Описание книги
 Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım.      – Eşidirəm.  – Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim.  – Hmm-m, – dedim, – Selin…  – Mən Selini axtarıram, – qadın dedi. – O, mənə lazımdır.      Səsinin çılğınlığı ona olan marağımı artırdı.  – Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm…  – Şalvarınızın miyançasını bağlayın.     Şalvarıma baxdım.  – Hardan bildiniz qabağı açıqdır? – soruşdum.  – İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır.  – O, ölüb axı…  – Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır.  – Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə?  – Ay səfeh, gicləmə, Selin yaşayır.  – Harda yaşayır?  – Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır.  – Elə isə, özünüz niyə tapmırsınız?  – Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır.  – Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki?  – Con Barton məsləhət gördü.  – Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm.  – Bir neçə dəqiqədən sonra sizdə olacam, – o, dedi.     Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.             
        