Читать книгу Ağ qəm - Sədaqət Kərimova - Страница 3

Bir yaz gecəsi
Gəzəyən

Оглавление

Sabah axşama kimi o. Həcər xalanın yanında qalacaq. Bu gün və gecə, bir də sabahki gün. Axşam anası gəlib onu buradan evlərinə aparacaq. Lakin sabah axşama kimi gör hələ nə qədər vaxt var. “Kaş möcüzə baş verəydi. Mən gözümü yumub açana kimi sabah açılaydı,” – Aynur bunu arzulayırdı.

Təsəvvür etdi ki, səhər açılıb, anası onu aparmağa gəlib. Gözlərini bərk-bərk yumub bunu xəyalında canlandırdı. Möcüzə baş verib-vermədiyini yoxlamaq üçün gözlərini açdı. Amma yox, heç bir möcüzə-zad baş verməmişdi.

O, səssizcə, içini çəkə-çəkə ağlayırdı ki, qonşu otaqda paltar ütüləyən Həcər xala eşidib hirslənməsin. Aynur pəncərənin qabağına keçib üzbəüz birmətəbəli evin pəncərəsinə tamaşa etməyə başladı. Pəncərənin qarşısında qoyulmuş stolun ar-xasında arıq, mehriban sifətli bir kişi oturub ağ vərəqlərə nə isə yazırdı. Aynur onu burada görməyə adət etmişdi, həmişə maraqla ona göz qoyardı. Bu məşğuliyyət onu yamanca əyləndirərdi. O adam hərdən başını qaldırıb üzbəüz evin pəncərəsindən baxan bu balaca qıza mehribanlıqla gülümsəyər, sonra yenə öz işinə davam edərdi. “Görəsən nə yazır?” – deyə Aynur fikirləşərdi. Onun qələmi necə cəld işlətdiyini, ağ vərəqləri necə sürətlə qaraltdığını görüb heyrətə gələrdi. Bəzən bu adam başını kağızların üstünə qoyub hərəkətsiz qalar, gah da başını əlləri arasına alıb sakitcə oturardı. Aynur onu yalnız axşamlar görməyə adət eləmişdi. Gündüzlər bu pəncərədə kimsə görünməzdi.

Həcər xalanın evində keçirdiyi günlər onun üçün işcəncəyə çevrilərdi, ürəyini nəhayətsiz kədər bürüyərdi. Oyuncaqları ilə könülsüz oynayar. Həcər xalanın bişirdiyi xörəkləri iştahsız yeyərdi. Bəzən saatlarla pəncərənin qarşısında oturub gözlərini yola dikər, anasının gəlib onu evlərinə aparacağı vaxtı səbirsizliklə gözləyərdi.

Aynurun Həcər xaladan xoşu gəlmirdi. Bu neçə vaxtda ona öyrəşə bilməmişdi. Qadin Dilarənin yaninda onu öpüb oxşayar, şirin dillə danışdırardı. Dilarə çıxıb gedəndən sonra isə uşağın varlığı elə bil onun yadından çıxırdı. Tez Dilarənin gətirdiyi əti, kolbasanı, göyərtini, meyvəni yerbəyer edər, mətbəxdə biş-düşlə, sonra isə ev işləri ilə məşğul olardı. Belə vaxtlarda Aynur bir kənarda dayanıb səsini çıxarmadan onu seyr edərdi. Bəzən ona elə gələrdi ki, Həcər xala onu görmür. Gəlib düz qabağında dayanardı ki, dayəsi ona nəzər yetirsin. Həcər xala-nı isə işindən ayırmaq müşkül məsələ idi. Həhayət, Aynur darıxıb qonşu otağa keçər, şəkilli kitablara tamaşa edərdi.

Həcər xala uşağı bir də şam yeməyi vaxtı dindirərdi. Onu yedirdər, içirdərdi. Aynur yeməkdən sonra qab-qacağı yığışdırmaqda dayəyə kömək edərdi. Sonra isə çarpayıya uzanıb yuxusu gəlməyə-gəlməyə yatmağa çalışardı ki, sübh tez açılsın. Səhər eyni vəziyyət yenə təkrar olunardi. Həcər xala yenə ev işləri ilə məşğul olar, yuyar, ütüləyər, xörək bişirərdi. Aynur isə qonşu otaqda saatlarla səssizcə oynayardı.

Bəzən Həcər xala Aynuru özü ilə bazara, dükana aparardı. Küçədə o, tamam ayrı adam olardı, onunla mehriban danışar, suallarına səbrlə cavab verərdi. Aynur da düşünərdi ki, yəqin Həcər xala evdə yorulur, danışmağa taqəti qalmır, ona görə də onunla belə soyuq davranır.

Anası Aynuru götürmyə gələndə Həcər xala adəti üzrə dil-ağız edərdi:

– Canını yeyim Aynurun, çox yaxşı uşaqdır. Ona öz doğma balam kimi bağlanmışam. Aynur yatanda darıxdığımdan bilmirəm nə edim.

Uşaq onun bu ikiüzlülüyü qarşısında deməyə söz tapmazdı. Hər dəfə Həcər xalagilə getmək vaxtı çatanda Aynur anasına yalvarardı:

– Ana, nə olar, məni Həcər xalanın yanında qoyma da…

Dilarə onun saçlarını qarışdırıb cavab verərdi:

– Sən mənim ağilli qızımsan. Ağıllı qız isə anasının sözündən çıxmaz.

– Mən orda darıxıram axı…

– Həcər xala səni bu qədər çox istəyir, sən isə deyirsən ki, dan xıram.

