Читать книгу Can yanğısı - Abdulla bəy Divanbəyoğlu - Страница 1

I

Оглавление

Danüzü idi. Hələ dan ulduzu batmayıb ərşi-fələkdə öz dövrünü edirdi. Mən də meşə cığırı ilə boyumdan uca otların arasından şehə bulana-bulana adət etdiyim sabah gəzməyimdən evə hərəkət edirdim. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. Meşənin hələ çoxu oyanmamışdı, quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qona-qona idarə qayğısında idilər. Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idilər. Meşənin çıxacağında təzə tülu etmiş gün, yuxudan oyanmış dilbər kimi üzümə güldü. Onu hər tərəfə sürət ilə cərəyan şüasından qamaşan gözlərimin önündə dürlü-dürlü rəngli dairəvi şeylər hasilə gəlib, dairələrini gah genişləyə-genişləyə, gah da daralda-daralda və gah da uzada-uzada bir-birini basıb çəkərək oynamağa başladılar. Köçərgi balalarına bu çox ləzzət verir!

Bunlar ilə özümü uyuda-uyuda cərgə ilə qurulmuş dəyələrimizin üstündə yastı təpənin belindəki istirahət evimə gəldim. Bura mənim sevimli yerlərimdən biri idi. Həmişə çox gəzib yorulanda burada dincimi alırdım. Böyük daşlardan düzüb, özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. Çox vaxt uşaqları başıma yığıb, bunlara nağıl söyləyib və söylədib, mahnılar oxudub, məşğul olurdum. Və yaxud sübh tezdən gəlib xəyalət atına minib, ağıl kəsər-kəsməz və fikrə sığar-sığmaz yerlərdə cövlan edirdim. Amma çox vaxt qərardan usanıb ətrafımdakı gözəl və hissiyyatımı tərpədib ruhumu cuşə gətirən mənzərələrə doyunca aşiqanə tamaşa edib, qəzanın belinə minib, rişxənd oxlarını gözlərinə çaxıb Çətin dağın daş köksünə çalıb, dərə və təpələrdə sürüyüb Göy dağdan o tərəfə Kür çayı kənarına tullayırdım.

Səhər saat altı idi. Bir qədər də oturub yenə pəhləvan kimi döşümü gərib sağ tərəfimdə duran Çətin dağa və onun qiblə tərəfindən yapışan Quzu dağına və günbatandan gündoğana cərgələşən xırdaca dağlara tamaşa etməyi qəsd etdimsə, bacarmadım. Aclıq möhkəm bədənimi tutub halımı dəyişdirdi. Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım.

Şappıltıdan damcılar günün qabağında almaz kimi parıldayırlar. Bulağın yeri çuxur olduğuna, geridən gələnlər burada olan adamı görməzlər idi. Qulağıma bir mahnı oxuyan səs dəydi. Oxuyan arvad idi. Səs gecə ötən qumru kimi oxuyurdu. Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. Canı sızıldayır və ağladığı səsinin titrəməsindən anlaşılırdı. Yumru təpənin dalından Mələk gün kimi tülu etdi: məni görüncə boğanaq kimi döyüb, yaşamağı ağzına çəkib, qönçə dəhanını gizlətdi. Lalə kimi rəng verib, rəng ala-ala bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. Bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı, hücumla çiyninə atdı, yel kimi təpənin dalına aşdı.

Mələyin qəzadan şikayət etməyə böyük haqqı var idi; sevimli nişanlısını toy üstə1 gecə oğurluqda öldürmüşdülər. Qoçaq və işgüzar qızlardan olduğuna görə qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. Mələyin könlü balaca ərinə yox idi. Sonra məlum oldu, aran köçü ikinci düşərgədə2 gecə Mələk itdi (qayıb oldu). Bir aydan sonra əmisi oğluna qoşulub qaçması xalq arasında söyləndi. Və bir az keçməmiş yəqin oldu. Bu tərəf o oğlanı tanıdı, düşmən oldular…

1

Toy etməkdən ötrü oğurluğa getdiyi üçün.

2

Aran köçü ikinci düşərgədə olanda.

Can yanğısı

Подняться наверх