Читать книгу Tom dayının daxması - Гарриет Бичер-Стоу, K. McDowell Rice, Harriyet Biçer-Stou - Страница 1

Оглавление

Harriyet Biçer-Stou

Tom dayının daxması

roman

UŞAQLIQDA OXUYA BİLMƏDİYİM KİTAB

Bu kitabı uşaqlıq və yeniyetməlik çağlarında oxumaq mənim yaşıdlarıma nəsib olmayıb. Qara qullar dünyası haqqında az eşitməmişdik, xüsusilə ötən əsrlərin yeni zamanla – 1917-ci ilin oktyabr ayından sonrakı dövrlə müqayisələrində… Tarixin ən qədim çağlarına da 1917-ci ilin pəncərəsindən baxırdılar və bizə təlqin etməyə çalışırdılar ki, yeni inqilab ölkədə, dünyanın çox yerində zülmün, əsarətin kökünü kəsib, işıqlı günlərə çıxmışıq, “Kommunizm” deyilən cəmiyyət isə… dağların arxasında deyil, əlimizi uzatsaq, çatacaq… Əlbəttə, o şüarlarda, çıxışlarda, yazılarda inandığımız həqiqətlər də vardı, gerçəkliyi ağla batmayan, fəqət susasusa dinlədiyimiz boş əfsanələr, cəfəngiyatlar da.

Dahi Nizami Gəncəvini, Vilyam Şekspiri oxuyurduq. Məhəmməd Füzulini öyrənirdik, Şah İsmayıl Xətainin şeirlərini axtarırdıq (“Şah” sözünə güllə atılan vaxtlar idi), Cəlil Məm-mədquluzadənin “Ölülər”, “Anamın kitabı”, Mirzə Ələkbər Sa-birin “Fəxriyyə”si üzərində düşünürdük, “Kitabi-Dədə Qorqud”-dan başlamış “Koroğlu”ya, “Qaçaq Nəb”yəcən neçə min illik söz incilərimiz parçadan tikilmiş aşırmalı çantalarımıza sığmırdı. Anlayırdıq ki, tarix bu günə addım-addım gəlib çıxıb. Dünyanın həmişə mərdləri də olub, namərdləri də, Xeyirlə Şər üz-üzə dayanıb, Zalımla Məzlum, Ağa ilə Qul lap bineyi-qədimdən vuruşublar və bu vuruş, bu duel bitən deyil, “bu gün də var, yarın da”.

Anlayırdıq ki, qocaman tarixin bütün mərhələlərində müdrik adamlar, humanist insanlar yaşadığı ölkənin siyasi fəaliyyət istiqamətindən, özünün milliyyətindən, irqindən, ictimai keçmişindən asılı olmayaraq zülmə, ədalətsizliyə qarşı vuruşublar və bu yolda şəhid olanlar az deyil.

Belə düşünürdük, belə böyüyürdük.

Yaşıdlarımın uşaqlıq çağları volyuntarizm şüarlarını, gop-kələk çağırışlarını dinlədi. Amerika Birləşmiş Ştatları adlı nəhəng ölkə dinlədiyimiz bütün məruzələrdə, çıxışlarda, oxuduğumuz qəzetlərdə pislənir, zalımlar, təcavüzkarlar qazanı sayılırdı. Bir yandan da, yeni şüarlar çıxdı meydana və uzun müddət səsləndi: “ABŞ-a çatmaq və onu ötüb keçmək”, “1990-cı ildə Kommunizm qurmaq!”. İçimizdə çox götür-qoy elədik: “zalımlığa” və “təcavüzkarlığa” çatmaq? Məgər indi ABŞ-da kommunizmdir ki, belə “sürət” götürmüşük?

O illərdə Amerika yazıçılarından ana dilimizə az-çox tərcümə olunan Mark Tven, Teodor Drayzer, Cek London və Ernest Heminquey idi. “Şahzadə və dilənçi”ni, “Amerika faciəsi” və “Dahi”ni, “Martin İden”i, “Qoca və dəniz”i vərəqlədikcə etiraz harayımızı ucalda bilməsək də, məruzələrdə, çıxışlarda eşitdiklərimizə, qəzetlərdə oxuduqlarımıza öz içimizdə gülürdük: bəlkə bu böyük yazıçıları da oktyabr inqilabı “ezam eləyib” Amerika Birləşmiş Ştatlarına?

Və yenə çox təəssüf eləyirəm ki, mənim yaşıdlarım keçən əsrin böyük Amerika qadın yazıçısı Harriyet Biçer-Stounun kişi əli, kişi hünəri, kişi qeyrətiylə yazdığı “Tom dayının daxması” romanını vaxtında oxuya bilmədilər.

H.Biçer-Stou 1811-ci ildə Konnektikut ştatının Liçfild şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası məşhur vaiz olsa da, uşaqlarını dini kitablara yaxın buraxmamışdır. Tale yenə Harriyeti yeni ailə həyatında yenə din adamıyla görüşdürmüşdür. O, 1836-cı ildə ilahiyyat seminariyasının müəllimi Kelvin Stouya ərə getmişdir. Altı uşaq böyüdən ailə həmişə ehtiyac və qayğılar içində yaşasa da, Harriyet qələmdən heç vaxt ayrılmamış, iyirmi üç yaşında ikən çap etdirdiyi “Yeni ingilis həyatından oçerk” yazısından başlayaraq, ədəbi fəaliyyətini ardıcıl davam etdirmişdir. “Meyflauer, yaxud poliqrimlərin əxlaqı və xarakterləri oçerkləri” toplusundan sonra dahiyanə “Tom dayının daxması” romanını (1852) yazmışdır.

İlk gənclik illərində Kentukkiyə gələn Harriyet qul zəncilərin ağır, dəhşətli həyatını kədərlə müşahidə etmiş, qaçqın kölələrə yardım göstərmiş, bu məzlumların zəhmətini yüngülləşdirmək – adi insan kimi yaşamaq uğrunda mübarizəyə qoşulmuşdur. “Tom dayının daxması” romanı adi təsvirlərdən ibarət süjet deyil. Yazıçının köləliyə qarşı fəryadıdır. Yazıçıya görə, quldarlıq ümumxalq faciəsidir və bütün xalq bu faciədən çıxmağa can atmalıdır.

Əlbəttə, köləlik dünyasının eybəcərliklərini cəsarətlə açan belə kəskin süjetli roman ilk dəfə çap olunandan sonra hamı tərəfindən obyektiv, yekdil müsbət fikirlə qiymətləndirilə bilməzdi. Yazıçıya ittihamlar yağdıranlar, onun təsvirlərinin real həyatdan aralı düşdüyünü irad tutanlar da vardı. Buna görə də Harriyet Biçer-Stou əlacsız qalıb, müvafiq mətbuat məlumatlarını, hətta məhkəmə protokollarını, şəxsi məktubları və sair sənədləri toplayıb “Tom dayının daxmasına açar” kitabını (1853) yazır.

Qulların azadlıq problemi H.Biçer-Stounun yaradıcılığında “Tom dayının daxması” romanı ilə bitmir. 1856-cı ildə qələmə aldığı “Dred, yaxud lənətlənmiş dərin bataqlıq haqqında povest” əsərində müəllif plantasiya sahiblərinin maariflənməsi, humanistləşməsi yoluyla zəncilərin həyatının yaxşılaşmasına inamını itirir. Çünki romanda göstərildiyi kimi, humanist, xeyirxah bir plantasiyaçı qəflətən ölə bilər (romanın qəhrəmanı Nina Qordonun taleyi kimi), onun yerini zalım plantasiyaçı tutar. Ayrı-ayrı plantasiyaçıların xeyirxahlığı və humanizmi zənci qulların ağır problemlərini həll edə bilməz. Bəs çıxış yolu nədədir? Qiyamda! Üsyanda! Deməli, qan tökülməlidir?! Bu məqamda yazıçı humanist mövqe tutur, hökuməti zənci qulların azadlığını təmin etmək üçün təcili tədbirlər görməyə çağırır.

Hər iki roman qısa müddətdə Avropaya da, Asiyaya da yayılır və yazıçıya dünya şöhrəti qazandırır. Və bu şöhrətin, po-pulyarlığın ardınca yazıçı qadın ağır mənəvi sarsıntılar keçirir – böyük oğlu “günahını boynuna almayan günahkar” kimi qətl edilir.

Əsrinin altımış-yetmişinci illərində qələmə aldığı “Müqəddəsin elçiliyi”, “Orr adasının ağsaqqalları” və başqa əsərlərində yenə ingilis mövzusuna qayıdır, “Ledi Bayornun bəraəti” pamfleti ədəbi hadisə kimi qarşılanır.

“Arvadım və mən” (1871), “Ağ-çəhrayı istibdad” (1871), “Biz və bizim qonşular” (1875), “Poqenaklar ailəsi” (1878) roman və povestləri nisbətən sakit reaksiya doğurur. Bu əsərlərin süjetlərində Biçer–Stou yaradıcılığına xas olmayan bədbinlik duyulur, bəzən oxucunu yoran həddindən çox faciələr, ölümlər təsvir olunur. Böyük yazıçının keçdiyi əzablı yolların, həyəcanların, ehtiyacların, oğul itkisinin sənətdə əks-sədasıydımı həmin təsvirlər – faciələr və ölümlər?! Ona görəmi böyük yazıçı ömrünün son illərində Floridadakı şəxsi villasında öz arzusuyla tək-tənha yaşayır?

Harriyet Biçer-Stounu dünyaya tanıdan “Tom dayının daxması” romanı yarandığı vaxtdan indiyədək ciddi mübahisələr, təzadlı münasibətlər doğurmuşdur. Təkcə 1852-1855-ci illərdə Cənubi Amerika yazıçıları, hətta “savadlı” zənci qələm sahibləri “Tom dayıya “qarşı” on dörd roman” yazmışlar. Bu əsərlərin müəllifləri H.Biçer-Stounun real təsvirlərini, canlı müşahidələrini, əsl sənətkar təxəyyülünü cəfəngiyat sayır, onu mövcud cəmiyyətə qarşı amansızlıqda, həddini aşmaqda, hadisələri şişirtməkdə, hətta sentimentallıqda günahlandırırdılar. Bizim əsrdə də belə məntiqsiz, mövzusuz ittihamlar çox olub və lap qəribəsi budur ki, yaşadığımız günlərədək davam eləyir. (C.Fernes “Əlvida, Tom dayı” (1956), L.Fidlər “Nə ədəbiyyatıdı?” (1982), C.P.Tomkins ”Sentimentallıq hakimiyyəti: “Tom dayının daxması” və ədəbiyyat tarixi siyasəti” (1985) və s.)

Amerika Birləşmiş Ştatlarının zənci əhalisinin özünü milli dərketmə prosesi fəallaşdıqca, milli şüuru artdıqca da bu ölməz əsərə öz babalarının – milli keçmişlərinin təhqiri kimi baxanlar da tapılır və beləliklə, bir sıra Afrika-Amerika yazıçılarının yeni etirazları, yeni tənqidi yazıları gəlir dünyaya.

Amma nə edəsən – həqiqət, canyanğısıyla, istedadla qələmə alınanda yalnız yaşanmış günlərin bədii əksi deyil, həm də bu günün, sabahın gerçəkliyidir. Məgər biz yaşadığımız günlərdə – bəşəriyyətin sivilizasiyası saydığımız iyirminci əsrin sahillərində amansız haqsızlıqların, ağlasığmaz vəhşiliklərin, mənəvi və fiziki terrorların, milli soyqırımlarının şahidi olmuruqmu? Və bu cinayətləri törədənlər borclarını ödəmək üçün Tom dayını satan “humanist”, “insanpərvər” Şelbidən, zəncilərin azad olunmasını vəsiyyət eləyib can verən balaca qızı Yevangelinanın axır yalvarışını da tez unudan Sən Klerdən və ya insan qənimi Leqridən nə ilə fərqlənirlər? Və yaxud, bu romandakı qaçqınlıq, didərginlik səhnələrindəki amansızlıq, zülm, soyqırımı ikicə il bundan qabaq indi “ermənistan” deyilən respublikaya daxil edilmiş qədim Azərbaycan torpaqlarından – Zəngəzurdan, Göyçədən, Zəngibasardan, Vədibasardan, Ağababadan… min illik dədə-baba yurdlarından min cür vəhşiliklə, min cür ölümlə qovulan yurddaşlarımızın başlarına açılan müsibətlərin eyni deyilmi?

Mən romanın təsirli süjet xətti, qəhrəmanların taleləri haqqında danışmadım. İstəyirəm uşaqlar, yeniyetmələr əsəri bütünlüklə oxusunlar, özləri nəticə çıxarsınlar.

“Tom dayının daxması” yalnız dünənin və bu günün deyil, həm də sabahın kitabıdır!

Roman Azərbaycan dilində bütünlüklə ilk dəfə çap olunur. İxtisar edilmiş variantı 1986-cı ildə 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası”na daxil edilmişdir (Voyniç, Biçer-Stou cildi). Tom dayı ondan çox-çox öncə – 1951-ci ildə mükəddər taleyi, mühiti ilə Azərbaycan səhnəsinə gəlib, yenə Tamaşaçılar Teatrında uzun müddət göstərilib.

“Tom dayı” yalnız uşaqlar və yeniyetmələrin deyil, həm də böyüklərin kitabıdır. Amma yenə təəssüflənirəm, yaşıdlarım kimi mən də bu ölməz əsəri uşaqlıq və yeniyetməlik çağlarında oxuya bilməmişəm.

Hidayət 1991

I FƏSİL

OXUCU “HUMANİST” ADAMLA TANIŞ OLACAQ

Soyuq fevral günlərinin birində Kentukki* ştatının P. şəhərində zəngin bəzədilmiş qəşəng yemək otağında iki centlmen stol arxasında əyləşmişdi, masanın üstünə bir şüşə şərab qoyulmuşdu. Otaqda xidmətçi gözə dəymirdi və onlar bir-birinə yaxın oturub, görünür, hansısa çox vacib bir məsələni müzakirə edirdilər.

Münasib olsun deyə, biz onların hər ikisini centlmen adlandırdıq. Lakin, əslində, onlardan biri bu anlayışa tam uyğun gəlmirdi. O, yöndəmsiz, kobud üzlü, törə, şişman bir adam idi. Sırtıq ədaları nəyin bahasına olursa-olsun, cəmiyyətin yüksək dairələrinə soxulmağa can atan aşağı zümrə adamı olmasından xəbər vərirdi. Geyimi çox bayağıydı: alabəzək jileti və naşılıqla bağlanmış xallı göy yaxalığı onun ümumi görkəmini yaxşı tamamlayırdı. Yoğun, cod barmaqlarını qaşlı üzüklərlə bəzəmişdi. Qızğın söhbət edəndə iri, rəngbərəng breloklar düzülmüş uzun qızıl saat zəncirini, özündən razı halda, əlində oynadır və bu cingiltidən xoşhal olurdu.

Bu adamın söhbətində də nəzakətdən, ədəb-ərkandan əsər-əlamət yox idi, nitqi elə qaba ifadələrlə süslənmişdi ki, tam təfərrüata varmağa çalışmağımıza baxmayaraq, burda onlardan nümunə gətirə bilməyəcəyik.

Onun həmsöhbəti mister Şelbi əsl centlmen təsiri bağışlayırdı, evin cah-calalı isə göstərirdi ki, sahibləri nəinki puldan korluq çəkmir, əksinə çox böyük var-dövlət içində ömür-gün sürürlər.

Qeyd etdiyimiz kimi, masa arxasında əyləşən kişilər ciddi bir söhbətlə məşğuldular.

– Mən istərdim ki, bu işi elə bu cür yoluna qoyaq, – mister Şelbi dedi.

– Xeyr, belə görürəm, deyəsən, mən sizinlə heç cür alver edə bilməyəcəyəm! Dil tapa bilmirik, mister Şelbi, qətiyyən dil tapa bilmirik.                                           Qonaq konyak dolu badəni qaldırıb işığa tutdu.

– Müsaidənizlə, Heyli! Tom bu pula dəyər. Onu başqa zəncilərə tay tutmayın: etibarlı, namuslu, fərasətli zəncidir. Mənim təsərrüfatım onun nəzarəti altında saat kimi işləyir.

– Namusludur, axı, bu zənci namusluluğudur, – Heyli badəsinə konyak süzüb irişdi.

– Xeyr! Onun düzlüyünə, namusuna heç bir şəkk-şübhə ola bilməz. Tom xeyirxahdır, ağıllıdır. Mömin bir zəncidir. O, dörd il əvvəl kilsəyə qəbul olunub; elə o vaxtdan mən ona hər şeyi etibar edirəm: pulu, evi, atları. O mənim təsərrüfatımda hər yerdə sərbəst gəzib dolaşır. Bir dəfə də olsun, onun təmizliyinə və sədaqətinə şübhə etmək ağlıma gəlməyib.