– Ana, sən onu tanımırsan. O, məni zərrə qədər də istəmir. Həmişə sənə yalan danışır. – Aynur onu inandırmağa çalışardı. Amma Dilarə acıqlı halda qızının sözünü kəsər, onun hərəkətini ərköyünlük hesab edib dediklərinə əhəmiyyət verməzdi.

Həcər xala kimsəsiz qadın idi. Qonşuların dediyinə görə, uşağı olmadığına görə əri çoxdan onu atıb getmişdi. O vaxtdan atasından qalma ikigöz evdə yaşayır, həyətdəki birotaqlı evini isə kirayəyə verirdi. Həcər xala yaxınlıqdakı idarədə xadimə işləyir, şənbə və bazar günlərində isə Dilarənin qızına baxırdı. O, az əziyyətlə başa gələn dayəlikdən məmnun idi. Lakin nədənsə bu sakit, gözəl qız uşağini sevə bilmir, ona qanı qaynamırdı.

Hər dəfə iki günlük ayrılıqdan sonra anasını görəndə Aynur sevincindən quş olub uçmaq istəyərdi. Evə gələndə özünü böyük kimi aparar, anasının əlindəki çantanı apanb yerinə qoyar, ayağına keçirmək üçün məs verər, onun hər kiçik tapşırığını böyük həvəslə yerinə yetirərdi. Anasının səsini eşitmək, yanında olmaq onun üçün böyük səadət idi. Dilarə ev-eşiyi səliqəyə salandan, yemək hazırlayandan sonra qızını gəzməyə aparmaq istəyərdi:

– Aynur, bağa gedək?

– Yox, ana, istəmirəm.

– Səni yelləncəyə mindirəcəyəm.

İstəmirəm.

– Dondurma alsam gedərsən?

Uşağin gözünə nə dondurma, nə də başqa şeylər görünərdi. O:

– Mən səninlə evdə qalmaq istəyirəm, ana, – deyə cavab verərdi. Lakin Dilarə çox vaxt qızının bu istəyinin mənasına varmadan dodağı altında deyinərdi:

– Bu uşaq bilmirəm kimə oxşayıb. Xalxın uşaqlarını həyət-bacadan yığmaq olmur. Bizimkini də evdən bayıra çıxarmaq mümkün deyil.

Dilarənin bəzən qızına yazığı gələrdi. O, qəribə, başqalarına bənzəməyən uşaq idi. Onun bir oyuncağını sındırdığı, bir kitabını cırdığı və ya paltarını batırdığı Dilarənin yadına düşmürdü. Döşəmədə kiçik bir kağız parçası görsəydi, tez onu yerdən qaldınb zibil qabına atardı. Dilarə qızını az-az hallarda əzizləyərdi. Buna görə də Aynur onun hər kiçik nəvazişinə, hər ilıq təbəssümünə sevinər, hər xoş sözündən ürəyinə bir hərarət axardı. Anası ona “can” deyəndə sevinc içərisində soruşardı:

– Sən mənə “can” dedin?

– Hə, Aynur.

– Çox sağ ol, ana.

Dilarə onun bu qəribə iltifatına həmişə gülərdi.

… – Aynur, daha ağlamırsan ki? – Həcər xala qapıda göründü. Aynur ona cavab vermədi.

– Di dur, bəsdir mısmırığını salladın. Gəl çörəyimizi yeyək., – Həcər xala onun əlindən tutub yemək otağına apardı.


* * *


Dilarə gecəni çox narahat yatmışdı. Üzünün rəngi solğun görünürdü. Gözlərinin altı qaralmışdı. Səhərdən eyni açılmırdı. Çünki bu gün ayın on üçü, nəhs gün idi. Dilarə ayın on üçünü həmişə qorxa-qorxa gözləyərdi. O gün mütləq nə isə xoşagəlməz bir hadisə baş verməli, qanı qaralmalı idi. Uzun illər idi ki, bunu sınaqdan keçirirdi.

– Qızım, rəis yerindədir? – deyə içəri girən yaşlı bir qadın soruşdu.

– Xeyr.

– Bilmirsən hardadır?

– Bilmirəm.

– Bu gün gələcəkmi?

Dilarənin hövsələsi daraldı:

– Mən nə bilim gələcək, ya gəlməyəcək. Bəyəm rəis mənə hesabat verir?

– Hesabat vermirsə, səni niyə bıırda oturdub? – deyə qadın deyinə-deyinə otaqdan çıxdı.

“Bəli də, başlandı.” – Dilarə dilxor halda makinasını tıqqıldatmağa başladı. – “Qudurasan, qurbağa, gəldi bizi vurmağa”, – ürəyində arvadın dalınca söyləndi.

Bir azdan ortayaşlı bir kişi içəri girib birbaşa rəisin kabinetinə tərəf getdi.

– Ay yoldaş, hara? – deyə Dilarə soruşdu.

– Rəisin yanma.

– Bəs soruşmazlarmı ki, rəis burdadır, ya yox?

– Qəbul vaxtı işdə olmayıb, harda olacaq?

– Deyirsiz yəni bütün günü kabinetindən çıxmamalıdır? – deyə Dilarə hirsləndi.

– Əvvəl dövlət işi, sonra şəxsi işlər.

Xeyli çənə-boğazdan sonra kişi narazı halda çıxıb getdi. Heç beş dəqiqə keçmədi ki, ucaboy bir oğlan içəri girdi:

– Qəşəng qız, salam.

– Əleykəssalam.

– Rəisin yanında adam var?

– Rəis yoxdur.

– Hardadır?

– Bilmirəm.

– Qanınız niyə qaradır?

– Onun sizə dəxli yoxdur.

– Heyf bu gözəllikdən ki, belə acıdil qıza verilib, – deyə oğlan təəssüfləndi.

