Читать книгу Qadın taleyi - Группа авторов - Страница 2

I FƏSİL – Susqunluğun içində doğulan hekayə

Оглавление

Hər bir qadının həyatı, sətirləri göz yaşlarıyla, gülüşlərlə, susqunluqla yazılmış bir romandır. Bəziləri həyatını komediya sanır, bəziləri taleyini bir faciə kimi görür.

Mənim hekayəm isə… nəfəs dolu, sükut içində qışqıran, yağışlı yollarla, qarlı axşamlarla, günəşli səhərlərlə dolu uzun bir yürüşdür. Hər səhifəsi bir fəsil, hər cümləsi bir qaranlıq və ya işıqlı küçədir.

Mən uzaq bir kənddə – nə xəritədə adı vardı, nə Tanrının o an yadında – doğulmuşdum. O evdə, o düşüncə içində, bu başla, bu inadla dünyaya gəlmək həm gülünc, həm də ruhu yoran dərəcədə ağır idi. Zamanın gerisində qalmış düşüncələrin içində nəfəs almaq, özünü qorumaq, ruhunu bütöv saxlamaq əslində bir mübarizə, səssiz bir inqilab idi.

İndi düşünəndə, başımdan bir duman qalxır, içimdən sanki köhnə bir qatarın buxarı keçir. Təkcə mənim deyil, o çağın da, o coğrafiyanın da üstündə qalın bir susqunluq pərdəsi çəkilmişdi. Qaranlıq içində göz açan bir uşaq üçün ən çətin şey – sağ qalmaq deyil, insan olaraq qalmaq idi. Xatırlayıram… bir gün vardı – içimə qədər donmuşdum. Nə nəfəs vardı içimdə, nə də səs. O gün ölüm yanımda dayanmışdı, soyuq nəfəsi dərimin altına dolmuşdu. Mən qorxmamışdım… yox, bu qorxu deyildi, bu içimdəki hər şeyin susduğu bir andı – insanın həyatla barışığı qopduğu an…

Uşaqlıqdan bəri içimdə gizli bir aləm vardı – kimsənin görə bilmədiyi, amma hər qarışı öz qanunları, sərhədləri və rəngləri ilə nəfəs alan bir dünya. O dünya real həyatın sakitliyinə qarşılıq, içimdəki fırtınaların sığınacaq yeri idi. Oxuduğum hər kitab bir qapı kimi açılırdı – o dünyanın sükuta bürünmüş bağçasına açılan gizli keçid, məni tanımadığım şəhərlərə, yabançı diyarlara aparan yol olurdu. O yerlərdə mən qəhrəman idim – sərhədsiz, qorxusuz, göy üzünü doğma bilən, kağızdan düzəlmiş qanadlarla uçan bir qız. Hər dəfə inamla, ehtirasla yüksəlirdim – reallığın divarlarına toxunmadan, içimdəki arzuların yüksəldiyi səmalara doğru.

Anlamamışdım ki, bəzən insanın içində böyütdüyü arzular o doğma evin dar otaqlarına sığmır – onları boğur, nəfəsini kəsir, öz varlığının önünə divar çəkir.

Bir gün – nəfəs yetmədiyi bir anda – dedim ki, Ukraynaya getmək istəyirəm. Sadəcə dedim. Səssiz, sadə bir uşaq saflığı ilə, sanki bu fikir havaya buraxılmış bir dilək idi. Atamla anama baxaraq, qorxaraq fısıltı ilə soruşdum: «Getmək istəyirəm…»

Cavab – buz kimi soyuq, daş kimi sərt, qapı kimi bağlı oldu. Heç bir sual verilmədi, heç bir səbəb sorulmadı. Sadəcə hökm oxundu: «Olmaz.» Və bu «olmaz» sözü bütün uşaq arzularımın üstündən çəkilmiş bir xətt kimi, nəfəs aldığım dünyanın divarlarını daha da qalınlaşdırdı.

Otaqdan çıxarkən arxadan anamın səsi gəldi – zəif, titrək, sanki illərin səssizliyini içindən çəkib gətirmiş bir çarəsizlik idi: «Uşaqdı… qoy getsin. Burada qalıb neyləyəcək?» O sözlər məni yerimdə saxladı. Anam – illərlə susqunluqla aramızda divar hörmüş, məni öz içində anlamadan yaşamış qadın – ilk dəfə mənimlə idi. İçimdə nəsə titrədi, lakin bu titrəyiş ümid deyildi. Bu, parçalanmaq üzrə olan bir ruhun titrəyişi idi – sarsıntının səssiz xəbərçisi.

Atamın cavabı – illərlə dua ilə yollarımı aydınladan səsin qəfil zəhərə çevrildiyi an – ruhumu dondurdu. «O, qəbiristanlığa getmək istəyir… onun axırı gəlib.» Bu cümlə bir qorxu deyildi – bu, mənim yoxluğumu qəbul etmiş, məni itirməyə hazır olan bir insanın son hökmü idi. O an mən onun qızı deyildim. Gözlərində bir qorunacaq varlıq yox idi – qarşısını almaq istədiyi bir təhlükə vardı. Və həmin təhlükə… mən idim.

O gecə danışmadım. Heç kimin gözünə baxmadım. İçimdə sözlərlə deyil, qaranlıqla danışan bir dəhşət vardı. Soyuq, ürəyimə dolmuşdu. Evin divarları artıq sığınacaq deyildi – susdurmaq üçün tikilmişdi. Bu evdə sabah yox idi. Nə nəfəs, nə də həyat.

Səhəri gün çıxıb getdim. Heç kimin üzünə baxmadım. Geri dönmək fikrim yox idi. Ardımca nə bir səs gəldi, nə bir əl toxundu, nə də bir dua yola çıxdı. Arxada buraxdım – uşaqlığımı, arzularımı, cavabsız qalan suallarımı və açılmamış səhifələri.

Dekabr ayının ortaları idi. Hava kəsici dərəcədə soyuqdu. Amma mənim içimdəki qərar – soyuqdan da sərt idi. Bir neçə yüngül geyim, kiçik bir çanta – və qatara mindim. Tək idim. Amma təkliyim yük deyildi. Çünki o qatarda mənimlə birlikdə sarsılmış inamım, dərin susqunluğum və sözə çevrilməyən qorxularım da vardı.

Qarşıda Ukrayna – xəyalımda canlandırdığım küçələr, arzularımın izləri ilə dolu yollar, tanımadığım, amma məni çağıran torpaq. Pəncərədən baxarkən içimdə nə qorxu vardı, nə peşmanlıq. Sadəcə bir qız vardı – 18 yaşında, qışın ortasında irəliləyən, öz taleyini yazmağa başlayan…

1986-cı il idi.

Hər şey sükuta qərq olmuşdu.

Təkcə qatarın təkərləri danışırdı… mənim içimdə doğulan romanın ilk cümləsi yazılırdı.

Qadın taleyi

Подняться наверх