
İndi hər şey aydındı. Bu gənc gizli olaraq bir qızı yoldan çıxarmış və eyni zamanda utanmadan başqa bir qızın, həm də bu dəfə yerli cəmiyyətin yüksək dairəsinə mənsub olan bir qızın məhəbbətinə nail olmaq xəyalına düşmüşdür.
Bu qeyri-adi kəşfdən sarsılmış və həyəcanlanmış Meyson, eyni zamanda başa düşürdü ki, indi fikrə gedib, burada oturmaq vaxtı deyildir. Belə bir şeyə heç vaxt yol vermək olmazdı. Bu sandığı “Otel Likurq” mehmanxanasına göndərmək lazım idi. Sonra isə, mümkün olsa, o, bu adamın indi harada olduğunu aydınlaşdırmalı və onu ələ keçirməlidir… Meyson, xəfiyyə agentinə, polis idarəsinə zəng etməyi və bu sandığı mehmanxanaya, onun nömrəsinə göndərməyi əmr etdi, özü isə tələsik Semyuel Qrifitsin malikanəsinə getdi, lakin orada, bütün ailənin şəhər kənarında Qrinvudda olduğunu öyrəndi.
Telefonda verdiyi suala cavab olaraq, Qrinvuddan ona xəbər verdilər ki, orada məlum olduğu kimi, Klayd Qrifits indi bu saat Şeyron yaxınlığında, On ikinci gölün sahilində, Finclilərin yay malikanəsi ilə yanaşı olan Krenstonların bağındadır. Həm Fincli familiyası, həm də Şeyron şəhəri artıq Meysonun şüurunda Klayd ilə bağlı idi, buna görə o, dərhal belə qərara gəldi ki, əgər Klayd hələ bu yerlərdən qaçıb uzaqlaşmamışdırsa, indi o məhz orada olmalıdır – yox, ona bu məktubları yazan və dəvətnamə göndərən həmin Sondra Finclinin yay malikanəsindədir. Axi “Qu Quşu” paroxodunun kapitanı da, üçüncü mil Buxtasından gedən gəncin Şeyron şəhərində paroxoddan düşdüyünü xəbər vermişdi. Evrika!1 Meyson artıq canini ələ keçirmişdi.
Meyson gələcəkdə necə hərəkət edəcəyini ətraflı düşündükdən sonra, dərhal şəxsən özü, Şeyrona və Payn Poynta getməyi qərara aldı. Hələlik isə Klaydın zahiri görkəminin düzgün təsvirini aldıqdan sonra, o, Klaydın bu əlamətlərini və onun adam öldürməkdə təqsirləndirilib axtarıldığını, nəinki Likurq şəhərinin prokuroruna və polis rəisinə, həmçinin Bricburq polis rəisi Nyuton Slekə, müstəntiq Xeytə və öz köməkçisinə xəbər verərək, hər üçünə, dərhal Şeyrona yola düşməyi təklif etdi. Meyson orada onlarla görüşəcəkdir.
Sonra Meyson, guya missis Peytonun tapşırığı üzrə, şəhərarası telefon vasitəsilə Payn Poynta zəng edərək Krenstonların yay malikanəsilə əlaqəyə girib, ev xidmətçisindən, mister Klayd Qrifitsin təsadüfən orada olub-olma
dığını soruşdu. “Bəli, ser, o, buradadır, ser, lakin bu saat o yaxında deyil, ser. Yəqin o, gölə gəzməyə getmişdir, ser. Nə buyurursunuz, gələndə ona nə demək lazımdır, ser?” Sonrakı sorğu-suala ev xidmətçisi dürüst cavab verə bilmədi: bütün dəstə, yəqin ki, Ayı gölünə gəzməyə getmişdir, – göl isə buradan otuz mil uzaqdadır; onların nə vaxt qayıdacaqlarını o deyə bilməz, – yəqin iki-üç gündən sonra qayıdacaqlar. Lakin bir məsələ aydın idi ki, Klayd həmin gənclər dəstəsi ilə getmişdir.
Meyson o saat Bricbuq polis rəisini ikinci dəfə telefona çağırıb, ona özü ilə bərabər dörd və yaxud beş nəfər agent götürməsi barədə göstəriş verdi; bu agentlər Şeyronda müxtəlif səmtlərə ayrılmalı və harada olursa-olsun həmin Klaydı ələ keçirib, tutmalı və Bricburq həbsxanasına salmalı idilər. Qoy orada Klayd, bu vaxta qədər şübhə yeri qoymadan, Roberta Oldeni öldürən adamın məhz Klayd olduğunu göstərən bəzi qəribə halları qanunla müəyyən olmuş qaydalara müvafiq olaraq izah etsin.
