Читать книгу Can yanğısı - Abdulla bəy Divanbəyoğlu - Страница 2
II
ОглавлениеAclıq mənə lap kar etmişdi, durdum ki, evimizə gedib bu arsızı doydurum. “Salam-əleyküm” səsi məni əylədi. Dönüb salama salam verəndə iki qədəm özümdən aralı bir dərviş gördüm. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. Bunu Sibiryadan qaçan hesab etdim. Mənim şəkkə düşməmi anladı. Yoxsa rusca bildiyimi bilib biletinin vaxtını bilmək istəyirdi. Onu başa düşmədim, amma əlini cibinə salıb, topuğunda yavuq oradan bir bilet çıxarıb dinməz və söyləməz mənə uzatdı. Oxuyub yenə bileti özünə qaytardım.
Üzümə baxmayaraq sordu:
– Vədə tamamına iki aydan on gün əskiyi var, öylədirmi?
– Öylədir, – cavabını məndən aldı.
Biletini bir əskiyə büküb yenə cibinə tulladı. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. Gözlərindən və üzündən bunun yuxu, məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü. Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. Saçları oyum-oyum olub dərvişin alnına tökülmüşdü. Başını yuxarı qaldırıb sönmüş gözlərini üzümə dirədi və bir azdan sonra dedi:
– Mən acam!
– Buyur, ağa dərviş, bizə, Allah verəndən nəyimiz var isə yeyərsən. – Dərvişi öz dəyəmə gətirdim. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə bununla söhbətə başlamaq qəsdi ilə sordum:
– Gərək ki, dərvişlər evlənmirlər?
Sözümü tamam etməmiş gördüm ki, dərvişin əlləri yarpaq kimi əsdi. Çörək qisməti siniyə düşdü. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçalanan kimi gözləri məşəlləndi. Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda sıxmağa başladım; bu halda tab etməyib dəyə qapısında duran itə acıqlanıb qovladım. Dərviş cavab verməyib çörək yeməyə yenə dəxi məşğul oldu. Bir-iki stəkan çay içəndən sonra mənim sualıma cavab verdi. Guya ki, sualı buna mən bu saat vermişdim. Səsi bir balaca titrədi:
– Onlara heç evlənmək lazım deyil.
– Deyirlər ki, evli olmağın, uşaq babası olub, külfət arasında ömür sürməyin özgə bir ləzzəti var.
Binəva dərvişi bu sözlər pərişan edib halını dəyişdi: bərk köksünü ötürüb bir az müddətdən sonra çox bir hiddət ilə məndən sordu:
– Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsdi-qərəzin var? Əgər mənim başıma gələndən xəbərin varsa, niyə məni söylətmək istəyirsən… Ciyər yaralarımı təzələməkdən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı?..
Bu suallar məni xeyli təəccübləndirdi. Dərvişdən belə cavab gözləmirdim. “Dərvişlər bu dünyadan əl çəkib, o dünya üçün çalışırlar”, – demək istəyirdim.
– Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. Söz dediyin bir quş kimi şeydir, ağızdan çıxdı, tutmaq və yaxud geri qaytarmaq olmaz, ancaq “əfv buyur” deyə bilərəm.
Dərviş başını döşünə salıb qaşqabağını qara bulud kimi tökdü, bir xeyli zamandan sonra yuxudan oyanmış şir kimi saçlarını silkələyib başını yuxarı çəkib başladı:
– Ey cavan, otuz ildir, mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. Nə qədər tez üzümə açılsa, o qədər özümü Allahın sadiq qullarından sanar idim. Bu gün-sabah dünya məni məhv etdiyini duydum. Mən adamam, ağıldan və fərasətdən fəyyazi-qüdrət bizi dur etməmişdi. Əzrayıl hərdənbir qanadı ilə məni çaldığını anlayıram.
Neçə il bundan əqdəm törəmiş əhvalatı unudub, özüm ilə bərabər dari-bəqayə3 aparmağa qəsd etmişdim. Dünyamı tufan, bədənimi viran edib macəranı sən bir cüft sual ilə mənim gözümün önündən keçirib yaralarımı təzələdin. Böylə sualı məndən soran olmamışdır, olsa idi, səbəbsiz, dərdimi bir kəsə söyləməzdim. Məsəldir: “Qəlb süfrə deyil ki, hər ötən-keçənə açasan…” Dərdim ürəyimdə qalıb paslanmışdı… İndi qulaq ver, gör başıma nə gəlmişdir və insan nələr çəkməyə qadirdir və nələrdən bu şahizəviyyul-həyat4 acizdir?
Qulaq ver:
– Ürəyimdə bu dərdi uzun müddətlər saxladım. Fəqət indi saxlaya bilmirəm. Çünki yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. Qulaq ver, könlümdə viranələr arasında bəslədiyim, başıma gələn qəzavü qədərlər cuşa gəlmişdir.
3
O dünyaya.
4
Burada “insan” mənasındadır.