Читать книгу UTANCAQ QIZ - Федор Достоевский, Fyodor Dostoevsky, Tolstoi León - Страница 5

BİRİNCİ FƏSİL
II

Оглавление

ELÇİLİK

Bu qız barədə öyrəndiyim “sirri” bircə kəlmə ilə deyəcəyəm: ata-anası çoxdan, üç il əvvəl ölmüşdü, o, səliqə-sahmansız; xalalarının yanında qalırdı. Doğrusu, onlara səliqə-sahmansız demək az idi. Xalasının biri dul idi, çoxuşaqlı idi, altı uşağı vardı, hamısı da bir-birindən balaca, ikinci xalası qarımış qızdı, kaftarlaşmışdı, xasiyyəti də ağır idi. İkisi də pis adamdı. Atası məmur olmuşdu, mirzəlik eləyirmiş, yalnız adi zadəgandı, bir sözlə: hamısı mənə əl verirdi. Mən, belə çıxırdı ki, ali zümrədənəm: hər halda şöhrətli polkdan istefaya çıxmış ştaps-kapitan idim, əsilli-köklü zadəgandım, heç kimdən asılı deyildim və sair, sələmçiliyə gəldikdə isə, onun xalalarının gözündə bu yalnız yaxşı iş olmalı idi. Qız üç il xalalarının yanında kölə vəziyyətində olmuşdu, ancaq yenə də harasa imtahan vermişdi, fürsət tapıb vermişdi, gündəlik ağır işdən göz açıb imtahan verə bilmişdi, bu isə onun az da olsa, ümdə və nəcib bir işə doğru can atdığına dəlalət edirdi! Mən nədən ötəri evlənirdim? Mənim barəmdə danışmağa dəyməz, bu barədə sonra… Məgər iş bundadırmı? Xalasının uşaqlarına dərs deyirdi, paltar tikirdi, axırı iş o yerə çatmışdı ki, paltar tikmək nədir, elə zəif bir qız döşəmə də yuyurdu. Xalaları onu döyürdülər, verdikləri bir tikə çörəyi başına vururdular. Nəhayət, onu satmaq fikrinə düşmüşdülər. Tfu! Belə çirkin söhbətlərin üstündən keçirəm, müfəssəl danışmıram. Bunları sonra o özü mənə ətraflı danışmışdı. Qonşuluqdakı kök dükançı düz bir il olardı ki, bütün bunlara göz qoyurdu, ancaq bu adi dükançı deyildi, onun iki baqqal dükanı vardı. O iki arvad basdırmışdı, indi üçüncüsünü axtarırdı, bu qızı gözaltı eləmişdi, fikirləşirdi ki, “sakitdir, yoxsulluq içində böyüyüb, mən də elə yetimlərimin xatirinə evlənirəm”. Doğrudan da onun yetimləri vardı. Elçi göndərir, qızın xalaları ilə danışmağa başlayır; onu da deyim ki, kişinin əlli yaşı vardı; qız dəhşətə gəlir. Buna görə o tez-tez mənim yanıma qaçır, “Qolos”da elan verməyə çalışırdı. Axırı xalalarına yalvarmağa başlayır ki, mənə bir az möhlət verin, fikirləşim. Ona bir az möhlət verirlər, ancaq çox az, tez-tez başının üstünü alıb təngə gətirirlər: “Özümüz yeməyə şey tapmırıq, sən də bir yandan boğazımıza şərik çıxmısan”. Mən bunların hamısını bilirdim, ona görə həmin gün, səhərki söhbətdən sonra qəti qərara gəldim. Axşam baqqal gəldi, bir girvənkə də yarım manatlıq konfet gətirmişdi; qız kişinin yanında oturmuşdu, mən mətbəxdən Lukeriyanı çağırtdırıb tapşırdım: qızın yanına gəlib qulağına pıçıldasın ki, darvazanın ağzındayam, ona deyiləsi çox vacib sözüm var. Mən özümdən çox razı idim. Ümumiyyətlə, həmin gün kefim çox kök idi.

