Читать книгу Hekayələr - Исмаил Шихлы - Страница 1
HEKAYƏLƏR
QARA AT
ОглавлениеArabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkənlərin içində orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.
Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə əcrə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.
Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki, "katib özü də dəyişikliyin tərəfi deyil. Təzə adam seçib nə qazanacaqsınız?"
İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.
Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılanlara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:
– Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən dostun kimdir, düşmənin kim? Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq onun başından bir tük əskik olsun.
Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, "Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydınoğlunu Mədəd kişi qədər istəyən varmı?"
Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:
– A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?
Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:
– Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.
Mən o atı görmüşdüm. Qara at hündür, ayaqları səkil bir atdı. Tövlədə ayrıca saxlayırdılar. Teli ipək kimi yumşaq idi, əl dəyməmiş tökülərdi. Onu tövlədən çıxaranda camaat tamaşasına durardı. Yüyənini iki adam güclə saxlayardı. Oktyabr, ya da May bayramında kəndin dəliqanlıları cıdıra çıxanda qara atı ötən olmazdı. Əvvəllər bu atı əsl sahibi Əmirxan kişi minərdi. O da atı kimi hündür, zəhmli bir kişi idi. Sonra atı kolxoza verdilər…
Axşam dərsdən evə qayıdarkən mənim bəxtim yenə gətirdi. Səkkiz kilometr yolu piyada gedəsi olmadım. Torpaq yola çıxan kimi arabaya rast gəldim. Səhərki təki, arxada, cağdan yapışıb oturdum. Ayaqlarımı salladım. Hava qaralmışdı. Göyün üzündəki tutqunluq daha da güclənmiş, çiskin çoxalmışdı. Qarşıdakı kənd evlərində təkəmseyrək işıq yanırdı. Arabadakılar, deyəsən, yorulmuşdular. Dinmirdilər. Təkcə Mədəd kişinin qəlyanı közərirdi.
Arxadan səs eşidildi. Azacıq sonra çiskin içərisindən çıxan qara at yanımızdan güllə kimi ötdü. Dırnaqlarından qopan palçıq ətrafa səpələndi, bir-ikisi arabaya düşdü, deyəsən, Mədəd kişinin üzünə yapışdı. O sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə, qara atın düyünlənmiş quyruğuna baxdı. Qəlyanını ağzından çıxarıb əlini hirslə dizinə çırpdı:
– Sən dünyanın işinə bax, gör nə tezcə havalandı!
1970