Читать книгу Soyuq cəhənnəm - Vüsal Kamil - Страница 1
ОглавлениеSoyuq cəhənnəm
Vüsal Kamil
Rəbb, bilərəkdən sənə itaətsizlik etdiyim hər yerdə, lütfən, ürəyimlə işlə və məni təmizlə.
İNCİL
Onların dərdləri ancaq onları tanıyanlara bələddir. Ancaq başı bəlalar çəkən bilir ki, nə zülmlərə qatlaşırlar. Onlar cüzam xəstəsidirlər. Xəstə bir cəmiyyətin qurbanlarıdırlar. Cəmiyyət daim sanki günahkar axtarışındadır. Və cüzamlılar günahkar axtarışında olan cəmiyyət üçün göydəndüşmədir. Cəmiyyət onları cəzalandırır. Onları – xəyalları xatirəyə çevrilmiş qəhrəmanları tanımağın vaxtıdır.
Roman cüzam xəstələrinə ithaf olunur.
BİRİNCİ HİSSƏ
BUMERANQ
Proloq
Gəncə şəhəri. Nizami Rayon Məhkəməsi.
2013-cü il, avqust ayı.
“Təqsirləndirilən şəxs Süleymanov Həsən Rizvan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim”. – Hakim hələ sözünü bitirməmişdi. Hər kəsin diqqəti hakimin deyəcəyi, məhkəmə zalının vahiməli, ürküdücü, soyuq divarlarına dəyib, sonra eşidəcəkləri sözlərdə idi. Hamı yekun qərarı gözləyirdi. İşi araşdıran kiçik ədliyyə müşaviri, ədliyyə mayoru Loğman Əliyev üçün hakimin hökmü o qədər də maraqlı deyildi, o onsuz da nəticəni əvvəlcədən bilirdi, sadəcə bir nəfərə mənəvi dəstək üçün burada idi və tək gəlməmişdi. Məhkəmə hakimi hökmü oxudu: “Süleymanov Həsən Rizvan oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Prokurorluqda cinayət aləti və maddi sübut kimi saxlanılmış bıçaq məhv edilsin və o, məhkəmə zalından azad edilsin”.
Sevinc nidaları zala yayıldı, yaxınları dəmir barmaqlıqlar arxasında qalan Həsəni qucaqlamaq istəyirdilər. Nəhayət ki, yaxınları Həsənə qovuşdu. Elə bu vaxt Loğmanla yanındakı adam məhkəmə zalını tələsmədən tərk etdilər. Bunu da yalnız Ümman gördü, Loğman ona dəstək üçün burada idi. Onların zalı tərk etməsi yalnız Ümmanın nəzərindən yayınmadı.
Haradasa bir ay əvvəl Gəncədə qətl hadisəsi baş vermişdi: Mübahisə nəticəsində yaranmış qarşıdurma zamanı bir neçə şəxs Həsənə hücum çəkdi. Onlardan biri bıçaqla Həsənə xəsarət yetirdi. O da həmin adamın əlindən bıçağı alaraq onu yaralamışdı. Bir neçə saat sonra yaralı xəstəxanada keçindi. Nəticədə Həsən təqsirləndirilən şəxs qismində həbs olunaraq istintaqa cəlb edildi. Lakin Ümman qardaşının qatil olduğunu qəbul etmirdi, çünki qardaşı özünü müdafiə etmişdi və ona bəraət verilməli idi. Lakin işi ilk araşdıran müstəntiq Həsənin əleyhinə qərar çıxarıb, işi bağlamaq üçün prokurora göndərmək istəyəndə Ümman məsələdən xəbər tutmuş və işə qarışmışdı. Nəhayət, iş bağlanmadan başqa adama – Loğman Əliyevə həvalə olundu. Sentyabrda otuz üç yaşı tamam olacaq ədliyyə mayoru, Həsənin günahsızlığını sübuta yetirdi: o, zəruri müdafiə zamanı həddi aşmamışdı.
Ümman məhkəmə zalını tərk eləyib çıxışa tərəf tələsdi.
– Halaldır, mayor, bu işin də öhdəsindən gəldin, – kapitan bunu deyib ağ “Prado”sunun sükanı arxasına keçdi. – Bu ölkədə nadir hallarda müdafiə zamanı adam öldürənə bəraət verilir, onlardan biri də sənin qol qoyduğun cinayət işi oldu.
Mayor da onun yanında əyləşdi:
– Cinayətləri açmaq üçün sualları düzgün qoymaq lazımdır. Düzgün sualların isə çox vaxt yanlış cavabı olmur, – deyib gülümsədi.
– Ölürəm də sənin belə fəlsəfi düşüncələrindən ötrü, – kapitan ona sataşaraq gülümsədi və maşını işə saldı.
