Читать книгу Romantizm və romantika - Vurğun Əyyub - Страница 1

Оглавление

Vurğun Əyyub

Azərbaycan romantizmini araşdırarkən…

Bakı

Təhsil nəşriyyatı

2017

Elmi redaktor:            Filologiya elmləri doktoru, professor

Bədirxan Əhmədov

Rəyçilər:                  Filologiya elmləri doktoru, professor

Qorxmaz Quliyev

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Dilbər Zeynalova

Vurğun Əyyub. Romantizm və romantika. – Bakı, Təhsil nəşriyyatı, 2017.

Kitaba müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, ədəbiyyatı-mızda romantizm və romantikanın problemlərinə işıq salan müx-təlif illərdə yazılmış məqalələri daxil edilmişdir. Burada toplanan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və ro-mantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gə-tirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəh-di baxımından bu günün ədəbiyyatşünasları, tələbə və doktorant-ları üçün maraqlı görünə bilər.

© Vurğun Əyyub

Kitabın içindəkilər

Müəllifdən..............................................................................................5

I BÖLÜM (Monoqrafiya)

Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)

Giriş....................................................................................................9

I fəsil (Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsi)........................................21

II fəsil (Azərbaycan romantik lirikasında vətəndaşlıq problemi)..........46

a) vətənpərvərlik və humanizm...................................................49

b) romantik xəyal və ictimai azadlıq...........................................79

c) romantik ideal və ictimai nicat...............................................109

III fəsil (Romantik lirikada müsbət qəhrəman və sənətkar şəxsiyyətinin ifadə xüsusiyyətləri)..................................................138

Nəticə...................................................................................................169

Biblioqrafiya.......................................................................................173

II BÖLÜM (Məqalələr)

Vurğunun romantikası.....................................................................184

Satirikin romantikası.........................................................................194

Hüseyin Cavid Dramaturjisinde Gürcistan ve Gürcüler.............203

Azerbaycan romantiklerinin yaradıcılığında I. Cahan savaşı....214

III BÖLÜM (Rəylər)

Romantik lirikanın tədqiqi...............................................................232

Azərbaycan romantizmi öyrənilir...................................................238

Romantik şairin tədqiqi....................................................................245

Abbas Səhhət......................................................................................253

Müəllifdən

Sayğıdəyər oxucu!

Bu mənim ilk kitabımdır. 40 ilə yaxındır elmi-ədəbi, siyasi-publisistik yaradıcılıqla məşğul olmağıma, onlarla elmi, yüzlərlə publisistik məqalə yazmağıma baxmayaraq indiyə qədər onları, hətta 30 il bundan öncə yazdığım və uğurla müdafiə etdiyim “Azərbaycan romantizmində vətəndaşlıq lirikası (1905-1920-ci il-lər)” adlı namizədlik dissertasiyamı belə bu günə qədər kitab şək-lində çap etdirməmişəm. Azərbaycan romantizminin müxtəlif problemləri ətrafında sonralar yazdığım məqalələr də diqqətdən kənarda qalmışdır. Öz zamanında müzakirə edildiyi elmi dairə-lərdə nəticələrinə görə yüksək qiymətləndirilən dissertasiya işi-min ayrı-ayrı tezisləri, ilk dəfə mənim tərəfimdən ortaya çıxarıl-mış faktlar istinad edilmədən başqa müəlliflər tərəfindən elmi dövriyyəyə çıxarılmış, ortada geniş yayılmış çap materialı olma-dığından, bir növ plagiatlıq baş alıb getmişdir. Bunu görən elm aləmdə olan dostlarım bir neçə dəfə dissertasiyamın kitab şəklin-də çapının vacib olduğunu təkidlə söyləsələr də, kitab nəşr etdir-məyə nə həvəsim, nə də vaxtım və marağım olmuşdur. Son za-manlar romantizm problemi ətrafında yazdığım tədqiqat işini və ayrı-ayrı məqalələri yenidən nəzərdən keçirərkən oradakı bir çox fikirlərin, çıxarılan elmi nəticələrin bu gün də aktuallığını saxla-dığının şahidi oldum. Ona görə də onları kitab şəklində diqqəti-nizə çatdırmağı özümə borc bildim.

Bu kitab üç bölmədən ibarətdir. Birinci bölməyə daxil etdi-yim “Azərbaycan romantizmində vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı namizədlik dissertasiyam sovet senzurasının və so-vet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə yazılmışdır. Buna baxmayaraq, hesab edirəm ki, o zamanın elmi mühitinə yad, qəlibləşmiş ideoloji-elmi qənaətlərinə zidd olan xeyli fərqli yanaşmalar, cəsarətli mövqelər nümayiş etdirmişəm. Kimlərlə, hansı elmi avtoritetlərlə, daşlaşmış hakim elmi şablonlarla müba-hisəyə girişmişəm… indi baxanda özümə də qəribə gəlir. O cür elmi avtoritetlərin bircə kəlmə mənfi rəyi bəs edərdi ki, disserta-siya işinin müdafiəsi baş tutmasın. (Amma uzun əziyyətdən son-ra uğurla müdafiə etdim. Necə, hansı şəraitdə? Bu maraqlı tarixçə ayrıca söhbətin mövzusudur.)

Sözsüz ki, bu tədqiqat işində o dövrün məlum şablonlarından, hakim və yayğın elmi qəliblərindən tam qaça bilməmişəm, bu heç mümkün də deyildi. Dissertasiya işimi çapa hazırlarkən o zaman yazdığım heç bir fikrə toxunmamaq qərarına gəldim: qoy oxucu yanlışımı da, doğrumu da özü oxuyub qiymətləndirsin, indi mət-nə nələrsə əlavə edib hələ o zamanlar özümün nə qədər ağıllı və cəsarətli olmağımı iddia etməyə nə gərək var… Ona görə də dis-sertasiya işində bəzi texniki məsələlər nəzərə alınmasa, heç nəyə əl vurmadım, heç bir fikrimə redaktə, düzəliş etmədən çap olun-masını istədim.

