Читать книгу Xoşbəxtlər arasında yaşamaq - Яшар Буньяд - Страница 1

Оглавление

Yaşar Bünyad

Hekayələr

İçindəkilər:

Atamın ayaqları

Portret

Qapı

Qayıdış

Qəlpə gəzdirən

Səs

Susmaq qızılmış

Xoşbəxtlər arasında yaşamaq

Hələ ki, təyyarələr uçur

Yad qadın, quduz itlər və…

Quyu

Yüz birinci məktub

Düşmən qənşərinə kişilər çıxar


ATAMIN AYAQLARI

(hekayə)

Bir Qarabağ qazisinə…

“Tapp..!”

Yuxu aparıbmış, küt səsə diksindim.Əvvəl elə bildim yer tərpəndi, damın köhnə dirəkləri uçub yerə töküldü. Onsuz da amanabənd evimiz cüzi yer silkələnməsinə tab gətirməzdi. “Bir gün uçub başımıza töküləcək!”-deyirdi anam. Köhnə idi, təmirsiz. Müharibə başlamasaydı, atam əl gəzdirib abıra salacaqdı. Belə getsə abıra salınası heç nə qalmayacaq. Yaxşı ki sənədləri qaydasındaydı, yoxsa bank girovla kreditverməzdi.Buna da şükür…

Durdum, kəllə otağa yüyürüb işığı yandırdım. Şükür, dam uçmamışdı. Amma atam yerində yox idi. Ürəyim əsdi. Boş çarpayıya yaxınlaşmağa cəsarət etmədim. “Ata.. ay ata… har-da-san?” – pıçıldaya bildim. Səsim elə eybəcər çıxdı ki,lap özüm iyrəndim. Bilmirəm belə vəziyyətdə niyə vahimələnirəm. Anam hər dəfə gecə növbəsinə gedəndə: “Ayıq yat, qulağın otaqda olsun”– deyib bərk-bərk tapşırmağından gözümün yuxusunu qovurdum. Yatağanam. Neçə dəfə demişəm ki,nolar,ana evdə olmayanda qoy böyründə uzanım, bir şey istəyəndə, dümsüklə, duracam, razı olmayıb.

Döşəməyə sərələnmiş yorğanın altından başını qaldırdı. Bir xeyli gözlərimin içinə baxdı. Heç nə olmayıbmış kimi çarpayının kənarına dirsəklənib dartındı, altdan-altdan, fağır-fağır üzümə baxdı.Gözlərindəki kədəri gizlətməyə çalışırdı. O belə baxanda az qala bütün dünyanı lənətləmək, qurban olum, elə baxma, demək istəyirdim! “Səni zəlil qoyanın evi yıxılsın!..Dava qızışdıran, görüm, əziz balan qabağına döşənsin! Heç ağ gün görməyəsən!” –Anam hər dəfə bu ağır qarğışları yağdıranda anlamaq olmurdu kiminlədi,hər dəfə üzünü naməlum istiqamətlərə tutub ağızdolusu qarğıyır, deyinir, bir də boğazını qəhər boğanda hönkürüb sakitləşirdi.Sakitləşirdi ona görə ki, sözü nəm havaya qarışıb dörd divar arasında qalır,çölə ayaq açmırdı, onsuz da qarğış sahibinə çatmırdı – kar olmuşdu…

–Qorxma,-dedi.

Əvvəlcə büzüşmüş döşəkağını sahmanladım, yorğanı yerdən yığışdırıb çarpayının üstünə atdım.

–Qorxmuramki, -deyib ona yaxınlaşdım.-Sən…sən burdasan…

İndi gördüm, alnı döşəməyəmi, dolabın tininəmi dəyib, azca göyərib şişmişdi. “Bircə bu çatmırdı.” Elə istəyirdim ki, beş-on yaş böyük olam, belinə girib qucaqlayam, göz qırpımında qaldırıb çarpayısına qoyam! Əllərimi uzadanda gücüm çatmayacağını duyub qollarını boynuma doladı, mənə sarı dartındı, ya Allah deyib var gücümlə onu yuxarı qaldıra bildim. Ağırdı.Boğuq səslə ufuldadı. İlahi, ikimizdə bir boydayıq ki?! Çarpayıya uzatdım, başını yastığa söykəyəndə ah çəkdi…Onu özüm kimi balaca, aciz və köməksiz görmək istəmirdim. “Əvvəllər daha məğrur, cəsur görünərdi!”Gözlərim doldu. Fikirləşdim, görəsən neçə il yaşamalıyam ki,onun itirdiyi ayaqları boyda böyüyəm…

