Читать книгу Qəhrəmanım sənsən - Natiq Məmmədli - Страница 5
Yiyəsiz baş
ОглавлениеŞəhərin kanalizasiyasının dənizə töküldüyü yerin yaxınlığında kəsilmiş insan başının tapılması xəbəri məni uzun məşəqqətdən sonra səhrada suya rast gəlmiş səyyah kimi sevindirdi. Yerimdən sıçrayıb “ura” qışqırmağa hazırlaşırdım ki, şef məni qabaqladı; adətən günün bu vədələrində mürgü vurmaqdan altı tuluqlanmış gözlərinin parıltısından anladım ki, o da məsələdən halidi və ən azından mənim kimi sevinməkdədi.
– Eşitdin də…
– Hə, hə, – tələm-tələsik əl çantamı yığa-yığa danışırdım, əslində danışmırdım, heç o da danışmırdı, eləcə qırıq-qırıq səslər çıxarırdıq. İllərdi birgə işlədiyimizdən maraqlı peşə vərdişlərimiz formalaşmışdı, onların içərisində şəxsən mənim ən çox xoşuma gələni “him-cim”lə bir-birimizi başa düşmək idi.
– Bilirsən də…
– Hə, hə…
– Yaxşı, yaxşı qazmaq lazımdı…
– Okey, okey.
– Çatdıracaqsan?
– Yes, yes!
– Di, davay!
– Davay, davay! – tapşırıq aydın idi, vaxt itirmədən hadisə yerinə birinci çatmalıydım. İnanılmazdı… insan başı kəsiblər… əsil insan başı… Yes! Bu “yes”i mən demədim, şefin səsiydi, sağ əlinin yumruğunu düyünləyib oyunun ikinci hissəsinin axırıncı dəqiqələrində hesabı açan futbolçular kimi çılğın bir ehtirasla qışqırırdı.
Hadisə yerində heç kimin gözə dəymədiyini görüb əsməyə başladım “vay, dədəm, vay, bəlkə gecikmişəm”. Handan-hana çoxdan tanıdığım sahə müvəkkilinin yorğun-yorğun mənə sarı gəldiyini görcək, gözlərimə işıq gəldi.
– Hanı baş? – sualın yox, səsimin vahiməsindən özüm də səksəndim.
– Salam-məlöyküm, – sahə müvəkkili elə arxayın salam verdi ki, sanki burda adam yox, heç toyuq başı da kəsməyiblər.
– Baş!
– Apardılar…
– Hara?
– Xaşxanaya… Hara aparacaqlar, morqa!
– Bizimkilərdən kimsə var idi?
– Yox, birinci özünü yetirən sənsən.
– Nə yaxşı! – artıq vaxt itirmədən morqa şığımaq lazım idi, lakin…
– Dayan görüm e, “yaxşı” nədi? Burda insan başı kəsilib sən “yaxşı” deyirsən? Sizin peşənizdən heç xoşum gəlmir də, evdə də uşaqlarınız deyir ki, dədəmiz gedib çörək qazanmağa…
– Yaxşı də, məni yubatma…
– Amma əntiqə baş idi, – sahə müvəkkilinin öz-özüylə danışırmış kimi dediyi sözləri eşitcək, ayağım yerə mıxlandı.
– A, sən özün görmüsən onu?
– Gördün nədi? Öz əllərimlə götürüb qoydum torbanın içinə…
– Necə idi?
– Manyaksan ki, sən!
– Sən Allah təsvir elə… yalvarıram… əntiqə olan nəydi?
– İşə düşmədik… Bizim tərəflərin adamının başı deyildi, hər halda mənim versiyam belədi. Bir az, necə deyim sənə, Marksın başına oxşayırdı. Bilirsən də Marks kimdi? Hə, canım sənə desin, çox ağıllı gözləri var idi, düzdü ölüydü, amma hər ölünün elə gözləri olmur axı? Alnında dörd dənə dərin qırış gedirdi, yəqin oxuyan adam olub də… Neynirsən, adə? – o, danışdıqca mən artıq dəftərçəmi çıxarıb qeydlərə başlamışdım. Müvəkkil elə canlı təsvir edirdi ki, artıq kəsilmiş başın bütün konturları gözümün qabağında dayanmışdı.
