Читать книгу Qəhrəmanım sənsən - Natiq Məmmədli - Страница 6
Sarı dana
ОглавлениеNaxırçılar damaqlarında çürük ağac kötüyü kimi ilişmiş təkəmseyrək dişlərini ağarda-ağarda yekəpər Krasnodar cöngəsinin burnundakı həlqəsindən yapışıb bordaqda vurnuxan şeşən düyənin üstünə gətirəndə mənim dəhşətli ölümümdən iki gün keçirdi. Yaxşı ki, tez ölüb qurtardım: kəndin üz qarasına çevrilmiş o biri danalar kimi alaq-ulağı ovurdumda ləzzətlə marçıldada-marçıldada dana gözlərimi yad öküzünün şeşən düyəni zorladığı səmtə zilləyib arsızcasına “mö” eləmədim. Onlar hamısı yaxşı bilirdilər ki, üstündən təzək iyi gələn çürük dişli naxırçılar öz aralarında fərəhlə “damazlıq buğaları qorumaq lazımdır” deyəndə mənim kimi bu torpağın çayırlığında başına gün döyəcləyən sarı danaları yox, tövlənin qaranlığında təzə-tər yonca yeyən Krasnodardan gətirilmiş ala-bula cins buğaları nəzərdə tuturdular. Buğa deyəndə də bir az yekə çıxır: özlərini elə aparırlar ki, guya bunlar başqa planetdən gəlib, əslində, heç tanımırlar ataları kimdi, anaları kimdi, nə qədər əcaib-qəraib buğanın genini qarışdırıb belə bədheybət düzəldib bizim düyələrin üstünə göndəriblər. Amma mən dana ağlımla dərk eləyirdim ki, onlar bu qələti başqa yerdə yox, ancaq bizim üzqarası danaların gözünün qabağında, bizim təzək iyi verən naxırçıların əliylə eləyə bilərdilər. Yaxşı ki, tez öldüm, bunları görmədim… Amma bir dəfə necə oldusa cins buğaların qızarmış gözlərinə görünməmək üçün özlərini arxın qırağındakı çayırlığa verib gövşək vuran öküzlərimizdən eşitmişdim ki, bu Krasnodar buğalarının heç bizim düyələrdən sarı ürəkləri getmir, naxırçılar onları bordağa bağladıqları inəklərə yaxınlaşdırmaq üçün itin zülmünü çəkirlər, o qədər tər tökürlər ki, buğaların əvəzinə özləri atılsaydılar, heç bu qədər əziyyət olmazdı. Yad öküzləri üçün kimi zorladıqlarının fərqi yox idi, bizim danalar üçün isə kimin zorlandığının. Bax dəhşət bunda idi! Mən bunların hamısını bilirdim, özü də çox yaxşı, yerli-yataqlı. Bunları fikirləşdikcə arada ürəyim sızlayır, iştahadan kəsilirdim. Ancaq bu qədər naxırın içində bir sarı dana neyləyə bilərdi ki? Mən öz dana beynimlə hər şeyi dərk edirdim və həmişə də gücsüzlüyümü görüb xəcalət çəkirdim, amma bizimkilər öküz başlarıyla heç nəyi anlaya bilmirdilər, ya da anlamaq istəmirdilər. Daha doğrusu, bunların öküz başları üçün heç nəyin əhəmiyyəti yox idi. Mənim ölümüm də nəyisə dəyişmədi. Mən özümü ucları nizə kimi şiş yabaların üstünə atıb cırılmış qarnımdan axan qanıma qərq olanda, bəlkə də onlar öküz ağıllarıyla fikirləşiblər ki, yəqin başıma hava gəlibmiş ki, dünyanın dinc vaxtında gül kimi ətimi murdar eləyib ikinci növ sex kolbasalar üçün xam mala çevirdim. Onlar necə də böyük səhv edirdilər. Mən öldüm, çünki onların tayı olmaq istəmədim.
