Читать книгу Məsihin qanı - Xan Abdulla - Страница 1
ОглавлениеXan Abdulla
Məsihin qanı
Buraxılışa məsul: Nizami Əlisoy
Redaktor və korrektor: Sevinc Paşayeva
Mətn tərtibatı: Yusif Əsgər
Yekun oxunuş: Günel Haşımlı
Xan Abdulla. Məsihin qanı.
Bakı, “Köhlən” nəşriyyatı, 2022, 206 səh.
© Xan Abdulla / 2015
© Köhlən Nəşriyyatı / 2021 İSBN: 978-9952-****-*-*
Müəllifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəlliflik hüququ qanunvericiliyinə əsasən qadağandır!
İÇİNDƏKİLƏR
Məsihin qanı
Çürük diş
Pradosunu satmış rahib
Yataq otağında fəlsəfə
Mən necə kafir oldum
İlk öpüş və göz yaşının tamı
Cənnəməkanın hekayəsi
Mən toxunulmazam
Gombulun xəyal qırıqlığı
Hacı
Aboş
Məsihin
qanı
I
İnsan yaşa dolduqca xatirələri tez-tez xatırlayır. Uşaqlığı gözünün qabağına gəlir. O zamanlar necə xoşbəxt olduğunu dərk edə bilir. İnsan bir nəsnənin dəyərini anlaması üçün onu itirməlidir. Müvəqqəti yox, əbədi. Uşaq ikən böyüməyə can atırsan, böyüdükcə də hər şey əllərindən uçub gedir. Həyat xəyal qırıqlıqları ilə doludur. Nəsə xoş bir xatirəni xatırlayanda gülümsəyirsən, gülürsən, ağlayırsan. Qəribədir. Mən deyərdim ki, acı xatirələri yada salanda da eyni hal təkrarlanır. İnsan elə bir xilqətdir ki, onu tam dərk etmək mümkün deyil. Etdiyin səhvləri, etməli olub da etmədiyin şeyləri düşünürsən, vicdan əzabı çəkirsən. Dahilərdən biri deyib ki, xatirələr istər acı olsun, istərsə də şirin, onlar insana əzab verir. Xoş xatirələri yada salanda ona görə əzab çəkirsən ki, sən onları bir daha yaşamayacaqsan, bizi onlardan aylar, illər ayırır. Sən onlar kimi yerində saymırsan. Onlar orda ulduzlar kimi əlçatmaz, parıltılı və gözəldir. Acı xatirələrin də nəyə görə insana əzab verdiyini izah etməyə gərək yoxdu. Adətən yaşlı, həyatın hər üzünü görmüş yazıçılar xatirələrini qələmə alır. Düşünməyin ki, altmış yaşım var və gənclik xatirələrimi sizlə bölüşürəm. Xeyr, iyirmi yaşım var və yaşayacaqlarım hələ qabaqdadır. Ancaq, bunu da bilin ki, hal-hazırda o qoca yazıçılar kimi qoca hiss edirəm özümü. İnsan həyatın mənasız olduğunu anladığı an qocalır. İndi yazmasaydım, mütləq bir gün yazacaqdım. O yüzlərlə acılı-şirinli xatirələrdən birini xatırlayıram. Ən acı, zəhərli xatirə. O xatirəni, ümumiyyətlə həyatımın o dövrünü xatırladıqda boğazım közərir, acı çəkirəm.
Bir müəllimimdən danışacağam. Tarix müəllimim Məsih müəllimdən. Altmışa yaxın yaşı olardı. Yarıyacan tökülmüş və tam ağarmamış saçları, qalın qaşları, Stalinsayağı bığı, iri, çopur burnu, qonur, solğun gözləri, üzündəki mülayim, bəlkə də yazıq ifadə, orta boyu, əyri ayaqları, nataraz yerişi, yay-qış əynindən çıxarmadığı kostyumu, hər daim özü ilə daşıdığı və özündən yarım metr hündür olan Yer planeti xəritəsi ona gülünc görkəm verirdi. Çoxları onun dəli olduğunu zənn edir, hərəkətləri, danışığı insanlarda gülüş doğururdu. Şagirdlər ona hörmət qoymaz, dərsindən qaçar, onu ələ salar, təhqir edərdilər. Hətta müəllim yoldaşlarından da onu ələ salanlar olurdu. Görürdün, Məsih müəllim, arxasında da bir dəstə şagirdlə gəlir. Şagirdlər qışqırır:
– Dəli Məsi, dəli Məsi, dəli Məsi, dəli Məsi…
Əl çalıb, gülüşürlər. Hətta, ayağına badalaq verənlər, belinə şapalaq vurub qaçanlar, başına “iki” tutanlar da olurdu. Yuxarı siniflərdən bir şagird Məsih müəllimi videoya çəkmişdi. Məktəbdə tez-tez bir qrup şagirdin o videoya baxıb güldüyünü görmək olardı. Məsih müəllim danışarkən jestlərdən, əl hərəkətlərindən çox istifadə edirdi. Həmin şagird müəllim dərs izah edərkən telefonunun kamerası ilə çəkmiş, daha sonra isə o vaxt dəbdə olan Dəyirman qrupunun “Ya Qarabağ, ya ölüm” mahnısı ilə uyğunlaşdırmışdı. Videoda Məsih müəllim rep deyirdi. Etiraf edim ki, mən də ilk dəfə bu videonu görəndə gülmüşdüm.
