Читать книгу Çingiz xanın ağ buludu - Чингиз Айтматов - Страница 1

Yazıya pozu olmasa da…

Оглавление

İnanca görə, yazıya pozu yoxdur. Bununla belə, həm yaddaşı nəsildən-nəslə daşıyan mətn yazısına, həm də insanın, yaxud toplumun, millətin, bir az da o yana getsək, bəşəriyyətin alın yazısına əlavələr və düzəlişlər olur. XX əsrdə dünyanın ən tanınmış ədəbi şəxsiyyətlərindən olan Çingiz Aytmatovun 1990-cı ildə nəşr etdirdiyi “Çingiz xanın ağ buludu” əsəri mətnə əlavə – yazıya düzəliş idi (əsərin məzmununda isə alın yazısına düzəlişdən bəhs edilir). Əsər nəşr olunan vaxt artıq dünya dəyişmişdi, Sovet rejimi – şər imperiyası faktiki süqut etmiş, sosializm cəbhəsi tarmar olmuşdu.

Çingiz Aytmatov povestin təqdimatında göstərirdi ki, oxucuların mühakiməsinə verilən bu mətn romana əlavə edilmiş povestdir. Roman deyəndə ədibin ilk dəfə 1981-ci ildə nəşr etdirdiyi və bütün dünyada böyük populyarlıq qazanmış “Əsrdən uzun gün” əsəri nəzərdə tutulurdu. Müəllifin qeydlərindən aydın olurdu ki, “Çingiz xanın ağ buludu” vaxtilə həmin romanın mətnindən götürülmüş bir parçadır və əsərin taleyini hər şeyin içinə yetən senzuranın və “yuxarının fikirlərinin” inzibati qaydada həll etdiyi ideoloji diktat dövründə çap olunmasını müəllif özü mümkün hesab etməyib: “Heç də həmişə sona qədər oxunmamış mahnını oxuyub başa çatdırmaq mümkün olmurdu…”

Müəllifin bu mülahizələrinə baxmayaraq “Çingiz xanın ağ buludu” istər rusdilli oxucu auditoriyasında, istərsə də Azərbaycan ədəbi mühitində yarımçıq mahnı kimi qavranılmadı, “Əsrdən uzun gün” romanından ayrı, müstəqil mətn kimi qəbul və nəşr edildi. Elə bu kitabın nəşri də dediyimizi bir daha təsdiqləyir. Görünür, bunun başlıca səbəbi əsərin özündəki enerji ilə – qoyulan problemin çəkisi və əsərin poetik tutumu, struktur bütövlüyü ilə bağlıdır.

Çingiz Aytmatov onu da qeyd etmişdi ki, povestdə köçərilərin Çingiz xan haqqında şifahi irsindən götürülmüş, tarixi həqiqətə az uyğun olan, lakin xalqın yaddaşı barədə çox söz deyən mifdən istifadə olunmuşdur…

“Çingiz xanın ağ buludu”nda hadisələrin bir-birindən uzaq zamanlarda cərəyan etdiyi iki hekayə verilib: 1953-cü ildə – Stalinin ölümündən təxminən bir ay əvvəl “xalq düşməni” ittihamı ilə həbs edilərək arvad-uşağından, evindən-eşiyindən iraq düşən Abutalıb Quttubayovun kədər və ağrı dolu hekayəsi və Çingiz xanla bağlı Abutalıbın qələmə aldığı, başına bəla açan əfsanə. Hər iki hekayəni hökmdar və cəmiyyət problemi bir araya gətirir…

Dünyanı tutmağa, öz ordusu ilə Qərb üzərinə yürüşə çıxan Çingiz xan nə qədər ki, insan işi ilə, hökmdar, sərkərdə və fateh vəzifəsi ilə məşğul olur, yaradanın lütfü onu müşayiət və himayə edir, onu qabağa aparır. Çingiz xan göylərin ona verdiyi hökmdarlıq səlahiyyətini aşanda, təbiətin qanununa zidd çıxanda, yaradanın iradəsinə asi olanda isə göylərdən cəzasını alır.

Povestdə sevgi təbiətin pozulmaz qanunu kimi mənalandırılır. Bütün canlılar kimi insana da əzəli bir qüvvə tərəfindən doğub-törəmək, nəsil artırmaq təyinatı verilib və bu təyinatı dəyişdirmək cəhdi təbiətin qanununu pozmaq kimi mənalandırılır. Digər tərəfdən insan sevgisi həm də fədakarlıqdır, insanın öz sevdiyi uğrunda öz canından keçə bilmək, lazım gələndə ölümün üstünə şax yeriyə bilmək keyfiyyətidir. Bu keyfiyyət istənilən hökmdarın hökmündən, fatehin yürüşündən üstün və dəyərlidir.

Əsərin quruluşu, “hekayə içində hekayə” formasında yazılması zamanlar arasındakı məsafəni kifayət qədər qısaldır, əsərdə qoyulan problemin zaman sərhədlərini tanımadığını əsaslandırmağa xidmət edir. Mifik zamanda Allahın işinə qarışan hökmdarın cəzalandırılması ilə məsələ həll olunmur: hökmdarın Allahın işinə qarışması, təbiətin qanunlarının ziddinə getməsi XX əsrdə də davam edir. XX əsrdə varlığın yaradıcısı olan Allahı inkar edən cəmiyyətdə insanlar yeni Allah yaradırlar və hər şeyi onun iradəsinə tabe etməyə çalışırlar. İnsanların yaratdığı Allahın – hakimiyyətin qurduğu qurğu yaddaşı xatırladığına, əfsanəni dəftərə köçürdüyünə görə Abutalıbın başında çatlayır. XX əsrdə hakimiyyətin göz qorxutmaq, başqalarına görk etmək üçün qurduğu repressiya mexanizmi daha amansız, bu mexanizmin qurbanı olan insanlar isə daha köməksiz və aciz görünürlər. İnsanın gücü yalnız öz canına qıymağa çatır. Beləliklə, əsərdə öz sevgisi və nəslinin davamı uğrunda canından keçən insanların tarixin müxtəlif zamanlarında baş vermiş ibrətli hekayələri bir-birini tamamlayır.

“Çingiz xanın ağ buludu”nu ədəbiyyatın yaddaşında təravətli saxlayan ən mühüm keyfiyyət də, görünür, təbiət-hakimiyyət-cəmiyyət ücbucağında əbədi nizam, harmoniya axtarmasıdır. Belə duşunürəm ki, bu axtarış dünya durduqca aktual olacaq.

Məti Osmanoğlu

Çingiz xanın ağ buludu

Подняться наверх