Читать книгу Yosxul insanlar - Федор Достоевский, Fyodor Dostoevsky, Tolstoi León - Страница 5
4-cü məktub – 9 aprel
ОглавлениеXeyirxah cənab Makar Alekseyeviç!
Əziz dostum və xeyirxahım Makar Alekseyeviç, özünüzü naza qoymağa heç utanmırsınız? Doğrudan xətrinizə dəydim? Ah, mən tez-tez ehtiyatsızlıq edirəm, amma sözlərimi ciddi qəbul edəcəyinizi gözləmirdim. Əmin olun, mən heç vaxt sizə, sizin xasiyyətinizə lağ etməyə cəsarət etmərəm. Hamısı yelbeyinliyimin və darıxmağımın ucbatından oldu, adam darıxanda nələr etməz ki! Mənə elə gəldi ki, siz öz məktubunuzda zarafat etmək istəyinizi dilə gətirmisiniz. İndi məndən incidiyinizi anlayanda çox kədərləndim. Yox, əziz dostum, əgər məni nankorluqda və hissiyyatsızlıqda günahlandırsanız, səhv etmiş olacaqsınız. Mənim üçün etdiyiniz hər şeyi, pis adamlardan necə müdafiə etdiyinizi, nifrətdən, kindən qoruduğunuzu xatırlayıram və qiymətləndirirəm. Ömrüm boyu sizə duaçı olacağam və əgər dualarım qəbul olunsa, siz xoşbəxt olacaqsınız.
Bu gün bir az xəstəyəm. Qızdırmam var, titrədirəm. Fedora çox narahatdır. Nahaq yerə bizə gəlməyə utanırsınız, Makar Alekseyeviç. Başqalarının nəyinə lazım? Biz tanışıq, bu qədər!.. Sağ olun, Makar Alekseyeviç. Daha çox yaza bilməyəcəyəm, kefim yoxdur; həm də başqa nə yazasan? Bir də xahiş edirəm, mənə hirslənməyin və sizə bəslədiyim hisslərin ülviliyindən əmin olun.
Sizin Varvara Dobroselova.