Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 21
Uşağın duası
Оглавление«Allah baba, nə olar, atamı tez qaytar.
Nə istəsən verərəm.
İstəyirsən kuklalarımı sənə verim?»
Bir məhbus uşağının inşa yazısından
Ata öpüşünə tamarzı cocuq,
nə vaxtdı başına sığal çəkilmir,
üzündə, gözündə donub təbəssüm,
nə vaxtdı baxtına sığal çəkilmir.
Arzusu göylərdə içilən körpə,
küsüb boyundan da kiçilən körpə,
doğmadan, özgədən seçilən körpə,
körpə yalvarışın yol gedir hələ.
O dəmir qapılar, taxta qapılar,
o yumşaq dərili saxta qapılar…
utan, çərçivədən laxla, qapılar,
körpə yalvarışı yol gedir hələ.
Qapılar ağzında diləklər durur,
titrəyən, döyünən ürəklər durur,
hökmlər ömürlərə möhürlər vurur,
körpə yalvarışı yol gedir hələ.
Körpələr nə bilər oxunan hökmü,
üst-üstə yığılan, toxunan hökmü,
tulla, uşaqlarçün yox olan hökmü,
körpə yalvarışı yol gedir hələ.
Evində üstünə yüyürər körpə,
ömrünü sevincə bürüyər körpə.
Baxıb bir şəkilə kiriyən körpə-
sənin yalvarışın yol gedir hələ.
2004