Kitabın ikinci bölümünə müxtəlif illərdə romantizm və romantika problemi ilə bağlı yazdığım məqalələri də daxil etdim. Hesab etdim ki, o məqalələrdə qaldırılan məsələlər, gəlinmiş elmi qənaətlər indi də aktuallığını itirməyib.

Üçüncü bölümdə isə Azərbaycan romantizminin problemləri və ədəbi şəxsiyyətləri ilə bağlı nəşr olunmuş kitablara yazdığım və çap olunmuş rəylər verilib. Bu məqalələr müdafiədən əvvəl – aspirant olduğum illərdə yazılmışdır.

Hesab edirəm ki, diqqətinizə təqdim olunan bu kitabdakı ma-teriallar ali məktəb tələbələri, magistr və doktorantlar, elmi tədqi-qat aparmaq istəyən insanlar üçün gərəkli ola bilər. Təqdim et-mək məndən, dəyərləndirmək sizdən.

I BÖLÜM

(MONOQRAFİYA)

Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)

GİRİŞ

Hər bir insanın cəmiyyətdə yeri və mövqeyi həm də onun və-təndaşlıq dəyərlərinə bağlılğı ilə ölçülür. Bir çoxları əsl vətənpər-vərliklə fəal vətəndaşdıq mövqeyini eyniləşdirmişdir. Bu tədqiqa-tın aparıldığı sovet dövründə kommunist partiyası rəsmi sənəd-lərində vətəndaşlarda fəal mövqe formalaşdırmağı (“fəal mövqe” anlayışı altında kommunistlərin nə nəzərdə tutduqları başqa söh-bətin mövzusudur) bir vəzifə olaraq qarşıya qoyur, fəal həyat mövqeyinin formalaşdırılmasında ictimai elmlərlə bərabər, ədə-biyyat və incəsənətin, estetik tərbiyənin də roluna böyük əhəmiy-yət verirdi. Təsadüfi deyil ki, hələ 1986-ci ilin dekabr ayında ali məktəblərin ictimai elmlər müəllimlərinin Bakı şəhərində təşkil edilmiş respublika müşavirəsi də "Fəal vətəndaşlıq mövqeyi for-malaşdırmalı" devizi altında keçirilmişdi. Azərbaycan insanında fəal vətəndaşlıq mövqeyinin tərbiyəsi bu gün də aktual bir məsə-lə olaraq qarşımızda dayanmaqdadır. Bunun üçün ədəbiyyat və incəsənətin əvəzedilməz təsiredici gücü öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Klassika xəzinəsinə daxil olmuş Azərbaycan romantik lirikası da Azərbaycan insanının fəal vətəndaş mövqeyinin formalaşdırıl-masında zəngin bir irs olaraq öz töhfəsini verə bilər. Çünki bu li-rikanın meydana gəldiyi dövr ədəbiyyatın vətəndaşlıq mövqeyi-ni şərtləndirən, ön plana çıxaran ictimai-siyasi hadisələrlə zəngin bir dövrdür. Bu dövrə qısaca bir nəzər salaq. O zamankı rus im-periyası daxilində baş verən birinci rus inqilabı (1905) bu imperi-yanın ən ucqar hüdudlarında belə cəmiyyəti aşaqıdan yuxarıya qədər hərəkətə gətirib müxtəlif təbəqələri fəal mübarizəyə qoşdu. Sosial-ictimai həyatın bütün istiqamətlərində qüvvətli intibah dalğası yaratdı. XX əsrin inqilablar dövrünün (1905-1920) “oyan-mış Asiyanın” ədəbiyyat tarixinə bəxş etdiyi ədəbi-bədii sərvətlər içərisində tənqidi realizmlə yanaşı Azərbaycan romantizminin də özünəməxsus çəkisi vardır. Bu sərvətin qiymətləndirilməsində Azərbaycan sovet ədəbiyyatşünaslığı ideloji diktələrdən irəli gə-lən sapmalara yol versə, estetik meyarlara ikinci dərəcəli məsələ kimi baxsa da, ümumən, romantik lirikanın vətəndaşlıq mövqeyi-ni düzgün müəyyənləşdirə bilmişdir.

Axtarışlar göstərir ki, dünya və milli romantizm haqqında Azərbaycan sovet dövrü ədəbiyyatşünaslığında ilk tədqiqat mər-hum Mir Cəlalın adı ilə bağlıdır. O, “Ədəbiyyatda romantizm” adlı məqaləsində Azərbayçan romantizmi ilə bərabər alman, fransız, türk romantizmlərinin də spesifik xüsusiyyətlərindən söz açmışdır. Proletkultçuluqun, realizmi yeganə yaradıcılıq metodu kimi qəbul və təsdiq edən zərərli bir nəzəriyyələrin hökm sürdü-yü dövrdə yazılmış həmin məqalə müəllifin elmi cəsarətini, mə-dəni irsə obyektiv münasibətini əyani şəkildə göstərirdi. Mir Cə-lalın sonrakı dövrlərdə romantik sənətkarlar haqqında yazılmış bir neçə məqaləsi də onun “XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər” (1945) adlı doktorluq dissertasiyyasının roman-tizm bölməsi üçün bünövrə rolunu oynamışdır. Bu dissertasiyada Azərbaycan romantizmi ədəbi məktəb səviyyəsində araşdırılmış-dır.