– Qeyd aparıram də…
– Qeyd nədi, a kişi?!
– Sənin adından verəcəm…
– Nə danışır ə, bu! Mənim beş baş külfətim var, qardaşım, məni dilə-dişə salma! Bilirsən nə var, uzaqlaş burdan, cinayət törədilən əraziyə girmək olmaz! Çəkil!
– Burda nə var ki, mənim informasiya almaq hüququm var?
– Balam, mənim də susmaq hüququm var, get rəsmi açıqlamanı gözlə, – əslinə qalanda ilkin mərhələ üçün kifayət qədər məlumat toplamışdım, şəkil yerinə ən pis halda Marksın başına fotoşopda əl gəzdirib vermək olardı. Təcili morqa götürüldüm. Arxamca isə sahə müvəkkilinin dənizin nəfəsboğan nəmişliyinə qarışmış səsi kürəyimi qarsmaqdaydı “ə, kişi ol, mənim adımdan heç nə yazma… məni dilə-dişə salma… kişi ol…”
Mənsə jurnalist idim. Yayın iki aylıq mənasız “quraqlığından” sonra nəhayət, avqustun əvvəlində insan başının tapılması xəbəri bütün maşnetlərdə asılıb qalan müstəsna hadisəyə çevriləcəkdi. Əgər qabağa düşüb, şefimin sözü olmasın xəbəri yaxşıca “qazıb” bütün reytinqləri dağıda bilsək, heç şübhəsiz, reklamçılar da öz məhsullarını tanıtmaq üçün məhz bizi seçəcəkdilər. Qadın alt paltarından tutmuş, kişi corabları, uşaq bezindən tutmuş saqqız çeşidlərinə qədər cürbəcür reklamlar insan başının kəsilməsi xəbərini daha yaxşı “qazıyacaq” qəzetə axacaqdı. Qəzet demişkən, qovurduğu tumlarını qəzet kağızına büküb satan qoca kişi rəhmətə gedəndən və isti noxudu müştərilərinə qəzetdən düzəldilmiş üçkünc lülələrdə verən axırıncı “pivnoy” bağlanandan sonra bizim şefimiz də kağız qəzeti elektron formata dəyişməklə zamanın müasir çağırışlarınacavab verdi. İndi biz saytda işləyirik; bu, daha rahatdı, xəbərləri avtobusda, metroda, yol kənarında, bir sözlə harda gəldi yazıb, elə həmən anda da sayta yerləşdiririk, əlavə məsrəfə ehtiyac qalmır. Bayaq sahə müvəkkilindən aldığım məlumatları morqa gedən avtobusun basa-basında qaralayıb şefə göndərdim və dörd dəqiqə sonra telefonuma belə bir məzmunda ismarış gəldi “adam kişi olar!”, – bu sahə müvəkkili idi, deməli, şef müstəsna çevikliklə materialı sayta yerləşdirmiş və mən də artıq ilk oxucu reaksiyasını almışdım.
Morqun qarşısında meyit aparanlarla meyit gətirənlər bir-birinə qarışdığından iynə atsan yerə düşməzdi. Heç bir tanış sifətə rast gəlmədim, adamların danışıqlarından belə anladım ki, bura yığılanlardan heç kim mənim həmkarım deyil, bu dəfə də birinci olacaqdım. Qapının ağzını kəsib, camaata gərgin nəzərlərlə baxan nəzarətçiyə yaxınlaşdım.
– Başdan nə xəbər?
– Nə baş?!
– Adam başı?
– Dəlisən?
– Yox, jurnalistəm.
– Hə, belə de… o baş…
– Bəli, bəli, baş…
– Özün hər şeyi yazmısan də, bir dənə kişi başıdı.
– Sən görmüsən?
– Görmüsən nədi, öz əllərimlə qoydum soyuducuya.
– Necəydi?
– Salam deyirdi.
– Nə?
– Əşi, əl çək məndən, səhərin gözü açılmamış nə düşmüsən üstümə?
– İnformasiya verin.