– Çoxları danışır ki, guya Yer üzündə əslində mömin zənci yoxdur, ancaq, məncə, bu doğru deyil, – Heyli etimadla dillənib əlini yellədi. – Bu il Orleana apardığım sonuncu dəstədə biri vardı. Dini mahnılar oxudu, ləzzət elədi! Sanki ibadət mərasiminə düşmüşdük! Özü də elə üzüyola, elə başıaşağı zənciydi ki… Ondan pis qazanmadım. Bir nəfərdən ucuz qiymətə almışdım, biçarə bütün var–yoxunu dəyər-dəyməzinə satmağa məcbur olmuşdu, xalis gəlirim altı yüz dollar oldu. Əlbəttə! Mal əgər yaxşı maldırsa, möminliyi də qiymətli keyfiyyətdir.

– Arxayın ola bilərsiniz, Tom bu sarıdan, doğrudan, qiymətlidir, – mister Şelbi dedi, – Bir özünüz fikirləşin, keçən payız onu Tsinsinnatiyə bir iş üçün göndərmişdim, ordan mənə beş yüz dollar gətirməliydi. Gedəndə ona dedim: “Tom! Sənə inanıram, xaçpərəstə inandığım kimi inanıram. Bilirəm ki, sən öz ağanı aldatmazsan”. Və o qayıdıb yenə evə gəldi. Bəzi əclaflar olub, istəyiblər dilə tutsunlar onu: “Tom, gərək qaçıb gedəydin Kanadaya!”*. “Yox, bacarmaram, – Tom cavab verib, – ağam mənə inanır”. Mən bunu sonradan bildim. Sözün düzü, Tomdan ayrılmaq mənimçün çox ağırdır. O mənim bütün borclarımın ödənci kimi getməlidir, azca insafınız olsa, Heyli, haqq–hesabı bitmiş hesab edərsiniz.

– İnsaf məndə bizim tacir qardaşımıza lazım olan qədərdir, daha doğrusu, çox azdır, – Heyli zarafata saldı, – Dostlarınsa qulluğunda həmişə hazıram. Lakin siz məndən həddən artıq güzəşt tələb edirsiz, həddən artıq! O, kədərlə köks ötürüb, yenidən badəsinə konyak süzdü.

– Yaxşı, siz nə təklif edirsiniz, Heyli? – mister Şelbi narahat sükutdan sonra soruşdu.

– Sizdə Torna əlavə oğlan, ya qız uşağı tapılmazmı?

– Hm, xeyr, olanımız budur. Ümumiyyətlə isə, bu işə məni çıxılmaz vəziyyət vadar edir. Öz zəncilərimi satmaq mənimçün olduqca xoşagəlməz bir işdir.

Bu vaxt qapı açıldı və otağa üç-beş yaşlarında qəşəng kvarteron** oğlan uşağı daxil oldu. Çox sevimli məxluq idi. Qara ipək saçlarının zərif burumları zənəxdanlı üzünü haşiyələmişdi. İşıqlı, iri qara gözləri yumşaq, uzun kirpiklərin arasından maraqla böyür-başına baxırdı. Əyninə yaxşı oturan, qırmızı-sarı şotlandkadan tikilmiş paltarı onu xüsusilə qəşəng göstərirdi. Hər halda, bir ürəksizlik, cəsarətsizlik hiss olunsa da, ədalarındakı məzəli qətiyyət, onun hamının qayğısına öyrəşməsindən və ərköyünlüyündən xəbər verirdi.

– Ey, qaraca! – Mister Şelbi fışqırıqlayıb onu çağırdı və bir üzüm salxımı tulladı. – Tut!

Uşaq sahibkarın qəhqəhələri altında ona atılan payın dalınca götürüldü.

– Bir bura gəl, görüm, qaraca, – mister Şelbi səsini qaldırdı.

Oğlan ona tərəf qaçdı. Ağa uşağın buruq saçlarına sığal çəkdi, çənəsini qıdıqladı.

– Necə oxuyursan, rəqs edirsən, bir göstər görüm centlmenə. Uşaq melodiyanı qollarıyla, ayaqlarıyla və bütün bədəninin məzəli, oynaq hərəkətləriylə müşayiət edərək, aydın, zil səslə şıltaq bir zənci mahnısı oxudu.

– Əhsən! – Heyli ona bir portağal dilimi ataraq qışqırdı.

– İndi isə göstər, görək, Kaco əmi yeli tutanda necə yeriyir? – Mister Şelbi dilləndi.

Oğlanın plastik bədəni bir andaca dəyişdi: o donqarlanıb kədərlə üz-gözünü büzüşdürdü və ağasının əl ağacını götürərək, sağa-sola tüpürə-tüpürə, qocalarsayağı axsaya-axsaya otaqda o baş-bu başa gəzinməyə başladı.

Centlmenlər uğundular.

– İndi də, qaraca, Elder Robinson babanı yamsıla görüm, o, zəbur surəsini necə oxuyur?

Uşağın koppuş sifəti uzandı və o, son dərəcə ciddi bir görkəm alaraq burnunda dua melodiyasını zümzümə eləməyə başladı.

– Əhsən, əhsən! – Heyli ucadan səsləndi. – Bu uşağın parlaq gələcəyi var. Bilirsinizmi nə var? – O, birdən mister Şelbinin çiyinlərini şappıldatdı. – Verin bunu mənə, Tomun üstündə – vəssalam! Bununla da haqq-hesabı çürüdək.

Bu əsnada qapı səssizcə aralandı və otağa iyirmi beş yaşlarında kvarteron qadın daxil oldu.

Gözlərini qadından çəkib oğlana baxmaq kifayətdi ki, onun bu uşağın anası olduğunu yəqin edəsən. İri qara gözlər, uzun kirpiklər, qapqara, ipək, dalğalı saçlar eynən oğlanınkı idi.

– Nə lazımdır, Eliza? – Ağa soruşdu. Qadın ayaq saxlayıb tərəddüdlə ona baxdı.

– Bağışlayın, ser, mən Harrini axtarıram.

Oğlan anasına sarı yüyürüb, ətəyinə yığdığı qəniməti ona göstərdi:

– Odur, apara bilərsən, – mister Şelbi dedi. Qadın uşağın əlindən tutub tələsik otaqdan çıxdı.

– Lənətə gələsən, şeytan! – Vəcdə gəlmiş qul alverçisi mister Şelbiyə sarı döndü. – Orleanda belə gözəldən əməlli-başlı qazanmaq olar! Sizin bu gözəldən heç də artıq olmayan qadınları gözlərimin qabağındaca min dollara satırdılar.

– Mən Elizanı satmaq fikrində deyiləm, – mister Şelbi ötkəmliklə dilləndi və söhbəti dəyişmək üçün təzə şərab şüşəsi çıxarıb ağzını açdı, Heylidən onu xoşlayıb–xoşlamadığını soruşdu.

– Əladır, ser! Birinci növ! – Qul alverçisi cavab verdi, sonra ədayla mister Şelbinin çiyinlərini şappıldadaraq əlavə etdi: – Yaxşı, bu gözəl üçün nə qədər istəyirsiniz? Sövdələşək? Qiymətinizi deyin.

– O satılmayacaq, mister Heyli, – Şelbi dedi. – Lap qızıl da versəniz, mənim arvadım ondan ayrılan deyil.

– E-e, qadınlar həmişə belə deyirlər, çünki qızılın qiymətini anlamırlar. Bu pullara nə qədər saat, dəvəquşu lələyi, cürbəcür bər-bəzək almaq olar? Bunu başa salanda isə o saat sözlərini geri götürürlər.

– Bu barədə heç danışmağa dəyməz, Heyli. Yox, dedimsə qurtardı, baş tutan iş deyil, – Şelbi qətiyyətlə təklifi rədd etdi.

– Yaxşı, heç olmazsa, oğlanı verin, – qul alverçisi təkid elədi. Özünüz görürsüz ki, mən qiymətə görə çənə-boğaz eləmirəm.

– O sizin nəyinizə lazımdır, axı? – Şelbi ucadan səsləndi.

– Mənim bir dostum var, o bu cür qanışirin oğlan uşaqları alır. Uşaqlar böyüyüb boya-başa çatır, o da aparıb bazarda satır. Bunlar əlbəttə, bəzək əşyasından başqa bir şey deyillər, onları çox vaxt lakeyliyə götürürlər. Qiyməti isə bahadı, ancaq varlılar ala bilir. Lakin o vaxt ki, qəşəng bir lakey qapını qonaqların üzünə açır, məclisə qulluq eləyir, bu, bilirsiz sizin ziyafət salonlarınıza necə əvəzsiz bir zinətdir?! Belələrindən yaxşı gəlir götürmək olar, bu şeytan balası da elə zirək, elə xoşavazdır ki, lap xas maldır.

– Mən onu satmaq istəməzdim, – mister Şelbi fikirli-fikirli dilləndi. – Məsələ burasındadır ki, ser, bir humanist adam kimi, mən uşağı anasından ayıra bilmərəm.

– Belə de! Əlbəttə, mən sizi başa düşürəm. Hərdən qadınlara baş qoşmayasan gərək. Doğrudur, göz yaşları, nalə-şüvən ağırdır! Çox ağırdır! Ancaq, ser, mən işi elə düzüb qoşaram ki, bunlarsız ötüşərik. Siz qadını bir günlüyə, ya bir həftəliyə başqa yerə yollayın, bununla da hər şey sakitcə, səssiz-səmirsiz öz yoluna düşəcək. Evə qayıdanda isə, artıq iş-işdən keçmiş olacaq. Arvadınız ona sırğa bağışlar, təzə paltar, ya da nəsə xırda-xuruş bir şey verər, bununla da o təsəlli tapıb ovunar.

– Çətin ağlım kəsir.

– Əşi, qurtarın görək! Zənciləri ağlarla bir tutmayın. Əgər işin çəmini tapsan, onlardan hər şeyi bir andaca qamarlamaq olar. Bəziləri deyir… – Heyli məhrəmliklə səsini alçaldıb davam etdi, – Bəziləri deyir ki, guya bizim işimizdə adam qəddarlaşır. Məncə, belə deyil. Başqaları neyləyir? Uşağı anasının əlindən qoparıb gözünün qabağındaca satışa qoyurlar, ana isə şüvən qoparır. Mən o cür eləmərəm. Elə iş görməzlər. Bu, sadəcə malı öldürməkdir. Bundan sonra bəzi qadınlar işləyə də bilmirlər. Yadımdadır. Orleanda biri vardı, dünya gözəli idi, belə rəftarın qurbanı oldu. Alıcı uşağı yox, təkcə ananı aldı. Qadın isə hərarətli, dəlisov idi, kəndir kimiydi. Bərk-bərk uşağa sarılmışdı, az qala boğub öldürəcəkdi. Yadıma düşəndə dəhşətə gəlirəm! Axırı ki, uşağı ondan qopardılar, özünü də damladılar. O, həbsxanada dəli oldu, bir həftədən sonra isə öldü. Min dollar batdı, axı niyə? Ona görə ki, rəftar eləməyi bacarmırlar. Yox, ser, belə yerdə xoş rəftar lazımdı. Bunu mən öz təcrübəmdən bilirəm. – Qul alverçisi stulun söykənəcəyinə yayxanıb, təkəbbürlə əllərini sinəsində çarpazladı.

Bu söhbət, görünür, Heyli üçün az əhəmiyyət kəsb eləmirdi. Düşüncələr içində portağal təmizləyən mister Şelbinin cavabını gözləmədən sözünə davam etdi, sanki o, gerçəkliyə nüfuz etmək meylini cilovlaya bilmədiyinə görə bir neçə kəlmə də əlavə etmək məcburiyyətində qalmışdı.

– Özünü tərifləmək yaxşı deyil, lakin gərək olanı deyəsən. Nahaq yerə demirlər ki, Heylinin zəncilərinin bir neçəsi yox, hamısı sayseçmədir, tox, sakit, biri birindən yaxşı. Özləri də başqalarına baxanda uzunömürlüdürlər. Bax, sanballı iş buna deyərlər, ser! Hamısı ser, mənim insanpərvərliyimdən irəli gəlir.

Mister Şelbinin deməyə sözü qalmadı, o, müxtəsərcə:

– Eləmi? – deməklə kifayətləndi.

– Məni, ser, lağa qoyublar, çox istəyiblər ki, baxışımı, münasibətimi dəyişsinlər. Nə deyəsən, bu çox da geniş yayılmış fikir deyil, ancaq, ser, mən ondan heç vaxt imtina etməmişəm və deyə bilərəm ki, bir dəfə də olsun pis vəziyyətdə qalmamışam. – Qul taciri özündən tamam razı halda bərkdən güldü.

Humanizm prinsiplərinin bu cür anlamı o qədər özünəməxsus və gözlənilməz idi ki, mister Şelbi də qonağına qoşulub gülümsəməli oldu. Bu, Heylini daha da qızışdırdı, o, sözünə davam elədi:

– Qəribə işdir! Mən bunu adamların beyninə yeritməyə çox cəhd göstərdim, amma çifayda, zəhmətim hədər getdi. Elə mənim keçmiş şərikim, Natçezli Tom Lokker. Ağılsız oğlan deyil, zəncilər üçünsə – xalis iblisdir! Hər şey prinsipdən asılıdır, çünki əslinə baxanda, Tom qəlbən mərhəmətli adam idi. Ancaq onun üsulu beləymiş, fikir verirsizmi. Hərdənbir deyirdim ona:       – “Tom! Əgər sənin qızların ağlayıb özlərini öldürürsə, onların üstünə qışqırıb şallaq altına salmağın nə mənası var? Bu heç nəyə kömək edəsi deyil. Qoy, sağlığına, ağlaşsınlar. Xislətləri belədir! Südlə gələn sümüklə çıxar. Neyləsən, mənası yoxdu. Eşşəyi döyəcləməklə at olan deyil ki. Bundan başqa, kötək ancaq ziyan gətirir, onlar bundan daha da xarab olurlar, ölgünləşirlər, xüsusən də mulat qızlar. Yaxşı olar ki, birtəhər dilə tutasan, bir az yumşaq danışasan onlarla. Bir balaca humanist ol, ziyan çəkməzsən, sözümü yadında saxla. Bu, söyüşdən və şapalaqdan yaxşı təsir göstərir və vaxt keçdikcə həmişə özünü doğruldur. Həqiqi sözümdür". Məgər onu qandırmaq mümkün idi? Nə qədər malı zay elədi, axırda ondan üzülüşməli oldum. Amma heyif, mərhəmətli ürəyi vardı, işlərdən də baş çıxaran adam idi.

Mister Şelbi soruşdu:

– Deməli, belə zənn edirsiniz ki, sizin iş üsulunuz Tomun üsuluyla müqayisədə bəzi üstünlüklərə malikdir?

– Belə düşünməyə haqqım var, ser. Bircə imkan olaydı! Mən peşəmizin xoşagəlməz cəhətlərini hər vasitəylə yoluna qoymaqdan heç vaxt çəkinmirəm. Götürək uşaq alverini. Ananı harasa göndərirəm ki, mane olmasın, axı məlum məsələdir: gözdən uzaq, könüldən iraq deyiblər. İş görülüb qurtarandan sonra onu geri qaytarmaq müşkül məsələdir, ana da istər-istəməz vəziyyətlə barışmalı olur. Axı, onlar ağ deyirlər – körpəlikdən bilirlər ki, arvad əriylə, uşaqlar isə valideynləriylə birgə yaşamalıdır. Zənci buna, heç ümid bəsləmir, əlbəttə, əgər o düzgün tərbiyə olunubsa, deməli, ayrılığa da asanca tab gətirə bilər.

– Əgər belədirsə, qorxuram mənimkilər səhv tərbiyə almış olalar, – mister Şelbi dilləndi.

– Ola bilər. Sizin Kentukkidə zənciləri korlayırlar. Siz mehriban rəftarınızla onların xarabını çıxarırsız. Özünüz fikirləşin, nədir zəncinin nəsibi? Dərbədər gəzib, əldən-ələ keçmək. Siz isə onun nazıyla oynayırsız, lap ərköyünləşdirirsiz… Bir də görürsən ki, o başladı başından yekə şeylər fikirləşməyə. Sonra da bunun əngəli çıxır. Mən deyirəm də, başqa zəncilər havalanmış kimi boğazlarını yırta-yırta nəğmə oxuduqları plantasiyalarda sizin zəncilər üzülüb vərəmləyir. Biz hamımız, mister Şelbi, düzgün hərəkət etdiyimizi fikirləşirik, ancaq mənə elə gəlir ki, öz zəncilərimlə layiqincə rəftar edirəm.

