Читать книгу Seçilmiş əsərləri - Чингиз Айтматов - Страница 4

GÜN VAR ƏSRƏ BƏRABƏR
IV

Оглавление

Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir…

Dəmiryolunun hər iki tərəfilə Sarı-Özək deyilən ucsuz-bucaqsız boş düzənliklər uzanıb gedir…

Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilir.

Qatarlar isə qərbdən şərqə, şərqdən də qərbə gedirdi…

Nə deyirsən de, dədə-baba Nayman qəbiristanlığı Ana-Beyit, hər halda, əl uzatmaqla çatası yer deyil otuz verstlik yolu Sarı-Özəklə çölləmə, kəsəsinə getməlisən, həm də gərək zəndini itirməyəsən.

Boranlı Yedigey o gün tezdən oyandı. Əslində, heç düz-əməlli yatmamışdı da. Sübhə yaxın bir az mürgüləyib gözünün acısını almışdı. Ona qədər isə mərhum Qazanqapın cənazəsini hazırlamışdı. Ümumiyyətlə, adətə görə, bu iş dəfn günü görülməliydi, meyit yerdən götürülməzdən azca əvvəl ölənin evində cənazə qabağında namaza dayanmalıydılar. İndi isə bu işlərin hamısını axşamdan görürlər ki, səhər tezdən ləngimədən yola çıxsınlar. Meyiti yumaq üçün Caydaq Ədilbəyin ilıq su gətirməyi nəzərə alınmazsa, lazım olan işlərin hamısını Yedigey özü eləmişdi.

Ədilbəy meyitə yaxın dura bilmir, eymənirdi. Bir az da xoflanırdı, deyəsən. Yedigey bunu üzə vurmayıb eyhamla dedi:

– Yaxşı bax, Ədilbəy, gör-götür dünyasıdır, lazım olar, bir gün doğulan, bir gün də basdırılmalıdır…


– Hə elədir, başa düşürəm, – deyə Ədilbəy cavab xətrinə kəkələdi.

– Elə mən də onu deyirəm. Sözgəlişi elə deyək ki, sabah mən öldüm. Yəni bir Allah bəndəsi tapılmayacaq ki, məni el adətiylə kəfənə tutsun? El adətiylə dəfn eləsin? Yoxsa, elə aparıb qabağınıza çıxan bir çalaya tullayacaqsınız?

– Ta elə niyə?! – Ədilbəy tutuldu. Əlində tutduğu çırağı meyitə yaxınlaşdırdı ki, ölünü yumağı, kəfənləməyi öyrənsin və:

– Bu yerlər sizsiz olmasın, – dedi, – yaşayın, ömrünüz uzun olsun, çalaya qalsa, çala tapılar.

Meyitin yuyulması saat yarımacan çəkdi. Amma Yedigey öz işindən razı qaldı. O, mərhumu qanun-qaydayla yudu, əl-ayağını düzəldib lazımi qaydada uzatdı, kətana qızırqanmayıb Qazanqapı gen-bol kəfənlədi. Bu arada Ədilbəyə kəfən biçməyin təhərini də göstərdi. Sonra da özünü qaydaya saldı. Üzünü tərtəmiz qırxdı, bığını qayçılayıb düzəltdi. Bığı da qaşları kimi qalın və coduydu. Artıq saçlarına dən düşməyə başlamışdı. Çallaşmışdı. Yedigey əsgərlikdə aldığı orden və medalları, hətta əmək zərbəçisi döş nişanını da silib təmizlədi, pencəyinə sancaqlayıb sabahkı səfər üçün hazırladı.

Gecə belə keçdi. Boranlı Yedigey öz-özünə təəccüb eləyirdi – heç ağlına gəlməzdi ki, bu işləri belə sakit və asanlıqla görə bilər. Görünür, alnına belə yazılıbmış – Qazanqapı dəfn eləmək ona tapşırılıbmış. Bu, taleyin əmriymiş.