Azərbaycan romantizminin öyrənilməsi 50-ci illərin ortaların-dan başlayaraq ayrı-ayrı romantik şairlər haqqında yazılan mo-noqrafik tədqiqatlar istiqamətində davam etmişdir. Eyni dövrdə bir-birinin ardınca K.Talıbzadənin “Abbas Səhhət” (1955), A.Za-manovun “Abdulla Şaiq” (1956), Ə.Mirəhmədovun “Abdulla Şa-iq” (1956) və “Məhəmməd Hadi” (1962), M.Cəfərin “Hüseyn Cavid” (1960), Y.İsmayılovun “Abdulla Şaiqin həyatı və yaradı-cılığı” (1962) kitabları çap olunur. Bu kitablarda Azərbaycan ro-mantizmi XX əsr ədəbiyyatımızın tərkib hissəsi olaraq, milli ədəbi-bədii irs baxımından araşdırılmışdır. Müəlliflər Azərbay-can romantizminin və eləcə də romantik lirikanın, onun ayrı-ayrı nümayəndələrinin ədəbiyyatımızda tutduqları mövqeyi, bədii ideyaların inkişafında rollarını aydınlaşdırmağa çalışmışlar. On-lar belə bir qənaətə gəlmişlər ki, A.Səhhətin, M.Hadinin, H.Cavi-din, A.Şaiqin lirikası ziddiyyətli, nahamar inkişafına baxmaya-raq, əsasən, xalq həyatı ilə nəfəs almış, zamanın irəli sürdüyü problemlərin bədii əksinə çevrilə bilmişdir. Muəlliflər romantik-lərimizin lirikasında geniş əksini tapan “vətəndaşlıq kədəri”nin, nikbinliklə bədbinliyin əvəzlənməsini gələcəyə münasibətlərinin mahiyyəti, meydana çıxma səbəbləri ətrafında maraqlı fikirlər söyləmişlər. Ədəbiyyatşünaslar romantik sənətkarlarımızın (A. Səhhət, M.Hadi, A.Şaiq, H.Cavid) metod və üslubunu “fəal”, “mütərəqqi”, “mücadiləçi”, “aktiv” romantizm kimi səciyyələn-dirmişlər. Məhz bu əsərlər Azərbaycan romantizmi haqqında sonrakı tədqiqat əsərlərinin meydana çıxması üçün möhkəm zə-min rolunu oynamışdır. Bütün müsbət cəhətlərilə yanaşı həmin əsərlərdə ciddi bir nöqsan da nəzərə çarpır. Tədqiqatçılar roman-tik şairlərin bədii yaradıcılıqlarının təhlilində daha çox çılpaq dünyagörüşündən çıxış edərək sosioloji təhlilə üstünlük vermiş-lər. Bu da onunla nəticələnmişdir ki, romantik bədii irsdə tez-tez ziddiyyət və məhdudluq axtarılmışdır. Romantizmi büllur bir dünyagörüşü mövqeyindən, tənqidi realizmin ölçüləri ilə qiymət-ləndirmək olmaz. Romantik əsərlərin bədii spesifikasına, estetik struktur və sisteminə əsaslanmayan hər cür təhlil subyektiv və birtərəfli görünür. Azərbaycan romantizminin estetikasınnın, fəl-səfi-nəzəri əsaslarının, ideya-məzmun qaynaqlarının işlənib ha-zırlanmaması yuxarıdakı tədqiqat əsərlərində bəzi yanlış nəticə-lərin ortaya çıxmasına səbəb olmuşdur.1

Həmin nəzəri vəzifəni M.Cəfərin 1963-cü ildə çap olunmuş “Azərbaycan ədəbiyyatında romantizm” adlı monoqrafiyası yeri-nə yetirir. Əsər romantizmin tədqiqi sahəsində o zamankı ədəbiy-yatşünaslığımızın nailiyyəti idi. Monoqrafiyada Azərbaycan ro-mantizmi xüsusi ideya məzmununa malik yaradıcılıq metodu, özünəməxsus mövzu aləmi, problemləri, bədii ifadə vasitələri olan bir ədəbi cərəyan kimi alınır, əsaslandırılır və xarakterizə edilir. Tədqiqatçı qarşısına qoyduğu problemlərin elmi şərhində romantiklərimizin lirikasına da sıx-sıx müraciət etmiş, vətən mə-həbbəti, humanizm, gələcəkçilik, inqilablara münasibət məsələlə-rinin romantizmdə bədii əksinə xüsusi diqqət vermiş, həmin mövzu və ideyaların qabarıq olmasına təkan verən ictimai-siyasi amillərin izahına çalışmışdır. Müəllif Azərbaycan romantizminin nəzəri-estetik prinsiplərini də xüsusi bölmədə araşdırmış, roman-tiklərimizin epiqonçuluğa qarşı mübarizəsini, onların ictimai hə-yatda və tərbiyədə ədəbiyyatın roluna verdikləri əhəmiyyəti diq-qət mərkəzində saxlamışdır.

Növbəti onillikdə, yəni 70-ci illərdə Azərbaycan romantizmi-nin tədqiqi vulqar-sosioloji tənqidin qalıqlarından xilas olmaq cəhdləri baxımından maraqlıdır. 1974-cü ildə Zaqafqaziya alimlə-rinin romantizm problemlərinə həsr olunmuş Tbilisi müavirəsin-dən sonra ədəbiyyatşünas Y.Qarayevin “Romantizmin hüdud-ları” məqaləsi çap olunur. Ədəbiyyatşünas Azərbaycan romantiz-minin mürtəce və mütərəqqi qollara ayrılmaması fikrini irəli sü-rür. Elə həmin ildə Ə.Mirəhmədovun polemik ruhlu “Romantiz-min hüdudlarını realistcəsinə müəyyənləşdirməli” və Y.Qaraye-vin öz opponentinin iradlarına cavab olaraq yazdığı “Mübahisə-nin davamı” məqalələrindən sonra Azərbaycan romantizminin tədqiqində yeni bir canlanma əmələ gəlir. Y.Qarayevin roman-tizmə qiymət verərkən onun öz poetika sistemindən, daxili qanu-nauyğunluqlarından çıxış etmək haqqında çağırışları, “Hadidə irtica əleyhinə yox”, “Hadi uğrunda və Hadi ilə birlikdə irticaya qarşı!” devizi romantik sənətkarlar haqqında yazılmış sonrakı əsərlərdə öz əks-sədasını tapır. M.Əlioğlunun “Hüseyn Cavidin romantizmi” (1975), M.Məmmədovun “Acı fəryadlar, şirin arzu-lar” (1983), Ə.İsmayılovun “Dünya romantizm ənənələri və Hü-seyn Cavid” (1983) kitablarında, M.Cəfərin, Y.Qarayevin, R.Zəka-nın, Ə.İbadoğlunun və başqalarının məqalələrində şairin roman-tizminin bədii xüsusiyyətləri, romantik qəhrəman axtarışları, ro-mantik sənətin təbiətindən doğan ideya və mövzular aləmi mü-asir elmi-metodoloji səviyyədə öyrənilməyə təşəbbüs göstəril-mişdir.