– Həsəd aparılası arxayınlıqdır! – mister Şelbi bu boşboğazlıqdan özündə aşkar ikrah hissi duyaraq çiyinlərini çəkdi.

– Hə? – Heyli uzun fasilədən sonra soruşdu, hər ikisi fındıq sındırırdı, – nə qərara gəlirsiniz?

– Fikirləşərəm və arvadımla danışaram, – Şelbi cavab verdi, – sizə isə bir məsləhətim var. Heyli, əgər bu işi mümkün qədər sakitliklə yoluna qoymaq istəyirsinizsə, heç kimə heç nə deməyin. Söz-söhbət yayılsa, başımız ağrıyacaq. Mənim zəncilərimdən hər hansı birini aparmaq, sizin düşündüyünüz qədər də asan iş deyil.

– Əlbəttə ki! Susmaq və yenə susmaq! Ancaq mən, hər halda istərdim ki, bu işə tez xitam verəm, doğrusu, çox tələsirəm, – Heyli qalxıb paltosunu geyməyə başladı.

– Yaxşı, bu gün axşam saat altı ilə yeddi arası gəlin, qəti bir cavab verərəm.

Qul alverçisi təzim edib, otaqdan çıxdı.

– Bu özündənrazı həyasızı böyük məmnuniyyətlə pilləkənlərdən atardım! – Heyli qapını arxasınca çəkən kimi, mister Şelbi öz-özünə donquldandı, – öz üstünlüyünə güvənir. Əgər əvəllər bir adam mənə desəydi ki, nə vaxtsa Tomu bu iyrənc qul alverçilərindən birinə satacağam, inanmazdım, deyərdim:       – “Məgər qul səninçün köpəkdir ki, onunla belə rəftar eləyəsən?” İndi isə, görünür, başqa əlac yoxdu. Hələ Elizanın oğlancığazı… Ürəyimə damıb, bu uşağa görə arvadımla aramızda çox xoşagəlməz söhbət olacaq, elə Toma görə də. Borca düşmək gör nə demək imiş! Bu əzazil tip yaxşı bilir ki, onun əlindəyəm, ona görə də məni qoz qabığına soxmaq fürsətini əldən vərməyəcək.

… Köləliyin bəlkə də ən mülayim qaydalarını Kentukki ştatında müşahidə etmək olardı. Orda əsas məşğuliyyət əkinçilik idi, əkin-biçin işlərinin arxayın, ahəngdar ritmi cənub ştatlarının tez-tez məruz qaldığı əsəbi tələsikliyə, qaça-qova səbəb olmurdu. Yəni Kentukki zəncilərinin zəhməti daha təbii və sağlam əsaslar üzərində qurulmuşdu. Digər tərəfdən kentukkili plantasiya sahibləri tədricən varlanmağa qane olub qəddarlıq etmirdilər – tərəzinin bir gözündə sürətlə varlanmaq imkanı, o biri gözündə isə aciz və hüquqsuz qullar az qala çəkisiz mənafeyindən başqa heç nə olmadığı bir şəraitdə zəif insan təbiəti asanlıqla tamahın əsiri ola bilərdi. Kentukki malikanələrini gəzənlər, ordakı ağa və xanımlann kölələrlə mehriban münasibətlərini, hətta bəzi qulların öz sahibkarlarına qızğın sədaqətini görənlər, bəlkə də, həmin yerlərdə həyatın “patriarxal” quruluşu haqqında şairanə əfsanələrə və buna oxşar nağıllara inanırdılar. Lakin əslində mənhus bir kölgə – qanun kölgəsi bu münasibətlərə acı bir kədər qatırdı. Və nə qədər ki, qanuna görə, qəlbi və həyatı duymaq qabiliyyəti olan bu insan məxluqları əşya, bu və ya digər sahibkarın xüsusi mülkiyyəti olaraq qalacaqlar, nə qədər ki, səfalət və bədbəxtliklər, işdəki uğursuzluq, yaxud xeyirxah ağanın ölümü onları dərdə və məcburi əməyə düçar edəcək, siz köləlikdə bircə dənə də olsun yaxşı və cəlbedici bir cəhət tapa bilməyəcəksiniz.s

Mister Şelbi kimi adamlar işıqlı dünyada az deyillər. O, açıqürəkli, həlim, ətrafındakılara qarşı rəhmli bir adam idi. Onun zənciləri həyat tərzinin ağırlığından şikayətlənə bilməzdilər. Lakin axır vaxtlar Şelbi aludəliklə birja oyunlarına qurşanmış, borca düşmüşdü. Böyük məbləğli vekselləri Heylinin əlinə keçmişdi. Bu kiçik məlumat yuxarıda danışılan söhbətə açar olmalıdır.

Elizaya gəldikdə isə, o, yemək otağının qapısına yaxınlaşarkən qulağı bir neçə söz çalmışdı və asanca yəqinləşdirə bilmişdi ki, qonaq – qul alverçisidir, ağasından kimisə satın almaq istəyir.

Eliza dəhlizə çıxanda, onların sonrakı söhbətinə qulaq asmaq istəmiş, ancaq evin xanımı onu çağırdığından tələsik ordan uzaqlaşmalı olmuşdu. Lakin, hər halda, Eliza təxmin eləmişdi ki, qul alverçisi mister Şelbiyə onun oğlunu satmağı təklif edir. Görəsən, doğrudanmı eşitmişdi bunları? Birdən elə bil ürəyi dayandı, sonra şiddətlə çırpınmağa başladı və o, Harrini özünə sarı çəkib elə bərk-bərk qucaqladı ki, oğlan matdım-matdım onun üzünə baxdı.

Bayaqdan su bardağını aşırmış, iş zənbilini əlindən salmış Eliza özü də hiss etmədən paltar dolabından xanıma ipək don əvəzinə uzun gecə köynəyini vərəndə missis Şelbi dözmədi:

– Əzizim, bu gün sənə nə olub belə? Eliza diksindi.

– Ah, missis! – deyə səsləndi, gözlərini qaldırıb xanıma baxdı. Sonra ağladı və hıçqıra-hıçqıra kresloya çökdü.

– Eliza, əzizim! Nə olub? – Missis Şelbi qışqırdı.

– Ah, missis, missis! Ağanın yanına qul taciri gəlib, yemək otağında oturub söhbətləşirlər. Öz qulaqlarımla eşitdim.

– Ay axmaq! Bundan sənə nə axı?

– Missis! Doğrudanmı, sahibkar mənim Harrimi satacaq? – Zavallı əsəbi hönkürtülərini saxlaya bilməyib kreslonun söykənəcəyinə dirəndi.

– Harrini satacaq? Səfehliyə bir bax! Guya sən bilmirsən ki, ağan cənublu qul alverçilərinə baş qoşmur və öz nökərlərini satmaq onun peşəsi deyil. Səfehsən, səfeh! Kimə lazımdır axı, sənin Harrin? Vay, vay, necə də axmaqsan! Onunçün ürəyi gedən elə bir özünü görərsən. Kimdi ondan məəttəl? Yaxşı, bəsdir ağladın, dur paltarımı düymələ… Bax, belə! İndi isə saçlarımı yığ, öyrətdiyim kimi də hör. Qapı dalından pusmağı isə tərgit.

– Missis, heç olmasa, siz razı olmayın, əgər, əgər…

– Boş-boş danışma! Əlbəttə razı olmaram! Bu nə söhbətdir! Məgər mən öz uşaqlarımı sataram?! Səninkiləri də satmaram. Vallah, həqiqi sözümdür. Eliza, matahını çıxarmısan öz Harrinin! Bir adam qapıdan girən kimi elə bilirsən, sənin körpəni almağa gəlib.

Xanımın səsindəki qətiyyətdən təskinlik tapıb ovunan Eliza yenicə keçib getmiş qorxularına gülərək, tələsik onu geyindirməyə başladı.

Missis Şelbi böyük ağıla və incə qəlbə malik qeyri-adi bir qadındı. Xeyirxahlıq və alicənablıq onda möhkəm etiqadlarla və möminliklə tamamlanırdı, o bunlara bütün ömrü boyu, dönmədən əməl edirdi. Mister Şelbi dini məsələlərə etinasız olsa da, arvadının möminliyini qiymətləndirir və hörmət edirdi. Hətta bir balaca ondan çəkinirdi də. O, arvadının xidmətçiləri oxutmasına, onların qeydinə – qayğısına qalmağına, xeyirxah öyüd-nəsihətlər vərməsinə mane olmurdu. Hərçənd ki, özü bütün bu işlərdən tamam uzaq idi. Dindar adamların xeyirxah əməlləriylə adi bəndələrin də günahlarının bağışlanacağı fikrini təlqin edən doktrinanın qızğın tərəfdarı olmasa da, mister Şelbi, hər halda, zəif bir ümidlə inanırdı ki, arvadının xeyirxahlığı və möminliyi onların hər ikisi üçün artıqlaması ilə kifayətdir və bu onu cənnətlik edəcək.

Qul alverçisiylə söhbətdən sonra, razılaşdığı sövdələşməni arvadına necə xəbər verəcəyi və onun qəti etirazlarını, inadlı xahişlərini – bu, heç şübhəsiz, olacaqdı, – necə dəf edəcəyi fikri mister Şelbiyə daha çox əziyyət verirdi.

Missis Şelbi ərinin maliyyə çətinliklərindən xəbərsiz deyildi, ancaq onun yumşaq xasiyyətinə arxayın olduğundan Elizanın şübhələrini bütün səmimiyyətiylə qovub dağıtmışdı. Sonradan bu söhbət onu heç düşündürmədi də və qarşıdakı qonaqlığa hazırlaşaraq, bir dəfə də olsun o söhbətə qayıtmadı.

II FƏSİL

ANA

Eliza lap kiçik yaşlarından xanımın yanında tərbiyə almışdı. Xanım onu çox sevir və əzizləyirdi. Amerikanın Cənub ştatlarına yolu düşən səyyahlar, yəqin ki, kvarteron və mulat qadınlara xas olan zərifliyi, onların səsindəki və ədalarındakı incəliyi müşahidə eləyiblər. Kvarteronlarda bu təbii keyfiyyətlər çox vaxt qənirsiz bir gözəllik və mətanətlə qovuşur. Haqqında danışdığımız Eliza da bax belə bir gözəldir. Siz onu müəllif fantaziyasının məhsulu hesab etməyin, o, doğrudan mövcuddur. Biz onunla bir neçə il əvvəl Kentukkidə qarşılamışdıq, indi onun surətini yaddaşımızda canlandırmaq istəyirik. Gözəllik kölə qadınlar üçün taleyin fəlakətli bir bəxşişi idi, lakin xanımının etibarlı mühafizəsi və qayğısı sayəsində Eliza acı məhrumiyyətlərə düçar olmamışdı.

Eliza böyüyüb yetkinləşəndə missis Şelbi onu qonşu malikanənin qulu Corc Harris adlı gözəl, qabiliyyətli bir cavan mulata ərə verdi.

Sahibkar bu cavan qulu giş fabrikinə vermişdi. İti ağlı və fərasəti Corcu orada fəhlələr arasında birinci yerə çıxarmışdı. Texniki ixtiraçılıq təhsili və təcrübəsi olmaya-olmaya Corc çətənə təmizləyən maşın icad etmişdi. Bu onun böyük istedadından xəbər vərirdi və gənc mulatın adını pambıqtəmizləyən Uitni* maşınının yaradıcısı ilə bir sıraya qaldırırdı.

Öz cazibədar görkəmi və nəzakəti ilə Corc fabrikdə hamının hörmətini qazanmışdı. Lakin bu istedadlı cavan mulat qanun qarşısında insan yox, sadəcə bir əşyaydı, köntöy, dar düşüncəli və qəddar bir sahibkarın ixtiyarında idi. Corcun kəşfindən xəbər tutan həmin centlmen, ona böyük şöhrət gətirən ağıllı köləsini görmək üçün fabrikə yollandı. Fabrik sahibi onu böyük hörmətlə qarşılayıb, belə qiymətli bir köləyə sahib olduğu üçün təbrik elədi.

Mister Harris bütün fabriki dolandı. Corc icad etdiyi maşını fəxrlə ağasına göstərdi. Köləsinin sərbəstliyi, cəsarəti və gözəlliyi sahibkarı mat qoydu və o, bu qulun qarşısında öz puçluğunu hiss etməyə bilmədi. Bu nədir, onun köləsi istədiyi yerdə çəkinmədən azad gəzib dolaşır, maşın icad eləyir və ağlarla tay-tuş kimi söhbətə girişməyə cəsarət edirdi?! Buna son qoymaq lazım idi. Tezliklə onu burdan götürüb çöl işlərinə göndərməli – görək onda da indiki kimi özündən deyə biləcəkmi?

Sahibkar birdən-birə mulata çatacaq məvacibi və onun evə qaytarılmasını tələb edəndə fabrik sahibinin və Corcla çalışan bütün işçilərin təəccübünü təsəvvür etmək mümkün deyil.

– Bu nə deməkdir, mister Harris? – fabrik sahibi etiraz etdi, – bu bizim üçün çox gözlənilməz oldu!

– Nə olsun ki? Axı o mənimkidir!

– Biz onun aylığını artırmağa hazırıq, ser.

– Məsələ onda deyil, ser. Adamlarımı başqa yerlərə işə göndərməyə mənim heç bir ehtiyacım yoxdur.

– Lakin, ser, o, əsl bu iş üçün yaranmışdır!

– Tamamilə mümkündür. Mənim qoyduğum işə isə yaramır, eləmi?

– Axı, Corc maşın icad edib! – Ustalardan biri, deyəsən, yersiz olaraq söhbətə qarışdı.

– Ah, maşın! Elə maşın ki, əməyə qənaət edir, zəhməti azaldır, hə? Belə şey ağlına tez gələr. Zəncilər sarıdan arxayın olun. Əməyə qənaətdə pərgardılar. Yox, qoy yığışıb hazırlaşsın evə.

Corc yerindəcə quruyub qalmışdı, dayanıb müqavimət göstərə bilmədiyi bir adamın onun taleyini necə həll etməsinə tamaşa eləyirdi. Dodaqları bir-birinə kip sıxılmış, əlləri qoynunda qalmışdı. İçində vulkanlar qaynayır, damarlarından odlu lava selləri axırdı. O ağır-ağır nəfəs alır, gözləri qızarmış kömürtək yanırdı. Bir saniyə də keçsəydi, qəzəbi partlayacaqdı… Xeyirxah fabrik sahibi vaxtında onun qolundan tutdu və yavaşca dedi:

– Mübahisəni boşla, Corc, dur get, biz sonra birtəhər qurtararıq səni.

Bu, despotun nəzərindən qaçmadı; o, sözləri eşitməsə də, söhbətin nədən getdiyini başa düşdü və nəyin bahasına olur-olsun, öz qurbanı üzərində sahibkar hökmünü axıracan yeritməyi qərara aldı.

Corcu evə apardılar və ən çətin bir işə qoydular. O susur, heç bir nalayiq söz işlətmirdi, lakin yanar gözlərinin və əsəbdən qırış-qırış olmuş alnının narahat ifadəsi insanı əşya etməyin qeyri-mümkünlüyünə açıq-aşkar bir sübut idi.

Eliza Corcla, onun fabrikdə işlədiyi o xoşbəxt günlərdə rastlaşıb ailə qurmuşdu. Fabrik sahibi Corca mərhəmət göstərib ona tam müstəqillik vermişdi. Missis Şelbi elçiliyə, qadınlara xas olan bir həvəslə girişərək, bu nikahı ürəkdən bəyənmişdi. Sevinirdi ki, onun mehribanı, sevimlisi özünə yaraşan bir ər tapıb.

Onların kəbinini Şelbilərin təmtəraqlı qonaq otağında kəsdilər. Gəlinin gur saçlarını narın çiçəkləriylə xanım özü bəzədi, gəlinlik duvağını onun başına saldı, bu duvağa indiyəcən çətin ki, belə gözəl, cazibədar bir çöhrəni bəzəmək qismət olmuşdu. Bu şənlikdə gəlinin və ona böyük mərhəmət göstərən xanımın tərifini göylərə qaldıran qonaqlar da, ağ əlcəklər də, tort da, cürbəcür şərablar da kifayət qədər idi.

Eliza ilk iki ili əriylə tez-tez görüşürdü, yalnız iki körpə balasının ölümü onların səadətini yaralamışdı. Eliza onları alovlu bir məhəbbətlə sevir və kirimək bilmirdi. Buna görə missis Şelbi hərdənbir onu yüngülcə danlayır, gənc qadının ehtiraslı təbiətini bir ana qayğıkeşliyilə cilovlamağa çalışır, səbirli olmağa, Allahın iradəsinə itaət eləməyə çağırırdı.

