Читать книгу Özgə ağrısı - Sədaqət Kərimova - Страница 3

YEDDİ PƏRİ

Оглавление

Ətrafa «Tərəkəmə»nin oynaq sədaları yayılmışdı. Məclisdəkilər musiqiylə həmahəng şəkildə əl çalırdılar. Oyun havası deyəsən kiminsə sümüyünə yaman düşmüşdü. Bunu toydan gələn şən səslər sübut edirdi.

Məhəllənin o başından, Zeynəbgildən gələn çalğı səsi Ayişəni kövrəltmiş, evdən çıxıb qaranlıqda, tənha guşədə oturmağa məcbur etmişdi. O, bağın qurtaracağında, iri fındıq kollarının dibində, otların içində oturub əlləri ilə dizlərini bərk-bərk qucaqlamış, gözlərini naməlum bir nöqtəyə zilləmişdi. Yarım saatdan çox idi ki, bədbin düşüncələrin əsirinə çevrilmişdi.

Son vaxtlar toy sədası, çalğı səsi onu yaman kədərləndirirdi. Bu kədərə acı həsrət, cavabsız qalmış suallar qarışırdı. Bu, xoşbəxtliyə, səadətə həsrət qalmış bir qızın ürək sızıltısı idi. Qəlbini göynədən, qaysaqlamayan yarasını qopardan əzablı bir ağrı idi. Elə ağrı ki, kimsə ona əlac edə bilməzdi…

Adətən, o, toy-düyünə həvəssiz yollanardı. Qohum-qonşu, dost-tanış tənəsi olmasaydı, belə yerlərə yerli-dibli getməzdi. Amma neyləmək olar, kənd yeridir, ayıbdır, getməsə, «paxıllıq edir», – deyərlər. «Paxıllıq edirəm?» Bu fikrindən tutuldu, sonra isə utana-utana öz-özünə etiraf etdi: «Əlbəttə, paxıllıq edirəm. Ailə qurmaq mənim də haqqım deyilmi?» Daha qəhərini uda bilmədi. Gözlərindən yaş sel kimi axmağa başladı. Lakin bununla da sakitləşmədi. Əksinə, ağladıqca ürəyindəki tufan bir az da gücləndi. Otların üstünə yıxılıb hönkürdü. O, hirsindən yan-yörəsindəki otları yoluşdurur, əlləri ilə yeri döyəcləyirdi. Uşaq kimi içini çəkə-çəkə, yanıqlı-yanıqlı ağlayırdı. Uşaqdan onun bircə fərqi var idi: təsəlli diləmirdi, ovunmaq arzusunda deyildi. Heç kəsin onu bu vəziyyətdə görməsini arzu etmirdi.

Beləcə, xeyli ağlayandan sonra elə bil yüngülləşdi. Evə bu halda gedə bilməzdi. «Bir az gözlərimin qızartısı keçsin, sonra gedim», – deyə əlləri ilə dizlərini qucaqlayıb gözlərini qaranlığa dikdi.

– Ayişə, ay Ayişə!

Anası eyvandan onu hayladı.

Könülsüz halda, tələsmədən yerindən qalxıb asta addımlarla evə sarı getdi.

– Nədi? – deyə etinasız halda soruşdu.

– Bayaqdan hardasan? – anası xəbər aldı. Son vaxtlar qızının bu halları tez-tez təkrarlanırdı. Onu bir qadın kimi duysa da, qızına nə təsəlli verə bilirdi, nə də halına acıdığını bildirirdi, bu sualı da elə-belə verdi. Ayişənin bağda, fındıq kollarının dibində oturduğunu görmüşdü…

Ayişə anasının sualına cavab verməyib evə keçdi. Atası divanda, həmişəki yerində uzanıb televizora baxırdı. Ayişəni görəndə:

– Qızım, mənə bir çay, – dedi.