Maşın hərəkətə gələn kimi mayor, binadan çıxıb onlara tərəf yaxınlaşan Ümmanı görüb dərhal kapitandan maşını saxlamasını xahiş etdi.
Ümman yeyin addımlarla, maşından düşən mayorun qarşısına gələrək onunla üz-üzə dayanıb dedi:
– Çox sağ olun, cənab mayor! Sayənizdə qardaşım azadlığa qovuşdu.
– Mən sadəcə öz işimi gördüm, – o, qısa cavab verdi.
– Sizdən əvvəlkilər də işlərini görmüşdülər, – qız rişxəndlə dedi. Sonra isə yenidən dil-ağız etməyə başladı. – Bir daha təşəkkür edirəm, cənab mayor!
– Sadəcə Loğman deyə bilərsən, – mayor gülümsədi. – Rəsmiyyəti sevmirəm.
– Yaxşı!.. Olsun Loğman, – gülümsəyərək əlini uzadıb dedi. – Yenidən görüşəcəyimizə ümid edirəm.
– Niyə? Səncə, qardaşını bir də tutub içəri basacaqlar?
– Əlbəttə, yox!
Ümman həddini aşdığını hiss elədi. Bu an avtomobilin uzun siqnal səsi eşidildi. Loğman bilirdi ki, sükan arxasındakı onu qısqanır.
– Mən gedim, həmkarım məni gözləyir, – Loğman dedi.
– Hələlik! – Ümman zərif əlini mayorun əlindən çəkdi.
…“Prado” yerindən ehmalca tərpəndi.
Sükan arxasında oturan Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Regional Mühafizə İdarəsinin kapitanı, “Qartal Gözü” məxfi təşkilatının baş leytenantı Leyla Baratzadə idi… Maşın nəhəng icra hakimiyyəti binası ilə üzbəüz yerləşən yeni tikilinin qarşısında dayandı:
– O qızla yaman mehribansan, – Leyla dedi.
Loğman gülərək cavab verdi:
– Məni qısqanmağı sənə məsləhət görmürəm.
– Kimi? Səni?! – o, həmsöhbətini borclu çıxarmağa başladı.
Mayor yorğun olduğundan bu dəfə onun nazı ilə oynamağa həvəsi yox idi. Buna görə də mövzunu dəyişərək təklif etdi:
– Mən evə qalxıram, gəlirsən?
– Yox!
– Yaxşı, – o bunu deyib maşından düşdü. – Mədinəni görmək fürsətini əldən verdin.
– Loğman! – Leyla onun dediyinə əhəmiyyət verməyərək arxadan səsləndi. – Özünü qoru!..
Günortadan xeyli keçmişdi. Yorğun olmağına baxmayaraq, Loğman liftə minməyib pilləkənlə qalxmağa başladı. Beynində son hadisələri analiz edirdi. Həsəni də təmizə çıxartdı. Bu işə görə də sabah bolluca tərifləri qəbul etməli olacaqdı. Ümumiyyətlə, Loğman bu vaxta kimi hər bir işin öhdəsindən layiqincə gəldiyindən özünü məğlubedilməz hesab edirdi. Ona elə gəlirdi ki, bu dünyada ondan güclüsü ola bilməz, heç bir cinayətkar onun araşdırdığı işin məsuliyyətindən canını qurtara bilməz. Özünə hədsiz arxayınlığının digər səbəbi kimi təmkinini, aqressiyaya yer verməməsini görürdü.
Nəzrin qapını açdı. O, kimsəsiz idi. Ana-atasını uşaqlıqda itirmiş, uşaq evində böyümüşdü. Loğmanla tanışlıqları isə təsadüfi alınmışdı… İndi Nəzrin bu evdə qulluqçu idi. Dördyaşlı Mədinəyə anası öləndən sonra o baxırdı. Çox gözəl olmasına baxmayaraq, Loğman ona bircə dəfə də olsa, pis gözlə baxmamışdı. Ümumiyyətlə, Loğman həyat yoldaşının ölümündən sonra qadınlara qarşı heç nə hiss etmirdi, bir daha ailə qurmaq fikrində deyildi. O, başa düşürdü ki, yaş ötdükcə ikinci dəfə evlənmədiyinə görə peşman olacaq, lakin mərhum yoldaşının yerini kimsə tuta bilmirdi. Əslində isə, Loğman özü istəmirdi kimsə onun yerini tutsun, bunu öz sevgisinə və həyat yoldaşının ruhuna xəyanət kimi qəbul edirdi, buna baxmayaraq, reallıqda belə deyildi. Bu, xəyanət sayılmırdı. Həm də ikinci ailə həyatı təkcə onun əlində deyildi. Mədinəni də razı salmaq lazım gələrdi ki, bu da çətin məsələ idi. Onun atasına sonsuz bağlılığı qısqanclığa səbəb olurdu. Lakin Mədinə uşaq olsa da, onun da istəkləri var idi. Loğman özünü uşağa borclu bilirdi, əks halda, intihar edərdi.
