Читать книгу Nağıllar Diyarına Səyahət - Кнут Гамсун, Кнут Гамсун - Страница 3

II Bölüm

Оглавление

Bu günə qədər dünyanın beşdə dördündə olmuşam. Hər yerdə olmamışam əlbəttə, Avstraliyada heç olmamışam, ancaq bu geniş dünyanı kifayət qədər gəzib çox şey görmüşəm. Buna baxmayaraq Moskva Kremlinə tay ola biləcək heç bir şey görməmişəm. Gözəl şəhərlər çox görmüşəm və hesab edirəm ki, Praqa və Budapeşt ən gözəllərdəndir; ancaq Moskva əfsanəvidir. Yeri gəlmişkən, rusların özlərinin də belə dediyini eşitmişəm: Maskva. Amma bunun doğru olub-olmadığını bilmirəm.

Arabaçı Spassk darvazalarının qarşısında qozlada dönərək papağını çıxarır, bizə də həmin şeyi etməyi təklif edir. Bu qaydanı çar Aleksey qoyub. Papaqlarımızı çıxarırıq, digər piyadalar da qapıdan başıaçıq keçir, arabaçı irəli sürür. Biz Kremldəyik.

Moskvada böyüklü-kiçikli 450 kilsə var, zəng qüllələrinin hər birində zənglər çalınanda milyonluq şəhərin üstündə hava titrəyir. Kremlin yüksək nöqtəsində bütün əzəməti ilə şəhəri görmək mümkündür. Yer üzərində belə bir şəhərin olduğunu təsəvvür etmirdim; hər yanda yaşıl, qırmızı, qızılı rəngdə qüllə və günbəzlər ucalır. Bu qızılı və göy rənglər xəyallarımı tünd rəngə bürüyür. Aleksandrın heykəlinin yanında dayanıb, sürahidən tutub uzaqlara baxırıq, bu anda nə desəm artıqdır, sadəcə gözlərimiz yaşarır.

Sağ tərəfimizdə topxananın qabağında Çar Topu qoyulmuşdur. Onun nəhəngliyi lokomotiv korpusunu xatırladır. Ağzının diametri düz 1 metr, mərmisi isə 1 tondur. Oxumuşam ki, ondan istifadə olunub, ancaq dəqiq tarix deyə bilmərəm, üzərində tarix kimi 1586-cı il yazılıb. Moskvalılar çox döyüşüb müqəddəs şəhərlərini dəfələrlə müdafiə ediblər. Digər bir yerdə torpağın üzərindəki kilsə zənginin yanında qənimət kimi götürülən yüzlərlə top nəzərə çarpır. Hündürlüyü 8 metrə yaxın olan Çar Zənginin içinə 20 nəfər yerləşər. Uspenski kilsəsi Kremlin yüksək nöqtəsində yerləşir.

Yer üzündə ən çox qiymətli daş-qaşa malik kilsə olsa da, bu kilsə elə də böyük deyil. Çarların tacqoyma mərasimi burada keçirilir. Qızıl, gümüş, hər tərəfdə qiymətli daş-qaş, ornamentlər, yerdən qübbəyə qədər mozaika, yüzlərlə ikonalara, patriarxların təsvirləri, İsanın surətləri, nəqqaşlıq. Kilsənin azca boş qalan bir güşəsi var ki, hər yeni çar kilsəyə hədiyyə etdiyi öz dəyərli daşını oraya bərkidir. Orada yeni çarların daşlarını gözləyən balaca bir boş hissə qalıb. Hal-hazırda divarlarda brilyantlar, zümrüdlər, sapfir və yaqutlar bərq vurur.