Ancaq Harri doğulduqdan sonra Eliza get-gedə toxtadı, qəlbi təskinlik tapdı. İztirab çəkmiş ürəyi bu kiçicik varlığa doğru pərvazlandı, yaraları sağaldı və o yenidən səadətə qovuşdu. Bu xoşbəxtlik, ərini zorakılıqla fabrikdən uzaqlaşdırıb fermaya gətirənə, öz qanuni sahibinin əsirliyinə qaytarana qədər beləcə davam elədi.

Corc gedəndən iki həftə sonra fabrik sahibi vədinə əməl edib, mister Harrisin qəzəbini soyutmaq ümidiylə onun görüşünə gəldi, ağanı dilə tutub yola gətirməyə çalışdı ki, cavan mulatı əvvəlki işinə qaytarmağa razı olsun.

– Artıq söz lazım deyil, – Mister Harris inadından dönmədi, – özüm öz işimi bilirəm, ser.

– Allah eləməsin, ser, mən sizin işlərə qarışmaq istəmirəm. Sadəcə, onu fikirləşirəm ki, Corcun təklif etdiyimiz şərtlərlə bizə qaytarılması ancaq və ancaq sizin xeyrinizə olardı. Mən sizi gözəl başa düşürəm! Yoxsa, elə bilirsiniz, onunla gözləşməyinizi və pıçıldaşmağınızı heç kəs görmədi? Mənə kələk gəlmək olmaz, ser! Biz azad bir məmləkətdə yaşayırıq, ser! Corc mənimdir və onunla istədiyim kimi rəftar edə bilərəm. Buna mənim haqqım var. Bax, belə ha.

Corcun son ümüdi də puça çıxdı. İrəlidə isə onu kinli bir despotun ağlına gələ bilən hər cür alçaq bəhanələrlə və təhqirlərlə daha da ağırlaşmış usandırıcı, zəhmət dolu həyat gözləyirdi.

Çox humanist bir qanunşünas nə vaxtsa belə bir kəlam işlədib: “İnsanla ən pis rəftar onu dar ağacından asmaqdır”. Yox! Bu ən pisi deyil – insanla bundan da pis rəftar edirlər!

III FƏSİL

ƏR VƏ ATA

Missis Şelbi qonaqlığa getdi. Eliza eyvanda dayanıb kədərli baxışlarla uzaqlaşan faytonun arxasınca baxırdı, birdən çiyinlərində kiminsə əlini hiss eləyib, cəld başını döndərdi və onun qəşəng gözləri sevincdən alışıb yandı:

– Məni lap qorxuzdun, Corc! Nə yaxşı gəldin! Missis axşamacan olmayacaq. Gedək mənim otağıma, orada rahatca söhbət eləyək.

Bunu deyib, Eliza Corcu qonşuluqdakı kiçicik, səliqəylə yığışdırılmış şüşəbəndli otağa gətirdi, burda o, adətən, tikişlə məşğul olur, xanımın çağırışlarını eşidə bilirdi.

– Mən nə qədər şadam? Sən niyə gülümsəmirsən? Bir Harriyə bax böyüyüb, eləmi? – Oğlan anasının ətəyindən yapışıb dayanmışdı, pırtlaşıq qıvrım saçlarının altından utana-utana atasına baxırdı, – gör necə qəşəng oğlan olub! – Eliza oğlunun saçlarını alnından qaldırıb üzündən öpdü.

– Allah onu heç yaratmayaydı! – Corc acı bir qüssəylə səsləndi, – Onu da, elə məni də!

Bu sözlərdən təəccüblənən və təşvişə düşən Eliza stula çöküb başını ərinə söykədi, yanaqlarından acı göz yaşları süzüldü.

– Ağlama, Eliza! Bağışla, mənim zavallım, bağışla ki, səni məyus edirəm, – o, nəvazişlə dilləndi, – bağışla… Biz niyə tapışdıq? Sən bir başqasıyla xoşbəxt ola bilərdin…

– Corc! Corc! Necə dilin gəlir bu sözləri deyirsən? Söylə, nə olub? İndiyəcən biz xoşbəxt idik axı…

– Bəli, xoşbəxt idik, əzizim, xoşbəxt idik, – deyə Corc, Harrini dizləri üstünə alıb diqqətlə onun qəşəng, qara gözlərinə baxdı, uzun saçlarını sığalladı. – Lap anasıdır durub! Sən isə, Eliza, dünyadakı bütün qadınların ən gözəli, ən mehribanısan. Ancaq niyə tanıdıq biz bir-birimizi?!

– Elə demə, Corc!

– Nə gözləyir bizi, Eliza? Bədbəxtlik, yalnız bədbəxtlik! Mənim həyatım yovşandan da acıdır. Məhv oluram mən. Mən səni də öz arxasınca uçuruma sürükləyən yazıq, zavallı quldan başqa bir şey deyiləm. Bilik qazanmağın, nəyəsə can atmağın bir lüzumu varmı? Yaşamağın nə mənası? Bircə tezliklə ölüb getsəydik, biryolluq canımız qurtarardı!

– Bu günahdır, Corc! Bilirəm, fabrikdən ayrılmaq sənə çox ağırdır, ağan da qəddardır, ancaq döz, bəlkə…

– “Döz” – Corc onun sözünü ağzında qoydu. – Məgər mən azmı dözmüşəm? O məni heç nəyin üstündə fabrikdən götürəndə, məgər mən bir söz dedimmi? Orda xətrimi necə istəyirdilər. Qazancımın hamısı ona gedirdi, axırıncı sentinə kimi, heç kəs də mənə irad tutub deyə bilməzdi ki, pis işləyirəm.

– Bəli, bu dəhşətdir… Ancaq hər necə olsa da, o sənin ağandır axı.

– Mənim ağam! Kim qoyub onu mənim üstümə ağa? Bax, məni hövsələdən çıxarıb dəli edən elə budur. Nə ixtiyarla o mənə hökm eləməlidir? Mən də onun kimi insan deyiləmmi? Xeyr, onun kimi yox, hələ ondan da artıq! İşlərdən ondan da yaxşı baş çıxarıram. Mən daha sürətlə oxuyur, daha səliqəli yazıram. Bütün bunlara görə mən heç də sahibkara yox, ancaq özümə minnətdaram. Mən onun iradəsinə zidd olaraq savad almışam. Onun haqqı varmı, məni bir yük atına çevirsin, məni işlə məşğul olmaq imkanlarımdan məhrum eləsin – özü də o işlə ki, onun nə ağlı çatır bu işə, nə də dərrakəsi. Axı, indiki işimdə heç heyvan da işləməz! O istəyir mən boyun əyim, istəyir alçalım və qəsdən məni ən ağır, ən çətin işlərə göndərir.

– Corc, Corc! Qorxuzma məni! Sənə nə olub? Sən heç vaxt belə danışmazdın! Mən qorxuram… Sən nəsə dəhşətli bir şey fikirləşmisən… Mən hər şeyi anlayıram, ançaq sən səbirli ol, mənim xətrimə, Harrinin xətrinə!

– Mən çox səbir eləmişəm, çox dözmüşəm, ancaq getdikcə günlər bir-birindən daha ağır gəlir. İnsan gücü belə həyata tab gətirə bilməz! O məni lağa qoymağa, təhqir etməyə fürsət gəzir. Mən də fikirləşirdim ki, yaxşı işləyəcəyəm, susacağam, boş vaxtımı isə biliyə, kitab oxumağa sərf edəcəyəm. Lakin görür ki, işin öhdəsindən gəlirəm, elə hey bir yandan artırır. “Sən sussan da, içində bir iblis gizlənib, deyir, bu iblisi təmiz suya çəkmək lazımdır”. Nə olar, cinimin başıma vuracağı gün uzaqda deyil, onda bunun əziyyətini birinci yalnız o özü çəkəcək!

– Aman Allah! Biz neyləyək indi? – Eliza kədərlə səsləndi.

– Bax, elə dünən, – Corc davam elədi, – mən arabaya daş yükləyirdim, sahibkarın oğlu gənc mister Tom isə yanımda dayanıb qırmancı şaqqıldadır, at diksinib bir yerdə qərar tuta bilmirdi. Mən ondan nəzakətlə xahiş etdim ki, dayansın – kimə deyirsən?.. Bir də xahiş elədim. Neyləsə yaxşıdır? Başladı məni şallaqlamağa! Əllərindən yapışdım, o isə qışqıra-qışqıra təpik atmağa başladı mənə. Sonra da atasının yanına şikayətə götürüldü ki, guya mən vurmuşam onu. Atası hirslənib özündən çıxdı: “İndi bilərsən kimdir sənin ağan?!” – o bağırdı. Məni ağaca bağlayıb çubuq sındırdı və mister Toma: “Yoruluncaya qədər döyəclə bunu”, – dedi. O isə canla-başla hazır idi… Bir vaxt yada salarlar bu günü onlar! – Cavan mulat üz-gözünü turşudub gözlərini elə ağartdı ki, arvadı qorxusundan səksəndi. – Kimdir bu adamı mənim üstümə qəyyum qoyan – bax, bircə bunu bilmək istəyirəm!

– Mən isə… – Eliza hüznlü-hüznlü dilləndi, – mən isə həmişə fikirləşirdim ki, hər işdə öz ağalarıma itaət göstərməyə borcluyam.

– Səninki başqadır. Onlar səni öz övladları kimi boya-başa çatdırıblar, yediriblər, geydiriblər, qayğını çəkiblər, oxuyub-yazmaq öyrədiblər. Onların ixtiyarı çatır… Mənim gördüklərim isə ancaq kötək olub, şapalaq, söyüş olub axı… Və hərdənbir sevinmişəm ki, nə yaxşı yaddan çıxmışam, unudulmuşam. Öz ağama mənim heç bir borcum zadım yoxdur. Onun mənə çəkdiyi xərci artıqlamasıyla, lap yüz qat artıq ödəmişəm. Yox, bəsdir, daha dözdüyüm! Bəsdir! – Corc yumruqlarını düyünləyib qışqırdı.

Eliza susurdu. O, ərini heç vaxt belə görməmişdi və onun borc anlayışı Corcun qəzəbinin, hirsinin təzyiqi altında bir qamıştək əyilməkdəydi.

– Hələ sənin hədiyyən – zavallı balaca Karlo! – Corc təzədən danışmağa başladı. – Bu küçük mənim yeganə təsəllim idi. Mənimlə bir yatır, gündüzlər bir addım da yanımdan aralı düşmürdü, gözləri isə elə ağıllıydı ki, sanki hər şeyi anlayırdı. O gün mətbəxdən yemək artıqlarını, qırım-qırıntıları yığıb onu yedizdirirdim. Sahibkar bunu görüb nə desə yaxşıdır: “Mənim hesabıma yedizdirirsən? Əgər hər zənci bir it saxlasa, mən müflis olaram ki”. Əmr edib itin boğazına daş bağlatdı və göldə boğdurdu.

– Corc! Sən də buna razı oldun, eləmi?

– Mən? Sən nədən danışırsan? Heç məndən soruşan oldumu, de. Onlar Tomla birgə yazıq Karlonu suya atıb daşlamağa başladılar, o isə elə yazıq-yazıq baxırdı mənə, sanki soruşurdu: “Nolub, niyə kömək eləmirsən?” Yenə də döyülən mən oldum: iti suda boğmaq istəmədiyimə görə. Qoy döysünlər! Gün gələr, sahibkar anlayar ki, mənim kimilərini kötəklə ram etmək olmaz. Qoy özünü gözləsin, yoxsa, onunçün pis olacaq!

– Sən nə fikirləşmisən, Corc? Qəlbini günaha batırma! Ümidini Allaha bağla, o səni bu bəlalardan qurtarar.

– Mən sən deyən mömin xaçpərəst deyiləm, Eliza. Mənim ürəyim kinlə doludur. Əgər Allah belə ədalətsizliyə göz yumursa, mən ona ümid bağlaya bilmərəm.

– İnamı itirmək olmaz, Corc! Mənim xanımım deyir ki, hətta ən ağır günümüzdə belə biz inanmalıyıq ki, Allah nə eləyirsə, bizim xoşbəxtliyimiz naminə eləyir.

Faytonlarda gəzən və yumşaq divanlarda nazlananlar üçün belə demək asandır! Mənim yerimdə olsaydılar, onlar ayrı hava çalardılar. Mən məmnuniyyətlə xeyirxah, yaxşı adam olardım, ancaq alınmır. Ürəyim sinəmdə qovrulur, itaət edə bilmirəm. Sənə deyilməli sözlərim var, eşitsən sən də tabe olmayacaqsan. Sən hələ çox şeylərdən xəbərsizsən.

– Aman Allah! Sən nədən danışırsan?

Bax, məsələ belədir. Axır vaxtlar sahibkar tez–tez eşitdirirdi ki, guya nahaq yerə mənim kənardan evlənməyimə razılıq verib, çünki o, mister Şelbiyə və onun bütün dostlarına nifrət edir, guya onlar təkəbbürlüdürlər və onunla dostluq etmək istəmirlər, mən de guya sənə görə dikbaşlıq edirəm. O, məni hədələyirdi ki, bir daha bura buraxmayacaq, özümü də bizimkilərdən birilə evləndirəcək. Əvvəllər bunları boş hədə-qorxu kimi qəbul edirdim, ancaq dünən mənə Minayla evlənməyi və onun daxmasına yığışmağımı əmr elədi. Razı olmasam, Cənuba satacağıyla hədələdi.

– Axı, sən mənimlə kəbinlisən, nikahımızı da ağlarınkı kimi, keşiş kəsib! – Eliza sadəlövhcəsinə dilləndi.

Bəs sən bilmirsənmi ki, qul evlənə bilməz? Bizim ölkədə qanun onu müdafiə eləmir. Əgər sahibkar bizi ayırmaq istəsə, mən səni qoruya bilməyəcəm. Bax, buna görə deyirəm: niyə rastlaşdıq biz, anam niyə doğurdu məni?! Biz də, bizim bədbəxt balamız da heç doğulmasaydı daha yaxşı olmazdımı? Bəlkə onu da belə bir aqibət gözləyir!

– Ola bilməz! Mənim ağam mərhəmətlidir!

– Elədir, ancaq kim bilir sonra nələr olacaq? Birdən o ölə bilər, onda Harrini satacaqlar. Biz indi necə sevinə bilərik ki, oğlumuz belə qəşəngdir, ağıllıdır? Budur, deyirəm sənə, Eliza, bu övladın indi sənə bəxş elədiyi hər xoşbəxt dəqiqə sonra göz yaşlarıyla yuyulacaq. Biz bu qiymətli xəzinəni qoruyub saxlaya bilməyəcəyik…

Bu sözlər Elizanı düz ürəyindən yaraladı. Qul alverçisi canlanıb gözləri önündə dayandı. Ağappaq ağarıb güclə nəfəsini dərdi, aynabəndə sarı boylandı, oğlu ata-anasının ciddi söhbətlərindən bezikərək qaçıb aynabəndə getmişdi. O indi təntənəylə öz qarğı atını minib çapırdı. Eliza az qaldı öz intəhasız şübhələrini ərinə danışsın, ancaq vaxtında özünü saxlaya bildi. “Xeyr! Öz dərdi özünə bəsdi, – fikirləşdi. – Ona heç nə deməyəcəyəm. Bunlar hamısı mənasız qorxulardır. Missis bizi heç vaxt aldatmaz”.

– Bax, belə, Eliza, – Corc acı bir qüssəylə dilləndi, – mətanətli ol, mənim əzizim… – Əlvida, mən gedirəm.

– Gedirsən, Corc? Hara?

– Kanadaya, – o, çiyinlərini tərpədərək cavab verdi, – ora çatan kimi pul verib səni qurtaracağam. Bu, bizim yeganə ümidimizdir. Sənin sahibkarın mərhəmətlidir, məni rədd etməz. Mən səni də, oğlumuzu da azad edəcəyəm… And içirəm ki, azad edəcəyəm!

– Aman Allah! Birdən səni tutsalar, Corc?

– Tutmazlar. Mən diri təslim olmaram. Ya öləcəyəm, ya azadlığa çatacağam!

– Sən özünə qəsd edəcəksən?

– Bu lazım gəlməyəcək. Onlar özləri məni öldürəcəklər, çünki Cənuba satılmağıma yol vərməyəcəyəm.

– Corc! Qəlbini günaha batırma, heç olmasa mənim xətrimə! Nə özünü məhv et, nə də başqalarını! Nəfsin böyükdür, bilirəm, ancaq uyma ona. Qaçmağı qərara almısansa, qaç, lakin ehtiyatlı ol! Tanrıya yalvar ki, kömək olsun sənə!