Hamama cumdum, təmiz dəsmal isladıb otağa qayıtdım, alnındakı şişin üstünə qoyub:“İndi keçər,”-dedim. Məmnun göründü.Nəsə demək istədi, amma susdu.Əvvəldən çox danışan deyil atam.

–İncidir?

Başını tərpətdi, “hə”.Mən alnını soruşuram, o isə sağ əliylə ayaqlarının kəsilmiş yerini ovuşdura-ovuşdura deyir:

–Sızıldayır…

İki il keçib əməliyyatından, amma ayaqsız olduğuna öyrəşə bilmir. Mən də.Kim öyrəşər ki? Ayaqla doğulasan, otuz yeddi il üstündə yeriyəsən və bir gün…mərmi qəlpələri ayaqlarını parça-parça edə. Neçə döyüş yoldaşının tikəsi də ələ gəlməyibmiş. “Buna da şükür” deyirdi hamı.Təsəlliyə bax!..Həkimlər vaxtında ayaqlarını dizqapağından iki barmaq aşağıdan kəsməsəydi, qanqrena olacaqmış, yəni çürüyəcəkmiş.

Neçə ay hospitalın yolunu ölçdük. Anam hara, mən də yanıyca.Qabağa düşən, dərdimizə yanan kimsəmiz yox idi.Yarası gec sağalırdı. İynə-dərman baha, pul çatmırdı.Bir yandan da qonşu dükanların nisyə dəftərinə ad yazdırmaqdan xəcalət çəkirdi anam.Həyətin bir küncünə qısılıb ağlamağı bir yana, nisyə aldığı ərzaqları evə gətirənə kimi ölüb-dirildiyini dəfələrlə görmüşəm.Küçədə dükançılarla üz-üzə gələndə başını aşağı salıb ötürdü, elə bilirdi indicə salam verib borcu istəyəcəklər. Bəzi dükançılar, sağ olsun, atama görə hörmət edib pul götürmür, inşallah, sağalar, ayaqa durub işləyər, borclu qalmaz deyə ürək-dirək verir, bəziləri “dəftərə yazın” eşidəndə ağız büzürdü. Hiss edirdim ki, ağız büzənlərin də bizə yazığı gəlir. Bəzən düşünürdüm ki,yəni atam ancaq mənə, anama görə ayaqlarını itirib? Çoxlarına qismət olan firavanlıqdan bizə ovuc içi boyda pay düşməmişdi.

Gecələr sübhə kimi dözülməz ağrılardan ufuldayanda, əlli-ayaqlı kişilərlə rastlaşmasın deyə küçəyə çıxmayanda, təbii ehtiyacını ödəmək üçün altına qab qoyulanda, çiməndə… necə əzab çəkdiyini görüb bu dünyaya necə nifrət etməyəsən ?Görəsən bəla yanından ötən bəxtigətirənlər nədən özgələrə qarşı biganədirlər? Bəxt həmişə gətirmir axı?!

Yəqin ki, atam əlil olmasaydı qaçıb dünyanın o başına gedərdim. Hara olur olsun! Mənə elə gəlirdi ki, olmadığım, görmədiyim yerlərdə insanlar daha azad, daha xoşbəxt yaşayır…

Sən demə sevincin, kədərin də rəngi, dadı olurmuş! Onları atamın üz cizgilərində görüb tanımışam.Uşaqkən boynuna mindirib otaqboyu fırladanda, yıxılmayım deyə gur saçlarından bərk-bərk tutanda istər-istəməz boynumu əyib onun üzünə baxar, dünyanın ən bəxtəvər atası olduğunu işıq kimi yanan gözlərindən,şaqraq gülüşlərindən, qollarımı sıxan güclü biləklərindən hiss edərdim. Onda atam xoşbəxt idi! Kədər sonralar gəldi və onu mən də tanıdım. Evimizə sevinc yerinə kədər adlı sırtıq, üzlü qonaq gəlmişdi, getmək istəmirdi…