Hava qaralmağa başlayırdı. Azan səsi evin içində aydınca eşidilirdi. Adətən hüquq-mühafizə orqanları işçiləri namaz qılmırlar, Loğmanın namaz qılması isə gəncliyindən qalma vərdişi idi. O, namaz qılmaq üçün oturduğu divandan qalxmaq istəyəndə Mədinə əlindəki vərəqlə gəlib atasının qarşısında dayandı və çəkdiyi rəsmi ona göstərərək dedi:
– Ata, gör nə çəkdim!
Mədinənin çəkdiyi şəkil Loğmanı diksindirdi. O, üzü ağac budağına bənzəyən bir neçə adam şəkli çəkmişdi. Nəyə görə? Balaca uşağın belə simalar yaratmaq istəyi hardan qaynaqlanmışdı, onda bu ilham haradan idi? Loğman bir-iki dəqiqə şəklə baxıb düşündü.
– Mədinə, niyə belə bir şəkil çəkmisən? Sən həmişə ev, təbiət şəkilləri çəkirdin axı.
– Bu adamlar təbiəti görmürlər, – Mədinə üzdən çox kök idi və danışarkən arada nəfəsi kəsilirdi. Ümumiyyətlə isə, təmkinlə danışırdı, lakin nəyisə izah edəndə onda rahat hiss olunacaq həyəcan yaranırdı ki, təngnəfəsliyin də səbəbini Loğman bunda görürdü. – Ata, bu adamları özüm ağac kimi çəkdim. Onlar da adamdır da, – Mədinə, əslində, başqa şeylər demək istəyirdi, lakin uşaq dili kasad olduğundan fikirlərini çatdıra bilmirdi.
Mədinənin çəkdiyi şəkil yaxın gələcəkdəki faciələrdən xəbər verirdi; ən azından, Loğmanın şahidi olacağı faciələrdən. Uşaq, əslində, bunları demək istəyirdi. Həmişə belə olur, fələk həmişə baş verəcəklərdən insanları xəbərdar edir. Sadəcə insanlar ən xırda şeylərə də laqeyd münasibət göstərirlər…
CƏHƏNNƏMDƏKİ ÜMMAN
Gəncə. Özəl xəstəxana. Hadisələrdən bir müddət əvvəl.
– Bu xəstəlik el arasında “vəba” adı ilə də tanınır. Buna baxmayaraq, vəba deyil, cüzamdır. Cüzam bir mikroorqanizmin ortaya çıxartdığı, periferik sinir sistemi və dəri başda olmaqla, bir çox orqana təsir edən yoluxucu bir xəstəlikdir. Ancaq yoluxma ehtimalı çox aşağıdır. Bu səbəbdən də uzun illər yoluxucu xəstəlik kimi qəbul olunmayıb, – həkim danışdıqca Ümmanı qorxu bürüyürdü. Gözləri dolmuş halda həkimə qulaq asırdı. – Cüzam xəstəliyinin müalicəsinə vaxtında başlanılsa, effekt verə bilir. Cüzam və ya lepra (taun) insanda xroniki infeksion xəstəlikdir. Törədicisi xansen basilləridir… Pis qidalanma, avitaminoz, antisanitariya… Bunlar xəstəliyin yaranmasına şərait yaradır. Cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından daxil olur. Cüzam xəstəsinin üzü get-gedə çürüyür. Belə xəstələr cəmiyyətdən təcrid olunaraq Umbakıda yerləşən cüzam xəstəxanasına göndərilirlər. Cüzamlıların təkcə üzləri deyil, yavaş-yavaş bütün bədənləri çürüyür. Onların sonu ölümdür. Dəri boyunca çürümə prosesi başa çatandan sonra onlar ölür. Bu cür ölməmək üçünsə bu xəstəliyin müalicəsi ilə gecikmədən məşğul olmaq lazımdı. Ümman, qızım, sən isə bir qədər gecikmisən.
Həkim son cümləsini daha da yumşaq səsləndirə bilərdi. Deyəsən, bunu gec başa düşdü və səhvini düzəltməyə çalışdı. Buna görə şablon cümlələri döşəməyə başladı:
– Amma narahatlığa əsas yoxdur. Tibb çox şeylərin öhdəsindən gəlib. Bəlkə, bunun da həlli tapıldı.
Onun sonradan dediyi sözlərin heç biri qarşısındakı xəstəyə təsir etmirdi. Ümman onun əvvəlki cümlələrinə dözə bilmirdi və ağlayaraq çantasını götürüb kabineti tərk etdi.
– Ümman, hara? – həkim onun arxasınca getmək üçün kreslodan durdu, cəld dəhlizə çıxdı və sürətlə gedən Ümmanın arxasınca baxıb başını buladı.