Dilarə onun sözlərindən tutuldu. “Doğrudan da, mənə nə olub? Adamlarla niyə belə kobud danışıram? önlann nə təqsiri var?” – deyə öz-özünə düşündü.

Oğlan otaqdan çıxan kimi Dilarə stolunun yeşiyindən balaca güzgüsünü çıxarıb saçını daradı, ətirləndi, üzünə mehriban ifadə verdi. Bu görkəmindən məmnun qaldı.

– Namiq Dadaşoviçin katibəsisinsiz? – Üzündən şitlik yağan bir oğlan salamsız-kəlamsız ona yaxınlaşdı.

– Sizi eşidirəm, – deyə Dilarə acıqlı halda cavab verdi.

– Namiq Dadaşoviçin yaxşı zövqü var. – Oğlan bu sözləri ağzını az qala Dilarənin qulağına yapışdırıb dedi. Dilarə qıpqırmızı qızardı, amma heç nə demədi.

– Əvvəlki katibəsi də qəşəng qız idi. Başa düşmürəm, o niyə çıxıb getdi?! – Oğlan gözlərini bic-bic qırpdı. Dilarə daha hövsələsini basa bilmədi.

– Bura baxın, vətəndaş, elə etməyin ki, milis çağırım. Rədd olun burdan.

Oğlan onun əsəbiləşdiyini görüb özünü itirdi:

– Mən nə dedim ax i?

– Sizə dedim rədd olun burdan.

Oğlan əvvəl tərəddüdlə Dilarəyə baxdı, sonra isə heç nə deməyib otaqdan çıxdı. Lakin heç bir dəqiqə keçməmiş yenidən qapıdan boylandı:

– Namiq Dadaşoviçə heç nə deməyin ha! Yaxşı düşməz.

Dilarə başını əlləri arasına almışdı. Hirsindən dodaqlarını

gəmirirdi. Onun dünyada ən çox zəhləsi gedən bir söz var idisə, o da “katibə” sözü idi. Bu adla çağrılanda özünü alçalmış, təhqir olunmuş hesab edirdi. Bu idarəyə gəldiyi günə lənət oxuyurdu. Bir bəhanə ilə işdən çıxmaq istəyirdi. Amma bu bəhanə heç cür ələ düşmürdü. Namiq Dadaşoviç mehriban adam idi. Bircə dəfə də onun xətrinə dəyməmiş, səsini qaldırmamişdı. Digər tərəfdən də, Dilarə pedaqoji institutda qiyabi oxuyurdu.

İnstitutu bitirməyinə il yarım vaxt qalırdı. Ona görə də birdəfəlik ixtisasına uyğun iş axtarmalı idi.

– Dilarə xanımın kefi necədir? – Namiq Dadaşoviçin yumşaq, mehriban səsi eşidiləndə Dilarə ayağa qalxıb onunla salamlaşdı.

– Niyə qanın qaradır? – deyə rəis soruşdu.

– Heç, elə bir şey yoxdur. – Dilarə cavab verdi.

Namiq Dadaşoviç otağına keçəndə Dilarə özündə nə isə bir yüngüllük hiss etdi. Bayaqkı qanqaralığı yadından çıxdı. Tez elektrik çaynikini qaynadıb çay dəmlədi, balaca podnosa konfet, mürəbbə qoyub rəisin otağına keçdi. Onlan stolun üstünə düzüb geri qayıtmaq istəyirdi ki, rəis dilləndi:

– Bir dəqiqə əyləş, Dilarə.

Dilarə stul çəkib oturdu.

– Necəsən? Çoxdan səninlə söhbət etmirik.

– Çox sağ olun, hər şey yaxşıdır.

– Qızın necədir? Səni çox incitmir ki?

– Xeyr.

– Cavan qadın üçün tək yaşamaq çətindir. Özü də sənin kimi gözəl qadın üçün. Elə deyilmi?

Dilarə çiyinlərini çəkdi.

– Xahiş edirəm, məni özünə yad bilmə. Nə sözün olsa çəkinmə, yaxşımı?

– Sizdən çox razıyam, Namiq Dadaşoviç, – Dilarə onun səmimiyyətindən kövrəldi.

– Məni sadəcə olaraq adımla çağır, Dilarə.

Dilarə başı ilə razılıq işarəsi verib otaqdan çıxdı. Rəisin sözləri onun beynini dumanlandırmışdı. Namiq Dadaşoviç yaraşıqlı, nəzər-diqqəti cəlb edən adam idi. Qadınların çoxunun ondan xoşu gəlirdi. Elə Dilarə də ona qarşı etinasız deyildi. Ərindən ayrıldığı altı il ərzində ona ürək açanlar az olmamışdı. Bir neçəsi ilə görüşmüş, hətta evinə də aparmışdı. Lakin heç biri ilə bir həftədən artıq yaxınlıq edə bilməmişdi. Namiq onlara bənzəmirdi. “Sonra da deyirlər ki, on üç nəhs rəqəmdir. Bunun nəyi nəhs oldu? Rəis katibəsinə səmimiyyətini izhar etdi”, – deyə Dilarə düşündü və bu fikirdən utandı. “İlahi, gör nələr düşünürəm?!” Birdən özünə acığı tutdu: “Ay yazıq, sən nə gün görmüsən axı? Uşaq əskisi yumaqdan başqa neynəmisən? İndi bu gözəlliklə ömrünü bir uşağın yolunda çürüdürsən. Guya uşaq böyüyəndə sənə “çox sağ ol” deyəcək. Ay dedi ha!”