Arada başqa qonaqlarımız da gəlirdi; hündür ağ, qara “cip”lərdə. “Qızıl aypara”dan, hansısa partiyadan, bir dəfə də televiziyadan gəlmişdilər. Atama dedilər ki, verilişin sponsoru,– tanınmış adamdı, – sizin üçün ən müasir protez ayaqların alınmasına yardım edəcək.Son döyüşdən, dostlarından danışdı atam. Rejissor kövrəlmişdi, iki dəfə ürək dərmanı içdi. Aparıcı qız son sualını verdi ki, əmi, inşallah, ilk dəfə ayaq üstə sərbəst dayananda nə etmək istərdiniz? Yəqin ürəyinizdən çox şeylər keçir?..Atam çox fikirləşmədi.Elə bil sualı çoxdan gözləyirmiş, cavab verdi: “Rəqs edəcəm!” Hamı heyrətlə gülümsədi, inşallah dedi. Anam, öz toyunda belə əl qaldırıb oynamayan atamın cavabına təəccüblənsə də, arzusuna çatacağı günə qurbanlıq əhd elədi.

Televiziya işçiləri gedərkən bildirdi ki, həftəiçi vətənpərvərlik verilişində göstəriləcək, mütləq baxın.

Heç yadımdan çıxmaz, səhərdən axşamacan, düz iki həftə televizorun qənşərindən qopmadıq. Verilişlərin heç birindən vətənpərvərlik iyi gəlmirdi. Anam dedi,bəlkə, kanalı səhv salırıq.Allah bilir, göstəriblər, ötürmüşük…Boyat xəbərlər, təkrar-təkrar hava proqnozu, müğənnilərin qayğısız, dəbdəbəli həyatı, yeyib-içmək məclisləri, şit-şit əyləncələrdən, seriallardan savayı heç zad göstərilməyən həmən kanal atamı yaman məyus etmişdi. Onu göstərmədiklərinə görə yox ha, o boyda kanalın dərdimizə, problemlərimizə beş-on dəqiqə yer ayırmadığına görə. Neçə gün dinib-danışmadı. “Tfuu!… Balaca gədə (rejissoru deyirdi) necə şeyinə doladı bizi?!” deyib, anama tapşırdı ki, televizoru otaqdan çıxartsın.Və o vaxtdan biz televizordan “küsdük”.

Atam daha davadan söhbət açmadı…

Evimizi girov qoyub kredit götürəndən sonra borcların çox hissəsini ödədik.Anam bir qucaq sənəd toplayıb atamın pensiyasını düzəltdirdi. “Qan puludu bu, qanpulu!” –anam hər dəfə pensiyanı alanda əlləri titrəyə-titrəyə pulu atamın ovucuna basır, sanki baxışlarıyla deyirdi:“Olmayan ayaqlarına baxa-baxa bu pula alınan çörəyi necə yeyə bilərəm? İrinə-qana dönər ki?!” Neçə dəfə görmüşəm, atam inadla pulları geri itələyib,səsi titrəyə-titrəyə, “borcları vaxtında qaytar ki, qapıma o-bu gəlməsin”– deyirdi…

Bərpa mərkəzində ələngə bir əlil arabası vermişdilər. Allah bilir neçənci ildən qalmaydı. “Bundan Xruşşovun iyi gəlir ki.”-demişdi anam. Kim olduğunu bilməsəm də,başa düşmüşdüm ki, yaxşı adam olmayıb Xruşşov…Bayır-bacağa çıxmağa yararlı olmasa da, küçənin tininəcən apara bilirdim, əsasən də camaatın əl-ayağının çöldən kəsilən vaxtlarda. Atam, dizdən aşağı içi boş şalvarının balağını külək yelləyəndə əlləriylə elə tuturdu ki, kənardan baxan yad baxışlar onun ayaqsız olduğunu bilməsin… Bilinirdi…