Bir müddət əvvəl Ümman Həsənlə həkimə gedib müayinədən keçmişdi (onlar hər il müayinədən keçirlər). Həsən sağlam idi. Həkim isə Ümmanı çağırıb onunla söhbət etmək istədiyini bildirmişdi. Sonradan Həsənin həbs olunması məsələsi ortaya çıxdı və baş qarışdı. Dünən qardaşı azadlığa çıxdıqdan sonra həkimə getməyi qərara aldı. Zəng edib vaxtı da dəqiqləşdirdi…
O, eşitdiklərinin təsirindən çıxa bilmirdi. Gəncə çayının yaxınlığındakı skamyada üzü körpüyə tərəf oturmuşdu. Ağlayırdı. Dərdləşməyə adam axtarırdı.
Həkimin dedikləri qulaqlarında əks-səda verirdi: “Cüzamlıların təkcə üzləri deyil, bütün bədənləri çürüyür… Onların sonu ölümdür… Onlar cəmiyyətdən təcrid olunurlar…”
Ümmanın 25 yaşı var, hüquq fakültəsini bitirib, lakin işləmir. Atası Bakıda, neft şirkətində yaxşı vəzifədə çalışırdı. Qardaşı idman akademiyasını bitirib, karate üzrə dördqat Avropa çempionudur. Populyar idman klublarından birinin üzvüdür. Həmin klubu yaxın dostu ilə birlikdə təsis edib və orada məşqçi işləyir.
Ümman bir saatdan çox ağladıqdan sonra halsızlaşdığını hiss edib və ağlamağın faydasız olduğunu anlayaraq evə getmək üçün ayağa durdu. Belə qərara gəlmişdi ki, hər şeyi anasına danışsın, onsuz da gizlədə bilməyəcəkdi…
GƏNCƏ ŞƏHƏR PROKURORLUĞU.
Loğman kabinetində oturub Akif İslamzadənin “Ala gözlüm” mahnısına qulaq asırdı. Və mahnı sədaları altında dünən qızının çəkib göstərdiyi şəkli düşünürdü. Bəlkə də, şəkildə qeyri-adi heç nə yox idi. Sadəcə Loğman son vaxtlar çox xırdaçılıq edir, hər şeydə nəsə axtarmağa çalışırdı.
Qapı döyüldü və ardınca da dərhal açıldı. İçəri daxil olan leytenant Loğmanı fikirlərdən ayırdı. Gəlib stulda oturdu.
– Nəsə olub? – Əliyev onun sözlü adam olduğunu hiss edib soruşdu.
– Yox, – üçüncü dərəcəli hüquqşünas, ədliyyə leytenantı cavab verib, əlavə etdi. – Sən demə, bu Həsən karate üzrə dördqat Avropa çempionu olub.
– Olsun da! – mayor laqeydliklə dedi. – Boş şeydir.
– Hə də… Axı sən kunqfuçusan. Sizə görə digər idman növləri elə-belədir, – Sadıxov da uzun illər karate ilə məşğul olmuşdu.
– Xətrinə dəydi? – mayor bic-bic qımışdı. – Mən üzr istəyə bilərəm.
– Belə getsə, sənin bir ulduzun da artacaq, ədliyyə müşaviri – ədliyyə podpolkovniki olacaqsan, – Sadıxov mövzunu dəyişdi. – Hesabında açılmamış cinayət işi yoxdur.
– Mən işimi görürəm. Polkovnik rütbəsini alandan sonra isə rahatca istefaya çıxa bilərəm.
– General olmaq istəməzsən ki?
– Yox, polkovnik də kifayət qədər yüksək rütbədir.
– General olmaq istəməyəndən əsgər çıxmaz, – Sadıxov ona söz atdı.
– Əsgər generalın yerinə göz dikib öz işini görməsə, general ola bilməz, – Loğman, mənalı tərzdə gülümsədi. – Mənim göz dikdiyim yer yoxdur. Həm də əsgər olmaq istəmirəm.
Daxili telefonun səsi eşidildi. Loğman qısaca cavab verib, dərhal da dəstəyi asdı.
– Nə olub? – Sadıxov maraqlandı.
– Şəhər prokurorudur, məni kabinetində gözləyir, – Loğman bunu deyib ayağa duraraq qapıya doğru getdi. – Yəqin, yenə tərifləyəcək…
BAKI. BULVAR.
Bir az əvvəl telefonda Həsən ona iki saatdan sonra Bakıda olacağını demişdi. Züleyxa isə bura dərdlərini bir qədər yumşaltmaq, rahatlaşmaq üçün gəlmişdi. O, sözün əsl mənasında böyük və dəhşətli əzaba düçar olmuşdu. Nə olur-olsun, bunu Həsənə deyəcəkdi. İndi cəsarətli olmaq vaxtı idi. Lakin Həsən Gəncəyə ana-bacısına baş çəkməyə getdi. Ancaq orada həbs olunması Züleyxanın qəbul etdiyi qərarı həyata keçirməsini təxirə salmalı oldu.