Bəli, belə-belə şeylər… Onlar Kumbel stansiyasında ilk dəfə görüşəndə kimin ağlına gələ bilərdi ki, belə olacaq!.. Yedigeyi beyin sarsıntısından sonra ordudan qırx dördün axırında tərxis elədilər. Qıraqdan baxan deyərdi ki, nə var, sağlam adamdır əl-ayağı yerində, başı da üstündə, başı üstündə olmağına üstündəydi, amma, di gəl ki, elə bil, özünün deyildi. Qulaqlarında səs vardı, aramsız külək uğultusu kimi. Bir neçə addım gedən kimi səndələyir, başı hərlənir, ürəyi bulanır, həm də bərk tərləyirdi, onu gah isti, gah da soyuq tər basırdı. Bəzən dili də söz tutmurdu – bir kəlmə kəsmək ona asan başa gəlmirdi. Alman mərmisinin partlayış dalğası onu möhkəmcə sarsıtmışdı. Öldürməyinə öldürməmişdi, amma belə yaşamağın da bir mənası yoxdu. Onda Yedigey tamam ruhdan düşmüşdü. Elə tutaq ki, qayıtdı evlərinə – Aral dənizi sahilinə görkəmcə cavan, sağlam, di gəl ki nə iş görəcək, nəyə yarayacaq? Xoşbəxtlikdən bəxtinə yaxşı həkim çıxmışdı. Əslində, onu heç müalicə də eləmədi, eləcə müayinədən keçirtdi, qulaq asdı, yoxladı, indi də gözünün qabağındadır, əynində ağ xalat, başında həkim papağı, yekəburun, güləşgözlü, zorba kürən bir kişiydi, gülə-gülə onun çiyninə şappıldadıb dedi:

– Görürsən də, qardaş, daha davanın axırına bir şey qalmayıb, yoxsa səni təzədən orduya qaytarardım, hələ bir az da vuruşardın. Daha keçib, sənsiz də qələbəyə çatırıq. Amma sən ürəyini lap buz kimi elə, bircə ildən sonra, bəlkə də, daha tez, hər şey öz qaydasında olacaq, lap kəl kimi sağlam olacaqsan. Bax, mənim bu sözümü yadda saxla, vaxt gələr özün görərsən. İndisə şələ-küləni yığışdır, qayıt dədə-baba yurduna. Özü də heç fikir-zad eləmə. Sənin kimilər yüz il yaşayırlar…

Elə o kürən həkimin dediyi kimi də oldu. Düzdür ey, dildə bircə il deməyə nə var! Bəs hospitaldan necə çıxmışdı? Əynində əzik-üzük şinel, çiynində əsgər torbası…

Ehtiyat üçün qoltuq ağacı da vermişdilər şəhərə çıxanda, elə bil, qalın meşəyə düşdü. Başı uğuldayır, ayaqları əsir, gözləri qaralırdı. Vağzallarda, qatarlarda da ki kimin nə borcuna, camaat qarışqa kimi, zoru çatan dürtür özünü qabağa, səni də itələyir qırağa. Axır ki, birtəhər gətirib özünü çatdırdı. Qərəz ki, bir ay sərgərdanlıqdan sonra qatar gecəykən Aralsk stansiyasında dayandı. “Beş yüz yeddinci kefcil” deyərdilər o “məşhur” qatara, kaş Allah heç vaxt heç kimə belə qatarlarda getməyi qismət eləməsin…

O vaxt beləsinə də şükür eləyirdi. Qaranlıqda vaqondan düşdü. Elə bil, dağdan endi, döyüküb dayandı, göz gözü görmürdü, təkcə adda-budda stansiya işıqlarının işartısı gəlirdi. Küləkli havaydı. Onu qarşılayan da bu külək oldu. Doğma, öz Aralının küləyi idi! Elə bil, üzünə dəniz çiləndi. O vaxtlar dəniz lap yaxındaydı, dəmir yolunun böyründə ləpələnirdi. İndi heç binoklla da görmək olmur…

Nəfəsi darıxdı – çöldən Aral düzlərinin yaz oyanışından xəbər verən yapıxmış yovşan qoxusu gəlirdi. Axır ki yenə də doğma yerlərdədir!

Seçilmiş əsərləri

Подняться наверх