Ayişə armudu stəkana çay süzüb onun qabağına qoydu. Sonra atasının yatağını qaydaya saldı. Bu vaxt içəri girən anası onun pəjmürdə halını, ağlamaqdan qızarmış gözlərini görüb narahat oldu:

– Sənə nə olub, Ayişə?

– Mənə nə ola bilər ki, ana? – Ayişənin cavabında həm istehza, həm inciklik, həm də narazılıq vardı. Bunu anası o saat hiss elədi. Daha heç nə deməyib günahkarcasına susdu, evin aşağı küncünə çəkilib yarımçıq qoyduğu yorğanı sırımağa başladı. Ayişə bunu görüb ürəyində bərk hirsləndi. «Evdə yorğan-döşək əlindən tərpənmək olmur. Başa düşmürəm, bunları neynir? Cehiz yığmaqdan bezmədi? Kimə hazırlayır bunları? Niyə anlamaq istəmir ki, qızı qarıyıb? Yazıq anam… Qızının ağ atlı oğlanını gözləməkdən yorulmadınmı?» Ürəyində acı-acı güldü.

Bir azdan anası astadan, qızının xətrinə dəyməkdən qorxa-qorxa soruşdu:

– Toya getmirsən?

– Həvəsim yoxdur, ana.

– Camaatdan ayıbdır.

– İstəmirəm, məni məcbur eləmə.

– Heç olmasa yarımca saatlığa get. Zeynəbi təbrik edib gələrsən.

– Orda mənim tay-tuşum yoxdur axı… – Ayişənin səsi titrədi. O, qonşu otağa keçib qapını arxasınca bağladı. Ərlə arvad bir-birinin üzünə baxıb köks ötürdülər. Amma beş-on dəqiqə keçmiş Ayişənin geyimli-kecimli halda otaqdan çıxdığını görəndə hər ikisi rahat nəfəs aldı.

Gecə mehi üzündə, saçlarında gəzəndə Ayişənin bədənini xəfif bir gizilti bürüdü. Onda da elə bu vaxtlar idi. Abbasla son görüşü günü. Səhəri Rusiyaya gedəcəkdi. Əllərini Ayişənin saçlarında gəzdirdi: «Sənsiz necə olacaq, bu saçları qoxlamadan necə yaşayacam, Ayişə? Oxumasam dünyanın bir yanı uçmaz ki…» Abbas poliqrafçı olmaq istəyirdi. Yaxşı təhsil almaq, savadlı mütəxəssis kimi dönmək fikri ilə getmişdi vətəndən. Bu gediş son gediş olmuşdu… Ayişə uzaq xatirələrin müşayiəti ilə Zeynəbgilə tərəf yollandı.

Zeynəb Abbasın kiçik bacısı idi. Neçə il idi ki, Əhmədə nişanlanmışdı. «Abbas gəlməsə gəlinlik geymərəm», – deyib illəri yola verirdi. Oğlan evi «üsyan» edib deyə, Zeynəb toya razılıq vermişdi. Adaxlıların evlərinin arasında bircə ev vardı. «Nə yaxşı ki, Əhmədin atası qız evini məcbur elədi. Yoxsa onlar da yazıq olacaqdılar. Nə qədər həsrətlə bir-birinə baxsınlar? Qonşudan qız sevmək asandı bəyəm? Hər gün neçə dəfə həsrət dolu baxışlarla baxmaq olar? Yaxşı ki, Abbası gözləmədilər…»

«Bəylə gəlinə bir bax!» Ayişənin dodağı qaçdı. Hər ikisi gözləri önündə böyümüşdü. «Bunlar haçan böyüdülər?» Özünün bu fikrindən yenidən kədərləndi. Yadına düşdü ki, o, yuxarı sinifdə oxuyanda Zeynəb hələ məktəbə getmirdi. Amma Abbasın yazdığı məktubları gizlin gətirib ona verirdi və hər dəfə də deyirdi: «Qağam göndərib, bacı». «On-on iki yaş onlardan böyüyəm», – deyə qəhərlə düşündü. – «Hə, düz on iki yaş…»

Zeynəbgildə bir vurnuxma var idi ki, gəl görəsən. Hərə bir işlə məşğuldu: kabab çəkən kim, iri toy samovarından çay süzən kim, qab yuyan kim.