Avqust günəşinin şəfəqləri Züleyxanı isitdiyi qədər sanki dərdləri qarışmış Xəzərin ləpələri də onu bir o qədər üşüdürdü. Ətrafdan keçən cütlüklərə baxır, baxdıqca qəhərlənirdi. Bayaqdan bəri ancaq və ancaq Həsəni düşünürdü. Sevdiyi oğlanın aqibəti onu narahat edirdi. İkisi də bir-birinə çox düşkün idi. Vəhşi kapitalizm dövründə belə bir sevgi nadir tapıntı olsa da, reallıq idi.
Düşünmək dəhşətdir. Artıq ailəsi də ondan üz çevirirdi. Bəs Həsən? O da üz çevirərmi çox sevdiyi Züleyxadan? İndi Həsən üçün həyatının ən böyük sınağı gəlirdi, güclü olsa, sınmayacağı məlumdur.
Ayağa durub, üzdə xoşbəxt görünən insan kütləsinə qoşularaq addımlamağa başladı.
– Züleyxa!..
O, tanış səs eşidən kimi yerində dayandı və arxaya çevrildi:
– Elxan?! – Züleyxa təəccübləndi.
Elxan Həsənin yaxın dostu və şəriki idi. İkisi birlikdə idman klubu açmışdılar.
– Nə olub? Yaman fikirli görünürsən, – Elxan maraqlandı.
– Heç… – qız nə deyəcəyini bilmədi. Özünü birtəhər ələ alıb soruşdu: – Sən buralarda xeyir ola?
– Mehribanla görüşəcəm. Gəl qoşul bizə! – oğlan ona təklif etdi.
– Yox! Yaxşısı budur, sevgililərə mane olmayım…
– Mane olmarsan, gəl! – Elxan axır ki təkidləri ilə onu razı sala bildi.
Bir neçə dəqiqə sonra Mehriban da onlara qoşuldu. Üçlükdə kafeyə yollandılar.
Elxanla Mehriban şən söhbətlər edirdi. Züleyxa isə əzabını boğaraq, hərdən özünü gülümsəməyə məcbur edir, tez-tez də saatına baxırdı; Həsənin Bakıya gəlməyinə hələ bir saat vardı.
GƏNCƏ
Ümman evə gələndə artıq qardaşının öz maşını ilə Bakıya yola çıxdığını öyrəndi. Onun gözlərinin şiş və qızartısını görən anası nə baş verdiyi ilə maraqlandı. Çox təkid etsə də, qızından söz qopara bilmədi. Ümmansa elə hey susurdu. O bu əzablı xəbəri anasına necə deyəcəyi barədə götür-qoy edirdi. Onsuz da gec-tez hər kəsin xəbər tutacağı bir şeyi gizlətməyin mənası yox idi. Buna görə anasını məsələdən olduğu kimi hali elədi. Qadın qulaqlarına inana bilmədi. Əvvəlcə bir müddət qızına baxaraq heykəl kimi yerində donub-qaldı. Sonra qızından aralandı. Öz bacısı da cüzam xəstəsi idi və on il bundan əvvəl onu xəstəxanaya yerləşdirmişdilər. O gündən qohum-əqrəbadan, dost-tanışdan heç kim ona baş çəkməmişdi. Heç özü də doğma bacısının bircə dəfə də olsa ziyarətinə getmədi.
Artıq üç saatdan çox idi ki, evdə hökm sürən sükut, bir növ, gələcək faciədən xəbər verirdi. Ana sakit-sakit ağlasa da, Ümman stulda sakitcə oturmuşdu.
– Bunu heç kimə demə! Eşidirsən, heç kimə!.. – anası sükutu pozdu. – Yoxsa üzümüzə baxan olmaz. Qapımızı döyən, üzümüzə qapı açan olmaz. Salam belə verməzlər bizə.
Ümman dəhşətlə anasına baxdı: yəni anası həqiqətənmi qızının halına deyil, ictimai qınağa yanır, üzülür? Anası, əslində, acı həqiqəti deyirdi. Əgər hansısa ailədən kimsə cüzam xəstəliyinə tutulubsa, bunu bilən adam həmin ailəyə bir daha yaxın getməz. Ümumiyyətlə, həmin ailə ilə əlaqələr tamamilə kəsilir. Bu səbəbdən cüzam xəstəsini Umbakıya göndərirlər. Ailə məcburiyyətdən öz doğmasından imtina edir.
