Читать книгу Hekayələr - Исмаил Шихлы - Страница 5

HEKAYƏLƏR
MƏNİM RƏQİBİM

Оглавление

Unudulmaz müəllimim Əli Sultanlının

əziz xatirəsinə

Qapını açan kimi mənə hərbi xəstəxanadan yaxşı tanış olan yodqarışıq qan qoxusu üzümə vurdu. Düz səkkiz il bundan əvvəlki kimi ehtiyat və sevinclə pillələri qalxdım. Geniş foyelərdə gəzişənlərin səsi uğultuya çevrilib qulaqlarımda güyüldədi. O zaman mənə elə gəlirdi ki, dünyada bu binadan böyük, bu binadan geniş, bu binadan işıqlı və uca ev yoxdur. İndi isə elə bil hər şey kiçilmiş, tavan aşağı enmiş, foyelər daralmış, divarlar da bir-birinə yaxınlaşmışdı.

İkinci mərtəbəyə qalxdım. Biz oxuyan zaman mərmər pilləkənlərin üstünə kənarı yaşıl zehli, tünd-qırmızı rəngli ayaqaltı gəbələr salardılar. Bu gəbə yollar uzanıb koridorun ortası boyu düzülmüş iri gül dibçəklərinin altına sərilər, sonra da şaxələnib sağa-sola burulardı. İndi isə heç nə yox idi. Mərmər pillələrin bəzi yerləri çatlayıb ovxarlanmışdı. Pilləkəndə tünd-qırmızı ləkələr gözə dəyirdi. Mən pillələri qalxdıqca divarlara, auditoriyalara açılan qapılara göz qoyurdum. Hər yerdə bir baxımsızlıq, ağır günlərin izi, yenicə boşaldılmış hərbi xəstəxananın əlamətləri görünürdü.

Divardakı bədənnüma güzgünün qabağında ayaq saxladım. Müharibədən əvvəl tənəffüslərdə qol-qola girib foyelərdə gəzişən qızlar bu güzgünün qabağından keçəndə oğrunca özlərinə baxar, zəriflik və gözəlliklərindən qürrələnərdilər. Çox vaxt utancaq oğlanlar kənarda dayanıb ürəklərindən keçirdikləri qızların üzünə ancaq bu güzgüdə baxmağa cəsarət edərdilər. Nə gizlədim, mənim də gözlərim bu güzgüyə həsrətlə zillənmiş, amansız və qətrəhim baxışlardan təsəlli diləmişdi. İndi özüm də hiss etmədən vaxtilə odlu baxışların çarpazlaşdığı bu müqəddəs bəxt güzgüsünün önündə ayaq saxladım. Oradan mənə arıq, uzun, sifətinin cizgiləri codlaşmış, qara bir oğlan baxırdı. Dodaqları enlənib qaysaqlanmışdı. Gözlərində sərtlik və həyəcan var idi. Alnında qırışlar əmələ gəlmişdi. Saçı hələ uzanmamışdı. Uzun, nimdaş, boz şineli az qala topuğuna düşürdü. Uzunboğaz brezent çəkməsi də nimdaş idi. Bircə papağı təzə idi. Ordudan buraxılanda cəbhə yoldaşı papaqçı Dedkin tikib yadigar vermişdi.

Güzgüdəki oğlan mənə xeyli baxdı. Şinelinin yaxasını açdı. Barmaqlarını enli əsgər kəmərinin altına salıb köynəyinin qırışlarını arxaya sığalladı. Köksü qabardı, sinəsindəki orden və medallar cingildəyib titrəşdi. Sözün düzü, özümü tanıya bilmədim. Dörd ildə, cəbhədə olduğum müddətdə, imkan tapıb güzgüdə özümə əməlli-başlı baxa bilməmişdim. İnstitutun axırıncı kursunda oxuyanda həmin bu divardan, güzgüdən bir az aralı, əlaçı tələbələrin şəklini şərəf lövhəsindən asmışdılar. Mən də onların arasındaydım. Onda üzünə hələ ülgüc dəyməmiş, sifətində məhzunluq, gözlərində dalğınlıq, qıvrım saçları pərişan bir gənc boynunu azacıq yana əyib şərəf lövhəsindən mənə baxırdı. İndi isə hərəkətləri namərbud, yöndəmsiz bir adam güzgüdən boylanırdı.

Aynada məndən başqa müxtəlif sifətlər, adamlar da görünürdü. Gah hələ başının sarğısı açılmamış gənclər, gah qoltuqağacına söykənənlər, gah da on səkkiz-on doqquz yaşı yenicə tamam olmuş oğlan və qızlar güzgüyə ötəri nəzər salıb keçirdilər. Birdən güzgüdə gülümsər çöhrəli, qarabuğdayı, baxışlarından iradəli və inamlı bir adam təsiri buraxan toxtamış bir qız boylandı. Ani olaraq gözlərinə baxdım və sarsıldım. Nəzərimi onun baxışlarından yayındırmaq istədimsə də, bacarmadım. Qızın dodaqlarındakı təbəssüm gülüşə çevrildi. Nüfuzedici gözləri ovunu ürkütmüş alıcı quş gözü kimi alışdı və çalışdı ki, baxışını yayındırmaq istəyən oğlanı üzünə baxmağa məcbur etsin. Güzgüdəki əsgər çarpaz projektor işığına düşmüş təyyarə kimi çırpındı, baxışlarını sağa-sola çevirdi, gah aşağı, gah yuxarı baxdı, ancaq canını qurtara bilmədi. Sərt hərəkətlə geri döndü.

Qarşımda ortaboy, zil qara saçını səliqə ilə darayıb yana ayırmış, sivri burunlu, sifətindən və dodaqlarından təbəssüm silinməyən, qonur gözlərindən sərtlik, mehribanlıq, eyni zamanda zərif, ürəyiaçıq bir qadın nəvaziş və qayğısı sezilən qız dayanmışdı. O, boynunu azacıq yana əyib altdan-yuxarı, hər şeyi bilmək istəyən bir insan marağı ilə mənə baxırdı. Dodaqlar azacıq aralanmışdı. Sıx, zərif, hamar və şirmayı kimi ağ dişləri görünürdü.

– Gəl tanış olaq, mənim adım Əzizədir.