M.Əlioğlu H.Cavidin lirikasına ayrıca bölmə həsr etmiş, təh-lillərini “xəyal və həqiqət”, “lirik qəhrəman və həyat”, “ideal və varlıq” problemləri ətrafında cəmləmişdir. Tədqiqatçı Cavidin li-rikasını ideya-bədii xüsusiyyətlərinə görə qruplaşdırmağa təşəb-büs göstərmiş, lakin elmi cəhətdən tam formula etməmişdir. Belə ki, birinci qismi fəlsəfi, ikinci qismi məhəbbət lirikası adlandır-mış, üçüncü qismi isə qeyri-müəyyən ad altında birləşdirmişdir. O, şairin lirikasını daha çox fəlsəfi istiqamətdə təhlil etmiş, kon-kret nümunələrə bəzən sxemlərlə yanaşmışdır. Ədəbiyyatşünasın “Öksüz Ənvər”, “Qız məktəbində”, “Vərəmli qız” şeirlərindən məhəbbət lirikasının nümunələri kimi danışması özünü doğrulda bilmir. Çünki həmin şeirlərində də H.Cavid poeziyasının vətən-daşlıq səciyyəsinə sadiq qalaraq özünün humanizm, mənəvi-əx-laqi gözəlliyə çağırış ideyalarını təbliğ etmişdir.

Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərinin tədqiqi də romantizmin öyrənilməsi miqyasını genişləndirmişdir. K.Ta-lıbzadənin “XX əsr Azərbaycan ədəbn tənqidi (1905-1917-ci illər)” (1966) tədqiqatının müəyyən hissəsi, K.Əliyevin “XX əsr Azər-baycan romantiklərinin ədəbi-nəzəri görüşləri” (1985) monoqrafi-yası romantik şairlərimiznn estetik-ədəbi prinsiplərinin öyrənil-məsi cəhətdən diqqətə layiqdir.

K.Talıbzadə göstərdiyimiz tədqaqatının “Demokratik tənqid” bölməsində romantiklərimizin də ədəbi mülahizələrindən danış-mışdır. O, ədəbiyyatın həyatla əlaqəsi, ictimai vəzifəsi, “köhnə” və “təzə” şeir problemi ilə bağlı məsələlərin izahında romantik tənqidin realist tənqidlə oxşar və fərqli cəhətləri üzərində da-yanmış, bəzi istisnalar nəzərə alınmazsa, hər ikisinin eyni ədəbi mövqedən çıxış etdiklərini söyləmişdir. Lakin tədqiqatçı nə ro-mantiklərin ədəbi-nəzəri görüşlərini xüsusi fəsildə tədqiq etmiş, nə də onların yazıçının vətəndaşlıq mövqeyi barədə fikirlərini ay-rıca problem kimi öyrənmişdir.

K.Əliyev ilk dəfə olaraq romantiklərimizin ədəbi-nəzəri gö-rüşlərinə tədqiqat həsr etmişdir. Romantik şairlərin ədəbi-estetik görüşlərinin formalaşmasında rol oynayan amilləri, gerçəkliyin bədii ədəbiyyatda inikası probleminə münasibətlərini, sənətkar taleyi və yaradıcılıq azadlığı barədə düşüncələrini zəngin faktik material əsasında izah edən müəllif sələflərinin ayrı-ayrı roman-tik sənətkarların nəzəri görüşləri barədə söylədikləri fikirləri elmi şəkildə ümumiləşdirmişdir. Ancaq müəllif “sənətkarın vətəndaş-lıq borcu” məsələsini “ilk dəfə olaraq problem səviyyəsində həll etməyə çalışdığını” (43,8) iddia etsə də, müəyyən fikir və abzas-lardan başqa, məsələnin problem səviyyəsində öyrənilməsi ilə rastlaşmadıq.

Ə.İbadoğlunun romantik şairlərin ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsi ilə səsləşən “A.Səhhət vətəndaş şair haqqında” məqaləsi də məlumdur. Lakin müəllif qarşısına qoyduğu vəzifənin öhdəsindən tam gələ bilməmiş, de-yilmişlərə yeni bir fikir əlavə etməmişdir.

Yuxarıda adını çəkdiyimiz tədqiqatlarda Azərbaycan roman-tizmi əsasən iki istiqamətdə – ədəbi-tarixi və nəzəri planda öyrə-nilmişdir. Həmin sahələrdə qazanılan uğurlar Azərbaycan ro-mantizminin poetikasının işlənməsi zəruriyyətini yaratmışdır. V.Osmanlının “Azərbaycan romantikləri” (1985) kitabında və K.Əliyevin bəzi məqalələrində romantizm ədəbi təcrübədə, bədii duyğu və düşüncələrdə, ifadə vasitələrində araşdırılmışdır.