Doqquz aydı protez ayaqları gözləyirik. Oğlu kantujenni qonşumuz Ağasadıq əmi “pul verməsən, ayağları gözləmə, nemesdər dəqiq millətdi,söz versəydilər, çoxdan göndərərdilər” deyib anamın başını doldururdu. “Zalım uşağı, öyrəşib, medsestrasından qlavvraçınacan xəstə, özü də ağır xəstə görəndə, elə bil çiçəkləri çırtlayır, əllərinin içi qaşınır. Oğluma görə maşınımı satmasaydım dəlixanalıq edəcəkdilər uşağı. Allahımız haqqı, düz deyirəm, yiyəsi olmayan xəstənin vay halına! Əşi, qapıçısı da rüşvət alır ee!..”-Bunu da o deyirdi. Çoxu danışırdı ki, Ağasadıq əmi həyatda pisdən başqa heç nəyi görmür. Bəlkə görmək istəmir.Amma anam başıyla onun sözlərini təsdiq edəndə anlayırdım, deməli, pis yaxşıları üstələyib ki, gözə girir…

Deyəsən Ağasadıq əminin proqnozu düz çıxmadı. Mərkəzdən anama zəng eləmişdilər ki, iki günə protezlər gəlir. Anam elə sevinirdi, sanki, şəhərin mərkəzində beş otaqlı mənzilə order vermişdilər!…

–Ayaqyoluna istəyirdin, ata?-Qəfil soruşdum.Dinmədi.Baxışlarını gizlətməyə çalışırdı. Əlacsızlığından, möhtac olduğundan darıxırdı, sıxılırdı məncə. Əlbəttə, arabaya mindirib ayaqyoluna apara bilərdim. Bəs sonra? Sonrasını anam yaxşı bilirdi. Birdən çarpayının altına qoyduğu qab yadıma düşdü. Yəqin onu qaldıranda yıxılıbmış.Əyilib götürdüm.

–Niyə çağırmırdın?-Cavab vermədi. Məcburi, könülsüz gülümsədi. Bir böyrü üstə çevrilib şalvarının zəncirbəndini açanda başıyla işarə elədi ki, üzünü çevir. Utanırdı. Qabı özünəsarı çəkəndə uzaqlaşdım.Çox çəkmədi ki, isti sidik iyi otağa yayıldı…

On dəqiqə qapı dalında gözlədim; qoy rahatlansın.“Bircə anam tez gələydi!”

İstəklərini anamdan yaxşı kim bilərdiki? Evdə olanda atamı uşaq kimi qucağına alıb divanın bir küncündə oturdar, özü də böyrünə qısılıb dərdləşərdilər. Belə vaxtlarda otaqdan çıxardım; qoy xısınlaşsınlar.Neçə dəfə hiss etmişəm ki, onu stula, ya da divana əyləşdirəndə atam anamın belinə sarılaraq pıçıldayıb: “Nolar, heç yana getmə, yanımda qal.” Gecə növbəsinə hazırlaşanda da, “bəlkə getməyəsən?” -deyirdi. Bunu başqa yerə yozur, onları birlikdə buraxıb bir bəhanəylə evdən çıxır, məhəllədə veyillənirdim.Sonralar başa düşdüm ki, hər dəfə anam işə gedəndə atam qorxurmuş. Onu atacağından, bir daha geri dönməyəcəyindən qorxurmuş. Tənha qalmaqdan, küçələrdə insanların gur yerində kəsik ayaqlarını nümayiş etdirə-etdirə dilənməkdən qorxurmuş.

Bilirdim ki, onun gecə növbəsində işləməsi atamı çox darıxdırır.Yuxusu gözündən tökülsə də yatmırdı, anam evə qayıdanacan rahatlanmırdı.O qapıdan girəndə qonur gözləri parıldayırdı. Dava başlayana qədər işləməsinə razı olmamışdı. Ev-eşiyə, uşağa, özünə bax, bəsdi, hələ ölməmişəm,deyərdi. İndi də ölməmişdi atam, ancaq anam işləyirdi; gündüzlər varlıların evində sil-süpürdə, gecələr də çörək sexində.Gecə növbəsində ikiqat pul verirlər, deyirdi, dörd çörək də əlavə.Çörəyin üçünü qonşu Zəhra xalaya satırdı, biri qalırdı bizə.