Kilsə gözətçisinin göstərdiyi daha bir neçə xırda şey də oradadır. Mömin moskvalılar fərqli səcdəgahların qabağında dua edirlər, ruhani səslə bunun İsanın cübbəsinin bir parçası olduğunu, şüşənin altındakı mıxın İsanın çəkildiyi çarmıxdan əldə edildiyini, ağzı bağlı yeşikdə isə Müqəddəs Məryəmin paltarının bir hissəsinin qorunduğunu izah edirlər. Böyük məmnuniyyətlə ruhaniyə və qapının ağzında dayanan dilənçilərə pul verib, kilsəni bu hekayələrə valeh olaraq tərk edirik.

Nəyisə şişirtdiyimi hiss etmirəm. Kilsə haqqındakı xartirələrimdə bir sıra yanlışlıqlar olması mümkündür, çünki orada olarkən heç bir zaman görmədiyim bu qeyri-adi sərvətə o qədər heyran olmuşdum ki, yerində qeydlər aparmaq yadıma düşməmişdi. Hər yan parlayırdı, bəzi yerlərdə zəif işıq müəyyən detalları görməyimə mane olurdu. Ancaq kilsə olduqca zəngin bir sərvət idi. Bahalı bəzək-düzəyin bolluğu həmişə xoş təsir bağışlamır, xüsusilə də divarlarda olan iri, ağır çar daş-qaşı mənasız və zövqsüz gəlirdi mənə. Sonralar papaqlarında bircə brilyant qaş olan farsları (yazıçı Bakıda yaşayan farsdilli xalqların nümayəndələrini nəzərdə tutur) görəndə isə mənə xoş təsir bağışladı.

Puşkinin heykəlinə baxdıq, bir neçə kilsəni, bir-iki sarayı, Qranovit palatasını, Tretyakov qalereyasını və bəzi muzeyləri ziyarət etdik. Moskvanı 450 pilləli Böyük İvan zəng qülləsindən seyr etdik. Şəhərin böyüklüyünü və bənzərsizliyini məhz buradan görmək lazımdır.

Dünya necə də kiçikdir. Bircə günün içində Rusiyanın mərkəzində ola-ola kapitan Tavasşternlə rastlaşıram.

Yola çıxma zamanımız müəyyən olunub. Bir gün gec getmək üçün yalvarmaq mənasızdır, hələ burada görməli o qədər şey var ki. Moltken belə bu şəhərdə başını itirib, o yazır: Moskva elə şəhərdir ki, “onu təsəvvür etmək olsa da, həqiqətdə görmək heç vaxt mümkün deyil”. Amma o özü də Moskvanı Böyük İvan qülləsindən seyr edib.

Mehmanxananın qapısı qarşısında dayandıqda qəfildən gödəkçəmin düyməsinin boşaldığını hiss edirəm. Onun ən vacib düymə olduğunu düşündüyümdən çəkib bağlamaq istəyirəm, amma lap pis olur. Əlbəttə, iynə-sap götürmüşəm, sadəcə hansı çamadanda olduğunu dəqiq bilmirəm. Məsələ də elə burasındadır. Qısacası, şəhərə dərzi tapmaq üçün yollanıram.

Getdikcə gedirəm. Rusca dərziyə nə deyildiyini bilmirəm, ancaq fincə bilirdim, Finlandiyada bir ildə artıq sərbəst danışırdım, burada isə yox. Küçələri 15 dəqiqə fırlandıqdan sonra kimin oturub tikiş tikdiyini görmək ümidi ilə dükan pəncərələrindən içəri boylanıram, ancaq bəxtim gətirmir.

