Читать книгу Xoşbəxtliyin son həftəsi - Xaliq Azadi Məmmədov, Xaliq Temur Məmmədov - Страница 3
Оглавление2
-ci hissə
Səhərisi gün parka gələndə, öz-özlüyümdə hiss etdim ki, ilk dəfədir ki, bura gəzməyə belə həvəslə gəlirəm. Maşını parkın qabağına qoyub, girdim içəri. İstirahət edənlər, uşaqlarla vaxtı keçirənlər, görüşə çıxanlar – hansı təbəqə desən, burada tapmaq olardı.
Gəzdikcə, gözümü dolandırdım ətrafa, onu görmədim. Bəlkə də, gəlməyəcəkdi bu gün. «Nə olar, müqaviləmiz yoxdur ki! Sabah görərəm Rozanı!» Özüm özümü bir növ, arxayınlaşdırmaq istədim. Yeyin addımlarla böyük dairə ilə getməyimdə idim. Bu dairəni getmək, az qala iki km yol edirdi. Yarım saata qədər keçmişdi ki, tanış səs eşitdim:
– Niyə dayandınız? Dayanmayın, xahiş edirəm! – gülüşlü səs eşitdim.
Roza idi. Dayanmağımsa, şüuraltı olub. Yəqin, ətrafa boylanmaq istəmişəm. Razı halda yerişimə davam etdim. Nəhayət, telefonun taymeri vaxtın başa çatdığını bildirən zəngi çaldı. Dayanıb arxaya çevrildim. Dabanbasaraq gəlirdi. Salamlaşdıq.
– Gedək, görək yer tapa bilirikmi? – dedi Roza.
Yer tapıb oturduq.
– Siz məndən gec gəldiniz bu gün, – dedim.
– Əksinə, siz bu gün tez gəlmisiniz!
Doğrudan da, mən vaxtın əvvəlinə 20 dəqiqə əlavə etmişdim ki, sonra gəzməyim ikinci hissəni. Bunu Rozaya deyəndə, ucadan güldü.
– Vallah, lap körpə uşaq kimi edirsiz! Artıq başlamısınız mənə görə adət etdiyiniz rejimi dəyişməyə!
– Yox, Roza. Düzü, çoxdan istəyirdim keçəm bircə rejimə.
– Yaxşı, iti addımla yeridiyiniz zaman bir-iki dəfə dayanıb ətrafa baxmağınız necə? Əvvəllər sizin belə etdiyinizi görməmişdim!
– Dayanmışdım? – guya təəccübləndim.
– Azından, iki dəfə.
– Adətən, dayanmıram! Düzü, cavabsızam, bilmirəm, niyə dayanmışdım.
– Deduktiv metodlarla hesablasaq, heç də çətinlik çəkmərik, taparıq səbəbini! – dedi zarafatla. – Xüsusən də, tez-tez boylanmağınızı nəzərə alaraq!
Roza susdu. Ona baxırdım. İlk baxışda, az qala yeniyetmə təəssüratı bağışlasayırdı. Yaxşı fiziki formada olması onun neçə yaşı olmasını anlamağa imkan vermirdi. 20 də demək olardı, 30 da. Bəlkə də, bir az da çox. Göy səmanı xatırladan gözləri, nazik dodaqları, zərif üzünə yaraşıq verirdilər. Balaca burunu vardı, həddindən çox balaca. Əgər, Rozada eyib gəzmək istəsəydik, burnunun balacalığını qoymaq olardı ortaya.
– Riyaziyyatçılar öz dəqiqlikləri ilə nəyisə gizlətmək şansı vermirlər meydanda olana. Yəqin, müəlliməsiniz!
– Elə də demək olar. İnstitutda işləyirəm, amma, müəllimə deyiləm. Fizika-riyaziyyat üzrə iş aparıram.
Beləcə, bir saatdan çox oturduq parkda. Artıq, tanışlığımız lap köhnə dostların tanışlığını xatırladırdı.
– Çıxıb getmək arzusu ilə yaşayıram, – dedi Roza. – Nə vaxt ki, oluram Moskvada, Minskdə, qayıtmaq istəmirəm. Amma, neynəyəsən, ev-eşik, işim-gücüm! Onsuz da gedəcəm. Ən böyük arzum və niyyətim budur, müdafiə olum, gedəcəm. Dəyişəcəm institumu. Oradaca rəfiqəm işləyir, kömək edəcək, danışmışıq hər şeyi.
– Əlbətdə, böyük şəhərlərdə gün-güzaran qurmaq, qabağa getmək imkanı da çoxdur.
– Bir halda ki, oğlum da orada oxuyur. Ümid edir ki, gələcəm, birgə yaşayacağıq. – Rozə mövzunu dəyişdi.
– Gündə bura gəlib bir neçə km keçməyə sizdə ciddi sədəb var, ya, elə-belə?
– Roza, ola bilər, bir-birimizi riyazi dillə desək, “cəm şəklində” görməyək, “sən”lə danışaq?
– Hə, nə olar!
– İlk növbədə oturaq işim olduğu üçün, və əlbəttə, belə işin nəticəsini aradan qaldırmaq üçün.
İşim-sənətim barədə danışdım. Nə qədər mənə yüngül idi Roza ilə söhbət etmək, soruşmaq, cavab vermək. Sanki, onu yüz il idi tanıyırdım…
O gündən Roza ilə, demək olar ki, az qala hər gün görüşürdük. Yavaş-yavaş dostluğumuzun statusu böyüyüb elə həddə çatdı ki, görüşməyimiz qanuna çevrildi. Artıq, istədiyimiz yerə vədələşirdik. Görüş vaxtlarımızı intizarla, bəlkə də həyacanla gözləyirdik, – desəm, yəqin səhv etmətəm. Artıq, dostluq-tanışlıq münasibətlərimizin öz adiliyini itirdiyini, böyüyərək gözəl, həm də, bir-birini tamamlayan hisslər müstəvisinə köç elədiyini hər ikimiz gözəl başa düşürdük. İki yaşlı insanın reallığa münasibəti cavanlığın şıltaqlığından yüksəklərdə dayanmışdı. Hər ikimiz gəncliyin şirin naz-qəmzəli çağını çoxdan arxada qoymuşduq və sərbəst, real həyatımızı yaşayırdıq.