Читать книгу İzabel üçün mandala - Antonio Tabukki - Страница 3

ÖN SÖZ

Оглавление

Antonio Tabukki 1943-cü il sentyabrın 24-də İtaliyanın Toskana regionundakı Piza şəhərində anadan olmuşdur. Kommersant Adamo Tabukki və tibb bacısı Tina Pardellanın yeganə övladı idi. Yerli ibtidai və orta məktəblərdə oxumuş, təhsilini Piza Universitetində davam etdirmişdir.

1964-cü ildə Sorbonna Universitetində fəlsəfə üzrə sərbəst mühazirələri dinlədikdən sonra İtaliyaya dönən A.Tabukki Parisin Lion vağzalı yaxınlığındakı bukinist köşklərindən birində məşhur Portuqaliya şairi Fernandu Pesoanın[1] (1888–1935) heteronimlərindən biri olan Alvaru de Kampuş adı ilə imzalanmış “Tabakaria” (“Tütün dükanı”) poeması ilə tanış olur. Bu balaca kitabçanın səhifələrində öz həyat idealını tapan gələcək yazıçı bütün elmi-bədii fəaliyyətini Portuqaliyaya, portuqal dilinə və ədəbiyyatına, Portuqaliya – İtaliya ədəbi əlaqələrinə həsr etməyi qərara alır. Elə həmin il o, Piza Universitetinin filologiya fakültəsinə daxil olaraq roman filologiyası kurslarında portuqal dili və ədəbiyyatı üzrə ixtisaslaşmağa başlayır.

1965-ci ildə ilk dəfə Portuqaliyaya səfər edən A.Tabukki orada 1970-ci ildə ailə quracağı gələcək həyat yoldaşı Mariya Joze de Lankastre və bir çox sənət adamları ilə tanış olur. 1969-cu ildə “Portuqaliyada sürrealizm” mövzusunda diplom işi müdafiə edərək universiteti bitirir. Bir müddət Piza Ali normal məktəbində təkmilləşmə kursu keçdikdən sonra Bolonya şəhərinə portuqal dili və ədəbiyyatı müəllimi işləmək üçün dəvət alır. 1970-ci ildən başlayaraq həyat yoldaşı ilə birlikdə Fernandu Pesoanın bir çox əsərlərini italyan dilinə tərcümə edir, onun haqqında yazılmış esselər toplusu çap etdirərək tamaşa səhnələşdirir.

A.Tabukkinin ilk romanı olan “İtaliya meydanı” 1975-ci ildə çap olunur. Daha sonra onun “Balaca gəmi” (1978), “Porto Pimli qadın”(1983), “Hind noktürnü” (1984),“Önəmli olmayan kiçik yanlış anlamlar” (1985), “Beato Ancelikonun qanadlıları”(1987), “Qara mələk” (1991), “Yuxuların yuxusu” (1992), “Fernandu Pesoanın son üç günü” (1994) və digər maraqlı əsərləri çapdan çıxır. O, İtaliyanın və İspaniyanın nüfuzlu çap orqanları olan “Korriere della Sera” və “El Pais” qəzetləri ilə əməkdaşlıq edərək səmərəli jurnalistika fəaliyyəti də göstərir.