Bir qapıda yaşlı bir qadın dayanıb. Bir söz demədən yanından ötüb keçmək istəyirəm, amma o, nə isə deyir, başı ilə salam verib tərpənən düyməmi göstərir. Mən başımla təsdiq edirəm: problem elə budur ki, düyməm boşalıb və dərzi axtarıram. Ona dərzi axtardığımı işarələrlə başa salıram. Başını tərpədən qadın qabağa düşüb göstərməyə başlayır. Bir neçə dəqiqə yol gedirik və qadın bir qapının qarşısında dayanır. Burada binanın yuxarısını göstərərək məni tək qoymaq istəyir və özündən razı şəkildə başını endirir. Cibimdən gümüş pul çıxarıb qadına göstərirəm və mənimlə birlikdə pilləkənləri qalxmasını istəyirəm. O ya bunu başa düşmür, ya da səhv başa düşür, ona görə də qalxmaq istəmir. Bu halda özüm birinci gedib arxamca onu da aparmaq istəyirəm. Düşünürəm ki, onun köməyi olmasa, dərzini bu böyük binada axtarıb tapmaq ağlasığmazdır. Gümüş pulu yenidən göstərib arxamca gəlməsi üçün işarə edərək özüm pilləkənləri qalxıram. Bu anda o qəribə şəkildə gülsə də, arxamca gəlir, ancaq gəlsə də başını bulayır. Qoca kələkbaz!

Elə birinci qapının qarşısında dayanıb barmağımla işarə edib sualdolu baxışlarla ona baxıram. Bu zaman həqiqətən də dərzi axtardığımı başa düşür, gülümsəməsini saxlayır, məsələnin nə yerdə olduğundan məmnun halda qabağa düşərək təşəbbüsü ələ alır. Ən yuxarı mərtəbəyə qalxıb üzərində bir neçə qəribə hərf yazılan karton lövhə olan qapını döyür. Bir kişi qapını açır. Qadın gülə-gülə uzun-uzadı bir şey danışıb məni ona təhvil verir; bu müddətdə qadınla mən bayırda idim, kişi isə qapının arxasında dayanmışdı. Sonda, kişi düyməni tikdirməkdə fikrimin ciddi və qəti olduğunu anladıqda, çünki, tikiş ləvazimatlarımı tapa bilmirəm, qapını taybatay açır. Qadına pul verəndə qəpiyə baxaraq başı ilə razılıq edir və məni general, ya da knyaz adlandırır. Bir daha təzim edərək pilləkənlərlə aşağı düşür.

Dərzinin otağındakı əşyalar bir stol, iki stul, divan və bir ikonadan ibarətdir, divarlardan dini məzmunlu rəsmlər asılıb.

Döşəmədə iki uşaq oynayır. Göründüyü kimi dərzinin arvadı evdə yoxdur, ata uşaqlarla təkdir. Mən uşaqların başını sığallayıram, onlarsa mənə göy gözləri ilə baxırlar. Dərzi düyməni tikən zaman uşaqları ilə dost oluram, onlar oynadıqları qırıq kasanı göstərərək mənlə danışırlar. Mənsə əllərimi bir-birinə vurub kasanın əla olduğunu bildirən görkəm alıram. Onlar bir çox şey axtarıb tapır və daşıyıb yanıma gətirirlər, biz başlayırıq döşəmənin üstündə ev tikməyə.

Düymə hazır olduqda soruşuram: – Nə qədər?

Dərzi bir şey desə də anlamıram.

Bildiyimə görə, dərzilərdən düymənin tikilməsinin neçəyə başa gəldiyini soruşduqda onlar bir şey lazım olmadığını deyirlər. Yaxud da nə versəniz olar. Bu, bir fənddir. Qiymət vermək özümə qalsa, düymə mənə baha başa gələcək. Özümü qraf kimi göstərib çox ödəməli olacağam. Ancaq dərzi açıq, dürüst şəkildə 25 öre tələb edib ala bilər; əgər özüm verməli olsam, 50 ödəməliyəm. İndi bu rus dərzi də “Nə versəniz olar.” deyərək fənd işlədir. Mən Rusiyadakı qiymətləri haradan bilim? Bu isə onun vecinə deyil.

Mən barmağımı sinəmə dayayıb əcnəbi olduğumu bildirdim. O gülümsünərək başını tərpətdi və cavab verdi.

Mən də təkrar etdim.

O, bu dəfə daha ətraflı cavablasa da, “qəpik” sözünü tələffüz etmədi.