– Pah! İmkan ver qoy əvvəlcə yiyəsi tapılsın də… Yaxşı tay gəlmisən… Çox səliqəylə kəsilib. O qədər səliqəylə ki, mənə elə gəlir kəsiləndə heç yiyəsinin xəbəri də olmayıb. Tutqun, mavi rəngdə çuxura düşmüş gözləri var, harasa uzaqlara baxır. Alnında dörd dənə qırış gedir, amma saqqalı çox qalındı, Marksdan çox Engelsə oxşayır.
– Bəs ilkin ehtimal nədi?
– Nə ehtimal?
– Niyə kəsiblər? Bədəni hardadı?
– Mənə elə gəlir ki, baş həddən artıq ağıllı olduğuna görə kəsilib. Bəli, bu, mənim versiyamdı. Bədənə gələndəysə, kimə lazımdı başını itirən bədən?
– Adın nədi?
– Nəyinə lazımdı?
– Bəs xəbəri kimin adından verim?
– Buy! Sən bayaqdan burda xəbər yazırsan? İşə düşmədik! Bax ha, mənim adımdan nəsə yazsan, boynuma almayacam. Mən səni heç görməmişəm. Nə səviyyəsiz jurnalistlər var e.
Morqun həyətində bir-birinə qarışmış tünlüyün içində itənə qədər qulağıma gözətçinin səsi gəlirdi “mən heç nə deməmişəm ha!”. Lakin artıq gec idi, bayaqdan bəri döş cibimdə işləyən diktofondakı səs yazısını heç qulaq asmadan şefin emailinə göndərmişdim. Təxminən yeddi dəqiqədən sonra gözətçinin bağırtısı ətrafa yayılacaqdı “nə səviyyəsiz jurnalistlər var e!”.
Redaksiyaya çatanda kinder yumurtaları və diş məcunu firmalarının təcili “prays-list”imizi istədiklərini və qısa vaxtda reklam yerləşdirmək üçün onlara yer ayırmamızı xahiş etdiklərini eşitdim. Ofis qazan kimi qaynayırdı, hətta məzuniyyətdə olan əməkdaşlarımız da istirahətlərini yarıda qoyub işə çıxmışdılar. Məni əsl qəhrəman kimi qarşıladılar. Şefin “yes-yes” bağıraraq məni qucaqlamasından belə başa düşdüm ki, kəsilmiş baş xəbərinin oxunma sayı artıq milyona yaxınlaşır, amma sən demə yanılırammış oxucuların sayı çoxdan milyonu keçibmiş.
– Bilirsiniz də… – şef üzünü əməkdaşlara tutub ucadan səsləndi.
– Hə, hə… – kompüterin klavyaturasını ildırım sürətiylə şaqqıldadan əməkdaşlarımız başlarını azacıq yuxarı qaldıraraq dilləndilər.
– Yaxşı-yaxşı qazmaq lazımdı…
– Okey, okey.
– Hərtərəfli…
– Yes, yes!
– Di, davay!
– Davay, davay! – atüstü planlaşdırmadan hərə özünə uyğun olan siqnalları almışdı və hamı vaxt itirmədən işə girişmişdi. Hərə öz bildiyi istiqamətdən xəbəri bacardıqca dərin, lap dərindən qazmalı idi. Beynəlxalq şöbənin uşaqları Yaxın Şərqdə baş kəsməklə ad çıxarmış terrorçuların mətbuat katibiylə əlaqəyə girdilər. Onlar ümid edirdilər ki, dünyada insan başının kəsilməsi bu terror dəstəsinin monopoliyasında olduğundan, ola bilsin təşkilat cinayəti də öz üzərinə götürsün. Lakin versiya özünü doğrultmadı. Başın parametrləriylə yaxından tanış olduqdan və hansısa texniki göstəriciləri dəqiqləşdirəndən sonra başkəsənlərin mətbuat katibi münasibətini yığcam və qəti formada belə ifadə elədi: “Baş çox səliqəylə kəsilib, bizdə hələ belə texnika yoxdu”. “Təkzib özü də xəbərdir” deyib, materialı səhifəyə yerləşdirdik, beləliklə, yiyəsiz başa artıq beynəlxalq məzmun vermiş olduq.