Dilarənin ürəyində bir-birinə zidd fikirlər döyüşürdü. O, gah özünü mühakimə edir, gah da özünə haqq qazandırırdı. Nəhayət, bu mübarizədən bezdi. Tək yaşamağın ağrı-acısını o, çox çəkmişdi. Bir gün deyildi, bir ay deyildi. Düz altı il idi ki, təklik ona əzab verir, ürəyini ağrıdır, gecələr yuxusunu, gündüzlər isə rahatlığını əlindən alırdı. Uzun, bitib-tükənməyən qış gecələri, dumanlı-çiskinli payız axşamları bir-birini əvəz edirdi. İllər heç bir gözəl şey vəd etmədən ötüşürdü. Lakin bunlar Dilarəni o qədər ağrıtmırdı. Onu ağrıdan başqa şey idi: son vaxtlar adamlar ondan uzaqlaşırdılar. Köhnə dostlan, rəfiqələri yavaş-yavaş onunla əvvəlki münasibətlərini dəyişirdilər, qohumlan get-gedə evinə az-az gəlirdilər, qonşular da onunla soyuq davranmağa başlamışdılar. Dilarənin tək yaşamasını hərə bir cür mənalandınrdı.

Dilarə bunlan dərk edirdi. Adamlann soyuqluğu onu yayın istisində buz kimi üşüdürdü. Hərdən ürəyində etiraz hissi baş qaldınrdı. İstəyirdi qışqırsın, aləmə car çəksin, öz bədbəxtliyini hamıya bəyan eləsin. Desin ki, hamınız isti yuvanızda, əzizlərinizin yanındasınız. Mənim də insan olduğumu, ülfətə, nəvazişə, qayğıya, məhəbbətə… ehtiyac duyduğumu niyə başa düşmürsünüz?

Telefon zəng çaldı. Danışan Rasim idi. Onunla iki il əvvəl tanış olmuşdu. Cəmi bir ay görüşmüşdülər. Sonra Rasimi xaricə işləməyə göndərmişdilər. O vaxtdan görüşmürdülər.

– Salam, Dilarə.

– …

– Tanımadın? Danışan Rasimdir.

– Hə, tanıdım, salam. Rasim.

– Necəsən?

– Sağ ol.

– Səni elə görmək istəyirəm…

– Əlcəzairdən haçan gəlmisən?

– Dünən.

– Həmişəlik?

– Yox. Bir aylıq məzuniyyətə gəlmişəm.

– Evlənməmisən?

– Yox. Bəs sən? Həyatında bir yenilik varmı?

–Yoxdur, Rasim.

– Gəl bu gün görüşək, sənə hədiyyə gətirmişəm.

– Bu gün heç kefim yoxdur.

– Kefini açmaq mənim boynuma. Danışdıq?

– Nə bilim.

– Danışdıq daha. Evimin yeri yadından çıxmayıb ki?

– Çıxmayıb.

– Deməli axşam saat səkkizdə. Gecikmə ha, Dilarə! Hələlik.


* * *


Şıdırğı yağış yağırdı. Elə bil vedrədən tökülürdü. Yağış damcılan tappaturupla pəncərələrə dəyir, qəribə səs-küy yaradırdı. Küçədə gediş-gəliş birdən-birə kəsilmiş, maşın siqnallarının səsi azalmışdı.

Aynur pəncərədən küçəyə tamaşa edirdi. Balaca stulunun üstünə çıxıb əlləri ilə pəncərəyə dayaq verərək üzünü şüşəyə yapışdırmışdı. Hava qaraldıqca onun ürəyi nigarançılıqdan sıxılırdı. Darıxıb kitab şkafının alt gözündən “Əlifba”nı çıxartdı, ucadan oxumağa başladı: “Baba və nəvə bağdadır. Ana evdə xörək bişirir". O, “Əlifba”nı əzbər bilirdi. Bu kitab daha onun üçün maraqlı deyildi.

Gözləri divar saatına sataşdı. Gecə saat doqquz idi. Darıxıb televizoru yandırdı. Stulunu televizorun lap qabağına çəkib oturdu. Dəfələrlə baxdığı bir cizgi filmi göstərilirdi. Nəhayət, multfilm qurtanb layla çalınanda Aynur yerdəki gəlinciklərinin üstünü örtdü. Ən çox sevdiyi göy donlu, sarı saçlı böyük gəlinciyi qucağına alıb eynən televizordakı kimi layla çalmağa başladı. Veriliş qurtaranda televizoru söndürüb yerdə, xalçanın üstündəki gəlinciyin yanında uzandı. Sonra onu sinəsinə sıxıb ağlamağa başladı. Göz yaşlan gəlinciyin üzünə tökülürdü.

Bir azdan bərk acdığını hiss edib ayağa durdu. Səhər anası ona südlü sıyıq yedirtmişdi. Tapşırmışdı ki, acanda mətbəxdə stolun üstündəki tavadan kotlet götürüb yesin. Ancaq bütün günü yemək onun yadına düşməmişdi.

Aynur mətbəxə keçib işığı yandırdı. Tavadan soyuq kotlet götürüb çörəksiz yeməyə başladı. Tez doydu. İndi də çay istəyirdi. Ancaq anası ona qaza yaxın düşməyi qadağan etmişdi. Çaydandan stəkana su töküb içdi. Tavanın qapağını ortdü, mətbəxin işığını söndürüb evə keçdi. Çarpayısına yaxınlaşıb yerini açdı. Paltarını soyunub səliqə ilə stuldan asdı, gecə köynəyini geyinib uzandı. Ancaq yuxusu gəlmirdi.

Bu gecə də Aynur anasını görmədən, tək-tənha yatacaqdı. Həcər xala harasa getmişdi, ona görə də Aynur səhərdən evdə tək qalmışdı. Onun ürəyinə qəribə bir qorxu çökdü. Bu qorxu yuxusunu tamam qaçırdı. Eyvana çıxıb sağ tərəfdəki eyvana həsrətlə baxdı. Bura onun bağça yoldaşı Çingizgilin eyvanı idi. Aynurla Çingiz buradan tez-tez bir-biri ilə danışar, əylənərdilər. Aynur bağçada ən çox Çingizlə oynayardı. Fürsət tapan kimi oyuncaqlarını ona bağışlayardı.