Bir-iki həftə qabaq atam, işlədiyi məmur evindəki şəraitdən ağızdolusu danışan anama söz vermişdi ki, inşallah, nemesski ayaqlarım çatsın əlimə, əfəl deyiləm, işləyəcəm, qəşəng kuxna mebeli, paltaryuyan, lap qabyuyan da alacam sənə.Anam:

–Təki sən ayağa dur, yeri, mən paltarı əlimlə də yuyaram, ölmərəm,-demişdi. Bu, atama ləzzət eləmiş, yanına çağırıb anamın əllərindən öpmüşdü…

…İçəri keçib qabı götürdüm, aparıb ayaqyoluna boşaltdım, su şırnağında yaxalayıb otağa qayıtdım. İcazə istəyib yanında uzandım. Duyğulu idi. Divardan asılmış toy şəklinə baxıb qüssələnirdi.Yəqin ötən xoş günlərinə qonaq düşmüşdü.Gah ona, gah da şəkilə nəzər yetirdim. Mənə elə gəldi ki, şəkildəki atam daha xoşbəxt görünürdü.

–Anan gec gələr, -dedi,-hələ saat ikidi.

–Nəsə istəyirsən?-Soruşdum.

–Hə,-cavab verdi,-bir az yuxulayaq… Həyacanlıyam, sabah ayaqlarımla görüşəcəm axı.

Dodağı qaçdı.Alnından öpüb çarpayıdan sıçradım, üstünə yorğanı atıb otağıma keçdim.Yerimdə uzanıb atamın sabahdan ömrünün sonunacan doğma sanacağı protez ayaqları barədə düşünürdüm. “Görəsən öz ayaqları kimi görünəcək?”

Qulağıma səs gəldi. Deyəsən onun çarpayısı həzin-həzin cırıldayırdı.Adətən anam evdə olanda bu cür səslər gələrdi…Maraq məni yuxumdan ayırdı. Qalxıb barmaqlarımın ucunda yataq otağının yarıaçıq qapısına yaxınlaşdım. Çarpayı həqiqətən asta-asta cırıldayırdı; onun ayaqları yorğanın altında gah sağa, gah sola hərəkət edirdi. Əgər yuxusunda mərmilər vıyıldasaydı, minalar partlasaydı belə rahat olmaz, qışqırıb ayılardı. Neçə dəfə tərin-qanın içində oyanıb qışqırdığını, saatlarla özünə gəlmədiyini görmüşdüm axı.

Xeyli gözlədim. Hələ də ayaqları hərəkətdəydi.Mənə elə gəldi ki, o yatmayıb, yata bilmir, guman ki,həyatını həmişəlik dəyişəcək sabahına “xoş gördük” demək üçün hansısa həzin melodiyanın ritminə uyğun rəqsini məşq edirdi. Bəlkə də yuxudaydı və yuxusunda uşaq idi; başının üstündə ulduzlar sayrışır, sevinə-sevinə ağappaq buludların üzəriylə asta-asta atılıb-düşür, seçdiyi nəğməsinin ritminə düşmək istəyirdi, ayaqları da özününküydü…Atam yuxusunda xoşbəxt idi.

Onu öz dünyasıyla baş-başa buraxıb yerimə girəndə fikirləşdim;” Görəsən, atamın oynamaq istədiyi sevimli havası hansıdı?”

“Ədəbiyyat qəzeti”,N-30, 11 avqust 2018ci il.


PORTRET

(hekayə)

…Adəti üzrə tində dayandı. Köhnə məhəllədə tanış üz görəcəyinə əmin olmaq üçün metronun “Nizami” stansiyasınacan uzanan dar küçə boyu qorxaq uşaqlar kimi biri-birinə qısılmış yastı damlı , çat vermiş boz divarlı evlərə qapı-qapı göz gəzdirdi. “Qorabişən ayın bu bürküsündə küçə-bacada kim olacaqdıki?! “ Bir az toxdayandan sonra, cibindən dəsmal çıxarıb dazını , boynunu, saqqalını sildi. Divarlarına noxud, hisə verilmiş kilkə , pivə iyi hopmuş köhnə köşkə yaxınlaşıb, çox yox, bircə bakal çəllək pivəsi içib sərinləmək istədi. Bilirdi ki, bu köşk sahibinin “pivzavod”da qohumu işlədiyir, pivəsi “ təmiz” olur. Amma bu gün bəxti gətirmədi; pivə yox idi- nə təmizi, nə su qatılmışı. Pivəsatan da boş çəlləyin üstündə bardaş qurub milçəyini qovurdu. Bazar günü olsa da günortanın cızzaq çıxaran vaxtında küçə-bacada kişilərin gözə dəyməməsinin səbəbini indi anladı, təəssüflənən satıcıya gözləməyəcəyini bildirib uzaqlaşdı.

