Читать книгу Parma monastırı - Стендаль (Мари-Анри Бейль), Стендаль - Страница 3

2

Оглавление

Bəli, fransızların əyləncə və səadət dolu günləri cəmi iki il çəkdi. Avstriyalılar Milana yaxınlaşmağa başladılar. Nəticədə fransızlar şəhəri tərk etdilər. Leytenant Rober son dəfə rəfiqəsi markiza del Donqonun qonağı oldu. Bu ayrılıq hər ikisi üçün çox kədərli idi. Qraf Petranera da arvadı ilə birlikdə geri çəkilən Fransa ordusuna qoşulub getdi.

Markiz del Donqo öz mülkünə qayıtdı. Bir müddət sonra yüksək vəzifə əldə etdi. Bundan sonra onun xarakterinə xəsislik əlavə olundu. O, bacısı qrafinya[6] Petraneraya bir qara qəpik də göndərmədiyini hər yerdə şəstlə deyirdi. Cina isə ərini çox sevir, onunla birgə Fransada ac-yalavac yaşamağı Milana qayıtmaqdan üstün tuturdu.

Fransızların İtaliyadan qovulduğu günlərdə markiz del Donqonun ikinci oğlu dünyaya gəldi. Onun adını Fabrisio qoydular. Markizin var-dövlətinin varisi böyük oğlu, atasına çox oxşayan Askanyo idi. Onun səkkiz, Fabrisionun iki yaşı olanda müstəsna tarixi hadisə baş verdi: hakimiyyətdən uzaqlaşdırıldığı və edamla cəzalandırıldığı güman edilən Bonapart qəfildən Milana daxil oldu. Xalq sevincdən az qala ağlını itirmişdi.

İşi belə görən bəzi əsilzadələr aradan çıxmağa qərar verdilər. Çünki onlar fransızların İtaliyanı tərk etməsindən sonra yeni, mürtəce hökumətlə əməkdaşlığa üstünlük vermiş, bununla da öz adlarına ləkə sürmüşdülər. Belə əsilzadələrdən biri də markiz del Donqo idi və o hamıdan əvvəl Qriantedəki qəsrinə qaçmışdı.

Adları ləkələnmiş əsilzadələr öz qəsrlərində oturub böyük intizarla Napoleonun sonunu gözləməyə başladılar. Lakin əksi baş verdi: fransızlar yeni-yeni qələbələr qazanır, mövqelərini get-gedə gücləndirirdilər. Bu vəziyyət 1800-cü ildən 1810-cu ilədək davam etdi. Fabrisio həmin on ili bütünlüklə Qriantedəki malikanədə kəndli balalarının əhatəsində keçirdi. Sonra onu Milana oxumağa göndərdilər. Oğlunu çox istəyən anası hərdən ərindən icazə alıb onu görmək üçün Milana gedirdi. Amma markiz həmin səfərlər üçün arvadına bir qara qəpik də qıymırdı. Markizaya yolpulunu qrafinya Petranera, özü də borc kimi verirdi. Fransızların qayıdışından sonra qrafinya İtaliya vitse-kralı, şahzadə Yevgeninin[7] sarayında ən hörmətli xanımlardan biri olmuşdu. O, Fabrisionu özü ilə bütün təmtəraqlı bayramlara aparırdı.

Qardaşı oğlu on iki yaşına qədəm basdıqda qrafinya şəxsi əlaqələri hesabına ona qusar zabiti mundiri geyindirməyə nail oldu. Bir müddət sonra isə Cina şahzadəni dilə tutmağa başladı ki, Fabrisionu paj[8] təyin etsin. Bu xəbər markiz del Donqonun qulağına çatdı. O, bacısının «yersiz hərəkəti» nə qəzəbləndi: axı o, İtaliyanın hazırkı hakimiyyətinə müxalif idi. Oğlunun paj təyin olunması isə o demək idi ki, del Donqo ailəsi artıq hakimiyyət tərəfə keçir. Odur ki markiz bir bəhanə ilə gənc Fabrisionu Qrianteyə qaytardı.

Beləcə, oğlan arzulamadığı halda qəsrə geri döndü: indi onun günləri burada ancaq at çapmaqla keçirdi. Bir sözlə, qəsrdə həyat çox darıxdırıcı idi. Düzdür, sonralar Fabrisio günlərlə ova getməyə, göldə qayıq sürməyə də başlamışdı. Ancaq bir müddət sonra bunlar da oğlana yorucu göründü. Tezliklə o, faytonçular və mehtərlərlə dostlaşdı. Onların hamısı fransızların tərəfdarı idi.

Markiz del Donqo elmə nifrət edirdi. Amma yenə də kiçik oğlunun təhsilini artırmaq lazım gəldiyini bilirdi. Düşünürdü ki, Fabrisionun latınca öyrənməsi yaxşı olardı. O bunu Qriante kilsəsinin abbatı[9] Blanesə tapşırmağın ən doğru qərar olduğu qənaətinə gəldi. Lakin bunun üçün qocanın da həmin dili bilməsi lazım idi. Di gəl, abbat latın dilinə nifrət edirdi.

Kəndlilər Blanesi cadugər sayır və ondan çəkinirdilər. Fabrisio isə bu adama böyük ehtiramla yanaşırdı. Çalışırdı ki, öz hərəkətləri ilə abbatın xoşuna gəlsin. Blanes bu oğlanı sadəliyinə görə sevir və ona belə deyirdi: «Sonradan riyakara çevrilməsən, bəlkə də, əsl insan olacaqsan».

6

Qrafinya – qraf arvadı, yaxud qızı

7

Şahzadə Yevgeni – Napoleonun oğulluğu

8

Paj – vaxtilə bəzi Avropa ölkələrinin ordularında verilən cəngavər rütbəsinin ilk pilləsi

9

Abbat – katolik kilsəsində monastır sahibi, ruhani rütbəli şəxs

Parma monastırı

Подняться наверх