Elə burada, darvazanın ağzında, onu bura çağırdığıma görə mat qalmış qıza dedim ki, əgər mənə gəlsə, özümü xoşbəxt hesab edərəm, bunu özümə şərəf sayaram… İkincisi, mənim bu hərəkətimə, sözümü darvazanın ağzında deməyimə təəccüblənməsin deyə, əlavə etdim: “Mən sözü açıq deyən adamam, vəziyyəti hər tərəfli öyrənmişəm”. Həm də mən yalan demirdim. Doğrudan da sözü açıq deyən adamam. Cəhənnəm olsun bunlar. Mən nəinki ədəb-ərkanla danışırdım, yəni özümü tərbiyə görmüş adam kimi aparırdım, həm də orijinallıq eləyirdim, bu isə böyük işdir. Yəni bunu etiraf eləmək günah işdir? Öz-özümü mühakimə eləmək istəyirəm və eləyirəm də. Mən pqo və sontra[1] deməliyəm və deyirəm də. Mən, axmaqlıq olsa da elə sonralar da bunu məmnuniyyətlə xatırlayırdım: mən onda qıza açıqca, utanıb çəkinmədən dedim ki, çox da istedadlı, ağıllı, bəlkə də çox xeyirxah adam deyiləm, çox xudpəsənd adamam (bu ifadə yaxşı yadımdadır, onu mən yol gedəndə fikirləşib tapmışdım və özüm özümdən çox razı qalmışdım), həm də çox, ola bilər ki, olduqca çox başqa pis xüsusiyyətlərim də var. Bunların hamısını mən xüsusi qürurla dedim. Əlbəttə, mən ədəb-ərkan gözləyib, qüsurlarımı söyləyəndən sonra ləyaqətlərimi sadalamadım: “Guya onun müqabilində filan-filan məziyyətlərim var”. Mən hiss eləyirdim ki, o hələlik yaman qorxur, ancaq yumşalmadım, hələ bu da azmış kimi, onun qorxduğunu görüb, sözü qəsdən daha da şişirtdim; açıq dedim ki, doyunca yeyəcək, bəzək-düzək, teatr, şənlik məsələsinə gəldikdə isə – bunların heç biri olmayacaq. Sonralar, məqsədimə çatandan sonra isə, baxarıq işlər necə olar. bu sərt danışıq mənim yaman xoşuma gəlirdi. Üstəlik mən mümkün qədər ötəri tərzdə əlavə etdim ki, əgər bu işə qurşanmışamsa, yəni sələmçilik eləyirəmsə, yalnız bircə məqsədim var, guya bunun bir səbəbi var… Axı, mənim bu cür danışmağa haqqım vardı: mənim doğrudan da məqsədim vardı, buna bir səbəb vardı. Dayanın, cənablar, ömrüm boyu mənim hər şeydən çox sələmçilikdən zəhləm gedib, amma əslində, öz-özümə müəmmalı danışmaq gülməli çıxsa da, axı, mən doğrudan da, doğrudan da, doğrudan da “cəmiyyətdən intiqam alırdım”! Buna görə də onun həmin səhər “intiqam” barədə məni sancması, ədalətsizlikdi. Daha doğrusu, bilirsinizmi, mən ona açıq desəydim ki: “Bəli, mən cəmiyyətdən intiqam alıram”, o, dünən səhərki kimi, qəhqəhə çəkib gülərdi, özü də bu doğrudan da gülməli çıxardı. Amma dolayısı ilə, eyhamla, müəmmalı danışanda, məlum oldu ki, təxəyyülü aldatmaq olar. Üstəlik də mən o zaman heç nədən qorxmurdum: axı bilirdim ki, yoğun baqqal hər halda onun gözündə məndən pisdir və mən darvazanın ağzında onun xilaskarı kimi dayanmışam. Axı mən bunu başa düşürdüm. İnsan əclaflığı xüsusilə yaxşı başa düşür! Ancaq bu əclaflıqdırmı? Burada adamı mühakimə eləmək olar? Məgər mən hələ o vaxt bu qızı sevmirdimmi?

Dayanın: aydın məsələdir ki, mən o zaman qıza, xeyirxahlıq niyyətim barədə bircə kəlmə də deməmişdim, əksinə, tamam əksinə: “guya o mənə xeyirxahlıq eləyirdi, mən ona yox”. Mən bunu hətta dilimə də gətirdim, özümü saxlaya bilmədim, buna görə bəlkə də yersiz düşdü, çünki ötəri dodağının qaçdığını hiss elədim. Ümumiyyətlə isə, üstəlik tamam mənim tərəfimdə idi. Dayanın, bir halda ki, bütün bu çirkin söhbətləri xatırlayıram, onda sonuncu heyvanlığımı, sarsaqlığımı da danışım: mən dayanıb öz-özümə fikirləşirdim: sənin boyun ucadır, qədd-qamətlisən, yaxşı tərbiyə görmüsən, nəhayət, lovğalıq olmasın, sən, qəşəngsən. Mənim başımdan belə-belə fikirlər keçirdi. Söz yox ki, qız elə buradaca, darvazanın ağzında mənə “hə” dedi. Ancaq… ancaq mən bir şeyi də əlavə eləməliyəm: o, buradaca, darvazanın ağzında “hə” deyənə kimi xeyli fikirləşdi. Elə fikrə getmişdi, elə fikirləşirdi ki, mən az qala özümü saxlaya bilməyib soruşacaqdım: “Hə, nə oldu?” Hətta özümü saxlaya bilmədim, ədabaz-ədabaz soruşdu: “Hə, nə oldu?” – Ağzımdan belə bir səfeh söz çıxdı.

– Dayanın, qoyun fikirləşim.

1

Lehinə və əleyhinə (latınca).

UTANCAQ QIZ

Подняться наверх