– Ağrın alım, səninçün olsun! – Zeynəbin anası Zivər xala onu marçıltı ilə öpüb hal-əhval tutdu. Arvadlar bir anda Ayişəni dövrəyə aldılar. Elə bil ki, gündə neçə dəfə rastlaşdıqları adam deyildi.

– Toyunu görək, ay Ayişə!

– Zeynəbin sağ əli sənin başına!

– Allah səni xoşbəxt eləsin!

Bu xeyir-duaları eşidəndə əhvalı bir az da korlandı. Ayişənin fikrincə, bu dualarda təhqiredici, tənəedici işarələr var idi. Arvadların əslində ürəkdən gələn səmimi xeyir-dualarını o, özü başa düşdüyü kimi yozdu. «Hansı xoşbəxtlikdən danışırsız? Abbassız necə xoşbəxt olaram? Elçiləri evdən azmı qovdum? Gözüm kimsəni görmədi… Daha nə xoşbəxtlik? Nə özü gəldi, nə sözü. Yol gözləyə-gözləyə qarıdım. Dünənki uşaqlar da evləndilər, mən isə hələ də gözləyirəm…»

Zivər xalanın təkidlərinə baxmayaraq, əlini süfrəyə uzatmadan Zeynəbin yanına qalxdı. Al-əlvan geyinib-kecinən qızlar xına məclisini başa vurub bəy evinə, toya tamaşa etməyə getmək üçün hazırlaşırdılar.

Zeynəb Ayişəni görəndə sevinclə boynuna sarılıb o üzündən bu üzündən öpdü.

– Bacı, elə bildim gəlməyəcəksən, – dedi.

Ayişə heyrətlə Zeynəbə baxdı. O, çoxdan Ayişəni belə adlandırmırdı. Lap çoxdan. Bu gün «bacı» onun yadına haradan düşmüşdü?

Zeynəb ağzını onun qulağına yapışdırıb qəribə tərzdə:

– Qağam gəlib ey, bacı, – dedi.

Ayişənin dizləri əsdi, bədəni uçundu, dodaqları səyridi. Eşitdiyi xəbərdən özünü elə itirdi ki, müvazinətini saxlaya bilməyib taqətsiz halda stula çökdü. «Ola bilməz, bəs deyirdilər əlaqəmiz yoxdu? Toyun vaxtını nə yaxşı bilib? Deməli, nəsə varmış ki, mənə demirlər. Zeynəb də bilmirmiş Abbas niyə gəlmir?» Suallarına cavab almaq istəyirdi ki, elə bu vaxt on-on bir yaşlarında sarışın, qıvrımsaç bir qız qaça-qaça içəri girib Zeynəbin yanında oturdu. Elə bil Ayişənin qarşısındakı balaca Zeynəb idi.

– Qağanın qızıdır? – Ayişə qeyri-iradi soruşdu.

– Hə, qardaşı da olub təzəlikcə. Bacı, vallah biz də bilmirdik. Bu gün bildik ki, qağam öz tələbə yoldaşı olan rus qızı ilə evlənib. Xəcalətindən kəndə dönə bilmirmiş. Qağamsız toyumun olmasını istəmədiyimi hər kəs bilirdi. Əhməd bizə bildirmədən soraqlayırmış. Sən demə, bu yaxınlarda ünvanını tapıb. Toya gəlməsi üçün çox yalvarıb. Qağamın gəlişini Əhməd mənə sürpriz edib. Bizimkilər onun evləndiyini bilib çox pis oldular. Sənin qarşında bizi də günahkar elədi qağam… Evli olmasaydı, bayaqdan qaçıb səni muştuluqlayardım… Gəlişinə sevinsək də, əhdinə əməl etməməsi hamımızı xəcalətli elədi… Zeynəb Abbasla Ayişənin «poçtalyonu» idi. Abbas tez-tez kiçik bacısı ilə Ayişəyə məktub göndərər, ya da gizlin sözünü onunla çatdırardı. Qağasını çox istəyən Zeynəb sevinclə «bacı»nın yanına cumardı. «Bunlar haçan olmuşdu? Gör üstündən nə qədər keçib! Niyə sevgimizə xəyanət elədi? Evləndiyi qız çoxmu qəşəngdi? Bəlkə savadlıdı, ona görə? Nə fərqi var? O da başqaları kimi elədi…» Sualların əlində qalan Ayişə özünü toplayıb ayağa qalxdı, uşağın üzündən öpüb Zeynəblə sağollaşdı.