Məsih müəllim bunların heç birinə reaksiya verməzdi. Heç nə olmamış kimi davranardı.
Səkkizinci sinifdə oxuyanda bizim sinfə tarix fənnini Məsih müəllim tədris etdi. Bu bir il ərzində ondan çox şey öyrəndim. Dostlaşdıq onunla. Deyəsən onun da məndən başqa dostu yox idi. Gördüm ki, bu adam qeyri-adi biliyə, savada malikdi. Şişirtmirəm, o canlı kitabxana idi. Dediyinə görə, on min kitab oxumuşdu. Hansı mövzudan desəydin, sənlə saatlarla danışa bilərdi. Söhbətindən doymaq olmazdı. Baxmayaraq ki, danışıq tərzi yorucu idi. Sözün son hecasındakı saitləri uzadır, danışarkən tez-tez fasilələr edir və bu fasilələr bəzən beş deqiqəyə kimi çəkə bilirdi. Daha sonra deyəcəyi sözü tapanda, misdən qızıl düzəltməyin formulunu tapmış kimyagər kimi sevinərək söhbətinə davam edirdi. Sözlərin sonunda gələn “b” səsini “bı” kimi tələffüs edirdi. “Görübı, veribı, ölübı, olubı, deyibı”. Bütün bunlara baxmayaraq çox maraqlı söhbətləri var idi. Ədəbiyyatı da çox sevirdi. Mən onun bu qədər informasiyanı beynində necə saxlamsına heyrət edirdim. Tarixi şəxlərin həyatlarından, yunan allahlarından, misir piramidalarından, Mayya təqvimindən, qədim türklərdən, Renesans dövründən, rəssamlıqdan, heykəltəraşlıqdan, memarlıqdan, ADR-dən, qısacası məni maraqlandıran hər şey barədə ona suallar verərdim. O da danışırdı, dinləyirdim. Olduqca mehriban, səmimi adam idi. Bir zamanlar ona güldüyüm üçün də vicdan əzabı çəkirdim. Danışarkən diqqətlə gözümü ona zilləyib ona baxdığım halda mənə tez-tez “Bala, qulaq as, fikrin yayınmasın, diqqətlə qulaq as” deyirdi. Məndən başqa kimsə onu dinləməzdi. Səs-küydən müəllimin səsini güclə eşidirdim. Söhbət edən kim, mahnı oxuyan kim, güləşən kim, arxa sırada porno-videolara baxan kim, pişik səsi çıxaran kim. Məsih müəllimin adı pişik adına oxşadığı üçün belə edirdilər. Ancaq yenə də o dərsini keçməyə davam edərdi:
– Gözəl balalar, bax, bu Şirvanşah İbrahim var a, çox müdrik adam olubı. Çox müdrik adam olubı. Çox müdrik… Bax, təsəvvür edin, Əmir Teymur o vaxt Azərbaycana hücum edəndə, hücum edəndə, İbrahim çox ağıllı davrandı. O vaxt bir kimsəyə qul hədiyyə edən zaman gərək doqquz nəfər qul verəydin. Sən bundakı bicliyə bax, Teymura səkkiz nəfər qul aparıb, doqquzuncu kimi də özü qulların sırasında durubı. Bu hərəkət də, bu hərəkət də Teymurun xoşuna gəlibı. Balalar, sizə bir şey də deyim. Bilirsiniz, Teymura niyə Teymurləng deyiblər? Bilirsiniz? Bilmirsiniz. Teymur dəmir deməkdi. Teymur da axsaq olduğu üçün ona Teymurləng deyiblər. Yəni, ləng dəmir.