Ədəbiyyatşünaslığımızda İsa Həbibov ilk dəfə olaraq “Ro-mantik lirikanın imkanları” (1984) monoqrafiyasında romantiz-min estetik prinsipləri mövqeyindən romantik lirikanın mövzu əlvanlığını və ideya istiqamətini, sənətkarlıq xüsusiyyətlərini, ro-mantik şairlərin fərdi poetik üslublarını bütöv şəkildə tədqiqat obyekti kimi seçmişdir. O, romantik lirikanın mövzu və ideya zənginliyini ayrıca fəsildə aşkara çıxarmış, bir sıra maraqlı müla-hizələr söyləmişdir. Sözsüz ki, fəslin verdiyi imkanları nəzərə alan tədqiqatçı romantik lirikada ən qabarıq işlənən mövzu və ideya motivlərini nəzərə çarpdırmaqla kifayətlənmiş, onların ge-niş elmi təhlilinə nail ola bilməsə də, gələcəkdə tədqiqi üçün bü-növrə yaratmışdır. Müəllif romantik lirikanı mövzu dairəsinə və ideyalar aləminə görə üç qismə (sosial-fəlsəfi; əxlaqi-tərbiyəvi, yaxud maarifçi; aşiqanə-məhəbbət lirikası) bölərək təhlil etmşdir. Müəllifin təqdim etdiyi bölgü tamamilə şərti xarakter daşıyır. Çünki romantik lirikanın bəlli mövzuları arasında qəti sərhəd qoymaq mümkün deyildir. Məsələn, tədqiqatçının sosial-fəlsəfi lirika bölməsinə daxil etdiyi şeirlərin bir çoxunda əxlaqi-tərbiyəvi məqsədlər izlənilmiş, maarifçi ideyalar bədii əksini tapmışdır. La-kin aydın şəkildə görünür ki, tədqiqatçının istər sosial-fəlsəfi, is-tərsə də əxlaqi-tərbiyəvi, yaxud maarifçi lirika adı altında qrup-laşdırdığı nümunələrdə vətəndaşlıq idealları qabarıq surətdə əks olunmuşdur. Ona görə də, Azərbaycan romantik lirikasını möv-zu və ideyalar aləminə, poetika xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif etməyi məqsədəuyğun hesab edirik:

a) vətəndaşlıq lirikası;

b) fəlsəfi lirika;

c) məhəbbət lirikası.

Romantik lirikanın görkəmli nümayəndələri A.Səhhətin (1974), M.Hadinin (1979), A.Şaiqin (1981), H.Cavidin (1982) ana-dan olmalarının 100 illiyi münasibətilə M.İbrahimovun, M.Cəfə-rin, M.Məmmədovun, A.Zamanovun, İ.Bəktaşinin, Z.Əkbərovun, R.Zəkanın, Ə.İbadoğlunun və başqalarının çap etdirdikləri məqa-lələrdə romantik şairlərimizin vətəndaşlığı ön plana çəkilmiş, on-ların ictimai həyatdakı vətəndaşlıq fəaliyyətləri bədii yaradıcılıq-larındakı vətəndaşlıq idealları ilə üzvi surətdə əlaqələndirilmiş-dir.

Azərbaycan romantizmini vətəndaşlıq xarakterinə və miqya-sına görə rus ədəbiyyatının dekabrist romantizmi ilə müqayisə etmək olar. Maraqlıdır ki, rus ədəbiyyatında da “vətəndaşlıq”, “vətəndaş” sözləri ilk dekabrist sayılan romantik şair V.F.Rayev-skinin leksikonunda işlənmişdir. Rus sovet ədəbiyyatşünaslığın-da dekabrist poeziyası Q.A.Qukovski tərəfindən “vətəndaşlıq ro-mantizmi” (95,176) kimi səciyyələndirilmişdir. Bizim milli ədə-biyyatşünaslıqda isə professor Y.Qarayev həmin termini Azər-baycan romantizminə aid etmişdir. (55) Azərbaycan romantik li-rikasının tədqiq tarixinə etdiyimiz müxtəsər ekskursdan aydın olur ki, müxtəlif münasibətlərlə təhlil olunsa da, müəyyən fikir və mülahizələr söylənsə də, indiyə qədər heç bir tədqiqatçı ro-mantiklərimizin vətəndaşlıq lirikasının xüsusiyyətlərini ayrıca el-mi problem kimi öyrənməyi qarşısına məqsəd olaraq qoymamış-dır. İndi vəzifə bu vətəndaşlığın hansı konkret mövzu və prob-lemlərdə, üslub xüsusiyyətlərində, bədii ifadə vasitələrində, qəh-rəmanlar qalereyasında, qoyulmuş problemin bədii-estetik həlli-nə yanaşmada və sairədə necə əksini tapmasını meydana çıxar-maqdır.

Bu tədqiqatın aktuallığını şərtləndirən aşağıdakılar olmuşdur. Azərbaycan romaltiklərinin lirikasında geniş əksini tapan vətən-pərvərlik və humanizm, azadlıq, bərabərlik və qardaşlıq ideyala-rı, mövcud quruluşa amansız nifrət, utopik gələcəyin qızğın tə-rənnümü, qadın azadlığı, maariflənmək çağırışları bu lirikanı və-təndaşlıq lirikası kimi səciyyələndirməyə əsas verir. Biz tədqiqata cəlb etdiyimiz elimi əsərlərdən gördük ki, ədəbiyyatşünaslığımız-da Azərbaycan romantizmi və onun tərkib hissəsi olan romantik lirikanın tədqiqinin müəyyən tarixi vardır. Onilliklər ərzində müxtəlif fikir mübadilələrinin yekunlarından biri kimi ədəbiyyat-şünaslarımız belə bir yekdil qənaətə gəlmişlər ki, Azərbaycan ro-mantik lirikasını xarakterizə edən ən əsas cəhət onda vətəndaşlıq ideallarının güclü olmasıdır. Məhz həmin cəhət ədəbiyyatımızın klassika xəzinəsinə daxil olmuş romantik lirikanın müasirliyə xidmətini şərtləndirir. Azərbaycan gəncliyinin fəal vətəndaş ola-raq tərbiyə edilməsində Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının bədii-estetik gücü, bağlı olduğu ideallar, əsaslandığı dəyərlər vətəndaşlıq mövqeyinin fomalaşdırılmasına səfərbər olunmalıdır.

Tədqiqatımızın əsas məqsədi, 20-ci əsr Azərbaycan romantik lirikasının vətəndaşlıq məzmununu konkret problemlərdə, qəh-rəman axtarışlarında bədii inikas xüsusiyyətlərini elmi təhlilə cəlb etməkdir.

