Читать книгу Hə ilə yox arasinda - Альбер Камю, Albert Camus, René Char - Страница 4

RƏSSAM MƏHBƏSDƏ[2]

Оглавление

Uayld özünün “De Profundis”[3] və “Redinq məhbəsinin balladası”nı yazmazdan öncə öz həyat nümunəsi ilə cidd-cəhdlə sübut etməyə çalışıb ki, yüksək zəka və ən valehedici cazibə belə, yaradıcının doğulması üçün yetərli deyil. Buna rəğmən, Oskarın ən ülvi arzusu dahi rəssam olmaqdı və o, təkcə incəsənəti Allahın yerinə qoyduğundan, bu Allahın onun seçim imkanına etiraz etməsini heç cür ağlına sığışdıra bilmirdi. Uayld üçün iki dünya mövcud idi – məişət dünyası və incəsənət dünyası: birincisi darıxdırıcı və yeknəsəq, ikincisi isə hər zaman nadir idi. Və o, müstəsna olaraq ideal gözəlliyin şölələrində yaşamaq üçün reallıqdan üz döndərdi. Onun əsas qayğısı öz həyatını incəsənət əsərinə çevirmək və zərif harmoniyanın qanunları ilə mövcud olmaqdı.

İncəsənəti heç kəs onun qədər göylərə qaldırmayıb və heç kəs həyatının bu dönəmindəki qədər yarıtmaz rəssam olmayıb. O, gözəllik xətrinə gerçəyi qulaqardına vurub, özü isə həqiqi incəsənət ölçülərinə görə, demək olar ki, heç kim olub. Onun o zamankı yaradıcılığı elə özünün yaratdığı Dorian Qreyə bənzəyir. Məlum qəhrəmanın modeli cavanlığı və cazibəsini əvvəlki tək qoruyub-saxladığı halda, özünün sürətlə qocalması, yəqin ki, çoxunuza məlumdu. O ki qaldı, Uayldın şah əsərinə çevirmək istədiyi həyatına, “De Profundis”in ilk səhifələrindəcə bu həyata lazım gələn hökmü çıxarır. Elə öz sözlərinə görə, o, dahiliyini həyatına, istedadınısa yaradıcılığına tökmək istəyib. Şahanə aforizm Andre Jidin[4] xoşuna gəlib və bu sözləri məşhurlaşdırıb. Lakin bu, olsa-olsa, aforizmdir. Həm həyat, həm yaradıcılıq üçün elə bircə dahi, ya da istedad bəsdir. Yaradıcılıq adına saxtakarlıqla məşğul olan istedadın özünü həyatda təkcə arsız və mahiyyətsiz kimi büruzə verməyə qadir olması gün kimi aydındır. Hər axşam “Savoy”[5]da şam yeməyi yemək üçün dahi və ya kübar olmaq vacib deyil, yetər ki, pulun olsun. Andre Jid Uayldı asiyalı Vakx, Apollon, Roma imperatoru kimi təsvir edir. “Onun parlaqlığı göz deşirdi”, – belə yazır. Şəkk edən yoxdu. Lakin Uayld məhbəsdə nə deyir? “Ən böyük nöqsan səthilikdi”.

Uayldın məhkum edilməmişdən öncə yer üzündə məhbəslərin mövcudluğu barədə düşünüb-düşünməməsi, açığı, şübhə doğurur. Hətta fikirləşibsə belə, həbsxanaların onun kimilər üçün mövcud olmadığına qəti şəkildə inanıb. Üstəlik, o, hətta belə ehtimal edib ki, ədalət məhkəməsinin bircə vəzifəsi olub – o da ona, imtiyazlı cəmiyyətə xidmət etmək, axı məhz o, ilk olaraq lord Duqlasın atasına qarşı ittiham qaldırıb. Amma hadisələr gözlədiyinin əksinə cərəyan edib və məhkəmə ona iş kəsib. Qanunun ona xidmət etməsini arzulayan Uayld özü onun qarşısında diz çökmək məcburiyyətində qalıb. Bax, elə o zaman məhbəslərin mövcudluğundan xəbər tutub. Əvvəllərsə bu mövzu ona heç vaxt maraqlı olmayıb: “Savoy” sağ olsun!