1994-cü il A.Tabukki üçün xüsusilə əhəmiyyətli oldu. Həmin il ona beynəlxalq nüfuz gətirəcək “Pereyra iddia edir. Şahid ifadələri” adlı əsəri işıq üzü gördü. Əsər yazıçının başqa roman və povestləri kimi ekranlaşdırılaraq 40 dilə tərcümə olundu. Son illər yazıçının qələmindən çıxan “Damaşenu Monteyrunun itmiş başı” (1997), “Tristano ölür. Bir həyat” (2004), “Zaman çox tez qocalır” (2009) və nəhayət, vəfatından sonra işıq üzü görmüş son məşhur əsəri olan “İzabel üçün. Mandala” (2013) romanı A.Tabukkini müasir Avropa ədəbiyyatının ən görkəmli nasirlərindən biri kimi tanıdır. Ümumilikdə otuza yaxın gözəl sənət əsəri qoyub getmiş A.Tabukki müxtəlif illərdə Portuqaliyanın “İnfant Don Enrike” (1989), Fransanın “İncəsənət və Ədəbiyyat ordeni” (1989), Avstriyanın “Ədəbiyyat üzrə Dövlət mükafatı” (1998) və digər beynəlxalq ödüllərə layiq görülmüş, adı dəfələrlə Nobel mükafatına namizəd kimi irəli sürülmüşdür. Yazıçı 2012-ci ildə uzun sürən ağır xəstəlikdən sonra 68 yaşında vəfat etmiş, Lissabonun Fəxri xiyabanlarından birində dəfn olunmuşdur.

“İzabel üçün. Mandala” romanı itkin düşmüş bir qadınla onun sorağında dolaşan bir yazıçının mistik ayrılıq hekayətidir. Roman öz quruluşuna, bədii təsvir vasitələrinə, dialoq və təhkiyəsinə görə müəmmalı bir formada təqdim olunan orijinal sənət nümunəsidir. Əsərin əsas qəhrəmanı Tadeuş Slovatskidir. O, polyak əsilli olsa da, Portuqaliya yazıçısıdır. Romanda onun Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından gəldiyi yazılır. Tadeuş artıq dünyasını dəyişmişdir. O bir xülyadır. Fotoqraf “Polaroid”lə şəkil çəkdiyi zaman Tadeuş kadra düşmür. Çünki o, sadəcə, mövcud deyil. Əsərin digər qəhrəmanı portuqaliyalı İzabeldir. O, tanınmış aristokrat ailəsində böyümüş, valideynləri yol qəzası nəticəsində həlak olmuş, özü isə gənc yaşlarından kommunistlərə qoşulmuşdur. İndi Tadeuş bir vaxtlar sevdiyi bu qadını tapmaq üçün Mandalanın dairələri ilə mərkəzə doğru irəliləyərək onu tanıyan müxtəlif insanlarla görüşür, öz Evridikasının ardınca Ölülər səltənətinə enən Orfeos kimi İzabelin sorağında metafizik bir səyahətə yollanır. Səyahətin yeganə məqsədi İzabel barədə həqiqəti bilməkdir.

Tadeuş – Tabukki Mandalanın doqquz konsentrik dairəsini təqib edərək oxucunu mərkəzə doğru aparır, çevrənin daxilində hərəkət edir və sezdirmədən İzabelin yanından keçir, hətta bəzən ona yüngülcə toxunur da.

Tədricən məlum olur ki, İzabel gizli siyasi fəaliyyət göstərmiş, Salazar rejiminin faşist həbsxanasında özünü rəfiqəsi Maqda kimi qələmə vermiş, işgəncələrə məruz qalmış, hətta qətlə yetirilmişdir. Əsərin süjet xətti sirli bir nəhr kimi axaraq oxucunu real və fantasmaqorik təsvirlərlə üzləşdirir. Məsələn, o, Lissabondan keçərkən müxtəlif içkilər dadır, Sonni Rollinzi dinləyir, Tadeuşun təmasda olduğu personajlar vasitəsilə tarixin reallıqdan kənar səhifələrinə sirayət edir, müəmmalı bir yarasa obrazında təqdim olunan əsl Maqdanın “səsi” isə onda paradoksal şəkildə təəccüb doğurur. Müəyyən məqamlarda Tabukki zamanla bağlı bəzi aşkar tryuizmlərə – çeynənmiş həqiqətlərə yaxın olsa da, qurduğu zərif oyunlar nəticəsində hekayətinin tonu oxucunu narahat etmir. Yazıçının insanlara baxışı da onun zaman barəsində düşüncələri ilə üst-üstə düşür: —“Uzaq keçmiş, yaxın keçmiş, indiki zaman, gələcək zaman, çox üzr istəyirəm, ancaq mən zamanları tanımıram, zamanı tanımıram, mənim üçün hamısı eynidir”.