Eyvanda tez-tez Çingizin atası ilə anası da görünərdi. Çingiz atasının boynundan asılar, onun saçlarını oynadar, anası da gülə-gülə onlara tamaşa edərdi. Belə vaxtlarda Aynurun Çingizə yaman paxıllığı tutardı. Paxıllıq edərdi ki, onun atası var. Aynurun isə atası yox idi. Heç vaxt olmamışdı. Bundan sonra da olmayacaqdı. Atası onu heç vaxt əzizləməyəcəkdi, gəzməyə aparmayacaqdı.

Qonşu eyvanda kimsə görünmürdü. Yağışın paltarını islatdığını görüb evə keçdi, çarpayısına uzandı. Anası yenə harasa, vacib iş dalınca getmişdi. Bu “harasa”nın, “vacib işin” nədən ibarət olduğunu Aynur bilmirdi. Lakin bu gedişlərə ürəyində yaman acığı tuturdu. Anasının gözəl üzü gözləri qarşısında canlandı. Əvvəl özünü onun qucağında təsəvvür etdi: anası onu öpüb oxşayırdı. Lakin bir azdan necə döyüldüyü yadına düşdü. Anası çox vaxt əsəbi, deyingən olardı. Boş bir şeydən özündən çıxar, Aynuru döyməyə başlayardı. Özü də elə hirslə, elə bərk döyərdi ki. Aynur ağrıdan zarıldayardı. Döyməklə ürəyi soyumaz, Aynura qarğış yağdırardı:

– Səni görüm öləsən. Səni görüm ciyərin yansın. Səni görüm zəlil olasan.

Aynur ağlaya-ağlaya stolun altına girər, onun əlindən qurtulmağa çalışardı. Lakin bundan anası daha da qəzəblənər, paltarından və ya əl-ayağından yapışıb onu çarpayının altından çıxardar, təzədən döyərdi. Həmişə də döyüb-doyüb, birdən ağlamağa başlayardı:

– Ay allah, məni öldür, canım qurtarsın, – deyər, sonra uşağı qucağına alıb öpər, oxşayardı. Aynur da onun qoynuna qısılıb səsini çıxarmazdı. Bir söz deməyə, nə isə soruşmağa ürək eləməzdi. Qorxardı ki, anası təzədən özündən çıxar.

İlk dəfə idi ki. Aynur qaranlıqdan qorxurdu. Qaranlıqda anası gah gülürdü, gah ağlayırdı, gah qəhqəhə çəkirdi, gah onu çimdikləyirdi. Aynur vahimə içində yorğanı üstünə çəkdi.


* * *


Düz on dörd il idi ki, Həmid Həcər xalanın evində kirayənişin qalırdı. On-on beş ailə yaşayan bu böyük həyətdə hamı onun xətrini istəyirdi. Həcər xala isə ondan xüsusilə razılıq edirdi. Həmid hər ayın axırıncı günü kirayə pulunu səliqə ilə kağıza büküb ona verirdi. Evini səliqəli saxlayırdı. Özü də nə yanına cığal-cuğul oğlan gətirir, nə də yelbeyin qızlarla gəzirdi. Tərbiyəli, başıaşağı adam idi. Həcər xalanın bircə narazılığı vardısa, o da Həmidin həddindən çox işıq yandırması ilə bağlı idi. Lakin onun pərdəsiz pəncərəsindən Həmidin stol arxasında oturub daim nə isə yazdığını və ya oxuduğunu görəndə heç nə deyə bilmirdi. Həmidə bu qədər hörmət qazandıran da əslində yazıçılığı idi.

Həmidin ipək kimi yumşaq xasiyyəti var idi. Ömründə bircə nəfəri də incitməmişdi. Heç kəs onu hirslənən, özündən çıxan görməmişdi. Yaşadığı bu balaca, rahat otaq da sahibinə oxşayırdı. Buranın avadanlığı küncdəki dəmir çarpayıdan, pəncərənin qabağındakı stoldan, iki stuldan, bir də ağzına kimi kitabla dolu böyük divar şkafından ibarət idi. Həmidi işdə kitab xəstəsi kimi tanıyırdılar. Əlinə keçən pulu kitaba verərdi. Gecə-gündüz kitab oxumaqdan yorulmurdu, tanışlarına, dostlarına da kitab bağışlamağı sevirdi.

Axşamlar, ələlxüsus da yaz-yay axşamlan qonşular həyət qapısına yığışar, söhbət edərdilər. Həmid isə kimsəyə qarışmazdı. Buna onun vaxtı da olmazdı. Açıq pəncərədən Həmidin arıq, solğun üzünü görəndə qonşular canıyananlıqla ondan söz salardılar. Ən çox narahatlıq keçirən isə Həcər xalanın qapıbir qonşusu Nailə olardı. Həmidin pəncərədən həyətə düşən kölgəsinə Nailə bu illərdə o qədər öyrəşmişdi ki, onu görməyəndə darıxırdı. Həmidin oğrun-oğrun paltar yuması, gecə hamı yatandan sonra onu sərməsi, səhər tezdən durub yığması, döşəmə silməsi, xörək bişirməsi, hər şey, hər şey Nailəni kövrəldirdi. Neçə dəfə istəmişdi durub ona kömək eləsin, amma utanmışdı. Qonşuların söz-sov undan ehtiyat edirdi, həm də qorxurdu ki. Həmid onu yüngülbeyin hesab edər.

