Читать книгу Gülüstani İrəm - Аббас-Кули-ага Бакиханов - Страница 4
Giriş
Оглавление«Gülüstani-İrəm» əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olub. Abbasqulu ağa Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir.
1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yüksəlir.
A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olub. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın daha qabaqcıl və qüdrətli ölkə olduğunu başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dini təsir etmiş, onun dünyanı dərk etmək üsulu idealistcəsinə olmuşdur. …Bakıxanov ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır…
A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstani-İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən[7] istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.
A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm» in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm» in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.
«Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi[8]» nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Əsərin müqəddimə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəyi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda özünün dini görüşləri əsasında, ümumiyyətlə, xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəyini təhrif edilmiş bir tərzdə izah etməyə çalışıb. «Gülüstani-İrəm» əsərində müəllif tərəfindən buraxılan əsaslı nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bölünmə məsələsidir. A. Bakıxanov, «Gülüstani-İrəm» in müqəddiməsində göründüyü kimi Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və hakimiyyət dövrlərinə görə tərtib etmişdir. A.Bakıxanov istifadə etdiyi ilk məxəzlərə tənqidi surətdə yanaşmamışdır. O, qədim və orta əsr müəlliflərinin yazdıqlarını öz əsərinə köçürmüş və tənqid süzgəcindən keçirməmişdir. Bu hal isə, şübhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz. Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərinin verdiyi əfsanəvi məlumata əsasən yerli Azərbaycan sülalələrinin bir çoxunun mənşəyini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. Buna görə də onun irəli sürdüyü mülahizələrə və elmi üsullara tənqidi surətdə yanaşmaq lazımdır. A.Bakıxanov «Gülüstani-İrəm» əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi. «Gülüstani-İrəm» də bu və ya digər tərzdə daha bir çox nöqsan vardır. Bütün bu qüsurlardan öz yaxasını qurtara bilməyən müəllif, əsərin müqəddiməsində belə yazır: «Ümidvarəm ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar». Bütün bu nöqsan və qüsur cəhətlərə baxmayaraq, A. Bakıxanov tərəfindən Azərbaycan tarixinə həsr edilən «Gülüstani-İrəm» əsərinin bir çox müsbət cəhətləri də vardır.
«Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13-cü ilinə qədər Azərbaycan tarixi haqqında verdiyi məlumat diqqəti daha çox cəlb edir. A.Bakıxanov burada Şimali Azərbaycana aid siyasi hadisələri ətraflı surətdə təsvir etmişdir. Əsərdə təsvir edilən hadisələr ilə əlaqədar olaraq Ermənistan, Gürcüstan, Türkiyə və sairə haqqında məlumat verilir. Hadisələrin təsvirini 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müahidəsi» nə qədər çatdırır. A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbələrin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin olub, əsərdə xüsusi yer tutur. Çünki müəllif özü bu dövrdə baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olub. O öz dövrünə aid daha bir çox sənədlər, fərmanlar, xanlar tərəfindən yazılmış məktublar və sair vəsiqələrdən də istifadə edə bilmişdir. A.Bakıxanovun şərq tarixçilərinə nisbətən üstünlüklərinə və mühakiməsinin genişlənməsinə rus mədəniyyətinin böyük təsiri olmuşdur. O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin əsərlərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir.
A.Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini sonradan rus dilinə tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunub. Tam bir halda isə, yalnız Sovet dövründə, «Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti» tərəfindən Bakıda 1926-cı ildə nəşr edilmişdir. Lakin əsərin bu çapında bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır. «Gülüstani-İrəm» in nəşr edilən bu tərcüməsi hicri 1260 (=1844) ildə yazılmış bir nüsxədən Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin bu günə qədər çap olunmamış farsca mətni isə, müxtəlif əlyazmaları şəklində bizə gəlib çatıb. Ayrı-ayrı katiblər tərəfindən müxtəlif tarixlərdə yazılmış bu əlyazmalar arasında bir çox fərq vardır. Buna görə də «Gülüstani-İrəm» redaktə edilərkən, yenidən yoxlanılmış və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə Salyanda, 1867-ci ildə Qubada, 1879–80-ci ildə Dağıstanda yazılmış əlyazmaları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüsxə ilə də müqayisə olunmuşdur.
İstifadə edilən bu əlyazmaların hamısı Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsində saxlanılır. Əsərdən, tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilib. «Gülüstani-İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir məxəz olacaqdır.
M. Şərifli
10 yanvar, 1951
7
Qaynaq.
8
Müqavilə, pakt, saziş.