Tərəddüd etdim. Qızın əli havada qalmışdı. Bilmirəm nədənsə əvvəlcə əlimi şinelimin cibinə saldım, sonra üstümə sildim və onun əlini ovcuma aldım. Qızın alnındakı nazik qırışlar azacıq yığıldı, o ufuldamağa hazırlaşan kimi oldu. Hiss etdim ki, özüm də bilmədən bu zərif və yumşaq əli sıxıram. Məndə təqsir yox idi. Dörd il idi ki, avtomatın qundağını çiynimə dayayıb xəzinəni ovcumda sıxırdım. Bilirdim ki, onda daha yaxşı nişan alıram.

– Mən də Rəhmanam.

Əlini ovcumda saxladım. Dinmədi. Mənə elə gəldi ki, ovcumda zərif, pambıq kimi yumşaq, hərarətli bir şey tutmuşam. Kobud, dərisi qabalaşmış, qabarlı və düyünlü əlimin onu incitdiyini sezmirdim. Birdən bu zərif əli pəncəmdə sındıra biləcəyimdən ehtiyatlandım. Barmaqlarım boşaldı. O, əlini çəkmədi, əksinə, elə bil barmaqlarımı bir-bir saymağa başladı. Mən ordudan qayı- dandan sonra ikinci dəfə belə təmasa rast gəlirdim. Düz beş ay əvvəl yağışlı, palçıqlı, soyuq bir axşamda, gözlənilmədən cəbhədən evimizə qayıdanda, boynuma sarılan bacım elə yolun ortasında, evə keçməzdən əvvəl əlimi əlinə alıb bir-bir barmaqlarımı yoxlamışdı. Başa düşmüşdüm ki, əlimin şikəst olub-olmadığını bilmək istəyir. Bacımın özünün də əli qabarlı idi. Qoca ata-anamı saxlamaq üçün dərsi buraxıb kolxozda işləmiş, qapı-bacada yer belləmiş, qarğıdalı əkib sulamışdı.

Əzizə köhnə və yaxın tanış kimi, heç nədən çəkinmədən qoluma girdi. Məni güzgüdən uzaqlaşdırıb foyenin ortasına tərəf apardı. Yeridikcə ləngərlənir, hərdən ağırlığını qoluma salırdı. Mən nə qədər çalışırdımsa da, ayağımı düz ata bilmirdim, qılçalarım dolaşırdı.

– Düz üç gündür səni axtarıram.

– Nə üçün?

– Sifətinə baxmaq istəyirdim.

Mən bu gözlənilməz cavabdan diksindim. Paltarından cəbhə yollarının tozu, tüstü və barıt qoxusu getməyən, qan ləkələri silinməyən, qərib torpaqlarda məzara gömülmüş yoldaşlarının nəfəsi dəymiş nimdaş əsgər libasını dəyişib əyninə təzə paltar belə almağa imkanı olmayan bu qanlı-qadalı yollar yolçusunun sifətinə nə üçün baxmaq istəyirdi?

Qolumu çəkdim. O, bir az tutulsa da, sərbəstliyini itirmədi. Yenidən qolumdan yapışdı. Məni dabanı üstə fırlatdı. Nəfəsini üzümdə hiss etdim.

– Bilmək istəyirdim ki, rəqibim necə oğlandır? Onun kürəyini yerə vura biləcəyəm, ya yox?

Duruxdum. Qızı yenicə görürmüş kimi diqqətlə üzünə baxdım.

– Bilsəydim, ərizə verməzdim.

– Niyə, qorxdun?

– Qızla çəkişmək kişilikdən deyil.

– Buna bax, – deyə Əzizə səsini ucaltdı. – Deyəsən, pişik kimi kürəyini yerə vermək istəmirsən?

– Mən boyda pişik olar?

– Əlbəttə, olmaz! Pişik mehriban heyvandır. Sığal başa düşür, nəvaziş qanır, heç olmasa, adama isinişib xoruldayır. Amma sən kirpi kimi tikanlısan. Hər sözünü bir batman balla yemək olmur. "Qızla çəkişmək kişilikdən deyil". Baxarıq.

Onun sifəti tutuldu. Belə bir qızı incitdiyimə peşman oldum. "Bir ev tikməmişəm ki, yıxılanda vay deyəm. Mənə nə var, əsgər babayam. Harada olsa başımı girləyəcəyəm. Ancaq bu, zərif qız xeylağıdır", – deyə xəyalımdan keçirdim. Doğrudan da, onunla rəqabətə girməyi özümə ar bildim.

Aralanmaq istədim. Təlaşa düşdü.

– Hara?

– İdarəyə.

– Nə var?

– Bəlkə, sənədlərimi geri aldım.

– Pis olmaz.

Yenidən mehribanlıqla qoluma girdi. Pilləkəndən enərkən bərkdən güldü. Bu gülüşdə sevincmi, qəzəbmi olduğunu ayırd edə bilmədim.

– Mənim meydandan qaçan adamlardan zəhləm gedir, illah da kişilərdən.

Elə bil ortamdan güllə keçirdilər. Yaralananda heç belə göynəməmişdim. Əgər bu sözü mənə cəbhədə desəydilər, kimliyinə baxmadan boğazından yapışar, Kerçdə bizə sataşan "tılovoy krısaları" matroslarla birlikdə əzişdirdiyimiz kimi əzişdirərdim. Amma nə edəsən ki, indi zəmanə dəyişmişdi, qarşımdakı da müəmmalı bir qız idi.

İrəli keçdi. Qapını açıb küncdə oturan qızdan gülə-gülə soruşdu:

– Birinci imtahan nə vaxt olacaq?

– İki gündən sonra.

Katibə gah Əzizəyə, gah da otağın ortasında dirək kimi dayanan mənə baxdı. Qaş-gözü ilə nə isə soruşdu. Əzizə geri dönüb qolumdan yapışdı:

– Bu oğlan qızlarla çəkişməyi kişilikdən hesab etməsə də, mənim rəqibimdir. Özü də dəymədüşərin biridir. Sənədlərini geri almağa gəlib.

– Özümün dilim var.

Deyəsən, səsim guruldadı. İçəridəkilər dönüb təəccüblə mənə baxdılar. Xəcalətimdən başımı aşağı salıb bir-iki dəfə öskürdüm.