Amansız istidən yumşalan köhnə asfaltdan qalxan qətranlı mazut iyi havanı bir az da təngidirdi. Gözləməyə, üç-dörd dayanacaq da olsa, bu istidə bişə-bişə avtobusda yol getməyə halı olmadığından ara yolların kölgəliyi ilə “Parapet”ə üz tutdu.

Bağla üzbəüz kitab mağazasının bir küncündə rəngkarlığa aid ləvazimatlar, məşhur rəsm əsərlərinə illustrasiyalar satılır. Qabaqlar orada satıcı işləmiş köhnə tanışı ona , Qogenin “Kralın arvadı” əsərinin keyfiyyətli surətini söz vermişdi. ”İndilər orda olar”-fikirləşdi. Bəlkə də Qogenin indi şedevr sayılan bəzi əsərlərini Qogendən yüz dəfə yaxşı çəkə biləcəyi halda , kiminsə “yaratdığı keyfiyyətli surət “ nəyinə gərəkdi, özü də bilmirdi.

Kilsənin tinindən mağazanın qarşısında əlində bükülü, uca çinar ağacının altında var-gəl edən tanışını gördü. Yaxınlaşıb görüşdü. “Üç gündü gəlib-gedirəm, yoxsan, bir şey olmubki?”-soruşdu və tələsik bükülünü ona uzatdı ki, dediyimdi, evdə açarsan, nəvələrim gözləyir, bağa gedəcəyik, bağışla, yoxsa bir pivə vurardıq kral arvadının sağlığına…

Gülüşüb ayrıldılar.

Havadan tər və tütün qoxusu gəlirdi. Qoca rəssam saqqalını qoxuyurmuş kimi burnunu çənəsinə tərəf əydi.“Buki, mənim iyimdi?”

Ev onu kirli qab-qacaqla , həftəylə yuyulmayan pal-paltarla , gündə on dəfə çəkib bəyənmədiyi eskizlərlə bezdirsə də, yenə, yaxşı ki , hələ tarakanlar daraşmayan balaca otağına dönürdü -illərlə xəyalında yaşatdığı , nəhayət , cəsarət edib kətan üzərində canlandırdığı xallı qıza toxunmaq üçün…

O, “Xallı “ adlandırdığı portretdən özgə ömrüboyu yaratdığı, muzeylərdə, xüsusi kolleksiyalarda olan bütün əsərlərini tonqala atıb yandırmağa hazır idi ! Vaxtında “getmə!” deməyə cəsarəti çatmadığı sevgilisinin portretini Qogen görsəydi, bəlkə də öz çəkdiklərini zibilliyə tullayardı! Bu özünə vurğunluq deyildi, o, əmin idi ki, “Luvr”a layiq əsər yaradıb.

Siqaret yandırıb ağaca soykəndi. Son günlər az çəkirdi. Siqareti yarıyacan sümürüb tulladı.Öskürdü.Gəlmişkən bir neçə fırça almaq üçün mağazaya girəndə, əlindəki bükülü tələsik içəridən çıxan cavan qızın iri çantasına ilişdi. Görünür qız fikirli idi və çox tələsirdi ki , qolundan sürüşüb düşən çantanı içindəki kitablar, fırçalar və yağlı boya tübikləri döşəməyə dağılanda hiss etdi.

–B-bağışlayın, mümkünsə… Günahkaram,– qoca rəssam heyfislənərək dağılan əşyalara sarı əyildi. Qız onun sümükləri , damarları üzə çıxan arıq qolundan yapışdı.