VI FƏSİL
Roberta gölün sularına qərq olub boğulduğu, Klayd isə üzüb sahilə çıxaraq, paltarını dəyişdirdiyi və gəlib Şeyrona çıxdığı, sonra isə Krenstonların yay malikanəsinə pənah gətirdiyi zamandan bəri, o, demək olar ki, tam ruhi xəstəliyə tutulmuşdu və həm çaşqınlıq, həm qorxu içərisində Robertanın vaxtsız həlak olmasında özünün müqəssir olub-olmadığını heç cur anlaya bimirdi. Eyni zamanda Klayd çox aydın başa düşürdü: əgər o hadisədən sonra onun nə cür hərəkət etdiyini təsadüfən görən olsa, yəni onun şimala doğru, Biq Bitern mehmanxanasına gedib, guya qəfildən baş verən bu fəlakəti xəbər vermək əvəzinə, gizli olaraq üz tutub, cənuba getdiyini görən olsa, onun bu hərəkətini o qədər rəzil və qəddar bir şey hesab edəcəklər ki, hər kəs möhkəm bir qənaətlə onu bu qətldə ittiham edə biləcək. Bu fikir Klayda əzab verirdi, çunki indi ona elə gəlirdi ki, o, doğrudan da, bu ölümdə müqəssir deyildir – axı, son dəqiqə onun ruhunda bir dönüş baş vermişdi.
Lakin o geri qayıdıb, baş verən hadisə haqqında xəbər verməmişdi, indi buna kim inanacaqdı? İndi isə geri qayıtmaq mümkün deyildi. Əgər Sondra onun fabrikdə işləyən bir qızla bərabər bu göldə gəzdiyindən və həmin qızı mehmanxanada öz arvadı kimi qeyd etdirdiyindən xəbər tutsa… Aman, allah!
Sonra bunların hamısını əmisinə və yaxud o soyuqqanlı, qəddar Gilbertə… həmçinin Likurqdakı o şıq və həyasız gənclərə izah etmək?.. Yox, yox! Bu qədər irəli getdikdən sonra, o artıq geri çəkilə bilməz. Əks təqdirdə onu bir fəlakət.. bəlkə də ölüm gözləyir. O, mümkün olduğu qədər bu dəhşətli vəziyyətdən istifadə etməlidir, – bu cür qəribə və sanki özünə bəraət qazandıran bir nəticəyə gətirib çıxarmış niyyətindən istifadə etməlidir.
Lakin bu meşələr! Hər tərəfi bürüyən bu qaranlıq gecə! Dəhşətli bir təklik hissi və hər yerdə, hər bir şeydə hiss edilən təhlükə! İndi bir adam ona rast gəlsə, o nə etməli, nə deməlidir? Klayd tam bir çaşqınlıq içərisində idi, ruhi və əsəbləri elə bir halda idi ki, dəli olmaq dərəcəsinə gəlirdi. Ayağı altında bir çırpı sınıb xışıldasa idi, – dovşan kimi başını götürüb qaçmağa hazır idi.
Belə bir vəziyyətdə o, qaranlığın düşməsini gözlədi və meşənin içərisinə girdi, lakin əvvəlcə öz çamadanını tapıb, kostyumunu dəyişdi, yaş paltarının suyunu sıxıb, bir az qurutmağa cəhd etdi, sonra paltarını çamadana qoyub quru ağac şaxələri və yarpaq sərdi, sonra fotoaparatının ştativini yerə yıxılmış bir ağacın gövdəsi altında gizlətdi. İndi o, getdikcə daha artıq bir inadla öz qəribə və qorxulu vəziyyəti haqqında düşünürdü. Bəlkə həmin dəqiqədə, yəni o, Robertanı bilmədən vurduğu, hər ikisinin suya yıxıldığı və Roberta o cür kəskin və şikayətli bir ifadə ilə qışqırdığı zaman sahildə bir adam var imiş? Əgər bir nəfər… məsələn, gündüz onun burada gördüyü o sağlam və qüvvətli oğlanlardan biri bu səhnəni görmüş olsa… kim bilir, bəlkə elə indi kim isə haray salır, – onda elə bu gecə onlarla adam onu təqib etməyə başlayacaqdır. Onlar Klaydı tutacaqlar və heç kəs inanmayacaqdır ki, o, Robertanı özü bilmədən, təsadüfən vurmuşdur! Hətta qanuni məhkəməni gözləmədən onu daşqalaq edə bilərlər! Bu mümkündür. Belə şeylər olmuşdur. Onun boynuna ip salıb, ağacdan asa bilərlər. Yaxud elə buradaca, meşədə onu bir ağaca söykəyib güllələyə bilərlər. Hətta bütün bu hadisənin nə cür baş verdiyini… Robertanın uzun müddət onu təqib etdiyini, ona əzab verdiyini açıb söyləməsinə belə macal verməzlər! Heç kəs, heç vaxt bu məsələni başa düşə bilməyəcəkdir!