Yazın ilıq şəfəqləri hardan gəlib bu torpağı tapıb, niyə onun üstündə gəzən adamların və inəklərin dərisinə hopub əzalarını qıdıqlayır, baş açmıram. Dünyanın don vurmuş o qədər yerləri, günəşə həsrət buzlaqları, sazaqları var ki, niyə məhz bu torpaq, anlamıram. Günəş səxavətlə göydən işıqlarını səpəndə başa düşmürmü ki, gecə oldu, ya gündüz, isti oldu, ya şaxta buralar üçün fərq eləməz, yad cöngələr onsuz da şeşən düyələrin üstünə atılacaq, çayırdan yeyib enə verən öküzlərimizsə sadəcə quyruğunu bulayıb “mö” eləyəcəklər. Hər şey bu qədər sadədir, qurtardı getdi. Bəs onda bu günəş niyə belə şığıyır, heyf deyilmi bu boyda işığı hədər yerə sərf eləmək. Yalnız öləndən sonra başa düşdüm ki, bütün bunlar mənim ölümümü sürətləndirmək üçün imiş.
Yazın ilmanqısı canıma keçər-keçməz dirçəlmişdim, nəsə şıllaq atmaq, uzaqlara qaçmaq, qışdan çıxan düyələrə özümü göstərmək üçün meymunluq eləmək istəyirdim. Heç məndən başqa özünə əl qatan yox idi; dedim axı, isti oldu, ya soyuq, səhər oldu, ya axşam bu yerlərin adamları və inəkləri üçün elə bir fərq eləməzdi. Bütün günlər bir-birinin tayı idi. İnəklər adamlara, adamlar da inəklərə oxşayırdı. Bəs mən niyə dingildəyirdim? Yekə naxırın içində bir dənə dılğır sarı dana özünü qoymağa yer tapmırdı; suyla dolu vedrəyə təzə dikəlmək istəyən buynuzlarımla kəllə vurdum “darap” elədi, arxın üstündən tullanmaq istəyəndə suya düşdüm “tarap” elədi, şeşən düyəni görən kimi yanına qaçıb qabaq ayaqlarımı naxırçıların atı sayaq havaya qaldırdım yerə dəyib “şarap” elədi. Yoğun buynuzları fil boyda cəmdəklərinin üstündə daha vahiməli görünən təcrübəli öküzlər təəccüb və boşluqdan başqa heç nə ifadə eləməyən mal gözlərini qaldırıb mənə sarı baxdılar, quyruqlarını buladılar. Nə olmuşdu görəsən bir yerdə qərar tuta bilmirdim, nə tay-tuşum olan sakit danalarla yola gedirdim, nə də dünya görmüş, ağır-batman öküzlərin mal baxışlarından abır-həya edirdim.
Heç gün boyu tövlənin qaranlıq yerində naxırçıların başlarına pərvanə kimi dolandıqları Krasnodar cöngələrinin adını tutmuram. Onlar üçün yazın-qışın, gecənin-gündüzün qəti dəxli yox idi, əllərindən gələn yeganə iş yeyib-yatmaq və minmək idi. Bizim dünyaya yemək və minmək üçün gələn öküzlərin nəyi bizdən artıq idi, bilmirəm, sadəcə gözləri həmişə təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Yazın ilıq şəfəqlərini canımda hiss edər-etməz nədənsə ürəyimdən keçdi ki, özümü onların yanına verim, bütün ömürlərini tövlənin qaranlığında başı bağlı, burnu həlqəli yatıb qalan həmcinslərimdən hal-əhval tutum. Sonradan al qanıma boyanıb gəbərəndə başa düşdüm ki, sən demə, bu diyarın inəklərinin arasında belə fikrə düşən birinci dördayaqlı mən olmuşam. Dağdan ağır öküzlərin heç şeşə buynuzlarının ucundan belə keçməyən bu dəhşətli macəra hardan beynimə girmişdi? Hər halda dana idim, gələcəyim qabaqdaydı, bəlkə də qabaq da ola bilərdi, bu səhvi mənim danalığıma bağışlamaq da olardı, amma bağışlamadılar…
Tövlənin qaranlığında yad öküzlərin gilənar gözləri torana sarı gedən günəş kimi parıldayırdı. Məni görüb diksindilər, bəlkə də lap qorxantəhər oldular. Bizim öküzlərsayaq mal gözlərini döyüb quyruqlarını bulamadılar, bəziləri boğazlarındakı zənciri silkələyib fınxırmaq istədi, fınxırdı da, bəziləri iti buynuzlarını mənim qarnıma soxmaq üçün havaya qaldırıb dartınmaq istədi, dartında da. Amma heç nə eləyə bilmədilər. Onlar zəncirdə, mən açıq, onlar bağlı mən sərbəst, neyləyə bilərdilər ki, istəyir Krasnodar yox, lap Madaqaskar kəli gəlsin. Danalığıma salıb bir az da qabağa getdim, təzə dikələn buynuzumla xallı buğaların lap yekəsinin qarnını