Nailə bəstəboy qız idi. Bu yaz 38 yaşı tamam olmuşdu. Lakin onun zərif, incə vücuduna heç vaxt bu yaşı vermək olmazdı. O, tibb institutunu bitirən ili atası, bir il sonra isə anası vəfat etmişdi. Nailə özündən kiçik üç bacısına həm ata, həm də ana əvəzi olmuş, üçünü də oxudub ərə vermişdi. O, bacılarının heç birinə oxşamırdı. Onların üçü də deyib-gülən, şən qızlar idi. Nailə isə sakit təbiətli idi, heç nə ilə gözə çarpmırdı. Bu vaxtacan ərə getməməsinin bir səbəbi də yəqin elə bu cəhəti idi. Kim bilir, bəlkə də vaxtından tez üzərinə düşdüyü məsuliyyət, çəkdiyi qayğılar onu belə etmişdi.

Bu gecə hər şey Nailəni səbəbsiz kövrəldirdi. O, işığı yandırmadan yerinə uzanmışdı. Açıq pəncərəsindən Həmidin otağı ovuc içi kimi görünürdü. Bir azdan onun işığının söndüyünü görüb Nailə narahatlıqla yerindən qalxdı. Həmidin asta addımlarla həyətdən küçəyə çıxdığını görcək ürəyi darıxdı, tez yerindən qalxdı.

Eyvanda oturub çay içən Həcər xala onun bu narahatlığını hiss edib Nailəni çay içməyə çağırdı. O, Nailənin ürəyində doğulub boy atan duyğulardan çoxdan xəbərdar idi, oğrun-oğrun Həmidin arxasınca baxdığını, uzaqdan-uzağa onu izlədiyini çoxdan bilirdi. Lakin özünü elə apanrdı ki, guya heç nədən xəbəri yoxdur. Nailənin təbiəti elə idi ki, kimsənin onun ürəyindəkilərdən xəbər tutmasına razı olmazdı. Bunu o, xətrini istədiyi, gözünü açandan yanında gördüyü, valideynlərini itirdiyi o çətin illərdə ona həyan olmuş, aralarındakı böyük yaş fərqinə baxmayaraq, çox yaxın olduğu Həcər xalanın da bilməsini istəməzdi.

Nailənin qorun-qorun yandığını Həcər xala bilirdi. Bunu da anlayırdı ki, o təbiətdə qızlar üçün həyatda özünə həmdəm tapmaq çox çətindir. Nailədən olsa, o, ömründə özünə belə bir adam tapa bilməyəcəkdi. Həmidi isə bu həyətə elə bil Allah özü göndərmişdi. Lakin vaxt keçir, nə Həmid Nailəyə diqqət yetirir, nə də Nailə onu özünə cəlb edə bilirdi. Həcər xala neçə dəfə istəmişdi ki. Həmidlə bu barədə söhbət etsin, onu bu haqda düşünməyə məcbur etsin. Lakin Həmidin acıqlanacağından, inciyəcəyindən ehtiyat edirdi. Digər tərəfdən isə Nailənin mənliyinin tapdalanacağından qorxurdu.

– Həmidlə nə yaraşardız! Allah sizi bir-biriniz üçün yaradıb. – Həcər xala çoxdan ürəyindən keçən fikri birdən dilinə gətirdi.

– Nə danışırsız, Həcər xala? – Nailə utanıb sözünün dalını deyə bilmədi.


* * *


Həmid gəzə-gəzə yaxınlıqdakı bağa gəldi. Skamyalardan birində oturub əllərini qoynunda çarpazladı. Bu gün o, demək olar ki, işləməmişdi. Çox çalışmış, amma fikirlərini bir yerə cəmləşdirə bilməmişdi. Sərin, gözəl qoxular qarışmış yaz havası onu evdə oturmağa qoymamışdı. Hava özü ilə ona nə isə bir qəriblik, bir həzinlik gətirmişdi. Birdən quş civiltisi diqqətini cəlb etdi. Şam ağacının budağında quşlar yamanca səs-küy salmışdı. Akasiya ağacı ağappaq çiçəklərə bürünmüşdü. Havadakı qəribə qoxunun haradan gəldiyini o, indi anladı. Akasiya çiçəyinin ətri onda həmişə həzin duyğular oyadırdı. İndi də yamyaşıl yarpaqlar arasından boylanan bu zərif salxımlara baxa-baxa fikrə getdi. Qəribədir, həmişə yazın gəlişini sevinclə gözləyən, ağaclarda hər yeni zoğun, hər yaşıl yarpağın, hər incə çiçəyin doğulmasına diqqətlə göz qoyan Həmidin bu dəfə yazın gəlişindən xəbəri olmamışdı. O, işə hər gün bu bağdan keçib gedirdi. Axşamlar təmiz hava almağa bura gəlirdi. Birdən yadına düşdü ki, bu gün mayın 4-dür – ad günüdür, 36 yaşı tamam olur. Lakin bu hadisədən ondan başqa heç kəsin xəbəri yoxdur.

– Dərdin alım, niyə əllərini qoynuna qoymusan? Götür əllərini qoynundan! – Qarşısından keçən bir qarı bu sözləri elə mehribanlıqla dedi ki. Həmid tez əllərini yanına saldı. “Gör nə mehriban qadındır. Bəxtəvər onun uşaqlannın halına”, – deyə arxasınca həsədlə baxdı.

Bu vaxt iri bir top diyirlənib ayaqlarının altına düşdü. Həmid topu yerdən qaldırıb uşağa qaytarmaq istəyirdi ki, birdən onu tanıyıb gülümsədi. Bu, tez-tez Həcər xalanın pəncərəsində gördüyü qız idi.

– Bu sənsən? Adın nədir?