–Narahat olmayın, mən özüm…

İkisi də diz-dizə çöməlib çantanı sahmana saldılar. Qoca ayağa qalxanda , üzünə tökülən buruq saçlarını yığa-yığa minnətdarlıq edən kimi gülümsəyən qızın sifətinə elə baxdı ki, bu məftunluq, heyrət, təəccüb dolu baxış deyəsən qızı qorxutdu da. Gördüyünə inanmaq istəmədi və ona elə gəldi ki, indicə , iyirmibir il cavanlaşdı.

–Bu…bu , ola bilməz?! Yox…bu mümkün deyil !– Sanki hansısa detalı dəqiqləşdirmək üçün bir az da gözlərini qıydı .-Rica edirəm, m-məni silkələyin! Bərk-bərk silkələyin!…

Gənc qızı vahimə basdı. Günün günortasında, şəhərin mərkəzində qoca manyaka rast gəldiyini zənn etdi.İstədi qışqırsın, ətrafdan kömək istəsin, bəd ayaqda, geriyə, mağazaya qaçsın, lakin maraq qorxuya üstün gəldi.Soruşdu:

–Axı, sizə nə oldu? Mümkün olmayan nədiki?– Qız çaşıb qalmışdı.– Eeeyy… baba, bəlkə xəstələnmisiz? Təcili yardım çağırım?

Qızın sözləri qocanın qulağına çatmırdı.O, döyükmüş baxışlarıyla qızın sifətindəki tanış cizgiləri sərbirah etdikcə iyirmibir ildi yaddaşından qopmayan mələyin canlı simasını bu isti yay günündə yenidən görməyi ona bəxş edən Allahına şükr etdi.

Birdən , yuxudan diksinib ayılan adam kimi harda olduğunu anlamağa çalışdı . Aldığı fırça, yağlı boyalardan qızın rəssam olduğunu, ya olacağını güman edib ərklə, yüz ilin tanışı kimi qızın zərif qolundan tutdu və sevincini gizlətmədən , ucadan qərarını dedi:

–Siz onu mütləq görməlisiz! Mütləq!…

Qız “nəyi?”-soruşmaq istədi, amma sual boğazında quruyub qaldı.

–Tələsmirsizki?..Xahiş edirəm…etiraz etməyin.

Qoca rəssam elə bil qızı ovsunlamışdı. Əmin idi ki, onunla razılaşacaq, əgər sənətə bircə damcı da olsa sevgisi varsa, mütləq razılaşacaq.

Qızın bayaqkı qorxusu, tərəddüdü maraq dənizində batmışdı. Çəlimsiz, lakin qıvraq, yaxından tər və tütün iyi vuran , babası yaşında olan bu qəribə qoca onun xoşuna da gəlmişdi.Nəyə baxacağını soruşmadı,eləcə gülümsəməyə çalışsa da ürəyindəki təlaş qalmaqdaydı. Özgə vaxt olsaydı tanımadığı kişinin gözlənilməz təklifinə ,ən yumşaq halda , şillə ilə cavab verərdi.

–Tələsməyinə tələsirəm,-dedi,– evdə xəstə anam məni gözləyir.

–Burda, yaxındadı, “Passay”ın tinində… Çox ləngitmərəm…Beşcə dəqiqəlik…Qızım, sözümü yerə salmayın…

“Qızım” deyib təkidlə xahiş etdiyindən qocaya yazığı gəldi, daha inad etmədən “gedək” desədə ürəyi sürətlə döyünürdü.

Bu şəhər elə də böyük deyil, adına baş şəhər desələr də, bircə günə o başından vurub bu başından çıxarsan.Ürəyə yatan həmsöhbətlə mənzilbaşı lap əlçatan olur.

Söhbətləri tutmuşdu .Yol boyu , illər öncə , gənc naturaçıya necə vurulduğundan , yaş fərqinə görə axmaqlıq edib ürəyini aça bilmədiyindən, adını şərti olaraq “Xallı” qoyduğu portreti onun şərəfinə çəkib təsəlli tapdığından danışdı.. Qız da çəkinə-çəkinə , rəssamlıq məktəbində oxuduğunu söylədi.

Xoşbəxtlər arasında yaşamaq

Подняться наверх