– Dayan, Eliza! Qulaq as, gör mən necə qərara gəlmişəm. Sahibkar məni məktubla burdan bir mil aralıda yaşayan, Mister Simzanın yanına göndərib. O, yəqin fikirləşib ki, mən səni görüb hər şeyi danışacağam və bunun üçün sevinir, axı, o, ancaq “bu Şelbilərin” qanını qaraltmaq istəyir. Mən məyus və lal-dinməz evə qayıdacağam, başa düşürsən? Guya hər şey bitib, qurtarıb. Qaçmağa, demək olar, tam hazıram, kömək edəcək adamlarım da var. Bir-iki həftə axtaracaqlar, tapmayacaqlar məni. Allaha yalvar, Eliza, xeyir-dua ver mənə, bəlkə sənin yalvarışlarını göylər eşitdi.

– Corc! Özün dua et! Tanrıya tapın, o səni bütün günahlardan hifz edər.

– İndi isə salamat qal, – deyib, Corc Elizanın əllərini əlinə aldı və uzun müddət onun gözlərinin içinə baxdı.

Onlar lal-dinməz dayanmışdılar. Vida anlarında deyilən bir neçə kəlmə, acı göz yaşları, hönkürtülər. Bir də görüşə bilmək ümidi hörümçək torundan da nazik olanda məhz bu cür vidalaşır adamlar. Və ər-arvad bir-birindən beləcə ayrıldı.


IV FƏSİL

TOM DAYININ KOMASINDA AXŞAM

Tom dayı sahibkarın evinin lap yanında, tirdən tikilmiş balaca komada yaşayırdı. Komanın qabağında hər cür qayğıyla becərilən kiçik bir bağça salınmışdı. Hər yay burada çiyələk, moruq, çoxlu giləmeyvə və tərəvəz yetişirdi. İri, parlaq-narıncı beqoniyalar, sürünən qızılgüllər bir-birinə sarmaşaraq komanın tir fasadını, demək olar, görünməz etmişdilər. Birillik gülümbaharlar, petunyalar və mina çiçəkləri də bu bağçada özlərinə yurd salmışdılar. Açılan əlvan, sıx çiçəklərdən Xloya xala böyük zövq alır və qəlbi qürurla dolurdu.

İndi isə, oxucu, gəlin komaya daxil olaq.

Sahibkarın evində şam yeməyi qurtarmışdı. Baş aşpaz kimi bu şamın hazırlanmasına rəhbərlik edən Xloya xala yır-yığışı və qab-qacağın yuyulmasını mətbəxin kiçik işçilərinə tapşırıb, öz rahat komasına, "qocasını yemləməyə" getdi. O, ocağın başında dayanıb cızıldayan tavaya nəzarət edir, hərdənbir içində nəsə ləzzətli bir xörək bişən və xoş iyi ətrafa yayılan qazanın qapağını qayğılı-qayğılı qaldırıb baxırdı. Xloya xalanın yumru, qapqara sifəti elə parıldayırdı ki, elə bil onun özünün bişirdiyi çay suxarısı kimi yumurta ağı çəkilmişdi. O, bütün mahalda birinci aşpaz kimi şöhrət qazanmışdı və bu səbəbdən də bəzi özündənrazı, lovğa xüsusiyyətlərdən xali deyildi, təzəcə kraxmallanmış dama-dama çalmalı, daima şən, üzügülər bir adamdı.

Xloya xala qabiliyyətli, işinə ürəkdən həvəs göstərən aşpaz idi. Quş damının həyətindəki bütün toyuqlar, hind xoruzları, ördəklər onu görərkən qəmə qərq olar, axır günlərinin çatdığını düşünərdilər. Xloya xala, doğrudan da, cürbəcür ləvənginin, qovurmanın, bozartmanın elə böyük azarkeşiydi ki, bu qadının görünməsi hər bir düşünməyə meyilli quşu dəhşətə salmaya bilmirdi. Onun qarğıdalı unundan hazırladığı növbənöv kökələr, bulka və qoğallar – bunların hamısını saymaqla qurtarmaz, az təcrübəli aşpazlar üçün cavabsız tapmaca kimi bir şeydi, Xloya xala isə onun peşəsinin zirvəsinə çatmağa can atan rəfiqələrinin əbəs cəhdlərinə qarşı qanuni bir təkəbbürlə, böyürləri titrəyə-titrəyə gülürdü.

Sahibkarın evinə qonaqların gəlişi, təmtəraqlı nahar və şam yeməklərinin hazırlanması Xloya xalanın qəlbində böyük təlatüm yaradır, aynabənddə dağ kimi qalaqlanmış yol sandıqlarını görəndə gözləri sevincindən alışıb yanırdı, çünki bu sandıqlar yeni-yeni zəhmətdən, yeni-yeni qələbələrdən soraq verirdi.

Xloya xala hələ qazana baxmağında olsun, biz isə öz mənzərəmizi sonacan çəkib qurtarmağa çalışaq.

Daxmanın bir küncündə səliqəylə yığışdırılmış çarpayı qoyulub, üstünə qar kimi ağappaq örtük salınıb. Çarpayının önündə isə Xloya xalanın bu aləmdə yeganə adam olmadığına dəlalət edən böyük bir xalça döşənib. Xalça da, çarpayı da, ümumiyyətlə, bütün bu guşə xüsusi diqqətlə əhatə olunub və mümkün qədər uşaqların şuluqluğundan və basqınlarından qorunur. Göründüyü kimi, Xloya xalanın guşəsi qonaq otağını əvəz edir. Daxmanın digər divan önündə o qədər də təmtəraqlı olmayan başqa bir çarpayı da görünür. Sobanın yerləşdiyi divar müqəddəs yazılara həsr olunmuş rəngbərəng litoqrafiyalarla və general Vaşinqtonun1 portretiylə bəzədilmişdir. Bu portret o qədər naşı üslubda işlənmişdi ki, həmin şanlı qəhrəmanın özü bu şəklini görmək şərəfinə nail olsaydı, yəqin xeyli təəccüblənərdi.

Təsvir etdiyimiz o axşam daxmanın bir küncünə qoyulmuş sadə ağac skamyada qəşəng qaragözlü, qıvrımsaç, yumruca sifətləri parpar parıldayan iki oğlan uşağı oturmuşdu. Onlar təzə ayaq açan bir qız uşağının ilk müstəqil addımlarına maraqla tamaşa edirdilər. Qızcığaz ayaq üstə dayanmağa, bir saniyə də olsa müvazinətini saxlamağa çalışır, lakin səndirləyib döşəməyə sərələnirdi, hər dəfə də onun beləcə yıxılması görünməmiş şey kimi sürətli alqışlarla qarşılanırdı.

Sobanın qarşısında tamam köhnəlib əldən düşmüş örtüklü masa vardı. Stolun üstündə bulaşıq, yöndəmsiz kasalar, boşqablar, axşam süfrəsindən qalma digər qab-qacaq gözə dəyirdi. Mister Şelbinin ən yaxşı işçisi Tom dayı bu stolun arxasında əyləşmişdi. Biz onu oxucuya mümkün qədər dolğun təsvir etməliyik, çünki o, kitabımızın baş qəhrəmanı olacaq. Tom dayı hündürboy, qüvvətli, enlikürək, ağıllı, xeyirxah çöhrəli, açıqürəkli bir adamdır. Onun bütün görünüşündə böyük şəxsi ləyaqət, sədaqət və səmimi bir sadəlik duyulur.

Tom dayı diqqətli baxışlarını qarşısındakı qrifel taxtasına zilləyib oturmuşdu. On üç yaşlı müəllimi mister Corcun nəzarəti altında hərfləri yavaş-yavaş qrifel taxtasına düzürdü. Şən və diribaş oğlan olan mister Corc öz müəllimlik işinə tam məsuliyyətlə yanaşırdı:

– Elə yox, Tom dayı, elə yox, – Corc Tom dayının səylə “E” hərfini tərsinə yazdığını görüb tez dilləndi, – bu, “3” rəqəmi olur.

– Vay Allah! Əşşi, doğrudanmı? – Tom dayı, bir-birinin ardınca surətlə “E” hərfini və “3” rəqəmini yazaraq onu yenə başa salmağa çalışan müəllimi hörmət və heyranlıqla süzdü. Sonra qrifeli götürüb öz kobud, yoğun barmaqlarıyla əvvəlki səbirlə yazmağa başladı.

– Bu ağların əlindən daha nələr gəlmir?! –Xloya xala donuz piyini çəngələ keçirib tavadan götürdü, fəxrlə yenə sahibkarı süzdü. – Oxumağın, yazmağın əsil ustasıdır! Axşam olan kimi bizdədir, hələ bir gəlib bizi də öyrədir. Elə maraqlıdır ki, adam qulaq asmaya bilmir.

– Lap acından ölürəm! – Corc dilləndi. – Tort hələ gec hazır olacaq?

– Bu saat, mister Corc, bu saat, – Xloya xala qazanın qapağını aralayıb, ora boylandı, – bax gör necə qızarıb – xalis qızıl kimi! Mənim işimə söz ola bilməz. Bu yaxınlarda missis buyurdu ki, Salli tort bişirsin. Qoy öyrənsin dedi. Mən dedim: “Missis, siz Allah, qoyun oturmuşuq! Bərəkəti çölə atmayın, heyifdi”. Bir görəydiniz, tort necə köpüb qalxdı: böyürdən baxanda lap mənim başmağıma oxşayırdı! – Bu axırıncı nida ilə Sallinin təcrübəsizliyinə öz nifrətini bildirən Xloya xala cəld qazanın qapağını götürdü və evdəkilərin baxışları altında əla bişirilmiş tortu çıxardı. Bu tortla, hətta şəhər qənnadıçısı da fəxr edə bilərdi. O yəqin ki, Xloya xalanın bayaqkı sözlərinə sübut olmalı idi, bundan sonra o, əməlli-başlı şam yeməyi hazırlamağa girişdi.

– Moz, Pit! İtilin buradan, qaracalar! Polli, canım gözüm, bir az gözlə, qızıma da indi yemək verəcəm. – İndi isə mister Corc, kitabı yığışdırın, mənim qocamla əyləşin, bu saat sizə kolbasa və bir dolu boşqab qoğal verəcəm.

– Məni evdə şama gözləyəcəkdilər, – Corc dedi, – ancaq mən də az bilmirəm.

– Hə də, gəlin bir bilməyin, mənim əzizim! – Xloya xala onun boşqabını şirin kökələrlə doldurdu. – Qoca xalanız həmişə ən dadlı tikələri sizə verir… Lap ağ elədiniz ha! Gəlin bir bilməyin də! – Sevincək olmuş Xloya xala bu sözləri deyib Corcun böyrünü dürtmələyərək yenidən ocağa tərəf qaçdı.

– İndi isə torta girişək! –Tava öz qızğın fəaliyyətini başa vuran kimi, Corc iri bıçağı həmin kulinariya incisinin üzərində yellədi.

– Allahdan qorxun, mister Corc! – Xloya xala onun qolundan yapışıb vahiməylə qışqırdı. – Mənim tortumu bu cür böyük bıçaqla kəsmək istəyirsiniz?! Axı, siz onu xarab edərsiniz, bütün gözəlliyini korlayarsınız! Bundan ötrü mənim xüsusi bıçağım var: köhnə, nazik. Budur, alın… Görürsüz? Elə bil pərqu kəsirsən! İndi isə yeyin, nuş olsun! Bundan yaxşı tort heç yerdə tapa bilməzsən!

– Bəs Tom Linken deyir… – Corc ağzını doldurub donquldadı. – Tom Linken deyir ki, onların Cinnisi səndən yaxşı bişirir.

Məgər Linkenləri bizim sahibkarlarla müqayisə eləməyinə dəyərmi?! – Xloya xala nifrətlə cavab verdi. – Söz yox ki, onlar hörmətli, sadə adamlardır, lakin o ki qaldı kübarlığa, onlarda hardandır, axı! Hələ bir mister Linkeni mister Şelbi ilə yanaşı qoyun! Hələ missis Linken? Məgər o mənim xanımım kimi qonaq otağına bir tovuzquşu təki girə bilər? Bir bax a! Nə danışırsınız siz bu Linkenlərdən! – Xloya xala kübar həyata dair biliyinə möhkəm inamla başını dik tutdu.

– Axı, sən özün dedin ki, Cinni pis aşpaz deyil! – Corc sakitləşmədi.

– Doğrudur, – Xloya xala cavab verdi, – mən belə deyə bilərəm. Cinni biclik bilmir, elə adi qayda ilə bişirib-düşürür. Qarğıdalı qoğalı bişirir, çörək yapır, kartof qaynadır. Onun kökələri, Allah bilir, necə bişib başa gəlir lakin yemək olur. Qaldı ki, nəsə ləzzətli bir şey hazırlamaq… Allah özü saxlasın, məgər bu o bacaran işdir?! O, piroq da hazırlayır – söz yox, – bəs onun üst qatı necədir? O, xəmiri elə yoğura bilirmi ki, pərqu kimi olsun, ağzına qoyan kimi ərisin! Miss Merini ərə vərəndə Cinni bişirdiyi toy piroqunu mənə göstərdi. Biz onunla rəfiqəyik, bunu bilirsiniz, ancaq mən bir kəlmə də demədim, öz-özüməsə fikirləşirəm, mənim bu piroqa görə bir həftə gözümə yuxu getməzdi. Buna da piroq deyir!

– Məncə, Cinni öz piroqundan çox razı qaldı, – Corc dedi.

– Razı qaldı? Əlbəttə! Bəs neyləsin? Ona görə öyünürdü ki, əsl piroqun necə olduğunu bilmir. Cinni hardan bilsin axı? Onda nə təqsir? Elə evdə yaşayır… Ah, mister Corc, siz öz ailənizin və öz tərbiyənizin qiymətini bilinirsiniz! – Xloya xala nəfəsini dərib, məhəbbətlə gözlərini süzdürdü.

– Piroqlarımızın, kökələrimizin qiymətini ki bilirəm,– Corc dedi. – Tom Linkendən soruş, gör onların yanında özümü necə dartıram.

Xloya xala stula sərələnərək cavan sahibkarının zarafatından məzələnib, şən qəhqəhələrlə gülməyə başladı. Onun parıldayan qara yanaqlarından yaş axır, az qala nəfəsi kəsilirdi. Arada nəfəsini dərib Corcun çiyinlərini şappıldadır, böyrünü dürtmələyirdi: “Bəsdi, siz Allah, məni öldürəcəksiniz, vallah gülməkdən öləcəm!” – Corcu şeytan adlandıran Xloya xala ara vermədən gülür, lap uğunub gedirdi. Corc son nəticədə məzəli zarafatını həddən artıq təhlükəli hesab eləyib, bundan sonra ehtiyatla zarafat etməyi qərara aldı.

– Deməli, siz onun üzünə elə beləcə də dediniz? Ah, bu cavanlar, özlərindən daha nələr çıxartmırlar?! Onların yanında lovğalanırsınız? Ah, mister Corc, siz ölünü də güldürərsiz!

– Bəli, bəli, elə üzünəcə elan elədim: “Tom, – deyirəm, –bizim Xloya xalanın piroqundan dadsaydın, pis olmazdı. Piroq deyil, baldır, bal!”

– Doğrudan da, yazıq heç dadmayıb, – Ürəyiyumşaq Xloya xala o saat Tomun halına acıdı, – onu bir dəfə nahara dəvət edin, Corc. Savab iş görərsiniz. Sonra mütəəssir ahənglə əlavə elədi. – Bilirsinizmi, mister Corc, düzdü, siz yaxşı ailədə böyümüsüz, amma məncə heç kimə yuxarıdan aşağı baxmaq olmaz. Hər şey Allahın payıdı, qismətə bağlıdır. Bunu yaddan çıxarmayasan gərək.

– Elə mən özüm istəyirdim Tomu gələn həftələrin birində dəvət eləyim, – Corc dedi, – sən isə bütün məharətini işə sal, Xloya xala. Qoy mat qalsın! Biz onu elə yedizdirərik ki, bu qonaqlığı uzun müddət yadından çıxara bilməsin.