– Aynur, – deyə uşaq sevincək cavab verdi. – Bəs sənin adın nədir?

– Mənim adım Həmiddir.

– Mən sənə həmişə pəncərədən baxıram, – Aynur onun yanında oturdu.

– Mən də sənə, – deyə Həmid ona cavab verdi. Hər ikisi güldü.

– Sən orda nə yazırsan elə? – Aynur maraqla soruşdu.

– Yazı yazıram.

– O qədər yazı yazmaq olar?

– Nə bilirsən ki, çox yazıram?

– Axı mən vərəqləri sayıram.

– Doğrudan? – Həmid təəccübləndi. – Neçəyəcən saya bilirsən?

– Yüzəcən.

– Afərin. Oxuya da bilirsən?

– Əlbəttə. Mən yazmağı da bacanram, amma sənin kimi tez-tez yox.

– Eybi yoxdur, məktəbə gedərsən, tez-tez yazmağı da öyrənərsən.

– Mən sentyabrda məktəbə gedəcəyəm.

– Sən bağa kiminlə gəlmisən?

– Anamla. Anan odey, orda skamyada oturub, – deyə Aynur bağın qurtaracağını göstərdi.

– Hanı? – Həmid o tərəfə boylandı.

– Odur, bura gəlir. – Aynur uzaqdan onlara sarı gələn cavan qadını Həmidə göstərdi. Birdən nə fikirləşdisə soruşdu: – Sənin anan var?

Həmid uşağın birbaşa verdiyi bu sualdan tutuldu. Aynurun bu sualı nə məqsədlə verdiyini anlamağa çalışdı. Lakin Aynur səbirsizliklə sualın cavabını gözləyirdi.

– Anam yoxdur, Aynur. – Həmid bu sözləri elə dedi ki, sanki anasının yoxluğuna özü səbəbkar idi.

– Anan yoxdur? – Cavab uşaq üçün gözlənilməz oldu. О, gözlərini bir-iki dəfə gülməli şəkildə qırpdı. Bu, göstərirdi ki, nə barədəsə fikirləşir.

– Bəs niyə yoxdur?

Elə bu vaxt Dilarə onlara yaxınlaşdı. O, Həmidi tanıyıb salam verdi. İlk dəfə idi ki, üz-üzə gəlirdilər. Həmid Dilarənin gözəlliyindən özünü itirib qeyri-ixtiyari ayağa qalxdı. Lakin bu hərəkətinin gülünc çıxdığını görüb yenidən oturdu.

Dilarə Həmidin halının dəyişdiyini görüb gülümsədi. Aynurun əlindən yapışdı:

– Gəl gedək. Aynur.

Lakin Aynur anasına qısılıb:

– Ana, Həmidin anası yoxdur, – dedi.

Dilarə üzrxahlıqla Həmidə baxıb heç nə demədi. Ana-bala ondan ayrıldılar. Havada xoş bir ətir qaldı. Bu ətir Həmidə çöl çiçəklərinin qoxusunu xatırlatdı. Aynur tez-tez dönüb ona baxırdı. Tinə çatanda əlini yellədi.

Aynurun bayaqkı sualı Həmidin yadına anasını salmışdı. Bu neçə ildə o, anası üçün belə qəribsəməmişdi, onu belə arzulamamışdı, onun üçün belə darıxmamışdı. Lakin anası yox idi, gedər-gəlməzdə idi. Onu heç zaman görməyəcək, səsini eşitməyəcəkdi. Ana itkisinin nə demək olduğunu ilk dəfə bütün aydınlığı, bütün dərinliyi ilə hiss etdi. “Təkrarolunmaz”, “əlçatmaz”, “ünyetməz” sözlərinin mənasını o, indi anladı. Həmin sözləri bir neçə dəfə beynində təkrar etdi. Bunlann necə dərin, necə ağır, necə soyuq sözlər olduğunu elə bil ilk dəfə dərk elədi.

Anası gözləri qarşısında canlandı. Həmidin institutu bitirib şəhərə təyinat aldığını eşidəndə arvad yaman kövrəlmişdi. Kövrəlmişdi ona görə ki, nəhayət, oğlu arzusuna çatmışdı, nəşriyyatda işləyirdi. Kövrəlmişdi ona görə ki, o, rahat ata-baba ocağım qoyub Bakıda kiçik bir otaqda, tanımadığı adamların arasında tək-tənha kirayədə qalırdı. Kövrəlmişdi ona görə ki. Həmid evlənmək söhbətini eşitmək belə istəmirdi. Gülsüm xala bilirdi ki, oğlu yazı-pozu adamıdır. Qəzetlərdə, jurnallarda çıxış edir. Oğlunun iki kitabı çıxmışdı. Bütün bunlan başa düşdüyünə görə onu iş yerindən ayırmağı rəva görmürdü. Həm də rayonda Həmidi imzasına görə böyükdən tutmuş kiçiyə qədər hamı tanıyırdı. Gülsüm xalanı indi Həmidə görə nişan verirdilər. “Həmidin anasısan?” – deyə tez-tez ona sual verirdilər. Qadın bundan sevinir, qürur hissi keçirirdi. Sevinirdi ki, savadlı, zəhmətkeş, başıaşağı oğul böyüdüb. Evlənmək məsələsi gələndə isə Həmid bir dəfə ona ciddi halda demişdi ki, daha bu barədə söhbət salmasın. Niyə? Çünki hələ ev-eşiyi yoxdur, ailəsini necə saxlayacaq? Gülsüm xala da bu söhbətin üstünə qayıtmamışdı. Ürəyi nisgilli, oğul toyu görmədən həyatdan köçmüşdü.

