Читать книгу Parma monastırı - Стендаль (Мари-Анри Бейль), Стендаль - Страница 2

1

Оглавление

1796-cı il may ayının 15-də general Bonapartın Milana girməsi bütün dünyaya nümayiş etdirdi ki, İtaliyada Sezarın[1] varisi peyda olub.

Buna qədər italyanlar fransızlara imperator ordusunda xidmətdən yayınan quldur dəstəsi kimi baxırdılar. İtalyan rahiblər bütün günü fransızların qaniçənliyi barədə moizələr oxuyurdular. Amma onların bu gözləntiləri tezliklə puç oldu. Cındırından cin ürkən fransız əsgərləri bütün günü əylənir, mahnı oxuyurdular. Bir sözlə, onlar Lombardiyaya özləri ilə bərabər şadyanalıq gətirmişdilər.

Zabitləri, əsasən, varlıların evində yerləşdirmişdilər. Rober soyadlı bir leytenantın bəxtinə markiz del Donqonun sarayında yaşamaq düşmüşdü. Bu gənc döyüşçü saraya daxil olanda cibində vur-tut altı frank[2] vardı. Mundirinin qolundakı mahud sürüşməsin deyə astara bəndlənmişdi. Çəkmələrinin altlığı döyüşdə ələ keçirdiyi üçkünc şlyapadan tikilmişdi. Həmin əldəqayırma altlıqlar çəkmələrə kəndirlə kobud şəkildə bağlanmışdı. Elə ki markiza del Donqonun adından leytenantı yeməyə dəvət etdilər, yazıq Rober çox utandı. O, şam yeməyinə qədər mundirini birtəhər yamamağa, çəkməsinin kəndirlərini mürəkkəblə rəngləməyə çalışdı. Nəhayət, həlledici an gəlib çatdı.

– Ömrümdə bu qədər utanmamışdım, – Rober sonralar danışırdı. – Xanımlar narahat idilər ki, onlarla kobud rəftar edəcəyəm, halbuki mən onlardan daha çox həyəcanlıydım. Markiza del Donqo o vaxtlar hələ çox gözəl idi. Bu qeyri-adi gözəllik məni necə heyran etmişdisə, miskin geyimimi unutmuşdum. Markiza həmin gün ərinin bacısı Cina del Donqonu da monastırdan evə gətirmişdi. Bu on üç yaşlı qız geyimimi görəndə az qala qəhqəhə çəkəcəkdi. Markiza isə, əksinə, mənə elə hey iltifat göstərirdi. Qısası, bu yöndəmsiz görkəmimlə onların kinayəli baxışlarına dözməkdən başqa əlacım yox idi. Qəflətən ağlıma bir fikir gəldi. Xanımlara çəkdiyim əziyyətlər barədə danışmağa başladım. Dedim ki, Genuya dağlarında bizə hər gün vur-tut üç unsiya[3] çörək verirdilər. Di gəl, bununla qarnını doyur, görüm, necə doyurursan! Xeyirxah markizanın gözləri yaşardı, Cina da ciddi görkəm aldı və soruşdu:

– Necə, cənab leytenant? Cəmi üç unsiya çörək?

– Bəli, madmazel. Həftədə üç dəfə isə payımıza, ümumiyyətlə, heç nə düşmürdü. Həmin üç unsiya çörəyi də bizdən ağır vəziyyətdə olan kəndlilərlə bölüşürdük.

Əslində, leytenant Roberin həyat hekayəsi Milandakı digər bütün fransızların tarixçələrinə bənzəyirdi. Onların bu gözlənilməz xoşbəxtliyi və kef əyyamı isə vur-tut ikicə il çəkdi. Həmin iki il ərzində hər yerdə şənlik, əyləncə hökm sürdü. Yüksək zadəgan dairələrinə mənsub olan bəzi ailələr isə bu müddətdə öz malikanələrinə çəkilmişdilər. Onlar evdən çölə, demək olar, çıxmırdılar. Fransızların şadyanalıqlarından qıcıqlanan markiz del Donqo da Komo şəhərindən çox da uzaq olmayan Qriantedəki qəsrinə köçmüşdü.

Günlərin bir günü xanımlar leytenant Roberi də ora dəvət etdilər.

Bu, markiz del Donqonun XV əsrdə tikilmiş ata-baba mülkü idi. Hündür və qalın divarların qoruduğu qəsrə fransızların hücumetmə ehtimalı az idi, yəni buranı nisbətən təhlükəsiz saymaq olardı.

Qriantedəki qəsrə köçən del Donqo gənc arvadını Milanda qoymuşdu. Xanım orda ailə işlərinə nəzarət edirdi. Tezliklə markizin ailəsində böyük hadisə baş verdi: o, bacısı Cina üçün soylu-köklü bir ailədən adaxlı tapdı. Ancaq gənc qız qardaşının seçimi ilə razılaşmayıb qraf[4] Petraneraya ərə getdi. Bu yaraşıqlı adam müflisləşmiş zadəgan, üstəlik, italyan legionunun[5] kiçik leytenantı idi.

1

Qay Yuli Sezar – Qədim Romada dövlət və siyasi xadim, sərkərdə

2

Frank – Fransada pul vahidi

3

Unsiya – 28.35 qrama bərabər qədim çəki vahidi

4

Qraf – zadəgan rütbəsi və bu cür rütbəsi olan adam

5

İtalyan legionu – digər xarici legionlar kimi bu hərbi birlik də Napoleonun yürüşlərində iştirak edirdi.

Parma monastırı

Подняться наверх