O zaman yenidən özümü qraf kimi tanıtmalı oldum. Adi vətəndaş kimi istənilən qədər səyahətə cəhd etmək olar, amma heç bir əhəmiyyəti olmayacaq.

Küçəyə çıxıram və mehmanxanaya konkada qayıtmaq istəyirəm. Bir qədər gedəndən sonra konduktor yaxınlaşıb nəsə deyir. Böyük ehtimalla haraya getdiyimi soruşur deyə düşünürəm; mehmanxananın adını deyirəm. Vaqondakılar məzəmmət dolu nəzərlərlə mənə baxmağa başlayır, konduktor isə uzağı – əks tərəfi göstərir, yəni ki, mən tamamilə əks istiqamətə gedirəm, mehmanxana isə oradadır. Məcburən düşürəm.

Küçədə gəzişərkən insanların bir binaya daxil olaraq ikinci mərtəbəyə qalxdıqlarına diqqət yetirirəm. Deməli, orada baxmalı nəsə var. Mən də binaya girirəm. Pilləkəndə kimsə mənə nəsə deyir. Mən papağımı çıxarıb gülümsünürəm. Bu anda o da gülümsünür və birlikdə gedərək məni qapını açıb içəri buraxır.

Bura restorandır, içəridə yığıncaq var. Həmin adam məni təqdim edir, ətrafdakılara nəsə deməyindən mənimlə pilləkəndə necə qarşılaşdığını izah etdiyini anlayıram. Mənsə hər kəsə təzim edib iri pasportumu çıxarıram. Ancaq ondan heç kimin başı çıxmır. Adımın harada yazıldığını göstərib filankəs olduğumu deyirəm. Onlar yenə heç nə anlamır, ancaq hər şeyin qaydasında olduğunu zənn edərək məni alqışlayır. Sonra bir nəfər səhnəyə yaxınlaşıb musiqi sifariş edir. Orqan qəfildən çalmağa başlayır. “Bu, sənin şərəfinədir!” deyə fikirləşirəm və ayağa durub ətrafa təzim edirəm. Özümdən asılı olmayaraq kefim açılır, şərab istəyirəm, birlikdə içməyə xeyli adam yığılır. Zalda Moskvaya əcnəbi gəldiyi barədə şayiə dolaşmağa başlayır mənlə bağlı, odur ki, fransızca danışan bir nəfər tapıb gətirirlər; ancaq düşünürəm ki, işlər rusca da pis deyildi, hələ bir də fransız dilini o qədər də yaxşı bilmədiyimə görə bu tapılan adam heç ürəyimcə olmadı. Lakin biz ona da şərab süzüb yanımızda oturtduq.

Həyat burada rəngbərəngdir, çoxlu qəribə geyimlər var, gözəl və sadə libaslar sıra-sıra düzülüb. Yaşlı qadınla gənc bir qız piştaxtanın arxasında dayanıb. Fürsət tapan kimi cənablardan biri gənc qıza nəsə deyir və məndə elə təəssürat oyanır ki, ona ilk dəfədir belə bir təklif olunur. Bir anlığa qız duruxur, heç nə başa düşmür, sonra isə qızarır. İlk dəfə nədən qızarmaq olar?! Əlbəttə ki, xoşbəxtlikdən. İlk dəfəyə bərabər olan heç nə yoxdur həyatda! Sonra isə ancaq xəcalətdən qızarırsan.

Gedəndə pilləkənlərlə cəld aşağı düşərək iki xidmətçi çıxış qapısını üzümə taybatay açır və məni əlahəzrət adlandırır.

Yenə küçələrdə fırlanmağa başlayıram, amma harada olduğumu və evin yolunu necə tapacağımı bilmirəm. Bu müqayisəyə gəlməz hissdir, başına gəlməyən bunu bilməz, mən yolu azmışam. İstəyimə uyğun olaraq qanuni dolaşmaq hüququmdan istifadə edirəm. Nə isə yemək üçün yaxınlaşıb restorana girməyə qərar verirəm, çünki bunda da istədiyim kimi hərəkət edə bilərəm. Ancaq bura xüsusilə dəbdəbəlidir, üstəlik sarısaç, əynində frak olan lakey mənə yaxınlaşır. Elə bu dəqiqə yanından keçdiyim ilk yeri münasib bilib orada otururam.

