Читать книгу 40-cı gün - Xaliq Azadi Məmmədov - Страница 3
2-ci hissə
ОглавлениеViktorla Lena tanış olanda hər ikisinin 16 yaşları yenicə tamam olmuşdu. İsti avqust günlərindən birində, bol sulu Enisey çayının sahilində iki gənc bir-birlərinə ürəklərində olan sevgilərini etiraf etdilər. Və o gündən etibarən onlar ayrılmaz oldular. Məktəbi bitirdilər. Victor, göndərişlə sürücü kimi təhsil aldıqdan sonra orduya getdi. O vaxtlar əsgərlik müddəti hərbi birləşmələrin növündən asılı olaraq, 3 və 4 il təşkil edirdi.
Viktor hərbi xidmətini başa vurub qayıtdıqda sevimli Lenası institutun 5-ci kursunda oxuyurdu. Viktor bir neçə gün dincəlib, avtobus parkına işə düzəldi. Altı ay sonra evləndilər, iki xoşbəxt gənc talelərini birləşdirdilər.
Bir il tamam olmuşdu, Lena hamilə qaldı.
O illərdə SSRİ-də yaşayıb hansısa xəstəliyə düçar olmaq dərdli-bəlalı bir dövrə qədəm qoymaq demək idi. Məsələn, 80-ci illərə kimi SSRİ-də “mədə xorası” ömürlük, əlacsız bədbəxtçiliyin, “xərçəng”, yaxud, “insult” 100%-li asta ölümün sinonimləri sayıla bilərdilər.
Levomisetin, penisilin, analgin – sovet adamının tanıdığı, bildiyi və əldə edə biləcəyi "aptek məhsulları” bunlar idilər. Bir də "zelyonka" deyilən yaşıl rəngli məhlul var idi, bədənin hansı hissəsinə zərər toxansaydı, fərqinə varmadan, o hissəni həmin “zelyonka” ilə sürtərdilər.
Xəstələrə təkrar olaraq istifadə edilə bilən şprislərlə iynə vurulurdu. Paslanmayan polad qutularda həmin iynə-şprisləri qaynadardılar. Qaynatmağa şərait olmayan yerlərdə isə, üzərlərinə qaynar su tökərdilər, ya da, spirtlə silərdilər. O illərdə dərmanların çətin əldə edilməyi bir yana, hətta, palatalardakı yataqlarda dəyişməyə mələfə bəzən olmurdu. O dövr üçün qadın xəstəlikləri, onların müalicəsi haqqında isə heç danışmağa dəyməz. İndi ən adi bir şey görünən gigiyenik materillar sovet qadını üçün fantastik bir mövzu sayıla bilərdi.
Bir sözlə, “pulsuz müalicəmiz” Qərbdən çox-çox geri qalırdı.
Bax, belə bir vaxtda Lena xəstələndi. Daha doğrusu, nə zaman xəstələnmişdi, heç kim bilmirdi. Sadəcə olaraq, xəstəlik özünü indi biruzə verdi. Qəfildən, günəşli gündə yağan dolu kimi.
Lena düşdü xəstəxanaya. Onda hansısa qadın xəstəliyi tapdılar. Həkimlər müalicə etməyə çalışdılar. O zamankı müalicə üsulları indiki ingişaf dövrünün üsullarından çox-çox fərqli idi və ağır xəstəliklər zamanı müalicənin nəticələri nadir hallarda müsbət olurdu. Bir sözlə, həkimlər çox çalışdılar, əllərindən gələni etdilər. Və bu zaman doğum vaxtı özünü yetirdi.
Doğuş çox çətin oldu, uşaq isə dünyasını hələ doğulmamış, ana bətnində dəyişdi. Bu faciəni müalicə üçün bədənə edilmiş radiasiyaya məruz qalmanın nəticəsi kimi izah etdilər. Və bundan sonra Lenanın səhhətində problemlər başladı.
Bu ağır doğum prosesindən başlayan fəsadlar, gələcəkdə Lenanın ana ola biləcək imkanlarını əlindən almaqla bərabər, onun həyatını, yaşaya bilmək şansını şübhə altına aldı. Əməliyyat keçirmək lazım oldu. Nəhayət, müalicə müddəti bitdi, evə qayıtdı. Deyəsən, vəziyyəti yaxşılaşmağa başladı. Səhhəti indi qorxulu olmasa da, ömrü boyu ana ola bilməyəcəyini, sevimli ərinin də ona görə ata olmaq sevincindən məhrum olduğunu Lena unuda bilmirdi.
Çox düşünüb, həyat yoldaşı ilə danışmağa qərar verdi. Bir axşam Viktoru qucaqlayaraq boşanma təklif etdi.
– Sağlamlığım hansı yerdədir, bilirsən. Mənim bir daha ana olmaq imkanım olmayacaq. Sən cavansan, əzizim, sağlamsan. Yenidən evlənə bilərsən, bir dəstə uşaq atası olarsan!
Victor qətiyyətlə etiraz etdi:
– Necə deyə bilirsən bu sözləri, Lena, əzizim? Necə ola bilər ki, bir uşaq varlığını səndən üstün tutaram? Bu barədə bir daha eşitmək istəmirəm!
Lenanı qucaqladı, nəvazişlə öpdü. Birdən, nəsə xatırlamış kimi dilləndi:
– Əgər istəsən, uşaq evindən bir uşaq götürə bilərik!
Bu sözləri eşidən Lenanın sevincinin həddi-hüdudu yox idi. Özünü saxlaya bilmədi, başını Viktorun sinəsinə sıxılaraq ağladı, göz yaşları ərinin sinəsinə yayılaraq, köynəyini islatdı. Viktor onun saçlarını öpür, “ay mənim ağılsızım!”– pıçıldayırdı.
– Sevincimdən ağlayıram, əzizim, -dedi Lena.– Son aylarımın ilk sevinci! Mənim əzizim, mənim sevimlim!
Lena uşaq evindən qız uşağı tapıb götürməyi qərara aldı.
Lenanın uşaq evində tərbiyəçi işləyən bir qadın tanışı vardı. Ondan bir nəfər sakit qız uşağı tapmağını xahiş etdi.
Tərbiyəçi qadın bir neçə gün sonra Lenaya bir uşaq haqqında danışdı, adı Nastya idi. Dörd yaşında olarkən o valideynləri ilə bir yerdə dəhşətli bir avtomobil qəzasına düşüblər. Valideynləri yerindəcə dünyalarını dəyişiblər. Nastya isə, müxtəlif bədən xəsarətləri almış olsa da, sağ qalıb. Bir xeyli xəstəxanada müalicədən sonra Nastyanı uşaq evinə təyin ediblər.
Lena vədələşdikləri gün uşaq evinə gəldi, tərbiyəçi qadın bu yeddi yaşlı qızı ona göstərdi. Nastya başını aşağı dikərək, küncdə oturmuşdu. Lena onunla danışmağa çox çalışdı, nəsə soruşdu, nəsə dedi, xeyiri olmadı. Nastyanın danışmağa çox da həvəs göstərmədi. Baxışlarında qəm və kədər görünürdü. Sanki, illərin yorğunluğu bu uşağı almışdı ağuşuna. Lenaya cavab verəndə pıçıltı ilə danışırdı.
Bir müddət sonra Lena, Viktorla birlikdə yenidən ora qayıtdı.
Çox keçmədi, nəhayət, bütün prosedurlardan keçdilər, Nastya evə aparıldı.