Читать книгу Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü - Агабаба Самед оглы Рзаев - Страница 2
Redaktordan
ОглавлениеHüquq elmləri doktoru, prof. A. Q. Rzayev keçmiş Sovet İttifaqı Respublikalarında, ABŞ-da, Türkiyədə, Pakistanda, Bolqarıstanda və başqa ölkələrdə özünün siyasi və hüquq elmlərinin tarixindən bəhs edən bir sıra maraqlı elmi tədqiqatları ilə geniş şöhrət tapmış və ən çox nəşr olunan, oxunan və misal gətirilən müəlliflərdən biridir. Bu tədqiqatlar içərisində Moskvada və Bakıda nəşr olunan "Rusiya və Azərbaycanda siyasi fikir və onların qarşılıqlı əlaqəsi", "Siyasi və hüquqi nəzəriyyələrin tarixi oçerkləri" kitablarının adını xüsusilə çəkmək istəyirəm. A. Q. Rzayevin elmi ictimaiyyət tərəfindən tanınan və geniş oxucu kütləsi içərisində məşhur olan "Mirzə Kazımbəy. Dünyagörüşü", "M. F. Axundovun siyasi görüşləri", "M. F. Axundov və Qərbi Avropa siyasi-hüquqi fikirləri" kimi monoqrafiyaları da alimin böyük yaradıcılıq imkanlarına malik olduğunu göstərir. Professor yaxın illərdə nəşr olunan “İctimai-siyasi və hüquqi tədqiqatlar", "Siyasi kompromis", "Kilsə və siyasət", "Hegelin fəlsəfəsi və onun siyasi ideyalarının aktuallığı", "Milli təhlükəsizlik konsepsiyası" və başqa bu kimi kitablarda dövrün çox mühüm və aktual məsələlərinin obyektiv təhlilini vermişdir.
Prof. A. Q. Rzayevin elmi yaradıcılığında, XIII əsrin məşhur ensiklopedik alimi Nəsir əd-Din Məhəmməd ət-Tusinin siyasi görüşlərinin tədqiqi xüsusi yer tutur. Nəsir əd-Din ət Tusinin həyatı, siyasi-hüquqi görüşləri, dövlətçilik və elmi fəaliyyəti və dünyagörüşü həmişə A. Q. Rzayevin elmi axtarışlarının ən mühüm sahəsi olaraq qalır. Oxuculara təqdim olunan bu monoqrafiya N. Tusiyə və onun adı ilə bağlı olan hər şeyə müəllifin yüksək hörmətindən irəli gələn yaradıcılıq axtarışlarının davamıdır.
Nəsir əd-Din Tusinin adına və çoxəhatəli fəaliyyətinə dərin hörmət və ehtiramla yanaşmaq lazımdır. Orta əsr Şərqinin məşhur alimləri olan İbn Sina, Məhəmməd ər-Razi, Ömər Xəyyam və başqalarının arasında Nəsir əd-Din Tusi xüsusi yer tutur. Orta əsr Şərqinin bir sıra məşhur alimlərinin tələbəsi, sonralar isə bir çox görkəmli zəkaların müəllimi olmuş Nəsir əd-Din ət-Tusi uzun illər ərzində dövlətçilik və siyasi fəaliyyətlə məşğul olmuşdur. O, İsmaililər dövlətinin naziri olmuş və Ələmut qalasının bütün əzab və sevincini dərk etmişdir. İsmaililərin əlçatmaz və alınmaz "qartal yuvaları" yalnız Nəsir əd-Din Tusinin köməyi ilə monqollar tərəfindən zəbt olunmuş və darmadağın olunmuşdu. Ancaq onun məsləhəti ilə Hülaku xan 1258- ci ildə Bağdada hücum etmək qərarına gəlmişdi. Nəsir əd-Din Tusinin monqollar arasında olan hədsiz hörməti sayəsində, həmin dövrün bir çox görkəmli alimlərini ölümdən xilas etmək mümkün olmuş, minlərlə nüsxə əlyazmalarını məhv olmaqdan qorumuş və özü onları Marağaya aparmışdır. Məşhur Marağa rəsədxanasının və nəhəng elmi kitabxanasının yaradılması Nəsir əd-Din Tusinin adı ilə bağlıdır və yalnız bu fəaliyyəti onu ölməzliyə qovuşdurmuşdur.
Nəsir əd-Dinin çoxəhatəli elmi yaradıcılığı, astronomiya, həndəsə, triqonometriya və başqa dəqiq elmlərə həsr edilmiş çox saylı əsərləri, onun adını hələ Avropada elm yenicə inkişafa başladığı zaman artıq məşhur etmişdi.
Nəsir əd-Din Tusi elmin hərəkətverici böyük zəkalarından biri olmuşdur. Orta əsr elminin bir çox klassik sahələri onun nailiyyətidir.
Oxucu Nəsir əd-Din Tusinin həyat yolu, onun uzaqgörənliyi, qaynar fəaliyyəti, qayğıları və düşüncələri haqqında prof. A. Q. Rzayevin hədsiz dərəcədə maraqlı olan kitabından geniş məlumat alacaq.
İndi – öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin qaynaqlarını daha obyektiv meyarlarla araşdırmağa başladığımız bir vaxtda prof. A. Rzayevin oxucular qarşısında vərəqlənən kitabı sanki bizim zəngin keçmişimizə açılan pəncərədir. Vətəndaş yanğısı ilə yazılmış bu əsər bizim müasir elm və mədəniyyətimizin necə həyati köklərə bağlı olduğunu göstərməklə bu möhkəm təməl üzərində daha yüksək inkişafa nail olmağa hər birimizin borclu olduğumuzu bizə xatırladır. Dahi həmyerlimiz, böyük Nəsir əd-Din Tusi haqqında bu gözəl əsər, onun müəllifinə öz təşəkkürümüzü bildirməyə bizə haqq verir.
Akademik Ziya Bünyadov