İzabeli axtardığı müddət ərzində Tadeuşun rastlaşdığı insanlar – müxtəlif şəraitlərdə o qadınla təmasda olmuş rəfiqəsi Monika, xanım Bi, saksafonçu Tecs, senyor Almeyda, fotoqraf Tiaqo, onu yaxından tanımış əsl Maqda və süjetlə bağlı digər iştirakçılar ona İzabel haqqında tam həqiqəti söyləyə bilmir. Çünki hamısı İzabel hekayətinin yalnız dumanlı aspektini işıqlandıran əyri güzgülərdir.

Nəhayət, Doqquzuncu dairədə Tadeuş onu İzabellə görüşdürəcək eksentrik bir personajla – Dəli Violinçi ilə rastlaşır: “Əynində qırışmış frak, başında ağ silindr var idi. Əlində violin tutmuşdu… “– Mən Dəli Violinçiyəm… sizin konsentrik dairələrinizi və ya, əgər kefiniz belə istəyirsə, stansiyalarınızı yönəldən mənəm…”… Sonra kamanını götürüb qumda balaca bir dairə çəkdi. “– Mərkəzə yetişmişik, deyə pıçıldadı, – İzabelin fotoşəklini mənə verin…”… Onu dairənin ortasına qoydu. Sonra qalxdı, violini alıb astadan Bethovenin “Vida” sonatasından melodiyanı çalmağa başladı.

Və elə həmin an İzabeli gördüm. O, pittosporum çiçəkləri ilə dolu kiçik yoxuşla qalxırdı… mavi ipəkdən don geyinmişdi. Başında ağ tüllü şapka var idi… “– Salam, – deyə İzabel dilləndi, – bax, görürsən, mən hələ varam”…

Ancaq bu görüşün də sonu ayrılıqdır, çünki həyatda “hər şeydən bir az, bəzən isə yalnız bir əks qalır”… Çünki xəyalların ayrılıq hekayətindəki görüş də ayrılıqla bitməlidir… Bəs İzabel? O da mı xülya idi? O da mı ölmüşdü? Bəli, ölmüşdü, ancaq həm də var idi. İzabel yaşayırdı, çünki “ölüm yoldakı bir döngədir, ölmək isə, sadəcə, görünməmək deməkdir”.

* * *

Bu gün Tabukki həmin o döngənin arxasındadır. Biz onu kitablarının səhifələrində, son romanındakı həqiqətə aparan dairələrin mərkəzində axtarırıq. Eyni zamanda biz də Tadeuş kimi anlayırıq ki, hər bir insanın mərkəzi bizim hər birimizin mərkəzindən başqa bir şey deyil – onlar bizim heç nəyimiz, həm də hər şeyimizdir. Ona görə də bizlərdən heç birimizin Gerçək Həqiqəti mövcud deyil. Deməli, onu axtarmaq da əbəsdir…. Çətin ki, onu varlığımızın çevrəsində tapa bildik. Romanın əsas qayəsi də həqiqətin hər bir insanın taleyi qədər subyektiv olması labüdlüyü, bir insanın başqa birisini axtarmaqla özü barədə həqiqətə qovuşmaq arzusudur.

Buyurun, hörmətli oxucular, indi də sizi itmiş bir qadının, əlçatmaz bir həqiqətin çevrəsində dairələr cızan qeyri-adi, kosmik bir romanla üz-üzə qoyuram…

Cəmşid CƏMŞİDOV

1

Adın və soyadın yazılışı “Fernando Pessoadan” fərqli olaraq, portuqal dilinin ən son transliterasiya qaydalarına uyğun şəkildə çevrilmişdir.

İzabel üçün mandala

Подняться наверх