Tədqiqat ədəbiyyatşünaslığımıza aşağıdakı elmi yenilikləri təqdim etməkdədir. Tədqiqat işi bütövlükdə elmi-nəzəri xarakter daşıyır. İndiyə qədər Azərbaycan romantiklərinin lirikası haqqın-da söylənilmiş ayrı-ayrı fikir və mülahizələr, yazılmış tədqiqatlar bu araşdırma üçün zəmin rolunu oynamışdır. Lakin indiyə qədər Azərbaycan romantizmində vətəndaşlıq lirikası ayrıca problem kimi işlənilməmişdir. Problemin qoyuluşu və işlənmə tərzi bu araşdırmanın yenilikləri sırasındadır. Biz burada romantik liraka-nın vətəndaşlıq xarakterini təyin edən ən əsas motivləri və on-ların ətrafında deyilmiş fikirləri elmi-nəzəri səviyyədə ümumiləş-dirməyə təşəbbüs göstərmişik. 20-ci əsrin əvvəllərinin mətbuatın-dan toplanmış bəzi faktlar müxtəlif problemlərin elmi şərhində köməkçi vasitə rolunu oynamışdır. Bu tədqiqat əsəri yazılarkən M.Hadinin elmi-publisistik məqalələri toplu şəkildə əlimizdə yox idi. Ayrı-ayrı məsələlərin izahı ilə əlaqədar həmin məqalələr üçün 20-ci əsrin ilk iki onilliyinə məxsus mətbuata müraciət edi-lərək, yeni faktlar üzə çıxarılmışdır.

Romantiklərimizin təsiri ilə yazıb-yaradan Ə.Q.Bakuyi, A.Qa-ibzadə, Ə.Səbur, A.Mərəndi, Ə.M.Sərabi kimi şairlərin əsərləri həmin dövrə məxsus mətbuat orqanları və kitablardan üzə çıxa-rılaraq tədqiqata cəlb edilmişdir. İndiyədək məlum olmayıb ilk dəfə bizim tərəfimizdən haqqında danışılan faktlar sırasında M. Cəlalın “Ədəbiyyatda romantizm” adlı məqaləsini də qeyd etmək istərdik.

Tədqiqat işinin üçüncü fəslində problemin qoyuluşu bizim ədəbiyyatşünaslıq üçün yeni hesab olunmalıdır. Ədəbiyyat-şünaslığımızda, ümumiyyətlə, romantik qəhrəman haqqında söh-bət getsə də, romantik lirikada müsbət qəhrəman axtarışlarından danışılmamış və ya çox az bəhs edilmişdir. Azərbaycan roman-tizminin müxtəlif məsələləri, bəzi şeirlərin janrı və metodu və s. ilə bağlı aparılan elmi mübahisələr, ədəbiyyatşünaslığımızın uğurları əsasında çıxarılan nəticələr də tədqiqatımızın elmi yenilikləri sırasına daxil edilməlidir.

Azərbaycan romantiklərinin vətəndaşlıq lirikası haqqında el-mi təsəvvürləri genişləndirən bu əsər ayrılıqda götürülmüş bir romantikin vətəndaşlıq lirikası haqqında tədqiqat işi yazılmasına imkan açır, fakt, problem zənginliyinin mövcudluğunu sübut edir. Bundan başqa tədqiqatımızın nəticələrindən orta məktəblər-də, texnikum və universitetlərdə romantik şairlərin yaradıcılığı-nın öyrənilməsinə xidmət edib, şagird və tələbələrin vətəndaşlıq tərbiyəsində müəyyən rol oynaya bilər.

I FƏSİL

AZƏRBAYCAN ROMANTİKLƏRİNİN ƏDƏBİ-ESTETİK GÖRÜŞLƏRİNDƏ YAZIÇININ VƏTƏNDAŞLIQ MÖVQEYİ MƏSƏLƏSİ

Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının elmi təd-qiqinə onların ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsinin hansı şəkildə qoyulduğunu öyrənilməsin-dən başlamaq vacib və zəruridir. Çünki romantik lirikanın vətən-daşlıq məzmunu və keyfiyyətini meydana çıxarmaq üçün yazıçı-nın vətəndaşlıq mövqeyi və bu barədə nəzəri mülahizələri bir fon təşkil edir. 20-ci əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri gö-rüşlərinə həsr olunmuş tədqiqlərin (75,127-261; 43) elmi dəyərini azaltmadan, deməliyik ki, həmin araşdırmalarda romantiklərimi-zin yazıçının vətəndaşlıq mövqeyi barədə fikirləri xüsusi prob-lem kimi öyrənilməmişdir. Əslində bu bəzi çətinliklərlə də bağlı olmuşdur. Azərbaycan romantikləri Avropa və rus romantikləri kimi bədii yaradıcılıq aləminə mükəmməl, ardıcıl ədəbi manifest-lə gəlməmişdilər. Onların ədəbi-nəzəri görüşləri bədii yaradıcılıq prosesində, ədəbi mübarizələrdə yaranır, formalaşır, elan olunur-du. Onların bədii yaradıcılıqları bu ədəbi döyüşlərdə möhkəm-lənir, yeni keyfiyyətlər qazanırdı. Elə buradan irəli gələrək ro-mantiklərimizin ədəbi-nəzəri görüşləri onların bədii əsərlərində, yoldaşlıq məktublarında, xüsusi ədəbi gecələrdə, müsamirələrdə, müxtəlif mövzulara həsr edilmiş məqalələrində, kitablarına yaz-dıqları müqəddimələrdə şərh edilmişdir. Göründüyü kimi ro-mantiklərimizin nəzəri görüşlərinin təbliği yolları və vasitələri məhdud və azdır. Lakin bunların da hamısı bizə gəlib çatmamış-dır. Təkcə bunu demək kifayətdir ki, K.Talıbzadənin göstərdiyinə görə, XX əsrin əvvəllərində ədəbiyyatşünas F. Köçərli A. Səh-hətdən 27, A.Şaiqdən 24, H.Caviddən 4 məktub almışdır. (75,142) Hal-hazırda bu məktubların müəyyən qisminin əldə olmaması onların haqqında ətrafli və dəqiq fikir söyləməyə imkan vermir. Lakin aydın həqiqətdir ki, adlarını qeyd etdiyimiz romantikləri-miz F.Köçərli ilə yazışmalarında daha çox ədəbi məsələlərdən da-nışmış, fikir mübadiləsi etmişlər. Həmin məktublar bu gün əldə olsa idi, şübhəsiz, romantiklərimizin ədəbi görüşlərinin bir sıra prinsipləri haqqında daha inamla danışmaq olardı. Buna baxma-yaraq əldə olan materiallar əsasında romantik şairlərimizin ədə-bi-nəzəri görüşləri haqqında qənaət yaratmaq olur. Fəal həyat mövqeyi, sosial məsələlərə müdaxilə meyli, ümumiyyətlə, dərin vətəndaşlıq duyğusu romantik sənətkarlarda qabarıq surətdə nə-zərə çarpır. Bu onların dünyagörüşündən, sənətkar idealından doğan bir keyfiyyət idi.