– Yaxşı, yaxşı! – Xloya xala sevindi. – Mən sizi xəcalətli qoymaram, görərsiniz! Biz necə naharlar vermişik! Allah, Allah! Yadınızdadırmı, general Noks bizdə olanda toyuq ətindən necə böyük bir piroq bişirmişdim? Həmin gün biz missislə az qaldıq dalaşaq. Bu ledilər hərdənbir elə qəribə olurlar ki, heyrətlənməyə bilmirsən. Adam vacib işlə məşğuldur, əlləşir, vuruşur, həyəcan keçirir, onlar isə səni addım atmağa da qoymurlar, hər şeyə qarışırlar. Mənim missisim də elə: gah elə deyir, gah belə. Axırda səbrim kəsildi! “Missis, deyirəm, bir öz bəyaz əllərinizə baxın, üzüklə dolu zərif barmaqlarınıza baxın. Elə bil zanbaq üstə şeh düşüb, mənimsə əllərim qara kötüyə oxşayır. Bilirsiz niyə belədi? Çünki Allah kiminə piroq bişirməyi, kiminə də qonaqlıqda oturmağı buyurub!” Özümdə üz gördüm, mister Corc!

– Bəs anam nə dedi? – Corc soruşdu.

– Nə dedi? Bilirsiniz onun necə gözləri var?! İri, qəşəng. Bu gözlər istehzayla baxdı. “Yaxşı, Xloya xala, qoy sən deyən olsun”, – dedi və qonaq otağına qayıtdı, – bu cürətimə görə məni didmək lazımdır, ancaq neyləyim, mən də beləyəm də, mətbəxdə mənə mane olanda əsəbiləşirəm.

– Həmin naharsa şöhrət qazandı, yadıma gəlir, yaman təriflədilər, – Corc dedi.

– Təriflədilər? Siz elə bilirsiniz, mən qapının arxasında dayanmamışdım? Mən hər şeyi görürdüm. Generalın boşqabına düz üç dəfə piroq qoydular! O isə yeyir və deyirdi: “Sizin aşpazınız möcüzədir, missis Şelbi!”. Az qaldım onda sevincimdən öləm! Axı, general yaxşı stolun nə olduğunu bilir! – Xloya xala fəxrlə davam elədi. – Hörmətli adam idi. Onların ailəsi Virciniyada iki ən kübar ailələrdən biri idi. Generalın piroqdan məndən də yaxşı başı çıxırdı. Piroq isə, mister Corc, hər adamın başı çıxan iş deyil. Mən hələ onda fikirləşmişdim: “Bəli, general görüb-götürmüş adamdır”.

Bu vaxt Corc toxluğun elə bir mərhələsinə çatdı ki, artıq boğazından tikə keçmirdi (tamamilə müstəsna hallarda, bu hətta oğlan uşaqlarının da başına gəlir) və nəhayət ki, otağın o biri başında hərisliklə stolun üstünü izləyən iki cüt parıldayan gözü və iki buruq saçlı başı lütf edib görə bildi.

– “Moz, Pit, götürün! – O qışqırıb tortdan iki böyük tikə kəsərək onlara uzatdı. – Yəqin sizin də könlünüzdən keçir, Xloya xala, onları yedizdir”.

Qonaqla ev sahibi yerlərini dəyişib ocağın yaxınlığına –rahat yerə keçdilər. Xloya xala isə yenidən bir yığın şirin kökə qızdıraraq, balaca qızı dizi üstə aldı və növbə ilə tikələrdən gah onun, gah özünün, gah da öz paylarını döşəmədə yumalanıb bir-birini qıdıqlaya-qıdıqlaya, arabir bacılarının ayaqlarından darta-darta yeməyi üstün tutan Mozun və Pitin ağzına qoymağa başladı.2

– Lap ağ elədi bunlar! Ana dəcəllərin üstünə qışqırdı və uşaqların şuluqluğu həddini aşanda ağına-bozuna baxmadan stolun altında onları təpiklədi. – Ağ adam qonaq gəlib, bunlarınsa, heç vecinə də deyil! Qurtarın, elə bu dəqiqə sakit oturun, yoxsa sizə elə bir qulaqburması verərəm ki, yadınızdan çıxmaz, qoy bir mister Corc getsin!

Bu qorxulu hədənin nə demək olduğunu söyləmək çətindir, lakin hər halda bu nəsə qeyri-müəyyənlik balaca günahkarlara heç bir təsir göstərmədi.

– Of, aman Allah! – Tom dayı qışqırdı. – Bütün günü oynaşırlar, heç dinc durmurlar.

Bu yerdə üst-başları patkaya3 bulaşmış oğlanlar stolun altından çıxıb bacılarını öpməyə başladılar.

– Hələ bir bunlara bax! Anaları əliylə onların qıvrım başlarını kənara itələyib qışqırdı. – Yapışacaqsınız bir-birinizə, sonra ayırmaq olmayacaq. İtilin quyu başına, yuyunun necə lazımdır!

Və o, öz sözlərini kifayət qədər bərk şapalaqla sona yetirmək istədi, lakin bu da, fırfıra kimi qapıya diyirlənən körpələrin gurultulu qəhqəhələrinin yeni partlayışına səbəb oldu.

– Belə nadürüstləri görmüsünüzmü? – Xloya xala mərhəmətlə soruşdu və köhnə məhrəbanı götürüb, sınıq çaydandan su töküb islatdı, çağanın üzündəki və əllərindəki şirəni silməyə başladı.

Qızı tərtəmiz silib, Tomun dizi üstdə oturtdu, özü isə qab-qacağı yığışdırmaqla məşğul oldu, qızcığaz o saat atasının burnunu dartışdırmağa, üzünü cırmaqlamağa başladı. Öz toppuş əllərini atasının gur, qıvrım saçlarına ilişdirməyə can atmaq ona xüsusi ləzzət verirdi.

– Bir bu şeytana bax! – Tom qızını yuxarı qaldırdı. Sonra durub onu çiyninə aldı və otaq boyu atılıb-düşməyə, oynamağa başladı.

Mister Corc yaylığını yellədir, artıq özlərini yetirmiş Moz və Pit lap ayı kimi nərildəyərək onların arxasınca qaçırdılar. Nəhayət Xloya xala bildirdi ki, onlar öz hay-küyləriylə onu “başdan-beyindən elədilər”.

Bu “cərrahiyyə əməliyyatı” hər gün təkrar olunduğundan Xloya xalanın bəyanatı ümumi şənliyi heç cür azalda bilmirdi və hamı qaçıb, oynayıb, tamam yorulub əldən düşəndən sonra daxmada sakitlik və asudəlik başlayırdı.

– Hə, deyəsən, rahatlandınız, – Xloya xala alçaq, təkərli çarpayını otağın ortasına itələdi, – Moz, sən də Pit, yıxılın yatın, bir azdan ibadət başlayacaq.

– Ana! Yuxumuz gəlmir bizim! Biz ibadətə baxmaq istəyirik! Elə yaxşı olur ki!.. İbadətə tamaşa eləməkdən xoşumuz gəlir.

– Xloya xala, yığışdır çarpayını!. İşin olmasın, dəymə uşaqlara, – mister Corc ərklə dilləndi və yöndəmsiz çarpayını ayağıyla geri itələdi.

Tərbiyə qaydalarına riayət olunmasından razı qalan Xloya xala burnunun altında deyinə-deyinə böyük həvəslə çarpayını küncə itələdi:

– Neyləyək, bəlkə də bu onların xeyrinədir.

Sonra isə hamısı yığışıb ibadət mərasiminə necə hazırlaşmaq barədə müzakirəyə başladılar.

– Heç bilmirəm kətilləri haradan tapacağıq, – Xloya xala dedi. Nəzərə alınsaydı ki, elə əvvəllər də onların daxmasındakı kətillərin sayı həftədə bir dəfə keçirilən bu mərasimlərin müvəffəqiyyətinə öz təsirini göstərməmişdi, onda bu dəfə də hər şeyin son dərəcə yüksək səviyyədə keçəcəyinə inam bəsləmək olardı.

– Keçən həftə qoca Piter dayı oxuyub-oxuyub birdən coşdu və kətilin iki ayağı yerli-dibli yoxa çıxdı, – Moz xəbər verdi.

Yaxşı, di çərənləmə! Yəqin sən özün sındırmısan onları. Sənin bütün əməllərin mənə məlumdur! – anası onun üstünə çəm–kirdi.

– Eybi yoxdur! Bu ayaqsız kətili divara söykəyib oturanda aşmır. – Moz ona təskinlik verdi.

– Bircə Piter dayını oturtmayın onda. O oxuyanda bütün otağı dörd fırlanır. Keçən dəfə kətildə otura-otura küncdən-küncə dolanırdı, – bunu da Pit dedi.

– Onda lap yaxşı! Qoy elə həmin kətildə də otursun, –Moz sevincək dilləndi, –“Mömin bəndə, sən də, ey günahkar, sən də sözlərimə diqqət kəsil!”, – deyib başlayan kimi kəlləmayallaq olub, təpəsi üstə gələcək yerə. – Moz tın-tın səsiylə mədhiyyəni uzada-uzada oxudu və baş verəcək qəzanın tamaşasını çıxararaq döşəməyə sərələndi.

– Adam kimi apar özünü! – Xloya xala ona acıqlandı. –Heç utanıb-qızarırsan?

Ancaq mister Corc uşağın bu oyunbazlığına uğunub getdi, hələ onu bir “əhsən” nidasıyla mükafatlandırdı da. Bundan sonra ananın öyüd-nəsihətləri, danlaqları lazımi nəticəni verə bilmədi.

– Di yaxşı, qoca, vaxtdır daha, – Xloya xala dilləndi, – çəlləkləri diyirlət bura.

Anamızın bu çəlləkləri mister Corcun kitabdan oxuduğu o dul arvad kimi yaman üzübərkdirlər. –Moz qardaşının qulağına pıçıldadı.

– Hələ bir baxaq görək, bərk dura biləcəklərmi! – Pit ona etiraz elədi. – Yadımdadır, keçən həftə dua oxunan vaxt çəlləklərdən birinin dibi düşdü və hamı döşəməyə yıxıldı.

Mozla Pit öz aralarında pıçıldaşdıqları vaxt otağa iki boş çəllək diyirləyib gətirdilər, hər iki tərəfdən yanlarını daşla bərkidib üstündən bir taxta uzatdılar. Bu qurğuya bir neçə şil – axsaq kətil, ağzı üstə çevrilmiş ləyən və vedrə də əlavə elədilər ki, bununla da ibadət mərasiminə hazırlıq başa çatdı.

– Güman edirəm, mister Corc bu gün bizim üçün kitabdan oxuyacağına etiraz eləməyəcək, – Xloya xala dedi. – Mister Corc elə gözəl, elə rəvan oxuyur ki. Kitabın üzündən oxuyanda isə, bilirsiniz də, lap maraqlı olur.

Corc bu xahişə həvəslə razı oldu, çünki öz şəxsiyyətinin gərəkliyini, nəyəsə qadir olduğunu duymaq bütün oğlan uşaqları kimi, ona da ləzzət verirdi.

Çox çəkmədi ki, səksən yaşlarında saç-saqqalı ağarmış ixtiyar qocadan tutmuş on beş yaşlı oğlan-qızacan müxtəlif yaşlı zəncilər otağa yığışdılar. Qeybətə, lakin heç kəsin xətrinə dəyməyən, mənafeyinə toxunmayan söz-söhbətə meydan verildi. Misal üçün, gop elədilər ki, Salli xala hardansa qırmızı bir yaylıq ələ keçirib örtür başına, xanım özünə təzəsini tikdirən kimi ağ xallı batist paltarını Lizziyə vermək istəyir, mister Şelbi bir kəhər ayğır almaq fikrindədir və bu ayğır guya malikanənin şöhrətini daha da artıracaq. İbadətə toplaşanların bəziləri öz sahibkarlarının icazəsi ilə qonşu malikanədən gəlmişdilər. Onlar da öz eşitdiklərindən, ağalarının evində və fermasında görülən işlərdən maraqlı söhbətlər edirdilər. Bütün bunlar cəmiyyətin yuxarı dairələrində gedən söz-söhbətdən, dedi-qodulardan heç də az maraqlı deyildi.

Bir azdan, toplaşanların hamısına əvəzsiz zövq verən, mənəvi rahatlıq gətirən xor başladı. Heçnə, hətta təcrübəsiz və bir qədər də naşı ifa tərzi belə, melodiyanın qəribə və coşqun axarına qovuşub qaynayan bu səslərin aydan arı saflığına, təbii qüdrətinə xələl gətirə bilmirdi. Hamının bildiyi kilsə himnləri, dini nəğməlar canlı və oynaq bir ritmlə ifa olunurdu. Bu nəğmələrdən birinin tapşırması xüsusi bir həvəslə, ürəkdən gələn yaralı bir səmimiyyətlə oxundu:

Ölümü döyüşdə qarşılayıb mən,                   Ölümü döyüşdə qarşılayıb mən,                   Müqəddəs aləmə bulacam yolu.

Bu yerlərdə, görünür xüsusilə sevilən başqa bir nəğmədə isə bu misralar dönə-dönə oxunurdu:

Qəlbən can atıram müqəddəsliyə              İstərəm səni də ora səsləyəm.

Öz cənnət yurdumdan bir dəstə mələk             Hey çağırır məni əl eyləyərək.                   Bir bax gur selində üzən o yurda,                   Bizi ölümsüzlük gözləyir orda.

Bu nəğmələrdə “lordan sahilləri”, “Hənaan torpağı” və “Yeni Yerusəlim” kimi ifadələr tez-tez yada salınırdı, belə ki, gözoxşayan mənzərələr, şairanə təmtəraq zəngin və ehtiraslı zənci təxəyyülü üçün xüsusilə doğma idi.

Öz sevimli nəğmələrini oxuya-oxuya onlar gülür, ağlayır, gah çəpik çalır, gah da bərk-bərk, hərarətlə bir-birinin əllərini sıxırdılar, elə bil, doğrudan-doğruya gedib İordan sahillərinə yetişmişdilər.

Mahnılar moizələrlə, ibrətamiz rəvayətlərlə növbələşirdi. İş-güclə çoxdan vidalaşmış, lakin hamının sayıb ehtiram göstərdiyi ağbirçəkli qarı ötən günlərin canlı salnaməsi təki yerindən durdu, əl ağacına dirsəklənərək belə bir nitq irad elədi:

– Övladlarım! Sizi görməyimə və eşitməyimə bilsəniz nə qədər şadam, sözlə ifadə edə bilmərəm bunu, çünki əbədi və əsl dünyaya mənim nə vaxt qovuşacağımı kim bilə bilər? Ancaq mən hazıram, övladlarım, elə hazıram ki, hətta yol düyünçəmi də yığıb bağlamışam, ləçəyim də başımdadır, hazırca oturub arabanın dalımca gələcəyi və məni öz evimə aparacağı günü gözləyirəm. Bəzən olur, bütün gecəni yatmırsan və səhərəcən oturub keşik çəkirsən görəsən, o arabanın təkərlərinin səsi gəlmir ki? Mənim övladlarım, siz də hazır olun, – bu yerdə o, əsasıyla döşəməni taqqıldatdı, çünki əbədi, müqəddəs aləmdən şirin heç nə mövcud deyil. Eşidin, övladlarım, ondan şirin heç nə yoxdur! Siz bircə bilsəydiniz, bu necə gözəldir – əbədi dinclik; o müqəddəs aləm! Sözlərini davam etməyə qarının daha taqəti qalmadı və göz yaşlarına qərq olaraq öz kürsüsünə çökdü. Xor şimşək kimi gurladı:

– Ah, Hənaan! Ah, Hənaan! Həsrət qaldığım diyar!

– Mister Corc hamının xahişini nəzərə alıb, Apokalipsisin son fəsillərindən bir neçəsini oxumağa başladı. Onun sözünü tez–tez bu cür heyrətli nidalarla kəsirdilər: “Allah, özün saxla, Allah!”, “Yox, hələ bir eşidin siz!”, “Heç gör ağıla gələrmi?”, “Yəni, burda yazılanlar, doğrudanmı olacaq bir gün?”

Anasından şəriət dərsini yaxşıca mənimsəmiş Corc öz müvəffəqiyyətindən qürrələnərək, arabir oxuduğu mətnin özünəməxsus şərhinə də girişir və bununla da cavanları heyran qoyur, qocaların qəlbində isə riqqətli duyğular oyadırdı. Axırda da dinləyicilər belə bir yekdil fikrə gəldi ki, “Heç keşişin özü hər şeyi bu cür aydın və gözəl izah edə bilməzdi” və bu, “sadəcə olaraq, ağlasığan şey deyil”.

Din məsələlərində Tom dayı bütün bu dairədə az qala din xadimi, ruhani hesab edilirdi. Yüksək əxlaqi-etik normalara riayəti, hərtərəfli inkişaf etmiş ağlı ətrafındakıları, tay-tuşlarını onunla ehtiramla, əsl keşiş kimi davranmağa məcbur edirdi. Anlaşıqlı və ürəkdən gələn moizələri ibrətamiz, rəvayətləri isə, hətta oxumuş adamların belə qəlbinə yol tapa bilərdi. Xüsusən də o, dua edərkən bir səmimiyyət və kövrəklik mücəssəməsinə çevrilirdi. Müqəddəs kitabdan gələn mətnlərlə rövnəqlənən, Tomun qanına-iliyinə işləmiş bu dualar onun dilində həzin-həzin səslənən kövrək bulaq şırıltısı kimiydi və bu duaların uşaq ciddiyyətindən, sadəlövhlüyündən də təsirli bir şey təsəvvür eləmək mümkün deyildi.