Elə bu vaxt aspirantura müdirinin oturduğu otağın qapısı açıldı. Professor içəridən çıxdı. Onun əynindəki zehli ağımsov pencək-şalvar elə bil ütünün altından bu saat götürülmüşdü. Paltarlarının rənginə uyğun güllü qalstuk bağlamışdı. Seyrək saçını yana daramışdı. Döş cibindən ağ dəsmalının ucu çıxmışdı. Adəti üzrə, "Kazbek" qutusunu və kibriti qəzetə büküb qoltuğuna almışdı. Çəkdiyi papirosun əzilməsindən qorxurmuş kimi barmaqlarının arasında ehtiyatla tutmuşdu. Onun qara-qumral sifəti, mehriban və qayğılı gözləri gülümsünürdü. Professor bir az arıqlamış olsa da, müharibədən əvvəl bizə mühazirə oxuduğu zamanlarda olduğu kimi səliqəli idi. O, içəridəkilərlə salamlaşdı və bizi görüb ayaq saxladı:

– Hə, balaca, tapışmısınız?

Əzizə ətrafa boylandı. Mən başa düşdüm ki, professor, tələbəlik illərində olduğu kimi, mənə yenə "balaca" deyir. Elə bir həftə bundan əvvəl onun yanına gedəndə də belə demişdi. Əvvəlcə məni tanıya bilməmişdi. Xeyli duruxmuş və üzümə baxmışdı. Sonra gülümsünüb əlini irəli uzatmışdı.

– Balaca, sənsən? Nə yaman uzanmısan! Yoxsa əsgərlikdə boğazından dartıb uzadıblar?

Mən nə üçün gəldiyimi söylədim. Firkə getdi.

– Bircə yer var, ora da ərizə veriblər. Sənə çətin olmazmı? Rəqibin od parçasıdır, universiteti yenicə qurtarıb.

Anladım ki, professor mənim müsabiqədən keçə bilməyəcəyimdən ehtiyat edir. Doğrudan da, çətin idi. Dörd illik fasilə, müharibə, qanlı-qadalı illər və yenidən imtahan.

Mənim tutulduğumu hiss etdi. Qayğılı gözlərində bir ilıqlıq duydum.

– Yaxşı, ərizəni ver…

Professor əvvəlcə mənimlə, sonra da Əzizə ilə görüşdü. Qız anladı ki, professor mənə "balaca" deyir. Gülümsündü. Onun baxışlarından hiss etdim ki, nə isə bir oyun çıxaracaq.

– Balaca sənədlərini geri alır.

– Niyə?

– Deyəsən, qorxur.

Professorun gözündən kölgə keçdi. Gözlərində təəssüf və məyusluq duydum.

– Elə iş eləmə.

Dinmədim. Birdən nə fikirləşdisə, qolumdan yapışıb kənara çəkdi. Onun sınayıcı və qayğıkeş baxışlarını üzümdə hiss etdim.

– Direktorla danışmışam, bəlkə, sənə çörək talonu düzəltdim.

Onu hiss etdim ki, yanaqlarım isindi. Bədənim buz kimi oldu, qulaqlarımın ucu alışıb-yandı…

O gedəndən sonra Əzizə çənəmin altında dayanıb altdan-yuxarı üzümə baxdı. Gözlərində dəcəllik qığılcımları oynadı və əlini əlinə vurub qəhqəhə ilə güldü: "Balacaya bax!"

Sözün düzü, qızın belə rəftarı məni ürküdürdü. Elə bilirdim ki, mənə istehza edir, hər hərəkətimi, sözümü ələ salır. Bəlkə, elə, doğrudan da, bu ərköyün şəhərli qızı bu yolla məni qorxutmaq, meydandan qaçırıb özü tək qalmaq istəyirdi?

Katibəyə yaxınlaşmaq istədim. Bunu sezən kimi sifəti birdən-birə dəyişdi. Zəhmli və amiranə bir görkəm aldı:

– İmtahanlara bir yerdə hazırlaşacağıq. Harada olursan?

Dinmədim. Onun xəbəri yox idi ki, mən hər gecə bir tanışın, ya da qohumun evində qalıram. İkinci dəfə onları narahat eləməyə üzüm gəlmirdi. Dünən gecə isə köhnə soldat kimi şinelə bürünüb vağzalda, taxtanın üstündə yatmışdım.

– İstəyirsən, bizə gəl, anamla təkcə oluram.

Üzünə necə baxdımsa, tutuldu. Deyəsən, gözləri nəmləndi.

– Atam çoxdan ölüb, qardaşım da müharibədən qayıtmayıb. Neçə ildir xəbər-ətər yoxdur.

Onun səsi titrədi. Özümün özümdən zəhləm getdi. Əvvəllər hər balaca titrəyişi, köks ötürməni duyar, qəlblərdən keçənləri baxışlardan oxuyardım. İndi isə qəlbanlamaz, dilbilməz bir kobuda çevrilmişdim. Deyəsən, müharibə bütün hislərimi qabalaşdırmışdı.

– Yaxşı, istəyirsən, kitabxanada görüşək.

Aralandıq.

Şəhərə bir həftə bundan əvvəl gəlmişdim. Heç kəsə bir söz demədən. Xəbərsiz-ətərsiz. Acıq eləmişdim. Məni yandıran o idi ki, rayonumuzdakı müəllimlər institutunun direktoru özü xahiş etmiş, nazirlikdən əmrimi almış və məni yerimdən oynatdıqdan sonra köhnə dostumla üz-üzə gətirmişdi. Dalaşdım. Başqasının çörəyinə bais olmayacağımı söylədim. Elə həmin günü evə dəymədən, hirsli-hirsli, axşam qatarı ilə Bakıya yola düşdüm. Yaxşı ki, istiqrazım udmuşdu. Yoxsa yolpulu tapa bilməyib hövlümdən partlayardım.

Poçta girdim. Evə teleqram vurdum ki, narahat olmasınlar, şəhərdəyəm. Bayıra çıxanda hiss etdim ki, başım hərlənir. Gözüm alacalandı. Yıxılmamaq üçün divara söykəndim. Başa düşdüm ki, dünən yediyimin üstündəyəm. Küçəyə çıxdım. Çörək dükanlarının birinin qarşısında addımlarımı yavaşıtdım. Küncdə dayanan enli kepkalı qarabığ oğlan bunu hiss etdi. Ehtiyatla, ətrafa boylana-boylana mənə yaxınlaşdı, saymazyana yanımdan ötdü, kiməsə eşitdirirmiş kimi astadan dilləndi:

– Bir kilo əntiqə çörək var.

– Neçəyədir?