20-ci əsr Azərbaycan romantiklərinin istər bədii yaradıcılığın-da, istərsə də ədəbi-nəzəri görüşlərində vətəndaşlıq vəzifəsi ən mühüm keyfiyyət kimi fəaliyyətlərində təzahür edirdi. K.Əliyev çox doğru olaraq yazır ki: “…XX əsr Azərbaycan romantik tənqi-dinin vətəndaşlıq xarakteri güclü idi. Romantiklərin əksər müla-hizələrinin bir tərəfi məhz vətəndaşlığa gəlib çıxır və milli özünə-məxsusluqla tamamlanırdı. Onlar ədəbi hərəkatın inkişafına da bu meyarla yanaşır, sənətkar qayğılarını da eyni tələblə şərh edir-dilər.” (43,10)

Romantik şairlərin ədəbi-nəzəri görüşlərində vətəndaşlıq key-fiyyətinin formalaşması və inkişafına 20-ci əsr Azərbaycan ədəbi-elmi fikrinin görkəmli simaları F.Köçərli, N.Nərimanov, S.Hü-seyn, M.Ə.Sabir və başqaları ilə onların yaxın dostluq və yara-dıcılıq əlaqələri, rus və Avropa ədəbi fikri, türk ədəbiyyatı tarixi ilə tanışlıqları böyük rol oynasa da, onun əsl mənbəyi birinci xalq inqilabından (1905) sonra yeni inkişaf mərhələsinə qədəm qoyan real Azərbaycan varlığı olmuşdur. Bu vətəndaşlıq keyfiyyətləri özünü birinci növbədə epiqon poeziyaya qarşı mübarizədə göstə-rirdi. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində poeziyamızın vəziyyətini göz önünə gətirək. Azərbaycan poeziyası, o cümlədən romantik lirika yeni əsrin ərəfəsində gərgin və təzadlı bir axtarış dövrü keçirirdi. O, artıq ictimai və bədii funksiyasını itirib texniki bir vəzifəni yerinə yetirirdi. Epiqon poeziya məzmun və forması-na görə xalqın vəziyyətindən doqan ürək ağrılarını şeirin atəşin və həyəcanlı dili ilə deyə bilmədiyinə görə, yeni dövrün qabaqcıl sənətkarlarını, eyni zamanda romantik şairləri təmin etmirdi. On-lar birinci rus inqilabının əmələ gətirdiyi “nəfəs genliyindən” (C.Məmmədquluzadə) vətənin dərdlərini müzakirəyə qoymaq, “biçarə vətəndaşlarına” tərəqqi və həqiqi yaşayış yollarını nişan vermək üçün əlverişli fürsət kimi istifadə etmək istəyirdilər. Ro-mantiklər epiqon şeirdəki kif basmış fikirlərə, mədhiyyəçiliyə, qəzəlxanlığa, millətin taleyi əvəzinə nimdaş bir eşqin uğursuzlu-ğu üçün tökülən göz yaşlarına qarşı vətəndaşlıq ehtirasları ilə zəngin ədəbi-nəzəri ideyalarla çıxış edirdilər. Buna görə də epi-qonçuluğa qarşı aparılan ədəbi mübarizə böyük ədəbi və məfku-rəvi əhəmiyyət kəsb edirdi. M.F.Axundov və “Əkinçi”nin zərbə-sindən sonra epiqon poeziya nüfuzunu müəyyən qədər itirsə də, hələ 20-ci əsrin əvvəlində kif iyi verərək yaşayırdı. Əsrimizin baş-lanğıcında H.Zərdabi “Bizim nəğmələrimiz” adlı məqaləsində “Əkinçi” müəlliflərinin epiqon şeirə qarşı mübarizələrinin etina-sızlıqla qarşılanmasından bəhs edərək yazırdı: “Keçmişdə “Əkin-çi” qəzeti çıxanda, o vaxtın şairlərindən yazıb təvəqqe etmişdim ki, bülbülü və gülü tərif və bir-birilərini həcv etməkdən əl çəkib, elm, təhsil etməyin nəflərindən (faydalarından-V.Ə) və biz mü-səlmanlara olan zülmlərin barəsində şeirlər yazıb, onları bizim aşıqlara sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdı ki, “Əkinçi”də çap olunmuşdur.” (80) “Əkinçi”nin çapa başlama-sından otuz illik bir müddətin ötüb keçməsinə baxmayaraq və-ziyyət əsaslı surətdə dəyişilməmişdi. Yeni əsrdə də epiqonçuluğa qarşı mübarizə zəruri bir ehtiyac olaraq qalmışdı. Artıq bu vətən-daşlıq vəzifəsinin komponentlərindən birinə çevrilmişdi. Çünki epiqonçuluq ədəbiyyatımıza yeni ideyaların, formaların və bədii obrazların gəlməsi yolunda bir səddə çevrilmişdi. Ədəbiyyatşü-naslığımızda bu mübarizə mütərəqqi və mürtəce romantizm ara-sında gedən mübarizə kimi qiymətləndirilsə də, əslində yenilik və köhnəliklə, fəal mövqe və passivlik arasında gedən mübarizə idi. Epiqonçuluqla mürtəce romantizm arasında ideya baqlılığı müşahidə edən ədəbiyyatşünas K.Talıbzadə yazırdı: “Epiqonçu-lar mürtəce romantiklərin sələfləri idi. Epiqonçulara məxsus fər-diyyətçilik, həyatdan, siyasətdən uzaqlıq, sənətin formal cəhətlə-rinə uymaq və s. mürtəce romantiklərə qida verən amillər idi. Odur ki, 1905-ci ildən sonra ayrı-ayrı məqamlarda mürtəce ro-mantizm ilə epiqonçuluğu birləşmiş şəkildə görürük.” (76,95) Ədəbiyyatşünasın epiqonçuluğun mahiyyəti barədə dedikləri ilə qismən razılaşmaq mümkün olsa da, onun mürtəce romantiklər barədə söylədikləri ədəbi faktlarla özünün təsdiqini tapmır. Azərbaycan romantizminin mürtəce qolu haqqında söhbət açmaq üçün əlimizdə yetərli bədii material, ədəbi mülahizələr yoxdur.