Klayd bunu düşünərək, getdikcə daha artıq bir sürətlə meşə içərisində uzaqlaşır, – hər tərəfdən yolunu kəsən möhkəm və tikanlı cavan ağacların, həmçinin ayaqları altında dəhşətli bir səslə xışıldayan quru şaxələrin imkan verdiyi dərəcədə addımlarının surətini artırır, – və eyni zamanda öz-özünə qane etməyə çalışırdı ki, üçüncü mil Buxtasına gedən yol sağ tərəfdədir, ay isə üfüqdə sol tərəfdən çıxacaqdır.
Lakin, ilahi, görəsən bu nədir?
Nə qədər dəhşətli səsdir!
Elə bil, zülmət içərisində bir ruh şikayətlə bəd bir xəbər verərək, inləyir, fəryad edir!
Budur, yenə o səs!
Görəsən bu nədir?
Klayd çamadanı əlindən yerə saldı, onun bütün bədənini soyuq tər basdı, o, yerə oturdu və duyduğu qorxu içərisində uca, şax-budaqlı bir ağacın böyrünə qısılaraq donmuş və hərəkətsiz bir halda dayandı:
Nə qədər dəhşətli bir çığırtıdır!
Ah, bu ki, bayquşdur! O, bir neçə həftə əvvəl, Krenstonların yay malikanəsində olarkən, bu quşun çığırtısını eşitmişdi. Lakin burada! Bu qalın meşədə! Bu zülmət içərisində!… Getmək lazımdır. Bu meşədən mümkün qədər tez çıxmaq lazımdır, bu aydın məsələdir. Bu dəhşətli, bu qorxunc fikirləri başından qovmalıdır, əks təqdirdə onda heç bir qüvvə və mətanət qalmayacaqdır.
Lakin Robertanın baxışları! O son yalvaran baxışı! Aman Allah! Onun gözləri indi də Klaydın qarşısındadır. Hələ o dəhşətli, sonsuz bir ümidsizliklə dolu fəryad! Yoxsa bu fəryad daima onun qulağında səslənəcəkdir… Buradan, bu meşədən çıxana qədər ona rahatlıq verməyəcəkdir?
Görəsən o, Robertanı vurarkən, qız bu zərbənin təsadüfi olduğunu… bunun yalnız bir qəzəb və etiraz anında baş verən bir hərəkət olduğunu başa düşdümü? İndi Roberta harada olursa-olsun, gölün dibində, yaxud, bəlkə də burada, bu qaranlıq meşədə, onun yanında, fərqi yoxdur, harada olursa-olsun, görəsən o bunu bilirmi? Robertanın kabusu!.. Yox, buradan tez qaçıb uzaqlaşmaq… baş götürüb getmək lazımdır! Belə lazımdır… lakin bununla belə… Burada, bu qalın, uzaq meşə içərisində, o, təhlükədən uzaqdadır. O özünü ələ almalıdır, böyük yola çıxmaq lazım deyildir. Orada yol ötən, gəlib-gedən ola bilər. Orada, bəlkə onu axtaran adamlar var!.. Görəsən, insanların öləndən sonra da yaşadıqları doğrudurmu? Xəyal və ruhlar aləmi mövcuddurmu? Onlar bütün həqiqəti bilirlərmi? Əgər belə isə onda Roberta da bilir… belə olduqda, Roberta onun əvvəlki niyyətlərindən xəbər tutmuşdur. İndi Roberta onun haqqında nə düşünəcəkdir? Bəlkə elə bu saat Roberta amansız məzəmməti ilə, öz səhv ittihamı ilə onu təqib etməkdədir? Bəli, səhv ittihamı ilə, – amma, digər tərəfdən, əvvəllər o, qızı doğrudan da öldürmək istəyirdi. O, belə bir fikri başında gəzdirirdi! Onun belə bir niyyəti var idi! Bu isə, əlbəttə, böyük bir günahdır. Doğrudur, o, Robertanı öldürməmişdir, lakin nə isə onun əvəzinə bu işi görmüşdür. Bütün bunlar həqiqətdir.