Dayandı. Paraşüt kimi qabarmış kepkasını gözünün üstündən geri elədi.

– Lap ucuz. Sənə iyirmi beş manata.

Əlimi cibimə atdım. Bilet üçün ayırdığım pula dəymədim. Qalanını çıxarıb oğlana verdim. Çörək qapqara idi. Adamın əlinə yapışırdı. Amma dadlı idi. Elə yoldaca üstündəki qırıqları yedim. Kim idi bu boyda şəhərdə məni tanıyan? Sahilə gəldim. Yorulmuşdum. Skamyaların birində oturdum. Qəzetdən süfrə saldım. İştaha ilə çörək yeməyə başladım.

Xəzər payız şəfəqlərini sinəsində əks etdirərək quzu kimi mürgüləyirdi. Suların səthi qırçınlaşmışdı. Külək sahildən əsdiyindən bu qırçın ləpələr bir-birini qova-qova uzaqlara, sonsuz üfüqlərin ənginliklərinə qədər baş alıb gedirdi. Mavi sular sonsuzluqlara çevrildikcə insanın baxışlarını, qəlbini, fikrini belə özü ilə aparır, elə bil məngənədən çıxarıb genişliyə çəkirdi. Adam qollarını açıb sinədolusu nəfəs almaq istəyirdi.

İndicə fərqinə vardım ki, Xəzərin suyu ağımsovdur, dərinliklərə getdikcə bozarır, bəzi yerlərdə isə axar çay suyu kimi durulur. Amma Qara dənizin suları tünd-maviyə çalırdı. Mərmilər, bombalar partladıqca daha da tündləşirdi. Bəlkə, onun da durulan vaxtı olurdu, amma mən bu dənizin sularını həmişə qaramtıl görmüşdüm. Üfüqlər çənli-çiskinli, dənizin özü isə qəzəbli və dalğalı olurdu. Bəlkə, o, hirsindən qaralırdı? Bəlkə də, sularda qərq olmuş matrosların paltarları dənizin sularını qara rəngə boyayırdı?

Əvvəlcə çörəyin hamısını biroturuma yemək istədim. Sonra iradəmi ələ aldım, çörəyin qalanını kağıza büküb cibimə qoydum. Yadıma cəbhə yoldaşım Vəliyevin döyüşqabağı elədiyi zarafat düşdü. Yəqin, indi o, yanımda olsaydı: "Çörəyin hamısını ye, nə bilirsən nə olacaq?" – deyərdi. Krımskaya stanitsasının yanında vuruşurduq. Qamışlığı, sonra da axmaz suları keçib qarşıdakı təpələri tutmalıydıq. Beş nəfər idik. Rezin pantonlarla desant aparmalıydıq. Hamımıza üçgünlük yemək vermişdilər. Biz çörəyi üç yerə böldük. Yola düşməzdən əvvəl həmin günün payını yedik və qalanını saxladıq. Vəliyev doymamışdı. Gülə-gülə: "Gəlin hamısını yeyək, kim bilir bir azdan nə olacaq?" – dedi. Həmin gecə yaralandı. Biz onu qamışlıqdan çıxarıb arxaya, sahildəki tibb məntəqəsinə gətirdik. Ayrılarkən yarasının ağır olmasına baxmayaraq güldü: "Sizə demədimmi, gəlin çörəyin hamısını yeyək. İndi gördünüz?.."

İmtahan mənim ən çox sevdiyim altı nömrəli auditoriyada başladı. İmtahan götürənlər çox idi. Professordan başqa, elmi hissədən, aspirantura şöbəsindən nümayəndə var idi. Başqa müəllimlər də iştirak edirdilər. İçəri girəndə hər şeyi unutdum. Elə bildim ki, bu saat zəng çalınacaq, tələbə yoldaşlarım səs-küylə içəri dolacaq və professor mühazirəyə başlayacaqdı. Gözümü gəzdirdim. Hər şey yerində idi. Pilləvarı stollar da, pəncərələrin qalın, qara örtükləri də, ön tərəfdə divarboyu vurulmuş yazı taxtası da, xitabət kürsüsü də, səhnəni xatırladan uzun, hündür qabaq stolu da. Görünür, müharibə illərində binada hərbi xəstəxana yerləşdiriləndə belə, bu otağa əl vurmamışdılar. Bəlkə də, bu otaq cərrahiyyə otağı imiş, neçə insan bu uzunsov qabaq stolunun üstündə ölümlə çarpışmışdı?

Həmişəki kimi, keçib qabaq cərgədə oturdum. Əzizə arxada əyləşdi. Hiss etdim ki, bu gün ciddidir, bəlkə də, bir az tutqundur. Gözü üzümdə olsa da, susur, heç nə demir. Bileti əvvəlcə o çəkdi. Sualları oxuyanda sifətinin ifadəsindən başa düşdüm ki, biletdə yazılanların hamısını bilir. Sonra mən ayağa durdum. Özümə toxtaqlıq versəm də, ürəyim döyünməyə başladı. Deyəsən, barmaqlarım titrədi. Onu hiss etdim ki, əlimdəki bilet əsir. Sətirləri bir-birinə qarışdı, hərflər dumana büründü. Ancaq tərpənmədim. İmtahan götürənlərin qarşısında dayandım. Dörd il əvvəl olduğu kimi, fikirləşmədən cavab vermək istədim, professorun səsi məni özümə gətirdi:

– Keç, əyləş, balaca.

Oturmazdan əvvəl dönüb Əzizəyə baxdım. Onun rəngi kül kimi idi.