Bura da geniş restorandır, ancaq avropasayağı olmadığı görünüşündən bilinir, qonaqlar özünəməxsus formada geyiniblər, xidməti isə gödəkçə geyinmiş iki lakey edir. Lap içəridə salonun əvəzinə bağça var.

Mən həm sərbəst, həm də məmnunam. Özüm üçün sığınacaq tapmışam və tələsmədən xeyli burada qala bilərəm. “Şi” deməyi də öyrənmişəm artıq. Bəziləri hələ öyrənir, ancaq mən artıq öyrənmişəm. Odur ki, şi – mal əti şorbasıdır deyə almanlar yazan kimi yaza bilmərəm. Çünki bu adi mal əti şorbası deyil, müxtəlif cür mal əti, yumurta, xama, və göyərtidən hazırlanan mükəmməl rus yeməyidir. Beləliklə verdiyim şi sifarişimi gətirirlər. Xidmətçi qulluğuna davam edir və fərqli təamlar gətirir. Bundan əlavə, kürü də istəyirəm, bunun doğru olub-olmadığını bilmirəm. Sonra da pivə istəyirəm.

Uzun saçları olan ruhani üzlü biri qəfildən qapıda görünüb xaç çəkərək bizə xeyir-dua verdikdən sonra yoluna davam edir. Xoşbəxtəm ki, bu yeri tapmışam; bir qədər qıraqda bir neçə yaşlı, mehribanüzlü adam sakit-sakit söhbət edərək yemək yeyir. Üzləri digər qocalar kimi çirkin və bədheybət deyil, əksinə səmimi və sağlam görünür, saçları da olduqca qalındır. Slavyanlar! Onlara baxıb fikirləşirəm: gələcəyin xalqı, germanlardan sonrakı dünya fatehləri! Ancaq belə bir xalqın rus ədəbiyyatı kimi ədəbiyyatı ola bilər, sonsuz, coşub-daşan mənbəyi ilə ərşə qalxan səkkiz nəhəng şairin sayəsində. Bizə, yəni digərlərinə onlardan öyrənmək, onlara bir az yaxınlaşmaq gərək idi. Amma teatral məsuliyyəti başqa şairlərə yükləyiblər.

Camaat gəlib-gedir. Alman dəstəsi stolumun yaxınlığında oturur və öz dillərində bərkdən danışmağa başlayırlar. Onlar üçün gətirilən yemək və içkilərdən anladım ki, hələ çox oturacaqlar, xidmətçiyə priborumu zalın içərilərinə, bağçaya aparmağı işarə edirəm, lakin o anlamır. Onda almanlardan biri nə lazım olduğunu məndən nəzakətlə xəbər alır, mən də məcbur olub onun köməyindən istifadə edirəm. Masamı dəyişirlər, amma almana təşəkkür etməyi yaddan çıxardığım üçün bütün salonu bir daha keçməli oluram.

Mənim üçün xidmətçi qızartma gətirir. Doyurucu şidən sonra nə isə yemək çətin gəlir. Buna baxmayaraq, xidmətçi kişilərin uzun müddət tab gətirmək üçün daha çox yeməli olduğu düşüncəsi ilə düzgün hərəkət edir; bu, normal insan düşüncəsidir. Siqarət çəkmək və qəhvə içmək istəyirəm və bir işarə ilə hər ikisini gətirirlər.