İndi Ümmanı da belə bir tale gözləyirdi. Onu da Umbakıya göndərəcəklər və bir daha ailəsindən heç kimi görməyəcək. Ümmanı da heç kim görməyəcək. O, Umbakıda öz ölümünü gözləməli olacaq.
Havanın qaralmağına hələ bir neçə saat vardı. Ümman artıq Umbakı kimi cəhənnəmi gözləri önündə canlandırmışdı. Özünü soyuq cəhənnəmin sakini kimi görə bilmirdi.
Ayağa durub öz otağına keçdi. Kompüterini işə salıb internetə qoşuldu və bu xəstəlik haqqında məlumatlar oxumağa başladı. Oxuduğu məqalələr ona gələcəyi haqqında daha aydın təsəvvürlər formalaşdırmağa kömək edirdi:
“Son dərəcə dəhşətli olan cüzam xəstəliyi hərəni bir yaşda yaxalayır; kimini uşaqlıqda, kimini yeniyetməlikdə.
İndi bir cüzamlı xəstənin adını dəyişərək kiçik tarixçəsini sizə təqdim edirəm:
Təhminə Əsədova (ad şərtidir)… Cüzamlı olmasından yalnız on doqquz yaşında xəbər tutdu. Bununla da o, ailəsindən, sevdiklərindən, ümumiyyətlə, cəmiyyətdən təcrid olunaraq Umbakıya yerləşir (özü kimilərinin yanına). İndi onun səksən yaşı var və altmış bir ildir ki, Umbakıdadır. Altmış bir ildir ki, cəmiyyətdən təcrid olunub. Həm ahıllıq, həm də xəstəlik səbəbindən gözləri görmür, ağır eşidir, ayaqlarında ağrılar var. Təhminə Əsədovanın indi heç kimi qalmayıb.
O deyir: “Hamı ölüb. Bacılarımın biri ölüb, qardaşlarımdan ikisi. Qardaşım arvadı ölüb. Gəlinimiz həmişə yanıma gəlirdi. Ta kim gəlsin? Məni oğluna tapşırıb. Oğlu tez-tez gəlir. Deyirəm gəlmə, xəbər edəndə gələrsən! Noyabrın on biri anadan olduğum gündür (gözləri dolur), deyib gələcəm yanına (özünü saxlaya bilməyib ağlayır)”.
Növbəti pasiyent İlqar Məmmədov (ad şərtidir) deyir: “Məni dezinfeksiya etmək üçün xüsusi maşın gətirdilər. Dedilər, bu, pis xəstəlikdir, bu cür xəstələri yandırırlar. Atasız-anasız böyümüşəm. Dayımgillə qalırdım. Onlar qabağıma qırıq boşqabda yemək qoyurdular ki, birdən xəstəlik kiməsə keçər. Mənim vəziyyətimə dayımın ürəyi ağrıyırdı. Deyirdi, bu, keçən şey deyil, gəl mənimlə birlikdə ye! Dayımla yeyir, onunla yatıb-dururdum. Dayım deyirdi ki, bunları “Ermənikənddə” müalicə edirlər. Niyə yandırırlar ki?”
Mən elə bu yerdə bu suala onun özündən cavab almağa çalışıram: “Kim sizə deyir ki, cüzamlıları yandırırlar?”
– Ziyad həkim demişdi ki, bunları yandırırlar, ya da adada saxlayırlar. Bunlara eşiyə çıxmağa icazə yoxdu.