Sualları təzədən oxudum. Birinci sual: "Şekspir və onun "Maqbet" əsəri". Maqbet! Hər sətrini əzbər bildiyim əsər. Vaxtilə həmin bu auditoriyada, həmin bu professorun qarşısında haqqında məruzə etdiyim əsər. Maraqlı idi ki, görəsən, bu sual təsadüfənmi mənə düşmüşdü, yoxsa professor kömək əlini uzatmışdı? Qələmi götürdüm. Düşündüklərimi qeydə almaq istədim. Surətlər, nəhəng ehtiraslı xarakterlər, Şekspirə məxsus olan hikmətli və vahiməli səhnələr gözüm önündə canlandı, monoloqlar qulaqlarımda səsləndi. Mənə elə gəldi ki, imtahan vermirəm, nə müharibə olub, nə də mən dörd il vuruşmuşam, biz institutda oxuyuruq, ikinci kursdayıq, dünya ədəbiyyatından referatlar yazıb məruzələr edirik…

Professor o zaman Şekspiri seçmişdi. O, kursumuzda oxuyan az-çox özünü tanıtmış, boyca iri, pərli-budaqlı tələbələrə mühazirə bölüşdürərkən mən lap qabaqda oturmuşdum. Fikrimdən "Hamlet" keçirdi, lakin onu öz zəkası və hazırcavablığı ilə hamımızı heyran qoyan Abbas götürdü. "Otello"nu Tapdığa, "Kral Lir"i Rəşada verdilər. Mən əlimi qaldırıb tez-tez: "Mən, mən", – deyirdim. Ancaq professor məni ya görmür, ya da görməzliyə vururdu. Bütün mövzuların əldən çıxacağını gördükdə dözmədim. Ayağa durub cır səslə: "Bəs mən?" – deyə qışqırdım. Auditoriyada oturan yüz əlli nəfərin hamısı qəhqəhə çəkdi. Amfiteatrı xatırladan pilləli auditoriyanın önündə, yoldaşlarımın və müəllimin qarşısında bacarıqsız bir aktyor kimi dayanıb gözümü döydüm.

Professor duruxdu. Diqqətlə, gözlərini yayındırmadan üzümə baxdı. Onun dodaqlarındakı təbəssüm məni sarsıtdı. Deyəsən, professor mənə istehza edirdi. Otaq başıma hərləndi.

– Balaca, sən də məruzə etmək istəyirsən?

– İstəyirəm.

Bu dəfə səsim daha inamla cingildədi. Professor azacıq fikrə getdi. Deyəsən, mənə etibar etmirdi. İnanmırdı ki, götürdüyüm mövzunun öhdəsindən gələ billəm. O da, başqa müəllimlər də, elə sinif yoldaşlarımız da kursumuzda hamıdan balaca olan Məcidlə mənə inanmırdılar. Bizə uşaq kimi baxırdılar. Tənəffüslərdə qızlar başımızı sığallayır, az qalırdılar ki, əlimizə konfet verib üzümüzdən öpsünlər. Əslində, zarafata salıb öpənlər də olurdu. Yoldaşlarımızın belə hərəkəti mənə daha pis təsir edirdi. Ona görə tənəffüs zamanı tənha gəzir, dalğınlığı daha da artırmaq üçün dənəsini iyirmi beş qəpiyə aldığım uzun "Koroğlu" papirosunu tüstülədir və əlimi qoynumda çarpazlayıb tüstü-duman içində dayanır, professorun dediyi kimi, "bayronvarı görkəm" alırdım. Bizə gülənlər də olurdu, acıqlananlar da. Hətta bir dəfə sinif qızlarımızdan Tükəzbanla Zeynəb gözlənilmədən üstümü kəsib papirosu əlimdən aldılar, özümü də əməlli-başlı danladılar ki, bir də papiros çəkməyim. Mən istəyirdim ki, əməlli-başlı tələbə olduğumu, artıq böyüdüyümü hamıya sübut edəm. Xüsusən qızlardan birinə, mənimlə yanaşı oturan, dərs zamanı dəftərlərimə cürbəcür sözlər yazan, çox vaxt mühazirəni yazmağa mane olan, sonra yataqxanada gecəyarıyacan oturub mənim də, özünün də dəftərinə həmin mövzunu köçürən, gah mehribanlaşan, gah da kədərlənib iri gözləri yaşaran, gah da şitənib məni cinləndirən, hirsləndiyimi gördükdə isə burun pərələri səyriyə-səyriyə uğunub keçinən qıza bildirmək istəyirdim ki, mənim də qəlbim, qürurum var, aşıqlar demişkən, "sinəm qəm dəryasıdır", onu sızıldatma…

– "Maqbet"i götürürsənmi?

– Götürürəm.

– Amma yaxşı hazırlaş ha, balaca!

O ili qış tətilinə getmədim. "Maqbet"i dönə-dönə oxudum. "Hamlet"i, "Otello"nu, "Kral Lir"i vərəq-vərəq elədim. Rusca pis bilsəm də, Şekspir haqqında yazılanları tapıb birtəhər tərcümə etdim. Yazdım, pozdum, yataqxanada tək qalıb öz-özümə danışdım, gah Maqbet oldum, gah Maqduffa çevrildim. Gah Hamletin monoloqunu aktyor Abbas Mirzə Şərifzadə kimi deməyə çalışıb Maqbetlə əlaqələndirmək istədim. Ömrümdə ilk dəfə arxivə gedib qəzetləri vərəqlədim. Maqbet rolunda çıxış edən aktyorların oyunları haqqındakı məqalələri oxudum. Hər şeyi anlamaq, gah ziddiyyətli, gah da hikmətli və fəlsəfi mühakimələr yürüdən Şekspirin nələr düşündüyünü aydınlaşdırmağa çalışdım. Ancaq hiss etdim ki, professor mənə əhəmiyyət vermir. Məruzə payladığı başqa yoldaşlarımı çağırır, onlara göstəriş verir, kitablar tapşırır, referatları oxuyub təshihlər edirdi. Məni isə görəndə gülümsünür: "Necəsən, balaca, hazırlaş", – deyib yanımdan laqeydcəsinə keçirdi.

Məruzələr başlandı. Hamıdan çox qorxduğum Abbas düz dörd saat danışdı. Sözün düzü, o məni bir azca məyus etdi. Fikirləri gözəl və dərin olsa da, nitqi səlis deyildi. Ürəyimdə uşaqlıq sevinci oyandı. Abbası da ötmək, hamını arxada qoyub birinci yeri tutmaq həvəsi qəlbimə hakim kəsildi. Təsəvvürümdə canlandırdım ki, tribunaya qalxan kimi heç kəsi saymadan, əvvəlcə natiqlər kimi sakitcə sözə başlayacam, sonra səsimi qaldırıb monoloqları deyəcəm, artist kimi oyun açacam, lap ən yaxşı mühazirə oxuyan professorun özünü də məftun edəcəm. Hamıya göstərəcəyəm ki, balaca hesab etdiyiniz bu adam özünə görə deyil.

Professor tənəffüsdə məni yanına çağırdı. Yorulmuş və könülsüz halda dedi:

– Balaca, tənəffüsdən sonra Abbasın məruzəsini yekunlaşdıracam. Yarım saat vaxtımız qalacaq. Sənə söz verəcəm. Məruzəni edə bilərsən?