«Heyvagülü» çalınırdı. Yox, çalınmırdı. «Heyvagülü» Ayişəni yandırıb-yaxırdı, onun olan-qalan səbrini də əlindən almaq üçün sızıldayırdı. Ayişənin kədərini artırmaq, əzablarının sayını çoxaltmaq üçün inləyirdi. Elə bil Ayişə ilə düşmənçiliyi vardı. Onu hamının gözünün qabağında uşaq kimi ağlatmaq, sonra isə bundan zövq almaq istəyirdi.

Toyxananın yanından ötüb evlərinə getmək istəyirdi ki, arxadan kimsə onu səslədi: o idi, Abbas. Ayişəni sanki ildırım vurdu, həyəcandan özünü itirdi.

– Xoş gördük, Ayişə.

– Salam, Abbas.

– Necəsən? – Abbas nə soruşacağını bilmirdi.

– Gördüyün kimi. – Ayişə soyuq-soyuq cavab verdi.

– Yaxşısan, maşallah! – Abbasın sözləri Ayişənin könlünə toxundu. Amma özünü ələ alıb heç nə demədi. Bir xeyli heç biri dillənmədi. Handan-hana Abbas dilləndi:

– Paşa dayı necədir?

– Babatdır.

– Yenə xəstə yatır?

– Hə.

– Məmmədşahla Əlişah hardadır?

– Bakıda.

– Yəqin evli olarlar.

– Hə.

Abbas Ayişəni başdan-ayağa süzdü. Ayişə yaman dəyişmişdi. Kənddə ən gözəl qız sayılan ucaboylu, incə qamətli, ağ bənizli Ayişəyə nə olmuşdu? Gündən yanıb qaralmış üzü, arıqlayıb təravətdən düşmüş bədəni Abbasın ürəyini kədərlə doldurdu.

– Tütünə gedirsən deyəsən.

– Hə.

– Oxumağın qaldı?

– Hamı oxusa, kənddə kim qalar? – Ayişə onun sualına sualla cavab verdi.

– Sən hamı deyildin ki! Məktəbdə səndən yaxşı oxuyan yox idi.

– …

Araya sükut çökdü. Bir azdan Abbas çəkinə-çəkinə soruşdu:

– Ərə getməmisən? – Sözlərinin Ayişənin xətrinə dəyəcəyindən qorxub günahkarcasına ona baxdı.

– Yox.

Abbas deməyə söz tapmadı. Qəhərdən nəfəsi təngidi. Bu məsum qızın bu hala düşməsinin səbəbkarı o idi. Nə desin, necə desin? Amma nə isə demək lazım idi. Ayişə onu bu çətin vəziyyətdən çıxarmaq üçün dilləndi:

– Elə fikirləşmə ki, sənə görə getməmişəm. Atamı o halda necə qoyaydım? Anam qocalıb, ona baxa bilmir, həm də qardaşlarım kimi başımı götürüb gedə bilməzdim ki…

Ayişənin səsi titrədi. Dolmuş buluda bənzəyirdi. Abbas işlətdiyi günahın böyüklüyündən sıxıldı. Yıxdığı bir qəlbi necə sağaldacaq ki? Axı bu heç mümkün də deyil… Arvadı, uşaqları onun günahına şərik deyillər ki… Onlar da məsumdular. Bir günahkar var: o da onun özü.