Hər dəfə anasını xatırlayanda Həmidin gözləri dolur, ürəyi kövrəlirdi. Onun bu dünyada anası qədər sevdiyi ikinci adam yox idi. Ağlına gətirə bilmirdi ki, nə vaxtsa bir kimsəni istəyə, kiməsə mehrini sala bilər.


* * *


Kirayə pulunu vermək üçün Həcər xalanın yanına gələndə Həmid Aynuru burada gördü. Uşaq qəmli görünürdü.

– Nə olub. Aynur? Yoxsa darıxırsan? – deyə soruşdu. Lakin onun cavab vermədiyini görcək əlavə etdi: – İstəyirsən sənə bir nağıl danışım?

Aynur sevinclə yerindən dikəldi:

– İstəyirəm.

– Onda bir az gözlə. – Həmid Həcər xalaya pulu uzadıb: – Həcər xala, icazə versəniz Aynuru bizə apararam, – dedi.

– Nə olar, aparırsan, apar da. Onsuz da anası gedəndən kefi açılmır, – deyə Həcər xala ona razılıq verdi. Həmid Aynuru otağına gətirib:

– Bura mənim sarayımdır, – dedi.

Aynur ağzınacan dolu kitab şkafını görüb heyrətə gəldi:

– Gör nə qədər kitab var… Вunları neynirsən?

– Oxuyuram.

– Bu qədər kitabı oxuyub qurtarmaq olar?

– Böyüyərsən, onda görərsən ki, bunlan oxumaq o qədər də çətin deyil.

Aynur indi də divardakı şəklə tamaşa etməyə başladı.

– Bu kimdir?

– Anam.

Aynur dönüb Həmidə baxdı.

– Dünən qanın qaraldı?

Həmid onun nəyə işarə vurduğunu dərhal anladı:

– Nədən bildin ki, qanım qaraldı?

– Az qalmışdı ağlayasan.

– Nə? – Həmid tutuldu.

– Hə, bunu mənə anam dedi.

Həmid daha deməyə söz tapmadı. Bir azdan o. Aynura nağıl danışmağa başladı. Bu, dəcəl ayı balasının başına gələn maraqlı sərgüzəştlərlə dolu əhvalat idi. Aynur ağzını açıb elə diqqətlə qulaq asırdı ki, Həmid bundan şövqlənib indicə uydurduğu bu nağıla bəzək-düzək vurmağa başladı. İlk dəfə idi ki. Həmid nağıl danışırdı. Bunun uşağı belə əyləndirə biləcəyini təsəvvürünə belə gətirməmişdi. Aynura bayaq elə-belə demişdi ki, nağıl danışacaq. İndi isə özü də gözləmədiyi halda gözəl bir nağıl yaranmışdı.

Bir saatdan sonra uşağı Həcər xalaya təhvil verəndə Həmid dedi:

– Aynur darıxanda göndərin mənim yanıma.

– Yaxşı, – deyə Həcər xala cavab verdi.

Həmidin “saray”ı o gündən Aynur üçün sirli bir dünyaya döndü. Hər dəfə bura gələndə Həmid ona maraqlı, gözlənilməz hadisələrlə dolu nağıllar danışırdı. Aynur indi gecə-gündüz onlann aləmində yaşayırdı. Həmidin nağıl danışmağı onu heyran edirdi. O, məzəli səslər çıxarıb adamları, heyvann, quşları elə təqlid edirdi ki, Aynur uğunub gedirdi. Anasının nağıl danışmaqla arası yox idi. Bildiyi iki-üç nağılı o qədər danışmışdı ki, Aynur onlan əzbər bilirdi. Həmidin danışdıqlarını isə Aynur nə televiziyada görmüş, nə də bağçada eşitmişdi.

Həmid bəzən ona qəmli nağıllar da danışırdı. Lakin hər dəfə belə nağıldan sonra uşağın ağladığını, kefinin pozulduğunu görcək özünə söz verirdi ki, bir də belə nağıllar uydurmayacaq. Bir dəfə nağılın sonunda qartal balası öləndə Aynur elə kövrəldi ki. Həmid onu xeyli sakitləşdirə bilmədi. O gündən etibarən Həmid Aynura yalnız şən, sonu yaxşı qurtaran nağıllar danışmağa başladı. Bu nağıllar arasında balaca qızın sərgüzəştləri Aynuru daha çox cəlb edirdi. Bu qızın başına elə əhvalatlar gəlirdi ki, Aynur heyrətlə nağılın haçan tamamlanaçağını gözləyirdi. Ona elə gəlirdi ki, bu qız onun özüdür, bu hadisələr də onun başına gəlib.

Aynur evdə həmin nağıllan olduğu kimi anasına danışır, Dilarə də maraqla qulaq asırdı.

Bir dəfə işdən sonra Dilarə Həmidlə rastlaşdı.

– Necəsiniz, Dilarə xanım, işiniz-gııcünüz necədir? – deyə Həmid onunla hal-əhval tutdu.

– Çox sağ olun, yaxşıyam.

– Bəs mənim dostum hardadır?

– Bağçadadır, onu götürməyə gedirəm.

– İcazə versəniz mən də sizinlə gedərəm. – Bu sözləri Həmid ehtiyatla, təklifinin rədd ediləcəyindən qorxa-qorxa dedi, lakin Dilarə o saat razılıq verdi.

– Aynur yaman sevinər, – dedi.

Həmid Aynurun anasına son dərəcə oxşadığını yalnız indi. Dilarə ilə söhbət edəndə gördü. Aynurun qapqara, iri gözləri, geniş alnı, xırdaca burnu, hətta saçlarının rəngi də eynilə Dilarəninki kimi idi. Həmid bu oxşarlığa mat qaldı. Adamın adama bu qədər oxşaya biləcəyini o, ağlına gətirməzdi.

Ağ qəm

Подняться наверх