Humanitar sahədən yazan əməkdaşlarımızsa daha kreativ tərpənərək, başın sahibini axtarmaq qərarına gəldilər. Bunu da təbii ki, özlərinin kreativ metodlarını işə salmaqla etdilər. Onların hazırladığı “kiməsə ağıllı baş lazım deyil ki?” məzmunlu sorğuya elm təşkilatlarından “yox” cavabı gəldi, hansısa klinikadan isə qaraciyər axtardıqlarını bildirdilər. Şef əvvəlcə belə əcaib sorğuya təəccüblənsə də, uşaqların xətrinə dəymədi, kreativlikxatirinə bu materialı da sayta yerləşdirdik.
Həmişə olduğu kimi, rəsmi açıqlamanın yubanması qol-qanadımızı açmışdı, xəbərin daha yaxşı qazılması işinə hərə öz bacardığı töhfəni verməkdə davam edirdi. Məzuniyyətini yarımçıq qoyub işə çıxan reportyorlarımız şəhərin bütün əsas küçələrində sorğular götürürdülər. Sadə insanlar vahimə içərisində başkəsənlərin tezliklə tapılıb cəzalandırılmasını tələb edir, başsız bədənə isə Allahdan rəhmət diləyirdi. İşləri korlayan rəqib saytlar idi, eksklüzivlərin hamısı bizdə olduğundan xəbərlərimizi istinadsız paylaşır, öz adlarına çıxır, bir sözlə, ağıllarına gələn bütün imitasiyaları edirdilər. Hətta xəbər yarışında bizlə dabanqırma gedən bir sayt adını çəkilməsini istəməyən mötəbər mənbəsinə istinadən başın həqiqətən də saqqalı kişi başı olduğunu, alnında dördə dənə qırışın getdiyini təsdiqləməklə yanaşı, onun keçəl olduğunu iddia edirdi, az sonra isə lap ağını çıxardaraq onun Leninin başına oxşadığını yazdı. Biz öz səviyyəmizi qorumaq üçün onlarla mübahisəyə girişmədik, əvəzində şefimiz təcili köşə yazısı ilə çıxış elədi. Pah! Etiraf edim ki, mən onun qələminə heyranam, xırda bir detala elə publisistik effektlər verir… Bir sözlə, kişi qələmlə möcüzə yaradır. Bu dəfə də elə oldu, şef üzünü həmkarlarımıza tutub onları insan faciəsindən şou düzəltməkdə, reytinq yığmaqda qınadı, hamını etik davranış qaydalarına əməl etməyə, balanslı, doğru, dürüst, vicdanlı məlumat yaymağa çağırdı.
Şefin köşə yazısından sonra humanitar sahədə çalışan əməkdaşlarımız hardansa tapıb gətirdikləri para-psixoloqu sosial şəbəkədəki səhifəmizdən canlı yayıma çıxardılar. Psixoloq bir cəza növü kimi başkəsmənin tarixindən, Şərqdəki cəllad kötüyü ilə Qərbdəki gilyotinin oxşar və fərqli cəhətlərindən danışdı. Sən demə, başkəsmə tonqalda yandırılmaqla müqayisədə daha humanist cəza növü imiş. Sonra diqqəti başın səliqəylə kəsilməsinə yönəldərək iddia elədi ki, belə ustalıq cəlladın kübarlığından xəbər verir. Təxminən bir saat ərzində para-psixoloq bu cəza növünün “mülayim” təbiətindən elə yaxşı sözlər danışdı ki, adam məmnuniyyətlə başını kötüyün altına qoymaq istəyirdi.
Günün sonuna yaxın texniki direktorumuz ilan vurmuş kimi yerindən dik atılıb qışqırmağa başladı, o, bir neçə dəfə yumruqlarını düyünləyib boğazının damarı çıxana qədər “yes-yes” deyə bağırdı. Artıq sayta giriş on milyona çatmışdı! Bir-birini təbrik edən əməkdaşlarımızın tünlüyündə gözüm şefin üzünə sataşdı, mənə elə gəldi ki, o, ağlayırdı. Bazara təzə girən qanadlı pampers reklamlarının məhz bizə veriləcəyi xəbəri isə sevincimizi birə beş artırdı. Nəhayət! Bu, artıq reytinqin zirvəsi idi, heç nə baş vermədiyi, baş verənlərin isə sadəcə quru, boz xəbərlərdən savayı bir şey olmadığı avqustun quraqlığında belə möhtəşəm ilkə imza atmağı bacarmışdıq.