Abbas onun əllərini ovuclarına aldı. Ayişənin kobudlaşıb dəyənək kimi olmuş barmaqları onun yumşaq barmaqlarına dəyəndə Abbasın ürəyinə sanki nestər girdi. Ayişənin dəmirə dönmüş əllərini dodaqlarına yaxınlaşdırdı. Gözlərindən gilələnən yaş damlaları Ayişənin əllərinə düşəndə qız özünü itirib əllərini geri çəkdi. Abbas:

– Məni bağışla, Ayişə, – dedi.

Yanaqları aşağı süzülən sanki yaş deyildi, od idi, illərlə Ayişənin ürəyinə yığılmış od, onu içindən əridən od.

Ayişə yaşarmış gözlərini sildi. Abbasın göz yaşına qıymadı. Nə isə deyib, vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Özünü ələ alıb soruşdu:

– Yoldaşını niyə gətirməmisən?

– Xəstəxanadan yenicə çıxmışdı. Dedim körpə uşaqla uzaq yola çıxmaq çətin olar.

– Eşitdim oğlun olub, təbrik edirəm.

– Çox sağ ol, Ayişə.

Danışmağa söz tapmırdılar. Bir-birini sevən bu iki adam indi iki yad kimi üz-üzə dayanmışdı. O məhəbbətdən hər ikisinə xatirələrdən başqa heç nə qalmamışdı, heç nə.

– Mən gedim, gecdir, – deyə Ayişə dilləndi.

– Ayişə, neçə il həsrətini çəkmişəm. Burdan gedəndə düşünürdüm ki, təhsil alıb evimizə dönəcəm, sənə qovuşacam. Sveta ilə münasibətim vardı, hamilə olduğunu biləndə artıq gec idi. Qızım doğuldu, onu orda qoyub gələ bilməzdim. Anasını çox dilə tutdum, uşağı mənə vermədi. İllərlə bir işıq ucu gözlədim. İkinci uşağı da məndən bir müddət gizli saxlayıb, vaxt keçəndən sonra bildirdi. Bütün ümidlərim itmişdi, səni bir daha görməyəcəyimi düşünürdüm. Əhməd sağ olsun, məni tapdı, bacımın arzusunu bildirdi. İnan ki, məcbur etməsəydi gəlməyəcəkdim. O xaraba belədi. Nə vaxt bataqlığa batırsan, xəbərin olmur. Ayılıb görürsən ki, artıq gecdir… Mən bu dünyada cəhənnəmi qazanmışam. Uşaqlara görə bu cəhənnəmdə qalmışam… Əgər bacarsan, bağışla məni… Bir də, məni ölmüş bil, mümkünsə ailə qur… – Abbas ağır yük altında qalmış adam kimi pıçıldadı…

Ayişə kəlmə kəsmədən həyətlərinə girdi. Abbas dayandığı yerdən onun arxasınca xeyli baxdı. «Kaş məni söyəydi, qarğayaydı, heç olmasa nifrətini bildirəydi… Məhv elədim yazığı…» Ayişənin gənclik təravətini itirmiş solğun sifəti, kobudlaşmış əlləri gözlərinin önündən çəkilmirdi. O vaxt çoxunun, o cümlədən onun rahatlığını əlindən almış gözəl Ayişədən, o güləyən qızdan əsər qalmamışdı. Ailəli olsa da, Ayişə yadından çıxmamışdı. Onun surəti gözlərindən çəkilməmişdi. Neçə illər bu görüşü arzulamış, onunla üz-üzə söhbət edəcəyi anı həsrətlə gözləmişdi. Onu xəyallarında elə məktəb illərində olduğu kimi gözəl-göyçək, deyən-gülən təsəvvür eləmişdi. Əmin idi ki, Ayişə ərə gedib, uşaqları var. Axı o, Abbasla yaşıd idi. Kənddən nəinki oğlanların, hətta qızların da çoxu getmişdi. Bircə Ayişə kimilər, ev-ocağa bağlılar kəndi tərk edə bilməmişdi.