Zaman keçdikcə müəllimim daha da doğmalaşırdı mənə, daha çox sevirdim onu. Ona qarşı nəsə hörmətsizlik olunanda atama, babama olunmuş kimi hiss edirdim. Onu ələ salan hər kəsə nifrət edirdim. Bəzi insanlar haqda deyirlər ki, peyğəmbər kimi insandı, qarışqanı da incitməz. Məsih müəllim də elə bir insan insan idi. Bəlkə də, ana-atası bunu hiss edərək adını Məsih qoymuşdular. Bəlkə də yuxularına bir ağ saçlı qoca girib demişdi ki, sizin oğlunuz belə bir insan olacaq, adını Məsih qoyarsınız.
Bir gün məktəb kitabxanasından çıxarkən Məsih müəllimlə qarşılaşdım. Conatan Sviftin “Qulliverin səyahəti” və Herriyet Biçer Stounun “Tom dayının daxması” əsərlərini götürmüşdüm.
– Salam, oğul-bala, necəsən? Yaxşısan? Bu nə kitablardı? Ver baxım. Ver…
Xəritəsini dizlərinin arasına sıxıb kitabları məndən götürdü.
– Hə, hə. Oxumuşam ki. Maraqlı kitablardı. Oğul-bala, sənin neçə yaşın var?
– On beş.
– Sən Qulliveri iyirmi beş yaşında bir də oxuyarsan, yaxşımı?
– Yaxşı.
– Xudahafiz, ağıllı bala.
Bunu deyib, qəribə yerişi və qocaman xəritəsi ilə dərs deyəcəyi sinfə girdi. Məsih müəllim sinfə girən zaman üç oğlan sinifdən çıxdı. Biri çəkdiyi siqaretdən son nəfəsini alıb, kötüyünü sinfə tulladı və Məsih müəllimə nəsə təhqiredici bir söz söyləyib qapını çırpdı. Üçü də gülə-gülə yanımdan keçdilər. Qəzəbimdən ağlamaq istəyirdim. Oğlanlar məndən böyük idilər. Çox təəssüflənirdim ki, onlar kimi böyük, güclü deyiləm. Yoxsa, ağızlarının payını verərdim. O gün nə dərs oxuya bildim, nə də bədii kitab. Bütün gün müəllimimi düşündüm.
Məsih müəllim dərsdə öyrətdiklərin dən əlavə çox daha vacib bir şey öyrətdi mənə. Həyatda güclü olmağın zəruri olduğunu. O, bunu mənə susaraq öyrətdi. Öyrətdi ki, ən çox əzilənlər daha çox susanlardı. Bu bilik mənim həyatımı dəyişdi.
Aprel ayı idi. Səbirsizliklə dərsin bitməsini gözləyir, evə tələsirdim. Oxuduğum kitab çox xoşuma gəlmişdi. Davamını oxumaq üçün səbirsizlənirdim.
Bizim məktəbin ikinci mərtəbəsində Qarabağ müharibəsində şəhid olmuş əsgərlərin fotoşəkillərindən təşkil olunmuş guşə var idi. Hansılar ki, vaxtilə bizim məktəbdə oxumuşdular. Dərs bitdi, evə gedirdim. Dəhlizdə Məsih müəllimlə qarşılaşdım. Müəllimlər üçün nəzərdə tutulmuş ayaqyolundan çıxanda görmüşdü məni.
– Salam, balası. Necəsən? Yaxşısan? Bu nə kitabdı? Baxım. Hə, “Ovod”. Çox dəyərli kitabdı. Çox dəyərli kitabdı. Çox dəyərli. Oğul-bala, dərsin qurtarıb? Evə gedirsən? Gəl səni bir yerə aparım.
– Yaxşı.
Məsih müəllim məni həmin guşəyə apardı. Şəhidlərin fotoşəkillərini göstərdi.
– Bax, bu uşaqların çoxuna dərs demişəm. Məni elə çox istəyirdilər, elə çox hörmət eləyirdilər ki. Allah onlara rəhmət eləsin.
Səsi titrəyirdi. Dolmuş gözləri ulduz parıldayırdı. Hiss etdim ki, ağlamaq istəyir, ancaq özünü sıxır. Həm də, şagirdlərinin ona hörmət etməsi, onu çox istəməsi qəribimə gəlmişdi. Məsih müəllim Qarabağ müharibəsi haqqında danışırdı ki, kimsə kimsə “i”-ni uzadaraq dedi:
– Məsi…
Tanıdım, həmin siqaret çəkib, kötüyünü sinfə atan oğlan idi.
– Neynirsən burda? Necəsən? Arvad-uşaq necədi?
Məsih müəllimi ilk dəfə qəzəblənmiş gördüm. Üzü qızarmış, qaşları alnında düyünlənmiş, yumruqlarını sıxmışdı.