Mömin, ahıl zəncilərdən birinin dediyi kimi, Tomun “duaları çox uğurlu alınırdı” və bu dualar Tomu dinləyən dindarlara elə dərin təsir bağışlayırdı ki, onlar az qala, yerlərdən ucalan ehtiraslı hay-küy içində tamam qərq olmaq, deyilən sözü eşitməmək təhlükəsi qarşısında qalırdılar.

Bütün bunlar işçinin daxmasında baş verirdi, sahibkarın evində isə tamamilə başqa bir səhnə oynanılmaqda idi.

Qul alverçisi və mister Şelbi həmin yemək otağında, həmin stolun arxasında əyləşmişdilər, stolun üstündə mürəkkəb qabının yanında bir neçə kağız görünürdü.

Mister Şelbi pul bağlamalarını sayır və bir–birinin dalınca qul alana verirdi.

– Hamısı düzdür, – o da öz növbəsində pulları sayıb dilləndi, – indi isə, bax, burda və burda öz imzanızı qoyun.

Mister Şelbi hər iki kağızı götürüb imzaladı və pullarla birlikdə kənara itələdi. Görünür, o bu xoşagəlməz işi tez qurtarmaq istəyirdi. Heyli nimdaş yol çantasından perqament kağızı çıxartdı, nəzərdən keçirib, öz səbirsizliyini gizlətməyə çalışaraq kağıza doğru əyilən mister Şelbiyə verdi.

– Bax belə, qurtardıq, – qul alverçisi stuldan durdu.

– Bəli, qurtardıq, – mister Şelbi fikirli-fikirli dilləndi və dərindən köks ötürüb təkrar elədi, – qurtardıq!

– Siz elə bil heç sevinmirsiniz! – qul alverçisi təəccüb elədi.

– Heyli, –mister Şelbi dedi, – mən ümidvaram ki, kişi kimi verdiyiniz sözü unutmayacaq, Tomu yad əllərə satmayacaqsınız.

– Axı, siz özünüz elə indicə belə elədiniz, ser, – qul alverçisi dedi.

– Sizə məlumdur ki, bu işə məni məcbur elədilər, – Şelbi təkəbbürlə cavab verdi.

– Məni də məcbur edə bilərlər, – qul alverçisi dedi, – yaxşı, yaxşı, sizin Tom üçün bir babat yer tapmağa çalışaram. Yaxşı rəftara gəldikdə isə, bu barədə narahat olmaya bilərsiniz. Başqa şeyi demirəm, qəddarlıq, Allaha şükür ki, məndə heç yerli-dibli yoxdur.

Heylinin öz humanizmini təsdiq eləmək üçün söylədiyi əvvəlki dəlilləri də xatırlayan mister Şelbi onun bu sözlərinə o qədər də arxayın deyildi, başqa əlacı qalmadığından o, qul alverçisini səssizcə yola saldı və tək qalıb bir siqar yandırdı.

V FƏSİL

ÖZ AĞALARININ DƏYİŞMƏSİNƏ CANLI MÜLKİYYƏTİN MÜNASİBƏTİNDƏN BƏHS EDİR

Mister və missis Şelbilər öz yataq otaqlarına getdilər. Mister Şelbi böyük kresloda əyləşib, gündəlik poçtu nəzərdən keçirirdi, arvadı isə güzgünün qabağında dayanıb Eliza tərəfindən səliqəylə yığılmış saçlarını darayırdı. Qulluqçusunun ağarmış sifətini və çuxura düşmüş gözlərini görən missis Şelbi həmin axşam onu vaxtından tez buraxmış və tapşırmışdı ki, yatıb dincəlsin. Və indi, bu gecə vaxtı darandığı yerdə bir az əvvəl aralarında olmuş söhbəti birdən xatırlayıb saymazyana ərindən soruşdu:

– Hə yeri gəlmişkən, Artur, bu gün nahara gətirdiyiniz o mədəniyyətsiz tip kim idi elə?

– Onun adı Heylidir, – məktublardan başını qaldırmayan Şelbi cavab verdi və narahatlıqla kresloda qurcalandı.

– Heyli? Kimdir o, nə istəyirdi?

– Axırıncı dəfə mən Natçezdə olanda bəzi işləri onunla görmüşdüm.

– Buna görə də o, indi özünü bizim evin adamı hesab edir və naharda da ortaya soxulur, eləmi?

– Xeyr, mən özüm onu dəvət eləmişdim. Haqq-hesaba qol çəkmək lazım idi.

– O, qul alverçisidir? – Missis Şelbi ərinin səsindəki pərtliyi sezərək soruşdu.

– Bu hardan ağlınıza gəldi, əzizim? – Şelbi ona nəzər saldı.

– Hə, əslində heç yerdən. Sadəcə yadıma düşdü ki, nahardan sonra Eliza necə həyəcanla, göz yaşları içində qaçıb üstümə gəldi və məni inandırmağa çalışdı ki, guya qul alverçisinin onun oğlunu almaq istədiyini eşidib. Elə qəribə qadındır ki!

“Onsuz da bu məlum olacaq, geci-tezi var, – o fikirləşdi, – yaxşısı budur elə indidən boynuma alım”.

– Mən Elizanı məzəmmət elədim, – missis Şelbi saçlarını daraya-daraya sözünə davam elədi, – və dedim ki, siz heç vaxt bu cür adamlarla iş görmürsünüz. Axı, öz zəncilərimizi satmaq heç sizin ağlınıza da gəlməz, illah da ki, bu cür əllərə.

– Bəli, Emili, – əri dilləndi, – indiyəcən ağlıma gəlmirdi. İndi isə işlərim elə gətirib ki, başqa çarəm yoxdur. Kimisə satmalı olacağıq.

– Bu adama? Ağlasığmazdır! Mister Şelbi, siz zarafat edirsiniz!

– Təəssüf ki, yox, – Şelbi dedi, – mən Tomu satmağı qərara aldım.

– Necə?! Bizim Tomu? Xeyirxah, sədaqətli, uşaq yaşlarından sizə xidmət eləyən zəncini?! Mister Şelbi! Siz ki, ona azadlıq verəcəyinizi vəd etmişdiniz, biz sizinlə bu barədə neçə dəfə onun özünə demişik! Daha məni heç nə təəccübləndirmir, hətta bədbəxt Elizanın gözünün ağı-qarası yeganə oğlu Harrini belə satmaq istəməniz məni təəccübləndirmir! – Missis Şelbinin sözlərində böyük narazılıq və acı kədər hiss olunurdu.

– Yaxşı, Emili, bir axıracan qulaq asın. Mən Tomu və Harrini satmağı qərara almışam. Və başa düşmürəm, məni niyə belə zalım hesab edirsiniz! Başqaları az qala hər gün belə eləyirlər.

– Axı, niyə ancaq onları satmaq istəyirsiniz? Əgər kimisə satmaq elə vacibdirsə, məgər sizin başqa zənciləriniz yoxdur? Ona görə ki, ən yüksək qiyməti onlara verirlər: bax, buna görə. Düz deyirsiniz, başqasını da seçmək olardı. Bu adam Elizaya görə mənə böyük məbləğdə pul təklif elədi. Bu sizə əl verir?

– Əclaf! – Missis Şelbi qışqırdı.

– Mən ona heç qulaq da asmadım, sizin hisslərinizə hörmət elədim. Heç olmasa, bu işdə mənə haqq qazandırın.

– Bağışlayın məni, – missis Şelbi özünü ələ alıb dilləndi, – mən nahaq yerə qızışıb özümdən çıxdım. Ancaq bu nə qədər gözlənilməzdir! İcazə verin, bu bədbəxtlərçün heç olmasa xahiş eləyim. Tom zəncidir, ancaq nə qədər alicənab, nə qədər namusludur! Mən inanıram ki, mister Şelbi əgər lazım gəlsə, o öz həyatını sizə qurban verərdi.

– Bəli, bilirəm. Bu barədə danışmaq artıqdır. Mən başqa cür hərəkət eləyə bilmərəm.

– Gəlin bu işə öz varımızdan qurban verək. Qoy qurbanın bir hissəsi də mənim payıma düşsün. Ah, mister Şelbi! Mən həmişə çalışmışam bütün qəlbimlə, bir xaçpərəst ləyaqətiylə çalışmışam ki, tamamilə bizdən asılı olan bu sadədil bədbəxt varlıqlara münasibətdə öz borcumu yerinə yetirəm. Mən onlardan qayğımı əsirgəməmişəm, onları xeyirxahlığa çağırmışam və qeydlərinə qalmışam. Gör neçə illərdir sevinclərini, qəmlərini də mənimlə bölüşürlər. Özünüz fikirləşin, əgər hər hansı cüzi bir qazanc naminə bizə hədsiz inanan gözəl bir insanı – Tomu satıb, onu sevimli və qiymətli olan hər şeydən məhrum etsək, mən bizim zəncilərin gözünə baxa bilərəmmi?! Mən onların hər birinə yaxşı ər, ata, ailəcanlı olmağı öyrətmişəm, uşaqlara, valideynlərə hörmət eləməyi öyrətmişəm. İndi isə doğrudanmı açıq-açığına boynumuza alırıq ki, pul bizdən ötrü hər cür müqəddəs, doğma, səmimi əlaqələrdən daha qiymətlidir! Hələ Eliza! Yaxşı ana olmaq barədə ona nə qədər öyüd vermişəm, nəsihət vermişəm! Əgər siz Harrini ondan ayırıb, hər cür tərbiyədən uzaq, prinsipsiz bir adama satsanız, mən nə deyə bilərəm ona! Məgər bundan sonra o mənə inanarmı?

– Sizi kədərləndirmək mənim üçün çox ağırdır, Emili, çox ağırdır, – mister Şelbi dedi, – mən sizin hisslərinizə hörmət edirəm, ancaq gizləmirəm, sizin bu hisslərinizə tam şərik ola bilmirəm. Lakin inanın sözlərimə, bütün bunlar faydasızdır. Mən başqa cür eləyə bilmərəm. Mən bunu sizə deməyəcəkdim, Emili, qısası, məsələ belədir: ya bunların ikisini də satmalıyam, ya da biryolluq hər şeydən əl çəkməliyik. Ayrı çıxış yolu yoxdur. Mənim veksellərim Heylinin əlinə düşüb, əgər onunla haqq-hesabı üzməsəm, o bizi səfalətə düçar edəcək. Mən bacardığım qədər hiylə işlətdim, olan bütün pulları topladım, borc götürdüm – bircə o qalmışdı ki, sədəqə yığım, lakin haqq-hesabı tamam çürütmək üçün Tomu və Harrini satmaq lazımdır. Heyli oğlanı bəyəndi, tələb etdi ki, onu satım və yalnız bu şərtlə işimizi yoluna qoymağa razılaşdı. Burda mən tamamilə gücsüzem. Siz bu iki zəncinin satılmasını ürəyinizə salıb dərd edirsiniz, bəs olan-qalan hər şeyimizdən əl çəkməli olsaq, necə olar?

Bu sözlər missis Şelbini sarsıtdı. O, tualet stoluna tərəf gedib əlləri ilə üzünü örtdü və sinəsindən inilti qopdu.

Köləliyi Allah qarğıyıb və o, qulları da, biz ağaları da məhv edir. Mən ağılsız da fikirləşirdim ki, bu dəhşətli müsibəti yoluna qoya biləcəyəm! Bizim qanunlarla qul sahibi olmaq nə qədər günahdır! Mən bunu həmişə hiss eləyirdim, həmişə, lap uşaq yaşlarından. Lakin mənə elə gəlirdi ki, köləliyi xeyirxahlıqla, mülayimliklə, zəncilərə diqqətli münasibətlə elə ört-basdır etmək olar ki, köləlik bizim qullara azadlıqdan da yaxşı görünə bilər! Elə bunun özü ağılsızlıq deyilmi?

– Emili! Görürəm, siz əsl abolisionist4 olmusunuz!

– Abolisionist? Ah, əgər abolisionistlər köləlikdən mən qədər bilsəydilər, onda onlar bu barədə daha böyük əsasla danışa bilərdilər! Xeyr, bizim onlardan öyrənməyimizə ehtiyac yoxdur. Həmişə əzab çəkirdim ki, bizim qullarımız var. Mən hesab edirəm ki, bu belə olmamalıdır!

– Nəticə etibarilə, siz öz fikirlərinizlə bir çox mömin və ağıllı adamlarla həmfikirsiniz, – Mister Şelbi dedi, – axır bazar günü moizəsini xatırlayın.

– Mən o cür moizələrə qulaq asmaq istəmirəm və belə vaizlərin yeri bizim küçələr deyil. Ruhanilər də bizim kimi şərlə, yamanlıqla mübarizə aparmaq iqtidarında deyillər, bəs onda niyə onlar buna haqq qazandırırlar! Həmişə mənə elə gəlib ki, bu sağlam fikrin ziddinədir və təxminən əminəm ki, axır bazar günü moizəsi sizin də xoşunuza gəlməyib.

– Bəli, – Şelbi dedi, – açığını desək, Allahın qulluqçuları hərdənbir bizdən – yazıq günahkarlardan həddən artıq uzaqlaşırlar. Biz çox şeylə razılaşmağa məcburuq, çox şeyə barmaqarası baxmağa məcburuq, lakin qadınlar və ya ruhanilər əxlaq və ləyaqət qaydalarıyla hesablaşmayanda, bunu artıq heç yerə yazmaq olmaz. Mən ümidvaram ki, mənim əzizim, indi siz bu addımın nə qədər vacib olduğuna inandınız, inandınız ki, vəziyyətdən bundan yaxşı çıxış yolu tapmaq olmaz.

– Bəli, bəli, – missis Şelbi dalğın-dalğın qızıl saatını qurdalayaraq səsləndi, – mənim qiymətli daş-qaşım yoxdur, fikirli-fikirli davam etdi, – bəlkə, siz bu saatı götürəsiniz? Vaxtında o baha idi. Mən nəyim var, hamısını qurban verərdim, bircə Elizanın uşağını qurtarsaydım… Heç olmasa bircə onu…

– Mənimçün ağırdır, Emili, sizin bu qədər dilxor olmağınız… – Şelbi dedi, – artıq heç nəylə kömək edə bilməzsən. İş görülüb qurtarıb, kupça kağızı imzalanıb və Heyli onları özüylə aparıb. Allaha şükür edin ki, hər şey müəyyən mənada hələ yaxşı qurtardı. Bu adam bizi var-yoxdan çıxara bilərdi. Əgər Heylini mənim qədər tanımış olsaydınız, taleyinizin tükdən asılı olduğunu başa düşərdiniz.

– Doğrudanmı, o bu qədər qəddardır?

– Heyliyə qəddar demək olmaz, lakin o, soyuqqanlı adamdır, gönü qalındır, yalnız öz xeyrini güdür, bu yolda heç kəs onu saxlaya bilməz, lap əcəl kimi amansızdır. Ona yaxşı pul vəd eləsən, doğma anasını da satar, bu heç də o demək deyil ki, oğlunun qarıdan acığı gəlir və onun pisliyini istəyir.

– Və bu alçaq bizim xeyirxah Torna və Elizanın uşağına sahib oldu!

– Bəli, mənim əzizim, bununla barışmaq mənim özümə də çətindir. Üstəlik, Heyli tələsir və onları sabah aparmaq istəyir. Mən tapşıracağam atı yəhərləsinlər və səhər tezdən gedəcəm. Tomla rastlaşmamaq üçün. Siz də bir yerə çıxıb gedin, Elizanı da özünüzlə götürün. Qoy gözü görməsin.

– Xeyr, xeyr! – Missis Şelbi qışqırdı. – Mən bu amansız işdə köməkçi ola bilmərəm! Mən bədbəxt Tomun yanına gedəcəm, onun bu dərdinə qoy Tanrı özü kömək olsun! Lap dar ayaqda da qoy hiss etsinlər ki, mən onların tərəfindəyəm. Eliza haqda isə düşünmək belə dəhşətlidir. Qoy Allah bizi bağışlasın! Bu nə fəlakət idi, biz düşdük!

Mister və missis Şelbilər güman etmirdilər ki, onların söhbətini eşidə bilərlər.