Yurda bağlılığı düşünəndə gözləri önünə Pəri gəlirdi həmişə. Yadına onunla bağlı köhnə bir xatirə düşdü. Onda doqquzuncu sinfi bitirib yay tətilinə yenicə buraxılmışdılar. Qonşu uşaqları ilə bir yerdə böyürtkən yığmağa getmişdilər. Abbasla Ayişə özləri də hiss etmədən onlardan ayrılıb uzaqlaşmışdılar. Vedrələri böyürtkənlə doldurandan sonra dincəlmək üçün yaxınlıqdakı palıdın altında oturdular. Abbas Ayişənin al yanaqlarına, məsum çöhrəsinə baxanda qəlbindən keçən dəli bir istəklə onu özünə sarı çəkib böyürtkən yeməkdən qaralmış pəmbə dodaqlarından öpdü. Ayişə başını qaldıranda böyürtkənlikdən onlara baxan Pərini görüb çığırdı:

– Ay aman!

Pəri yerindən qımıldanmadan onlara baxırdı. Bu yaşlı qadın qəribə tərzdə, soyuq nəzərlərlə onları süzürdü.

– Gedək, Abbas, – deyə Ayişə ayağa qalxmaq istəyirdi ki, Pəri elə bil yuxudan ayıldı. Çevrilib oradan uzaqlaşdı. Bir dəfə də olsun dönüb geriyə baxmadı. O, uzaqlaşandan sonra Ayişə:

– Bu ifritə hardan gəlib çıxdı? – deyə söyləndi. Abbas da nifrətlə o gedən tərəfə baxdı:

– Yəqin bizi güdürmüş.

– Sabah bütün kənd biləcək, – Ayişə dilləndi.

Onlar uzun müddət bu xəbərin yayılacağı qorxusu ilə yaşasalar da, Pəri bu barədə heç nə danışmadı.

O gündən Pəri hər ikisinin düşməninə çevrildi. Onların görüşü barədə kimsəyə bir söz deməsə də, bu tək-tənha yaşayan qarımış qızı görəndə ikisi də nifrətlə üzünü yana çevirirdi. Nəyə görə? Onun qəribə, soyuq baxışlarına görəmi? Yoxsa adamlara yovuşmadığı üçünmü? Hər nə idisə, bu qadını görən gözü yox idi.

İndi bunlar yadına düşəndə Abbas utandı. Pərinin qəribə baxışlarını xatırladı. Onun haqqında düşünə-düşünə Pərinin evinin yanına necə gəlib çıxdığından xəbəri olmadı. Küçə qapısından asılmış paslı qıfılı görəndə ürəyi sıxıldı.

– Pəri rəhmətə gedib, bala. – Yanından ötüb keçən Rəhman dayı Abbası tanımadı. Abbas da tanışlıq vermədi. Eləcə:

– Haçan? – deyə soruşdu.

– Üç ildir. Yazıq dünyanın əzabından qurtuldu.

– Hansı əzabından?

– Təklikdən. Biçarənin kimsəsi yox idi.

Abbas ürəyinə çökmüş ağırlığı yox etmək üçün toyxanaya yollandı.

Ayişə barmaqlarının ucunda dəhlizdən öz otağına keçdi. Bədənnüma güzgünün qabağında oturub özünə tamaşa etməyə başladı. Sınıxmış sifəti, kölgələnmiş gözləri, dən düşmüş saçları onun əhvalını bir az da korladı. Əvvəlki gözəlliyindən bircə uzun kirpiklərlə dövrələnmiş iri qara gözləri qalmışdı. Amma bu gözlərdə də əvvəlki parıltı, həyat eşqi yox idi. «Qocalıram», – deyə fikirləşdi. Alnında əmələ gələcək iki qırışın yeri özünü göstərirdi. Kitab şkafının siyirməsindən albomunu çıxarıb şəkillərə tamaşa etməyə başladı. «Aman Allah, gör necə dəyişmişəm? Doğrudanmı şəkildən baxan o gözəl qız mən idim?» Dönüb yenidən güzgüyə baxdı. Oradan baxan əksini şəkli ilə müqayisə etdi. Bundan ürəyi sıxıldı. Albomu yerinə qoymaq istəyirdi ki, arasından Abbasın şəkli düşdü. Hər dəfə saatlarla bu şəkillə dərdləşən, sonra öpüb yerinə qoyan Ayişə bu dəfə ona ötəri, gözünün ucuyla baxıb şəkli albomun arasına qoydu.