– Oğul-bala, mənlə işin olmasın, çıx get. Çıx get, çıx get.
– Nə deyirəm ki? Hal-əhval soruşmaq da olmur səndən. Bu nə kitabdı?
“Ovod”-u Məsih müəllimin əlindən aldı.
– Məsi, az oxu. Oxumaqdan ağlın qaçıb.
İyrənc bir qəhqəhə çəkdi. Yerimə mıxlanıb oğlana baxırdım, yumruğumu sıxmışdım. Gözlərim dolmuşdu. Onu öldürməyə də hazır idim.
– Oğul-bala, kitabı qaytar.
– Qaytarmıram.
– Sənə deyirəm qaytar.
– Qaytarmasam nə edəcəksən, Məsi?
Gözləmədiyim bir hadisə oldu.
Məsih müəllim oğlana güclü şillə çəkdi. Oğlan səntirlədi, ancaq özünü saxladı, yıxılmadı. Kitab oğlanın əlindən düşdü. Üzündə qəribə bir gülümsəmə var idi. Nədənsə, şillə yeyən insanların hamısı ilk öncə gülümsəyir. Məsih müəllim isə heç nə olmamış kimi şəhidlərin fotoşəkillərinə baxırdı. Oğlan şaşqınlıq içində idi, belə bir şey gözləmirdi. Mən də heç zaman düşünməzdim ki, belə bir şey ola bilər. Oğlan dodağının qanını sildi, bir müddət kinlə və yaşla dolu gözlərini müəllimə dikib qəzəblə bağırdı:
– Ə oğraş, kimi vurursan?
Məni kənara itələyib müəllimin üstünə şığıdı, dalbadal yumruqlar vurmağa başladı, mən araya girdim, bir neçə yumruq mənə dəydi. Məni yenə qırağa itələyib yenidən müəllimin üstünə cumdu, yerə yıxıb, üstünə çıxdı, yumruqlamağa başladı. Mən var gücümlə oğlanın sifətinə təpik ilişdirdim. Müəllimin üstündən yıxıldı. Bir müddət yerdə üzünü tutub it kimi zarıdı. Durub mənim üstümə cumdu, əlbəyaxa olduq. Bu zaman başqa müəllimlər səs-küyə gəldilər. Oğlanı polislə hədələdilər. Qaçıb getdi. Bir daha onu görmədim. Məktəbdən çıxdı. Məsih müəllimi ayağa qaldırdıq, qoluna girib ayaqyoluna apardıq. Üzünün qanını yudum. İki qabaq dişi düşmüşdü. Qaşı da partlamışdı, burnunun qanı dayanmırdı. Ayaqyolundan çıxıb qaça-qaça guşəyə getdi. Üzünü rəsmlərdən birinə dayayıb ağlaya-ağlaya nəsə pıçıldamağa başladı. Daha sonra isə qaça-qaça məktəbin həyətinə düşdü. Arxasınca getmədim. Atamın təzə aldığı köynək müəllimimin qanına bulaşmışdı. Anam nə qədər elədisə ləkəni çıxara bilmədi. Bir az da kötəkləndim buna görə. Ancaq, yalvardım, o köynəyi atmağa qoymadım. Məsih müəllim, bu hadisədən sonra bir ay məktəbə gəlmədi. Bir aydan sonra onu görəndə çox sevindim.
Salamlaşdıq. Qabaq dişləri yox idi.
– Salam, oğul-bala. Necəsən? Dərslər necədi? Necədi dərslər? Bax yaxşı oxu ha, yaxşı oxu.
Gələn ildən təqaüdə çıxdı. Onu bir daha görmədim. Bizim sinfə bir qadın müəllimə dərs deməyə başladı. Elə o müəllimədən öyrəndim ki, Məsih müəllim elə onun özünə də dərs deyib. Arvadını oğlunun doğumundan bir il sonra itirib. Oğlu da Qarabağda şəhid olub. O vaxtdan onda dəyişikliklər başlayıb, bu hala düşüb. Yoxsa, əvvəl məktəbdə ən hörmətli müəllim imiş. Direktorun özü də onla iki əllə görüşürmüş. Düşündüm ki, yəqin o vaxt qanlı üzünü dayayıb nəsə pıçıldadığı fotoşəkil oğlunun fotoşəkli imiş. Oğlana da şilləni ona görə vurmuşdu ki, oğlunun qarşısında onu təhqir etmişdi. O rəsm qarşısında döyülmək Məsih müəllimin faciəsi idi. Məncə, arvadını, oğlunu itirməkdən az təsir etməmişdi ona.