İlqar Məmmədov elə cüzam xəstəxanasında ailə qurub…
Xəstəliyin gizli dövrü 4-6 ildir, lakin bu müddət 10-20 ilə qədər uzana bilər. Gizli dövrdən sonra xəstələrdə ümumi əzginlik, yorğunluq, iştahasızlıq, ətraflarda ağrılar baş verir. Sonralar hissetmə qabiliyyəti zəifləyir. Bundan sonra isə xəstəliyin əsas əlamətləri başlanır: ləkələr, düyüncüklər, düyünlər, sudurlar, üzdə, gövdədə, yuxarı və aşağı ətraflarda qırmızı ləkələr baş verir. Bu ləkələr bir-birilə birləşərək müxtəlif fiqurlar əmələ gətirirlər. Əvvəlcə açıq-qırmızı rəngdə, getdikcə tündləşərək sarımtıl-qonur rəngə çevrilirlər. Ləkələr solarkən bəzən kəpəklənir, bəzən isə piqmentləşir. Daha sonra piqment solub gedir, yerində ağ ləkələr qalır. Ləkələr nahiyəsində əvvəlcə hiperesteziya, sonra isə anesteziya, tüklərin əsasən infiltrat yuxarı və aşağı ətraflarda dərinin qızarması və qalınlaşması ilə baş verir. Düyüncüklər bir-birilə birləşərək infiltrat olan leproma əmələ gətirirlər. Darıdan noxud böyüklüyünə qədər olan lepromalar çəhrayımtıl-sarı olur, yağlı və parlaq olmaqla, bəzən teleangioektaziyalar və kəpəklənmə ilə müşahidə olunur. Lepromalar ya sorulub gedir, ya da xoraya keçir. Xoralar sağalarkən çapıq dəri altından başlanır. Fındıqdan qoz böyüklüyünə qədər olan bu düyünlər birləşərək düyünlü infiltrat əmələ gətirir. Bu düyünlər üzdə xəstənin sifətini eybəcərləşdirir, şir sifətinə (facies lionina) bənzədir. Bu düyünlər bir çox hallarda nekrozlaşaraq dərin xoralar və bəzən də nəticədə oynaq və sümükləri əhatə edərək eybəcərliklər və şikəstliklər (mutilatio) törədir. Lepramatoz cüzam zamanı ətrafların xarici səthlərində bəzən sudurlar da baş verir. Sudurlardakı serozlu və ya irinli maye çox keçmədən quruyub qartmaq əmələ gətirir, qartmaqlar düşəndən sonra onların yerində hissiyyatını itirmiş piqmentli ləkələr qalır…
Xəstəxana Umbakı qəsəbəsinin içində ayrıca qəsəbə kimi salınıb. Bura Bakının mərkəzindən gəlmək üçün bir neçə saat vaxt sərf etməlisən. Təpələrin, cadar-cadar olmuş düzənliklərin arxasında yerləşən Umbakı yolları sonuncu dəfə 2008-ci ildə təmir edilib. İndi elə vəziyyətdədir ki, hər gün bura işə gələn həkimlər üçün əzaba çevrilib.
Cüzam infeksion xəstəlikdir, qida azlığı, anti-sanitariya şəraiti buna gətirib çıxarır.
Bu xəstəliyin sağalması mümkün olmasa da, onun ətrafdakılara yoluxmasının qarşısını almaq mümkündür. Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi cüzamın əlamətləridir. Cüzama tutulan şəxslər öz görünüşünü də get-gedə itirir.
Xəstəliyi yüngül daşıyanlar burda deyil, dispanser nəzarətindədirlər.
Təmasda olduğunuz xəstələr müalicə olunmuş xəstələrdir. Necə ki vərəmli xəstələr müəyyən müddət müalicə kursu keçdikdən sonra onlarla təmasda olmaq, cəmiyyətdə olmaq, ailədə yaşamağa icazə verildiyi kimi, bunlara da ailəsi ilə, kənardakı şəxslərlə təmasa icazə verilir. Amma bir şərtlə ki, onlar iaşə müəssisələrində işləyə bilməzlər. Ümumiyyətlə isə, müalicəyə gecikəndə bir daha gün üzünə çıxmırsan”.
…Telefonu çıxarıb nömrələrə daxil oldu və lazım olan adamın adını tapmağa çalışdı.
ARXADA QALMIŞ GƏNCƏ
Gəncə. Hadisələrdən bir müddət əvvəl.
Onlar “Xan” bağında üzbəüz çay süfrəsi arxasında oturmuşdular, ancaq çaylara heç biri əl vurmamışdı.
Ümman danışır, Loğman isə maraqla qulaq asırdı…
Ümman öz otağına keçən kimi Loğmana zəng edib, onunla görüşmək istədiyini bildirdi. Loğman Həsənin cinayət işini araşdırarkən bir neçə dəfə zəng edib Ümmanı prokurorluğa çağırmışdı. Elə o vaxtdan Ümman onun nömrəsini telefona qeyd etmişdi.
– İndi nə etmək fikrindəsən? – Loğman soruşdu.
– Bilmirəm, anam məni cəmiyyətdən təcrid etmək istəyir. Umbakıya göndərəcək. Bir də yanıma gələn deyillər, – qız nisbətən özünə gəlmişdi. İndi sakit və qəmli səslə danışırdı. O, sözünün sonunda, az qala, yalvararaq dedi. – Mənə kömək elə, Loğman!
Loğmanın tükləri biz-biz olmuşdu. Bu vaxta qədər cüzam barədə bircə şey belə eşitməmişdi. Ümmana necə kömək edəcəyi barədə düşünə bilmirdi. Sanki beyni donmuşdu.
– Kömək eləməsən, evdən qaçacam, – Ümman dedi.
– Bu, yoluxucu xəstəlikdir?
– Həkimin dediyinə görə, yoluxma ehtimalı çox azdır, – bunu deyib qəhqəhə çəkərək güldü. Amma bu gülüş sevincin yox, kədərin, insan faciəsinin göstəricisi idi. – Qorxma, sənə keçməz!
– Heç də gülməli deyildi, – Loğman ciddi səslə dedi.
Ümman onun iradı qarşısında o dəqiqə özünü yığışdırdı.