Bayaqkı görüş gözləri önündən getmirdi. Son dəbə uyğun geyinmiş boylu-buxunlu, yaraşıqlı Abbasın yanında necə acınacaqlı göründüyünü təsəvvür edəndə xəcalət çəkdi. Birdən daxilindən qalxan bir hiss üsyan etdi: «Niyə xəcalət çəkirsən? Sənin kimi qızları gözü yolda qoyan oğlanlar xəcalət çəksinlər. O oğlanlar ki, valideynlərinə sahib çıxmırlar, o oğlanlar ki, sevgilərinə sadiq qalmırlar… Sən başını uca tut, Ayişə. Qardaşlarının əvəzinə ata-anana oğulluq edirsən».

Ayişə qapqara qaralmış əllərinə indi qürurla baxdı. «Bu, zəhmətdən qaralmış əllərdir. Yoxsa Abbasın ağappaq, yupyumşaq əlləri kimi? Doğru deyiblər ki, ağ gün ağardar, qara gün qaraldar. Mənim kimi qızların qara gündən qaralmağının, evdə qalıb qarımağının nə əhəmiyyəti var ki… Təki onlar ağca xanımlarla ağ gün görsünlər». Acı-acı güldü.

Ayağa qalxıb güzgünün qabağında fırlandı. Diqqətlə özünə baxdı. Paltar əynində torba kimi qalırdı. Arıqlayıb dümdüz olmuş sinəsinə baxıb hirsləndi. Təzəlikcə görüşdüyü sinif yoldaşı Mirvari yadına düşdü. Məktəbdə ən cılız, ən çirkin qız idi. Onuncunu qurtaran kimi qonşu rayona ərə getmişdi. O vaxtdan onu görməmişdi. Bir həftə əvvəl kənddə rastlaşanda Ayişə heyrətdən yerindəcə donub qalmışdı. Əvvəlki Mirvaridən əsər-əlamət qalmamışdı. O, ətə-qana dolmuş, gözəlləşmişdi. Analıq səadəti, ailə xoşbəxtliyi üz-gözündən oxunurdu.

– Ölmüş, ərə getmək sənə nə yaman düşüb? – deyə Ayişə özünü saxlaya bilməmişdi.

– Eh, Ayişə, Allah insaf versin cavanlara, hamısı kənddənkəsəkdən qaçaq düşüb… Öz evi, ailəsi olmaq ayrı şeydi. Allah qismətini yetirsin! – demişdi Mirvari.

Güzgünün qabağından çəkilib yatağına uzandı. Nə edəcək, necə yaşayacaq, kim üçün yaşayacaq bundan sonra? Bu da sevgisinin ona gətirdiyi yolun sonu…

Birdən ata-anası gəlib gözləri önündə canlandı. Sualından utandı. «Bəs bunlar? Mən ailə qursaydım, bu zavallılara kim baxacaqdı?» Qocalıb əldən düşmüş bu iki əziz adamını bir gün itirə biləcəyini fikirləşib dəhşətə gəldi, dörd divar arasında tək-tənha qalacağından qorxdu. İnnən belə qardaşlarından nə Məmmədşah, nə də Əlişah şəhərdən kəndə qayıtmayacaq. O, bu evdə yalquzaq kimi ömür sürməyə məhkum olacaq…

