Читать книгу Yosxul insanlar - Федор Достоевский, Fyodor Dostoevsky, Tolstoi León - Страница 3
2-ci məktub – 8 aprel
ОглавлениеÇox hörmətli Makar Alekseyeviç!
Deyəsən sizinlə dava etməli olacağıq. Əziz Makar Alekseyeviç, sizin hədiyyələrinizi qəbul etməyə utanıram. Onları hansı məhrumiyyətlərə dözərək aldığınız mənə məlumdur. Neçə dəfə demişəm ki, mənə heç nə lazım deyil, heç nə istəmirəm; etdiklərinizin əvəzini qaytarmaq iqtidarında deyiləm. Bu dibçəklər nəyə lazımdır? Ehtiyatsızlıq edib bircə söz desəm, o saat gedib başqa gül alacaqsınız. Bahadır axı. Nəyimə lazımdır bu güllər? Dibçəyin birini pəncərəyə qoymuşam, görünən yerə. Yenə də alacağam, amma öz pulum olanda! Otağımız indi cənnət kimidir – təmiz, işıqlı! Bəs konfetlər nə üçündür? Bir də, məktubunuzu oxuyanda mənə elə gəldi ki, sizdə heç də hər şey yolunda deyil – cənnət, bahar, cikkildəyən quşlar. Düşünürəm ki, bu nədir? Yoxsa bu da şeirdir? Elə sizin məktublarınızda təkcə şeir əksikdir, Makar Alekseyeviç! İncə hisslər, çəhrayı arzular – burda hər şey var! Pərdə haqqındasa heç düşünməmişdim də, ola bilsin dibçəyi qoyanda ilişib.
Ah, Makar Alekseyeviç! Gəlirinizə arxalanıb məni aldatmağa çalışmayın, elə bilməyin ki, maaşınızın sizə çatdığına inanıram, məndən heç nə gizlətməyin. Mənə görə bəzi vacibatlarınızdan məhrum olduğunuz bəllidir. Belə bir otaq kirayələmək hardan ağlınıza gəlib? Orda sizi narahat edirlər, həm də səs-küylüdür, rahat deyil. Siz təkliyi xoşlayırsınız, burasa çox qarışıqlıqdır. Siz axı bu maaşla daha yaxşı mənzil tuta bilərdiniz. Fedora deyir ki, siz əvvəllər də belə yaşamısınız. Bütün həyatınızı bu cür, tək-tənha, məhrumiyyətlərlə baş-başa, sevincsiz, dostsuz, başqalarının evində necə yaşaya bilmisiniz? Ah, əziz dostum, sizə elə yazığım gəlir ki! Heç olmasa sağlamlığınıza fikir verin, Makar Alekseyeviç! Gözlərinizin zəiflədiyini deyirsiniz, elədirsə şam işığında məktub yazmayın, nə vacibdir? İşinizə də necə münasibət bəslədiyiniz, necə vicdanlı olduğunuz hamımıza bəllidir onsuz da. Yalvarıram sizə, mənim üçün bu qədər pul xərcləməyin! Məni sevdiyinizi bilirəm, amma varlı deyilsiniz axı… Bu gün səhərdən mən də şənəm. Fyodora çoxdan işləyirdi, indi mənim üçün də iş tapıb. Elə sevindim ki; gedib parça aldım və o saat işə başladım. Bütün səhəri sevinclə keçirtmişəm! İndisə yenə də qara fikirlər, kədər; ürəyim sızıldadı.
Ah, mənim başıma nə gələcək, taleyim necə olacaq! İndi qeyri-müəyyənlik içindəyəm, gələcəkdə nələr ola biləcəyi haqda təsəvvürüm də yoxdur. Keçmişi xatırlamağa da qorxuram. Orda hər şey kədərlidir, yadıma düşəndə ürəyim parçalanır. Məni məhv edən pis adamları heç vaxt bağışlamayacağam… Yaxşı, işləmək lazımdır. Sizə çox yazmaq istəyərdim, amma vaxtım azdır. Tələsmək lazımdır. Əlbəttə, məktub yaxşı şeydir, adam darıxmır. Bəs siz özünüz nə üçün bizə gəlmirsiniz? Səbəbi nədir, Makar Alekseyeviç? Axı indi yaxında yaşayırsınız, boş vaxtınız da var. Gəlin, xahiş edirəm. Sizin Terezanızı gördüm. O elə bil xəstədir, yazığım gəldi, ona iyirmi qəpik verdim. Hə, az qala unutmuşdum, hər şeyi mənə yazın, bacardığınız qədər ətraflı yazın görüm necə yaşayırsınız, nə edirsiniz? Bunları bilmək istəyirəm. Mütləq yazın! Bu gün pərdəni tez salacağam. Tez yatın; dünən gecəyarısına qədər otağınızda işıq yanıb.
Sağ olun. Bu gün çox kədərli gün oldu, darıxdım! Belə olmalı imiş. Sağ olun!
Sizin Varvara Dobroselova.