Читать книгу Gülüstani İrəm - Аббас-Кули-ага Бакиханов - Страница 3

Müəllifdən

Оглавление

[1] Təbiətimiz hər şeydən artıq tarixə malikdir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım.

Ümidvaram ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar… Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət əsəri məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. Bununla bərabər «  – öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz» kəlamının məzmunca, bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim.


Kitabı müqəddimə, beş fəsil və nəticəyə böldüm.


Müəllifindir: Bu əsər bir tarix kitabı olaraq tanındı, hiyəttarix (1257–1841/2) sözü onun təlif tarixi oldu. Onun adını «Gülüstani-İrəm» qoydum. Məzmununa mütabiq[2] ad verdim.

Müqəddimə – Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında.

Birinci fəsil – İslam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr haqqında.

İkinci fəsil – ərəb ordusunun gəlməsindən başlayaraq moğolların istilasına qədər.

Üçüncü fəsil – moğol istilasından Səfəvilərin zühuruna qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü.

Dördüncü fəsil – Səfəvilərin zühurundan Nadir şahın vəfatına qədər.

Beşinci fəsil – Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya-İran dövlətləri arasında bağlanan sülh müahidəsi[3] zamanına qədər.

Nəticə – Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təlifat[4] sahibi və ya başqa fəzilət[5] və məziyyətə[6] malik olan şəxslərin tərcümeyi-halları haqqında.

1

Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.

2

Uyğun, müvafiq.

3

Pakt, saziş.

4

Əsər, kitab.

5

Üstünlük, layiqlik, mükəmməllik.

6

Layiqlilik, üstünlük.

Gülüstani İrəm

Подняться наверх