– Ən yaxşısı, bu gecə evdə qal, ananın yanında. Çalış, onu dilə tutub fikrindən daşındır! Yoxsa Umbakıda çürüyəcəksən.
– Təsəlli üçün çox sağ ol!
– İroniyan yersizdir. Təsəllilər dərdə dözmək üçündür, həll etmək üçünsə reallığı düşünüb addım atmaq lazımdır.
Susdular.
Anasının onunla bu cür rəftarına baxmayaraq, hələ də ona ürəyi ağrıyırdı. Qadının halını başa düşməyə çalışırdı. Bircə qızını güclə böyüdüb, oxudub, indi də onu soyuq cəhənnəmə göndərəcəkdi. Hələ xəstəliyini bilən olsa, ailədən hər kəs üz çevirəcəkdi. Anasının buna məcbur olduğunu anlayırdı…
– Çayını soyutma! – Loğman məsləhət gördü.
– İstəmirəm… – deyib bir qədər susduqdan sonra əlavə etdi. – Mən Umbakıya getmək istəmirəm!
– Onda gücü dilinə ver! Şirin dil ilanı da yuvasından çıxarar. Çalış, ananı fikrindən daşındır! Hərçənd mənim başa düşdüyüm qədərilə bu, çətin məsələdir. Deyəsən, sənin anan əsl kommunistdir, – Əliyev gülümsədi.
– Hə, ən öndə gedənidir, – Ümman da güldü.
Qız güləndə daha da gözəl görünürdü. O, Ümmanı evinə qədər ötürdükdən sonra maşınında oturub bir qədər düşündü. Hava qaralana yaxın gəlib mənzilinə çıxdı. Yaxşı ki Mədinə vardı. Onunla başını qatır, bir qədər kefi açılırdı. Mədinənin dörd yaşı olsa da, çox ağıllı uşaqdır. Hərdən də çox qəribə suallar verir. Məsələn, bu yaxınlarda gəlib atasının yanında oturub soruşdu:
– Ata, “qoluboy” nədir?
– Rəngdir, – Loğman bir qədər tutulub cavab verdi. – Sən bu sözü hardan eşitmisən?
– O gün eyvandan baxanda aşağıdakı oğlanları gördüm, biri qışqırıb o birinə “qoluboy” dedi. Sonra da dalaşdılar.
Loğman Mədinəyə qulaq asandan sonra xeyli güldü. Nəzrin də bu gülüşə qoşuldu. Amma Mədinə heç cürə onların gülüşünün səbəbini başa düşmürdü. Lakin istənilən halda gənclərin yüksək səslə biədəb sözlər işlətməsi onların mədəniyyət, intellekt səviyyəsinin aşağı olmasını göstərir. Təəssüf, gənclər kitab, musiqi, rəsm və digər mədəniyyət sahələrindən uzaqdırlar. Təbii ki, istisnalar var. Bir xalqı məhv etmək üçün onun təhsilini, mədəniyyətini məhv etmək lazımdır. Yekunda dünyada bircə mədəniyyət qalmalıdır – əxlaqsızlıq. Çünki yeni dünya nizamı bunu tələb edir ki, cəmiyyəti rahat idarə edə bilsin.
Axşam yeməyindən sonra öz otağına keçib masa arxasında oturdu. Həyat yoldaşı Gülnarın sağlığında aldığı “LG” markalı notbukunu açıb internetə qoşuldu. Vikipediyaya və digər qaynaqlara girib cüzam xəstəliyi ilə maraqlanmağa başladı:
“Buranı “lənətlənmiş insanların məkanı” adlandırırdılar. Burada olanları hamıdan ayırıblar və biz orada, şəhərlərdə və kəndlərdə olan ailələrimizdən ayrı düşmüşdük. Deyirlər ki, Cəhənnəm adasında yaşayırıq. Ola bilər…
83 yaşlı Çxon Çjun gülümsəyərək danışır. O da yüzlərlə cüzamlı kimi bu adada yaşayır.
Cənubi Koreyada cüzam xəstələrinin cəmiyyətdən tam təcrid edilməsi praktikasına 1963-cü ildə son qoyulub. Lakin bu adada insanların haqlarının pozulması, onların kölə və qul kimi saxlanılması onillər sonra da davam edib.
74 yaşlı Kan Son Bonq da adaya qayıdıb. O yerə ki, bir zamanlar, həqiqətən də, “Cəhənnəm adası” sayılırdı. Lakin indi burada klinikadadır.
Əvvəllər cüzam xəstələrinin məşəqqətli həyat sürdükləri, zülm çəkdikləri məkan. Adada saxlanan cüzamlı qadınlar arasında hamilə qalanları olanda onlar zorla abort olunur, sonra sterilizasiya əməliyyatına məruz qalırdılar.