– Xeyr.

– Niyə, hazır deyilsən?

– Hazıram, ancaq mənə də dörd saat vaxt verin.

Professorun qaşları çatıldı. Yenə dodaqlarında məni qorxudan təbəssüm oynadı. Heç nə demədən uzaqlaşdı. Arada bir-iki dəfə dönüb geri baxdı. Tənəffüsdən sonra özü danışdı. Mənim məruzəm sonraya qaldı.

Müharibə təhlükəsi vardı. Bəzən gözlənilmədən şəhərin işıqları sönür, maşınlar, tramvaylar belə işıqsız işləyirdi. Məktəblərin, institutların pəncərələri isə qalın qara kağızlarla örtülür, çox vaxt əleyhqazda mühazirələrə qulaq asmalı olurduq. Bəzən bizə əvvəlcədən xəbərdarlıq edilir, əleyhqazla gəlmək məsləhət görülürdü. Bax belə günlərin birində indi bilet çəkib fikirləşdiyim həmin bu auditoriyada məruzə etmək üçün professor mənə dörd saat vaxt verdi.

Kürsüyə qalxanda gözüm heç nə görmədi. Auditoriyada oturanlar dumana büründü. Elə bil tavan aşağı endi, döşəmə böyrü üstə çökdü. Yıxılmamaq üçün xitabət kürsüsünün yanlarından yapışdım. Sükutdan qulaqlarım güyüldədi. Nə qədər çalışdımsa da, ağzımı açıb ilk sözü deyə bilmədim. Elə bu vaxt professorun mənə zillənmiş gözlərini gördüm. Bilmirəm, lampanın işığı idi, yoxsa müəllimin gözlərinin ziyası idi, onu başa düşdüm ki, bu işıq mənə tuşlanıb. Özü də dərinliklərdən baş alıb gəlir və elə bil hər şeyi aydınlaşdırmaq istəyir. Bu bir cüt ziya zolağı zehnimə işlədi, fikrimin dumanlarını yardı, hər şey birdən-birə tutulduğu kimi də birdən-birə aydınlaşdı. Mən ilk cümləmi dedim. Elə ilk kəlmədən də dinləyiciləri ələ aldım. Onlara hakim kəsildiyimi hiss etdiyimdən getdikcə sərbəstləşdim.

Birdən işıqlar söndü. Hamı diksinib içini çəkdi. Mən bir səsi aydınca eşitdim.

– Can, can, ay Rəhman. Ciyəri yanmışlar, a, işığı niyə söndürdülər?

Elə bil mənə də bu lazım idi. Dayanmadım. Qaranlıqda daha ehtirasla danışdım. Professor sözümü kəsmək istəmədiyimi gördükdə qəzetə bükdüyü papiros qutusunu açdı. İçindən kibrit çıxarıb yandırdı, qarşımdakı kağızlara yaxın tutdu ki, arada çaşmamaq üçün dönüb baxım. Ancaq mən hər şeyi əvvəlcədən əzbərlədiyimdən ona əhəmiyyət vermədim. Fasiləsiz, tənəffüssüz, hava həyəcanı qurtarıb işıqlar yanana qədər danışdım. Sözümü qurtaranda gördüm ki, auditoriya ağzınacan doludur. Ayaq üstündə dayananlar da var. Başa düşdüm ki, başqa kursun uşaqları da sakitcə içəri doluşublar. Mənə əl də çaldılar. Bax onda professor ayağa durdu. Gözləmədiyim halda məni qucaqladı: "Afərin, balaca!" – dedi. Yoldaşlarım ayağa durub bir səslə: "Balaca!", "Balaca!" – deyə qışqırdılar. O gündən adım "Balaca" qaldı…

Aradan altıillik bir fasilə keçəndən sonra yenə həmin auditoriyada oturmuşdum. Nə üçün gəldiyim, suallara cavab verməli olduğum yadımdan çıxmışdı. Mənə elə gəlirdi ki, ortaboy, tökməbədən Abbas kürsüdədir. Səsi qulağımda canlanır: "Ölüm, ya olum – budur məsələ". Görəsən, o, indi haradadır? Axı biz axırıncı kursda olanda yenicə evlənmişdi! Müharibə qəflətən başlananda, biz orduya çağırılanda o, yenə gülə-gülə, zarafat edə-edə dostlarından ayrılmışdı. Görəsən, deyilənlər doğrudur? Doğrudanmı, Abbas cəbhədə həlak olmuşdu? Onun səsi yenidən qulaqlarımda canlandı: "Ölüm, ya olum – budur məsələ". Ölüm, ya olum! Bəs Rəşad hanı? Nə üçün cəmi beşcə gün dözmədi? Axı eşitdiyimə görə, Berlin alınanda o, sağ imiş. Özü də Berlinə çatıbmış. Mənim balaca dostum Məcidin barmaqları adam öldürmək üçün yox, tar çalmaq üçün yaranmamışdımı? Müharibə başlananda axırıncı yadigar olaraq qoşa şəkil çəkdirdiyim Əhməddən, görəsən, nə xəbər var? Suallar beynimi dumanlandırdı. Mənə elə gəlirdi ki, nahaq yerə özümü yoruram. Onların hamısı auditoriyadadır. Bu saat ayağa duracam, səhnəyə çıxıb danışacağam. Bu dəfə onların sifətini aydın görəcəyəm. İşıqlar sönəcək, kimsə içini çəkəcək, "ciyəri yanmışlar, işığı niyə söndürdülər?" deyəcək, mən dayanmayacam, danışacam, monoloqlar deyəcəm, artistlik edəcəyəm…

Çiynimə bir əl toxundu. Diksindim. Hər şey yoxa çıxdı. Yanımda oturanların sifəti silindi. Əzizənin pıçıltılı səsini eşitdim:

– Soldat, sualları bilirsənmi?

Köksümü ötürüb üzünə baxdım. Məni yoldaşlarımdan, ilk gəncliyimdən ayırdığına yaman hirsləndim.

– İkisini bilirəm, birini yox.

– Nəyi?