Qapısı dəhlizə açılan kiçik qaranlıq otaq ər-arvadın yataq otağına bitişik idi. Missis Şelbi Elizanı bu axşam tez buraxanda, həyəcandan özünü-sözünü bilməyən gənc ana bu otağı xatırladı. Orada gizləndi və qulağını divarın çatlaq yerinə söykəyib, olan söhbəti sözbəsöz eşitdi.

Ev yiyələrinin səsi kəsiləndə Eliza səssiz-səmirsiz dəhlizə çıxdı, rəngi ağappaq ağarmışdı, tir-tir əsirdi, sifəti çəkilmiş, dodaqları kip sıxılmışdı. O, əvvəlki mülayim, utancaq məxluqa qətiyyən oxşamırdı.

Dəhlizdən ehtiyatla keçdi, sahibkarlarının yataq otağı önündə addımlarını bir dəqiqəliyə yavaşıtdı və xəlvətcə öz otağına qayıtdı. Onun sakit, səliqəli otağı ev sahiblərinin mənzilləri ilə bir mərtəbədə idi. Burda, günəş dolu bu pəncərə önündə Eliza tez-tez oturub, tikiş tikər, pəsdən oxuyardı; bu rəfdə onun kitabları və bəzək-düzəyi – missis Şelbinin milad bayramlarında bağışladığı hədiyyələr düzülmüşdü. Şkafda və siyirmədə onun sadə pal-paltarı saxlanırdı. Sözün kəsəsi, bu guşəni, Eliza öz evi hesab edir və içində xoşbəxt ömür sürürdü. Elə buradaca, çarpayıda onun uşağı yatırdı. Uzun qıvrım telləri bir-birinə dolaşaraq yastığa tökülmüşdü, parlaq dodaqları azca aralı idi, balaca, totuq əllərini yorğanın üstünə qoymuşdu, təbəssüm yuxulu uşaq bənizini nura bələmişdi.

– Zavallım mənim, zavallım! – Eliza pıçıldadı. – Satıblar səni! Ancaq sən qorxma, anan öz balasını darda qoymaz!

Yastığa bir dənə də göz yaşı düşmədi. Belə dəqiqələrdə ürək də xəsisləşir. O, ağzınacan qanla silələnir və susur. Eliza kağız parçası və karandaş götürdü, tələsik bu sözləri yazdı:

– “Ah, missis! Hörmətli missis! Məni qınamayın, məni naşükürlükdə günahlandırmayın. Mən sizin mister Şelbi ilə söhbətinizi eşitdim. Uşağımı xilas etməyə cəhd edirəm. Məni buna görə mühakimə eləməyin! Xeyirxahlığınıza görə Allah sizdən razı olsun!”

Kağızı iki qatlayıb üstünü yazdı, siyirməyə yaxınlaşıb uşaq paltarlarından əlinə keçəni yığdı və burun dəsmalı ilə kəmərinə möhkəm bağladı. Ana məhəbbəti elə güclü idi ki, Eliza hətta bu qorxulu dəqiqələrdə də oğlunun sevimli oyuncaqlarından üç-dördünü boxçaya qoymağı unutmadı, alabəzək tutuquşunu isə kənara qoydu ki, oğlu oyananda onu bir az əyləndirib, könlünü açsın. Lakin onu tez oyatmaq mümkün olmadı, ancaq budur, oyandı, çarpayıda dikəlib oturdu və anası kaporunu geyinib şalını örtənəcən, oyuncaqları ilə məşğul oldu.

Eliza onun paltosunu və papağını əlində tutub çarpayıya yanaşanda oğlan soruşdu:

– Ana, hara gedirsən?

Anası onun üzərinə əyildi və gözlərinə elə diqqətlə baxdı ki, uşaq o saat ehtiyatlandı.

– Ts! – Eliza pıçıldadı. – Bərkdən danışmaq olmaz, yoxsa bizi eşidərlər. Xortdan bu qaranlıq gecədə balaca Harrini anasından ayırıb aparmaq istəyir. Ancaq anası öz balasını heç kəsə verməyəcək. İndi balamın paltosunu və papağını geyindirəcəyəm və biz qaçacağıq, onda xortdan bizi tuta bilməyəcək.

Bu sözləri deyib paltonu düymələdi, onu qucağına aldı, yenə susmasını tapşırdı və qapını açaraq səssizcə aynabəndə çıxdı.

Gecə soyuq və ulduzlu idi, ana uşağını möhkəm–möhkəm bürüdü. Anlaşılmaz qorxudan uşağın elə bil dili tutulmuşdu, o, bərk-bərk anasının boynuna sarıldı.

Aynabəndin uzaq küncündə yatmış böyük qoca Nyufaundlend* Bruno Elizanın ayaq səslərini boğuq mırıltıyla qarşıladı. Eliza sakitcə iti çağırdı, onun çoxdankı dəcəl dostu olan köpək dərhal quyruğunu bulayıb onların arxasınca götürüldü. Ancaq itin heç ağlına da gəlməzdi ki, işdən sonra bu bivaxt gecə gəzintisi nə ola bilər? Görünür, onu Elizanın təhlükəsizliyi barədə anlaşıqsız şübhələr narahat edirdi, ona görə də, o tez-tez dayanır, qəmli gözləriylə gah Elizaya, gah evə nəzər salır və dərin fikir içində yenidən getməyə üz qoyurdu. Bir neçə dəqiqədən sonra onlar Tom dayının daxmasına çatdılar. Eliza sakitcə pəncərəni döydü.

Həmin gecə dua mərasimi gecəyarıyacan uzandı, hamı dağılışandan sonra Tom dayı bir neçə də solo himn ifa elədi. Bu o demək idi ki, bu dəm, yəni gecəyarıdan xeyli keçsə də, nə o, nə də arvadı hələ yatmayıblar, hələ oyaqdılar.

– Allah, özün saxla, kimdir orda? – Xloya xala diksinərək səsləndi və cəld pərdəni araladı. – Hə, bu ki Lizzidir? Geyin, qoca, hətta Bruno da gəlib buralara çıxıb. Gedirəm qapını açım.

Xloya xala qapını taybatay açdı. Tomun tələsik yandırdığı piy şamın işığı qaçqının hədəqədən çıxmış gözlərinə və əzablı sifətinə düşdü.

– Allah, özün kömək ol! Lizzi, adam sənə baxanda qorxur! Nə olub sənə? Xəstələnmisən?

– Tom dayı. Xloya xala, mən qaçıram… Harrini xilas eləmək lazımdır. Sahibkar satıb onu.

– Satıb! – Onlar bir səslə qışqırıb, əllərini dəhşət içində göyə qaldırdılar.

– Hə, satıb, – Eliza qətiyyətlə təkrar etdi, – mən onların yataq otağının qonşuluğundakı balaca, qaranlıq otaqda gizlənib, sahibkarın missis Şelbiyə dediyi sözləri eşitdim. O, mənim Harrimi və Tom dayı, səni satıb. Sabah sübhdən qul alverçisi sizin hər ikinizi aparacaq, sahibkar isə bu ara evdən çıxıb gedəcək.

Elizanı dinləyən Tom sanki daşa dönmüşdü. Onun əlləri elə göydəcə donub qalmış, gözləri hədəqəsindən çıxmışdı. Bu sözleərin mənasını yavaş–yavaş dərk eləyincə stula yıxıldı və başını dizləri arasında gizlədi.

– Mərhəmətli Allah, rəhmin gəlsin bizə! – Xloya xala qışqırdı. – Doğrudanmı, bu həqiqətdir? Günahı nəydi ki, sahibkar onu satdı.

– Onun heç bir günahı yoxdur, məsələ bunda deyil. Mister Şelbi istəmir onları satsın, hələ missis… Özünüz bilirsiz onun necə rəhmli qəlbi var… Mən eşitdim, o necə bizim tərəfimizi saxlayırdı, xahiş edirdi. Ancaq sahibkar dedi ki, artıq heç nə eləmək mümkün deyil. O, bu adama borcludur və onun əlindədir. Əgər borcunu ödəməsə, onda bütün mülkünü, bütün zəncilərini satmalı olacaq və buradan köçəcək. O adamdan yaxa qurtarmaq müşküldür. Mən özüm eşitdim, sahibkar deyirdi ki, onun başqa yolu yoxdur – ya Tomu və Harrini satmalı, ya da qalan hər şeyindən məhrum olmalıdır. Onun sizə yazığı gəlir… Hələ missis! Siz onun sözlərini eşitmiş olsaydınız! Bilirəm ki, yaxşı iş görmürəm, ancaq ayrı cür də edə bilmərəm. Xanımın özü deyirdi ki, insan qəlbi hər cür var-dövlətdən, xəzinədən qiymətlidir, bəs5 mənim oğlumu satanda, kim bilir, körpənin qəlbinə nə dağlar çəkiləcək. Belədi axı, belədi! Yox, əgər mən yanılıramsa, qoy Allah özü keçsin günahımdan!

– Qoca, – Xloya xala dilləndi, – bəs sən niyə durmusan? Gözləyirsən ki, nə vaxt səni gəlib çayaşağı, zəncilərin dözülməz zəhmətdən və acından qırıldıqları yerə aparsınlar? Bundansa, mən ölərdim! Vaxt var ikən Lizzi ilə birlikdə qaç. İcazə kağızın var, heç kəs səni saxlamaz. Qalx, mən indicə sənin şey-şüyünü yığışdıraram.

Tom ağır-ağır başını qaldırdı, kədərli, lakin arxayın baxışlarla komanı süzüb dilləndi.

– Yox, mən heç yana getmirəm. Qoy Eliza getsin, buna onun haqqı var. Kim ananı mühakimə edəcək? Bəs sən eşitmədinmi o nə dedi? Əgər məni satmasalar, onda hər şey məhv olacaq… Neyləmək olar, qoy satsınlar, birtəhər dözərəm buna. –Onun geniş sinəsindən həyəcanlı, titrək bir ah qopdu. – Sahibkar həmişə mənə etibar edib. Mən onu aldatmamışam, icazə vərəqəsindən heç vaxt lüzumsuz yerə istifadə etməmişəm və heç vaxt da etməyəcəyəm. Bütün malikanəni xaraba qoymaqdansa qoy təkcə məni satsınlar. Sahibkarı qınama, Xloya. O səni pis gündə qoymaz…

Tom çarpayıya tərəf döndü, uşaqlarına baxdı və birdən heysizləşdi. Başını stulun söykənəcəyinə əyib, əllərdə üzünü örtdü. Köksündən ağır, xırıltılı hıçqırıqlar qopdu, iri göz yaşları barmaqlarının arasından süzülərək döşəməyə damcılamağa başladı. – Ser, sizin də göz yaşlarınız bax beləcə sellənərək ilk övladınızın uyuduğu tabuta tökülmüşdü. Ölüm ayağında olan körpənizin ağlar səsini eşidəndə siz də, xanım, bax beləcə göz yaşları içində boğulurdunuz, Tom da axı, sizin kimi insandır, ser. İpəyə bürünmüş, daş-qaşa qərq olmuş ana da həyatın zərbələrinə məruz qalanda ürəyi ağrılardan bax beləcə paralanan adicə bir qadın deyilmi?

– İkicə kəlmə də deyim, – Eliza astanadan dilləndi. – Mən bu gün ərimlə görüşmüşdüm, onda hələ heç kim heç nə bilmirdi. Mənim Corcumu o dərəcəyə çatdırıblar ki, o daha dözə bilmir və qaçmağı qərara alıb. Çalışın görün onu və mənim getməyimin səbəbini deyin. Deyin ki, Kanadaya gedən yolu tapmağa çalışacam və əgər bir də heç zaman görüşə bilməsək…

O üzünü gizlədərək yana çevirdi və bir dəqiqə sonra üzgün səslə davam elədi: – …Ona deyərsiniz ki, qoy necə vardı əvvəlki kimi, eləcə də yaxşı adam olaraq qalsın… Onda biz o dünyada bəlkə görüşə bildik. Brunonu zəncirləyin, – sözünün sonunda əlavə etdi, – yoxsa, zavallı arxamca gələcək.

Qısa, hay–küysüz vidalaşma, bir neçə damla göz yaşı, son xeyir-dua… və özünü itirmiş Eliza qorxmuş uşağını sinəsinə sıxaraq səssizcə qapının arxasında gözdən itdi.

VI FƏSİL

QAÇMAĞIN ÜSTÜ AÇILDI

Axşamkı uzun mübahisədən sonra mister və missis Şel-bilər çox gec yuxuya getdilər və səhər həmişəkindən gec oyandılar.

– Başa düşmürəm. Eliza nə üçün belə ləngidi? – missis Şelbi artıq neçənci dəfəydi ki, zəngi çəkirdi.

Mister Şelbi güzgünün qabağında dayanıb ülgücü itiləyirdi. Bu dəm qapı açıldı və yataq otağına zənci oğlan daxil olub üz qırxmaq üçün su gətirdi.

– Endi, – missis Şelbi ona müraciət elədi. – Elizanın qapısını döy və de ki, artıq üçüncü dəfədir zəngi çalıram. – Köks ötürüb yavaşcadan əlavə etdi. – Zavallı.

Bir neçə dəqiqədən sonra Endi təəccübdən gözləri bərəlmiş halda qayıtdı.

– Missis! Lizzinin otağında bütün siyirmələr açıqdır, şeylər hara gəldi atılıb. Deyəsən, qaçıb.

Mister və missis Şelbilər bir anda baş vərmiş hadisəni anladılar. Mister Şelbi qışqırdı:

– Deməli, Eliza nədənsə şübhələnib və qaçmağı qərara alıb?

– Allah eləsin, elə belə də olsun, – missis dedi.

– Siz cəfəngiyat danışırsınız, missis! Nə vəziyyətdə qalacağam mən? Heyli görürdü ki, uşağı satmaq istəmirəm və bu işdə mənim əlim olduğundan şübhələnəcək. Bu mənim şərəfimə toxunur. – Və o, surətlə otaqdan çıxdı.

Sonrakı on beş dəqiqə ərzində evdə vurnuxma kəsilmədi: qapılar çırpılır, qapıların dalından həyəcanlı sifətlər boylanırdı.

Təkcə bir nəfər baş vermiş hadisə barədə nəsə danışa bilərdi, lakin təmkinlə susurdu. O, baş aşpaz Xloya xala idi. Onun güləş üzünü ağır düşüncə kölgələmişdi. Sükutla səhər yeməyi üçün qoğal bişirməyində idi, elə bil ətrafındakı qaçaqaçı, vurnuxmanı nə görür, nə də eşidirdi.

Eyvanın bəzəkli sürahisində şüvülə düzülmüş qarğalar kimi on nəfərə yaxın qara əcinnə oturmuşdu, onlar yad sahibkarın düşdüyü müsibəti necə qarşılayacağını birinci görməyə çalışırdılar.

– Ay qəzəblənəcək ha! – Endi dedi.

– Sən qulaq as, gör bir necə söyüşlər söyəcək, – balaca Ceyk ona səs verdi.

–U–ux, yaman söyüşcüldü! – Qıvrımsaç Mendi dilləndi. – Mən dünən onlar nahar edəndə eşitmişəm. Missisin böyük bardaqları saxladığı anbara girmişdim. Sözbəsöz eşitmişəm.

Başqalarının söhbətinə pişik balasından çox diqqət yetirməyən Mendi qeyri-adi, çoxbilmiş görkəmlə, şəstlə eyvanda gəzişirdi. Həmin vaxt o anbarda olsa da, yumaq kimi yumurlanıb bardaqların arasında şirin yuxuya getdiyini tamamilə unutmuşdu.

Çəkməli və mahmızlı Heyli nəhayət ki, gəlib çıxdı və hər tərəfdən onun üstünə bəd xəbərlər yağış kimi yağmağa başladı. Eyvanda vurnuxan balaca əcinnələr yanılmamışdılar. Onlar hirslənmiş yad sahibkarın bir-birinin ardınca yağdırdığı söyüşlərə diqqət kəsildilər. Sahibkarın qamçısından qəhqəhəylə yayınaraq axırda aşıb eyvanın qabağındakı solub-saralmış çəmənliyə yıxıldılar, var səsləri ilə bağıra-bağıra ayaqlarını havada oynatmağa başladılar.

– Əlimə düşərsiz, şeytanlar! – Heyli dişlərini qıcayıb mırıldandı.

– Hələ ki, düşməmişik! – Endi təntənəylə əlini yelləyib qışqırdı, uğursuz qul alverçisi bir qədər aralandıqda isə, üz-gözünü turşutdu, sifətini eybəcər şəklə salaraq onu yamsıladı.

– Bu nə işdir, başıma gətirirsiz, Şelbi! – Heyli icazəsiz qonaq otağına girdi. – O məlun uşağı da götürüb aradan çıxıb?

Tom dayının daxması

Подняться наверх