Читать книгу Xeyrin çöküşü - Zaur Pənahov - Страница 4
Başlanğıcda
Оглавлениеİnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır. Parçalanmış insan qəbilələri onların başçılığı altında birləşmiş, mərkəzi idarə sistemi olan vahid dövlət yaranmışdı. Onlar, insanlara heç vaxt sahib olmadıqları rahat həyatı, inancı və azadlığı bəxş etmişdilər. İnsanlar onlara tanrılar dedilər. Onlar isə əslində Ekrolar idi. İkinci dövr belə başlamışdı.
Tanrıların insan irqi üzərindəki uzun hökmdarlığından sonra iki dünya arasındakı möhürlü qapı yenidən açıldı. Tanrılar bu hadisəni gözləyirdilər. Bilirdilər ki, iki dünyanı birləşdirən qapı onları şərdən daha qoruya bilməyəcək. Qaranlıq şahzadə Draqzin öz məqsədinə nail olmaq üçün ona lazım olanı axtaracaq. Hansı ki insanların dünyasına gizlədilmişdi.
Həmin gecə nələr olduğunu heç bir insan dəqiq bilmir. Hər kəsin dəqiq bildiyi yalnız bir şey vardı: Draqzinin özü ilə gətirdiyi şər qüvvələrin vəhşi ordusu, ali tanrı Stakranın ordusu qarşısında məğlub olmuşdu. Vəhşi məxluqlar bədənlərinə girən dəmir nizələr qarşısında zingildəyərək ölməkdən və qaçmaqdan başqa heç nə edə bilməmişdilər.
Nəhayət, Draqzin məğlub edilmişdi, lakin hər qalibiyyətin bir qurbanı olduğu kimi, bu döyüşdə də verilən bir qurban var idi. Ali tanrı Stakra, Draqzini canı bahasına məğlub etmişdi. Bundan başqa Draqzinin sağ qalan məxluqları və yandaşları insanların dünyasına yayılmışdı. Bu döyüşdən sonra Azarın həyat şərtləri və qanunları dəyişmişdi. Artıq insanlar qorxunun nə olduğunu anlamışdılar. Gecələr, əvvəllər olduğu kimi sakit və rahat keçmirdi və artıq ulduzları seyr etmək heç də asan deyildi.
Böyük döyüşdən sonra başlayan üsyanlar Azar diyarını
məhvin eşiyinə gətirib çıxarmışdı. Mövcud bir çıxış yolu vardı və tanrılar onu seçdi. Dəyişən həyat şərtləri ilə birlikdə tanrılar insanlara həqiqəti açdılar. Onlara tanrı olmadıqlarını, onlar kimi adi canlılar olduqlarını bildirdilər. Xüsusi qabiliyyətlərə və uzun ömrə sahib adi canlılar.
Beləliklə, böyük Azar üç yerə bölündü. Şimal dağlarında birləşən qəbilələr Şimal qəbilələri adlandı, hansı ki vidralar oranın soyuğundan qorxurdular. Şərqdə bərəkətli torpaqları və ucsuz meşələri ilə Raqa yarandı. Qərbdə isə Yeni Azar. Hər üç vilayətə ekro irqinə mənsub hökmdarlar seçildi və idarə heyəti quruldu. Bu heyətə isə ən təcrübəli üç ekrodan ibarət Üçlük adlanan ali hökmdarlar rəhbərlik etməyə başladı. Beləliklə, böyük döyüşdən sonra qurulan Üçlük sistemi ilə birlikdə üçüncü dövrün təməli atıldı. Ekrolar bu dövrə sabitlik dedilər, insanlar isə fəlakət öncəsi sakitlik.