Ayişənin havası çatmadı. Pəncərəni taybatay açıb qabağında dayandı. Amma bu halı keçmədi. Ona nə olmuşdu? Bəlkə olan-qalan qətiyyətini Abbas əlindən almışdı? Bəlkə bu, ilk məhəbbətin əzabı idi? Yox, məhəbbətdən, sevgidən ona acı nisgildən başqa bir xatirə qalmamışdı. Ürəyini darıxdıran, onun bütün olan-qalan səbrini əlindən alan başqa şey idi. Sevillə Dilbəri xatırladı. Sevil yaşıdı idi, Dilbər isə onlardan iki yaş böyük idi. Onlar da Ayişə kimi ailə qura bilməmişdilər. Təkcə onlar deyildi. Kənddə yaşı otuzu ötmüş yeddi subay qız vardı. Həmin qızları bircə-bircə gözləri önündə canlandırdı. O qızların xoşbəxt olmamaları, ailə qura bilməmələri fikri ona rahatlıq gətirmədi. Nədənsə təsəlli tapdığı vaxtlar arxada qaldı. İndi o, ayrı adam idi. Ümidsiz, mənasız, sevgisiz ömür sürən bir zavallı idi. Artıq o, aldadılmış, heysiyyəti tapdanmış, tənhalığa məhkum edilmiş, qarımış bir qızdı. Pərinin taleyini yaşayanlardandı.

«Kənddə yeddi Pəri var», – deyə Ayişə fikirləşdi və bu fikirdən dəhşətə gəlib, yenidən güzgünün önünə keçdi. Diqqətlə tamaşa edəndə ona elə gəldi ki, güzgüdən baxan Pəridi, dünyada ən çox qorxduğu, xatirəsindən belə çəkindiyi, ehtiyat etdiyi Pəri. Uşaqlıqdan Pəri onun yaddaşında təklik, soyuqluq, yalqızlıq rəmzi kimi qalmışdı. Onun üz-gözündən, görkəmindən, hətta səsindən soyuqluq yağırdı. İndi Pərinin halına daha çox acıdı. Onun təkliyinə səbəb olanları qınadı ürəyində. Özünə acığı tutdu: «O yazığa niyə nifrət edirdim? Onu duymaq üçün onun halına düşməkmi lazım idi?»

Ayişə özünü qocalmış, əldən-ayaqdan düşmüş vəziyyətdə təsəvvüründə canlandırdı. Bu halda özünü Pəridən başqa heç kəsə oxşada bilmədi. Alnında dərin qırışlar, üzündə yad bir ifadə olan qoca Ayişə Pərinin soyuq baxışları ilə güzgüdən ona baxırdı. O, Abbasın böyürtkənlikdə Ayişəni öpdüyü gün onlara baxdığı kimi baxırdı güzgüdən. Pəri kimi kirpiklərini qırpmadan, biganəlik və təəssüf qarışmış qəribə bir ifadə ilə baxırdı. Bu baxış Ayişənin bədəninə üşütmə saldı. O, var gücü ilə güzgüyə yumruq ilişdirdi.

Anası qonşu otaqdan səsə gələndə Ayişənin çilik-çilik olmuş güzgünün qabağında oturub, əlindən döşəməyə axan qana fikir vermədən harasa, naməlum bir nöqtəyə baxdığını gördü… «Tərəkəmə»nin oynaq sədaları gecənin səssizliyində daha aydın eşidilirdi.

…Səhərisi Ayişə həyətlərindən topladığı güllərlə qəbiristanlığa – Pərinin məzarını ziyarətə getdi. Orada kiminsə olduğu uzaqdan gözünə dəydi. Yaxınlaşanda Abbasın vaxtilə səbəbini bilmədən nifrət etdikləri Pərinin məzar daşını sildiyini gördü… Bu ziyarət səbəbsiz nifrətin bağışlanması üçün idimi, yoxsa birinin məhkum etdiyi, o birinin məhkum olunduğu bir həyat tarixçəsinin acı bir sonluğunun qaçılmaz nəticəsinə baxmaq istəyi idimi? Kim bilir…

Özgə ağrısı

Подняться наверх