yüngülvari qıdıqladım. Danaydım ki, dana… Buğanın gilənar gözləri qan çanağına döndü, nə qədər bacardısa dartındı, buynuzlarını yellədi. Heç vecimə də almadım, naxırçıların atı kimi iki ayaq qalxıb belinə atılmaq istədim, atıldım da. Mən bunu zarafatla eləyirdim, başqa niyyətim yox idi, öküzlərlə tanış olmaq istəyən qışdan təzə çıxan dananın əlindən başqa nə gələ bilərdi ki? Buğasa bunu özünə sığışdırmadı, dartınmağını saxlayıb var gücü ilə möyüldədi, elə nalə çəkdi, elə bil bağrı yarılırdı. Yad öküzlərin pərvanəsinə çevrilmiş təzək iyi verən naxırçılar tövləyə girib məni Krasnodar cöngəsini dümsükləyən görəndə papaqlarını yerə vurub qışqırdılar: “sarı dananın gözü qızıb”. Xəkəndazın ağzıyla sümükləri təzə bərkimiş kürəyimin düz ortasından necə ilişdirdilərsə bir anın içində başım hərləndi, özümü zorla ayaq üstə saxlayıb kötük dişlərini qıcamış kişinin üzünə baxdım. İnsan olsaydım deyərdim ki “ə, bədbəxt oğlu, bütün günü bunlar bizi minirlər, imkan ver bir dəfə də biz minək də”. Demədim, deyə bilmədim. Yaxşı ki, insan deyildim. Belə insan olmaqdansa, dana olmaq heyf deyilmi? Krasnodar cöngəsi qələbə çalırmış kimi qızarmış gözlərini səyridərək yuxarıdan aşağı mənə sarı baxdı, elə bil nəsə qımışdı da. Heç xoşum gəlmədi, özümü toparlayıb cöngənin qarnına birini də ilişdirdim, bu dəfə zarafat eləmədim, həqiqətən vurdum. Qəribəydi ki, mənim zərbəmdən sonra cöngə də, naxırçı da eyni vaxtda “mö” elədilər. Sonra geri qanrıldım, qaçıb tövlədən çıxdım. Arxadan peyin iyi verən naxırçının dana böyürtüsünə oxşayan bağırtısını eşitdim: “sarı dananın gözü qızıb”…
Nə günəşin işığı, nə təzə boy göstərən sırtıq çayırın, quşəppəyinin, bağayarpağının turşməzə dadı, nə də şeşən düyənin yanımdan keçəndə nazlı-qəmzəli baxışlarını üstümdə gəzdirməsi eynimdə idi. Axı niyə bizi minməyə qoymurlar? Minmək cəhənnəmə, heç dana kimi yaşamağa da imkan vermirlər. Səhər o başdan dur otla, gün əyilməmişdən ağzını ver lilli arxın gözünə hortda ki hortada bildikcən, sonra kölgəlikdə gövşə, otlaqlarda təzəklə, adamların sözü olmasın, “səhər naxıra, axşam axura”. Bunun adına dana ömrü deyirlər. Dana olanda nə olar ki? Başımı qaldırıb ətrafıma baxıram; peyin iyi gələn naxırçılardan başqa elə o biri adamlar da səhər o başdan axışırlar çöllərə, kətmən vuran kim, alaq eləyən kim, günün qızmarında özünü lilli arxa vurub camış kimi ləhləyən kim. Bizim adımız çıxıb, elə onlar da danadılar ki durublar.
Krasnodar buğalarına ilişəndən sonra dünya mənim, mən də hamının gözündən düşmüşdüm: ağırbatman öküzlər mənə yaxın gəlmirdilər, mən yanlarına gedəndəysə “mö”ültülərini kəsib gövşək vururdular, mən aralanan kimi təzədən öz aralarında “mö”üldəşməyə başlayırdılar, tay-tuşum olan danalarsa mənimlə birdəfəlik “salam-kəlamı” kəsmişdilər, ayrı otlayırdılar, ayrı su içirdilər, hətta təzəkləməyə də ayrı gedirdilər, bircə dənə şeşən düyə hərdən altdan-altdan mənə sarı baxmağından qalmırdı. Naxırçılarsa lap qəribə olmuşdular, birisi pırtlaşıq yulğun budağı kimi vələduzna gözlərinə kölgə salan çatma qaşlarını çatıb gün boyu məni izləyirdi, o birisi Krasnodar cöngələrinin yatdığı tövlənin qabağında səhərdən axşama çiynində xəkəndazı müsəlləh əsgər kimi dayanıb keşik çəkirdi, naxırçılığa təzə başlayan və gələcəkdə üstlərinə hopacaq təzək iyini nəsildən-nəslə şərəflə ötürərək bu qədim sənəti ölməyə qoymayacaq gədələr isə elə hey ora-bura qaçır, nəyisə itiləyir, nəyisə yağlayırdılar. Əslindəysə, mənim faciəli qətlimə hazırlıq gedirdi… Parlayan hər gün, közərən hər ay məni ölümə bir qədər də yaxınlaşdırırdı. Təbii ki, mən bütün bunları öləndən sonra bildim.