Azərbaycan romantizmi və onun nümayəndələri haqqında ilk fikir söyləyən S.Hüseyn, A.Şaiq, C.Cabbarlıdan başlamış müasir tədqiqatçılara qədər hamının şərik olduğu bir fikir var: əski ədə-biyyatla yeni ədəbiyyat arasında uçurum yaradan, epiqon poezi-yanı kökündən yıxan, şeiri “Füzuli tilsimi”ndən ilk silkinib çıxa-ran Sabirlə birlikdə Hadi və Səhhət oldu. Bu o deməkdir ki, epi-qonçuluğa qarşı mübarizədə, təzə şeirin ideya-estetik prinsipləri-nin müəyyənləşməsində Azərbaycan romantizmi bir çox məsələ-lərdə olduğu kimi tənqidi realistlərlə eyni mövqedən çıxış etmiş-dir. 19-cu əsrin sonunda “təzə şeir” problemi ətrafında mübarizə-lər məktəb və tərbiyəyə aid ədəbi nümunələrin meydana çıxmağı ilə nəticələndikdə “Həyat” qəzetində Abbas Səhhətin “Təzə şeir necə olmalıdır?” (1905) məqaləsi göründü. A.Səhhətin məqaləsi-nin belə bir şəraitdə meydana çıxması yaranmış poetik nümunə-lərə etiraz əlaməti, onlarla qənaətlənməməyin ifadəsi idi. Görü-nür, şeirin inkişaf istiqaməti gənc şairi razı salmamışdı. O, deyi-lənlərdən və yazılanlardan fərqli olaraq, şeirə yeni bir istiqamət vermək istəyirdi. Lakin məqalədə müəllifin nəzəri konsepsiyası aydın və konkret şəkildə ifadəsini tapmamışdır. Yəqin ki, şairin o zamankı dünyagörüşü, hələ yeni-yeni formalaşan ədəbi zövqü buna imkan verməmişdir. Lakin bütünlükdə məqalənin ruhun-dan, məqsədindən (“ədəbiyyatımızın islahatı”) aydın hiss olunur ki, şair epiqon poeziyaya düşmən münasibət bəsləyir. Bu da ora-dan irəli gəlir ki, bədii sənətin həmin istiqaməti özünün real hə-yati məzmununu itirmiş, saxta bir şeyə çevrilmişdi. Təsadüfi de-yildir ki, şair məqalədə fikirlərinin ağırlıq nöqtəsini bu məsələ üzərinə salırdı. Müəllif yazırdı: “Şüəarayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəd-din sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bən-zətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil.” (28, II, 7)

Göründüyü kimi A.Səhhət “köhnə şeirin” əsas qüsurunu “in-san üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədi”yində gör-müşdür. Aydın görünən budur ki, şair şeirdən mərifət və ibrət dərsi verə bilməsini tələb edir. Şairi bağlı olduğu ənənədən qopa-ran nə idi? Nə baş vermişdi ki, şair birdən-birə üzərində pərvəriş tapdığı köhnə şeirdən üz çevirmiş, ona qarşı hücuma keçmişdi? Axı, dünənə kimi o özü də zamanın ab-havasından uzaq şeirlər yazırdı. Səhhət 1905-ci ilə qədərki vəziyyətini 1911-ci ildə F.Kö-çərliyə yazdığı mənzum məktubunda belə təsvir etmişdi:

Bir zaman Nasehü Tərrah ilə Sabir bəndə,

Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.

Birimiz mərsiyəguluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə.

Birimiz həcvdə Yəğma kimi çox mahir idi,

Laübali keçinirdi günümüz rindanə. (28, I, 161)

Səhhətin qarşı çıxdığı məsələlər aydın və konkretdir: mərsiyə-çiliyə, həcvə, həyati problemlərdən üz çevirib canana, meyə dair nəzm parçaları yazmağa etiraz! Bir zamanlar həvəslə qoşulduğu ənənəyə bu ədəbi “dönüklüyün”, özünü inkarın (yaxşı mənada) başlıca səbəbkarı, əlbəttə, zaman özü, orta əsrlərin hələ də hökm sürən mənəvi-ideoloji, ictimai-siyasi mənzərəsini çilik-çilik edən qüdrətli 1905-ci il inqilabının gətirdiyi yeniliklər idi. Birinci rus inqilabının astanasında Abbas Səhhətin müzakirəyə qoyduğu bu məsələ tədriclə inkişaf edib xüsusi bir ədəbi konsepsiyaya çevri-lir. Sənətkarın vətəndaşlıq mövqeyi məsələsi onun ədəbi görüşlə-rinin təməlində dayanır. Şairin bütün yaradıcılığı bu ideyanı aşı-lamağa çalışır. A.Səhhətin nəzəri mülahizələri bir çox qabaqcıl ro-mantik şairlərin ədəbi manafestinə çevrilir. O, müxtəlif şairlər tə-rəfindən daha da inkişaf etdirilir. Məhəmməd Hadi də A.Səhhə-tin mövqeyində dayanaraq yazırdı: “İndi əsri cədiddir. Fikirlər, xəyallar da əski fikirlər, köhnə, qədim hisslər deyildir, tazə və ye-ni fikirlərdir.” (13) Eynilə Abdulla Şaiq də şairlərdən yazdıqları əsərlərlə “camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətmə-yə müvəffəq” olmadıqları üçün şikayətlənirdi. (30, I, 123)

Romantizm və romantika

Подняться наверх