Dedim. Əzizə yaxınlaşdı. Arxa cərgədə, düz kürəyimin dalında oturdu. Əyilib ağzını az qala qulağıma yapışdırdı. Nəyi isə izah elədi, rəqəmləri dedi. Mən işarə ilə anlatdım ki, çox sağ ol, nahaq yerə zəhmət çəkmə, heç nə yadıma düşmür. O daha da həyəcanlandı. Səsini bir az da ucaltdı. Yarı əsəbi, yarı təlaşlı halda mövzunu yenidən izaha başladı.

Professor ayağa durub ehmal addımlarla Əzizəyə yaxınlaşdı. Mən xəcalətimdən, həm də sualın birini bilmədiyimdən özümü itirmişdim. Professorun məzəmmət dolu səsi elə bil məni qılınc kimi doğradı:

– Əzizə, nə edirsən, axı siz rəqibsiz?

– Bilirəm.

– Bəs nə üçün kömək edirsən?

– Nə olar?

– Axı yerimiz bircədir.

– Neynək.

– Qəribəsən.

– Mən yox, dünyanın işi qəribədir. Axı o, cəbhədən gəlib.

Mən professorun üzünü görməsəm də, Əzizəyə necə baxdığını hiss etdim. O mənim başımın üstündə dayandı, yazılarıma baxdı və heç nə demədən keçib yerində oturdu.

Çiynimin üstündən qabağıma bir kağız düşdü. Tərpənmədim. Əzizə kürəyimi dürtmələyib başa saldı ki, götür. Götürdüm. Açdım. Əzizə bilmədiyim sualın cavabını aydın və səliqə ilə yazmışdı. İlk cümləni oxuyan kimi unudulmuş hadisələr yadıma düşdü, əsərdəki surətlər gözüm önündə canlandı. Belə gözəl bildiyim bir mövzunu unutduğuma görə özümə acığım tutdu, həm də gülümsündüm ki, deyəsən, yaşa doluram, hafizəm mənə xəyanət edir.

Birinci mən cavab verdim. İki sualı danışdım. Hiss etdim ki, cavabımdan razı qalıbdır. Xüsusən professor, Əzizə də gülümsündü.

– Keç üçüncü suala.

Duruxdum. Ovcumdakı kağızı sıxdım.

– Üçüncü suala cavab vermək istəmirəm.

– Bilmirsən?

– Bilirəm.

– Bəs nə üçün?..

– Çünki öz zəhmətim deyil. Əzizənin yazdığından öyrənmişəm.

– Yaxşı fikirləş.

– Fikirləşmişəm.

Ayağa durdum. İmtahan götürənlərin təəccüblü baxışları altında keçib arxada əyləşdim.

Əzizə yerindən ləng tərpəndi. Ancaq ayağa duran kimi özünəməxsus ləngərli və qəti addımlarla irəli yeridi. Oturmadı. Təklif gözləmədən cavab verməyə başladı. Cavabının dəqiqliyindən daha çox, onun səsinin ahəngi, dilinin zənginliyi, fikrini ifadə edərkən çətinlik çəkmədən, duruxmadan, ən gözəl, ən zərif və ən obrazlı ifadələr tapması məni valeh edirdi. Onun cavabı elə bil hamını əfsunlamışdı. Heç kəs tərpənmir, əlavə sual vermirdi. Çünki Əzizə bütün məsələləri əlavələrlə birlikdə izah edirdi.

O, birinci sualın cavabını qurtardı, dayanmadan ikincisinə keçdi, sonra nəfəsini dərib susdu. Bileti sakitcə stolun üstünə qoydu.

– Bəs üçüncü sual?

Əzizə başını aşağı saldı. Onun qarabuğdayı çöhrəsi qızardı?

– Bilmirəm.

– Yalan deyir!

Deyəsən, yerimdən dik atılıb qışqırmışdım. Çünki hamının diksindiyini gördüm. Əzizə dabanı üstə fırlanıb tərs-tərs üzümə baxdı:

– Özümün dilim var.

İçəridə otura bilmədim. Stulları kənara itələdim. İri addımlarla, icazəsiz, nəzakət qaydalarını unudaraq qapını çırpıb bayıra çıxdım. Şinelimin cibini eşələdim. Bir papirosluq maxorka tapıb qəzeti lülələdim, eşməni birnəfəsə sümürüb yarıya çatdırdım. Dumana büründüm. Heç kəs, heç nə gözümə görünmürdü. Mən qəfəsə salınmış vəhşi kimi vurnuxur, çəkmələrimin dabanını yerə döyürdüm.

Qapı açıldı. Əvvəlcə professor, sonra da başqa müəllimlər otaqdan çıxdılar. Mən papirosu yerə atıb dabanımla əzdim. Ömrümdə ilk dəfə professorun təbəssümlü baxışlarından gözümü yayındırdım və qapını açıb hirslə içəri girdim. Əzizə oturmuşdu.

– Mənə mərhəmət lazım deyil.

O dinmədi, ayağa durdu. Sifəti tutulmuşdu. Elə bil heç əvvəlki şıltaq qız deyildi. Yanımdan keçərkən dayandı. Onun oynaq və dəcəl gözləri dəniz kimi lal, lakin təlatümlü idi. Bu təlatüm dərinliklərdə olduğundan zahirən sakit görünən su qabarmaları elə bil qurğuşun kimi ağırlaşıb ləngərlənirdi. Mən bu baxışların dərinliyində, balaca bir imkan tapan kimi, püskürüb hayqırmağa hazır olan bir insan qəzəbinin gizləndiyini gördüm.

– Kobud!

Yanımdan yel kimi ötdü.