Nəhayət, o gün gəlib çatdı. Bu, şeşən düyənin zorlanmasından iki gün əvvələ düşdü. Naxırçı gədələr böyür-başıma keçib kürəyimi sığallayırdılar, cod barmaqlar hələ də yazın ilığında xumarlanan dərimin üstündə gəzişdikcə ətim ürpənirdi, birdən kimsə ayağımdan tutmaq istədi, məndən əvvəlki danalar belə vəziyyətdə necə hərəkət ediblər bilmirəm, mən ayağımı ələ verməyib təpik atdım. Sonra bu, bir neçə dəfə təkrarlandı, asanlıqla yıxılmaq istəmirdim, bəlkə də yıxılardım, amma bunun səbəbini düz-əməlli başa salan yox idi. Bu boyda naxırın içində niyə məhz mən? Qan-tərə batan gədələrin bacara bilməyəcəyini görən naxırçıların səbri tükəndi. Krasnodar cöngələrinin “müsəlləh əsgəri” əlindəki xəkəndazı bu dəfə kürəyimə yox, başıma endirdi, gözlərimə qaranlıq çökdü, mənim yerimdə hansı dana olsaydı bu zərbədən elə yerindəcə böyürmüşdü. Ayaqlarımı artıq ələ keçirmişdilər, yıxılmaq ərəfəsindəydim, gözlərim ağzını otdan ayırıb mənə sarı baxan şeşən düyənin nəvazişli baxışlarına sataşanda hardansa ayaqlarıma güc gəldi, gədələrə babat təpik ilişdirdim, hərəsi bir tərəfə sərildi, gözləri dörd olan naxırçı xəkəndazını havada hərləməyə macal tapmadı təzə çırtlamış buynuzlarımı onun qurşaqdan aşağısına tutuzdurdum. Kişinin gözləri eynən yad cöngələrinki kimi təzə dəymiş gilənarın qırmızısına çevrildi, elə bildim böyürəcək, amma o böyürmədi, yalnız mənim və özünün qulaqlarına çatacaq boyda zarıdı, “oy mama” dedi. Axı o, niyə böyürmədi? Keşkə buynuzlarım bekara böyük olardı, onda görəydi bu otlaqlar necə danalar yetirir.
Oxdan çıxmış yay təki götürüldüm. Naxırı arxada qoyub xeyli uzaqlaşandan sonra nəyin baş verdiyini aydınlaşdırmaq üçün geriyə: adamlara və inəklərə sarı baxdım. Təpik babat tutduğundan iki gədə qarnını ovuşdura-ovuşdura arxamca qaçmaq istəsələr də, yarıyolda dayanıb söyüş yağdırırdılar, çürük dişli kişininsə “müsəlləh əsgər”liyindən əsər-əlamət qalmamışdı dizi üstə yerdə çömbəlib “mama”sını çağırırdı. İnəklərsə… Ax inəklər… Məni yandıran onlar idi, heç başlarını da qaldırmadılar, sanki ətraflarında heç nə baş vermirdi, sanki onlar heç nə görmürdülər, eşitmirdilər, qurdlu çayıra bir həşir kəsmişdilər ki. Mən heç vaxt onları anlamamışam. Yalnız öləndən sonra bildim ki, əslində onlar hər şeyi çox gözəl görür və eşidirmişlər, amma inək başlarıyla heç nəyi başa düşmək istəmirmişlər. Həm də onu bildim ki, bu dəyyus naxırçılar məni kəsmək yox, axtalamaq üçün yıxmaq istəyirmişlər. Hamının gözü qabağında, ən rüsvayçısı isə şeşən düyənin yanında məni axtalamaq niyyətləri varmış.