Qıraqda ata, ana, iki oğul və bir qızdan ibarət ailəyə bənzəyən bir neçə nəfər bir masa ətrafında əyləşib. Tünd gözləri gənc qızı daha sirli və dərin göstərir; gözəldir. Əlləri isə uzun və iridir. Öz masamdan qızı izləyirəm, onun xarici görünüşünü və varlığını təsvir edəcək bir ifadə axtarıram: yəqin ki, bu zəriflikdir. Sakit şəkildə əyləşməsi, qırağa əyilməyi, kimsəyə nəzər yetirməsi də çox zərifdir. Baxışları cavan dayçanı xatırladacaq qədər sadəlöhv və mərhəmət doludur. Slavyanlarda qabarıq almacıq sümükləri haqda məlumatlı idim, doğrudan da belə imiş. Belə ki, iri almacıq sümüyünə sahib olmaq üzdən ata oxşatsa da, onları izləmək xeyli maraqlıdı. Bir qədər sonra ailə başçısı hesabı ödəyir və ailə çıxıb gedir.

Mənsə dolu süfrə arxasında əyləşməkdə davam edirəm, xidmətçi də stoldakı heç bir şeyə toxunmur. Belə yaxşıdır; çünki artıq istədiyim zaman bir parça ət yeyə bilərdim və mənə xoş olardı. Arada yeməyə nəzər salmağa başlayıram, yeməyin ortasında qəhvə ilə siqaretin yaxşı fikir olmadığını kimsə deyib. Qısacası, burada tək qərarı mən verə bilərəm. Ət yeməyə iştaha ilə başlayıram.

Burada özümü evimdəki kimi, daha düzgün desəm, çox yaxşı hiss edirəm. Bu günə qədər oturduğum ən rahat restorandır. Masadan qalxıb ikonaya yaxınlaşır və digərləri kimi xaç çəkirəm. Nə müştərilər, nə də xidmətçilər arasında buna reaksiya verən var. Bu səbəbdən də, stoluma qayıdanda kiçik bir narahatlıq hissi də olmur. Barəsində xeyli oxuduğum bu böyük ölkədə qəlbimə dolan sevinc mənim üçün yeganə hissə, qarşısını almaq istəmədiyim daxili çılğınlığıma çevrilir. Oxumağa başlayıram, bu təhqir etmək mənası daşımır, sadəcə əylənmək məqsədilə.

Masamın üzərindəki yağda iki barmaq izi görürəm, kiminsə toxunduğunu anlayıram. Nə olsun deyə fikirləşirəm. Qafqazda daha pis olacaq, yağ – incə məhsuldur. Fürsət düşmüşkən bıçağı yağın içinə salıb onun əvvəlki halından əsər qoymuram. Özümü psixoloji cəhətdən bunun düzgün olmadığına inandırıram, bundan sonra hissiyyatlı olmuram. Bayaqkı alman gəlib məni “qovmasaydı”, hələ burada çox oturacaqdım. Almana bağçada üstübağlı bir yer lazımdır, əgər ehtiyacım olarsa, gələcəkdə köməyini də təklif edir mənə. Bu adama minnətdaram, çox nəzakətlidir. Ancaq o, məni torpağa oxşadaraq alçaldır. O getdiyi zaman bir vaxtlar Finlandiyada öyrəndiyim bir sözü axtarıb tapıram: Faytonçu. Knyaz üçün xidmətçi faytonçu çağırır.

Faytoçuya vağzala sürməsini deyirəm. Moskvada beş dəmiryol stansiyası olduğuna görlə faytonçu hansı olduğunu soruşur. Özümü xatırlamağa çalışırmış kimi göstərirəm. Bu, uzun müddət davam etdiyi üçün faytonçu siyahını saymağa başlayır. Ryazan vağzalına çatdıqda təsdiqləyirəm. Hər kilsənin və üstündə ikona gözə çarpan hər darvazanın yanından keçərkən xaç çəkə-çəkə məni vağzala çatdırır.

Yol boyu vağzalın adını düzgün xatırladığım barədə tərəddüdə düşürəm. Amma Ryazan vağzalına çatan kimi haqlı olduğumu anlayıram, çünki mehmanxananı asanlıqla tapıram.

Nağıllar Diyarına Səyahət

Подняться наверх