Çox düşündüm. Dənizin kənarında neçə gündən bəri dərs oxuduğum dalda yerdə, hamının gözündən kənarda oturub yenə qəzet süfrəmi açdım. Talonla aldığım qara çörəyi qabağıma qoyub fikirləşdim. O, qəsdən belə edirdi. Məndən yüksək qiymət almamağa çalışırdı. İstəsəydi bir günün içində bütün imtahanları verər, hamısından əla qiymət alar və aspiranturaya minnətsiz qəbul olunardı. Əslində, onun imtahana hazırlaşmağa heç ehtiyacı yox idi. Birgə hazırlaşmaq istəməsi də mənə görə idi. Bəs nə üçün belə edirdi? Yoxsa bütün bunlar şıltaq bir şəhərli qızının oyunlarından başqa bir şey deyildi? Bəlkə, o mənimlə pişik siçanla oynayan kimi oynayıb axırıncı imtahanda özünü göstərəcəkdi? Yoxsa, doğrudan da, mənə yazığı gəlir, qadın mərhəməti ilə mənə yol açmaq istəyir? Əgər o, bir rəqib kimi var qüvvəsi ilə çarpışıb mənə qalib gəlsəydi, zərrə qədər də inciməzdim. Cəbhədə belə hal azmı olub? Azmı hücuma keçib müqavimətə rast gəlmiş, hətta geri oturdulmuşduq? Ancaq mərhəmətə sığınmaq, kimdənsə sədəqə diləmək və nəhayət, kiminsə halalca payını əlindən almaq kişilikdən deyildi. "Başqasının fəlakəti üzərində qurulan səadət əbədi ola bilməz!". Bu sözləri bir az bundan əvvəl, imtahan verərkən özüm deməmişdimmi? Maqbetin faciəsinin fəlsəfi əsaslarını izah edərkən özüm bu nəticəyə gəlməmişdimmi? Professor da qəribə idi. İkimizə də "yaxşı" vermişdi. Axı o özü də gözəl başa düşürdü ki, Əzizə məndən güclü və hazırlıqlıdır.

Elə bil nəfəsim darıxdı. Yaxamı açdım. İstədim papiros eşəm, ancaq şinelimin cibi boş idi. Bəlkə, çıxıb gedim, yolpulum varkən geri qayıdım? Sonra bilet almağa da bir şeyim olmayacaq. Bakıya gələndə bilet almaq üçün ayırdığım pulu xərcləmişdim. Üç gün bundan əvvəl çörəyə verməli olmuşdum. Yaxşı ki, saatım vardı. Sözün düzü, onu satmağa əlim gəlmirdi. Yadigar idi. Uzun cəbhə yollarını birlikdə sona vurmuşduq. Mən onun çıqqıltılarında həm ölümümü gözləmişdim, həm səadətimi. Elə bilirdim onun çıqqıltısı dayansa, mənim ürək döyüntüm də dayanacaq. Ancaq o, bircə dəfə də çıqqıltısına ara vermədi. Mənimlə birlikdə Şərqi Prussiyada, Friş-Qaf körfəzində qələbəni qarşıladı, yaylım atəşlərinin şahidi oldu. İndi ondan ayrılmağa məcbur idim. İki gün əvvəl ürəyim çırpına-çırpına dükana girdim, saatımı girov qoydum. Qolumdan açanda barmaqlarımın əsdiyini hiss etdim. Bayıra çıxanda dükan- dan aralana bilmədim, dükançının onu stolun siyirməsinə qoyduğunu gördükdən sonra sakitləşdim. Arxayın idim. Çünki onun yerini bilirdim. Saatım başqasının əlinə düşməmişdi.

Çörəyin qalığını qəzetə büküb cibimə qoydum. İndi yadıma düşdü ki, köhnə məktəb və cəbhə yoldaşım Vahid məni yataqxanada gözləyir. İki gün bundan əvvəl küçədə tapışmışdıq. Onu orduya institutdan aparmışdılar. Öyrəndim ki, yaralandıqdan sonra geri qayıtmış və yenidən oxumağa başlamışdır.

Əl çəkmədi. Məni zorla yataqxanaya apardı. "Bir çanaq əriştəm var, – dedi, – qurtarana qədər yeyəcəyik. Aspiranturaya qəbul olunana qədər də mənim yanımda, yataqxanada qalacaqsan. Mən komendant-zad tanımıram. Əsgər çörəyi, əsgər şineli şərikli olmalıdır".

…O biri imtahanlara girmək istəmirdim. Ancaq Əzizənin sözü yolumu kəsirdi. "Meydandan qaçan adamlardan xoşum gəlmir. İllah da kişilərdən". Professor da məni məzəmmətləyirdi, Vahid də danlayırdı. Əzizə də ki elə bil qanlıbıçaq olmuşdu, həmişə də məni qabağa salırdı. Elə professor da ona tərəf dururdu:

– Cəbhəni gərək əvvəlcə cəbhəçi yarsın. Qızları qabağa salmazlar.

İkinci imtahandan da, üçüncüdən də eyni qiymət aldıq. Bütün imtahanlarda hiss edirdim ki, Əzizə məndən sonra cavab verəndə çalışırdı mənim səviyyəmdən yüksəyə qalxmasın. Cıdırda rəqibini ötmək istəməyən süvari kimi atının cilovunu çəkib sürətini azaldırdı.

Vəziyyətdən necə çıxacağımı aydınlaşdıra bilmirdim. Bilmirdim ki, imtahanlar qurtardıqdan sonra müəllimlərəmi, yoxsa Əzizəyəmi təşəkkür edim.

Əzizə mənə yaxınlaşdı. Əlimi sıxdı:

– Səndən incimirəm. Görünür, müharibə sənin əsəblərini də, özünü də, hislərini də kobudlaşdırıb. Mənim sənə qarşı olan qayğı və nəvazişimin mahiyyətini də başa düşə bilmədin. Dördillik müharibə biz qızları ən azı beş-on il qocaldıb. Axı mən qardaşımı itirmişəm. Heç bilirsənmi bacı üçün qardaş dərdi nə deməkdir? Bəlkə, mən səndən qardaşımın ətrini duymaq istəyirdim?!

O, əlini üzünə tutdu. Mən özümə gələnəcən bayıra çıxdı.

…Əmri divardan asmışdılar: "Hərbi xidməti nəzərə alınaraq üstünlük verilsin". Kağızı divardan qopartdım. Ovcumda əzişdirib içəri girdim. Aspirantura müdirinin gözləri iriləndi və o, yerindən qalxıb divara qısıldı.

– Əmri dəyişdirin!

– Nə üçün? Biz ki sənə üstünlük vermişik.

– Mənə üstünlük yox, vicdan və ədalət lazımdır.

Ovcumda əzişdirdiyim kağızı stolun üstünə atdım. Qapını çırpıb çıxdım. Bir də gözümü açanda gördüm ki, evdəyəm. Bakıdan birbaş kəndə gəlmişəm.

On gündən sonra atamla məsləhətləşib başqa rayona təyinat almaq üçün Bakıya, nazirliyə getməyə hazırlaşdığım zaman bir teleqram aldım: "Professor üç gündür səni axtarır. Əlavə yer alıb. İkimizi də qəbul ediblər. Təcili gəl. Gözləyirik.

Sənin rəqibin".

1973

Hekayələr

Подняться наверх