Yayın sonlarına kimi yiyəsiz başın qaldırdığı tozanaq mətbuatın əsas mövzusu olaraq qaldı. Biz başkəsmənin gigienik-estetik tərəflərini, dini-mənəvi aspektlərini qazımaqla məşğul olduq. Forumlarda qızğın müzakirələr gedir, hamı bizim paylaşdığımız xəbərlərdən danışırdı. İnsanların marağı da öləzimirdi, əksinə, vaxt keçdikcə bu, vəhşi bir ehtirasa çevrilib bizi ağlagəlməz varyasiyalar düşünməyə ilhamlandırırdı. Hərdən mənə elə gəlirdi ki, o alnı qırışlı, mavi gözlü, saqqallı dahinin başını heç cəllad kəsməyib, elə bu adamlar özləri kəsiblər ki, qladiator döyüşündən zövq alan romalılar kimi adrenalin yaşasınlar. Biz kəsilmiş baş şəkli dərc etməyin etik prinsiplərə uyğun gəlmədiyini yaxşı bilirdik, amma avqust boyunca ən azı gündə iki dəfə bunu təkrarlayırdıq. Şefimiz bizi özünü ictimai fəal hesab edən müxtəlif hərşeyşünasların qınağından qorumaq üçün yaxşı formula tapmışdı – cəmiyyət belə istəyir. Əslində, bu, elə məhz belə idi; qan, qırğın, işgəncə, intihar xəbərləri daha yaxşı oxunduğundan həmişə mütləq ölüm saçan sərlövhələr axtarırdıq. Ölüm-itim azalanda min bir əziyyətlə qaldırdığımız reytinqin necə asanlıqla uçuruma düşdüyünü seyr eləmək ürəyimizi ağrıdırdı. Məhz belə bir vaxtda insan başı kəsilmişdi… İşin dolaşıq və bizim xeyrimizə olan iki tərəfi var idi – nə başın yiyəsi tapılırdı, nə də istintaqın gedişi barədə məlumat verilirdi. Ortada yalnız adının çəkilməsini istəməyən mənbələrə istinad olunmuş ətürpədən şayiələr dolaşırdı. Biz təbii ki, cəmiyyətimizin marağını nəzərə alıb, şayiələri də xəbər kimi yayırdıq. Bir balaca yubansaydıq, bunu bizim əvəzimizə rəqiblərimiz eləyə bilərdilər.
“Şəhərdə heç kimin başı kəsilməyib, deyilənlərin hamısı şayiədir”, – nəhayət, avqustun sonuncu günü yayılan bir neçə cümləlik rəsmi məlumatda belə deyilirdi. Heç kim təəccüblənmədi, çünki illərin təcrübəsi bizə öyrətmişdi ki, əgər rəsmi açıqlama yubanarsa, deməli, ya təkzib, ya da ona oxşar nəsə olacaqdı. Bundan sonra ənənəvi taktiki gedişimizi işə saldıq, yəni hamı məsuliyyəti öz üzərindən atmaq üçün xəbəri birinci hansı qəzetin yaymasını aydınlaşdırmağa çalışdı, lakin ilkin mənbəni gördüm deyən olmadı. Biz kinder yumurtaları və qanadlı pampers reklamlarından aldığımız pulları geri qaytarmadıq, heç bunu istəmədilər də.
Artıq yayın qızmarını canına çəkmiş avqustun quraqlığı arxada qalmışdı, payızın sərin nəfəsinə bürünmüş yeni mətbuat mövsümü yaxınlaşırdı. Şəhərin dəniz kənarındakı nəhəng zibilxananın yaxınlığında başsız insan bədəninin tapılması xəbəri, məni aylardı okeanda dolaşan gəminin dor ağacından torpaq görən matros kimi sevindirdi. Yerimdən sıçrayıb “ura” qışqırmağa hazırlaşırdım ki, şef məni qabaqladı:
– Bilirsən də…
– Hə, hə…
– Yaxşı, yaxşı qazmaq lazımdı…
– Okey, okey.
– Çatdıracaqsan?
– Yes, yes!
– Di, davay!
– Davay, davay!
Dekabr, 2017