Uayld əsilzadə və yüksək mövqeli qəhrəmanları tez-tez məhbəs həyatı yaşayan Şekspirə heyran olsa da, yəqin ki, bu heyranlığının fərqinə varmayıb, axı o, özü bütün niyyət və hərəkətləri ilə dustaq tayfasından uzaq durub. Əgər incəsənət onun yeganə dini-imanıdırsa, o, bunda riyakardır. Düzdür, Uayldın alicənablığını danmaq da düzgün olmazdı, istənilən halda sonda bunu sübut edib. Sadəcə, onun təsəvvürlərində bir çatışmazlıq olub, elə bu səbəbdən də yerdə qalan adamları aktyor, ya qurban deyil, müstəsna olaraq tamaşaçı şəklində görüb. Xalis dendisayağı (dendi-modabaz) təəccübləndirməyə və özünü sevdirməyə başı o qədər qarışıb ki, özünün hansısa həqiqətə məftun olmaq və ya təəccüblənmək kimi bir şansı qalmayıb. Fərq eləməz, bu həqiqət xoşbəxtliyin açarı olsa belə. Hərçənd onun əsas işi-gücü də məhz həmin xoşbəxtliyi ovlamaqdı. Ovladığı xoşbəxtliksə ona dəbdə olan dərzinin paltarları qismində gəlirdi. “Mənim əsas səhvim, – o, “De Profundis”də yazır – zənnimcə, bağın günəşli tərəfində bitən ağacların ətəyindən yapışıb, qaranlıq hissədəkiləri qulaqardına vurmağımıydı”. Amma günəş birdən batdı. Qarşısında durmağa cəsarət etdiyi məhkəmə özü onu ittiham elədi. Uğrunda yaşadığı dünya qəflətən onun həqiqi üzünü gördü: adi, elə bu səbəbdən də nifrətdoğuran tərəfini və sanki quduz it kimi zəncirdən qopdu. Qalmaqal daha böyük qalmaqal doğurdu. Başına gələnlərin fərqinə belə varmadan dustaqxanada qul vəziyyətinə düşdü. İndi köməyinə kim gələcək? Onun dəbdəbəli həyatı – yeganə reallığı idi və deməli, bu reallığın özü onu dəmir barmaqlıqlar arxasına atmışdı. Əgər yalnız meşənin günəş tutan yerində yaşamaq mümkünsə, deməli, üfunətli qaranlıqda ümidsizlikdən ölməli idi. Lakin insan ölmək üçün yaradılmayıb, elə buna görə də o, qaranlıqdan yüksəkdədir. Uayld da həyatı seçdi, hərçənd bununla yanaşı, həm də iztirabı, çünki məhz bu iztirabda həyatın xeyrinə hansısa sübutlar tapa bildi. “Heç bilirsiniz, – illər sonra Andre Jidə belə söyləmişdi – mənə mərhəmət göstərməklə intihardan xilas elədilər”. İztirab çəkən insanın ürəyinə yol tapan mərhəmət imtiyazlı kəslərdən deyil, yalnız elə onunla birgə əzab çəkənlərdən gələ bilər. Məhbəs həyətində Uayldın ardınca addımlayan naməlum bir məhbus gözlənilmədən pıçıldamışdı: “Oskar Uayld, sizə yazığım gəlir, çünki yəqin ki, bizdən daha artıq əziyyət çəkirsiniz”. Sarsılmış Uayld “yox” cavabı vermiş və “burada hər kəsin eyni səviyyədə əzab çəkdiyini” söyləmişdi. Uayldın həmin an əvvəllər heç ağlının ucundan belə keçirmədiyi xoşbəxtliyin dadına baxdığını söyləsəm, görəsən, yanılmaram ki? Tənhalığı başa çatmışdı. Cəmiyyətdən olan ağa məhbəsə düşüb və hələ başına gələnlərin kabus, ya gerçək olmasının belə fərqinə varmamış qəflətən hər şeyi öz yerinə qoyan işıq görür. Onun utanası heç nəyi yoxdu, yalnız bircə şeydən başqa – hərçənd bu biri belə hər şeyə bəs edir – nə vaxtsa şam işığında axşam yeməyinə yollanmazdan öncə sağını-solunu ittiham edən və tələsik mühakimələr çıxaran dünyanın cinayət yoldaşı olub. O, qardaşlarının “Ris”də[6] yaşayanların deyil, dustaqxana həyətində dövrə vurarkən arxasında vasitəsiz ifadələr işlədən şəxs (“Redinq məhbəsinin balladası” məhz onun üçün yazılıb) olduğunu bilir. “Mənimlə birgə bu dəhşətli yerin divarlarına məhkum edilmiş biçarələr arasında rəmzi də olsa həyatın sirri ilə bağlı olmayan bir nəfər də tapılmaz” – Uayld özünün ən yelbeyin tanışlarından birinə yazır[7]

3

1905-ci ildə, Oskar Uayldın ölümündən sonra çap olunmuş məhbəs tövbəsi; essedə bir neçə dəfə bu mətndən istifadə olunacaq

4

Andre Jid məlum ifadəni özünün O.Uayld haqqında yazdığı “Inmemoriam” (1901) oçerkində işlədib. Bu oçerkin mətnindən məlum məqalədə də istifadə olunub.

5

Londonda restoran

6

Ris – Avropanın müxtəlif şəhərlərində mehmanxana şəbəkəsi.

7

Yelbeyin dedikdə tövbənin ünvanlandığı lord Alfred Duqlas nəzərdə tutulur.

Hə ilə yox arasinda

Подняться наверх